Məhkəmə qərarları › İş №1(099)-37/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-37/2022

27.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-37/2022 27.01.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Musayev Aqil Əlisa oğlu (sədrlik edən), Quliyev Nizami Fərzi oğlu və Səfərli Cavid Şamil oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X5 və X6, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin nümayəndəsi – fərdi qaydada fəaliyyət göstərən vəkil Nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1991-ci il tarixdə Ukrayna Respublikasının Nikolayev vilayətində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay,işləməmiş, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Çaxırlı kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 29,120.2.4 və 29,120.2.9-cu maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ona əri Şahid1 xəyanət etməsindən şübhələndiyinə görə ifşa edəcəyini demiş qaynı Zərərçəkmiş şəxs ilə aralarında yaranmış narazılıqla əlaqədar sonuncunu qəsdən öldürmək qərarına gələrək, bu məqsədlə 18 may 2021-ci il tarixdə saat 06 radələrində Masallı rayonu, Çaxırlı kəndində yerləşən yaşadıqları evdən soyuq silah hesab edilməyən məişət təyinatlı mətbəx bıçağını götürüb həmin evdə Zərərçəkmiş şəxs yatdığı otağa daxil olmuş, orada çarpayıda yatmış iki nəfər azyaşlı övladlarının yuxudan oyanıb baş verəcək hadisəni görməsinə kifayət qədər əsaslı ehtimal olduğunu dərk etdiyi halda, onun ayaq səslərinə oyanmış övladı Şahid4 gördüyü şəraitdə, sonuncuya əmisi, yəni yaxın adamı olmasına görə şüurlu surətdə xüsusi əzab və iztirab verməklə, çarpayıda arxası üstə yatdığına görə aşkar surətdə köməksiz vəziyyətdə olmuş Zərərçəkmiş şəxs döş qəfəsinin sol ön hissəsinə iki əli ilə tutduğu bıçaqla qəsdən bir dəfə zərbə vurması nəticəsində həmin nahiyədə döş boşluğuna nüfuz edib perikadı (ürək kisəsini) zədələyən bir ədəd deşilmiş-kəsilmiş yaradan ibarət və soltərəfli hemotoraks ilə müşayiət edilən, yetirilmə anında həyatı üçün təhlükəli olmaqla sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirmiş, Zərərçəkmiş şəxs həmin xəsarətdən öləcəyini zənn edib hadisə yerindən qaçmış, sonuncunun ailə üzvlərinin köməyi ilə X8 Klinikasına aparılması, orada dərhal cərrahi əməliyyat edilməsi və digər tibbi yardım göstərilməsi nəticəsində həyatı xilas edildiyindən cinayətkar niyyətini öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək aşkar surətdə köməksiz vəziyyətdə olmuş Zərərçəkmiş şəxs qardaşı övladı Şahid4 gözü qarşısında, yəni xüsusi amansızlıqla qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası CM-in 126-cı maddəsi ilə təqsirli bilərək göstərmişdir ki, qaynı Zərərçəkmiş şəxs (bundan sonra - Famil) 2020-ci ilin iyun ayında Masallı rayonu, Çaxırlı kəndində birlikdə yaşadıqları evin həyətində ona qarşı əxlaqsız hərəkət etmək istəmiş, bir ay sonra işləmək üçün Bakı şəhərində olarkən ona “WhatsApp” proqramı vasitəsilə sevgi məzmunlu mesajlar göndərmiş, bundan 7 ay sonra yaşadıqları evə qayıdıb onu güdməyə başlamış, əri Şahid1 (bundan sonra - əri) evdə olmayanda yataq otağına gəlib ona qarşı əxlaqsız hərəkətlər etməyə çalışmış və onunla cinsi əlaqədə olmaq istədiyini demişdir. Son vaxtlar ərinin ona qarşı soyuq münasibət göstərməsindən əsəbiləşib “Snapchat” proqramı vasitəsilə Yunis adlı şəxslə tanış olub danışmışdır. Famil onun mobil telefonunu gizli şəkildə götürüb Yunislə olan mesajlarının şəklini çəkmiş, onu cinsi əlaqədə olmasa, həmin şəkilləri ərinə göstərəcəyi ilə hədələmişdir. Buna görə də ərinə Familin ona əxlaqsız təkliflər etdiyini demiş, lakin əri ona inanmamış, ondan bu halı sübut etməsini istəmişdir. Bu səbəbdən ayrı-ayrı vaxtlarda mobil telefonunu sinəsində gizlədib Familin yanına getmiş, sonuncunun onu sevdiyini deməsi və ona qarşı əxlaqsız təkliflər etməsini mobil telefonunun yaddaşına yazıb ərinə dinlətmişdir. Sonuncu Famildən bu halla bağlı izahat tələb edəndə sonuncu onun tərəfindən şərləndiyini demiş və Yunislə olan danışıqlarının şəklini ərinə göstərmişdir. Buna görə də 17 may 2021-ci il tarixdə ərinin çağırışı ilə valideynləri və qardaşı yaşadığı evə gəlmişlər. Famil hamını onun ərinə xəyanət etməsinə inandırdığına görə atası ərinə ondan imtina etdiyini demiş, ərindən gecə onu öldürməsini istəmişdir. Bundan sonra atası və qardaşı getsə də, anası Şahid6 hər hansı hadisənin baş verməməsi üçün onun yaşadığı evdə qalmışdır. Famil gecə ona həyatını məhv edəcəyini deyəndən sonra Famili qəsdən öldürməyi deyil, ona əxlaqsız təklif etməsini etiraf etdirmək üçün bıçaqla qorxutmağı qərara almışdır. 17 may 2021-ci il tarixdə saat 04 radələrində anası işə getmək üçün yaşadığı evə qayıtmışdır. Saat 06 radələrində Familin otaqda yatdığını görüb öz yataq otağındakı şkafda olan mətbəx bıçağını götürmüş və Familin yatdığı otağa girmişdir. Həmin vaxt otaqdakı digər çarpayıda azyaşlı uşaqları olan Qulamzadə və Hüseyn yatmışlar. İki əli ilə tutduğu bıçaqla kürəyiüstə yatmış Familin sinə nahiyəsinə vurmaq istəyəndə sonuncu yuxudan oyanıb ona müqavimət göstərmiş və bu ərəfədə qorxusundan bıçağı Familin sinəsinə batırmışdır. Bu hərəkətləri edərkən niyyəti sonuncunu öldürmək deyil, qorxutmaq olmuşdur. Belə olan halda, bıçaqla Familin bədəninin başqa nahiyələrinə deyil, həyat üçün vacib orqan olan ürəyin yerləşdiyi döş qəfəsinin sol hissəsinə zərbə vurmasını isə həmin nahiyədə ürəyin yerləşməsindən məlumatsız olması ilə izah edir. Hesab edir ki, Familin sinəsinə bıçaqla vurmaq istəməsi və bıçaq batırmasını həmin vaxt yatdıqlarına görə azyaşlı uşaqları görməmişdir. Bıçağı Familin sinəsinə batıranda sonuncu qışqırmış və onun arxasınca qaçmışdır. Famildən qorxduğuna görə cəld otaqdan dəhlizə çıxmış, həmin ərəfədə Familin anası və bacısına Famili bıçaqla vurduğunu demiş, qaçaraq evdən çıxmış, Famil onu tutmaq məqsədilə həyətə giriş darvazasına kimi qovmuş, buna görə də həyətdən çıxıb yaxınlıqdakı orta məktəbin tualetində gizlənmiş, polisə könüllü olaraq təslim olmaq məqsədilə DİN-nin “102” xidmət mərkəzinə zəng edib qaynı Zərərçəkmiş şəxs ona əxlaqsız təklif etməsi səbəbindən bıçaqladığı və hazırda kənd orta məktəbinin tualetində gizləndiyi barədə məlumat vermişdir. Bir neçə dəqiqə sonra anası taksi ilə gəlib onun gizləndiyi yerin yaxınlığında avtomobildən düşmüş, anasını olduğu yerdən çağırmışdır. Anası onun tualetdə gizləndiyini görüb yanına gəlmiş, bu zaman anasına əlindəki bıçaqla Famili vurduğunu demişdir. Bir neçə dəqiqə sonra polis əməkdaşları hadisə yerinə gəlmiş, onu gizləndiyi yerdə saxlayıb Masallı RPŞ-yə aparmışlar. Orada cinayətin aləti olan bıçağı polis əməkdaşlarına könüllü olaraq təqdim etmişdir. İbtidai istintaq zamanı bütün hallarda müdafiəçisinin iştirakı ilə dindirilmiş, ifadələrini imzası ilə təsdiq etmiş, ona hər hansı məzmunda ifadə verməsi ilə bağlı qanunsuz təsir göstərilməmişdir. İbtidai istintaq zamanı verdiyi 04, 05 və 07 iyun 2021-ci il tarixli ifadələrinin hazırki ifadəsi ilə ziddiyyət təşkil edən hissələrindən həyəcanlı olması səbəbindən düzgün göstərməməsinə görə imtina edir. Törətməsini etiraf etdiyi cinayət əməlindən səmimi peşimandır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126-cı maddəsi ilə təqsirli bilinməsini və barəsində ədalətli cəza təyin edilməsini xahiş etmişdir. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-in 327.1.3-cü maddəsinə əsasən məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş, ibtidai araşdırma zamanı müdafiəçisinin iştirakı ilə: - şübhəli şəxs qismində videoçəkiliş aparılmaqla verdiyi 04 iyun 2021-ci və təqsirləndirilən şəxs qismində verdiyi 05 iyun 2021-ci il tarixli ifadələrində, eləcə də 07 iyun 2021-ci il tarixdə ifadəsinin yerində yoxlanılması zamanı göstərmişdir ki, hər iki əli ilə tutduğu bıçaqla Zərərçəkmiş şəxs sinə nahiyəsinə zərbə vuran anda sonuncu yuxudan oyanıb yerində çöndüyünə görə zərbə Zərərçəkmiş şəxs sol qabırğa tərəfinə dəymişdir (İ cild, səh. 85-88, 104-106, 130-135). - Təqsirləndirilən şəxs qismində verdiyi 20 və 22 sentyabr 2021-ci il tarixli ifadələrində göstərmişdir ki, 18 may 2021-ci il tarixdə Zərərçəkmiş şəxs (bundan sonra - Famil) çarpayıda kürəyiüstə yatarkən bir müddət ərzində əlindəki bıçaqla sonuncunun başı üzərində dayandıqdan sonra aşağı əyilmiş, bıçaqla sonuncunun ürək nahiyəsinə möhkəm zərbə vurmuş, buna görə də Familin öləcəyini zənn etmişdir. Sonuncu ayağa qalxıb ona müqavimət göstərmişdir (İİ cild, səh. 131-135, 166-171). Zərərçəkmiş şəxs bir neçə dəfə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasına gəlməmişdir. Zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə zərərçəkmiş şəxsin adından məhkəməyə təqdim etdiyi 05 yanvar 2022-ci il tarixli ərizənin surətindən görünür ki, Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı həmin müraciətində səhhəti ilə əlaqədar Rusiya Federasiyasında müalicə olunduğuna görə məhkəmə iclasında iştirak edə bilməyəcəyini, ibtidai istintaq zamanı verdiyi ifadələrinin məzmununu təsdiq etdyini, Təqsirləndirilən şəxs ilə barışmadığını, buna görə də sonuncuya təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddə təyin edilməsini xahiş edirəm. Zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə da məhkəməyə ünvanladığı ərizəsində göstərilən səbəblərdən məhkəmə baxışı iclasının Zərərçəkmiş şəxs iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cinayət işi materiallarına əlavə edilmiş “Sərhədkeçmə məlumatı”ndan görünür ki, Zərərçəkmiş şəxs 28 dekabr 2021-ci il tarixdə “Bakı Aeroportu” sərhəd nəzarət məntəqəsindən keçməklə Azərbaycan Respublikası ərazisindən çıxmış, bundan sonra Azərbaycan Respublikasına qayıtmamışdır. Məhkəmə göstərilənlərə əsasən Zərərçəkmiş şəxs iş üzrə məhkəmə iclaslarına gəlməməsi səbəbini üzrlü hesab etmiş, məhkəmə baxışı iclasının onun iştirakı olmadan davam etdirilməsini cinayət prosesi tərəflərinin razılığı ilə mümkün hesab etmiş, Azərbaycan Respublikası CPM-in 327.1.2, 329.1 və 330.1-ci maddələrinə əsasən zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələrinin məzmununu elan etmişdir. Cinayət işi materiallarından görünür ki, Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı sərbəst qaydada dindirilərkən və təqsirləndirilən şəxslə üzləşdirilərkən verdiyi ifadələrində göstərmişdir ki, Təqsirləndirilən şəxs (bundan sonra - Aynur) qardaşı Şahid1 arvadıdır. 2021-ci ilin may ayının əvvəlində bacısı Telnaz ona Aynurun hansısa kişi ilə mobil telefonla danışmasını gördüyünü demişdir. Bundan sonra özü də Aynurun yaşadıqları evdə mobil telefonla hansısa kişi ilə danışmasını aşkar etmiş, bu barədə qardaşı Samirə demişdir. Bundan sonra Aynurun valideynlərini yaşadıqları evə çağırmışlar. Buna görə də 17 may 2021-ci il tarixdə Aynurun valideynləri və qardaşı onların yaşadığı evə gəlmişlər. Aynurun atası Aynurun hansısa kişi ilə mobil telefonla danışmasına görə ölməli olmasını dedikdən sonra oğlu ilə birlikdə yaşadığı evə qayıtmış, Aynurun anası isə gecə onların yaşadıqları evdə qalmışdır. 18 may 2021-ci il tarixdə saat 04 radələrində qardaşı uşaqlarının yatdığı otaqda yatmışdır. Yuxuda olarkən döş qəfəsinin ön sol hissəsinə iti əşya ilə zərbə vurulduğunu hiss edib gözünü açmış, bu zaman Aynurun başı üzərində dayandığını görmüş, qardaşı oğlu Şahid4 qışqırmışdır. Buna görə də Aynurun ona bıçaqla zərbə vurduğunu hiss edib yerindən dik atılmış, özünü çarpayıdan yerə atmışdır. Bu zaman Aynur ona “öl indi düz ürəyindən vurmuşam, sən bununla da öləcəksən” demişdir. Buna görə də hesab edir ki, Aynur ona həmin zərbəni qəsdən öldürmək məqsədilə vurmuşdur. Yerdən qalxıb Aynurun üzərinə gəlmiş, Aynur yenidən üzərinə gəlmək istəyəndə stulu götürüb özünü müdafiə etmişdir. Hadisə yerinə gəlmiş bacısı Telnaz onun köynəyində qan olduğunu görüb qışqırmış, həmin an Aynur evdən qaçmışdır. O, çöl sahədə olmuş qardaşı Samirə baş vermiş hadisə barədə mobil telefon vasitəsilə məlumat vermiş, sonuncu yaşadıqları evə gəlib onu tibbi yardım göstərilməsi üçün xəstəxanaya aparmışdır. Aynurun ona bıçaqla zərbə vurması anında yatdığına görə Aynura müqavimət göstərməmişdir (İ cild, səh. 62-65, İİ cild, səh. 15-18). Məhkəmə iclasında şahid qismində dindirilmiş yetkinlik yaşına çatmamış Şahid4 ifadəsində, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq edərək göstərmişdir ki, 17 may 2021-ci il tarixdə axşam qardaşı Qulamzadə və əmisi Famillə birlikdə bir otaqda yatmışdır. 18 may 2021-ci il tarixdə saat 06 radələrində otaqdan ayaq səsi eşidib oyananda anasının əlindəki bıçaqla otaqda hərəkət etdiyini, çarpayıda kürəyiüstə yatmış əmisi Familə yaxınlaşdığını, hər iki əli ilə tutduğu bıçaqla sonuncunun sinə nahiyəsinə bir dəfə zərbə vurduğunu görmüşdür. Zərbə anında əmisi Famil qışqırmış, bu vaxt səsə qardaşı Qulamzadə oyanmışdır. Buna görə də sonuncu anasının bıçaqla əmisi Familə zərbə vurmasını görməmişdir. Anası əmisi Familə “səni ürəyindən vurmuşam, sən öləcəksən” deyib qaçmış, Famil də anasının arxasınca getmişdir. Baş vermiş hadisənin təsirindən qorxmuş və həyəcanlanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq edərək göstərmişdir ki, iş üzrə cinayət hadisəsinin baş verməsindən bir neçə ay əvvəldən arvadı Təqsirləndirilən şəxs (bundan sonra - Aynur) ona soyuq münasibət göstərmişdir. 17 may 2021-ci il tarixdə qardaşı Famil ona bir müddət əvvəl Aynurun hansısa kişi ilə mobil telefon vasitəsilə danışmasını aşkar etdiyini demişdir. Aynur isə cavabında Famil tərəfindən ona şər atıldığını demişdir. Buna görə də Aynurun valideynlərini yaşadıqları evə çağırmış, onlara Aynurun hansısa kişi ilə mobil telefonla danışdığını demişdir. Aynurun atası ondan gecə Aynuru öldürməsini istədiyini deyib oğlu ilə birlikdə yaşadığı evə qayıtmışdır. Aynurun anası isə hər hansı hadisənin baş verməməsi üçün onların yaşadıqları evdə qalmışdır. Saat 06 radələrində təsərrüfatındakı xırdabuynuzlu heyvanları otarmaq üçün çöl sahəsinə getmişdir. Saat 07 radələrində orada olarkən qardaşı Famil mobil nömrəsinə zəng edib ona Aynur tərəfindən bıçaqlandığını demişdir. Buna görə də dərhal yaşadığı evə getmiş, Famili tibbi yardım göstərilməsi üçün xəstəxanaya aparmışdır. Famil Aynura qarşı hər hansı qanunsuz hərəkət etməmişdir. Bununla bağlı Aynurun dedikləri yalandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Zərərçəkmiş şəxs ilə sonuncunun ibtidai istintaqı zamanı verdiyi ifadələrində və Şahid1 ilə sonuncunun məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdikləri müvafiq hallar barədə eyni məzmunda göstərmiş, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq etmiş və əlavə olaraq qeyd etmişdir ki, 18 may 2021-ci il tarixdə saat 06 radələrində yaşadığı evdə səs-küy eşidib yuxudan oyanmış, otaqdan dəhlizə çıxanda qardaşı Familin əynində olmuş köynəyin üzərində qan ləkələrinin olduğunu, yaxınlığında dayanmış Təqsirləndirilən şəxs əlində bıçaq olduğunu, Famili öldürəcəyini deyib qaçdığını görmüş, Aynurun Familə bıçaqla vurmasını görməmişdir. Sonuncu Aynurun arxasınca getmiş, Famili saxlayıb yaşadıqları evə gətirmiş, qardaşı Samirin yaşadıqları evə gəlməsinədək Familə tibbi yardım göstərmiş, baş vermiş hadisə barədə Aynurun anasına mobil telefon vasitəsilə məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 Təqsirləndirilən şəxs, şahidlər Şahid1 və Şahid2 ilə məhkəmə istintaqı zamanı verdikləri ifadələrində onunla bağlı göstərdikləri müvafiq hallar barədə eyni məzmunda göstərmiş, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq etmişdir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş: - “Hadisə yerinə baxış keçirilməsi haqqında” 19 may 2021-ci il tarixli protokol və ona əlavə edilmiş fotocədvəldən görünür ki, iş üzrə cinayət hadisəsi Masallı rayonu, Çaxırlı kəndində yerləşən, Zərərçəkmiş şəxs yaşadığı evdə baş vermişdir. Baxış zamanı hər hansı əşya və ya predmet götürülməmişdir (İ cild, səh. 19-23). - “Götürmə aparılması haqqında” 19 may 2021-ci il tarixli protokol və ona əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs iş üzrə cinayət hadisəsini törədərkən istifadə etdiyi bir ədəd bıçağı könüllü olaraq təqdim etmiş, həmin bıçaq qablaşdırılıb götürülmüşdür (İ cild, səh. 15-18). - “Götürmə aparılması haqqında” 20 may 2021-ci il tarixli protokol və ona əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd köynək qablaşdırılıb götürülmüşdür (İ cild, səh. 28-30). - "xxxx" MMC-nin 14 iyul 2021-ci il tarixli, 14394 nömrəli məktubu ilə təqdim edilmiş telefon danışıqları haqqında məlumatlar və onlara baxış keçirilməsi barədə 18 iyul 2021ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** mobil nömrələrlə X4 istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** mobil nömrələr arasında 2021-ci ilin may ayının 8-dən 10-dək dəfələrlə telefon danışıqları və sevgi məzmunlu SMS göndərişləri olmuşdur (İİ cild, səh. 26-29). - Əməliyyat-axtarış fəaliyyətinin gedişində əldə edilmiş məlumat hesab edilən Masallı RPŞ-nin 13 sentyabr 2021-ci il tarixli məktubunda göstərilmişdir ki, iş üzrə cinayət hadisəsinin baş verməsinə səbəb Təqsirləndirilən şəxs Qazax rayon sakini olan X7 ilə mobil telefonla danışıb ərinə xəyanət etməsinin Zərərçəkmiş şəxs tərəfindən aşkarlanması olmuşdur. Buna qədər Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs arasında ziddiyyətli, eləcə də sevgi münasibətinin olması müəyyən edilməmişdir (İİ cild, səh. 100, 101). - Məhkəmə-tibbi ekspertizasının 03 iyun 2021-ci il tarixli, 451 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı döş qəfəsinin sol ön hissəsində aşkar edilmiş, döş boşluğuna nüfuz edib perikadı (ürək kisəsini) zədələyən bir ədəd deşilmiş-kəsilmiş yaradan ibarət və soltərəfli hemotoraks ilə müşayiət edilən, yetirilmə anında həyat üçün təhlükəli olmaqla sağlamlığa ağır zərər vurmaya aid olan xəsarətlər deşici-kəsici alətin, ola bilər ki, bıçağın təsirindən törənmiş, törənmə müddəti 18 may 2021-ci il tarixə uyğun gəlir (İ cild, səh. 43-46). - Məhkəmə-tibbi ekspertizasının 07 iyun 2021-ci il tarixli, 475 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədənində hər hansı xəsarət aşkar edilməmişdir (İ cild, səh. 140, 141). - Məhkəmə tibbi-kriminalistik ekspertizasının 12 iyul 2021-ci il tarixli, 294/2021 nömrəli rəyində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş, Zərərçəkmiş şəxs məxsus köynəyin arxa səthinin orta nahiyəsində aşkar olunmuş bir ədəd deşilmiş-kəsilmiş zədənin ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən, o cümlədən ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin təsirindən və ya ona oxşar konstruktiv xüsusiyyətə malik digər bıçağın tiyəsinin təsirindən əmələ gəlməsi inkar olunmur. Həmin bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir (İİ cild, səh. 113-115). - Məhkəmə-bioloji ekspertizasının 29 iyun 2021-ci il tarixli, 432/2021-MTBŞ nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi Qalfa, beta/H/(İ)dir. Təqdim olunmuş köynək üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə yalnız “H” antigeni alındı. Belə olan halda bu qan ləkələri Qalfa, beta/H/(İ) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər (İİ cild, səh. 104-108). - Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 31 avqust 2021-ci il tarixli, 1987 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs (bundan sonra - o) iş üzrə təqsirləndirildiyi əməlin törədildiyi zaman hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. Hazırda onda hər hansı psixi xəstəlik aşkar olunmur. O, həmin əməl törədilərkən və hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuş və iqtidarındadır. Buna görə də o, həmin əməl barəsində anlaqlı hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür. Onun məcburi müalicəyə ehtiyacı yoxdur. O, iş üzrə əməli törədərkən fizioloji affekt vəziyyətində olmamışdır (İİ cild, səh. 118-121). Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin məzmunundan görünür ki, onun özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillər 18 may 2021-ci il tarixdə Zərərçəkmiş şəxs döş qəfəsinin sol ön hissəsinə xəsarəti sonuncunu qəsdən öldürmək məqsədilə deyil, ona əxlaqsız təklif etməsini etiraf etdirməyə nail olmaq məqsədilə bıçaqla qorxudarkən müqavimət göstərməsi zamanı bıçağı bədəninin müvafiq nahiyəsinə batırması nəticəsində yaranması, bu zaman həmin nahiyədə həyat üçün vacib orqan olan ürəyin yerləşməsini bilməməsindən ibarət olmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməlin hüquqi tövsifi və özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillərə hüquqi qiymət verilməsi üçün aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Avropa İnsan Hüquqları Məhkəməsinin “X2rşı” iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı hazırki ifadəsi ilə ziddiyyət təşkil edən məzmunda verdiyi, yuxarıda məhkəmə istintaqı zamanı elan edilməsi göstərilmiş ifadələrini ondan müdafiəçinin iştirakı ilə, hər hansı qanunsuz təsir və məcburetmə olmadan alındığına, işin faktiki hallarına, xüsusilə də məhkəmə-tibbi ekspertizasının 03 iyun 2021-ci il tarixli, 451 nömrəli rəyində göstərilmiş nəticəyə uyğun olduğuna görə iş üzrə sübut növü kimi qiymətləndirir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli Qərarında göstərilmişdir ki, təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən, həmçinin cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin xarakteri və lokalizasiyası (məsələn, həyat üçün mühüm orqana xəsarət yetirilməsi) nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs istintaq orqanına müdafiəçisinin iştirakı ilə şübhəli şəxs qismində videoçəkiliş aparılmaqla verdiyi 04 iyun 2021-ci və təqsirləndirilən şəxs qismində verdiyi 05 iyun 2021-ci il tarixli ifadələrində, eləcə də 07 iyun 2021-ci il tarixdə ifadəsinin yerində yoxlanılması zamanı təqsirləndirilən şəxs qismində verdiyi 20 və 22 sentyabr 2021-ci il tarixli ifadələrində 18 may 2021-ci il tarixdə saat 06 radələrində kürəyiüstə yatmış Zərərçəkmiş şəxs başı üzərində bir qədər dayandıqdan sonra hər iki əli ilə tutduğu bıçaqla sonuncunun döş qəfəsinin sol ön hissəsinə qəsdən bir dəfə möhkəm zərbə vurmasını hər hansı qanunsuz təsir və məcburetmə olmadan göstərməsi, sonuncunun ibtidai istintaq zamanı, eləcə də hadisənin şahidi olmuş Şahid4 məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdikləri ifadələrində bu xüsusatı eyni məzmunda göstərmələri, həm qeyd edilən ifadələrin məzmunu, həm də məhkəmə-tibbi ekspertizasının 07 iyun 2021-ci il tarixli, 475 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədənində hər hansı xəsarətin aşkar edilməməsinin Zərərçəkmiş şəxs göstərilən xəsarətin yetirilməsi anından əvvəl sonuncunun Təqsirləndirilən şəxs müqavimət göstərməsini istisna etməsi, Təqsirləndirilən şəxs bıçaqla yatmış vəziyyətdə olmuş Zərərçəkmiş şəxs bədəninin başqa nahiyəsinə zərbə vurmaq imkanı olduğu halda, sonuncunun başı üzərində dayanıb qərarını tam qətiləşdirdikdən sonra məhz həyat üçün vacib orqan olan ürəyin yerləşdiyi döş qəfəsinin sol ön hissəsinə bir dəfə möhkəm zərbə vurması, Zərərçəkmiş şəxs ibtidai istintaq, Şahid4 məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdikləri ifadələrə əsasən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla ürəyindən vurduğuna görə öləcəyini deməsi, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yetirdiyi xəsarətlərin məhkəmə-tibbi ekspertizasının 03 iyun 2021-ci il tarixli, 451 nömrəli rəyinə əsasən döş boşluğuna nüfuz edib perikadı (ürək kisəsini) zədələyən bir ədəd deşilmiş-kəsilmiş yaradan ibarət, soltərəfli hemotoraksla müşayiət edilən, yetirilmə anında həyatı üçün təhlükəli olub sağlamlığa ağır zərər vurmaya aid olması Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlilləri təkzib etməklə yanaşı, Zərərçəkmiş şəxs bıçaqla zərbəni sonuncunu məhz qəsdən öldürmək məqsədilə vurduğunu sübut edir. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdiyi ifadələrinin özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillərlə bağlı hissələrini müvafiq cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyan ifadə kimi qiymətləndirib sübut kimi nəzərə almır, qalan hissələrini isə sübut kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-in 120.2.4 və 120.2.9-cu maddələrində müvafiq olaraq xüsusi amansızlıqla və təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə cinayət əməlinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli Qərarında göstərilmişdir ki, xüsusi amansızlıq, həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-in 120.2.4-cü maddəsi ilə cinayət məsuliyyətinin yaranması üçün bütün hallarda cinayəti törətmiş şəxsin birbaşa qəsdlə hərəkət edib zərərçəkmiş şəxsə və ya onun yaxın adamlarına xüsusi əzab, iztirab verməyi arzu etməsi tələb olunmur. Çünki, həmin maddənin dispozisiyasında zərərçəkmiş şəxsə və ya yaxın adamına xüsusi əzab, iztirab vermək kimi xüsusi amansızlığa dəlalət edən hallar təqsirkarın kriminal hərəkətlərinin məqsədi kimi deyil, onları müşayiət edən əlamətlər kimi ehtiva edilmişdir. Bu səbəbdən təqsirkarın öz hərəkətlərinin zərərçəkmiş şəxsə və ya yaxın adamına xüsusi əzab, iztirab verməsini dərk edib buna şüurlu surətdə yol verməsi, yəni həmin əlamətlərə münasibətdə dolayı qəsdin mövcud olması əməlin xüsusi amansızlıqla törədilən qəsdən adam öldürmə kimi tövsif edilməsinə kifayətdir. Buna görə də Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirməzdən əvvəl həmin otaqda sonuncu ilə yatmış iki nəfər azyaşlı uşağından hər hansı birinin yuxudan oyanıb baş verəcək hadisəni görməsinə kifayət qədər əsaslı ehtimal olduğunu dərk etdiyi halda, onun ayaq səslərinə oyanmış övladı Şahid4 gördüyü şəraitdə, sonuncuya əmisi, yəni yaxın adamı olmasına görə şüurlu surətdə xüsusi əzab və iztirab verməklə, Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirməsi Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qəsdən öldürməyə cəhd etməsindən ibarət əməli xüsusi amansızlıqla törətməsini sübut edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 120.2.9-cu maddəsi ilə məsuliyyət (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) o vaxt yaranır ki, zərərçəkmiş şəxs özünün fiziki və ya psixi qüsurlarına görə təqsirkara müqavimət göstərmək imkanına malik olmur və cinayət törədən şəxs zərərçəkmişin köməksiz vəziyyətdə olduğunu dərk edir. Zərərçəkmiş şəxsin hadisənin baş verdiyi anda yatmış vəziyyətdə olması onun köməksiz vəziyyətdə olması halını yaradır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs istintaq orqanına müdafiəçisinin iştirakı ilə şübhəli şəxs qismində videoçəkiliş aparılmaqla verdiyi 04 iyun 2021-ci və təqsirləndirilən şəxs qismində verdiyi 05 iyun 2021-ci il tarixli ifadələrində, eləcə də 07 iyun 2021-ci il tarixdə ifadəsinin yerində yoxlanılması zamanı təqsirləndirilən şəxs qismində verdiyi 20 və 22 sentyabr 2021-ci il tarixli ifadələrində iş üzrə hadisə zamanı Zərərçəkmiş şəxs bıçaqla zərbəni yatdığı vaxt vurduğunu bildirməsi, sonuncunun ibtidai istintaq zamanı, eləcə də hadisənin şahidi olmuş Şahid4 məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdikləri ifadələrində bu xüsusatı eyni məzmunda göstərmələri Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla zərbəni sonuncunun yatdığı, yəni köməksiz vəziyyətdə vurmasını sübut edir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normaları, hüquqi mövqeləri və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 29,120.2.4 və 29,120.2.9-cu maddələrində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini anlaqlı vəziyyətdə törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı özünün verdiyi qismən etirafedici ifadələrinin sübut kimi qiymətləndirilən hissələri ilə yanaşı, Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi, məhkəmə istintaqı zamanı elan edilmiş ifadələri, məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4, Şahid1, Şahid2 və Şahid6 verdikləri ifadələr, “Hadisə yerinə baxış keçirilməsi haqqında” 19 may 2021-ci il tarixli, “Götürmə aparılması haqqında” 19 və 20 may 2021-ci il tarixli protokollar, məhkəmə-tibbi ekspertizasının 03 iyun 2021-ci il tarixli, 451 nömrəli və 07 iyun 2021-ci il tarixli, 475 nömrəli rəyləri, məhkəmə tibbi-kriminalistik ekspertizasının 12 iyul 2021-ci il tarixli, 294/2021 nömrəli rəyi, məhkəmə-bioloji ekspertizasının 29 iyun 2021-ci il tarixli, 432/2021-MTBŞ nömrəli rəyi, kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 31 avqust 2021-ci il tarixli, 1987 nömrəli rəyi, digər istintaq hərəkəti protokolları və sənədlər, iş üzrə maddi sübut qismində tanınmış əşyalar, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 29,120.2.4 və 29,120.2.9-cu maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirini tam sübuta yetirmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də o, Azərbaycan Respublikası CM-in 29,120.2.4 və 29,120.2.9-cu maddələri ilə təqsirli bilinməlidir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (İ cild, səh. 42). - Masallı RİHB-nın Çaxırlı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 20 sentyabr 2021-ci il tarixli arayış və xasiyyətnamə, Masallı Rayon Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Şahid1 ilə Təqsirləndirilən şəxs nikahından 27 sentyabr 2012-ci il tarixdə Şahid5 və xx xxxxxx 2013-cü il tarixdə Şahid4 adlı uşaqları doğulmuş, Masallı Rayon Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə onlar arasında qeydə alınmış nikah pozulmuş, Qulamzadə və Şahid4lar ataları Şahid1 himayəsində saxlanılmışlar. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə normal xarakterizə edilir (İİ cild, səh. 139, 140). Məhkəmə Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı uşağın olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə göstərilən hüquqi mövqeyə uyğun olaraq, Təqsirləndirilən şəxs cinayət əməlini törətdikdən sonrakı hərəkətlərində “könüllü gəlib təqsirini boynuna alma”nın əlamətlərinin olub-olmamasına hüquqi qiymət verilməsi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CM-in 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 59.1.9-cu maddəsinin “könüllü gəlib təqsirini boynuna alma” müddəası təqsirkar şəxsin hər hansı psixi və ya fiziki təsir və təzyiq tədbirlərinin nəticəsində deyil, hər hansı məcburiyyət olmadan, azad və könüllü surətdə, öz təşəbbüsü ilə özünü istintaq, təhqiqat və əməliyyat axtarış fəaliyyətini həyata keçirən orqanlara və ya digər dövlət orqanına gələrək törədilmiş və ya hazırlanan cinayətdə iştirak etməsi barədə bu orqanlara yazılı və ya şifahi şəkildə düzgün məlumat verməsi kimi qəbul edilməlidir. Cinayət prosesini həyata keçirən orqan, o cümlədən məhkəmə hər bir halda təqsirkar şəxsin hüquq mühafizə orqanına gəlib təqsirini boynuna alması halında “könüllülük” məsələsini ciddi araşdırmalı və yoxlamalıdırlar. Azərbaycan Respublikası CPM-in 204.7-ci maddəsinin məzmununa görə həmin Məcəllənin 204.2-ci maddəsinə uyğun olaraq, şəxs təqsirini könüllü boynuna aldığı barədə şifahi məlumatı istintaq hərəkətlərinin aparılması və ya məhkəmə baxışı zamanı verdikdə bu hal istintaq hərəkəti və ya məhkəmə iclası protokoluna yazılır. Digər hallarda isə bu barədə ayrıca protokol tərtib edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun göstərilən Qərarında göstərilmişdir ki, təqsirkar şəxsin könüllü gəlib təqsirini boynuna alması haqqında şifahi məlumatı Azərbaycan Respublikası CPM-in 204.2-ci maddəsinə uyğun rəsmiləşdirilməzsə, cinayət prosesini həyata keçirən orqan həmin faktın mövcud olubolmadığını icraatlarında olan cinayət işində və ya cinayət təqibi ilə bağlı digər materiallarda olan sübutlar əsasında araşdırıb müəyyən etməlidir. Cinayət hadisəsi və onu törədənin şəxsiyyətinin hüquq-mühafizə orqanlarına məlum olmadığı halda şəxsin könüllü gəlib təqsirini boynuna alması könüllü gəlib təqsirini boynuna alma kimi qiymətləndirilə bilər. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş, Masallı RPŞnin məsul növbətçisi, polis baş leytenantı Vüqar Həsənov tərəfindən tərtib edilmiş 18 may 2021-ci il tarixli raportda göstərilmişdir ki, həmin tarixdə saat 07:16-da Masallı rayonu, Çaxırlı kənd sakini Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidmət mərkəzinə zəng edib qaynı Zərərçəkmiş şəxs ona əxlaqsız təklif etməsi səbəbindən bıçaqladığı və hazırda kənd orta məktəbində gizləndiyi barədə məlumat vermişdir (İ cild, səh. 4). Təqsirləndirilən şəxs məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdiyi ifadələrində həmin raportda göstərilən məlumatın məzmununu təsdiq etmiş, iş üzrə Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirdikdən sonra qorxusundan həyətdən çölə qaçıb yaxınlıqdakı orta məktəbin tualetində gizləndiyi və həmin məlumatı polisə könüllü təslim olmaq məqsədilə verdiyini, bundan bir neçə dəqiqə sonra gizləndiyi yerin yaxınlığından keçmiş anası Şahid6 yanında polis əməkdaşlarının gəlib onu saxladıqlarını və Masallı RPŞ-yə apardıqlarını bildirmişdir. Şahid6 da məhkəmə istintaqı zamanı verdiyi ifadəsində bu halı təsdiq etmişdir. Həmçinin, “Götürmə aparılması haqqında” 19 may 2021-ci il tarixli protokol əsasında müəyyən edilir ki, Təqsirləndirilən şəxs iş üzrə saxlanıldıqdan sonra cinayət hadisəsini törədərkən istifadə etdiyi bir ədəd bıçağı polisə könüllü olaraq təqdim etmişdir. Göstərilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs 18 may 2021-ci il tarixdə saat 06 radələrində iş üzrə cinayət hadisəsini törətdikdən sonra hüquq-mühafizə orqanlarına həmin hadisə və onun tərəfindən törədilməsi məlum olmadığı halda, hər hansı psixi və ya fiziki təsir, təzyiq və ya məcburetmə tədbirləri olmadan, azad və könüllü surətdə, öz təşəbbüsü ilə polisə təslim olmaq məqsədilə saat 07:16-da DİN-nin “102” xidmətinə zəng edib iş üzrə törətdiyi cinayət hadisəsi və qorxusundan gizləndiyi yer barədə məlumatlar verməsini, olduğu yerə gəlmiş polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra cinayət hadisəsini törədərkən istifadə etdiyi bir ədəd bıçağı da polisə könüllü olaraq təqdim etməsini Azərbaycan Respublikası CM-in 59.1.10-cu maddəsinə əsasən könüllü gəlib təqsirini boynuna alması kimi qiymətləndirir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2 və 58.3-cü maddələrini rəhbər tutaraq, onun iş üzrə törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi hallarını, yaşayış yeri üzrə normal xasiyyətləndirilməsi və əvvəllər məhkum olunmamasından ibarət şəxsiyyətini xarakterizə edən halları, himayəsində iki nəfər azyaşlı uşaqlarının olması və könüllü gəlib təqsirini boynuna almasından ibarət cəzasını yüngülləşdirən halların olduğunu, cəzasını ağırlaşdıran halın olmadığını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in: 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.10-cu maddəsində nəzərdə tutulmuş hal mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. 63.4-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza təyin edilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında göstərilmişdir ki, cinayətə cəhdə görə Azərbaycan Respublikası CM-in 60-cı maddəsində nəzərdə tutulmuş əsaslarla təyin edilən cəza müddəti həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən ciddi cəza növünün yuxarı həddinin dörddə üçünün dörddə üçündən artıq ola bilməz. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, iş üzrə Təqsirləndirilən şəxs törətdiyi əməldə Azərbaycan Respublikası CM-in 59.1.10-cu maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hal olduğuna və cəzanı ağırlaşdıran hal olmadığına görə ona təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının müddəti Azərbaycan Respublikası CM-in 29,120.2.4 və 29,120.2.9-cu maddələrində nəzərdə tutulmuş yuxarı həddini təşkil edən 20 ilin dörddə üçünün dörddə üçündən, yəni 11 il 3 aydan artıq ola bilməz. Məhkəmə hesab edir ki,: Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həmin cəzanın başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 04 iyun 2021-ci il tarixdən (İ cild, səh. 69, 70) hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. İş üzrə maddi sübut kimi tanınaraq Masallı rayon prokurorluğunda saxlanılan, cinayətin aləti olmuş bir ədəd bıçaq və hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd köynək məhv edilməlidir. İş üzrə mülki iddia, ekspertiza xərci və xüsusi müsadirə təyin edilməsi üçün hər hansı əsas yoxdur. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 29,120.2.4 və 29,120.2.9-cu maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona 11 (on bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 04 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq Masallı rayon prokurorluğunda saxlanılan, cinayətin aləti olmuş bir ədəd bıçaq və hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd köynək məhv edilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar