Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-381/2023 11.07.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Hüseynov Nahid Nəsir oğlu (sədrlik edən), Quliyev Nizami Fərzi oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1987-ci ildə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, məhkum olunmamış, İİ Qarabağ Müharibəsinin iştirakçısı, İİİ qrup əlil, işləməyən, İmişli şəhəri, M.Müşfiq küçəsi, ev 45 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 6 dekabr 2022-ci tarixdə saat 20:30 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndi və 33-cü maddəsinin 4-cü hissəsi ilə nəzərdə tutulan yol hərəkəti qaydalarına riayət etməyərək alkoqollu içkilərin qəbulu nəticəsində sərxoş halda və nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə etdiyi “VAZ-21074 minik” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobillə İmişli şəhəri, H.Əliyev prospekti ilə İmişli rayonu, Qaralar kəndi istiqamətində 50 km/saat sürətlə hərəkətdə olarkən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, hərəkət hissəsində olan piyadanın yanından təhlükəsiz yan məsafə saxlamaqla keçib getməli, hərəkət təhlükəsizliyini təmin etməli, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələbləri ilə nəzərdə tutulan yol hərəkəti qaydalarını pozaraq, öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi təqdirdə, yolun hərəkət hissəsində, asfalt örtük üzərində onunla eyni istiqamətdə, qarşıda piyada hərəkət edən X6 vaxtında görməyərək cinayətkarcasına etinasızlıq etməklə 50 km/saat sürətlə idarə etdiyi avtomobilin ön sağ qanad hissəsi ilə vurmuş, nəticədə ehtiyatsızlıqdan Sarvan Yaqubova ənsə sümüyünün kəllə əsasına keçən yerini dəyişən, basılmış-qəlpəli sınığı, sınıq proyeksiyasında yumşaq toxumada, baş beyinin sərt və yumşaq qişasına, qişaaltına və baş beyin toxumasına qansızma, kəllə əsası sümüyünün yerini dəyişməyən sınığı, sağ gözün bayır bucaq nahiyəsində, alın nahiyəsində sağda, sağ gicgah nahiyəsində, ənsə nahiyəsində yaralar, burnun üstündə, sifətin sağ yanaq nahiyəsində, alın-təpə nahiyəsində, sağ əlin arxa sətində 5-ci daraq sümüyü proyeksiyasında, sağ diz oynağının ön səthində, sağ baldırın orta 1/3-nin ön səthində və aşağı 1/3-nin iç səthində, sol əlin arxa səthində 2,3-cü daraq sümükləri proyeksiyasında, sol diz oynağının ön səthində sıyrıqlardan ibarət həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirməklə, başın açıq küt travması nəticəsində ənsə sümüyünün kəllə əsasına keçən basılmış, qəlpəli sınığı və başbeyin toxumasına qansızma səbəbindən ehtiyatsızlıqdan ölümünə səbəb olmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilmiş, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq edərək göstərmişdir ki, İİ Qarabağ müharibəsində iştirak etmiş, bu zaman psixi problemləri olmuş, buna görə də Bakı şəhəri Maştağa qəsəbəsində yerləşən xəstəxanada müalicə olunmuşdur. Hadisə günü yəni, 06 dekabr 2022-ci il tarixdə İmişli rayonuna gəlmiş, dostu ilə yer təyin edib yemək yemək üçün oturmuşlar və həmin vaxt spirtli içki də qəbul etmişdir. Həmin gün axşam saatlarında kafedən çıxmış, qardaşının adına olan və özünün aldığı avtomobilə əyləşib işıqforu mərkəzi küçə ilə döndükdən sonra idarə etdiyi avtomobillə eyni istiqamətdə yolun kənarı ilə gedən zərərçəkmişi gec görmüş, həmin vaxt sükanı sola çəksə də artıq gec olmuş, piyadanı vurmuşdur. Həmin vaxt qaranlıq olmuş, hava da çiskinli olmuşdur. Dərhal avtomobili saxlamış, vurduğu şəxsin həmkəndlisi Sərvan olmasını bilmiş, dostu ilə birlikdə onu avtomobilə qoyub xəstəxanaya aparmış, lakin o ölmüşdür. Təqsirləndirilən şəxs ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, ibtidai istintaq zamanı zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etmiş, hadisə zamanı özü də xəsarət almış, zərərçəkmiş şəxsin ailə üzvlərinə yardım etmişdir. Zərərçəkmiş şəxsə qardaşı vasitəsi ilə 4000 manat pul vermiş, bir neçə aydan sonra zərərçəkmişin anası həmin pulu onlara qaytararaq 12.000 manat məbləğində pul ödənilməsini xahiş etmişdir. Bundan sonra zərərçəkmişin ailə üzvləri ilə dəfələrlə barışıq əldə etməyə cəhd etsə də onlar çox miqdarda pul tələb etdiklərindən və həmin pulu ödəmək gücündə olmadığından barışıq əldə edə bilməmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxsi xəstəxanaya aparsa da vəfat etdiyini, zərərçəkmiş şəxsin ailə üzvləri ilə barışıq əldə etmək üçün cəhdlər etdiyini, lakin zərərçəkmiş şəxsin hüquqi varisinin ondan daha çox məbləğdə pul tələb etdiyindən barışıq əldə edə bilmədiyini, beləliklə cəzasını yüngülləşdirən halların nəzərə alınaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X8 ifadəsində göstərmişdir ki, hadisə vaxtı evində olmuş, atasının avtomobillə vurulması barədə ona məlumat verilmiş, buna görə o və digər qohumları xəstəxanaya getmiş, orada atası Sarvanın vəfat etdiyini bilmişdir. Hadisəni törədən şəxsin Sarvan olmasını ətrafda olan şəxslərdən eşitmişdir. Hadisədən sonra Təqsirləndirilən şəxs ailəsi, qardaşı üzrxahlıq üçün evlərinə gəlmiş, dəfn mərasimi ilə bağlı Təqsirləndirilən şəxs qardaşı ona 4000 manat pul vermiş, həmin pulu qəbul etmiş, barışıq barədə də ərizə də yazmışdır. Lakin sonradan həmin məbləğin az olmasını fikirləşmiş, buna görə də pulu geri qaytarmışdır. Həmin hadisə ilə bağlı təxminən 12.000 manat ziyan çəkmiş, lakin Təqsirləndirilən şəxs ona 4.000 manat pul ödəmişdir. İlk öncə Təqsirləndirilən şəxs verdiyi pulu qəbul etsə də sonradan ailə üzvlərinin narazılığı olduğundan pulu geri qaytarmışdır. Həmin pulu ona Təqsirləndirilən şəxs qardaşı Orxan vermiş, dəfələrlə ona zənglər də etmişdir, lakin o, fikrini dəyişməmişdir. Hazırda heç bir mülki iddiası yoxdur. Zərərçəkmiş şəxsin hüquqi varisi X8 məhkəməyə təqdim etdiyi yazılı ərizəsində Təqsirləndirilən şəxs ilə barışmadığını, sonuncuya qanuna uyğun cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq etmiş və göstərmişdir ki, 6 dekabr 2022-ci il tarixdə saat 18:30 radələrində tanışı Nahidlə bir yerdə olarkən və onun xəstəxanadan evə buraxılıb gəldiyini bildiyi üçün Nahidə yemək yeməyi təklif etmiş, Nahid də onunla razılaşmış və birlikdə “Avtobaza” deyilən yerə gəlib adını bilmədiyi 0,5 litrlik araq almış, sonra Nahidlə yeməkxanada yemək yeyib, hərəyə 250 qram araq içdikdən sonra saat 20:30 radələrində yeməkxanadan çıxıb Nahidin idarə etdiyi “VAZ-21074 minik” markalı, **- BK-*** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadıqları evə gedərkən işıqforu keçib sola dönmüşlər və İmişli şəhəri, H.Əliyev prospekti ilə bir qədər irəlilədikdə qəflətən hərəkət zolağında bir nəfər piyadanın hərəkət etməsini təxminən 3-4 metr ara məsafadə görmüş və Nahidə: “adam var” - dediyi üçün Nahid avtomobilin sükanını sola doğru çəksə də həmin adamı vurmuş və bir qədər irəlidə avtomobili saxlamışdır. Sonra o, Nahidlə avtomobildən yerə düşüb həmin şəxsin yanına gəlmiş və onun Sarvan olduğunu bilmiş, daha sonra Nahid avtomobilinə tərəf getmiş və avtomobili çevirib xəsarət alan Sarvanın yaxınlığında saxlamış, oraya yol ilə keçən tanımadığı şəxslər də gəlmiş və Sarvanı Nahidin avtomobilinin arxa oturacağına uzandırmışlar. O, həmin avtomobilin qabaq oturacağına əyləşmiş və Nahid sükan arxasına əyləşdiyi üçün birbaşa xəstəxanaya gəlmişlər. Xəstəxanada lazım olan köməkliklərini xəsarət alan Sarvana göstərmişlər və buna baxmayaraq Sarvanı xilas etmək mümkün olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq etmiş və göstərmişdir ki, İmişli RPŞ-nin DYPB-nün YPX-nin inspektoru vəzifəsində işləyir. 06 dekabr 2022-ci il tarixdə axşam saatlarında xidmətdə olarkən İmişli RPŞ-nin növbətçi hissəsindən radio rabitə vasitəsi ilə İmişli şəhəri, H.Əliyev prospektində piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi törədilməsi barədə məlumat verilmiş, dərhal patrul xidməti avtomobili ilə hadisə yerinə gəlmiş, yerdə qan izləri görünsə də nə avtomobil, nə də vurulmuş piyada olmamış, ətrafdakılar sürücü tərəfindən zərərçəkmiş şəxsin xəstəxanaya aparılmasını dediklərindən xidməti patrul avtomobili ilə İmişli RMX-ya getmiş, orada həkimlərin səyinə baxmayaraq zərərçəkmiş şəxs ölmüşdür. Cinayət işi materiallarından görünür ki, Azərbaycan Respublikası CPM-in 329.1-ci maddəsinə əsasən (şahidin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Şahid3 ibtidai araşdırma zamanı 27 oktyabr 2022-ci il tarixdə verdiyi ifadəsində məhkəmə istintaqında qeyd etdiyindən fərqli olaraq göstərmişdir ki, 6 dekabr 2022-ci il tarixdə YPX-nin inspektoru Şahid2lə birlikdə şəhərin alternativ yolunda xidmətlərini başa vurub İmişli Rayon Polis Şöbəsinə (bundan sonra – İmişli RPŞ) qayıdarkən İmişli şəhəri, H.Əliyev prospektində Qaralar kəndi istiqamətində “VAZ-21074 minik” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət etdiyini, avtomobili idarə edən sürücü Təqsirləndirilən şəxs asfalt yolda onunla eyni istiqamətdə hərəkət edən piyadanı ehtiyatsızlıqdan vurmuş və öz avtomobili ilə də vurmuş olduğu piyadanı İmişli Rayon Mərkəzi Xəstəxanasına (bundan sonra – İmişli RMX) aparmışdır. Bu barədə Şahid2 xidməti avtomobildə olan xüsusi rabitə vasitəsi ilə saat 20:39-da İmişli RPŞ-nin Növbətçi Hissəsinə məlumat vermişdir. O, da onunla xidmət aparan Şahid2lə yolun baş hissəsindən dönüb hadisənin baş verdiyi yerə qayıdarkən sürücü Təqsirləndirilən şəxs vurduğu piyadanı avtomobilinə qoyub xəstəxanaya apardığı üçün arxasınca İmişli RMX-yə gəlmişlər. Bundan sonra Təqsirləndirilən şəxs sərxoşluq müayinəsindən keçirilmiş və onun sərxoş olması müəyyən olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs və onun avtomobili İmişli RPŞ-yə aparılmışdır. O və Şahid2 hadisənin baş verdiyi yerə qayıtmışlar. Şahid3 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, həmin hadisənin baş verməsindən hazırkı dövrədək bir neçə ay keçdiyindən bəzi şeylər yadından çıxmışdır. Lakin ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, həmin hadisənin baş verməsini görmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 da Şahid3 ifadəsində göstərdiyi formada ifadə vermiş, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; - “Yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 06 dekabr 2022-ci il tarixli protokol, ona əlavə edilmiş hadisə yerinin sxemi, fotocədvəl və bir ədəd diskin yaddaşına yazılmış videogörüntülərdən görünür ki, hadisə yerində yolun eni 14,7 metr olmaqla, yol ikitərəflidir. Yolu ayıran düz və ya qırıq-qırıq xətt yoxdur, yolun sağ kənarındakı səkinin eni 1,9 metr, sol kənarındakı səkinin eni isə 2,4 metrdir. Avtomobil yolunda mərhum Sarvan Yaqubov piyada asfalt yolun kənarındakı sağ səkidən 5 metr məsafədə iti yerişlə sürücü Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə eyni istiqamətdə hərəkət etmişdir. Piyada vurulduğu yerdən 10 metr irəlidə asfalt yola düşmüşdür. Hadisə yerində avtomobilin tormoz izi yoxdur. Yolun başlanğıc hissəsində ötmə qadağandır və saatda 50 km/sürət məhdudiyyətini göstərən yol nişanları vardır. Hadisə yerinə yaxın ərazidə Malik Həsənova məxsus 47 nömrəli yaşayış evinin qarşısında quraşdırılmış kameraların qeydə aldığı videogörüntülər bir ədəd diskin yaddaşına yazılıb götürülmüşdür (i.v. 6-22). -“cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” 06 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 23:25-də şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 33-34) - “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında” 07 dekabr 2022-ci il tarixli, 716 nömrəli aktda göstərilmişdir ki, həmin tarixdə saat 21:05-də Təqsirləndirilən şəxs müayinə edilərkən orta dərəcəli sərxoş vəziyyətdə olduğu müəyyən edilmişdir. (i.v. 61) - “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 08 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263-1.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. ( i.v. 82-83) - İmişli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş, o, məhkəmə zalında dərhal həbsdən azad edilmişdir. (i.v. 102-103) - “qətimkan tədbirinin seçilməsi haqqında“ 08 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə“ qətimkan tədbiri seçilmişdir. (i.v. 104-105) - “ifadənin yerində yoxlanılması” haqqında 09 dekabr 2022-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiklərini hadisə yerində də əyani olaraq göstərmişdir. ( i.v. 108-112) - məhkəmə kimyəvi ekspertizasının 12 dekabr 2022-ci il tarixli 4558/K saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsində etil spirti aşkar edilmişdir. Etil spirtinin qatılığı 0,6 promildir. (i.v. 154-156) - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X16 İdarəsinin X7-imtahan və Texniki baxış şöbəsinin 20 fevral 2023-cü il tarixli məktubunda göstərilmişdir ki, kompüter uçot bazasının məlumatlarına əsasən Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi verilməmişdir və onun adı sürücülük hüququndan məhrum olunanların siyahısında yoxdur. (i.v. 202) - Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 17 mart 2023-cü il tarixli, 8/563 nömrəli rəyində göstərilmişdir ki, “VAZ-21074” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. (i.v. 205-207) - Məhkəmə-tibbi ekspertizasının 30 dekabr 2022-ci il tarixli, 29 nömrəli rəyində göstərilmişdir ki, X4 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər ənsə sümüyünün kəllə əsasına keçən yerini dəyişən, basılmış, qəlpəli sınığı, sınıq proyeksiyasında yumşaq toxumada, baş beyinin sərt və yumşaq qişasına, qişaaltına və baş beyin toxumasına qansızma, kəllə əsası sümüyünün yerini dəyişməyən sınığı, sağ gözün bayır bucaq nahiyəsində, alın nahiyyəsində sağda, sağ gicgah nahiyyəsində, ənsə nahiyyəsində yaralar, burnun üstündə, sifətin sağ yanaq nahiyyəsində, alın-təpə nahiyyəsində, sağ əlin arxa sətində 5-ci daraq sümüyü proyeksiyasında, sağ diz oynağının ön səthində, sağ baldırın orta 1/3-nin ön səthində və aşağı 1/3-nin iç səthində, sol əlin arxa səthində 2,3-cü daraq sümükləri proyeksiyasında, sol diz oynağının ön səthində sıyrıqlar bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurma əlaməitlərinə malikdirlər. X4 meyitindən götürülmüş qanın məhkəmə-kimya tədqiqatı zamanı etil spirti və güclü təsiredici maddələr aşkar edilməmişdir. X4 ölümünün müddəti xx.xx.2022-ci il tarixə uyğun gəlir və ölümünə səbəb başın açıq küt travması nəticəsində ənsə sümüyünün kəllə əsasına keçən basılmış, qəlpəli sınığı və başın beyin toxumasına qansızma olmuşdur. ( i.v. 209-213) - ambulator məcburi narkoloji tibbi yoxlamanın 01 fevral 2023-cü il tarixli, 547 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin və sedativ yuxugətirici vasitələrin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Hal-hazırda Təqsirləndirilən şəxs İİİ qrup əlil olduğuna görə narkomaniya xəstəliyindən məcburi müalicə tətbiq edilə bilməz. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 215-216) - Məhkəmə-psixiatrik ekspertizasının 17 fevral 2023-cü il tarixli, 617 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda üzvi mənşəli şəxsiyyət pozuntusu müəyyən edilir. Təqsirləndirilən şəxs hər hansı xroniki xəstəlik, psixi faliyyətin müvəqqəti pozulması, kəmağıllılıq müəyyən edilmir. Qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs müəyyən edilən “Üzvi mənşəli şəxsiyyət pozuntusu” o, dərəcədə ifadə olunmayıb ki, o, qərarda göstərilən əməli törətdiyi zaman öz əməllərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmasın, Təqsirləndirilən şəxs qərarda qeyd edilən əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuş, buna görə də, törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası CM-in 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Yəni Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə bu iş üzrə prosessual fəaliyyət qabiliyyətli hesab edilir. (i.v. 219-221) - “təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında” 01 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263-1.3-cü maddəsi ilə yenidən ittiham elan edilmişdir. (i.v. 236-237) Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin maddələrinin tələblərini məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 17 mart 2023-cü il tarixli, 8/563 nömrəli rəyində göstərilmiş qaydada və məhkəmənin müəyyən etdiyi məzmunda pozması, bu halın ehtiyatsızlığından X4 ölümü ilə nəticələnməsi əməlində Azərbaycan Respublikası CM-in 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin tərkib əlamətlərini yaratmışdır. Məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, Azərbaycan Respublikası CM-in 263-1.3-cü maddəsini, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun göstərilən müddəalarını və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, məhkəmə istintaqı zamanı tədqiq edilmiş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı özünün verdiyi ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X8, şahid qismində dindirilmiş Şahid1, Şahid2 və Şahid3 verdikləri ifadələr, cinayət işi materiallarında olan “hadisə yerinə baxış keçirilməsi haqqında” 06 dekabr 2022-ci il tarixli protokol, ona əlavə edilmiş hadisə yerinin sxemi, videogörüntü, X7- İmtahan və Texniki baxış şöbəsinin 20 fevral 2023-cü il tarixli məktubu, məhkəmə-tibbi ekspertizasının 30 dekabr 2022-ci il tarixli, 29 nömrəli rəyi, məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 17 mart 2023-cü il tarixli 8/563 nömrəli nömrəli rəyi, məhkəməpsixiatrik ekspertizasının 17 fevral 2023-cü il tarixli 617 nömrəli rəyi, digər istintaq hərəkəti protokolları və sənədlər, iş üzrə tanınmış maddi sübutlarla, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Məhkəmə göstərlənlərə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən sonuncunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də o, Azərbaycan Respublikası CM-in 263- 1.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i.v. 203). - İmişli Rayon İcra Hakimiyyəti başçısının İmişli şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 13 dekabr 2022-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs evlidir, himayəsində 1 azyaşlı uşağı vardır. O, yaşadığı məhəllədə ailə üzvləri ilə mehriban dolanmış, özündən böyüklərin və həmyaşıdlarının daima hörmətini qazanmış, yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir. Doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2020-ci il tarixdə doğulmuş X9 Məhərrəmovun qızıdır. (i.v. 135-136) - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin komandiri tərəfindən verilmiş “travma haqqında arayış”dan görünür ki, əsgər Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə “sol mil sümüyünün açıq qəlpəli yerdəyişmiş sınığı ilə müşaiyyət olunan dəlib-keçən odlu silah yaralanması” diaqnozu ilə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə xəsarət almışdır. (i.v. 69) - “Xəstəlik haqqında şəhadətnamə”dən görünür ki, Təqsirləndirilən şəxs Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon Şöbəsinin göndərişi əsasında Müdafiə Nazirliyinin Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmiş və Hərbi Həkim Komissiyasının xx.xx.2021-ci il tarixli qərarı ilə “hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəbli əlaqəsi ilə xəsarət alması müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2026-cı il tarixədək İİİ dərəcəli əlillik verilmiş, əlilliyin səbəbi kimi isə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya qurluşunun müdafiəsi ilə əlaqədar alınmış travma olmuşdur. (i.v.70-73) - Azərbaycan Respublikası Medalın Vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 250s nömrəli sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı verilmişdir. (i.v. 75) - Təqsirləndirilən şəxs aid AO №0763770 nömrəli Hərbi Biletdən görünür ki, o,xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N nömrəli hərbi hissənin tərkibində atıcı-qumbara atan köməkçisi vəzifəsində Cəbrayıl, Füzuli və Şuşa istiqamətində gedən döyüşlərdə iştirak edib. (i.v. 76-78) -İmişli RMX X11 daxil olmuş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən İmişli RMX PHŞ-in ruhi-əsəb kabinetində “Fəlakət nəticəsində “Emosional labil pozuntu” diaqnozu ilə qeydiyyatdadır. (i.v.165) -Zərərçəkmiş şəxsin hüquqi varisi X8 xx.xx.2023-cü il tarixdə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs bağışladığını, barışıq ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. (i.v. 182) - Zərərçəkmiş şəxsin hüquqi varisi X8 xx.xx.2023-cü il tarixdə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxsla barışmadığını, ondan şikayəti olduğunu, buna görə də ona qanuna uyğun cəza təyin edilməsini xahiş etmişdir. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən cinayət törətmiş Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını, həmin Məcəllənin 59.1.11-ci maddəsinə əsasən cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə yardım göstərməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması istiqamətində hərəkətlərini, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən özünü təqsirli bilərək səmimi peşman olmasını, ilk dəfə cinayət törətməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, İİ Qarabağ müharibəsinin iştirakçısı olmaqla Cəbrayıl, Füzuli və Şuşa istiqamətində gedən döyüşlərdə iştirak etməsini, həmin döyüşlərdə xəsarət alması səbəbindən İİİ qrup əlil olmasını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 250s nömrəli sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edilməsi üçün bir neçə dəfə cəhd etməsini, hadisədən sonra zərərçəkmiş şəxsin ailəsinə maddi yardım göstərməklə üzrxahlıq etməsini, zərərçəkmiş şəxsin hüzr mərasiminin xərclərinin qarşılamasını, istintaq dövründə zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, məhkəmə istintaqında isə zərərçəkmiş şəxsin şikayətinin olmasına, bu şikayəti pul tələbi ilə əlaqələndirməsinə baxmayaraq zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edilməsi üçün çoxsaylı cəhdlər etməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2 və 58.3-cü maddələrini rəhbər tutaraq, onun törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi hallarını, şəxsiyyətini, cəzasını yüngülləşdirən halların olduğunu, cəzasını ağırlaşdıran halın olmadığını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halların mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 06 dekabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün İmişli Rayon Məhkəməsinə təqdimat verilmiş, lakin həmin məhkəmənin 08 dekabr 2022-ci il tarixli qərarı ilə təqdimat təmin edilməmiş və Təqsirləndirilən şəxs azad edilmişdir. İstintaq orqanının 08 dekabr 2022-ci il tarixli qərarı ilə onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Qeyd olunanlara və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın müddətindən çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinin tələblərinə uyğun olaraq məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, həmin maddəyə əsasən, ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün məntəqə tipli cəzaçəkmə müəssisəsi nəzərdə tutulmuşdur. Qeyd edilməlidir ki, cəzaçəkmə müəssisəsinin növünün müəyyən edilməsi və məhkumun cəmiyyətdən təcrid edilməsi dərəcəsi törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, onun şəxsiyyəti, əvvəllər məhkum olunub-olunmaması, təqsirkarın cinsi, yaşı və sair hallar nəzərə alınmaqla həll edilir. Müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün müəyyən edilməsi birbaşa cinayət qanunvericiliyi ilə tənzimlənir. Cinayət qanunu ilə müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumların islah edilməsi məqsədinə xidmət edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56-cı maddəsində nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 2012-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumların törətdiyi cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq onları bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır. Bununla yanaşı, azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər cins, yaş, məhkumun törətdiyi cinayətin ağırlıq dərəcəsi, cəzanı çəkdiyi dövrdə məhkumun davranışı və sağlamlıq vəziyyətinə görə differensiasiya olunur. Məhkumların differensiasiyası azadlıqdan məhrum etmə cəzasının icrasının qrup halında fərdiləşdirilməsi, ilk dəfə qısa müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin daha təhlükəli cinayətkarların zərərli təsirindən qorunması üçün mühüm əhəmiyyət kəsb edir. Cəzaçəkmə müəssisələrinin differensiasiyasının əsasını cinayət və cəza-icra hüququnun ədalət, humanizm, məcburetmə tədbirlərindən və məhkumların islah edilmə vasitələrindən məqsədəuyğun istifadə edilməsi, onlarda qanuna itaətin həvəsləndirilməsi və cəzanın islahedici təsirinin artırılması kimi prinsipləri təşkil edir. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin şərh edilməsinə dair” 12 yanvar 2012-ci il tarixli Qərarı). Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 8-ci maddəsinə əsasən məhkumların islah edilməsi - onlarda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılmasıdır. Məhkumların islah edilməsinin əsas vasitələrindən biri isə cəzanın icrasının və çəkilməsinin müəyyən edilmiş qaydasıdır. (Rejimdir) Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə övladının anadan olduğu halda Azərbaycan Respublikasının Konstitusiyasının 74 (Vətənə sədaqət) və 76-cı (Vətəni müdafiə) maddələrində nəzərdə tutulmuş vəzifələrinə əməl edərək İİ Qarabağ Müharibəsinə qatılmaqla insana, cəmiyyətə, birgəyaşayış qayda və ənənələrinə hörmətini, qanunlara itaətini müsbət şəkildə nümayiş etdirmişdir. Buna görə də onun törətdiyi cinayətə görə məntəqə rejimli cəzaçəkmə müəssisəsindən daha ağır olan ümumi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkməsi üçün ona 5 ildən artıq müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi ədalət mühakiməsinin maraqlarına və cəzanın məqsədlərinə uyğun deyildir. Bundan əlavə Təqsirləndirilən şəxs əməlinə tənqidi münasibətinin digər bir göstəricisi də ondan ibarətdir ki, hadisədən sonra zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etmiş, zərərçəkmiş şəxsin hüzr mərasiminin və digər xərclərinin qarşılanması üçün zərərçəkmiş şəxsin ailəsinə maddi yardımlar etmiş, zərərçəkmiş şəxsin hüquqi varisi onun bu hərəkətlərini qəbul edib müsbət qiymətləndirərərək Nahid Mərrəmovla barışması, ondan şikayət və tələbinin olmaması barədə ərizə vermiş, lakin məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi X2 Məhərrəmovla barışmadığını, onun qanuna müvafiq şəkildə cəzalandırılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməyə dəfələrlə cəhd etdiyini, lakin zərərçəkmiş şəxsin hüquqi varisi Zamin Yaqublunun ondan ilk öncə 20.000 manat, daha sonra isə 12.000 manat pul tələb etdiyini, lakin maddi imkanı olmadığından həmin pulu verə bilmədiyindən barışıq əldə edə bilmədiyini bildirmişdir. Beləliklə məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında göstərilən minimum həddə əsas cəza təyin edilməli və o, həmin cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinin tələblərinə əsasən, cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası həmçinin belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətin xarakterinə görə və həm onun özü və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin qarşısının alınması məqsədilə ona Azərbaycan Respublikası CM-in 263- 1.3-cü maddəsi ilə azadlıqdan məhrum etmə növündə əsas cəza ilə yanaşı həm də həmin maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəza da təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Həmin Məcəllənin 45.2-ci maddəsinin tələblərinə görə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Məhkəmə, hökmün nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etməyə dair hissəsinin - əlavə cəzanın icrasının Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 154.1-ci və 154.3-cü maddələrinin tələblərinə müvafiq olaraq həyata keçirilməsini də əsaslı hesab edir. Cəzaların İcrası Məcəlləsinin 154.3-cü maddəsinə əsasən isə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə cəza müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalara əlavə olaraq təyin edildikdə, cəzanı icra edən müəssisə və ya orqan əsas cəza müddəti qurtardıqdan sonra hökmün surətini və nəqliyyat vasitələrini idarə etmək hüququ verən sənədi məhkumun yaşadığı yerin icra məmuruna göndərməlidir. İcra məmuru isə həmin Məcəllənin 154.1-ci maddəsində göstərilən qaydalara əməl etməlidir. Azərbaycan Respublikası CPM-in 197.1.4 və 198.1-ci maddələrinə əsasən ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 116 ( bir yüz on altı) manat 95 (doxsan beş) qəpik məbləğində pul tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilsin. Ambulator məcburi narkoloji yoxlamanın 01 fevral 2023-cü il tarixli, 547 nömrəli rəyi nəzərə alınaraq, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-in 132.1.6-cı maddəsinə uyğun olaraq, bir ədəd diskin yaddaşına yazılıb iş materiallarında olan hadisə yerinə baxış keçirilməsi barədə protokola əlavə edilmiş, iş üzrə maddi sübut qismində tanınmış videogörüntülər iş materiallarında saxlanılmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə məsələsinə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia yoxdur. Məhkəmə gəldiyi nəticələri Birləşmiş Millətlər Təşkilatının «Əlillərin hüquqları haqqında» 13 dekabr 2006-cı il tarixli Konvensiyasının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.1996-cı il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2013-cü il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 06 dekabr 2022-ci il tarixdən 08 dekabr 2022-ci il tarixədək iş üzrə şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına hesablanıb həmin cəzadan çıxılmaqla üzərində qəti olaraq 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 (dörd) il 11 (on bir) ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində olan polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsinə təhvil verilsin, hökmün bu hissədə icrası yaşayış yeri üzrə İmişli rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etməyə dair əlavə cəzanın icrası əsas cəzanı icra edən müəssisə (orqan) tərəfindən Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 154.1 və 154.3-cü maddələrinin tələblərinə müvafiq olaraq həyata keçirilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Bir ədəd diskin yaddaşına yazılıb iş materiallarında olan hadisə yerinə baxış keçirilməsi barədə protokola əlavə edilmiş, iş üzrə maddi sübut qismində tanınmış videogörüntülər iş materiallarında saxlanılmalıdır. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 116 (bir yüz on altı) manat 95 (doxsan beş) qəpik məbləğində pul tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-381/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-381/2023
11.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver