Məhkəmə qərarları › İş №1(099)-386/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-386/2024

01.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-386/2024 01.05.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Əli Abdulla oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi- X4, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi- Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1975-ci il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işsiz, məhkum olunmamış, Lənkəran şəhəri Z.Əliyeva küçəsi ev 78/10 mənzil 42-də qeydiyyatda olmaqla yaşayan və barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 2023-cü ilin oktyabr ayında, Lənkəran şəhərində yerləşən mikrorayon adlanan ərazidə 01 (bir) bükümdə, təmiz çəkisi 4,912 qram olmaqla külli miqdar təşkil edən narkotik vasitə heroini və 01 (bir) bükümdə təmiz çəkisi 1,076 qram olub xeyli miqdarda psixotrop maddə metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə etmiş və üzərində daşımaqla saxlamış, bu barədə məlumat alan Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən 27 oktyabr 2023-cü il tarixdə, saat 17:30 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 1 ünvanında yerləşən polis şöbəsinə gətirildikdən sonra onun üzərinə şəxsi axtarış keçirilərkən əynində olan şalvarın sağ yan cibindən həmin bükümdə və çəkidə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib, ifadəsində göstərmişdir ki, özü əvvəllər psixotrop dərmanlardan istifadə etmiş, metadon atmışdır. 27 oktyabr 2023-cü ildə saat 16:00-dan sonra polis şöbəsindən 10 metr məsafədə Oba marektin qabağında saxlanılmışdır. Həmin vaxt mağazaya girib-çıxmış, Mehdinin maşınını görmüş, Mehdi gəlib ona yaxınlaşıb demişdir ki, “gedək şöbəyə işim var”. Onunla birgə regional polis şöbəsinə gəlmişdir. Orada Mehdi demişdir ki, “sənə demişdim ki, bizə köməklik elə”. Özü isə 2000-ci ildən polis əməkdaşlarına köməklik göstərmiş, çoxlu sayda narkotik satıcıları barədə məlumat vermişdir. Narkotiklərlə mübarizədə məlumatlar veməklə köməklik göstərmişdir. Otaqda Mehdi ilə oturan zaman isə Mehdi əlin atıb, göy sellofanı stolun üzərinə qoyub, demişdir ki, “bunu götür”. O isə Mehdiyə götürməyəcəyini demişdir. Mehdi isə onu təhdid edib, evinə aparıb iki kq qoyacağını demişdir. Görmüş ki, Mehdi əl çəkmir, onunla razılaşmışdır. Sonra isə təhqiqatçı Famil gəlmiş, demiş ki, “ayıbdır, Şahini tutmusuz”. Bundan sonra onu rəisin yanına aparmışlar. Rəis isə demişdir ki, “get, köməklik edəciyik”. Özü isə belə qalmış, çünki illərdir, polislərə köməklik etmişdir. Daha sonra onu prokurorluğa aparmışlar. O zaman isə demişlər ki, “bizdə təkrar da var ha, tutarıq sonra”. Prokurorluqda sənədlərə imza atdırmışlar, sonra oxumuş ki, orada “şikayətim yoxdur” yazılıb. Həmin sənədləri cırıb atmışdır. Bundan sonra isə ona xəbər edəcəklərini demişlər, lakin heç bir səs çıxmamışdır. Saxlanılarkən üstündə heç nə olmamışdır. Xidməti otaqda narkotik Mehdi tərəfindən üzərinə qoyulmuşdur. Tutulmamışdan qabaq rayon polis şöbəsindən çıxmışdır. Şöbədə istilik sistemini təmizləmişdir. O, şöbədə Faiq Baxşiyevin yanında olmuş, həmin vaxt Əlvan Məstiyev də orada olmuşdur. Himayəsində ana, atası var, ondan acıq çıxıblar, günahı yoxdur, özü hərbçi olmuş, vuruşmuşdur, barəsində qanuni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.1-1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2002-ci ildən narkotik vasitələrdən çəkmə üsulu ilə istifadə edir. Tutulmamışdan 2 gün əvvəl, yəni 25 oktyabr 2023-cü il tarixdə Lənkəran şəhəri, Mikrorayon deyilən ərazidə üzdən tanıdığı, lakin adını və ünvanını bilmədiyi şəxsdən 60 manata bir bükümdə kakos deyilən narkotik vasitə heroin və bir bükümdə şüşə deyilən psixotrop maddə metamfetamin alaraq üzərində saxlamışdır, həmin bükümləri üzərində saxlamaqda məqsədi sonradan istifadə etmək olmuşdur. Əldə etdiyi kakosdan 3 dəfə, şüşədən isə 1 dəfə istifadə etmişdir. Narkotik vasitələrin satış ilə məşğul olmur. 27 oktyabr 2023-cü il tarixdə, saat 17:30 radələrində Lənkəran şəhəri, T.İsmayılov küçəsində olarkən bir neçə nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşmış, özlərinin polis əməkdaşı olduğunu deyərək və onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirərək polis şöbəsinə dəvət etmişlər. Bundan sonra polis əməkdaşları ilə birlikdə regional polis şöbəsinə getmişdir. Şöbənin inzibati binasında, xidməti otaqlardan birində polis əməkdaşları tərəfindən ona hüquq və vəzifələri izah edilmişdir, hüquqlarının müdafiəsi üçün öz istəyi əsasında dövlət hesabına vəkil Vəliəhəd Həbibov təyin edilmişdir. Daha sonra vəkilin iştirakı və videoçəkiliş vasitəsi ilə üzərinə baxış keçirilmişdir. Baxış zamanı üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə təqdim etməyi ona bildirilmişdir. O da, əynindəki şalvarın sağ yan cibindən sellofana bükülmüş bir bükümdə psixotrop maddə metamfetamini və bir bükümdə narkotik vasitə heroini çıxarıb təqdim etmişdir. Polis əməkdaşları tərəfindən təqdim etdiyi bükümün içərisinə baxış keçirilmiş və bir bükümün içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə, digər bükümün içərisində isə narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən edilmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən üzərinə baxış keçirilmiş və başqa qanunsuz əşya aşkar edilməmişdir. Polis əməkdaşlarının onunla keçirdiyi şifahi sorğu-sual zamanı bildirmişdir ki, üzərindən aşkar edilmiş kütlələr kakos və şüşədir, özünə məxsusdur. Həmin kütlələri Lənkəran şəhərində Mikrorayon deyilən yerdə tanımadığı şəxsdən ümumilikdə 60 manat qarşılığında almışdır. Şüşədən 1 dəfə, kakosdan isə 3 dəfə istifadə etmişdir. Bu kütlələrdən heç kimə verməmiş və satmamışdır. Təqdim etdiyi kütlələr zərfə qoyularaq qablaşdırılış və möhürlənmişdir. Daha sonra bu barədə protokol tərtib edilmişdir. O da, protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. O narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə heç vaxt məşğul olmur. Məhkəmə iclasında məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs, həmin ifadələrini təsdiq etmədiyini, orada yazılanları oxumadan imzaladığını bildirmişdir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, 27 oktyabr 2023-cu il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşqul olması barədə qərəzsiz mənbədən məlumat əldə etmişdir. Təqsirləndirilən şəxs barəsində daxil olmuş həmin məlumat barədə şöbənin rəisinə məruzə etmiş və onun ətrafında əməliyyat tədbirlərinin keçirilməsindən ötrü 27 oktyabr 2023-cü il tarixdə şöbə rəisindən müvafiq razılıq alındıqdan sonra tərəfindən əməliyyat qrupu yaradılmışdır. Daha sonra Təqsirləndirilən şəxs ola biləcəyi ərazilər tərəflərindən müşahidəyə götürülmüşdür. xx.xx.2023-cü il tarixdə saat 17:30-da Təqsirləndirilən şəxs tərəflərindən Lənkəran şəhəri T.İsmayılov küçəsində yerləşən “Ufa” marketin yaxınlığında küçədə saxlanılmış və şöbəyə dəvət edilmişdir. Təqsirləndirilən şəxs üzərinə şöbədə müdafiəçinin iştirakı ilə və videoçəkilişlə şəxsi-axtarış keçirilmişdir. Şəxsi-axtarış zamanı Təqsirləndirilən şəxs şalvarının cibindən iki ədəd sellofan bükümü çıxarıb təqdim edərək stolun üzərinə qoyaraq bükümlərin içərisində “şüşə” və “kakos” olduğunu, həmin bükümləri sırağa gün Lənkəran şəhərində “Mikrorayon” deyilən ərazidə üzdən tanıdığı və adını bilmədiyi şəxsdən 60 manata alaraq qəbul etmək üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş bükümlərə təhqiqatçı tərəfindən baxış keçirəndə bükümün birinin içərisində metamfetaminə bənzər maddə, digərindən isə heroinə bənzər maddə aşkar edilmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs aşkar olunmuş həmin bükümlər elektron tərəzidə çəkildikdə zərfə qoyularaq qablaşdırılmış və götürülmüşdür. Təqsirləndirilən şəxs saxlanılarkən və polis şöbəsində olarkən heç bir təsir və ya təzyiq edilməyib, üzərinə narkotik vasitə qoyulmayıb, onun bu barədə bildirikləri tamamilə yalandır. Məhkəmə iclasında Şahid3 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid X2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs saxlanılmasının saatı və günü barədə məlumatı olmamışdır. Sonradan eşitmişdir ki, Şahin regional polis şöbəsi tərəfindən saxlanılıb. Şahini usta kimi polis şöbəsində işləyən görməmiş, ona pul verməmişdir. Şahin bu barədə yalan danışır. Məhkəmə iclasına gəlmədən bir gün öncə Şahini təsadüfən görmüş, ondan nə səbəbə məhkəmədə adını çəkdiyini soruşmuş, Şahin isə demişdir ki, “bilmədim kimin adını deyim, sənin adını çəkdim, gəl məhkəmədə danış mənə köməklik elə”. Təqsirləndirilən şəxs onunla heç bir məxfi əməkdaşlığı olmayıb. Məhkəmə istintaqı zamanı şahid X5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tutulmasından məlumatı olmayıb. Onun saxlanıldığı gün və ya ondan sonra Təqsirləndirilən şəxs şöbədə təmir işləri görməyib, yanında olmayıb, ona pul verməmişdir. Belə ki, şöbənin öz əməkdaşları var, hər hansı bir təmir işlərin də həmin şəxslər görür. Təqsirləndirilən şəxs hadisə günü yanında olması, ona pul verməsi yalandır. Təqsirləndirilən şəxs onunla heç bir məxfi əməkdaşlığı olmayıb. İşdə olan, BNMİ-nin CBRŞ-nin əməliyyat müvəkkili Şahid1 xx.xx.2023-cü il tarixli “Raport”u ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə icraatına əməliyyat məlumatı daxil olmuşdur. Onun ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilməsini xahiş etmişdir. (c İ, i.v 3) İşdə olan, «əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə» 27 oktyabr 2023-cü il tarixli qərarın məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair BNMİ-nin CBRŞ-nin əməliyyat müvəkkili Şahid1 tərəfindən qərar qəbul olunmuşdur. (c İ, i.v 4-5) İşdə olan, «şübhəli şəxsin tutulması haqqında» xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:30-da şübhəli şəxs qismində tutulmuşdur. (c İ, i.v 12) İşdə olan, xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə protokolundan və videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs əynində olan şalvarının sol cibindən 1 ədəd bükümdə heroinə bənzər maddəni və 1 ədəd bükümdə psixotrop olan narkotik vasitə metamfetaminə bənzər maddəni çıxardıb təqdim edərək götülür, Təqsirləndirilən şəxs həmin narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin özünə məxsus olduğunu etiraf etmişdir. (c İ, i.v 29-32) İşdə olan, materialların məhkəmə ekspertizasının xx.xx.2023-cü il tarixli 19/962 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümdə heroinə bənzər və 01 ədəd bükümdə metamfetaminə bənzər maddələr qablaşdırıldı və möhürləndi...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 01 ədəd bükümdə təmiz çəkisi 4,912 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; 1 ədəd bükümdə təmiz çəkisi 1,076 qram olan ağ rəngli kristallardan ibarət maddə metamfetamindir. Heroinin təmiz çəkisi 4,912 qr, tədqiqata sərf edildi-0,1 qram, qalıq 4,812 qr, metamfetaminin təmiz çəkisi 1,076 qr, tədqiqata sərf edildi-0,05 qram, qalıq 1,026 qr. Aparılmış ekspertiza tədqiqatının dəyəri 65 manat təşkil edir. (c İ, i.v 45-48) İşdə olan, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş, barəsində ev distaqlığı qətimkan tədbiri seçilmişdir. (c İ, i.v 23-26) İşdə olan, “ambulator məhkəmə-narkoloji ekspertiza” üzrə verilmiş xx.xx.2023-cü il tarixli, 994 saylı rəyin nəticə hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və STİMULYATORLARİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (POLİNARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburu müalicəyə ehtiyyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. (c İ, i.v 77) İşdə olan, xx.xx.2023-cü il tarixli, 1080 nömrəli tibbi ekspertizanın rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər-hansı bir xəsarət aşkar edilmədi. (c İ, i.v 79- 80) İşdə olan, xx.xx.2023-cü il tarixli Lənkəran ŞİHB-nın Liman Şəhər Mənzil Təsərrüfat İdarəsi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi arvadından ibarətdir, barəsində şikayət daxil olmamışdır. (c İ, i.v 89-90) İşdə olan arayışdan görünür ki, Təqsirləndirilən şəxs Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən psixi zorakılığa məruz qalmasına dair müraciəti xx.xx.2023-cü il tarixdə Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə rayon prokurorluğuna daxil olmuşdur. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə rayon prokurorluğuna müraciət edərək heç bir şikayət və tələbinin olmadığını və aparılan araşdırmanın dayandırılmasını xahiş edərək, həmin məzmunda ərizə vermişdir. Odur ki, Təqsirləndirilən şəxs müraciəti baxılmamış saxlanılmışdır. (c İ, i.v 98) İşdə olan, xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. (c İ, i.v 117-118) İşdə olan, xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, “İtel” markalı mobil telefon, iki ədəd bank kartı, pul qabı müstəntiq tərəfindən Təqsirləndirilən şəxs təhvil verilmişdir. (c İ, i.v 119) İşdə olan, xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş ekspertiza tətqiqatından sonrakı qalıq çəkisi 4,812 qram narkotik vasitə heroin və 1,026 qram psixotrop maddə metamfetamin, şəxsi axtarış aparılarkən qeydə alınmış video-görüntünün olduğu 01 ədəd DVD disk maddi sübut kimi tanınmış, ekspertizadan qaytarılmış narkotik vasitə heroin və psixotrop maddə metamfetamin saxlanılmasından ötrü Lənkəran ŞRPŞ-nin saxlama kamerasına təhvil verilmiş, 01 ədəd CD disk cinayət işinin materiallarına əlavə edilmişdir. (c İ, i.v 120-124) Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X3 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və seçdiyi müdafiəçisi vasitəsi ilə suallar vermiş, habelə ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs müdafiəsi üçün gətirdiyi dəlillər: saxlanılarkən üzərində heç bir narkotik vasitə, psixotrop maddə və qanunla qadağan edilmiş əşya və ya predmet olmamış, narkotik vasitə heroin və psixotrop maddə metamfetamin polis əməkdaşları tərəfindən üzərinə qoyulmuş, polis əməkdaşları tərəfindən ona təhdidlər edildiyi üçün həmin maddələrin özünə məxsus olmasını etiraf etmişdir. Məhkəmə ilk öncə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən pis rəftara və təhdidlərə məruz qalması ilə bağlı irəli sürdüyü dəlilə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Qanunvericiliyin tələblərindən göründüyü kimi, ibtidai istintaq dövründə qeyri-insani və ya şəxsiyyəti alçaldan, yaxud hər hansı digər formada qanunsuz təsirə məruz qalmağa dair şikayət işə mahiyyəti üzrə baxan yox, məhkəmə nəzarətini həyata keçirən məhkəmə qarşısında qaldırılan şikayətlər siyahısına aid edilmişdir. İş materiallarından göründüyü kimi, öz seçimi ilə cəlb edilmiş peşəkar vəkillə təmsil edilməsinə baxmayaraq, istər Təqsirləndirilən şəxs özü, istər onun vəkili ibtidai istintaq dövründə belə şikayətlə vaxtlıvaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmiş və eyni zamanda o, bu halı hər hansı dəlillə əsaslandırmamış və ya izah etməmişdir. Beləliklə, təqsirləndirilən şəxs üç aydan artıq müddət ərzində aparılmış ibtidai araşdırma zamanı təhdidlərə və pis rəftara məruz qaldığını mübahisələndirməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı təhqiqatçının suallarına cavab olaraq söylədiyi səsli nitqində təqdim etdiyi narkotik vasitənin və psixotrop maddənin özünə məxsus olduğunu, onu Lənkəran şəhərindən 60 manata tanımadığı şəxsdən aldığını, polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı qanunsuz hərəkətlərə yol verilmədiyini, zor tətbiq olunmadığını, bu barədə şikayət və tələbinin olmadığını bildirmiş, eyni zamanda onun saxlanılmasında iştirak etmiş polis əməkdaşları da məhkəmədə dindirilərkən tərəflərindən Təqsirləndirilən şəxs qarşı hər hansı bir fiziki və ya psixi təsirin göstərilmədiyini, üzərinə narkotik vasitə qoyulmadığını bildirmişlər. Bu səbəblərdən məhkəmə tərkibi hesab edir ki, yuxarıda qeyd olunanlar təqsirləndirilən şəxsin məhkəməyədək dövrdə özünə qarşı verdiyi ifadələrin məhz pis rəftar və təhdid nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Təqsirləndirilən şəxsin tutulduqdan sonra polis əməkdaşları tərəfindən pis rəftara və təhdidlərə məruz qalması ilə bağlı göstərdiyi xüsusat işin məhkəmə baxışı zamanı təsdiqini tapmamış, bununla da, ondan ifadələrin cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur. Məhkəmə tərkibinin belə qənaəti Avropa Məhkəməsinin Azərbaycana qarşı şikayətlərlə bağlı qəbul etdiyi bir sıra qərarlarda da öz əksini tapmışdır (Əhmədov Azərbaycana qarşı, № 30364/09, §§ 42-43, 12 noyabr 2013; Məmmədov Azərbaycana qarşı, № xx/xx/2013, §§ 23-27, 11 yanvar 2007; Rizvanov Azərbaycana qarşı, № 31805/06, §§ 12-20, 17 aprel 2012; və Nəcəfli Azərbaycana qarşı, № 2594/07, §§ 11-21, 2 oktyabr 2012). Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs işin məhkəmə baxışı zamanı tutulduqdan sonra pis rəftara, təhdidlərə məruz qalmaqla ondan şübhəli və təqsirləndirilən şəxs kimi izahat və etirafedici ifadələr alınması ilə bağlı bildirdiklərinə yuxarıda aparılmış təhlil nəzərə alınmaqla iş üzrə toplanmış digər sübutlarla birlikdə məcmu şəkildə qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin bu hissədə bildirdikləri həqiqətə uyğun deyil, onun müvafiq məzmunlu ifadə verməsi əsassız olaraq cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Təqsirləndirilən şəxs müdafiəsi üçün gətirdiyi digər dəlillərin qiymətləndirilməsi:Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ifadəsində bildirdiyi yuxarıda göstərilən xüsusatlar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə xx.xx.2023-cü ildə şübhəli (cild İ – i.v. 53- 55) və xx.xx.2023-cü ildə (cild İ – i.v 65-67), xx.xx.2024-cü ildə (cild İ – i.v 112-114) təqsirləndirilən şəxs qismində verdiyi ifadələri, şahid ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə, eləcə də Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı hadisə barədə söylədiyi səsli nitqi (o, ittihamda göstərilən xüsusatları, üzərindən aşkar olunmuş narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin özünə məxsus olduğunu və onu Lənkəran şəhərindən 60 manata tanımadığı şəxsdən aldığını, şəxsi istifadə məqsədilə üzərində saxladığını təsdiq etmiş) ilə tam təkzib olunur. Belə ki, həmin ifadələrdə və istintaq hərəkətində təqsirləndirlən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin özünə məxsus olmasını səsli nitqi ilə bilvasitə öz seçimi əsasında cəlb edilmiş peşəkar vəkilinin yanında qeyd-şərtsiz və açıq-aşkar formada bəyan etmişdir. Bununla yanaşı onun barəsində Lənkəran ŞRPŞ-nin İstintaq Bölməsində cinayət təqibi başlanan andan, barəsində olan cinayət işi ittiham aktı ilə məhkəməyə daxil olanadək müdafiəçinin iştirakı ilə verdiyi bütün ifadələrində polis əməkdaşları tərəfindən üzərinə narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin qoyulması ilə bağlı fikir ifadə etməmişdir. Ümumiyyətlə o, məhkəmə baxışı zamanı ibtidai araşdırma dövründən fərqli ifadə verməsini hər hansı bir mötəbər dəlillə əsaslandırmamış, yalnız saxlanılarkən və polis şöbəsində olarkən polis əməkdaşları tərəfindən təhdidlərə məruz qalmasını bildirməklə özünə qarşı verdiyi ifadələri inkar etmiş, lakin məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs irəli sürdüyü həmin dəlillər təsdiqini tapmamışdır. Bundan başqa Təqsirləndirilən şəxs saxlanıldığı gün Lənkəran ŞRPŞ-də təmir işləri görməsi, ona Faiq Baxşiyevin pul verməsi, Əlvan Məstiyevin də həmin vaxt orada olması və onu görməsi barədə ifadəsində göstərdiyi xüsusatlar, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Əlvan Məstiyev və Faiq Baxşiyevin ifadələri ilə tam təkzib edilmişdir. Artıq bu hallar təqsirləndirilən şəxsin məhkəmə baxışı dövründə verdiyi ifadələrin həqiqəti əks etdirmədiyi, əksinə ibtidai araşdırma zamanı heç bir təsir və təzyiq olmadan müdafiəçinin iştirakı ilə verdiyi ifadələrinin isə işin faktiki halları ilə üst-üstə düşdüyü və həqiqəti əks etdirdiyi qənaətinə gəlməyə əsas verir. Ona görə də, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı gətirdiyi dəlilləri məsuliyyətdən yayınmaq məqsədi ilə seçilmiş müdafiə taktikası kimi dəyərləndirir və hesab edir ki, təqsirləndirilən şəxs bu formada ifadə verməklə özünü məsuliyyətdən qurtarmağa çalışır. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cinayət işinin ibtidai araşdırma mərhələsində şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrini əsaslı və işin faktiki hallarına uyğun ifadələr kimi qəbul edərək məhz həmin ifadələrin ittihamın əsasına qoyulmasını məqsədə uyğun sayır. Bu səbəbdən də, cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlar vasitəsi ilə Təqsirləndirilən şəxs məhkəmədə qeyd etdiklərinin işin faktiki halları ilə üst-üstə düşmədiyi, obyektiv həqiqəti əks etdirmədiyi müəyyən olunur. Sadalananlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələrində göstərdikləri işin müəyyən olunmuş faktiki halları ilə birəbir uyğun olmuşdur. Təqsirləndirilən şəxs qeyd olunan ifadələrində üzərindən aşkar olunmuş narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin özünə məxsus olduğunu və Lənkəran şəhərindən 60 manata tanımadığı şəxsdən aldığını, şəxsi istifadə məqsədilə üzərində saxladığını bildirmişdir. Bununla yanaşı o, xx.xx.2023-cü ildə cinayət işinin materialları, eləcə də, təkrarən işdə olan dindirmə protokolları ilə tanış olsa da, həmin protokollarda əks olunmuş ifadələrinin məzmununu mübahisələndirməmiş, habelə buna dair düzəliş, qeyd, əlavə və etiraz verməmişdir. Bu hallar isə ona dəlalət edir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqında aşkarlanmış narkotik vasitə və psixotrop maddə ilə bağlı ifadə verərkən səmimi olmamış, əksinə qanunsuz əməllərini ört-basdır etmək məqsədi ilə ziddiyyətli ifadə verməklə çaşqınlıq yaratmaq məqsədi güdmüşdür. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə verdiyi ifadələrlə məhkəmə baxışında verdiyi ifadə arasında ziddiyyət təşkil edən hissəyə münasibətdə onun ibtidai araşdırma dövründə verdiyi qeyd olunan ifadələrini cinayət təqibi üzrə mötəbər sübut hesab edir. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı heç bir təsir və təzyiq göstərilmədən, müdafəçinin iştirakı ilə üzərindən aşkar edilmiş narkotik vasitənin və psixotrop maddənin ona aid olduğunu, Lənkəran şəhərindən 60 manata tanımadığı şəxsdən aldığını, şəxsi istifadə məqsədilə üzərində saxladığını, həmin maddələrin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülməsini etiraf etmiş və onun bu ifadələri iş üzrə CPM-nin 125.2-ci maddəsində sadalanan pozuntulara yol verilmədən əldə edilmiş digər sübutlarla da tam təsdiq edilmişdir. Çünki, təqsirləndirilən şəxsin yuxarıda göstərilən cinayət əməlini törətməsinə dair ittihamın əsasını təşkil edən sübut olaraq keçirilmiş 27 oktyabr 2023-cü il tarixli şəxsi axtarış və götürməyə dair protokol, həmçinin bu protokolun tərkib hissəsi olan videogörüntülər və maddi sübut, şahid ifadələri və ekspert rəyləri CPM-nin 125-ci maddəsinə uyğun olaraq qiymətləndirildikdə onların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadığı müəyyən edilmişdir. Belə ki, məhkəmə iclasında təqdiq edilmiş sənədlərdən görünür ki, 28 oktyabr 2023-cü il tarixdə cinayət işinin başlanmasından əvvəl Təqsirləndirilən şəxs barəsində CMnin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulması haqqında və ona dövlət hesabına müdafəçi ayrılmasına dair qərarlar qəbul olunmuşdur. Bununla əlaqədar Lənkəran Rayon Vəkil Bürosunun vəkili Vəliəhəd Həbibov Təqsirləndirilən şəxs təqdim olunmuş, sonuncu isə həmin vəkilin onu müdafiə etməsini ifadə edərək bu barədə tərtib olunmuş protokolu vəkillə birlikdə imzalamışdır. Məhkəmə iclasında tədqiq olunmuş şəxsi axtarış və götürməyə dair 27 oktyabr 2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş video-görüntülərdən görünür ki, müdafiəçisinin iştirakı ilə hüquq və vəzifələri izah edildikdən sonra Təqsirləndirilən şəxs şəxsi axtarış həyata keçirilmiş və əynindəki şalvarın sağ yan cibindən qanunsuz olaraq saxladığı narkotik vasitə heroin və psixotrop maddə metamfetamin iki ədəd bükülüdə aşkar edilərək qablaşdırılmış və götürülmüşdür. Məhkəmə qeyd edir ki, həmin videogörüntüdə, Təqsirləndirilən şəxs üzərində hərhansı zorakılıq əlaməti müşahidə edilməmiş, eləcə də, digər iştirakçılar və vəkil tərəfindən, habelə onun özü tərəfindən videogörüntüdə ona qarşı hər-hansı qanunsuzluq edilməsini ifadə etməmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında 04 mart 2011-ci il tarixli qərarının 28-ci bəndinə əsasən Məhkəmələrin diqqətinə çatdırılmışdır ki, Azərbaycan Respublikası CPM-nin 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-nin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının X6 gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Bu protokol məhkəmə tərəfindən CPM 125-ci maddəsinin tələblərinə uyğun qaydada yoxlanıldıqdan sonra mötəbər sübut kimi qəbul edilir. Çünki, Azərbaycan Respublikası CPM-nin 207.4 və 217.1-ci maddələrinin tələblərinə əsasən cinayət işi başlanmazdan şəxsin şübhəli şəxs qismində tutulmasına və şəxsi axtarışının aparılmasına yol verilir, digər tərəfdən isə istər məhkəməyədək icraat zamanı, istər məhkəmə baxışında, Təqsirləndirilən şəxs qarşı qeyri-insani və ya ləyaqəti alçaldan hərkətlərə yol verilməsi, habelə ona işgəncə verilməsini, təhdidlər edilməsini, pis rəftara məruz qalmasını təsdiq edən hər-hansı dəlil aşkar edilməmişdir. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqda onun bütün hüquqları, o cümlədən müdafiəçinin iştirakı təmin edilməklə tutulmasına dair protokol tərtib olunduqdan sonra şəxsi axtarışı həyata keçirilmiş, şəxsi axtarışın keçirilməsində hər-hansı qanun pozuntusu müşahidə olunmamışdır. İş materiallarından da görünür ki, Təqsirləndirilən şəxs tutulduğu andan müdafiəçi təqdim edilmiş və o, həm şübhəli, həm də təqsirləndirilən şəxs qismində müdafiəçinin iştirakı ilə dindirilmiş, hər iki dindirmə protokolunun sonunda “ifadəmi oxudum, imzamla təsdiq edirəm” sözləri yazılmış, həmin protokollar həm özü, həm də müdafiəçi tərəfindən imzalanmışdır. Məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halın və ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməlidir. Habelə Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalında həbs olunmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, habelə Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1, 158.2.2 və 158.6-cı maddələrinə əsasən, onun 27 oktyabr 2023-cü il tarixdən 29 oktyabr 2023-cü il tarixədək həbsdə saxlanılması, eləcə də 29 oktyabr 2023-cü il tarixdən 01 may 2024-cü il tarixədək ev dustaqlığında olması müddəti bir günə bir gün hesabı ilə azadlıqdan məhrumetmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin əvvəli 27 oktyabr 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınaraq Lənkəran Şəhər Rayon Polis Şöbəsinin saxlanc yerində saxlanılan müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 4,812 qram narkotik vasitə heroin və 1,026 qram psixotrop maddə metamfetamin məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması ilə bağlı video-çəkilişin yazıldığı 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında həbs edilsin və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 27 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına keçirilib həbsdə saxlanması üçün Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin X6 göndərilsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Lənkəran Şəhər Rayon Polis Şöbəsinin saxlanc yerində saxlanılan müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 4,812 qram narkotik vasitə heroin və 1,026 qram psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə maddi sübut olan və cinayət işinin materiallarına əlavə olunmuş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması ilə bağlı videoçəkilişin yazıldığı 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatı xərci-65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Əli Əliyev Hakimlər: Oruc Cəlilov Xamməd Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar