Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-380/2022 04.07.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Nəbiyev Cəlil Cabbar oğlunun sədrliyi, Səfərli Cavid Şamil oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Lənkəran rayon vəkil bürosunun vəkili X2 iştirakı ilə, 04 avqust 1990-cı ildə Bərdə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olmuş, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşamış, barəsində 23 fevral 2022-ci ildə həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qanunsuz yolla qazanc əldə etmək üçün satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda ümumi çəkisi 2,222 qram narkotik vasitə heroini, külli miqdar təşkil edən ümumi çəkisi 45,066 qram psixotrop maddə metamfetamini və 2 (iki) ədəd ayrı-ayrılıqda sellofan torbada qablaşdırılmış halda, ümumi təmiz çəkisi 291,95 qram narkotik vasitə qurudulmuş marixuananı idarə etdiyi “Hunday” markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol ön oturacağının ayaqaltı hissəsində daşıyaraq saxlamış, 22 fevral 2022-ci ildə, saat 08 radələrində Hacıqabul rayon polis söbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul- Şirvan avtomobil yolunda yerləşən körpünün altında saxlanılaraq polis şöbəsinə gətirilmiş, avtomobilə baxış keçirilərkən qeyd olunan narkotik vasitələr və psixotrop maddə aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2019-cu ildən narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etmiş, son zamanlar isə narkotik vasitə heroin qəbul etməyə başlamışdır. 13 fevral 2022-ci ildə sosial şəbəkə vasitəsilə Tofiq adlı şəxslə tanış olmuş, aralarında olan razılaşmaya əsasən sonuncu ona istifadəsi üçün narkotik vasitələr verəcəyi halda həmin şəxsin Bərdə şəhərində “Zümürxan” gölünün kənarına gizlətdiyi və içərisində narkotik vasitələr olan 1 ədəd torbanı götürüb Bakı şəhərinə aparacağına söz vermiş, 21 fevral 2022-ci ildə saat 19 radələrində tanışı Rizvan Məmmədova məxsus “Hunday” markalı avtomobillə Bərdə şəhərində “Zümürxan” gölünün kənarına gedib oradan 1 ədəd sellofan torbanı götürüb avtomobilin sükanının aşağı hissəsində gizlətmiş, həmin gün saat 22 radələrində qonşusu Elzaminə onunla birlikdə Bakı şəhərinə gedib qayıtmağı xahiş etmiş, onlar Bərdə rayonundan Bakı şəhərinə yola düşmüş, yolda yuxusu gəldiyi üçün Hacıqabul rayon ərazisində Hacıqabul-Şirvan yolunda körpünün aşağı hissəsində avtomobili saxlayıb Elzaminlə birlikdə yatmış, 22 fevral 2022-ci ildə Hacıqabul rayon polis şöbəsinin əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək, ona üzərində və idarə etdiyi avtomobildə narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirərək onu Hacıqabul rayon polis şöbəsinə dəvət etmiş, polis şöbəsində müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılmış, üzərindən qanunsuz əşya və ya predmet aşkar edilməmiş, polis əməkdaşlarına idarə etdiyi avtomobilin salonunda narkotik vasitə olduğunu və avtomobilə baxış keçirilməsinə etirazının olmadığını bildirmiş, müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə avtomobilə baxış keçirilərkən avtomobildə sükanın aşağı hissəsində gizlətdiyi sellofan torbanı təqdim etmiş, sellofan torba açıldıqda içərsində narkotik vasitələr qurudulmuş marixuanaya və heroinə bənzər kütlələr, həmçinin içərisində limon duzu olan 1 ədəd sellofan torbacıq aşkar olunaraq götürülmüş, sonra protokol tərtib edilərək orada iştirak edən şəxslər, eləcə də özü tərəfindən imzalanmış, sorğu-sual zamanı bildirmişdir ki, narkotik vasitə qəbul etsə də narkotik vasitənin alqı-satqısı ilə məşğul olmamışdır. Hazırda himayəsində ikisi azyaşlı olmaqla üç uşağının və heç bir yerdə işləməyən arvadının olmasını nəzərə alıb barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə iclasında Şahid1 şahid qismində dindirilərkən məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, Hacıqabul rayon polis şöbəsinin Narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 22 fevral 2022-ci ildə işdə olarkən Bərdə şəhəri, R.Rza küçəsi ev 73-də qeydiyyatda olan və orada yaşayan Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə və üzərində qanunsuz olaraq narkotik vasitələri saxlaması barədə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmış, sonuncunun idarə etdiyi avtomobilin Şirvan-Hacıqabul yolunun üstündə yerləşən körpünün altında olması ilə bağlı məlumat əldə edib saat 08 radələrində əməliyyat qrupu ilə həmin yerə gedərək orada “Hyundai” markalı **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobili saxlamış, avtomobili idarə edən Təqsirləndirilən şəxs barəsində qanunsuz olaraq narkotik vasitələrin saxlaması barədə məlumat daxil olduğunu bildirib, sonuncunu Hacıqabul rayon polis şöbəsinə dəvət etmiş, polis şöbəsində müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı sonuncunun üzərindən qanunsuz əşya və ya predmet aşkar olunmamış, Təqsirləndirilən şəxs öz razılığı ilə avtomobilə baxış keçirilmiş, baxış zamanı sonuncu idarə etdiyi avtomobilin sükanının aşağı hissəsində qabaq ayaqaltı hissəsində bir ədəd sellofan torba təqdim edib həmin sellofanda narkotik vasitə olduğunu bildirmiş, sellofan torba açıldıqda içərisindən qurudulmuş marixuanaya, narkotik vasitə heroinə və psixotrop maddə metamfetaminə bənzər kütlələr aşkar edilmiş, şifahi sorğu zamanı Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddəni sosial şəbəkədə tanış olduğu Tofiq adlı şəxs Bərdə şəhərində gölün kənarına qoyduğunu, həmin narkotik vasitələri və psixotrop maddəni Rövşən adlı şəxsə çatdırılması üçün Bakı şəhərində deyilən yerə aparıb qoyacağını, bunun müqabilində ona narkotik vasitə heroin və qurudulmuş marixuana veriləcəyini bildirmiş, sonra protokol tərtib edilərək orada iştirak edən şəxslər, eləcə də onun tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 və Şahid3 analoji olaraq digər Şahid1 ifadəsində göstərilən xüsusatları təsdiq etməklə eyni məzmunlu ifadə vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur, Ramil əvvəllər CM-nin 234.2-ci maddəsi ilə məhkum edilmişdir. 22 fevral 2022-ci ildə Hacıqabul rayon polis şöbəsindən Ramilin külli miqdarda narkotik vasitə saxlamaqda şübhəli olduğundan polis şöbəsində saxlanılması barədə ona məlumat verilmiş, polis şöbəsinə gələrkən artıq Ramilin külli miqdarda narkotik vasitə saxlamaqda ittiham olunduğunu öyrənmiş, Ramilin narkotik vasitəni haradan əldə etməsi barədə heç bir məlumatı olmamışdır. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan “baxış və götürmə haqqında” 22 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi «Hyundai» markalı **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sükanının aşağısında ayaqaltı hissəsində bir ədəd sellofan torbanın içərisindən qurudulmuş marixuanaya bənzər kütlə olan 1 ədəd sellofan torba, siqaret qutusunun içərisində 1 ədəd sellofan kəsiyində qurudulmuş marixuanaya bənzər kütlə, içərisində narkotik vasitə heroinə bənzər maddə olan 1 ədəd sellofan torbacıq və içərisində psixotrop maddə metamfetaminə bənzər maddə olan 1 ədəd torbacıq aşkar olunaraq götürülmüşdür. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 22 fevral 2022-ci il tarixli, 18/234-235 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs üzərindən» sözləri yazılmış kağız paketdə 01 ədəd polietilen torbacıqda təmiz çəkisi 2,222 qram olan qəhvəyimtil rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 01 ədəd polietilen torbacıqda təmiz çəkisi 45,066 qram olan ağımtıl rəngli, kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 01 ədəd polietilen torbada təmiz çəkisi 290 qram, 01 ədəd bükümdə təmiz çəkisi 1,95 qram, ümumi təmiz çəkisi 291,95 qram olan kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə qurudulmuş marixuanadır. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 28 aprel 2022-ci il tarixli, 2120 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərdən istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 02 may 2022-ci il tarixli qərardan görünür ki, «Tofiq» və «Rövşən» adlı şəxslər barəsində Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə cinayət işi ayrılmışdır. İş materiallarında olan qəbzdən görünür ki, şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 2600 manat pul əskinası və Xiaomi markalı mobil telefon aparatı təqsirləndirilən şəxsin atası Şahid5 təhvil verilmişdir. İş materiallarında olan qərardan görünür ki, ekspertiza tədqiqatından sonra maddi sübut kimi tanınan 2,172 qram çəkidə narkotik vasitə heroin, 291,91 qram qurudulmuş marixuana və 45,066 qram psixotrop maddə metamfetamin Hacıqabul rayon polis şöbəsində saxlanılır, baxış aparılan zaman çəkilmiş içərisində videogörüntü olan 1 ədəd disk iş materiallarına əlavə edilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları tam, obyektiv və hərtərəfli araşdırıb, Azərbaycan Respublikası CPM-in 124-137-ci maddələrinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin məhkəməyədək və məhkəmə icraatı zamanı verdiyi qismən etirafedici və şahidlərin isə istintaq zamanı və məhkəmədə verdikləri təsdiqedici) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara istinad edərək təqsirləndirilən şəxsin qanunsuz yolla qazanc əldə etmək üçün satış məqsədi ilə qanunsuz olaraq külli miqdar təşkil edən narkotik vasitələri və psxotrop maddəni bilavasitə satış məqsədi ilə əldə etməsi qənaətinə gəlir. Məhkəmə bu və digər məsələlər üzrə gəldiyi nəticələri, Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Qanunların tələbləri baxımından da, əsaslı hesab edir. Belə ki, həmin Qanunların tələblərinə və izahına əsasən Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitə heroin və psixotrop maddə metamfetamin miqdarına görə “külli miqdar” kimi qiymətləndirilir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinə cinayət qanunvericiliyinin tələbləri baxımından hüquqi qiymət verərkən gəldiyi nəticələri, eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li qərarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilir ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin tövsifi məsələsini müzakirə edərək onun hərəkətini Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin dispozisiya şərtlərinə uyğun gəldiyini nəzərə alıb həmin maddələrlə tövsif edilməsini əsaslı sayır. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından onun əməli qanuna müvafiq cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini, eyni zamanda təyin ediləcək cəzanın əvvəlinin onun şübhəli şəxs qismində tutulduğu gündən, yəni – 22 fevral 2022-ci ildən hesablanmasını əsaslı sayır. Belə ki, iş materiallarında olan Hacıqabul rayon məhkəməsinin 23 fevral 2022-ci il tarixli qərarı ilə həbsetmənin əvvəli 22 fevral 2022-ci ildən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “Məhkumluq haqqında” tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayon məhkəməsinin 18 aprel 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 20 iyun 2016-cı ildə Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016-cı il tarixli amnistiya qərarına əsasən cəzadan azad edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənildiyindən hazırda məhkumluğu olmayan şəxs hesab edilir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanlımalıdır. İş materiallarına əlavə edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə şəhəri, R.Rza küçəsi, ev 73-də qeydiyyatda olmaqla himayəsində arvadı və ikisi azyaşlı olmaqla üç uşağı ilə birgə həmin ünvanda yaşamış və yaşayış yerindən müsbət xarakterizə olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən qanunla müəyyən olunmuş qaydada, eyni zamanda himayəsində heç bir yerdə işləməyən arvadının olmasını, eləcə də məhkəməyədək icraat zamanı təqsirini səmimi etiraf etməsini CM-in 59.2-ci maddəsinə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus, qanunvericiliyin tələblərinə uyğun olaraq müsadirə olunması mümkün olan pul, əmlak və s. müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə təyin olunmamalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-in 132.0.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə tərəfindən hökm çıxarılarkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Hacıqabul rayon polis şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra 2,172 qram çəkidə narkotik vasitə heroin, 291,91 qram marixuana və 45,066 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 2600 manat pul əskinası və Xiaomi markalı mobil telefon aparatının təqsirləndirilən şəxsin atası Şahid5 təhvil verilməsi nəzərə alınmalı, baxış aparılan zaman çəkilmiş içərisində videogörüntü olan 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə ekspertiza xərci olan 63 (altmış üç) manat 90 qəpik Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu gündən, yəni 22 fevral 2022-ci ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Hacıqabul rayon polis şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra 2,172 qram çəkidə narkotik vasitə heroin, 291,91 qram marixuana və 45,066 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 2600 manat pul əskinası və Xiaomi markalı mobil telefon aparatının təqsirləndirilən şəxsin atası Şahid5 təhvil verilməsi nəzərə alınsın, baxış aparılan zaman çəkilmiş içərisində videogörüntü olan 1 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertiza xərci olan 63 (altmış üç) manat 90 qəpik Təqsirləndirilən şəxsAndan alınaraq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən (elan olunduğu vaxtdan iyirmi gün müddətində) apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-380/2022
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-380/2022
04.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver