Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-369/2024 23.05.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Nəbiyev Cəlil Cabbar oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X8, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisləri X12, X1 və müdafiəçi- Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi2 Əflatdin oğlunun iştirakları ilə, xx xxxx 1999-cu il tarixdə Masallı rayonu Türkoba kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, orta təhsilli, subay, işsiz, Türkoba kəndində daimi qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 20:50 radələrində “AE 440495” nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi əsasında, “BA № 279402” nömrəli qeydiyyat şəhadətnaməsi ilə və etibarnamə əsasında idarə etdiyi “Toyota-Corolla” markalı, **-XN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Lənkəran-Boradigah-Masallı avtomobil yolunun Masallı rayonu Qəzvinoba kəndi ərazisindən keçən hissəsində Masallı şəhəri istiqamətində 120 km/saat sürətlə hərəkətdə olarkən "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda, həmçinin hadisənin qarşısını almağa texniki imkanı olsa da, buna əməl etməyərək həmin Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, yəni idarə etdiyi avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 120 km/saat sürətlə idarə edərək yolun sağ ehtiyat hissəsində adi yerişlə Masallı şəhəri istiqamətində hərəktədə olan piyadalar əvəllər tanımadığı, Masallı rayonu Türkoba kəndində daimi qeydiyyatda olmaqla yaşamış X15 və Bədalan kəndində daimi qeydiyyatda olmaqla yaşaymış X9 idarə etdiyi avtomobilin ön sol qanad hissəsi ilə vuraraq ehtiyatsızlıqdan İsa Cavadovun qapalı kəllə-beyin travması, baş beyin toxumasının əzilməsi, baş beyin toxumasına və qişalarına qansızma, kəllə qapağı və kəllə əsası sümüklərinin qəlpəli sınığı, bədənin müxtəlif nahiyələrinin sıyrıqları və hər iki göz nahiyəsinin qançırı ilə nəticələnən, ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya, İslam Əliyevin isə açıq kəllə-beyin travması, baş beyin toxumasının əzilməsi, baş beyin toxumasına və qişalarına qansızma, kəllə qapağı və kəllə əsası sümüklərinin xətti sınığı, başın sağ gicgah nahiyəsinin və sol dabanın əzilmiş yarası, hər iki göz nahiyəsinin qançırı, bədənin müxtəlif nahiyələrinin sıyrıqları ilə nəticələnən, ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri alaraq hər iki şəxsin baş beyin toxumasının əzilməsi, baş beyin toxumasına və qişalarına yayılmış qansızma nəticəsində ölmələrinə səbəb olan yolnəqliyyat hadisəsini törətmişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2018-ci ilin noyabr ayında “BC” kateqoriyalı sürücülük vəsiqəsi əldə etmiş, “Toyota” markalı Corolla modelli **- XN-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi atası X4r və o, həmin avtomobili etibarnamə əsasında idarə etmişdir. 09 dekabr 2023-cü il tarixdə Masallı rayonu Türkoba kəndi ərazisində yerləşən bacısının yaşadığı evə getmiş və həmin tarixdə saat 20 radələrində o, həmin evdən idarə etdiyi həmin avtomobil ilə çıxmışdır. Lənkəran- Boradigah-Masallı avtomobil yolunda Masallı şəhəri istiqamətində hərəkətə olanda sürətini 120 km/saata qaldırmışdır. Bundan sonra o, idarə etdiyi avtomobilin sürətinin çox olduğunu görüb dərhal saxlaya bilməyəcəyini anlamış və avtomobilin hərəkətini bir qədər də davam etdirib “Yağmur” marketi keçdikdən sonra manevr edərək geriyə doğru qayıtmağa qərar vermişdir. Saat 20:50 radələrində Masallı rayonu Qəzvinoba kəndi ərazisində yerləşən “Məkan” restoranının qarşısına çatmış və əyləci basaraq avtomobilin sürətini azaltmaq istəmişdir. Lakin həmin vaxt idarəetməni itirmiş və avtomobil yolun hərəkət hissəsində sürüşməyə başlamışdır. Sonra isə həmin yolun sağ hissəsində yerləşən “Oba” marketin qarşısında olan iki nəfər piyadanı idarə etdiyi avtomobil vurduqdan sonra avtomobil bir neçə dəfə dövrə vurmuş və sonra yolun sağ hissəsindəki divara çırpılmışdır. Dərhal avtomobildən yerə düşmüş və baş vermiş hadisə zamanı xəsarət alan piyadalara yaxınlaşmışdır. Hadisə zamanı xəsarət alan piyadaların baş nahiyələrindən çoxlu qan axdığını və hərəkətsiz vəziyyətdə yerdə uzandıqlarını görmüş və sonra hadisə yerinə yaxınlaşan tanımadığı şəxs təcili tibbi yardıma zəng etmişdir. Daha sonra təcili yardım əməkdaşları hadisə yerinə gəlmiş, xəsarət alan piyadaları xəstəxanaya aparmış və o da polis bölməsinə gedərək hadisə barədə məlumat vermişdir. Hazırda törətdiyi əməldən peşmandır, zərərçəkmiş şəxslərin hüquqi varislərindən baş vermiş hadisə ilə bağlı üzr istəyir. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, mərhum X13 onun oğludur. xx.xx.2023-cü il tarixdə yaşadığı evdə olduğu zaman qonşusu Hümmət adlı şəxs bir nəfər şəxsin idarə etdiyi avtomobillə oğlu İslam Əliyevi vurduğunu bildirmiş, o da dərhal X3 getmiş, orada oğlu İslam Əliyevin aldığı xəsarətlərdən öldüyünü bilmişdir. Sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 20:50 radələrində idarə etdiyi “Toyota Corolla” markalı avtomobillə Lənkəran-Boradigah-Masallı avtomobil yolunun Masallı rayonu Qəzvinoba kəndi ərazisindən keçən hissəsində yüksək surətdə hərəkətdə olarkən həmin mərhum oğlu İslam Əliyevi və digər piyadanı vurmuşdur. Təqsirləndirilən şəxs şikayətçidir, onunla barışmır, məhkəmədən ona qanunla nəzərdə tutulmuş qaydada ağır cəza verilməsini xahiş edir. İş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, mərhum X18 onun oğludur. xx.xx.2023-cü il tarixdə saat 20 radələrində oğlu İsa Cavadov yaşadığı evdən çıxmış və daha sonra qardaşı arvadı Güllü zəng edərək bir nəfər şəxsin idarə etdiyi avtomobillə oğlu İsa Cavadovu vurduğunu bildirmişdir. O dərhal Masallı xəstəxanasına getmiş, orada oğlunun öldüyünü bilmişdir. Sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 20:50 radələrində idarə etdiyi “Toyota” markalı avtomobillə Lənkəran-Boradigah-Masallı avtomobil yolunun Masallı rayonu Qəzvinoba kəndi ərazisindən keçən hissəsində hərəkətdə olarkən oğlu İsa Cavadovu və digər piyadanı vurmuşdur. Təqsirləndirilən şəxs şikayətçidir, barışmışr, ona qanunla nəzərdə tutulmuş qaydada ağır cəza verilməsini xahiş edir. İş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, X11 polis nəfəri vəzifəsində işləyir, xx.xx.2023-cü il tarixdə saat 20:50 radələrində Masallı rayonu Qəzvinoba kəndi ərazisində yerləşən “Məkan” restoranının qarşısında xidmətdə olduğu vaxt Lənkəran rayonundan Masallı şəhəri istiqamətində “Toyota Corolla” markalı **-XN-*** dövlət qeydiyyat nişanlı avtomobilin yüksək sürətlə və sürüşərək gəldiyini görmüşdür. Daha sonra həmin avbtomobil yolun ehtiyat hissəsində hərəkət edən 2 nəfər piyadanı vurmuş və həmin piyadalar yolun kənarındakı “Oba” marketin qarşısına düşmüşdür. Sonra hadisəni törədən sürücü Təqsirləndirilən şəxs da xəsarət alan şəxslərə yaxınlaşmış və o da dərhal xəsarət alan şəxslərə yaxınlaşmışdır. Bu vaxt həmin şəxslərin hadisə yerində ölməsi müəyyən olunmuşdur. İş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Yol patrul xidməti inspektoru vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə saat 20:50 radələrində Masallı rayonu ərazisində xidmətdə olarkən Lənkəran-Boradigah-Masallı avtomobil yolunun Masallı rayonu Qəzvinoba kəndi ərazisindən keçən hissəsində piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsinin baş verdiyi barədə Masallı rayon Polis Şöbəsinin növbətçi hissəsindən ona məlumat daxil olmuşdur. Bundan sonra o, dərhal yolnəqliyyat hadisəsinin baş verdiyi Qəzvinoba kəndi ərazisinə getmiş və sonra müstəntiq tərəfindən hadisə yerinə baxış keçirilməsində iştirak etmişdir. Daha sonra sürücü Təqsirləndirilən şəxs hadisə zamanı idarə etdiyi “Toyota Corolla” markalı **-XN-*** dövlət qeydiyyat nişanlı avtomobil Polis Bölməsinin duracağına gətirilmişdir. Müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 20:50 radələrində idarə etdiyi “Toyota Corolla” markalı **-XN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Lənkəran- Boradigah-Masallı avtomobil yolunun Masallı rayonu Qəzvinoba kəndi ərazisindən keçən hissəsində hərəkətdə olarkən həmin yolun ehtiyat hissəsində olan piyadalar İslam Əliyev və İsa Cavadovu vurmuşdur. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. İş materiallarında olan «yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında» 09 dekabr 2023-cü il tarixli protokoldan və fotoşəkillərdən görünür ki, hadisə yeri Lənkəran-Boradigah-Masallı avtomobil yolunun Masallı rayonu Qəzvinoba kəndi ərazisindən keçən hissəsində Masallı şəhəri istiqamətində asfalt yol ilə ehtiyat hissə arasında yerləşir. Hadisə yeri müayinə edilərkən müəyyən olundu ki, yolun asfalt hissənin ümumi eni 6 metrdir, yol 2 hərəkət zolaqlı olmaqla hər zolağın eni 3 metrdir. Avtomobil yolunda qarşı-qarşıya nəqliyyat axınını ayırmaq üçün uzununa nişanlama xətti vardır. Lənkəran rayonundan Masallı şəhəri istiqamətində götürdükdə yolun sağ ehtiyat hissəsinin eni 4 metr, sol ehtiyat hissənin eni də 4 metrdir. Yol asfalt örtüklü, düz, hamar olub, qurudur. Hadisə baş verdiyi zaman hava qaranlıq olmuş, hava şəraiti dumanlı olmamış, asfalt yol yaş vəziyyətdə olmuşdur. Hadisə yaşayış məntəqəsində baş vermiş, hadisə yerində “Toyota Corolla” markalı **-XN-*** dövlət qeydiyyat nişanlı avtomobilə məxsus tormoz və sürüşmə izləri aşkar edilməmişdir. İş materiallarında olan 09 dekabr 2023-cü il tarixli 653 nömrəli «sərxoşluq vəziyyətinin tibbi müayinəsi» aktıdan görünür ki, Təqsirləndirilən şəxs “Yol nəqliyyat” hadisəsi baş verən zaman ayıq vəziyyətində olmuşdur. İş materiallarında olan 10 yanvar 2024-cü il tarixli məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 8/3863 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən, Toyota Corolla markalı 77XN324 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur.Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 120 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Aparılmış tədqiqatın dəyəri 85 (səksən beş) manat təşkil edir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 09 dekabr 2023-cü il tarixli 30 nömrəli rəyinndən görünürn ki, 1. X14 meyitinin xarici və daxili müayinəsi zamanı aşkar olunan xəsarətlər- qapalı kəllə-beyin travması, baş beyin toxumasının əzilməsi, baş beyin toxumasına və qişalarına qansızma, kəllə qapağı və kəllə əsası sümüklərinin qəlpəli sınığı, bədənin müxtəlif nahiyələrinin sıyrıqları və hər iki göz nahiyəsinin qançırı həyati olub ağır bərk küt əşyanın (əşyaların) təsirindən onun ölümündən bir qədər əvvəl törənmişdir, avtomobil qəzası zamanı hərəkətdə olan avtomobilin hissələrinin təsirindən və zərbənin təsirindən tullanılaraq yer örtüyünə çırpılması nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdir. 2. X14 ölümünə səbəb baş beyin toxumasının əzilməsi, baş beyin toxumasına və qişalarına yayılmış qansızma olmuşdur. İlkin meytin əlamətlərinə əsasən demək olar ki, ölüm meyit meyitxanada müayinə olunmağa başlandığı vaxtdan 2-4 saat əvvəl baş vermişdir. X14 meyitindən götürülmüş qanın məhkəmə-kimyəvi tədqiqatı zamanı qanda alkoqol və hər hansı bir narkotik maddə aşkar olunmamışdır. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 28 dekabr 2023-cü il tarixli 31 nömrəli rəyinndən görünürn ki, 1. X7 meyitinin xarici və daxili müayinəsi zamanı aşkar olunan xəsarətlər- açıq kəllə-beyin travması, baş beyin toxumasının əzilməsi, baş beyin toxumasına və qişalarına qansızma, kəllə qapağı və kəllə əsası sümüklərinin xətti sınığı, başın sağ gicgah nahiyəsinin və sol dabanın əzilmiş yarası, hər iki göz nahiyəsinin qançırı, bədənin müxtəlif nahiyələrinin sıyrıqları həyati olub ağır bərk küt əşyanın (əşyaların) təsirindən onun ölümündən bir qədər əvvəl törənmişdir, avtomobil qəzası zamanı hərəkətdə olan avtomobilin qabarıq hissələrinin təsirindən və zərbənin təsirindən tullanılaraq yer örtüyünə çırpılması nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdir.
2. X7 ölümünə səbəb baş beyin toxumasının əzilməsi, baş beyin toxumasına və qişalarına yayılmış qansızma olmuşdur. İlkin meytin əlamətlərinə əsasən demək olar ki, ölüm meyit meyitxanada müayinə olunmağa başlandığı vaxtdan 4-6 saat əvvəl baş vermişdir. X7 meyitindən götürülmüş qanın məhkəmə-kimyəvi tədqiqatı zamanı qanda alkoqol və hər hansı bir narkotik maddə aşkar olunmamışdır. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 13 dekabr 2023-cü il tarixli 1185 nömrəli rəyindən görünürn ki, Təqsirləndirilən şəxs hər hansı bir xəsarət aşkar olunmamışdır. İş materiallarında olan 10 dekabr 2023-cü il tarixli «yol-nəqliyyat hadisəsinin həkk olunduğu DVD diskə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Toyota” markalı Corolla modelli **-XN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yolun hərəkət hissəsində idarə etməni itirib sürüşərək yolun ehtiyat hissəsində hərəkətdə olan piyadalar- X18 və X9 ehtiyatsızlıqdan vurduğu görünür. İş materiallarında BA279402 nömrəli “Nəqiyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”-nin və “nəqliyyt vasitələrindən istifadə edilməsi haqqında” etibarnamənin surətlərindən görünür ki, “Toyota” markalı Corolla modelli **-XN-*** dövlət qeydiyyat nişanlı avtomobil X2 mülkiyyətindədir, həmin avtombil sürmək üçün etibarnamə ilə Təqsirləndirilən şəxs verilmişdir. İş materiallarında olan AE440495 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, xx.xx.2018-ci il tarixdə Təqsirləndirilən şəxs adına “BC” kateqoriyalı suruculuk vəsiqəsi verilmişdir. İş materiallarında olan Azərabaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, BDYPİ-nin mərkəzi informasiya sisteminin məlumatına əsasən Masallı rayonu Türkoba kənd sakini xx.xx.1999-cu il təvəllüdlü Təqsirləndirilən şəxs adına xx.xx.2018-ci il tarixdə “BC” kateqoriyalı AE-440495 saylı sürücülük vəsiqəsinin 10 il müddətinə verildiyi, sürücülük hüququndan məhrum olunanlar və məhdudlaşdırılanlar sırasında olmadığı müəyyən olunmuşdur. İş materiallarında olan 10 dekabr 2023-cü il tarixli “müddi sübut kimi tanınma haqqında qərarla” Toyota” markalı Corolla modelli **-XN-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınaraq Masallı RPŞ-nin duracağına təhvil verilmişdir. İş materiallarında olan 10 dekabr 2023-cü il tarixli “müddi sübut kimi tanınma haqqında qərarla yol nəqliyyat hadisəsinin görüntüsünün olunduğu bir ədəd DVD disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə olunmuşdur. İş materiallarında olan 10 dekabr 2023-cü il tarixli «şübhəli şəxs qismində tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Masallı rayon məhkəməsinin 11 dekabr 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində “həbs” olunmasının əvvəli 11 dekabr 2023-cü il tarixdən hesablanmmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Lənkəran şəhər Psixiatriya Xəstəxanasının 26 dekabr 2023cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs xəstəxanada qeydiyyatda durmur. İş materiallarında olan Masallı rayon Türkoba kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Masallı rayon Türkoba kəndində qeydiyyatda olmaqla yaşayır, ailə ata, anasından ibarətdir, onun barəsində nümayəndəliyə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmiş, onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə təqsirli bilinərək, ona həmin maddələrin sanksiyası daxilində cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin qeyd olunan əməlinin cinayət olmasını aradan qaldıran hal, o cümlədən həmin əməllərə görə cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs əməlini səmimi etiraf etməsini, peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, gənc olmasını, yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub – Masallı RPŞ-nin duracağında saxlanılan “Toyota” markalı Corolla modelli **-XN-*** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyətçisi X5 qaytarılmalı, iş materiallarına əlavə edilmiş yol nəqliyyat hadisəsinin görüntüsünün olunduğu bir ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməli, cəzasının çəkilmə müddətinin 10 dekabr 2023-cü il tarixdən başlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
h ö k m e t d i:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 10 dekabr 2023-cü il tarixdən hesablansın. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. İş üzrə maddi sübut olan Masallı RPŞ-nin duracağında saxlanılan “Toyota” markalı Corolla modelli **-XN-*** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyətçisi X5 qaytarılsın. İş materiallarına əlavə edilmiş yol nəqliyyat hadisəsinin görüntüsünün olunduğu bir ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəs ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Sədrlik edən: Cavid Səfərli Hakimlər: Cəlil Nəbiyev Müşfiq Məmmədov