Məhkəmə qərarları › İş №1(099)-38/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-38/2024

02.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-38/2024 02.02.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim – X3 oğlunun sədrliyi ilə, hakimlər –Hüseynov Nahid Nəsir oğlu və Məmmədov Neymət Hüsən oğlundan ibarət tərkibdə, məsləhətçi – Rəhimov Emil Vəliağa oğlunun katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1988-ci ildə Əli Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, Şirvan şəhəri Hacıqəhrəmanlı qəsəbəsində qeydiyyatda olmaqla Şirvan şəhəri, 20 yanvar küçəsi, ev-1, mənzil-2-də yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi külli miqdar təşkil edən 2,575 qram psixotrop maddə metamfetamini çəkiləri 0,639 qram, 0,247qram, 0,266 qram, 0,331 qram, 0,176 qram, 0,230 qram, 0,289 qram, 0,290 qram, 0,107 qram olmaqla 09 ədəd polietilen kəsiyi bükümlərində, təmiz çəkisi - 2,299 qram olmaqla külli miqdar təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini 01 ədəd polietilen kəsiyi bükümündə qablaşdırılmış halda əynində olan boz rəngli şalvarın sağ yan cibində, daşıyaraq saxlamış, 20 yanvar 2023-cü il tarixdə saat 18:45 radələrində Şirvan şəhər polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsində, yolun kənarında saxlanılaraq polis şöbəsinə gətirilmiş və şəxsi axtarış aparılan zaman üzərində qanunsuz saxladığı 0,639 qram, 0,247 qram, 0,266 qram, 0,331 qram, 0,176 qram, 0,230 qram, 0,289 qram, 0,290 qram, 0,107 qram olmaqla ümumi təmiz çəkisi 2,575 qram olan psixotrop maddə metamfetamin və ümumi təmiz çəkisi 2,299 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməyərək öz ifadəsində göstərmişdir ki, o məhlə uşağı Mirzəli Məmmədov ilə ikisi bir yerdə 20 yanvar 2023-cü il tarixdə Şirvan şəhərində Kapital Bankın yanında çay içməyə gedərkən polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilmişlər. Orada onun üzərinə İsmayıl və Namaz adlı polis əməkdaşları narkotik vasitə və psixotrop maddə qoyaraq həmin maddələrin onun üzərində aşkar olunmasını boynuna götürməyini, yoxsa evinə narkotik vasitə qoyacaqlarını bildirmişlər. Onun üzərində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olmamışdır.Polislər tərəfindən ona təzyiq və təsir göstərilmişdir, elə təzyiq və təsirlər göstərilmişdir ki, onları demək olmur. Əvvəllər narkotik vasitə istifadə etdiyinə görə məhkum olunduğundan özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilir.Üzərində videoçəkilişlə şəxsi axtarış aparılarkən 5 dəfə çəkiliş aparılan otağa aparılmış, bundan sonra çəkiliş zamanı deyilənləri etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı məhkəmənin müəyyən etdiyi halları etiraf etməməsinə dair verdiyi ifadəsinə tənqidi yanaşaraq onun bu ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə ifadə verməklə məsuliyyətdən yayınmaq məqsədi güdmüşdür. Məhkəmə araşdırılmış mötəbər sübutları, şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi iş materiallarında olan, biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şirvan Şəhər Polis Şöbəsinin NMQ-nun baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 Əydər oğlu ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə ona Şirvan şəhər sakini Təqsirləndirilən şəxs üzərində qanunsuz yolla əldə etdiyi narkotik vasitə saxlaması, gəzdirməsi, istifadə etməsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, onun saxlanılması üçün əməliyyat qrupu yaradılmış, Təqsirləndirilən şəxs yeri tərəflərindən müəyyən edilərək əməliyyat müvəkkili Şahid2 ilə birlikdə onu həmin gün axşam Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsində, Kapital Bank tərəfdə saxlayıb şəhər polis şöbəsinə dəvət etmişlər. O, polis şöbəsinin inzibati binasında müdafiəçi ilə təmin edilmiş və videoçəkiliş aparılmaqla üzərində axtarış aparılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan şalvarın sağ yan cibindən bir ədəd kibrit qutusunda 9 ədəd bükümdə psixotrop maddə metamfetaminə və 1 ədəd bükümdə narkotik vasitə olan heroinə bənzər bükümlər aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin vaxt üzərindən aşkar olunan narkotik və psixotrop maddənin istifadəçisi olduğunu bildirmiş, onlar Təqsirləndirilən şəxs saxlayarkən sonuncu tək olmuş, onunla birlikdə Mirzəli adlı şəxsi saxlamamışlar, saxlanılarkən Təqsirləndirilən şəxs zor tətbiq olunmamış, ona təzyiq və təsir göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şirvan Şəhər Polis Şöbəsinin NMQnun əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ifadəsində göstərmişdir ki, 20 yanvar 2023-cü il tarixdə baş əməliyyat müvəkkili Şahid1 Şirvan şəhər sakini Təqsirləndirilən şəxs üzərində qanunsuz yolla əldə etdiyi narkotik vasitə saxlaması, gəzdirməsi, istifadə etməsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, onun saxlanılması üçün əməliyyat qrupu yaradılmış, Təqsirləndirilən şəxs yeri tərəflərindən müəyyən edilərək baş əməliyyat müvəkkili Şahid1 ilə birlikdə onu həmin gün axşam Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsində saxlayıb şəhər polis şöbəsinə dəvət etmişlər. O, polis şöbəsinin inzibati binasında müdafiəçi ilə təmin edilmiş və videoçəkiliş aparılmaqla üzərində axtarış aparılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan şalvarın sağ yan cibindən bir ədəd kibrit qutusunda 9 ədəd psixotrop maddə metamfetaminə və 1 ədəd bükümdə narkotik vasitə olan heroinə bənzər bükümlər aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin vaxt üzərindən aşkar olunan narkotik və psixotrop maddəni tapdığını və özü istifadə etməsi üçün üzərində saxladığını bildirmiş, aşkar olunmuş narkotik və psixotrop maddə qablaşdırılaraq ekspertizaya təqdim olunmuşdur. Onlar Təqsirləndirilən şəxs saxlayarkən sonuncu tək olmuş, ona qarşı zor tətbiq olunmamışdır. Təqsirləndirilən şəxs kiməsə narkotik və psixotrop maddə satması barədə ona hər hansı bir məlumat daxil olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən bir ədəd kibrit qutusunun içindən 9 ədəd sellofana bükülü psixotrop maddə metamfetaminə bənzər və 01 ədəd sellofan bükümdə narkotik vasitə heroinə bənzər maddə aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı videoçəkiliş tətbiq edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən 01 ədəd kompakt diskə baxış keçirilmiş, Təqsirləndirilən şəxs baxış zamanı əynində olan cins şalvarının sağ yan cibindən bir ədəd kibrit qutusunun içindən 9 ədəd sellofana bükülü psixotrop maddə metamfetaminə bənzər və 01 ədəd sellofan bükümdə narkotik vasitə heroinə bənzər maddəni cibindən çıxarıb təqdim etdiyi müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 18/68 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmu. üzərində «… Təqsirləndirilən şəxs üzərindən…» sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd kibrit qutusunda: 9 ədəd polietilen kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri-0,639 qram, 0,247 qram, 0,266 qram, 0,331 qram, 0,176 qram, 0,230 qram, 0,289 qram, 0,290 qram, 0,107 qram, ümumi çəkisi-2,575 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi - 2,299 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Metamfetamin xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na daxildir (1 siyahı). Heroin-28 noyabr 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “ Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir (Siyahı İ). Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 1250 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbul nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-psixiatriya ekspertizasının xx.xx.2023-cü il tarixli, 366 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materilları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal hazırkı psixiatrik müayinənin nəticələri və s sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırda da öz hərəkətlərini faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əvvəllər hər hansı psixi xəstəlik keçirməsi müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və onlar barəsində istintaqa düzgün ifadə vermək qabiliyyətindədir. Təqsirləndirilən şəxs yalan danışmağa və özündən qondarma fikirlər söyləməyə patloji meyl qeyd olunmur. Bununla yanaşı Təqsirləndirilən şəxs özünü müdafiə etmək məqsədi ilə bilərəkdən yalan danışması və yaxud hadisələri təhrif etməsi mümkündür. Cinayət işinin materiallarına əlavə edilmiş «Şirvan şəhər mərkəzi xəstəxanası» publik hüquqi şəxsin 01 fevral 2023-cü il tarixli, 99 nömrəli məktubundan görünür ki, Şirvan şəhəri, 20 yanvar küçəsi, ev 1, ev 2-də yaşayan 1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Şirvan ŞMP-nın ruhi-əsəb narkoloji kabinetində “Tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya” diaqnozu ilə qeydiyyatdadır. Cinayət işinin materiallarına əlavə edilmiş 20 yanvar 2023-cü il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:00-da Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş Şirvan Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünün və Nizami Rayon Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli qərarının surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 09 ay azadlıqdan məhrum etmə əzasına məhkum edilmiş, Nizami Rayon Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli qərarına əsasən Şirvan şəhər məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs barəsində “08 noyabr - Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında”Azərbaycan Respublikası ”Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 4-cü bəndi tətbiq edilməklə, azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi 6 ay azaldılmış, cəzasının əvvəlinin 28 sentyabr 2020-ci il tarixdən hesablanması nəzərə alınmışdır. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməlinə cinayət hüquqi qiymət verilmədən öncə onun müdafiəsi üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlilləri, yəni: -məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ona təzyiq və təsir göstərilməklə cibinə narkotik vasitə qoyulması barədə məhkəmə istintaqı zamanı verdiyi ifadələri həqiqətə uyğun deyil, onun müvafiq məzmunlu ifadə verməsi əsassız olaraq məsuliyyətdən yayınmağa hesablanmışdır. Təqsirləndirilən şəxs tərəfindən qeyd edilən ifadə özünü müdafiə məqsədi ilə deyildiyindən və məhkəmədə heç bir sübutla təsdiq edilməməklə, işin hallarına uyğun gəlmədiyindən, habelə istintaq hərəkəti protokolları, şahid ifadələri, ekspertiza rəyləri və digər sənədlər ilə tamamilə təkzib edildiyindən məhkəmə həmin ifadələri inandırıcı hesab etmir və sübut kimi qəbul etmir. Bundan əlavə məhkəmə cinayət-prosessual qanunvericiliyin müddəalarının tələblərinə əsaslanaraq hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamı həm sübutlar, həm də hüquqi tövsif baxımından sübuta yetirmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin ona qarşı irəli sürülmüş ittihamda göstərilən cinayət əməlini törətməkdə təqsiri ehtimalla deyil, yalnız mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübutların məcmusuna əsasən müəyyən edilməlidir. Həmin ittihamın sübut olunmasında digər sübutlarla aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. İş üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və ya daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsində isə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən heroin narkotik vasitə, metamfetamin isə psixotrop maddə hesab edilir. Heroinin şəxsi istehlak miqdarından (qramla) artıq miqdarının yuxarı həddi 0,15 qram, külli miqdarının (qramla) isə aşağı həddi 2 qramdır. Metamfetaminin şəxsi istehlak miqdarından (qramla) artıq miqdarının yuxarı həddi 0,15 qram, külli miqdarının (qramla) isə aşağı həddi 2 qramdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarında göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla, narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işi materiallarından görünür ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə ona görə ittiham irəli sürmüşdür ki, o, satış məqsədi ilə istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi külli miqdar təşkil edən 2,575 qram psixotrop maddə metamfetamini çəkiləri 0,639 qram, 0,247qram, 0,266 qram, 0,331 qram, 0,176 qram, 0,230 qram, 0,289 qram, 0,290 qram, 0,107 qram olmaqla 09 ədəd polietilen kəsiyi bükümlərində, təmiz çəkisi - 2,299 qram olmaqla külli miqdar təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini 01 ədəd polietilen kəsiyi bükümündə qablaşdırılmış halda əynində olan boz rəngli şalvarın sağ yan cibində, daşıyaraq saxlamışdır. Cinayət işi materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” 20 yanvar 2023ci il tarixli qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğu üçün şübhəli şəxs qismində tutulmuş, 21 yanvar 2023-cü il tarixdə onun barəsində Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə cinayət işi başlanmış, bundan 1 (bir) gün sonra ibtidai istintaq orqanı onun üzərindən aşkar edilmiş narkotik və psixotrop maddəyə münasibətdə satış məqsədinin olması barədə hər hansı sübut növü əldə etmədən, qəbul etdiyi “cinayət əməlinin tövsif olunması barədə” qərarla yalnız Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş metamfetaminin təmiz çəkisinin 2,575 qram və heroinin təmiz çəkisinin isə 2,299 qram qram olmaqla, külli miqdarının ən aşağı həddi olan 2,0 qramdan çox olmasına istinad etməklə onun barəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsilə cinayət işi başlamış, sonradan isə həmin maddə ilə ona ittiham elan etmişdir. Halbuki, Təqsirləndirilən şəxs hər hansı şəxsə narkotik vasitə satması hər hansı halla təsdiq olunmamışdır. Məhkəmə hesab edir ki, göstərilən hallar ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamın əsassız olmasının ilkin əlamətləridir. Məhkəmə qeyd edilən cinayət-prosessual qanunvericiliyin müddəaları və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsaslanaraq belə qənaətə gəlir ki,: - həm ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs qarşı irəli sürdüyü ittihamın əsassız olmasına işarə edən, yuxarıda göstərilmiş ilkin əlamətlər, həm də, - məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 1250 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan asılılıq sindromunun (narkomaniya xəstəliyi) aşkar olunması, - onun üzərindən aşkar edilmiş heroinin metamfetaminin təmiz çəkisi 2,575 qram, yəni külli miqdarının aşağı həddindən yalnız 0,575 qram çox olması, heroinin təmiz çəkisinin isə 2,299 qram qram, yəni külli miqdarının aşağı həddindən yalnız 0,299 qram çox olması, - onun ibtidai istintaq zamanı verdiyi bütün ifadələrində narkotik vasitə satışı məqsədinin olmadığını göstərməsi, - ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs əvvəllər psixotrop maddələr və ya narkotik vasitələrin satışı ilə məşğul olması, üzərindən aşkar edilmiş narkotik vasitəyə münasibətdə başqa istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi və ya satış niyyətində olmasına dair hər hansı məlumat (məsələn, istifadəsində olmuş mobil nömrəyə dair telefon danışıqları haqqında), heroinin hazırlanması və çəkilib xırda bükümlərə bölünməsi üçün hər hansı avadanlıq (məsələn, elektron tərəzi) və ya digər sübut növü aşkar edə bilməməsi, müvafiq sübutların olub-olmadığını yoxlamaq üçün Təqsirləndirilən şəxs yaşadığı evə və istifadəsində olmuş mobil telefona baxış keçirməməsi, - Verilmiş əməliyyat tapşırığına cavab olaraq Şirvan ŞPŞ-nin məktubunda hər hansı bir faktın göstərilmədən və konkret olaraq hansısa bir sübuta əsaslanmadan Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik və psixotrop maddəni satış məqsədilə üzərində saxlaması, onun, həmçinin narkotik vasitə heroindən və psixotrop maddə metamfetamindən istifadə etməsi, üzərindən aşkar olunmuş narkotik vasitə heroini və psixotrop maddə metamfetamini kimdən, haradan əldə etməsi, o cümlədən hansı şəxslərə satması və ya satacağı barədə dəqiq məlumatın olmamasının göstərilməsi, - göstərilən halların ümumi məcmusunun sonuncunun üzərindən aşkar edilmiş metamfetamini və heroini əldə etməsi, üzərində saxlamasından ibarət hərəkətləri həmin vasitələrdən şəxsən istifadə etmək niyyəti ilə etməsi anlamını verməsi və ya buna əsaslı şübhə yaratması, ittiham tərəfinin bu şübhəni digər sübut növü ilə aradan qaldıra bilməməsi, həmin kütləyə münasibətdə satış niyyətində olması barədə nəticəyə gəlməyə əsas verməməsi, buna görə də Təqsirləndirilən şəxs xeyrinə təfsir edilməli olması iş üzrə törətdiyi cinayət əməlinin ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinə düzgün tövsif edilmədiyi, həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli olduğu barədə nəticəyə gəlməyə tam əsas verir. Beləliklə, məhkəmə iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normaları, hüquqi mövqeləri və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini anlaqlı vəziyyətdə törətməsi şahid ifadələri, ekspertiza rəyləri, həmçinin işin digər obyektiv halları, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, o cümlədən onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinin tələblərinə görə cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlləri cinayətlərin residivini yaradır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residividir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2, 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini, sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən və cəza çəkmədən islah olunmasını mümkün saymayaraq, törətdiyi cinayət əməlinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-ci maddəsinə əsasən ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs yaşadığı ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla ona Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinə əsasən maddi sübutlar məsələsinin necə həll olunmasını müzakirə edərək, iş üzrə maddi sübut olan və Şirvan ŞPŞ-nin maddi sübutların saxlanma otağında saxlanılan 2,125 qram metamfetaminin və 2,249 qram heroinin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi qərarına gəlir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun tutulduğu gündən, yəni 20 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs yaşadığı ərazi narkoloji dispanserdə qeydiyyata alınsın və Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun. İş üzrə maddi sübut olan və Şirvan ŞPŞ-nin maddi sübutların saxlanma otağında saxlanılan 2,125 qram metamfetamin və 2,249 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza xərci olan 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Təqsirləndirilən şəxs münasibətdə həmin müddət hökmün surətinin ona verildiyi andan hesablanır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar