Məhkəmə qərarları › İş №1(099)-375/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-375/2023

12.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-375/2023 12.05.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Məmmədov Neymət Hüsən oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X3, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı oğlu və müdafiəçi- Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1986-cı ildə Cəlilabad şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, Cəlilabad şəhəri, N.Nərimanov küçəsi, ev 18-də qeydiyyatda olmaqla ünvan 1 yaşayan, barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən isttifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin satışı məqsədi ilə 3 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,345 qram, 1,893 qram və 0,068 qram olmaqla ümumi təmiz çəkisi 2,306 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan külli miqdarda heroini və 10 ədəd üzərində “F/M40” sözləri yazılmış ümumi miqdarı 0,4 qram narkotik vasitə olan metadon həblərini qanunsuz olaraq əldə edib saxlayaraq daşımış, 28 dekabr 2022-ci il tarixdə, saat 13 radələrində Cəlilabad rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad şəhəri, V.Mürsəlov küçəsində piyada gedərkən şübhəli şəxs kimi Cəlilabad rayon polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli gödəkçəsinin sağ yan cibində 1 ədəd bükümdə, ümumi təmiz çəkisi 0,345 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan şəxsi istehlak miqdarından artıq miqdarda heroin aşkar olunaraq götürülmüş, həmin gün saat 15 radələrində əməliyyat-axtarış tədbirinin davamı olaraq Cəlilabad rayon polis şöbəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs razılığı ilə yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə sonuncunun iştirakı ilə baxış keçirilən zaman evin birinci mərtəbəsində yerləşən yataq otağındakı yataq dəstinin altında olan ağ rəngli qabın içərisində ayrı-ayrılıqda təmiz çəkiləri 1,893 qram və 0,068 qram olmaqla ümumi təmiz çəkisi 1,961 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan şəxsi istehlak miqdarından artıq miqdarda heroin və 10 ədəd üzərində “F/M40” sözləri yazılmış ümumi miqdarı 0,4 qram şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan metadon həbləri aşkar edilərək götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən, yəni narkotik vasitələrin satışı ilə deyil, istifadəsində təqsirli bilərək ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, narkotik vasitələrdən istifadə edir. Hadisədən təxminən 1 ay əvvəl Bakı şəhəri, Qaradağ rayonunda yerləşən Lökbatan qəsəbəsində Ramil adlı şəxsdən 3 qrama yaxın 3 bükümdə narkotik vasitə heroin və 10 ədəd metadon həblərini 210 manat müqabilində alaraq Cəlilabad rayonuna qayıtmışdır. Məqsədi həmin vasitələri qəbul etmək olmuş, satış məqsədi olmamışdır. Heroin bükümlərinin 2 bükümünü, istifadə etdiyi şpris, ampula və metadon həblərini ağ rəngli qaba qoyaraq, yaşadığı evin yataq otağında yataq dəstinin altında gizlətmişdir. Heroinin bir bükümünü isə real şərait olduqda istifadə etmək məqsədi ilə gödəkçəsinin cibinə qoymuşdur. Üzərində gəzdirdiyi heroinin bir qismini istifadə etmişdir. 28 dekabr 2022-ci il tarixdə, saat 13 radələrində yaşadığı Cəlilabad şəhəri, V.Mürsəlov küçəsində piyada olaraq gəzdiyi zaman ona polis əməkdaşları yaxınlaşmış və özlərini təqdim etdikdən sonra onu narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün polis şöbəsinə dəvət etmişlər. O da etiraz etməyərək onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Orada üzərində şəxsi axtarış aparılmış, ona üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya narkotik vasitə varsa könüllü olaraq təqdim etməyi təklif etmişlər. O da üzərində olan 1 ədəd bükümdə heroini polis əməkdaşlarına təqdim etmişdir. Həmin narkotik vasitə polis əməkdaşları tərəfindən zərfə qoyulmuş və protokol tərtib edilmişdir. Bundan sonra o, polis əməkdaşlarına yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində narkotik vasitə heroin və metadon həbləri də gizlətdiyini etiraf etmişdir. Onun razılığı ilə polis əməkdaşları tərəfindən həmin fərdi yaşayış evinə də baxış keçirilmişdir. O, yataq otağındakı yataq dəstinin altında olan 2 büküm heroini, 10 ədəd metadon həbini, narkotik istifadə edərkən işlətdiyi limon duzunu, 1 ədəd şpris və 1 ədəd şüşə ampulanı polis əməkdaşlarına təqdim etmişdir. Həmin narkotik vasitələr və digər əşyalar polis əməkdaşları tərəfindən zərfə qoyulmuş və protokol tərtib edilmişdir. Narkotik vasitə heroini elə 3 bükümdə almış, metadonu isə almışdır ki, heroin tapa bilməyəndə ağrılarını kəsmək üçün metadondan istifadə etsin. Narkotik vasitələrin satışı ilə məşğul olmamış, əməlindən peşimandır, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Cəlilabad rayon Polis şöbəsinin əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, Cəlilabad şəhər sakini Təqsirləndirilən şəxs Cəlilabad şəhəri ərazisində narkotik vasitələri əldə etməsi, istifadəsi, saxlaması, satışı və daşıması ilə məşğul olması barədə məlumat daxil olmuş və əməliyyat qrupu yaradılmışdır. 28 dekabr 2022-ci il tarixdə, təxminən saat 13 radələrində Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək o, Cəlilabad şəhəri, V.Mürsəlov küçəsində onlar tərəfindən müşahidəyə götürülmüş, ona yaxınlaşıb özlərini təqdim edib üzərində narkotik vasitə olub-olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs isə üzərində heroin olduğunu bildirmişdir. Həmin yerdə müvafiq sənədlərin tərtib olunması mümkün olmadığından Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və müvafiq sənədlərin tərtib olunması məqsədi ilə Cəlilabad polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs da onlara etiraz etməyərək onlarla birlikdə polis şöbəsinə gəlmişlər və üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində qanunla qadağan olunmuş hər-hansı bir əşya və ya predmet varsa könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs da əynində olan gödəkçəsinin sağ yan cibindən 1 ədəd bükülü çıxararaq bildirmişdir ki, bükülünün içərisində narkotik vasitə olan heroin vardır. Həmin bükülünün içərisinə tərəfindən baxış keçirildikdən sonra narkotik vasitə olan heroinə bənzər kütlə olması müəyyən olunmuşdur. Sonra isə həmin bükülü ekspertizaya göndərilməsi üçün qablaşdırılmış və şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuşdur. Şəxsi axtarış zamanı əlavə olaraq Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində narkotik vasitələr gizlətdiyini bildirərək, evinə baxış keçirilməsinə etirazının olmaması barədə ərizə yazmışdır. Bundan sonra onlar Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanına getmişlər. Təqsirləndirilən şəxs öz yataq otağındakı yataq dəstinin altında ağ qabın içərisindən 2 ədəd büküm və həblər təqdim edərək, bükümlərin içərisində narkotik vasitə heroin və həblərin isə metadon həbləri olduğunu bildirmişdir. Həmin bükülülərə və həblərə onlar tərəfindən baxış keçirildikdən sonra bükülülərin içərisində narkotik vasitə heroinə bənzər kütlənin olması, həblərin isə metadon həblərinə bənzər kütlə olması müəyyən olunmuşdur. Həmin maddələr ekspertizaya göndərilməsi üçün qablaşdırılmış və baxış keçirilməsi barədə protokol tərtib olunmuşdur. Şahid qismində dindirilmiş Cəlilabad rayon polis şöbəsinin əməkdaşları Şahid4 və Şahid5 Şahid1 göstərdikləri xüsusatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan məhkəmə məhkəmə kimyəvi ekspertizasının 29 dekabr 2022-ci il tarixli 19/1311 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən götürülmüş kütlə” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi: -0,345 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş kütlə” sözlər və imzalar olan bir ədəd zərfdəki, ayrı-ayrılıqda təmiz çəkisi: -1,893 qr; -0,068 qram: ümumi təmiz çəkisi: -1,961 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər. Tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş həblər.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd konvalyutda ümumi sayı 10 ədəd olan qəhvəyi rəngli dairəvi formalı üzərində “F/M40” sözləri olan həblər metadondurlar. Həblərin təsiredici maddəsinin ümumi miqdarı: -0,4 qramdır, (bir həbdə 0,04 qr). Tədqiqata təqdim edilmiş üzərində “Vət Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş 1 ədəd şpris, 1 ədəd şüşə ampula, üzərində limon duzu yazılan paket.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd tibbi şprisdə və 1 ədəd ampula qırığı içərisində narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğuna görə, çəkisini təyin etmək və tədqiqata təqdim edilmiş heroinlər ilə müqayisəli tədqiqat (eynilik) aparmaq mümkün olmadı; “Limon Duzu” yazısı olan sellofan paketdə təmiz çəkisi: -1,523 qram olan ağ rəngli, kristal şəkilli maddə narkotik, psixotrop, güclü təsir edən və zəhərli maddələrə aid deyil. Tədqiqata təqdim edilmiş üzərilərində “Vət. Təqsirləndirilən şəxs üzərindən götürülmüş kütlə.....” və “Vət. Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş kütlə.....” sözlər və imzalar olan, 2 ədəd zərfdəki ümumi sayı 3 büküm olmaqla ümumi təmiz çəkisi: -2,306 qram olan heroinlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Ekspertiza tədqiqatından sonrakı qalıq heroin 2,15 qram, metadon həbi 9 ədəd və 1,473 qram kristalik maddə. Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 60 (altmış) manat təşkil edır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 641 nömrəli ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədən zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Yoxanılan şəxs Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs psixi vəziyyətinə görə özünə və ətrafdakılarına zərər yetirmək təhlükəsi yoxdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 86 saylı ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 28 dekabr 2022-ci il tarixli videoçəkilişlə aparılan «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman o, əynindəki göy rəngli gödəkçəsinin sağ yan cibindən 1 ədəd şəffaf rəngli sellofanın içərisində ağ rəngli kağıza bükülmüş bükülünü çıxararaq təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin bükülünün içərisində narkotik vasitə heroin olmasını bildirmiş, həmin bükülüyə baxış keçirilən zaman içərisində narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən olunmuşdur. Aşkar olunmuş həmin narkotik vasitəyə bənzər kütlə qablaşdırılaraq DİN-nin 141 №-li möhürü ilə möhürlənərək götürülmüşdür. İş materiallarında olan 28 dekabr 2022-ci il tarixli videoçəkilişlə aparılan «baxış keçirilməsi və götürmə aparılması haqqında» protokoldan, həmçinin məhkəmə baxışı zamanı tədqiq edilmiş videogörüntülərdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman sonuncu özünə məxsus yataq otağındakı yataq dəstinin altından 2 ədəd büküm, içərisində 10 ədəd olan 1 ədəd konvalyutda ümumi sayı 10 ədəd həb, 1 ədəd şüşə ampula, 1 ədəd şpris və 1 ədəd bükümdə limon duzu təqdim etmişdir. Təqsirləndirilən şəxs bükülülərin içərisində narkotik vasitə heroin olduğunu, həblərin isə metadon həbləri olduğunu bildirmişdir. Həmçinin o, 1 ədəd şüşə ampula, 1 ədəd şpris və 1 ədəd bükümdə limon duzundan narkotik vasitə qəbul edərkən istifadə etdiyini qeyd etmişdir. Aşkar olunmuş predmetlər qablaşdırılaraq DİN-nin 141 №-li möhürü ilə möhürlənərək götürülmüşdür. İş materiallarında olan 28 dekabr 2022-ci il tarixli «şübhəli şəxs qismində tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 03:15-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Cəlilabad Rayon Məhkəməsinin 30 dekabr 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs olunmasının əvvəli 28 dekabr 2022-ci il tarixdən hesablanmmaqla “həbs” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, İsmayılov X2 rayon məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2012-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, bundan başqa Qaradağ RPŞ-nin tərəfindən CM-in 221-ci maddəsi ilə material açılmış, xx.xx.2021-ci ildə CPM-in 39.1.12-ci maddəsinə əsasən cinayət işinin icraatına xitam vrilmişdir. Məhkumluğu yoxdur. İş materiallarında olan Cəlilabad şəhər 1 nömrəli sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 09 yanvar 2023-cü il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, İsmayılov X2 şəhəri, N.Nərimanov küçəsi 18 ünvanında qeydiyyatda olmaqla yaşayır, ailə tərkibi arvadından, xx.xx.2010-cü il təvəllüdlü X4 və xx.xx.2009-cu il təvəllüdlü İsmayılov nüsrət Fərhad oğlu adlı azyaşlı uşaqlarından ibarətdir, yaşadığı müddət ərzində onun barəsində nümayəndəliyə heç bir yazılı və şifahi şikayət daxil olmamış yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs götürülmüş “Samsung Galaxy ” markalı mobil telefon qardaşı X1 qaytarılmışdır. İş materiallarında olan «maddi sübut kimi tanınma haqqında» 13 yanvar 2023-cü il tarixli qərarla ekspertiza tədqiqatından sonrakı qalıq 2,156 qram olan narkotik vasitə heroinin, 9 ədəd metadon həbləri, həmçinin üzərində narkotik vasitə heroin izləri olan 1 ədəd tibbi şprisin, 1 ədəd ampula qırığının və üzərində “limon duzu” yazısı olan sellofan paketdə 1,473 qram olan maddə maddi sübut kimi tanınmış saxlanılmasından ötrü Cəlilabad RPŞ-nin sübutlar otağına təhvil verilmiş, həmçinin “şəxsi axtarış və götürmə” və “evə baxış keçirilməsi və götürmə” haqqında istintaq hərkətlərinin videoçəkilişi əks etdirilmiş 1 ədəd “DVD” disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan «sübutların qiymətləndirilməsi, cinayət işinin materiallarında başqa cinayət işinin ayrılması və ayrılmış cinayət işinin icraata qəbul edilməsi haqqında» 29 mart 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş narkotik vasitələrin mənbəyinin müəyyən edilməsi məqsədilə cinayət işindən Azərbaycan respublikası CM-in 234.4.3-cü maddəsi ilə ayrıca cinayət işi ayrılmışdır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, işdə olan digər sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-in 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onun tərəfindən törədilmişdir, bu cinayətlərə görə ona ittiham verildiyi Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində o, təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmamışdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə düzgün ittiham verilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 9cü bəndinin 2-ci hissəsində qeyd edilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübütlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşaraq “narkotik vasitə heroin və metadonları şəxsi istifadəsi üçün əldə etmiş, satış məqsədi olmamış” hissəsini məhkəmə iclasında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə müqayisəli qiymət verərək hesab edir ki, həmin ifadə obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və özünü müdafiə xarakteri, ona yüngül cəza təyin edilməməsinə, başqa sözlə, cinayət məsuliyyətindən boyun qaçırmaya yönələn cəhdi kimi qiymətləndirir. Məhkəmə tədqiq edilmiş sübutlara istinad edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkotik vasitə heroini və metadon həblərini əldə etmişdir. Ali Məhkəmənin Plenumun qeyd olunan qərarında göstərildiyi kimi və işin faktiki hallarına uyğun olaraq Təqsirləndirilən şəxs heroin narkotik vasitənin külli miqdarda əldə etməsi, heroini 3 ədəd xırda bağlamalara bükərək saxlaması, həmçinin heroindən əlavə digər növ narkotik vasitə olan 10 ədəd metadon həblərinin də əldə etməsi Təqsirləndirilən şəxs həmin narkotik vasitələri satmaq niyyətində olmasını bir daha təsdiq edir. Məhkəmə bu və digər məsələlər üzrə gəldiyi nəticələri, Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli qanunların tələbləri baxımından da, əsaslı hesab edir. Belə ki, həmin Qanunların tələblərinə və izahına əsasən Təqsirləndirilən şəxs əldə etdiyi narkoltik vasitə heroin “külli miqdar” kimi qiymətləndirilir. Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olmasını, məhkəmə yüngülləşdirici hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-in 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Ambulator məcburi-narkoloji tibbi yoxlama rəyinə görə, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli, ərazi narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub – Cəlilabad rayon Polis Şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 2,156 qram olan narkotik vasitə heroin, 9 ədəd narkotik vasitə metadon həbləri, həmçinin üzərində narkotik vasitə heroin izləri olan 1 ədəd tibbi şpris, 1 ədəd ampula qırığı və üzərində “limon duzu” yazısı olan sellofan paketdə 1,473 qram olan maddə məhv edilməli, “şəxsi axtarış və götürmə” və “evə baxış keçirilməsi və götürmə” haqqında istintaq hərkətlərinin videoçəkilişi əks etdirilmiş 1 ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 60 (altmış) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməli, cəzasının çəkilmə müddətinin əvvəli 28 dekabr 2022-ci il tarixdən hesablanmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 28 dekabr 2022-ci il tarixdən hesablansın. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin, ərazi narkoloji kabinetdə qeydiyyata alınması nəzərə alınsın. İş üzrə 60 (altmış) manat məbləğində ekspertiza Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış - Cəlilabad rayon Polis Şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 2,156 qram olan narkotik vasitə heroin, 9 ədəd narkotik vasitə metadon həbləri, həmçinin üzərində narkotik vasitə heroin izləri olan 1 ədəd tibbi şpris, 1 ədəd ampula qırığı və üzərində “limon duzu” yazısı olan sellofan paketdə 1,473 qram olan maddə məhv edilsin. - İş üzrə maddi sübut kimi tanınmış “şəxsi axtarış və götürmə” və “evə baxış keçirilməsi və götürmə” haqqında istintaq hərkətlərinin videoçəkilişi əks etdirilmiş 1 ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəs ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. sədrlik edən: Cavid Səfərli Hakimlər: Neymət Məmmədov Müşfiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar