Məhkəmə qərarları › İş №1(099)-38/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-38/2022

06.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-38/2022 06.01.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Musayev Aqil Əlisa oğlu (sədrlik edən), Quliyev Nizami Fərzi oğlu və Səfərli Cavid Şamil oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X6 və X7, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokurorları, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı1 və İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxx 1984-cü il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməmiş, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs müəyyən edilməmiş tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq dörd ədəd bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,931 qram, 1,074 qram, 1,299 qram və 1,494 qram olmaqla, ümumi təmiz çəkisi 4,798 qram, yəni külli miqdar təşkil edən, xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə eyni olan narkotik vasitə heroinləri (bundan sonra – heroin) əldə etmiş, üzərində saxlamış və daşımışdır. 22 iyun 2021-ci il tarixdə saat 19 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin X5 Şöbəsinin (bundan sonra - BNMİ-nin CBRŞ) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs Lənkəran şəhəri, Nizami küçəsində yerləşən yaşadığı binanın qarşısında saxlanıldıqdan və şübhəli şəxs qismində tutulduqdan sonra üzərinə şəxsi axtarış keçirilərkən göstərilən kütlələr və bir ədəd elektron tərəzi əynində olmuş idman şalvarının sol yan cibindən aşkar edilmiş, qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, əvvəllər heroindən istifadə etmiş, narkotik vasitə satmamışdır. Onunla eyni binada yaşamış, əvvəllər aralarında normal münasibət olmuş BNMİ-nin CBRŞ-nin əməkdaşı Şahid1 (bundan sonra - Mehti) 22 iyun 2021-ci il tarixdə onu Xəyyal adlı polis əməkdaşı (bundan sonra – Xəyyal) ilə birlikdə, sonradan aralarında yaranmış ədavətlə əlaqədar Lənkəran şəhərində yaşadığı binanın qarşısında saxlayıb BNMİ-nin CBRŞ-nin inzibati binasına gətirmişlər. Həmin vaxt onun üzərində narkotik vasitə və elektron tərəzi olmamışdır. BNMİ-nin CBRŞ-nin inzibati binasında olanda Mehti onun şalvarının cibinə dörd ədəd bükümlərdə heroin və bir ədəd elektron tərəzi qoymuş, ondan həmin heroinlər və tərəzinin özünə məxsus olmasını etiraf etməyi tələb etmişlər. Bundan imtina etdiyinə görə Mehti və Xəyyal onu yerdə sürümüşlər. Bundan əvvəl, avtomobildə gətirilərkən Xəyyal əli ilə boğaz nahiyəsinə vurmuşdur. Lakin bədənində xəsarət yaranmamışdır. Həmçinin, müdafiəçisinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilərkən göstərdiyi səbəbdən məcburiyyət qarşısında qalıb, əvvəlcədən Mehtinin onun şalvarının cibinə qoyduğu dörd ədəd bükümlərdəki heroinləri və bir ədəd elektron tərəzini cibindən çıxarıb polis əməkdaşlarına təqdim etmiş, həmin heroinlər və tərəzinin ona məxsus olduğunu, heroinləri şəxsi istifadə məqsədilə əldə edib üzərində saxladığını və tərəzini şəxsi istifadəsinə lazım olmuş heroini alarkən çəkisini dəqiq bilmək məqsədilə üzərində saxladığını, polis əməkdaşlarının ona zor tətbiq etmədiklərini göstərmişdir. Bundan sonra müdafiəçisinə polis əməkdaşlarının ona zor tətbiq etdiyini, üzərindən çıxarıb təqdim etdiyi heroinlər və elektron tərəzinin ona məxsus olmadığını desə də, müdafiəçisi ona təqdim edilən sənədlərə imza edərsə, onu müdafiə edəcəyini demişdir. Buna görə də ona qarşı irəli sürülmüş ittihamı qismən etiraf etməsi məzmununda tərtib edilmiş üzərinə şəxsi axtarış keçirilməsi və dindirilməsi barədə protokollara imza etmişdir. İş üzrə ibtidai ibtidai araşdırma aparmış təhqiqatçı və müstəntiq tərəfindən ona qarşı hər hansı qanunsuz hərəkət edilməmişdir. Lakin göstərdiyi səbəblərdən həmin protokolların məzmununu təsdiq etmir, üzərindən aşkar edilmiş heroinlər və elektron tərəzi ona deyil, Mehtiyə məxsus olmuşdur. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində iş üzrə üzərindən aşkar edilmiş heroinlər və elektron tərəzinin ona aid olmadığını göstərsə də, məhkəmə iclasında bildirdiyi son sözündə məhkəmədən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinməsini xahiş etmişdir. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-in 327.1.3-cü maddəsinə əsasən məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş, ibtidai araşdırma zamanı müdafiəçisinin iştirakı ilə 22 iyun 2021-ci il tarixdə üzərinə şəxsi axtarış videoçəkiliş aparılmaqla keçirilərkən şübhəli şəxs qismində şifahi, sonra yazılı qaydada verdiyi izahatları, müvafiq olaraq 23 və 24 iyun 2021-ci il tarixlərdə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində məhkəmə istintaqı zamanı verdiyi ifadəsindən fərqli olaraq, özünü ona qarşı irəli sürülmüş ittiham üzrə qismən, yəni Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilərək göstərmişdir ki, 22 iyun 2021-ci il tarixdə səhər saatlarında Lənkəran şəhərində “Kiçik bazar” adlandırılan ərazidə təsadüfən rastlaşdığı, tanımadığı şəxsdən 40 manat məbləğində pula heroin alıb üzərində saxlamış, saat 19 radələrində yaşadığı binanın qarşısında olarkən polis əməkdaşları tərəfindən üzərində narkotik vasitə olması şübhəsilə saxlanılıb BNMİ-nin CBRŞ-yə gətirilmişdir. Orada videoçəkiliş aparılmaqla, həmçinin müdafiəçisinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilərkən əynində olmuş şalvarın sol yan cibindən şəxsi istifadəsi üçün dörd ədəd bükümlərdə aldığı heroinlər və bir ədəd elektron tərəzini çıxarıb təqdim etmiş, şifahi qaydada verdiyi izahatında həmin heroinləri ifadəsində göstərdiyi şəkildə əldə etdiyini və elektron tərəzini şəxsi istifadəsinə lazım olmuş heroini alarkən çəkisini dəqiq bilmək məqsədilə üzərində saxladığını demişdir. Həmin bükümlər elektron tərəzidə çəkilərkən ümumi çəkisi təxminən 6 qram olmuşdur. Polis əməkdaşları tərəfindən ona qarşı hər hansı qanunsuz hərəkət edilməmişdir. Törətdiyini etiraf etdiyi cinayət əməlindən səmimi peşimandır (səh. 30-35, 49, 50, 66, 67). Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs qismində dindirilməsi barədə 24 iyun 2021-ci il tarixli və cinayət işi materialları ilə tanış olması barədə 03 oktyabr 2021-ci il tarixli protokollara özünü ona qarşı irəli sürülmüş ittiham üzrə qismən, yəni Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilməsi barədə şəxsən qeyd yazmışdır (səh. 112). Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş BNMİ-nin CBRŞ-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq etmiş, Təqsirləndirilən şəxs ilə ibtidai istintaq zamanı verdiyi ifadəsində iş üzrə saxlanılması və üzərinə şəxsi axtarış keçirilməsi barədə eyni məzmunda göstərmiş və əlavə olaraq qeyd etmişdir ki, sonuncunu 22 iyun 2021-ci il tarixdə qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması və daşıması barədə ona daxil olmuş əməliyyat məlumatı üzrə qəbul etdiyi əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar əsasında saxlamışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş BNMİ-nin CBRŞ-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyən Abışov X3 Mehti Teyyub oğlu ilə eyni məzmunda ifadə vermişdir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş: - ilkin araşdırma materiallarından, yəni 22 iyun 2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində tərtib edilmiş, onun qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması və daşımasına dair əməliyyat məlumatının rəsmiləşdirilməsi haqqında raport, “Əməliyyataxtarış tədbirinin keçirilməsi barədə” qərar, onun icra edilməsinin nəticəsi barədə raport, sonuncunun üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol və ona əlavə edilmiş diskin yaddaşına yazılmış videogörüntülərdən iş üzrə Təqsirləndirilən şəxs barəsində əməliyyataxtarış tədbiri və şəxsi axtarışın keçirilməsi əsası, mexanizmi və nəticələri, bu zaman müəyyən edilmiş halların iş üzrə məhkəmə istintaqında şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələrində göstərilmiş qaydada baş verdiyi, həmçinin Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış keçirilərkən üzərində olmuş dörd ədəd bükümlərdəki heroinləri və bir ədəd elektron tərəzini könüllü olaraq təqdim etdiyi, hər hansı hala etiraz etmədiyi və polis əməkdaşları tərəfindən ona qarşı zor tətbiq edilmədiyini göstərməsi müəyyən edilir (səh. 3-5, 9, 30-32). - Lənkəran Rayon Məhkəməsinin 06 iyul 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi barədə 22 iyun 2021-ci il tarixli qərar qanuni və əsaslı hesab edilmişdir (səh. 83, 84). - Məhkəmə fiziki-kimyəvi ekspertizasının 23 iyun 2021-ci il tarixli, 19/562 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş dörd ədəd bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,931 qram, 1,074 qram, 1,299 qram və 1,494 qram olmaqla, ümumi təmiz çəkisi 4,798 qram təşkil edən maddələr kustar üsulla hazırlanmış narkotik vasitə olan heroinlərdir, xarici görünüşləri və kimyəvi tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Tədqiqata təqdim edilmiş bir ədəd elektron tərəzi üzərində heroin izləri vardır. Heroin iz şəklində olduğuna görə tədqiqata təqdim edilmiş heroinlərlə tədqiqat (eynilik) aparmaq mümkün olmadı. Tədqiqata sərf edildikdən sonra heroinin ümumi qalıq çəkisi 4,598 qram təşkil edir. Ekspertiza xərci 50 manatdır (səh. 40-42). - Əməliyyat-axtarış fəaliyyətinin gedişində əldə edilmiş material hesab edilən, BNMİ-nin CBRŞ-nin səlahiyyətli əməkdaşının tərtib etdiyi 04 avqust 2021-ci il tarixli raportunda göstərilmişdir ki, verilmiş əməliyyat tapşırığı üzrə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələrin satışı ilə məşğul olduğu müəyyən edilmişdir (səh. 88). - Məhkəmə-narkoloji ekspertizasının 24 iyun 2021-ci il tarixli, 638 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Onun İİ qrup əlil olması səbəbindən narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür (səh. 79). İş üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və ya daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən heroin narkotik vasitə hesab edilir. Heroinin şəxsi istehlak miqdarından (qramla) artıq miqdarının yuxarı həddi 0,15 qram, külli miqdarının (qramla) aşağı həddi isə 2,0 qramdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillərin: - məhkəmə istintaqı zamanı verdiyi ifadəsində iş üzrə ona qarşı irəli sürülmüş ittihamda üzərindən aşkar edildiyi göstərilmiş dörd ədəd bükümlərdəki heroinlər və bir ədəd elektron tərəzinin ona məxsus olmaması və polis əməkdaşlarının ona zor tətbiq etməsi səbəbindən ibtidai araşdırma zamanı həqiqətə uyğun olmayan etirafedici məzmunda ifadə verməsi ilə bağlı göstərdiyi hissələri ilkin araşdırma materialları əsasında işin yuxarıda müəyyən edildiyi göstərilmiş faktiki halları, fiziki-kimyəvi ekspertizasının 23 iyun 2021-ci il tarixli, 19/562 nömrəli rəyinə əsasən onun üzərindən aşkar edilmiş elektron tərəzinin üzərində heroin izlərinin olmasının müəyyən edilməsi, məhkəmə-tibbi ekspertizasının 24 iyun 2021ci il tarixli, 526 nömrəli rəyində (səh. 76, 77) Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində hər hansı xəsarətin aşkar edilməməsi, Lənkəran Rayon Prokurorluğunda araşdırılması aparılmış 209C-21 nömrəli material üzrə qəbul edilmiş “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” 15 oktyabr 2021-ci il tarixli qərarla BNMİ-nin CBRŞ-nin əməkdaşları tərəfindən ona qarşı hər hansı qanunsuz hərəkət, eləcə də zor tətbiq edilməsi müəyyən edilmədiyinə görə Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən, yəni cinayət hadisəsinin müəyyən edilməməsi əsası ilə cinayət işi başlanmasının rədd edilməsi və məhkəmə iclasında şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələri ilə, - ibtidai istintaq zamanı verdiyi ifadələrində üzərindən aşkar edilmiş heroinlərə münasibətdə satış niyyətinin olmaması ilə bağlı göstərdiyi hissəsi isə 22 iyun 2021-ci il tarixdə yaşadığı evdən çölə çıxarkən özü ilə götürüb üzərində saxladığı heroinlərin şəxsi istifadə niyyətində olmasını istisna edən dörd ədəd bükümlərdə, şəxsi istifadə miqdarından 32 dəfə, külli miqdarından isə iki dəfədən çox olan 4,798 qram ümumi təmiz çəkidə, beləliklə də onun gündəlik istifadə miqdarından dəfələrlə çox miqdarda olması, xüsusilə də belə olan vəziyyətdə üzərində heroin izləri aşkar edilmiş elektron tərəzinin həmin heroinlərin satışını həyata keçirmək məqsədinə birbaşa işarə etməsindən ibarət işin faktiki halları ilə tam təkzib edilir. Göstərilən hallar Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş heroinlərə münasibətdə satış niyyətində olması barədə nəticəyə gəlməyə tam əsas verir. Buna görə də Təqsirləndirilən şəxs məhkəmə-narkoloji ekspertizasının 24 iyun 2021-ci il tarixli, 638 nömrəli rəyinə əsasən tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyindən əziyyət çəksə də, məhkəmənin müəyyən etdiyi ictimai-təhlükəli hərəkətləri törətməsi əməlində Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərini yaratmışdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “X2rşı” iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi izahat və ifadələrinin üzərindən aşkar edilmiş heroinlərə münasibətdə satış niyyətinin olmaması ilə bağlı olan hissəsi istisna olmaqla, qalan hissələrini müdafiəçisinin iştirakı ilə və hər hansı təsirə məruz qalmadan bildirdiyinə, işin faktiki hallarına uyğun olduğuna və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edildiyinə görə iş üzrə sübut kimi qiymətləndirir. Məhkəmə bu fikrin məntiqi davamı olaraq, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini müvafiq cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyan ifadə kimi qiymətləndirib sübut kimi nəzərə almır. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3cü maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi özünün ibtidai araşdırma zamanı verdiyi qismən etirafedici izahat və ifadələri ilə yanaşı, məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 və Şahid2 ifadələri, “Şəxsi axtarış keçirilməsi haqqında” 22 iyun 2021-ci il tarixli protokol, ona əlavə edilmiş diskin yaddaşına yazılmış videogörüntülər, digər istintaq hərəkəti protokolları, məhkəmə fiziki-kimyəvi ekspertizasının 23 iyun 2021-ci il tarixli, 19/562 nömrəli rəyi, əməliyyat-axtarış fəaliyyətinin gedişində əldə edilmiş material hesab edilən, BNMİ-nin CBRŞ-nin səlahiyyətli əməkdaşının tərtib etdiyi 04 avqust 2021-ci il tarixli raport, digər sənədlər, iş üzrə maddi sübut qismində tanınmış heroin qalıqları və bir ədəd elektron tərəzi, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən sonuncunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də o, Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - məhkumluq haqqında tələbnamə və Lənkəran Rayon Məhkəməsinin 19 aprel 2018-ci il tarixli nömrəli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs həmin hökmlə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 il 7 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 07 oktyabr 2019-cu il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 2 ay 3 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir (səh. 90, 91, 98-100). Məhkəmə Azərbaycan Respublikası CM-in 15.3, 18.1, 83.1 və 83.3.3-cü maddələrinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs hazırki iş üzrə cinayət əməlini Lənkəran Rayon Məhkəməsinin 19 aprel 2018-ci il tarixli hökmü ilə məhkum edildiyi, az ağır cinayətlər kateqoriyasına aid olan, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinə görə barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən 07 oktyabr 2019-cu il tarixdə şərti olaraq vaxtından əvvəl azad edildikdən sonra həmin əmələ münasibətdə məhkumluğunun ödənilməsi üçün qanunla müəyyən edilmiş iki illik müddət bitmədən, yəni məhkumluğu ödənilmədən və ya götürülmədən törətdiyinə görə iş üzrə məhkumluğu olan şəxsdir, əməlində cinayətlərin sadə residivi mövcuddur. - Lənkəran Şəhər Mənzil Təsərrüfatı İdarəsi tərəfindən verilmiş 29 sentyabr 2021-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs İİ qrup əlildir, subaydır, anası və bacısı ilə birlikdə yaşamış, yaşayış yeri üzrə normal xarakterizə edilmişdir (səh. 102, 103). Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2, 58.3 və 65.1-ci maddələrini rəhbər tutaraq, Lənkəran Rayon Məhkəməsinin 19 aprel 2018-ci il tarixli hökmü ilə təqsirli bilindiyi, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş, məhkumluğunun ödənilmədiyi və ya götürülmədiyi cinayət əməlinin xarakteri, ağırlığı və nəticələrini, məhkum edildiyi azadlıqdan məhrum etmə cəzasının islah təsirinin yetərli olmamasına səbəb olan halları, hazırki iş üzrə törətdiyi cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, törədilməsi halları, ağırlığı və nəticələrini, yaşayış yeri üzrə normal xasiyyətləndirilməsindən ibarət şəxsiyyətini xarakterizə edən halı, İİ qrup əlil olmasından ibarət cəzasını yüngülləşdirən halın olduğunu (Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən), əməlində cinayətlərin residivindən ibarət cəzasını ağırlaşdıran halın olduğunu (Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən), təyin olunacaq cəzanın islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki,: Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzası əməlində cinayətlərin sadə residivi olduğuna görə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin sanksiyasının həmin Məcəllənin 65.2-ci maddəsində sadə residivə görə müəyyən edilmiş həddən az olmayan ən aşağı həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən 6 (altı) il müddətə təyin edilməlidir. Buna görə də ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə, Azərbaycan Respublikası CPM-in 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 22 iyun 2021-ci il tarixdən hesablanmalı və Lənkəran Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli qərarı (səh. 74, 75) ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə-narkoloji ekspertizasının 24 iyun 2021-ci il tarixli, 638 nömrəli rəyi nəzərə alınaraq, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməməli, o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 50 (əlli) manat məbləğində pul tutulub Azərbaycan Respublikası Dövlət büdcəsinin hesabına ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınaraq Lənkəran ŞRPŞ-də saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 4,598 qram təşkil edən heroin və bir ədəd elektron tərəzi məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə protokola əlavə edilmiş diskin yaddaşına yazılmış videogörüntülər iş materiallarında saxlanılmalıdır. İş üzrə xüsusi müsadirə təyin edilməsi üçün hər hansı əsas yoxdur. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 22 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 50 (əlli) manat məbləğində pul tutulub Azərbaycan Respublikası Dövlət büdcəsinin hesabına ödənilsin. İş üzrə maddi sübut kimi tanınaraq Lənkəran ŞRPŞ-də saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 4,598 qram təşkil edən heroin və bir ədəd elektron tərəzi məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə protokola əlavə edilmiş diskin yaddaşına yazılmış videogörüntülər iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar