Məhkəmə qərarları › İş №1(099)-368/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-368/2023

03.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-368/2023 03.07.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi ilə hakimlər-Məmmədov Neymət Hüsən oğlu və Səfərli Cavid Şamil oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxxxx 1979-cu ildə Əli-Bayramlı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə təqsirli bilinərək, 01 il 03 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu ildə Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə 02 ay 10 gün vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2019-cu ildə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmış, hazırda məhkumluğu ödənilmiş, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.4.3cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan külli miqdarda - 2,168 qram narkotik vasitə heroini 07 sentyabr 2022-ci il tarixdə saat 11 radələrində Şirvan şəhəri, 20 Yanvar küçəsində tanışı X1 qabaqcadan aralarında olan razılıq əsasında 10 manat pulun müqabilində qanunsuz olaraq əldə edib, üzərində daşımaqla saxlamış, 07 sentyabr 2022ci il tarixdə saat 12 radələrində Şirvan şəhər polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Şirvan şəhəri, S.Vurğun küçəsində 10 saylı orta məktəbin yaxınlığında saxlanaraq polis şöbəsinə aparılmış, üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan açıq mavi rəngli cins şalvarının sağ yan cibində qanunsuz saxladığı 01 bükümdə təmiz çəkisi-2,168 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Bundan başqa, o, satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və vaxtda şəxsi istehlak miqdarından artıq miqdarda yəni, 1,577 qram psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib, üzərində daşımaqla saxlamış, 23 dekabr 2022ci il tarixdə saat 12 radələrində Şirvan şəhər polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Şirvan şəhəri, Xəqani küçəsində saxlanılaraq polis şöbəsinə aparılmış, üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan açıq mavi rəngli cins şalvarının sağ yan cibində qanunsuz saxladığı 01 bükümdə təmiz çəkisi - 1,577 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü qismən, yəni narkotikdən istifadə etməkdə təqsirli bilərək ifadəsində göstərmişdir ki, 07 sentyabr 2022-ci il tarixdə səhər saatlarında polis əməkdaşları tərəfindən Şirvan şəhərində saxlanılmış və polis şöbəsinə aparılmışdır. Saxlanılan zaman üzərində Elşən adlı şəxsdən öz istifadəsi üçün 8 manata aldığı bir bükümdə az çəkidə heroin olmuşdur. İttihamda göstərilən heroinin çəkisi artıq göstərilmiş, onun üzərinə artıq çəkidə heroin polis əməkdaşları tərəfindən qoyulmuşdur. Bundan başqa o, ifadəsində əlavə olaraq göstərmişdir ki, 23 dekabr 2022-ci il tarixdə saat 12 radələrində küçədə gedərkən polis əməkdaşları tərəfindən saxlanılıb şöbəyə aparılmışdır. Saxlanılan zaman yanında narkotik istifadəsi ilə məşğul olan şəxs olmuş, öz üzərində narkotik olmamışdır. Metamfetamin Fərman adlı polis əməkdaşı tərəfindən üzərinə qoyulmuşdur. Polis əməkdaşları tərəfindən hədə-qorxuya məruz qaldığı üçün məcbur olub narkotiki “boynuna” götürmüşdür. Polis əməkdaşları tərəfindən döyülmüşdür. Heç vaxt narkotiklərin satışı ilə məşğul olmamışdır. Hazırda himayəsidə bir azyaşlı uşağı var. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadələrində və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan onun ibtidai istintaq dövründə müdafiəçisinin iştirakı ilə verdiyi etirafedici ifadələri elan olunmuş, o, həmin ifadələrində özünü yalnız CM-nin 234.1-ci maddəsilə təqsirli bilərək 7 sentyabr 2022-ci il tarixdə saat 11 radələrində Şirvan şəhərində Elşən adında tanışının yaşadığı küçədə sonuncudan 5 manat pulun müqabilində öz istifadəsi üçün bir bükümdə az çəkidə heroin aldığını, həmin gün Şirvan şəhərində polis əməkdaşları tərəfindən saxlanıldığını, vəkilin iştirakı ilə videoçəkilişlə üzərinə keçirilən şəxsi axtarış zamanı aşkar olunan heroinin özünə məxsus olduğunu etiraf etdiyini, habelə 23 dekabr 2022-ci il tarixdə səhər saatlarında yaşadığı evin yaxınlığında gəzərkən bir büküm metamfetamin tapdığını, həmin maddəni öz istifadəsi üçün üzərində saxladığını, həmin günü polis əməkdaşları tərəfindən saxlanılıb şöbəyə aparıldığını, vəkilin iştirakı ilə videoçəkilişlə üzərinə keçirilən şəxsi axtarış zamanı tapdığı bir büküm metamfetamin aşkar olunduğunu, ona Şirvan şəhər PŞdə heç bir fiziki və mənəvi təzyiq olunmadığını, heç vaxt narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadığını göstərmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, yuxarıda göstərilən cinayət əməlini Təqsirləndirilən şəxs törətmişdir. Onun törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş ibtidai istintaq zamanı vermiş olduğu özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahid ifadələri, habelə tədqiq olunmuş ekspertiza rəyləri, cinayət işində olan istintaq sənədləri, protokolları, maddi sübut və işin digər halları ilə kifayət qədər sübuta yetirilir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şirvan şəhər PŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 07 sentyabr 2022-ci il tarixdə Şirvan şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşbul olması ilə bağlı əməliyyat məlumatı daxil olmuş, məlumata əsasən o, həmin gün saat 12 radələrində Şirvan şəhəri, S.Vurğun küçəsində yerləşən 10 N-li məktəbin yaxınlığında saxlanılıb şöbəyə aparılmış, vəkilin iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmiş, Elsevər əynində olan mavi rəngli cins şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümdə olan heroinə bənzər kütləni təqdim etmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, heroini Şirvan şəhər sakini X1 Şirvan şəhərində 10 N-li məktəbin yaxınlığında 10 manat pul müqabilində almış və istifadə etmək üçün üzərində saxlamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatları daxil olsa da, sonuncunun kimə və ya kimlərə narkotik vasitə satması barədə müsbət nəticə əldə etmək mümkün olmamışdır. Elsevərin üzərinə narkotik vasitə və ya psixotrop maddə qoymamışdır. Ona qarşı heç kim tərəfindən zor tətbiq edilməmiş, Elsevərin bu barədə dedikləri yalandır. Şahid Fərman Məmmədov əlavə olaraq ifadəsində göstərmişdir ki, 23 dekabr 2022ci il tarixdə Təqsirləndirilən şəxs yenidən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin gün Elsevər Şirvan şəhəri, Xəqani küçəsində saxlanılıb şöbəyə aparılmış, vəkilin iştirakı ilə videoçəkilişlə onun üzərinə şəxsi axtarış keçirilən zaman Elsevər cins şalvarının cibindən bir büküm metamfetamini çıxarıb təqdim edərək öz istifadəsi üçün üzərində saxladığını etiraf etmişdir. Bundan sonra, əməliyyat axtarış tədbirləri davam etdirilmiş, Təqsirləndirilən şəxs kiməsə narkotik vasitə və ya psixotrop maddə satması müəyyən edilməmişdir. Həmin vaxtı da Elsevərə heç kim tərəfindən zor tətbiq olunmamış, onun üzərinə metamfetamin qoymamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şirvan ŞPŞ-nin əməkdaşı Şahid3 Şahid1 göstərdiklərini təsdiq edərək Təqsirləndirilən şəxs qarşı heç kim tərəfindən zor tətbiq olunmadığını, Fərman və ya digər şəxslər tərəfindən Elsevərin üzərinə narkotik vasitə qoyulmadığını, onun kiməsə narkotik vasitə və ya psixotrop maddə satması təsdiq olunmadığını göstərmişdir. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 08 sentyabr 2022-ci il tarixli 18/980 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış kağız paketdəki 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi-2,168 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata sərf edildi-0,05 qram, qalıq- 2,118 qram. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 24 dekabr 2022-ci il tarixli 18/1339 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi-1,577 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata sərf edildi-0,05 qram, qalıq-1,527 qram. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 16 noyabr 2022-ci il tarixli 5268 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan «şəxsi axtarış və götürmə haqqında” 07 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman əynində olan açıq mavi rəngli cins şalvarının sağ yan cibində bir ədəd sellofan bükümdə narkotik vasitə heroinə bənzər kütlə aşkar olunmuşdur. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan «şəxsi axtarış və götürmə haqqında” 23 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman əynində olan açıq mavi rəngli cins şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar olunmuşdur. Məhkəmədə tədqiq edilmiş əməliyyat tapşırığının cavablarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroini və psixotrop maddə metamfetamini satış məqsədi ilə əldə etməsi və ya onların satışı ilə məşğul olmasını müəyyənləşdirilməsi istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, onun narkotik vasitələri və psixotrop maddəni kiməsə satması və ya satış niyyəti ilə əldə etməsinə dair müsbət nəticə əldə edilməmişdir. İş materiallarında olan 19 sentyabr 2022-ci il tarixli 947 saylı Şirvan şəhər X3 Hüquqi Şəxsin məktubundan görünür ki, Təqsirləndirilən şəxs Taleh oğlu “Opoidlərin qəbulu nəticəsində psixi və davranış, Asıllıq sindromu” diaqnozu ilə Şəhər Mərkəzi Poliklinikanın narkoloji kabinetində qeydiyyatdadır. İş materiallarında olan məhkumluq haqqında tələbnamədən və Şirvan şəhər Məhkəməsinin hökmünün sürətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il 03 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu ildə Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə 02 ay 10 gün vaxtından əvvəl şərti azad olunmuşdur. xx.xx.2019-cu ildə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. CM-nin 83.3.3-cü maddəsindən görünür ki, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər barəsində – onlar cəzaları çəkib qurtardıqları gündən 2 il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Məhkəmə tərkibi hesab edir ki, həmin maddəyə əsasən hazırda Təqsirləndirilən şəxs məhkumluğu ödənildiyindən o, məhkumluğu olmayan şəxs hesab edilir. İş materiallarında olan 5 mart 2023-cü il tarixli «sübutların qiymətləndirilməsi haqqında» qərarın 6-cı bəndinə əsasən təqsirləndirilən şəxs X2 üzərindən 7 sentyabr 2022-ci il tarixdə aşkar edilmiş ekspertiza tədqiqatından sonrakı qalıq qalan 2,118 qram narkotik vasitə heroin və 23 dekabr 2022-ci il tarixdə sonuncunun üzərindən aşkar edilmiş ekspertiza tədqiqatından sonrakı qalıq qalan 1,527 qram psixotrop maddə metamfetaminin maddi sübut kimi tanınmış və saxlanılması üçün Şirvan şəhər PŞ-nin saxlanc anbarına verilmişdir. İş materiallarında olan 9 sentyabr 2022-ci il tarixli qərardan və tərtib edilmiş 27 dekabr 2022-ci il tarixli ittiham aktından görünür ki, X4 Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsilə təqsirləndirilən şəxs qsimində cəlb edilərək məhkəmə məsuliyyətinə verilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında özünün müdafiəsi üçün dəlil gətirərək 7 sentyabr 2022-ci il tarixdə saxlanılarkən üzərində aşkar olunan heroinin 2 qramdan artıq deyil az çəkidə olduğunu, 23 dekabr 2022-ci il tarixdə saxlanılarkən üzərində metamfetamin olmadığını, metamfetaminin üzərinə Fərman adında polis əməkdaşı tərəfindən qoyulduğunu, polis şöbəsində zor tətbiq olunduğundan məcbur olub külli miqdarda heroinin və az çəkidə metamfetaminin özünə məxsus olmasını yalandan etiraf etdiyini, müstəntiqə verdiyi ifadəsini təsdiq etmədiyini göstərmişdir. Məhkəmə təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi xüsusatlara tənqidi yanaşaraq bu ifadələri işin obyektiv hallarına uyğun olmayan, cinayət məsuliyyətindən yayınmaq, özünü müdafiə etmək məqsədi ilə uydurulmuş və işin faktiki halları ilə təkzib edilən xüsusatlar kimi qiymətləndirir və Təqsirləndirilən şəxs ifadəsinin bu hissəsini inandırıcı hesab etmir. Belə ki, təqsirləndirilən şəxsin ona qarşı polis əməkdaşları tərəfindən zor tətbiq olunması və ya hədə-qorxu gəlmələri, habelə üzərinə Fərman adında polis əməkdaşı tərəfindən metamfetamin qoyulması ilə bağlı irəli sürdüyü dəlillərə məhkəmə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 449.1,449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-cü maddələrin məzmununa görə təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Qanunvericiliyin tələblərindən göründüyü kimi, ibtidai istintaq dövründə qeyri-insani və ya şəxsiyyəti alçaldan, yaxud hər hansı digər formada qanunsuz təsirə məruz qalmağa dair şikayət işə mahiyyəti üzrə baxan yox, məhkəmə nəzarətini həyata keçirən məhkəmə qarşısında qaldırılan şikayətlər siyahısına aid edilmişdir. İş materiallarından göründüyü kimi, öz seçimi ilə cəlb edilmiş peşakar vəkillərlə təmsil edilməsinə baxmayaraq, istər Təqsirləndirilən şəxs, istərsə də onun vəkilləri məhkəmə nəzarəti qaydasında müvafiq məhkəməyə müraciət etməmişlər. Həmçinin, məhkəmədə tədqiq olunmuş videoçəkilişlərdən də görünür ki, Təqsirləndirilən şəxs vəkillərinin iştirakı ilə xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə əynində olan şalvarının cibindən bir ədəd sellofan bükümdə olan külli miqdarda heroini və bir ədəd bükümdə metamfetamini çıxarıb təqdim edərək narkotik vasitənin və psixotrop maddənin özünə məxsus olduğunu etiraf edir, heroinin və metamfetaminin üzərinə polis əməkdaşları tərəfindən qoyulması və ya hədə-qorxuya məruz qalması ilə bağlı hər hansı bir dəlil irəli sürmür. Buna görə də, məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs üzərində aşkar olunan külli miqdarda heroinin ona məxsus olmaması ilə bağlı göstərdiyi xüsusat üzərinə şəxsi axtarış və baxış keçirilməsi haqqında protokollarla, həmin istintaq hərəkətlərinin keçirilməsini əks etdirən videogörüntülərlə, habelə məhkəmədə dindirilmiş şahidlərin ifadələri və digər sübutlarla tam təkzib olunur. Artıq bu hallar təqsirləndirilən şəxsin məhkəmə baxışı dövründə verdiyi ifadələrin məntiqli və ardıcıl olmadığını, hadisənin xarakteri, mexanizmi və inkişafını bir-birindən tam fərqli və bəsit formada reproduksiya edildiyini təsdiq etmiş, ümumiyyətlə onun qeyd olunan mərhələdə verdiyi ifadələr yalan olmaqla məhz real faktların ört-bastır edilməsinə, istintaqın səhv istiqamətə yönəldilməsinə və başqa sözlə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün təqsirləndirilən şəxsin ibtidai araşdırma dövründə verdiyi etirafedici ifadələri ilə məhkəmə baxışında verdiyi ifadələr arasında ziddiyyət təşkil edən hissəyə münasibətdə onun ibtidai araşdırma dövründə yuxarıda qeyd olunan verdiyi etirafedici ifadəsini, habelə şahidlərin ifadələrini, ekspertizanın rəylərini, “şəxsi axtarış və baxış aparılması haqqında” protokolları, əməlini etiraf etməsinə dair istintaq hərəkətinin keçirilməsi haqqında videoçəkilişi və digər sənədləri cinayət təqibi üzrə mötəbər sübut hesab edir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılara əsasən beynəlxalq adı olan heroin narkotik vasitə, metamfetamin isə psixotrop maddədir. Heroinin və metamfetaminin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə külli miqdar hesab olunur. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan və iş materiallarında olan digər sübutlara əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs əməli üzərində şəxsi istehlak miqdarından artıq miqdarda - 1,577 qram psixotrop maddə metamfetaminin aşkar olunması epizodu üzrə ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-nin 234.1-ci maddəsilə tövsif edilmişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs üzərində külli miqdarda heroinin aşkar olunması epizodu üzrə yuxarıda qeyd olunan və iş materiallarında olan digər subutlara əsaslanaraq onun əməlinin CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməsinə dair müqayisəli qiymət verərək hesab edir ki, ibtidai istintaq orqan tərəfindən təqsirləndirilən şəxsin əməli həmin maddə üzrə düzgün tövsif olunmamışdır. Belə ki, CM-nin 234.4.3-cü maddəsinin dispozisiyasına görə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma, narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında istifadə etmək məqsədi ilə prekursorları hazırlama, əldə etmə, saxlama, göndərmə, daşıma və ya satma cinayət məsuliyyəti yaradır. Şəxsin həmin maddə ilə cinayət məsuliyyətinə cəlb edilməsi üçün zəruri şərt onun külli miqdarda narkotik vasitəni və ya psixotrop maddəni satış məqsədi ilə əldə etməsidir. Yəni, şəxsin CM-nin 234.4.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi üçün onun narkotik vasitəni və ya psixotrop maddənin satış məqsədi ilə əldə etməsi və yaxud qanunsuz olaraq həmin vasitəni, maddəni satması sübuta yetirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd etmişdir ki, “İctimai təhlükəli əməlin həm qanunvericilik, həm də doktrinal aspektdə müəyyən edilməsi hər bir cinayətə xas olan hüquqi və sosial əlamətləri üzə çıxarır. Cinayət tərkibini təşkil edən əlamətlərin (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən, o cümlədən, başqa hüquq pozmalardan fərqləndirilməsinə xidmət edir. Belə ki, cinayət tərkibi ictimai təhlükəli əməli konkret cinayət kimi xarakterizə edən cinayət qanunu ilə müəyyən edilmiş obyektiv və subyektiv əlamətlərin məcmusudur. Cinayət qanunvericiliyinə görə, şəxs yalnız o cinayəti törətməyə görə təqsirləndirilə bilər ki, həmin cinayətin törədilməsi şəxsin iradəsinin həqiqi ifadəsi olsun. Cinayət qanunvericiliyi təqsirin iradəvi momentini xarakterizə edən ictimai təhlükəli əməlin və onun nəticəsinin baş verməsini arzu etmək, onların baş verməsinə şüurlu surətdə yol vermək və ya onların qarşısının alınacağını güman etmək və s. kimi əlamətləri nəzərdə tutur. Bu əlamətlərə əsasən demək olar ki, təqsirin iradəvi momenti ictimai təhlükəli əməl (hərəkət və hərəkətsizlik) və ya həmin əməlin nəticəsi ilə əlaqədar olur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində deyilir ki, yalnız həmin Məcəllədə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilmiş bir bükümdə heronin çəkisi külli miqdar – 2,168 qram təşkil etsə də, iş materiallarında onun həmin narkotik vasitəni satış məqsədi ilə əldə etməsini təsdiq edən mötəbər sübutlar mövcud deyildir. Belə ki, CM-nin 234.4.3-cü maddəsinə əsasən cinayət məsuliyyəti həmin Məcəllənin 234.2 və 234.3-cü maddələrində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə yaranır. CM-nin 234.2-ci maddəsinə əsasən cinayət məsuliyyətini satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma yaradır. Həmin Məcəllənin 234.1-1-ci maddəsinə görə isə cinayət məsuliyyəti satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma yaradır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cü bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə əldə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır”. Aparılan araşdırma ilə müəyyən olunur ki, nə ibtidai istintaq, nə də ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitəni satış məqsədilə əldə etməsini təsdiq edən hər hansı bir sübut (sübutlar məcmusu) mövcud olmamışdır. Bunun əksinə olaraq iş materiallarına əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs uzun müddət narkomaniya xəstəliyindən əziyyət çəkir, narkoman kimi qeydiyyatdadır, üzərində saxladığı bir büküm heroini öz istifadəsi üçün əldə etmiş və onların satışı ilə məşğul olmamışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs narkomaniyadan əziyyət çəkməsi, iş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizanın rəyi ilə təsdiq olunmuşdur. Bu halda narkomaniyadan uzun müddətdir əziyyət çəkən və həmin narkotik vasitələri mütəmadi digər şəxslərdən maddi vəsait hesabına əldə edən şəxsin öz istehlakı üçün lazım olan narkotik vasitəni və ya psixotrop maddəni satmaq niyyətində olması inandırıcı olmayan ehtimaldır. Əksinə iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs heroini 7 sentyabr 2022ci il tarixdə tanışı Elşən Əliyevdən 10 manat pulun müqabilində şəxsi istifadəsi üçün əldə etmişdir. Bundan başqa, iş materiallarında olan Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olub-olmaması ilə bağlı Şirvan ŞPŞ-nın əməliyyat tapşırığının cavabından görünür ki, bununla bağlı müvafiq əməliyyat axtarış tədbirləri həyata keçirilmiş, Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə müsbət nəticə əldə edilməmiş, onun kiməsə narkotik vasitə satması müəyyən olunmamışdır. Beləliklə də, məhkəmə istintaqında müəyyən olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, o cümlədən satması üçün hər hansı bir istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi barədə cinayət işində heç bir rəsmi məlumat yoxdur. İş materiallarından göründüyü kimi təqsirləndirilən şəxsin özünü müdafiə məqsədi ilə irəli sürdüyü, yəni onda aşkar olunmuş 2,168 qram heroini şəxsi istifadəsi üçün əldə etməsinə dair dəlilləri təkzib edən hər hansı sübut mövcud olmadığı halda, həmçinin təqsirləndirilən şəxsin heroini satış məqsədilə əldə etməsini, bu məqsədlə hər hansı şəxslə danışıqlar aparmasını, alıcı ilə əlbir olmasını, psixotrop maddəni və ya narkotik vasitələri satmaqda şübhəli olması ilə əlaqədar əməliyyat məlumatlarının mövcudluğunu və sair zəruri halları sübuta yetirən mötəbər dəlillər olmadan ibtidai araşdırma orqanı əsassız olaraq onun satış məqsədi ilə qanunsuz olaraq 2,168 qram heroini əldə etməsi, saxlaması və daşıması qənaətinə gələrək ona qarşı CM-nin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürərkən ittihamın əsası kimi yalnız ona istinad etmişdir ki, aşkar olunmuş heroinin çəkisi külli miqdarda olmuşdur. Halbuki, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin İİ hissəsinə əsasən, şəxsin təsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası CPM-nin 21.1-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-nin 21.3-cü maddəsi Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İİ hissəsindən çıxış edərək təqsirləndirilən (və ya şübhəli) şəxsi öz təqsirsizliyini sübut etmək vəzifəsindən azad edir. Qüvvədə olan cinayət prosessual qanunvericiliklə cinayət təqibi ilə bağlı icraatda sübut etmə yükü ittiham tərəfinin üzərinə qoyulmuşdur. İttiham tərəfi nəinki təqsirləndirilən şəxsi ifşa edən sübutlar və dəlillər toplayaraq məhkəməyə təqdim etməli, həm də müdafiə tərəfinin (təqsirləndirilən və ya şübhəli şəxsin, müdafiəçinin, mülki cavabehin) müdafiə üçün irəli sürdüyü sübutları və dəlilləri də təkzib etməlidir. Müdafiə üçün irəli sürülmüş sübut və dəlillər ittiham tərəfindən tutarlı dəlillərlə təkzib edilməzsə, sübuta yetirilmiş hesab edilir. CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 351.2-ci maddəsində də oxşar norma nəzərdə tutulmuş və qeyd olunmuşdur ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin Məcəllənin 349.5.1 və 349.5.3-cü maddələrində təsbit edilmişdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs aşkar olunmuş 2,168 qram heroinin külli miqdarda olmasına görə şəxsin narkotik vasitəni satış məqsədi ilə əldə etməsinə dair gəldiyi qənaəti ilə bağlı qeyd edir ki, həmin maddənin çəkisinin külli miqdar təşkil etməsi onun satış məqsədi ilə əldə etməsinə şübhələr yaratsa da, iş materiallarında təqsirləndirilən şəxsin heroini satış məqsədi ilə əldə etməsinə dair əsaslı və mötəbər sübutlar müəyyən edilmədiyindən ibtidai istintaq orqanının bu barədə gəldiyi nəticəni əsassız hesab edir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, təqsirləndirilən şəxsin əməlində CM-nin 234.4.3-cü maddəsinin tərkib əlamətlərinin olması, onun tərəfindən həmin cinayətin törədilməsi barədə ittihamın sübut olunmasında əsaslı şübhələr mövcuddur, həmin şübhələrin digər sübutlarla aradan qaldırılması mümkün deyil, ittiham tərəfi həmin halı təsdiq edən hər hansı bir mötəbər sübuta istinad edə bilməmiş, iş materiallarında da belə sübut yoxdur və təqsirləndirilən şəxsə CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham konkret və mötəbər sübutlarla deyil, mülahizələrlə əsaslandırıldığından onun əməli həmin Məcəllənin 234.4.3-cü maddəsindən 234.1-1-ci maddəsinə, yəni satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə və saxlama kimi tövsif edilməli, həmin maddə ilə ona qanunla müəyyən edilmiş qaydada cəza təyin olunmalıdır. Belə ki, CM-nin 8.1-ci maddəsinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının 1-ci bəndində tövsiyyə olunmuşdur ki, “hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır”. 7 sentyabr 2022-ci il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, 9 sentyabr 2022-ci il tarixdə CM-nin 234.4.3-cü maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin tarixdə Şirvan Şəhər Məhkəməsinin qərarı ilə barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmişdir. 23 dekabr 2022-ci il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, 25 dekabr 2022-ci il tarixdə CM-nin 234.1-ci maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilərək 26 dekabr 2022-ci il tarixdə Şirvan Şəhər Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində yaşayış yeri üzrə İcra nümayəndəliyinə yazılı və ya şifahi olaraq heç bir şikayət daxil olmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Beləliklə, məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün, habelə barəsində həmin Məcəllənin 62 və 70-ci maddələrinin tətbiq edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə, həmin Məcəllənin 234.1-1-ci maddənin sanksiyasında üç ildən səkkiz ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən hallara gəldikdə isə məhkəmə qeyd edir ki, o, əvvəllər CM-nin 234.1-ci maddəsilə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına və məhkumluğu ödənilməsinə baxmayaraq yenidən qəsdən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət əməlini törətmişdir. Bu bir daha onu göstərir ki, Təqsirləndirilən şəxs cinayət törətməyə meyilli olan şəxsdir. Odur ki, məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 234.1-1-ci maddələrində müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. Habelə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzaları qismən toplamaq yolu ilə ona CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə müəyyən müddətə qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin olunmalı və təyin olunmuş cəza çəkilməlidir. CM-nin 56.1.2-ci maddəsinə əsasən təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası CPM-nin 158-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 7 sentyabr 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və hazırda Şirvan ŞPŞ-nın maddi sübutların saxlanc otağında saxlanılan 2,118 qram narkotik vasitə heroin və 1,527 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə ekspertiza xərci 99 (doxsan doqquz) manat 48 (qırx səkkiz) qəpik təqsirləndirilən şəxsdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və ya xüsusi müsadirə təyin edilməsi üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 234.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 3 (üç ) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 07 sentyabr 2022-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və hazırda Şirvan Şəhər Polis Şöbəsində saxlanılan 2,118 qram narkotik vasitə heroin və 1,527 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 99 (doxsan doqquz) manat 48 (qırx səkkiz) qəpik təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxslərə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Müşfiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar