Məhkəmə qərarları › İş №1(099)-385/2025

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-385/2025

25.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-385/2025 25.08.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Məmmədov Neymət Hüsən oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 22 avqust 1999-cu ildə Kürdəmir rayonu Bağman kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta-ixtisas təhsilli, müəllim işləyən, subay, məhkum olunmamış, Şirvan şəhəri Xəqani küçəsi ev 67-də qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 24 fevral 2025-ci il tarixdə saat 23 radələrində Kürdəmir rayonu Ərşəli kəndi ərazisində yerləşən fəaliyyət göstərməyən kafenin həyətində satış məqsədi olmadan qanunsuz olaraq hər biri ayrı-ayrılıqda külli miqdar təşkil edən 5225 qram narkotik vasitə qurudulmuş marixuananı və 185 qram narkotik vasitə tiryəki əldə edib bir ədəd kisədə daşıyarkən Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Ərşəli kəndi ərazisində saxlanılaraq üstünün yoxlaması zamanı əlində saxladığı bir ədəd ağ rəngli kisədə içərisində 05 ədəd bağlamada 1160 qram, 1115 qram, 920 qram, 1080 qram və 950 qram-ümumi çəkisi 5225 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və bir bükümdə 185 qram kustar üsulla hazırlanmış narkotik vasitə tiryək aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs kimi dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, özü narkotik vasitələrdən istifadə etmiş, lakin narkotik vasitələrin satışı ilə məşğul olmamışdır.Təxminən üç ay əvvəl özünü İran vətəndaşı kimi dəqdim edən şəxs onunla WhatsApp proqramı ilə danışarkən ondan öz istifadəsi üçün 20 qram qurudulmuş marixuana istəmişdir. Həmin şəxsə narkotikə görə 750 manat pul göndərmişdir. Həmin şəxs 24 fevral 2024-cü il tarixdə ona narkotik vasitəni Kürdəmir rayonu Ərşəli kəndi ərazisində qoyulduğu yerin fotoşəklini göndərmişdir. 24 fevral 2025-ci il tarixdə saat 23:35 radələrində Kürdəmir rayonu Ərşəli kəndi ərazisində narkotik vasitənin qoyulduğu yerə getmişdir. Lakin narkotik vasitəni götürməmiş polis işçiləri onu tutmuşlar. Sonra polis işçiləri həmin ərazidə bir ədəd kisədə narkotik vasitələri tapıb götürmüşlər. O, həmin torbada olan narkotik vasitələrin ona məxsus olmadığını bildirmişdir. Həmin ifadəsini təsdiq etmir. Onun məqsədi göndərilməli olan 20 qram qurudulmuş marixuananı yaşadığı Şirvan şəhərinə evinə aparmaq və özü istifadə etmək olmuşdur. Məhkəmə istintaqında şahid kimi dindirilən Şahid1 göstərdi ki, Kürdəmir Rayon Polis Şöbəsində Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 24 fevral 2025-ci il tarixdə Şirvan şəhəri Xəqani küçəsi ev 67-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri üzərində saxlaması və daşıması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs ifşa olunması üçün müvafiq əməliyyat-axtarış tədbirləri həyata keçirilməklə Təqsirləndirilən şəxs 24 fevral 2025-ci il tarixdə saat 23:35 radələrində Kürdəmir rayonu Ərşəli kəndi ərazisində saxlamışlar. Təqsirləndirilən şəxs əlində saxladığı bir ədəd kisəyə baxış keçirildikdə içərisində narkotik vasitə qurudulmuş marixuanaya və tiryəkəbənzər kütlələrin olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir təsir-təzyiq göstərməmişlər. Məhkəmə istintaqında şahid kimi dindirilən polis əməkdaşları Şahid3, Şahid2 və X3 da Şahid1la eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdilər. xx.xx.2025-ci il tarixli şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında protokoldan görünür ki, Kürdəmir rayonu Ərşəli kəndi ərazisində videoçəkilişlə Təqsirləndirilən şəxs üstünün yoxlaması keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya vardırsa, təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əlində saxladığı 01 ədəd ağ rəngli kisəni təqdim edərək içərisində narkotik vasitə qurudulmuş marixuana və narkotik vasitə tiryək olduğunu bildirmişdir. Kisəyə baxış keçirilərkən içərisində narkotik vasitə qurudulmuş marixuanaya və narkotik vasitə tiryəkəbənzər kütlələrin olması müəyyən olunmuşdur. Həmin kütlələr qablaşdırılaraq götürülmüşdür. Məhkəmə-bioloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 18/174-175 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş 01 polietilen bükümdə təmiz çəkisi 185.0 qram olan, tünd-qəhvəyimtil rəngli maddə xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. 05 ədəd qara rəngli polietilen torbada ayrı-ayrılıqda təmiz çəkiləri -1160.0 qr, 1115.0 qr, 920.0 qr, 1080.0 qr, 950.0 qr, ümumi çəkisi 5225.0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eyni tərkibli narkotik vasitə qurudulmuş marixuanadır. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 909 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə etmə halları olub, lakin hal-hazırda müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur, ərazi narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İşdə olan tələbnamədə görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. “Kürdəmir rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsindən daxil olan xx.xx.2025-ci il tarixli, 18-1-49/2-413/2025 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həkim psixiatr və narkoloqun qeydiyyatında durmur. Beləliklə, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs onda aşkar olunmuş narkotik vasitələri satış məqsədi ilə əldə etməyə görə CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham verilsə də, tədqiq edilmiş sübutlarla onun narkotik vasitələri hər hansı şəxsə satmaq niyyətində olması müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs üzərində aşkar olunan narkotik vasitələri və ya onların bir hissəsini hər hansı şəxsə satması və ya satmaq barədə razılığa gəlməsi müəyyən edilməmişdir. Odur ki, məhkəmə işin faktiki hallarını-Təqsirləndirilən şəxs özünün narkotik vasitələrdən istifadə etməsini, üzərində aşkar olunmuş narkotik vasitələrin miqdarlarını, həmin maddələri satmaq barədə hər hansı şəxslə razılıq əldə etməməsini nəzərə alaraq onun narkotik vasitələri satmaq məqsədinin olmaması barədə ifadəsini obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul edir. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 №-li Qərarında da qeyd edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqları ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi və onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verəməklə və Azərbaycan Respublikası Ali Məhkəməsinin plenumunun qeyd olunan qərarına istinadən hesab edir ki, Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş narkotik vasitələri satış məqsədi ilə əldə etməsi təsdiq edilməmişdir. Odur ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-1-ci maddəsinə tövsif olunmaqla ona həmin maddə ilə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 24 fevral 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə-narkoloji ekspertizasının rəyi nəzərə alınmaqla Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmaqla Kürdəmir Rayon Polis Şöəbəsində saxlanılan 184,90 qram tiryək və 5224,50 qram qurudulmuş marixuana məhv edilməli, istintaq hərəkətləri barədə iki ədəd disklər cinayət işində saxlanılmalı, Təqsirləndirilən şəxs məxsus «İpone» markalı mobil telefon onun ailəsinə verilməlidir. Ekspertiza xərci 63 manat 90 qəpik Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 24 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. X4 ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmaqla Kürdəmir Rayon Polis Şöəbəsində saxlanılan 184,90 qram tiryək və 5224,50 qram qurudulmuş marixuana məhv edilsin. İstintaq hərəkətləri barədə iki ədəd disklər cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məxsus «İpone» markalı mobil telefon onun ailəsinə verilsin. Ekspertiza xərci 63 manat 90 qəpik Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Neymət Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar