Məhkəmə qərarları › İş №1(099)-386/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-386/2022

03.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-386/2022 03.06.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Nəbiyev Cəlil Cabbar oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X2, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi- Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1982-ci ildə Astara rayonu, Ərçivan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvələr məhkum olunmuş, məhkumluğu ödənilməmiş, işləməyən, Astara rayonu, Ərçivan Qəsəbə Ərazi Dairəsi, Ərçivan Qəsəbəsində qeydiyyatda olan və yaşayan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 2022-ci ilin mart ayının ortalarında özünə məlum olan mənbədən külli miqdarda psixotrop maddə metamfetamin və narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 25 mart 2022-ci il tarixdə saat 02 radələrində Astara şəhəri, Qum küçəsində yerləşən məscidin yaxınlığında saxlanılaraq həmin Baş İdarənin ünvan 1 ünvanında yerləşən X4 Şöbəsinə gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman onun satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşıdığı hər biri külli miqdar təşkil edən 4,199 qram çəkidə psixotrop maddə metamfetamin və 8,822 qram çəkidə narkotik vasitə heroin əynindəki gödəkçənin sağ yan cibindən 02 ədəd bükümdə aşkar edilərək götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən, yəni narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə deyil, öz şəxsi istifadəsi üçün əldə edirmiş, 2015-ci ildən psixotrop maddə metamfetamin istifadə edir, metamfetamin olmayanda isə narkotik vasitə heroindən falqa kağızında yandırıb tüstüsünü çəkməklə qəbul edir. Həmin maddələri Astara və Lənkəran şəhərlərində tanımadığı şəxslərdən alıb istifadə etmişdir. Narkotiklərə görə əvvəllər həbs olunmuşdur. Həbsdən azad olunduqdan sonra yenidən metamfetamin və heroin istifadə etməyə başlamışdır. 2022-ci ilin mart ayının ortalarında Astara şəhərində tanımadığı şəxsdən az miqdarda metamfetamin alaraq istifadə edirmiş. 25 mart 2022-ci il tarixdə gecə saat 2 radələrində yaşadığı evdə metamfetamin qəbul edən zaman polis əməkdaşları gələrək onu regional polis şöbəsinə aparmışlar. Ona təzyiq göstərərək cibinə metamfetamin və heroin qoymuşlar, sonra onu aldatmışlar ki, videoçəkilişdə həmin maddələrin ona məxsus olmasını desin. O, da aldanaraq axtarış zamanı videoçəkiliş keçiriləndə həmin maddələrin ona məxsus olmasını bildirmiş, bundan sonra həbs olunmuşdur. Özü narkomaniya xəstəliyindən əziyyət çəkir, metamfetamin və heroin qəbul edir, narkotik vasitələri də öz istifadəsi üçün əldə edir. Narkotiklərin istifadə etməsinə görə əməlindən peşimandır, lakin özü ilə bacarmır, xəstədir, narkotiklərdən asılıdır. Lakin narkotik vasitələrin satışı ilə məşğul olmur, yalnız öz istifadəsi üçün əldə edir. Məhkəmədən əməlinə uyğun yüngül cəza verməsini xahiş edir. Təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı və məhkəmə baxışı zamanı verdiyi ifadələr arasında ziddiyyətlər olduğu üçün onun ibtidai istintaqa verdiyi ifadəsi elan edilmiş, həmin ifadədə göstərmişdir ki, Tutulmamışdan 10 gün əvvəl Astarada Dadaş adlı şəxsin oğlu Emindən heroin və metamfetamin almış, həmin gündən başlayaraq tutulana qədər olan müddət ərzində metamfetamindən və heroindən hər gün istifadə etmiş, qalan hissəsini isə üzərində saxlamışdır. 25 mart 2022-ci il tarixdə gecə saat 02 radələrində Astara şəhəri, Qum qəsəbəsində məscidin yanında bir neçə mülki geyimli şəxslər yaxınlaşaraq polis əməkdaşları olmalarını bildirmişlər və onu Narkotiklərlə mübarizə idarəsinin regional şöbəsinə aparmışlar. Orada üzərində şəxsi axtarış aparılmış və üzərində olan əşyaları təqdim etməsini xahiş etmiş, üzərində psixotrop maddə metamfetamin və narkotik vasitə heroin olduğunu deyərək əynində olan gödəkçənin sağ yan cibindən içərisində heronin və metamfetamin olan plastik qabı təqdim etmiş və qutunun içərisində qeyd olunan maddələrdən olduğunu bildirmişdir. Təqdim etdiyi qutuya baxış keçirilmiş və oradan iki ədəd bükümdə heroin və metamfetamin aşkar olunmuşdur. Sorğu zamanı həmin maddələri qəsəbə sakini olan Dadaşın oğlu Emindən 400 manata aldığını, həmin şəxsdən əvvəllər də narkotik aldığını bildirmişdir. Həmin herion və metamfetamini heç kimə satmamış, öz şəxsi istifadəsi üçün əldə etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, 24 mart 2022-ci il tarixdə Astara rayonu, Ərçivan qəsəbə sakini Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə, psixotrop maddə, habelə onların prekusorlarını əldə etməsi, saxlaması, daşıması və satması barədə əməliyyat məlumatı daxil olmuş və əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs Astara rayonu, Ərçivan qəsəbəsində yaşadığı üçün qeyd olunan tarixdə Astara şəhərinə yola düşmüşlər, xx.xx.2022-ci il tarixdə X6 şəhəri, Qum küçəsində yerləşən məscidin yaxınlığında olması barədə əməliyyat məlumatı daxil olduqdan sonra həmin yerə getmişlər, saat 02:00-da qeyd olunan məscidin yaxınlığında Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək Baş Narkotiklərlə Mübarizə İdarəsinin X4 şöbəsinə dəvət etmişlər. İnzibati binada sonuncunun üzərində narkotik vasitə saxlamasında şübhəli olduğu üçün üzərində şəxsi axtarış aparıldı. Təqsirləndirilən şəxs üstündə olan əşyaları çıxarıb stolun üstünə qoymasını təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan gödəkcənin sağ yan cibindən plastik qutunu təqdim edərək qutunun içərisində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu, həmin maddələri 10 gün əvvəl tanışı Dadaşın oğlu Emin adlı şəxsdən şəxsi istifadəsi üçün aldığını, əvvəllər də həmin şəxsdən narkotik vasitə və psixotrop maddə aldığını, aldığı maddələrin bir hissəsini istifadə etdiyini bildirmişdir. Həmin qutunun açılmış və qutunun içərisində 02 ədəd bükümlərdə narkotik vasitə heroin və psixotrop maddə metamfetaminə bənzər maddələr aşkar olunmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitələrin satılması barədə əvvəllər şifahi məlumat daxil olmuş, lakin kimlərə satması barədə konkret fakt olmamışdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş X4 Şöbəsinin əməkdaşları Şahid2 və Şahid3 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan məhkəmə fiziki-kimyəvi ekspertizasının 25 mart 2022ci il tarixli 19/365 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “vət. Təqsirləndirilən şəxs olunun təqdim etdiyi 01 ədəd bükümdə heroinə bənzər və 01 ədəd bükümdə metamfetaminə bənzər Kütlələr plastik qutuya qoyulub qablaşdırıldı və möhürləndi...” sözlər və imzalar olan bir ədəd zərfdəki bir ədəd bükümdə təmiz çəkisi – 8.822 qram olan qəhvəyi rəngli maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, bir ədəd bükümdə təmiz çəkisi – 4.199 qram olan ağ rəngli kristalşəkilli maddə metamfetamindir. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (siyahı İ) daxildir. Heroinin təmiz çəkisi – 8.822 qr, tədqiqata sərf edildi - 0.05 qr, qalıq – 8.772 qr. Metamfetaminin təmiz çəkisi – 4.199 qr, tədqiqata sərf edildi - 0.05 qr, qalıq – 4.149 qr. Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat təşkil edır. İş materiallarında olan 13 aprel 2022-ci il tarixli 1763 saylı ambulator məcburinarkoloji tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcbuli müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 11 aprel 2022-ci il tarixli 887 nömrəli komisyon ambulator Məhkəmə Psixatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs emosional davamsız şəxsiyyət pozuntusu qeyd olunur. Təqsirləndirilən şəxs aşkar edilən emosional davamsız şəxsiyyət pozuntusu onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan «sübutların qiymətləndirilməsi haqqında» 06 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonnrakı qalıq 8,722 qram narkotik vasitə heroin, 4,149 qram psixotrop maddə metamfetamin maddi sübüt kimi tanınaraq saxlanılması üçün DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutlar saxlanılması otağına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçrilən zaman çəkilmiş videoçəkilişi əks etdirən bir ədəd DVD disk maddi sübut kimi tanınıraq cinayət işinin materiallarına əlavə edilmişdir. Həmin tarixi qərarla Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamini və narkotik vasitə heroini əldə etdiyi mənbənin müəyyən edilməsi məqsədilə cinayət işindən material ayrılmışdır. İş materiallarında olan 26 mart 2022-ci il tarixli qəbzdən görünür ki, şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 40 (qırx) manat pul onun özünə qaytarılmışdır. İş materiallarında olan 07 may 2022-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ona məxsus “Jinga” markalı mobil telefonun onun qohumlarına təhvil verilməsi üçün müdafiəçisi “Mərkəz” vəkil bürosunun vəkili X1 təhvil verilmişdir. İş materiallarında olan 25 mart 2022-ci il tarixli protokolla Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 mart 2022ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs olunmasının əvvəli 25 mart 2022-ci il tarixdən hesablanmmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən, hökmlərin və qərarın surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Astara Rayon Məhkəməsinin 13 dekabr 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 228.4 və 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il 9 (doqquz) ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Şirvan Apelyasiya Məhkəməsinin 20 fevral 2019-cu il tarixli hökmünə əsasən Astara Rayon Məhkəməsinin 13 dekabr 2018-ci il tarixli hökmü ləğv edilərək Təqsirləndirilən şəxs CM-nin 66.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası CM-nin 228.4 və 234.2-ci maddələri ilə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli qərarı ilə 5 ay 9 gün vaxtından əvvəl şərti azad olunmuş, 26 noyabr 2021-ci il tarixdə cəza müddəti başa çatmış, məhkumluğu ödənilməmişdir. İş materiallarında olan Lənkəran Rayon Məhkəməsinin 28 mart 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair Baş Narkotiklərlə Mübarizə İdarəsinin X4 Şöbəsinin 24 mart 2022-ci il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə” qərarı qanuni və əsaslı hesab edilmişdir. İş materiallarında olan 15 aprel 2022-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri nə vaxt, haradan, kimdən əldə etməsini, əvvəllər narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olub-olmamasını, əlaqə saxladığı şəxslərin dairəsini, onların həyat tərzini, məşğuliyyətlərini, narkotik vasitələrin və psixotrop maddələrin daşınmasında başqa bir şəxsin iştirakının olub-olmamasını, başqa cinayətlərdə iştirak edib-etməməsini, “Dadaşın oğl Emin” adlı şəxsin şəxsiyyətini və olduğu yerin müəyyən edilməi istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilsə də, müsbət nəticə əldə olunmamışdır. İş materiallarında olan yaşayış yerindən verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Astara rayonu, Ərçivan Qəsəbə Ərazi Dairəsi, Ərçivan Qəsəbəsində qeydiyyatda olmaqla yaşayır, ailə tərkibi arvadından, 10.01.205-ci il təvəllüdlü, xx.xx.2006-cı il təvəllüdlü yetkinlik yaşına çatmayan və xx.xx.2007-ci il təvəllüdlü azyaşlı uşaqlarından ibarətdir, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə toplanmış sübutların obyektivliyinə və mötəbərliyinə əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddəni satış məqsədi ilə deyil, öz istifadəsi üçün əldə etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxsin sözü gedən maddələrin satış məqsədi ilə əldə etməsi, saxlaması və daşıması, onu satmaq niyyətində olması, hər hansı bir istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi və ya kiminləsə sövdələşməsi, yaxud faktiki olaraq buna cəhd etməsi faktı nə ibtidai araşdırma zamanı, nədə ki, məhkəmə baxışında toplanmış sübutlarda öz təsdiqini tapmamışdır. İstintaq orqanı ittihamda satış məqsədini yalnız ona görə göstərmişdir ki, təqsirləndirilən şəxsdən aşkar edilmiş narkotik vasitə heroin və psixotrop maddə metamfetamin 2 qramdan artıq olmaqla külli miqdar təşkil edir, başqa digər hər hansı bir sübut isə olmamışdır. Əgər iş materiallarında belə sübutlar olsaydı, bundan sonra şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla yanaşı, həmçinin narkotik vasitələrin miqdarı da nəzərə alınmalı idi. Sözü gedən maddələrin külli miqdar təşkil etməsi məsələsinə gəldikdə isə qeyd edilməlidir ki, narkotik vasitənin miqdarının çox olması o halda sübut növü kimi qəbul edilə bilər ki, satış məqsədini təsdiq edən digər sübutlar da mövcud olsun. İbtidai araşdırma orqanı belə bir sübuta istinad etməmiş və iş materiallarında da belə bir sübut növü müəyyən olunmamışdır. Bununla da istintaq orqanı yalnız ehtimala əsaslanmaqla Təqsirləndirilən şəxs satış məqsədi barədə müvafiq ittiham vermişdir. Halbuki, qanunvericilik yalnız ehtimala əsaslanmaqla şəxsə hər hansı ittiham verilməsini qadağan edir. Belə bir halda narkotik vasitənin külli miqdar təşkil etməsi həmin narkotik vasitənin satış məqsədi ilə əldə edilməsini təsdiq edən amil kimi qiymətləndirilə bilməz. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il, №15-li Qərarının 23-cü bəndində qeyd olunub ki, məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. 37-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Lakin, nəzərə almaq lazımdır ki, cinayətin tövsifinin belə dəyişdirilməsinə yalnız o şərtlə yol verilə bilər ki, təqsirləndirilən şəxsin cinayət qanununun yeni maddəsi ilə tövsif olunan hərəkətləri və yaxud hərəkətsizliyi ona qarşı irəli sürülmüş (məhkəməyə verilən) ittihamda nəzərə alınmış olsun, daha ağır cinayətin əlamətlərinə malik olmasın və yaxud dəyişdirilmiş ittiham faktiki hallarına görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə təqsirləndirilən şəxsin müdafiə hüququnu pozmasın. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin dispozisiyasında göstərilir ki, qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə hərəkətlərinə görə məsuliyyət yalnız o vaxt yaranır ki, bu hərəkətlər satış məqsədi ilə törədilsin. Məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin deyil, həmin Məcəllənin 234.1-ci maddələsinin dispozisiya şərtlərinə uyğun gəlir. Ona görə də məhkəmə təqsirləndirilən şəxsin əməlini CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsini əsaslı sayır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara istinad edərək Təqsirləndirilən şəxs üzərində aşkar edilərək götürülmüş narkotik vasitə və psixotrop maddəni satış məqsədi ilə deyil, özünün istifadəsi üçün əldə etdiyi qənaətinə gəlir. Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək hüququna malikdir. Məhkəmə qanunun bu normasına istinad edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli və o, CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası CPM-in 21-ci maddəsinin tələbinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası CPM-in 28.1 və 28.4-cü maddələrində göstərilir ki, məhkəmələr cinayət işlərinə həmin Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalı, cinayət prosesində cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etməli, təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdırlar. Azərbaycan Respublikası CPM-in 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-in 349.5.1-ci maddəsinə görə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinə cinayət qanunvericiliyinin tələbləri baxımından hüquqi qiymət verərkən gəldiyi nəticələri, eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li qərarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilir ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində narkomaniya xəstəliyinin aşkar olunması və onun narkomaniya xəstəliyindən əziyyət çəkməsi, narkotik vasitənin onun tərəfindən xırda bükümlərə (bağlamalara) bölünməməsi, onların hazırlanması üçün üzərində hər hansı bir avadanlığın, olmaması, hər hansı bir istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi və ya kiminləsə sövdələşməsi, yaxud faktiki olaraq buna cəhd etməsi faktının müəyyən edilməməsi nəzərə alınaraq sözü gedən maddələrin satış məqsədi ilə əldə etməsi nəticəsinə gəlməyə əsas vermir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin dispozisiya şərtlərinə uyğun gəldiyini nəzərə alıb həmin maddə ilə tövsif edilməsini əsaslı sayır. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından onun əməli qanunauyğun cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs işin məhkəmə baxışı zamanı “onda aşkar olunan heroin və metamfetaminin polis əməkdaşları tərəfindən üzərinə yerləşdirilməsi” ilə bağlı ifadəsinə iş üzrə toplanmış digər sübutlarla birlikdə məcmu şəkildə qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin bu hissədə bildirdikləri həqiqətə uyğun deyil, onun müvafiq ifadə verməsi isə cinayət məsuliyyətindən yayınmaq məqsədini güdür. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 9cü bəndinin 2-ci hissəsində qeyd edilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübütlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə bu və digər məsələlər üzrə gəldiyi nəticələri, Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli qanunların tələbləri baxımından da, əsaslı hesab edir. Belə ki, həmin Qanunların tələblərinə və izahına əsasən Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitə heroin və psixtrop maddə metamfetamin “külli miqdar” kimi qiymətləndirilir. Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı və iki yetkinlik yaşına çatmayan uşaqlarının olması cəzasını yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxs hazırkı iş üzrə cinayəti Şirvan Apelyasiya Məhkəməsinin 20 fevral 2019-cu il tarixli hökmü üzrə məhkumluğu ödənilmədən və ya götürülmədən törətmişdir. Bu hal isə, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən residiv hesab olunmalı və həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilməlidir. CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Odur ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən resedivi nəzərə alınmalıdır. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-in 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Ambulator məcburi-narkoloji tibbi yoxlama rəyinə görə, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 4,149 qram psixotrop maddə metamfetamin və 8,772 qram narkotik vasitə heroin məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmasını əks etdirən 1 (bir) ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 50 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməli, cəzasının çəkilmə müddətinin əvvəli 25 mart 2022-ci il tarixdən hesablanmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 25 mart 2022-ci il tarixdən hesablansın. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə 50 (əlli) manat məbləğində ekspertiza Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış - DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 4,149 qram psixotrop maddə metamfetamin və 8,772 qram narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış şəxsi axtarış aparılmasını əks etdirən 1 (bir) ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəs ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar