Məhkəmə qərarları › İş №1(099)-383/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-383/2024

24.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-383/2024 24.07.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abışoğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, Məmmədov Orxan Şamil oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi, Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə 02 avqust 1995-ci ildə Biləsuvar şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, işləməyən, Biləsuvar şəhəri, 8 mart küçəsi ev 38-də qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 02 noyabr 2023-cü il tarixdə saat 23 radələrində Neftçala- Xolqaraqaşlı avtomobil yolunun rayonun Həsənabad qəsəbəsindən keçən hissəsində üzərində “Azər Yod” yazıları qeyd olunmuş lövhənin arxasındakı kolluq sahədən, istintaqa məlum olmayan mənbədən 1 ədəd ağ rəngli sintetik torbanın içərisində 1 ədəd üzəri yapışkan lentlə bağlanmış qara rəngli sellofan torbada 3920 qram, külli miqdarda narkotik vasitə qurudulmuş marixuana, 1 ədəd üzəri yapışkan lentlə bağlanmış şəffaf sellofan bükümdə 24,954 qram, külli miqdarda narkotik vasitə heroin və 1 ədəd üzəri yapışkan lentlə bağlanmış şəffaf sellofan bükümdə 17,233 qram, külli miqdarda psixotrop maddə metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə edib əlindəki ağ rəngli sintetik torbanın içərisində saxlayaraq daşıyarkən 02 noyabr 2023-cü il tarixdə saat 23 radələrində Neftçala Rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində üzərində “Azər Yod” yazılmış lövhənin qarşısında saxlanılmış, rayon polis şöbəsinə gətirilərək üzərində şəxsi axtarış aparılarkən əlində saxladığı sintetik torbanın içərisində satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlayaraq daşıdığı 3920 qram qurudulmuş marixuana, 24,954 qram narkotik vasitə olan heroin və 17,233 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs kimi dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, özü əslən Biləsuvardandır, lakin anası ilə Bakı şəhərində yaşamışdır. Özü təxinən 5-6 aydır ki, narkotik vasitə olan marixuanadan istifadə edir. xx.xx.2023-cü il tarixdə Biləuvar şəhərinə gələrək evdən paltaryuyan maşını götürüb Bakı şəhərinə aparmalı olmuşdur. Bu məqsədlə həmin gün saat 21 radələrində Bakı şəhərindən çıxıb, taksi ilə Biləsuvara gəlmək üçün 20 Yanvar metrosunun yanına gəlmişdir. Orada “Biləsuvar” qışqıran tanımadığı, daha sonra adını bildiyi İlkin adlı taksi sürücüsünə yaxınlaşmışdır. Onun maşını boş olmuşdur. Ona təklif etmişdir ki, 80 manat pul müqabilində onu Biləsuvar şəhərinə aparıb, Bakı şəhərinə qaytarsın. İlkin ilə razılaşmaqla Bakı şəhərindən Biləsuvara yola düşmüşlər. Onlar Biləsuvar şəhərinə təzə yol ilə getmişlər. Biləsuvara yol ayrılan körpüyə yaxınlaşanda avtomaşında yatdığına görə sürücü avtomobili Neftçala rayonu istiqamətində sürmüşdür. Neftçala rayonu ərazisində «Azər Yod» yazılmış lövhənin yanında ayaqyoluna getməyə ehtiyacı yarandığından yuxudan ayılmış və sürücüyə ayaqyoluna getmək istədiyini bildirməklə avtomaşını saxlamasını demişdir. Sürücü avtomaşını saxlamış, o avtomaşından düşərək bir qədər uzaqlaşmış, bu zaman kolluq sahədən bir neçə nəfər polis işçiləri çıxaraq onu tutmuşlar. Onun qabağında bir ədəd meşok qoyaraq ona həmin meşoğu götürmək üçün gəldiyini demişlər. Onu polis şöbəsinə aparmışlar, orada sənədləşmə aparılmış və izahatı alınmışdır. Polis işçilərinin tələbi ilə instaqram sosial şəbəkəsində iranlı şəxslə tanış olması, saxlanılmasından üç gün əvvəl həmin şəxsin kartına narkotikə görə 3000 manat pul köçürməsi və Neftçala rayonu ərazisinə iranlının göndərdiyi narkotiki götürmək üçün getməsi barədə ifadə vermişdir. Ancaq onun məqsədi Biləsuvar şəhərinə getməklə orada evdə olan soyuducunu götürüb Bakı şəhərinə aparmaq olmuşdur. Yolda olduqları vaxt taksidə yatdığına görə sürücü onu Neftçala rayonu ərazisinə aparmışdır. Polis işçiləri tərəfindən fiziki təsirlərə məruz qalmamış və döyülməmişdir. Lakin polis işçiləri onu narkotiki aparıb evlərinə qoyacaqları ilə hədələdiklərinə görə məcbur olub polis işçilərinin dedikləri məzmunda ifadə vermişdir. Lakin Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş ifadəsində göstərmişdir ki, instaqram sosial şəbəkəsindən “Əli” adlı istifadəçi ona marixuananın şəklini ataraq 3000 manata satdığını bildirmişdir. O da razılaşmışdır. O özündə olan pulu Əlinin ona atdığı Kapital Bank kartına göndərmişdir. Ona bildirmişdir ki, Neftçalada yod-brom zavodunun plakatının arxasında gizlətmiş və ona həmin yerin fotoşəklini atmışdır. Pulu Bakı şəhərindən xx.xx.2023-cü il tarixdə göndərmişdir. xx.xx.2023-cü il tarixdə saat 21 radələrində Bakı şəhərindən çıxıb, taksi ilə Neftçalaya gəlmək üçün 20 Yanvar metrosunun yanına gəlmişdir. Orada Neftçalaya taksi olmadığından “Biləsuvar” qışqıran tanımadığı, daha sonra adını bildiyi İlkin adlı taksi sürücüsünə yaxınlaşmışdır. Onun maşını boş olmuşdur. Ona təklif etmişdir ki, 80 manat pul müqabilində Neftçala rayonuna gedib qayıdaq.Orada dostu ilə görüşəcəkdir. Taksi sürücüsü onunla razılaşmışdır. Onlar yola düşmüşlər. O, naviqasiya vasitəsilə deyilən yerə çatmışdır. Həmin əraziyə çatanda taksi sürücüsünə demişdir ki, saxla ayaqyoluna düşüm. O da saxlamış, düşüb həmin içərisində narkotik olan kisəni götürəndən sonra polislər onu tutmuş, taksi sürücüsü ilə birlikdə Neftçala Rayon Polis Şöbəsinə gətirmişlər. Neftçala rayon polis şöbəsinin inzibati binasında şübhəli şəxs kimi tutulmuş, videoçəkilişdən istifadə edilərək və müdafıiəçinin iştirakı ilə ondan əlindəki ağ rəngli kisədə nə olduğu soruşulduqda kisədə marixuana olduğunu bildirmişdir. Daha sonra polis əməkdaşı tərəfindən həmin kisə açılmış və içərisində üzəri yapışkan lentlə bağlanmış, qara rəngli sellofan bağlama və 2 ədəd ayrı-ayrı bükümlər aşkar olunmuşdur. Üzərində şəxsi axtarış keçirilmiş, hər hansı qadağan olunmuş predmet aşkar olunmamışdır. Daha sonra kisədəki hər üç bağlama açıldıqda böyük bağlamada qurudulmuş marixuana, digər iki bağlamanın birində heroin, digərində «şüşə» adlanan metamfetamin aşkar olunmuşdur. Aşkar edilmiş həmin maddələr qablaşdırılaraq möhürlənmiş və bu barədə onun iştirakı ilə protokol tərtib olunmuşdur. Narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Həmin narkotik vasitədən sadəcə özü istifadə etmək niyyətində olmuşdur. O, Neftçalaya yola düşəndə mesajları da silmişdir ki, kiminsə əlinə düşməsin. O, 3000 manat pulu özü işləyərək uzun müddət ərzində qazanmışdır. Pulu Bakı şəhərində hazırda fikrindən çıxan küçələrin birindəki mağazadan Milliön ödəmə terminalı vasitəsilə göndərmişdir. Daha sonra da həmin qəbzi zibil qabına atmışdır. Təqsirləndirilən şəxs cinayət əməli özünün ifadəsindən əlavə məhkəmədə dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları, ekspert rəyləri və sair sənənlərlə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilən Şahid2 göstərdi ki, Neftçala Rayon Polis Şöbəsinin Narkotiklərlə mübarizə bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 02 noyabr 2023-cü il tarixdə Biləsuvar şəhər sakini Təqsirləndirilən şəxs Neftçala rayonu ərazisində narkotik vasitələri satış məqsədi ilə əldə etməsi və satışı ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat tədbiri həyata keçirilməklə Təqsirləndirilən şəxsı 02 noyabr 2023-cü il tarixdə müşahidəyə götürmüşlər. Təqsirləndirilən şəxs həmin gün saat 23 radələrində Şahid1 idarə etdiyi “Mersedes Benz E280” markalı, **-GO-*** qeydiyyat nişanlı avtomobil ilə Neftçala-Xolqaraqaşlı avtomobil yolunun Həsənabad qəsəbəsindən keçən hissəsinə gəlmiş, “Azər yod ” sözləri yazılan lövhənin yanında avtomobil dayanmış, Təqsirləndirilən şəxs avtomobildən düşərək lövhənin arxasındakı kolluq sahəyə tərəf getmişdir. Oradan əlinə ağ sintetik torbanı götürüb, onu gözləməkdə olan avtomobilə tərəf gedəndə hər ikisini eyni vaxtda saxlamışlar. Kənan əlindəki torbada narkotik vasitələr olduğunu və onu sosial şəbəkə vasitəsilə aldığını, gəldiyi taksi ilə də Bakı şəhərinə gedəcəyini bildirmişdir. Ərazi qaranlıq və çöl sahəsi olduğundan və sənədləşmə işlərinin aparılmasına münasib yer olmadığına görə onları Neftçala rayon Polis Şöbəsinə gətirilmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən tutulmuş, onun üzərində videoçəkilişlə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs götürdüyü kisədə narkotik vasitə olduğunu, üzərində isə heç bir şey olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi torba açılıb baxıldıqda içərisində hər biri ayrı-ayrılıqda polietilen torbaya bükülmüş narkotik vasitə olan marixuana və heroinə eləcə də psixotrop maddə metanfetaminə bənzər kütlələr aşkar olunmuşdur. Aşkar edilmiş kütlələr qablaşdırılaraq götürülmüş və bu barədə protokol tərtib edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi olaraq etiraf etmiş, ona hər hansı zor və ya təzyiq olunmamış və tərtib edilmiş protokolu imzalamışdır. Daha sonra Şahid1 üzərinə və idarə etdiyi “Mersedes Benz E280” markalı, **-GO-*** qeydiyyat nişanlı maşına videoçəkilişlə baxış keçirilmiş, üzərində və idarə etdiyi nəqliyyat vasitəsində hər hansı narkotik vasitə və cinayət xarakterli əşya aşkar olunmamışdır. Məhkəmə istintaqında şahid kimi dindirilən polis əməkdaşı Şahid5 da Şahid2la eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid3 göstərdi ki, Neftçala Rayon Polis Şöbəsində Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 02 noyabr 2023-cü il tarixdə Biləsuvar şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat tədbirinin keçirilməsində digər polis işçiləri ilə birgə iştirak etmişdir. Təqsirləndirilən şəxs Neftçala-Xolqarabucaq avtomobil yolunun Həsənabad qəsəbəsindən keçən hissəsində «Azər yod» yazılmış lövhənin yaxınlığından narkotik vasitəni götürəcəyi barədə məlumat əsasında həmin ərazidə gözləmişlər. 02 noyabr 2023-cü il tarixdə saat 23 radələrində Təqsirləndirilən şəxs «Mersedes» markalı avtomaşınla həmin yerə gəlmişdir. «Azər yod» sözləri yazılmış lövhənin yanında avtomaşın dayanmış, Kənan avtomaşından düşərək lövhənin arxasındakı kolluğa tərəf getmiş, sürücü isə sükan arxasında gözləmişdir. Sürücü kolluq sahədən ağ, sintetik torbanı götürüb avtomaşına tərəf gedəndə Kənanı və sükan arxasında olan sürücünü saxlamışlar. Onları Neftçala Rayon Polis Şöbəsinə aparmışlar. Polis şöbəsinə Təqsirləndirilən şəxs təqdim etdiyi torbaya baxış keçirilərkən torbada ayrı-ayrı bükümlərdə narkotik vasitə qurudulmuş marixuana, heroin və metamfetaminəbənzər gütlələrin olması məlum olmuşdur. Həmin maddələr qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs torbada aşkar olunan narkotik vasitələrin ona məxsus olduğunu, İran vətəndaşı tərəfindən göndərildiyini bildirmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir zor tədbiq etməmiş və təsir göstərməmişlər. Məhkəmə istintaqında şahid kimi dindirilən Neftçala Rayon Polis Şöbəsinin polis nəfəri Şahid4 da Şahid3la eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. Şəxsi axtarış və götürmə aparılması barədə 03 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əlində olan ağ rəngli, sintetik kisədə 32 qram narkotik vasitə heroinəbənzər, 17,9 qram metamfetaminəbənzər, 3 kq 975 qram marixuanayabənzər gütlələr aşkar olunaraq götürülmüşdür.Sorğu zamanı Təqsirləndirilən şəxs əlindəki kisədə olan heroini, metamfetamini və marixuananı instaqram sosial şəbəkəsində tanış olduğu, özünü Əli kimi təqdim edən şəxsin kart hesabına 3000 manat pul köçürməklə aldığını bildirmişdir. Məhkəmə-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 18/1038 saylı rəyində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş 01 ədəd polietilen torbada təmiz çəkisi- 3920,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə olan qurudulmuş marixuanadır. Materialların məhkəmə ekspertizasının xx.xx.2023-cü il tarixli, 18/1039 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 24,954 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 17,233 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Məhkəmə-narkoloji ekspertizasının 09 dekabr 2023-cü il tarixli, 8098 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə halları olmuş, lakin narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Narkomaniya xəstəliyindən əzab çəkmir, məcburi müalicəyə ehtiyacı yoxdur, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşdə olan tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Biləsuvar rayon məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 70-ci maddəsi tətbiq olunaraq həmin cəza 2 (iki) il sınaq müddəti müəyyən edilərək şərti tədbiq edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 06 avqust 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29,120.1 və 228.4-cü maddələri təqsirli bilinərək və CM-nin 71-ci maddəsinə əsasən şərti məhkum etmə ləğv olunaraq CM-nin 67.1-ci maddəsinə əsasən qəti olaraq 10 (on) il müddətə azadlıqdan məhrum edilmiş, Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 317-2.1-ci maddəsi ilə təqsirli bilinərək 4 ay müddətə azadlıqdan məhrum edilməklə, Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 06 avqust 2014-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 10 (on) il müddətinə azadlıqdan məhrumetmə cəzasının xx.xx.2015-ci il tarixə çəkilməmiş qalan 8 (səkkiz) il 5 (beş) ayı həmin hökmlə təyin edilmiş 4 (dörd) ay müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməklə qəti olaraq 8 (səkkiz) il 7 (yeddi) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2022-ci il tarixli “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş hissəsini çəkməkdən azad edilmiş, məhkumluğu ödənilməmişdir. Yaşayış yerindən verilmiş xx.xx.2023-cü il tarixli, 539-1/24190/2023 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs subaydır, himayəsində azyaşlı uşaq yoxdur, yaşayış yerindən verilən xasiyyətnamədə mənfi xarakterizə olunur. “Biləsuvar RMX” PHŞ-nin xx.xx.2023-ci il tarixli, PHŞ-2306 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs “Biləsuvar RMX” PHŞ-nin ruhi əsəb, narkoloji və alkoqol xəstəlikləri üzrə dispanser qeydiyyatında yoxdur. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddəni əldə etməsi, saxlaması və daşıması, əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə tədqiq edilmiş sübutlara əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Biləuvar şəhərinə gələrək evdən paltaryuyan maşını götürüb Bakı şəhərinə aparmalı olması, bu məqsədlə Bakı şəhərindən Biləsuvara yola düşməsi, Biləsuvara yol ayrılan körpüyə yaxınlaşanda avtomaşında yatdığına görə sürücünün avtomobili Neftçala rayonu istiqamətində sürməsi, Neftçala rayonu ərazisində «Azər Yod» yazılmış lövhənin yanında ayaqyoluna getməyə ehtiyacı yarandığından yuxudan ayılması və sürücüyə ayaqyoluna getmək istədiyini bildirib avtomaşını saxlamasını deməsi, avtomaşından düşərək bir qədər uzaqlaşarkən kolluq sahədən bir neçə nəfər polis işçilərinin çıxaraq onu tutmaları, onun qabağında bir ədəd meşok qoyaraq ona həmin meşoğu götürmək üçün gəldiyini demələri, polis işçilərinin tələbi ilə instaqram sosial şəbəkəsində iranlı şəxslə tanış olması, saxlanılmasından üç gün əvvəl həmin şəxsin kartına narkotikə görə 3000 manat pul köçürməsi və Neftçala rayonu ərazisinə iranlının göndərdiyi narkotiki götürmək üçün getməsi barədə ifadə verməyə məcbur olması barədə ifadəsini özünü müdafiə məqsədi daşımaqla qeyri-obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir. Onun ibtidai istintaqda verdiyi ilkin ifadəsi işin faktiki halları ilə uyğunluq təşkil etdiyindən məhkəmə həmin ifadəsini obyektiv ifadə hesab etməklə sübut kimi qəbul edir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Mayıl Kənanzadənin əməli istintaq orqanı tərəfindən CM-nin 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları müəyyən etmədi, əməlində cinayətlərin təhlükəli residivinin olmasını isə CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, əməlində cinayətlərin təhlükəli residivi olduğundan və əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 02 noyabr 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə-narkoloji ekspertizasının rəyi nəzərə alınmaqla Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmaqla Neftçala Rayon Polis Şöbəsində saxlanılan 3919,90 qram narkotik vasitə qurudulmuş marixuana, 24,904 qram heroin və 17,183 qram psixotrop maddə metamfetamin məhv edilməli, cinayət işinin materiallarında olan 3 ədəd videodisklər cinayət işində saxlanılmalıdır. Ekspertiza xərci 81 manat 69 qəpik Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 02 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmaqla Neftçala Rayon Polis Şöbəsində saxlanılan 3919,90 qram narkotik vasitə qurudulmuş marixuana, 24,904 qram heroin və 17,183 qram psixotrop maddə metamfetamin məhv edilsin. 3 ədəd disklər cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza xərci 81 (səksən bir) manat 69 (altmış doqquz) qəpik Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlikedən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Əli Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar