Məhkəmə qərarları › İş №1(099)-373/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-373/2023

05.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-373/2023 05.07.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Hüseynov Nahid Nəsir oğlu (sədrlik edən), Quliyev Nizami Fərzi oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X7, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1989-cu ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, Şirvan Şəhər Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və məhkumluğu ödənilməmiş, Sabirabad rayonu Şıxsalahlı kəndində qeydiyyatda olmaqla, Şirvan şəhəri, T.İsmayılov küçəsi ev 10, mənzil 68-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı istintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq əldə etdiyi ümumi təmiz çəkisi 2,198 qram olmaqla külli miqdar təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroini (bundan sonra – heroin) 11 ədəd bükümlərə, ümumi təmiz çəkisi 2,030 qram olmaqla külli miqdar təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini (bundan sonra- metamfetamin) isə 02 ədəd bükümlərə ayırıb üzərində daşıyaraq saxlamış, 18 dekabr 2022-ci il tarixdə saat 18 radələrində Şirvan Şəhər Polis Şöbəsinin (bundan sonra – Şirvan ŞPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Şirvan şəhəri, T.İsmayılov küçəsində saxlanılaraq polis şöbəsinə gətirilib, üzərində şəxsi axtarış aparılan zaman əynindəki şalvarın sağ yan cibindən 11 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkisi 0,058 qram, 0,092 qram, 0,206 qram, 0,203 qram, 0,219 qram, 0,238 qram 0,218 qram, 0,227 qram, 0,256 qram, 0,217 qram, 0,264 qram ümumi təmiz çəkisi 2,198 qram olan heroin və 02 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkisi 0,063 qram, 1,967 qram olmaqla ümumi təmiz çəkisi 2,030 qram olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 14 dekabr 2022-ci il tarixdə uşağı ilə yaşadığı binanın aşağısına düşərkən polis əməkdaşları onu saxlayıb Şirvan ŞPŞ-yə aparmışlar. Həmin vaxt üzərində balaca bükümdə heroin olmuş və həmin bükümü küçədən tapmış, bükümün içində “kakos” yəni heroin olmuşdur. Onu polisə apardıqdan sonra həmin büküm çoxalmışdır. O, da ola bilər ki, tapdığı bükümün içərisində bir neçə büküm olsun, lakin bükümlərin sayından xəbəri olmamışdır. Çünki həmin bükümü taparkən açıb baxmamışdır. Polis şöbəsində üzərində olan bükümü çıxarıb təqdim etmişdir. Həmin vaxt bəzi sənədlərə imza etmədiyi üçün adları yadında qalmayan əməliyyatçılar ona təzyiqlər etmişdirlər. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, tutulmamışdan 3-4 ay əvvələdək narkotik vasitələrdən istifadə etmiş, valideynlərinə narkotik vasitələrdən istifadə etməyəcəyinə söz verdiyindən tutulan ərəfədə narkotikdən istifadə etməmişdir. Üzərində olan bükümü taparkən uşağı yanında olmuş, buna görə açıb baxmamışdır. Sellofan büküm şəffaf olduğundan rəngindən içində heroin olmasını bilmiş, uşağı evə qoyub aşağı düşərkən, yəni həmin bükümü tapdıqdan təxminən 10 dəqiqə sonra polis əməkdaşları onu saxlamışlar. Həmin bükümü taparkən bağlı olduğundan içində neçə büküm olmasını bilməmişdir. Polis şöbəsində həmin bükümə baxılarkən içindən iki büküm çıxmışdır. Həmin bükümü polis əməkdaşlarına vermiş, lakin polis əməkdaşları onun verdiyi bükümü geri qaytararkən həmin bükümlərin sayı çox olmuş və videoçəkiliş zamanı 13 büküm çıxmışdır, ona əməliyyatçılar təzyiq etdiyindən hər hansı hala etiraz etməmişdir. Polis əməkdaşları ona qarşı valideynləri ilə hədə-qorxu gəldiklərindən, həmçinin fiziki təzyiqlər etdiklərindən etirafedici ifadələr vermişlər. Polis şöbəsindən istintaq təcridxanasına gedərkən bədəni üzərində xəsarətlər olsa da həmin xəsarətləri yazdırmamış, bu barədə hər hansı orqana şikayət etməmişdir. Barəsində həbs qətimkan tədbiri seçilərkən hakim qarşısına çıxarılan zaman üzərində aşkar edilmiş bükümlərin sayının artırılması barədə hər hansı ifadə verməmişdir. Özünə ayıb bildiyi üçün fiziki təzyiqlərə məruz qalması barədə hər hansı orqana şikayət etməmişdir. Hazırkı məhkəmə iclasına qədər də bu barədə hər hansı şikayəti olmamışdır. Tutulduğu gün ona vəkil təyin edilmiş, polis şöbəsinə aparıldığı gün üzərinə baxış keçirilmiş, iki gün saxlanıldıqdan sonra hakim qarşısına çıxarılmışdır. Buna görə də ilkin ifadəsində 14 dekabr 2022-ci il tarixdə saxlanıldığını bildirsə də cinayət işi materiallarında 18 dekabr 2022-ci il tarixdə saxlanılması qeyd edildiyindən hesab edir ki, tutulduğu vaxtı dəqiq xatırlamır. Təqsirləndirilən şəxs saxlanılarkən üzərində az miqdarda heroin olmasını, himayəsində iki azyaşlı uşağının, yaşlı atasının olmasını nəzərə alaraq ona daha yüngül cəza verilməsini xahiş etmişdir. Cinayət işi materiallarından görünür ki, Azərbaycan Respublikası CPM-in 327.1.3-cü maddəsinə əsasən məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı 18 oktyabr 2022-ci il tarixdə üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilərkən şifahi və həmin tarixdə müdafiəçisinin iştirakı ilə şübhəli şəxs qismində yazılı qaydada verdiyi izahatı, müvafiq olaraq 19 və 20 dekabr 2022-ci il tarixlərdə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində özünü məhkəmə istintaqında qeyd etdiyindən fərqli olaraq ona qarşı irəli sürülmüş ittiham üzrə qismən, yəni Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilərək məhkəmə istintaqı zamanı verdiyi ifadəsindən fərqli olaraq göstərmişdir ki, əsasən heroin, bəzi hallarda isə psixotrop maddə metamfetamindən istifadə etmiş, buna gürə 2022-ci ildə Şirvan Şəhər Məhkəməsinin hökmü ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, hazırda çəkilməmiş cəzası vardır. 18 dekabr 2022-ci il tarixdə səhər saatlarında evdən çıxıb mağazaya gedən zaman yolun kənarındakı aracın altında şəffaf rəngli sellofan torba diqqətini çəkmiş, torbanı açıb içərisinə baxanda bükümlərdə nəsə olduğunu görüb götürmüş, evə qayıdıb həmin bükümləri sayanda cəmi 13 ədəd büküm olduğunu, bükümlərdən 11 ədədi heroin, 2 ədədi isə metamfetamin olmuş, ehtiyacı olanda istifadə etməsi üçün həmin bükümləri cibinə yığıb saxlamışdır. Həmin gün saat 18 radələrində evdən çıxıb mağazaya siqaret almağa gedərkən üzdən tanıdığı, lakin adlarını bilmədiyi Şirvan ŞPŞ-nin mülki geyimli əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib, üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirərək onu polis şöbəsinə gətirmişlər. Polis şöbəsində müdafiəçi dəvət edildikdən sonra üzərində şəxsi axtarış keçirilməyə başlanılmış, axtarış zamanı əynindəki şalvarın sağ yan cibindən 11 ədəd bükümdə heroin, 2 ədəd bükümdə isə metamfetamin aşkar olunmuşdur. Həmin kütlələri istifadə etmək üçün üzərində saxlamış, heç vaxt heç kimə narkotik vasitə və psixotrop maddə satmamış, polis şöbəsinə gətirilərkən və ya polis şöbəsində olarkən ona qarşı heç bir qanunsuz hərəkətlərə yol verilmədiyini göstərmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə Şirvan Şəhər Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həmin məhkəmə iclasında özünü qismən təqsirli bilmiş, narkotik vasitəni satmaq niyyəti olmadığını bildirmiş, barəsində həbs qətimkan tədbirinin seçilməməsini xahiş etmişdir. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, polis əməkdaşları tərəfindən ona fiziki təzyiqlər edildiyi üçün o, yuxarıda qeyd olunan məzmunda ifadə vermişdir, həmin ifadəni təsdiq etmir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şirvan ŞPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq edir, 18 dekabr 2022-ci il tarixdə xidmətdə olarkən Şirvan şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi, üzərində daşıması və dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuş, məlumatın yoxlanılması məqsədilə tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilmiş, əməliyyat qrupu yaradılmış, həmin gün saat 18 radələrində əməliyyat qrupu ilə birlikdə Şirvan şəhəri, T.İsmayılov küçəsinə gedib Təqsirləndirilən şəxs hərəkətdə olarkən saxlamış, Təqsirləndirilən şəxs bir qədər səs-küy saldığı üçün sonuncunu Şirvan ŞPŞ-yə gətirmiş, orada Təqsirləndirilən şəxs üzərində videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən ümumilikdə 13 ədəd bükümü çıxarıb masanın üzərinə qoymuş, həmin bükümlərdən 11 ədədinin heroin, 2 ədədinin isə metamfetamin olduğunu bildirmiş, verilən şifahi suallara cavab olaraq Təqsirləndirilən şəxs həmin narkotik vasitəni və psixotop maddəni 18 dekabr 2022-ci il tarixdə Şirvan şəhərində yaşadığı evin yaxınlığında küçədə yerdən tapdığını bildirmişdir. Təqsirləndirilən şəxs qeyd edilən halları könüllü olaraq demiş, nə özü, nə də digər polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki zor tətbiq edilməmiş, ona hədə-qorxu gəlinməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şirvan ŞPŞ-nin əməkdaşları Şahid2 Şahid1 ilə eyni məzmunda ifadə vermişlər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; - Təqsirləndirilən şəxs barəsində tərtib edilmiş, sonuncunun qanunsuz olaraq narkotik vasitə əldə etməsi, istifadəsi, üzərində saxlaması və satışı ilə məşğul olmasına dair əməliyyat məlumatının rəsmiləşdirilməsi haqqında 18 dekabr 2022-ci il tarixli raport, “Əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə” qərar, onun icra edilməsinin nəticəsi barədə raport, sonuncunun üzərinə şəxsi axtarış və avtomobilinə baxış keçirilməsi barədə protokol və ona əlavə edilmiş diskin yaddaşına yazılmış videogörüntülərdən iş üzrə Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbiri və şəxsi axtarışın keçirilməsi əsası, mexanizmi və nəticələri, bu zaman müəyyən edilmiş halların iş üzrə məhkəmə istintaqında şahid qismində dindirilmiş şəxsin ifadələrində göstərilmiş qaydada baş verdiyi müəyyən edilir (səh. 3-5; 9-10; 30-31;) -“cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:25-də şübhəli şəxs qismində tutulmuşdur. (i.v.26- 27 ) -“Şəxsi axtarış keçirilməsi və götürmə” haqqında 18 dekabr 2022-ci il tarixli protokoldan və istintaq hərəkətinin videoçəkilişi əks olunmuş “DVD” diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən doqquz ədəd sellofan büküm, bir ədəd ağ rəngli kağız büküm, bir ədəd gümüşü rəngli kağız büküm, bir ədəd sellofan büküm və bir ədəd ağ rəngli kağız təqdim etmiş, bükümlərin içərisində heroin və metamfetamin olduğunu bildirmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 13 ədəd bükümdə olan kütləni öz istifadəsi üçün üzərində daşıyaraq saxladığını, həmin vasitələri tapdığını, hər hansı etirazının olmadığını bildirmişdir. (i.v. 30-32) -Məhkəmə fiziki-kimyəvi ekspertizasının 19 dekabr 2022-ci il tarixli, 18/1326 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “... Təqsirləndirilən şəxs...” sözləri yazılmış kağız paketdəki 1 ədəd kağız bükümdə təmiz çəkisi 0,058 qram, 1 ədəd kağız bükümün içərisində polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,092 qram, 9 ədəd polietilen kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri 0,206 qram, 0,203 qram, 0,219 qram, 0,238 qram, 0,218 qram, 0,227 qram, 0,256 qram, 0,217 qram, 0,264 qram, ümumi çəkisi -2,198 qram olan maddələr kustar üsulla hazırlanmış xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli narkotik vasitə heroindir. 1 ədəd kağız bükümündə təmiz çəkisi 0,063 qram, 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi -1,967 qram, ümumi çəkisi 2, 030 qram olan maddələr kustar üsulla hazırlanmış xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli psixotrop maddə metafetamindir. (i.v.39-42) -“Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” 20 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə istintaq edilən cinayət işi həmin Məcəllənin in 234.4.3-cü maddəsinə tövsif edilmişdir. (i.v.51-52) -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 20 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (i.v. 54-55) - Şirvan Şəhər Məhkəməsinin xx.xx.2022-ci il traixli, 4(032)-409/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. (i.v. 74-75) - Şirvan ŞPŞ-nin vəzifəli şəxsinin imzaladığı xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs heroin və metamfetamin istifadəsi, eləcə də Şirvan şəhəri ərazisində həmin maddələrin satışı ilə məşğul olmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroini və metamfetamini hansı mənbədən əldə etməsinin müəyyənləşdirilməsi mümkün olmamış, eləcə də sonuncunun narkotik vasitə və psixotrop maddə satdığı şəxslərin kimliyini müəyyən etmək mümkün olmamışdır. (i.v. 90) -Şirvan Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 5(032)-231/2022 saylı qərarından görünür ki, Şirvan ŞPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilən “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair” xx.xx.2022-ci il tarixli qərarı qanuni və əsaslı hesab edilmişdir . (i.v. 91-93) - “Telefon danışıqlarına dair məlumatlara baxış keçirilməsi haqqında” 18 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefon nömrələri ilə bağlı alınmış telefon danışıqlarına və “SMS” mübadilələrinə dair məlumatlara baxış keçirilən zaman Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı və ***-***- **-** saylı mobil telefon nömrələri ilə «Xeyal bu nedie vermisen mene duxdadi bu kankret qaqa qaytariram bunu dala pulumu ver vazvrat edrem bunu», «bu mamanin nomudu buna yazb ygma, ozme ygarsan cxram evden mene cola duz qow ele», “Yetim amanati oz blokunuzun girisinde dasin altina qoyarsan seher tezden ordan goturub gederem pramoy ise basuva donerem yadinnan cixmasin qaqa seher men yoxsa olerem”, “Yetim senalla 10 manatdiq eliyersen qaqa besinde seher seher verecem blokun girisine bir yere qoyarsan dasin zadin altina”, “Qaqa adama belə xətir hörmət qoyular o nədi mənə verdün orda 02 varsa mənim oğlanıqdan xəbərim yoxdu belə hörmətsizdiy görmüsən mənnən”, “Xeyal klokda qalan kolani goturdumde 1,2 tokmeyliy qalmiwdi onsuz,, day cekmirem gedesi yerim var onsuz, gel bidene kayfimizi tutaq qewey, mende bidene hama ma girsem olar?”, “Xeyal 240 pul nece olur indi vurulmalidi bulara xeyal uje yerim yoxdu furadam vaxti direnibler at 40 kohne, 160, 2 listi bawuva donum at at oldum esebden”, “SENDE QALAN 2 LİSTE ADAM TAPİM İNDİ ? YA vere bilirsen ?”, “Xeyal allah haki mal yoxdu 1 adamin mali var 20 m verir oda nağd”, “Qaqam daw varsa 10 da daw goturde imkandirsa”, “Gel qurban olum bogulam 1 q al haa butov”, “Men 2 q al 10 dene emin iwdedi bu gun gelib belke iwleyesen biraz”, “Qaqa falqadan lamicqadan nese varsa goturde qado alaram bideki” məzmunda narkotik vasitələrin satışının həyata keçirilməsi ilə bağlı SMS-lərin daxil olması müəyyən olunmuşdur. (i.v. 113-114) -X5 tibbi yoxlamanın 10 mart 2023-cü il tarixli, 1384 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 115-116) - Ambulator məhkəmə-psixiatrik ekspertizasının 14 mart 2023-cü il tarixli, 959 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs cinayəti törədən zaman xroniki psixi xəstəlik, psixi faəliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir, Təqsirləndirilən şəxs cinayəti törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onu idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs istintaqa düzgün ifadə vermək iqtidarındadır. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır, hazırkı psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21-ci və 22-ci maddələrini təsiri altına düşmür. Yoxlanılan şəxs halhazırda öz hərəkətlərinin dərk etmək və onları idarə etmək iqtidarındadır, onun məcburi müalicəyə ehtiyacı yoxdur. (i.v. 117-119) Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini qəsdən törətmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlilləri, yəni: -məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs saxlanılarkən üzərində hər iki bükümdə heroin olmasını, qalan bükümlərin polis əməkdaşları tərəfindən ona verildiyini, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, ona elan olunmuş ittihamda göstərilən çəkidə heroin və metamfetaminin onda olmadığını, polis əməkdaşlarının fiziki təzyiqi ilə həmin kütlələr barədə etirafedici ifadələr verdiyini deməsi barədə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi həqiqətə uyğun deyil, onun müvafiq məzmunlu ifadə verməsi əsassız olaraq törətdiyi cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Təqsirləndirilən şəxs tərəfindən qeyd edilən ifadə özünü müdafiə məqsədi ilə deyildiyindən və məhkəmədə heç bir sübutla təsdiq edilməməklə, işin hallarına uyğun gəlmədiyindən habelə istintaq hərəkəti protokolları, şahid ifadələri, ekspertiza rəyləri və digər sənədlər ilə tamamilə təkzib edildiyindən məhkəmə həmin ifadələri inandırıcı hesab etmir və sübut kimi qəbul etmir. Belə ki, təqsirləndirlən şəxs müdafiəçisinin iştirakı ilə verdiyi şübhəli və təqsirləndirilən şəxs qismində ilkin və sonrakı ifadələrində ona elan olunmuş ittihamda göstərilən həcmdə narkotik vasitə və psixotrop maddənin ona aid olduğunu, həmin vasitələrdən istifadə etdiyini bildirmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində saxlanıldığı gün yerdən sellofan büküm tapdığını, rəngindən həmin bükümdə heroin olduğunu bildiyini, lakin həmin bükümün içində əlavə neçə büküm olduğunu bilmədiyini, həmin bükümə baxmamış polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmiş, lakin məhkəmə istintaqının sonunda ifadəsini dəyişərək üzərində iki büküm olduğunu, qalan bükümlərin polis əməkdaşları tərəfindən ona verildiyini bildirmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs istər ibtidai istintaq zamanı, istərsə də məhkəmə istintaqı zamanı narkotik vasitə əldə etdiyini (çəkiləri, bükümlərin sayı və növ barədə fərqli fikirlər söyləsə də) göstərmiş, lakin Təqsirləndirilən şəxs məhkəmə baxışı dövründə verdiyi ifadəsində hadisənin xarakteri, mexanizmi və inkişafını bir-birindən tam fərqli və bəsit formada təhrif edildiyi müəyyən edilmiş, ümumiyyətlə onun qeyd olunan mərhələdə verdiyi ifadələrinin bir hissəsi yalan olmaqla məhz real faktların ört-basdır edilməsinə, məhkəmə istintaqının səhv istiqamətə yönəldilməsinə və başqa sözlə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Həmçinin məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şirvan ŞPŞ-nin yuxarıda adları qeyd edilən əməkdaşları da ifadələrində bir daha təsdiq etmişlər ki, Təqsirləndirilən şəxs üzərindən heroin və metamfetaminə bənzər kütlələr aşkar edilərək götürülmüş, şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs cibində olan 11 büküm heroin və 2 bükümdə metamfetaminə bənzər kütləni könüllü təqdim etmiş, onunla şifahi sorğu zamanı narkotik vasitələrin və psixotrop maddənin ona məxsus olmasını, küçədən tapdığını, şəxsi istifadə məqsədi ilə saxladığını və s. halları tam etiraf etmiş, hər hansı etirazı olmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarlayuxarıda sadalanan ekpert rəyləri və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini inandırıcı hesab edir və onun məhkəmə istintaqı zamanı verdiyi ifadəsini özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirir. -bundan əlavə Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü digər dəlili - saxlanılarkən polis əməkdaşları tərəfindən ona fiziki təzyiqlər edildiyi üçün həmin narkotik vasitə və psixotrop maddə barədə etirafedici ifadələr verməsi barədə göstərdikləri ilə bağlı məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarın 26-cı bəndinə əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki təzyiqə məruz qalması ilə bağlı irəli sürdüyü dəlilə məhkəmə münasibət bildirərək qeyd edir ki, iş materiallarından göründüyü kimi, öz seçimi ilə cəlb edilmiş peşəkar vəkillə təmsil edilməsinə baxmayaraq, istər Təqsirləndirilən şəxs özü, istərsə də onun vəkili ibtidai istintaq dövründə belə şikayətlə vaxtlı-vaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmişlər və eyni zamanda onlar, bu halı hər hansı dəlillə əsaslandırmamış və ya izah etməmişlər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs şəxsi axtarış istintaq hərəkəti zamanı müdafiəçinin sualına cavab olaraq söylədiyi səsli nitqində ona qarşı polis əməkdaşları tərəfindən hər hansı bir fiziki təzyiqlərin edilmədiyini, bu barədə heç bir şikayətlərinin olmadığını bildirmiş, eyni zamanda onun saxlanılmasında iştirak etmiş polis əməkdaşları da məhkəmədə dindirilərkən tərəflərindən Təqsirləndirilən şəxs qarşı hər hansı bir fiziki və ya psixi təsirin göstərilmədiyini bildirmişlər. Həmçinin məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, istintaq təcridxanasına daxil olarkən bədəni üzərində hər hansı xəsarətlər olmasını bildirməmiş, məhkəmə istintaqınadək bu hal barədə hər hansı şikayəti olmamışdır. Məhkəmə hazırki məhkəmə istintaqı zamanı da təqsirləndirilən şəxs tərəfindən fiziki zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini, bununla yanaşı, onun hadisə ilə bağlı təfərrüatlı ifadələr verməyərək ümumi olaraq təzyiqlərə məruz qaldığını göstərməsini nəzərə alaraq göstərilən xüsusata təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir. Bu səbəblərdən məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək dövrdə özünə qarşı verdiyi ifadənin məhz fiziki təzyiq nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Təqsirləndirilən şəxsin tutulduqdan sonra polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalması ilə bağlı göstərdiyi xüsusatlar işin məhkəmə baxışı zamanı təsdiqini tapmamış, bununla da, ondan ifadələrin cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur. Məhkəmə tərkibinin belə qənaəti Avropa Məhkəməsinin Azərbaycana qarşı şikayətlərlə bağlı qəbul etdiyi bir sıra qərarlarda da öz əksini tapmışdır (Əhmədov Azərbaycana qarşı, № 30364/09, §§ 42-43, 12 noyabr 2013; Məmmədov Azərbaycana qarşı, № xx/xx/2013, §§ 23-27, 11 yanvar 2007; Rizvanov Azərbaycana qarşı, № 31805/06, §§ 12-20, 17 aprel 2012; və Nəcəfli Azərbaycana qarşı, № 2594/07, §§ 11-21, 2 oktyabr 2012). Avropa İnsan Hüquqları Məhkəməsinin “X2rşı” iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Hazırki cinayət işinə məhkəmədə baxılanadək Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik vasitənin və psixotrop maddənin çəkisini mübahisələndirməmiş, ibtidai istintaq dövründə dəfələrlə ifadə verərək özünü ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilmişdir. Lakin o, məhkəmə istintaqında fərqli məzmunda ifadə verərək ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi izahat və ifadələrini müdafiəçisinin iştirakı ilə və hər hansı təsirə məruz qalmadan bildirdiyinə, işin faktiki hallarına uyğun olduğuna və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edildiyinə görə iş üzrə sübut kimi qiymətləndirir. Məhkəmə bu fikrin məntiqi davamı olaraq, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadələrinin yuxarıda qeyd edilən hissələrini müvafiq cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyan ifadə kimi qiymətləndirib sübut kimi nəzərə almır. “X6 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir.Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında Təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə suallar vermiş, bundan başqa müxtəlif vəsatətlər vermiş və onlara qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişlər. Müdafiə tərəfi (təqsirləndirilən şəxs və onun müdafiəçisi) təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamı mübahisələndirsə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış bütün mötəbər və obyektiv sübutların tədqiqi nəticəsinə əsasən həll edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2 nömrəli qərarınında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işi üzrə məhkəmə iclasında tədqiq edilən sübutlardan da görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddəni satış məqsədi ilə əldə etmiş, saxlamış, həmin məqsədlə də əldə etdiyi narkotik vasitə və psixotrop maddəni çəkərək xırda bükümlərə bölmüş, satış məqsədi ilə həmin bükümləri üzərində saxlamışdır. Həmçinin cinayət işi materiallarına əlavə edilmiş “telefon danışıqlarına dair məlumatlara baxış keçirilməsi haqqında” 18 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı və ***-***-**-** saylı mobil telefon nömrələrinə ondan narkotik vasitələrin istənilməsi, bunun müqabilində ona pul verilməsi, bəzi hallarda isə Təqsirləndirilən şəxs verdiyi narkotik vasitələrin keyfiyyətinin pis olmasına dair ona narazılıq ifadə edən ismarıcların göndərilməsi halları olmuşdur. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin külli miqdarda – heroin və metamfetamini qanunsuz olaraq satış məqsədi ilə əldə edib, saxlaması və satması onun məhz həmin maddələrin qalan hissəsini də qazanc əldə etmək üçün şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkət kimi qiymətləndirilməlidir. Buna görə də, məhkəmə tərkibi hesab edir ki, qeyd olunan cinayət hadisəsinə münasibətdə təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3cü maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi özünün ibtidai araşdırma zamanı verdiyi etirafedici izahat və ifadələri ilə yanaşı, məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 və Şahid2 ifadələri, “şəxsi axtarış keçirilməsi haqqında” 18 dekabr 2022-ci il tarixli protokol, ona əlavə edilmiş diskin yaddaşına yazılmış videogörüntülər, “telefon danışıqlarına dair məlumatlara baxış keçirilməsi haqqında” 18 mart 2023-cü il tarixli protokol və digər istintaq hərəkəti protokolları, məhkəmə fiziki-kimyəvi ekspertizasının 19 dekabr 2022-ci il tarixli 18/1326 nömrəli, X5 yoxlamanın 10 mart 2023-cü il tarixli 1384 nömrəli rəyləri, əməliyyat-axtarış fəaliyyətinin gedişində əldə edilmiş material hesab edilən, Şirvan ŞPŞ-nin səlahiyyətli əməkdaşının tərtib etdiyi 15 yanvar 2023-cü il tarixli raport, digər sənədlər, iş üzrə maddi sübut qismində tanınmış metamfetamin və heroin, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərinin bütün zəruri tərkib əlamətləri var. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən sonuncunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də o, Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında 5 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şirvan Şəhər Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. (i.v 105-106; 107-108) - Sabirabad rayon İcra və Probasiya şöbəsindən daxil olmuş 17 mart 2023-cü il tarixli 289018/2022 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs cəzası icra olunmamışdır. Hazırda Təqsirləndirilən şəxs çəkilməmiş cəzası 01 il 11 ay 26 gün təşkil edir. Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Beləliklə, Təqsirləndirilən şəxs Şirvan Şəhər Məhkəməsinin qeyd edilən hökmü ilə azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzaya məhkum olunduğundan və hazırkı cinayət əməlini məhkumluğunun ödənilmədiyi dövrdə törətsə belə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi mövcud deyildir. - Sabirabad rayon İcra Hakimiyyəti Başçısının Şıx Salahlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 31 yanvar 2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Sabirabad rayonu, Şıx Salahlı kəndində qeydiyyatda olsa da Şirvan şəhərində yaşamışdır. Nümayəndəlik ərazisində yaşadığı müddətdə Elxan Nəsirov özünü işgüzar və nümunəvi bir şəxs kimi apardığından müsbət xarakterizə edilmişdir. (i.v. 96-97) - Məhkəmə istintaqg zamanı müdafiəçi tərəfindən təqdim edilmiş nikah haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs evlidir, həmçinin doğum haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2014 və xx.xx.2021-ci il təvəllüdlü olmaqla iki azyaşlı uşaqları vardır. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2, 58.3-cü maddələrini rəhbər tutaraq hazırki iş üzrə törətdiyi cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, törədilməsi halları, ağırlığı və nəticələrini, yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsindən ibarət şəxsiyyətini xarakterizə edən halı, himayəsində iki azyaşlı uşaqlarının olması ilə bağlı cəzasını yüngülləşdirən halın olduğunu (Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən) və Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq təyin olunacaq cəzanın islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin sanksiyası həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən təyin edilməlidir. Buna görə də ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Ona Azərbaycan Respublikası CM-in 67.1 və 68.1.1-1-ci maddələrinin tələblərinə uyğun olaraq qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 56.1.2-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə, Azərbaycan Respublikası CPM-in 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 18 dekabr 2022-ci il tarixdən hesablanmalı və Şirvan Şəhər Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. X5 yoxlamanın 10 mart 2023-cü il tarixli 1384 nömrəli rəyi nəzərə alınaraq, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Şirvan ŞPŞ-də saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 1,868 qram heroin və 1,970 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılarkən qeydə alınmış videoçəkilişin köçürüldüyü 01 ədəd DVD disk və telefon danışıqlarının əks olunduğu 01 ədəd CD disk iş materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, həmçinin “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə 05 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Şirvan şəhər Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli, 1(032)252/2022 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib ona təyin olunmuş 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası icra olunmadığından CM-in 68.1.1-1-ci maddəsinə əsasən həmin cəzanın 2 (iki) günü azadlıqdan məhrum etmə cəzasının 1 (bir) gününə bərabər tutulmaqla 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin olunmuş 05 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə ona qəti olaraq 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 18 dekabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Şirvan ŞPŞ-də saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 1,868 qram heroin və 1,970 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zamanı qeydə alınmış videogörüntülərin əks olunduğu 01 ədəd DVD və telefon danışıqlarının əks olunduğu 01 ədəd CD disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar