Məhkəmə qərarları › İş №1(099)-387/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-387/2023

12.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-387/2023 12.05.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Məmmədov Neymət Hüsən oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X1, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı oğlu və müdafiəçi- Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1987-ci ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, işsiz, məhkum olunmamış, Biləsuvar şəhəri, H.Əliyev küçəsi, ev 89-da qeydiyyatda olmaqla Biləsuvar şəhəri, Şəhriyar küçəsi, ev 09da qeydiyyatda olmaqla yaşayan, barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən isttifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda, 5,872 qram çəkidə narkotik vasitə heroini əldə edib, özündə saxlayaraq daşımış, Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 31 yanvar 2023-cü il tarixdə saat 21:05 radələrində Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən «Fədək» çay evinin yaxınlığında piyada hərəkətdə olduğu zaman narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq Biləsuvar rayon polis şöbəsinə gətirilmiş, üzərinə şəxsi axtarış keçirilən zaman həmin narkotik vasitə heroin bir ədəd şəffaf rəngli sellofan bükülüdə olmaqla əynindəki gödəkçənin sağ iç cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, evlidir, iki övladı vardır, heç vaxt narkotik vasitələr qəbul etməmiş, narkotik vasitə əldə etməmiş, satışını həyata keçirməmişdir. 31 yanvar 2023-cü il tarixdə, saat 21 radələrində qardaşı Şahid4la birlikdə Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən «Fədək» çay evinin yaxınlığında olan zaman polis əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim edib onu və qardaşı Şahid4 rayon polis şöbəsinə gətirmişlər. Orada qardaşını digər otağa aparmışlar, polis əməkdaşları üzərində axtarış keçirmişlər, lakin hər hansı qanunsuz əşya aşkar edilməmişdir. Bundan sonra polis əməkdaşları bildirmişlər ki, onun üzərinə narkotik qoyacaqlar, həmin narkotikin ona məxsus olmasını etiraf etməlidir, əks halda qardaşını narkotik saxlamasında şərləyib tutacaqlar. Qardaşının tutulmasından ehtiyatlanaraq, polis əməkdaşlarının təklifi ilə razılaşmağa məcbur olmuşdur. Bundan sonra ona bağlama verilmiş, vəkil dəvət olunmuş və videoçəkilişlə üzərinə axtarış keçirilmiş, o, da polis əməkdaşları tərəfindən üzərinə qoyulan narkotiki cibindən çıxararaq təqdim etmiş və bir neçə gün əvvəl tapdığını bildirmişdir. Heç bir günahı yoxdur, nəzərə alınmasını xahiş edir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı və məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyətlər olduğu üçün onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Həmin ifadədə o, bildirmişdir ki, tutulmamışdan təxminən on gün əvvəl Biləsuvar şəhəri, H.Əliyev küçəsində piyada hərəkətdə olarkən yerdən şəffaf rəngli sellofandan olan bir ədəd bükülü tapmışdır. Həmin bükülünü açan zaman içərisində tozşəkilli maddə olduğunu görmüşdür. Həmin bükülünü üzərində saxlamışdır ki, öyrənib görsün tapdığı bükülünün içərisindəki nədir. 31 yanvar 2023-cü il tarixdə saat 21 radələrində tutularaq polis şöbəsinə gətirilmiş, orada üzərində axtarış keçirilən zaman ona təklif olunmuşdur ki, hər hansı bir narkotik maddə və qanunla qadağan olunmuş əşya varsa könüllü təqdim etsin. O, da əynindəki gödəkçəsinin sağ iç cibindən şəffaf rəngli sellofana bükülmüş bir ədəd bükülünü təqdim edərək bildirmişdir ki, narkotik vasitə istifadəçisi olmasa da təqdim etdiyi bükülünün içərisində narkotik vasitə heroin olmasını sonradan bilmişdir, həmin bükülünü on gün bundan əvvəl Biləsuvar şəhəri, H.Əliyev küçəsində piyada hərəkətdə olarkən yerdən tapmış, maraqlı gəldiyinə görə üzərində saxlamışdır. Bundan sonra həmin bükülüyə onun iştirakı ilə açılaraq baxış keçirilmiş və bükülünün içərisində həqiqətən də narkotik vasitə heroinə bənzər maddə olması aşkar olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq və məhkəmə zamanı verdiyi ziddiyyətli ifadələri müqayisəli tətqiq edərək hesab edir ki, onun məhkəmə baxışı zamanı verdiyi ifadəsində “qardaşının tutulmasından ehtiyyatlanaraq, polis əməkdaşlarının təklifi ilə razılaşmağa məcbur olub şəxsi axtarış zamanı polis əməkdaşları tərəfindən üzərinə qoyulan narkotiki cibindən çıxarıb təqdim etməklə etirafedici ifadə vermişdir” xüsusatları obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və özünü müdafiə xarakteri daşıyır. Məhkəmə, təqsirləndirilən şəxsin məhkəmə baxışı zamanı ifadəsində göstərdiyi sözü gedən xüsusatları ona cinayət məsuliyyətindən boyun qaçırmaya yönələn cəhd kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini işin faktiki hallarına uyğun olduğunu hesab edir və sübut kimi qəbul edir. Məhkəmə baxışında iş üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, X6 onun doğma böyük qardaşıdır. 31 yanvar 2023-cü il tarixdə saat 21 radələrində qardaşı Təqsirləndirilən şəxsla birlikdə Biləsuvar şəhəri, H.Əliyev küçəsindən keçib evlərinə gedirmişlər. Həmin küçədə yerləşən «Fədək» çay evinin yaxınlığında olan zaman polis əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim edib onu və qardaşını polis şöbəsinə gətirmişlər. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli kimi saxlanılmış, üzərində şəxsi axtarış keçirilmiş, lakin qanunsuz hər hansı bir əşya aşkar edilməmiş və sərbəst buraxılmışdır. Həmin vaxt məlum olmuşdur ki, Təqsirləndirilən şəxs cibindən narkotik çıxmasında şübhələnir, bu səbəbdən də qardaşını cinayət məsuliyyətinə cəlb etmişlər. Lakin o, qardaşı Elçinin üzərində heç vaxt narkotik vasitə görməmiş, qardaşı heç vaxt narkotik vasitələr qəbul etmimiş, satışını həyata keçirməmişdir. İş üzrə şahid qismində dindirilmiş Biləsuvar rayon Polis şöbəsinin əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, Biləsuvar şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumatı daxil olmuş və əməliyyat qrupu yaradılmışdır. 31 yanvar 2023-cü il tarixdə saat 21:00 radələrində əməliyyat tədbiri keçirilməyə başlanılmış və Təqsirləndirilən şəxs Biləsuvar şəhəri, H.Əliyev küçəsində piyada hərəkətdə olduğu zaman «Fədək» çay evinin yaxınlığında yaxınlaşıb özlərini təqdim edərək Elçini və yanında olan qardaşı Şahid4 ilə birlikdə şöbəyə gətirmişlər. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman təklif edilmişdir ki, üzərində qanunla qadağan edilmiş narkotik vasitə və yaxud digər əşya vardırsa təqdim etsin. Təqsirləndirilən şəxs əynindəki gödəkçəsinin sağ iç cibindən şəffaf rəngli sellofana bükülmüş bir ədəd bükülünü çıxarıb təqdim edərək bildirmişdir ki, təqdim etdiyi bükülünün içərisindəki narkotik vasitə heroindir, özünə məxsusdur, həmin narkotik vasitə heroini on gün bundan əvvəl Biləsuvar şəhəri, H.Əliyev küçəsində gedərkən yerdən tapmış və üzərində saxlamışdır. Daha sonra həmin bükülüyə onun iştirakı ilə açılaraq baxış keçirilmiş və bükülünün içərisində həqiqətən də narkotik vasitə heroinə bənzər maddə olması aşkar olunmuşdur. Həmin maddə qablaşdırılaraq götürülmüşdür. Elçinin qardaşı Şahid4 üzərindən isə hər hansı bir qanunsuz əşya aşkar edilmədiyi məsuliyyətə cəlb edilməmişdir. Şahid qismində dindirilmiş Biləsuvar rayon Polis şöbəsinin əməkdaşı Şahid3 Şahid1 göstərdikləri xüsusatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan məhkəmə məhkəmə fiziki-kimyəvi ekspertizasının 01 fevral 2023-cü il tarixli 19/138 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində «Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd bükülü...» sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 (bir) ədəd bükümdə təmiz çəkisi- 5,872 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin» siyahısına daxildir. Tədqiqatdan sonrakı qalıq heroin 5,822 qram təşkil edir. Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 60 (altmış) manat təşkil edır. İş materiallarında olan 03 fevral 2023-cü il tarixli 134 saylı ambulator məcburinarkoloji tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmur. Məcburi məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan 27 fevral 2023-cü il tarixli 548 saylı məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs emosional davamsız şəxsiyyət pozuntusu aşkar olunur. Onda aşkar edilən emosional davamsız şəxsiyyət pozuntusu onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Onun hazırki psixi vəziyyətinə barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. O, barəsində aparılan istintaq hərəkətlərinin mahiyyətini dərk etmək, onlara uyğun istintaq hərəkətlərində iştirak etmək imkanına malikdir. O, törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olduğundan törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası CM-nin 21ci və 22-ci maddələrinin təsiri altına düşmür. Onun əqli-intellektual imkanları normaya uyğundur. Kobudluq, eqosentrizm, emosional dayanıqsızlıq, qıcığa qarşı həssaslıq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Yaş xüsusiyyətləri və intellektual inkişafı nəzərə alınmaqla etdiyi hərəkətlərin xarakterini və mənasını anlaya bilərdi. Onda başqalarının təsiri altında uydurmağa meyillilik aşkar edilməmişdir İş materiallarında olan 31 yanvar 2023-cü il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan və diskdə qeyd olunan videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və Təqsirləndirilən şəxs əynindəki gödəkçəsinin sağ iç cibindən şəffaf rəngli sellofana bükülmüş bir ədəd bükülünü təqdim edərək bildirmişdir ki, təqdim etdiyi bükülünün içərisində narkotik vasitə heroin olmasını sonradan bilmişdir, həmin bükülünü on gün bundan əvvəl Biləsuvar şəhəri, H.Əliyev küçəsində piyada hərəkətdə olarkən yerdən tapmış və üzərində saxlamışdır. İş materiallarında olan 31 yanvar 2023-cü il tarixli «cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Biləsuvar rayon məhkəməsinin 02 fevral 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs olunmasının əvvəli 31 yanvar 2023-cü il tarixdən hesablanmmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 02 fevral 2023-cü il tarixli «maddi sübut kimi tanınması haqqında» qərardan görünür ki, ekspertiza tədqiqatından sonrakı qalıq 5,822 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış saxlanılması üçün Biləsuvar RPŞ-nin maddi sübutların saxlanma otağına təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır. İş materiallarında olan Biləsuvar Rayon Məhkəməsinin 02 fevral 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs ətrafında müvafiq əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair Biləsuvar RPŞ-nin CAB-iun baş əməliyyat müvəkkili polis mayoru Şahid1 qərarı qanuni və əsaslı hesab edilmişdir. İş materiallarında olan Biləsuvar rayon İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 03 fevral 2023-cü il tarixli ailə tərkibi haqqında arayışdan və xasiyyətnamədən görünür ki, Aslanov X2 şəhəri, H.Əliyev küçəsi 89-da ünvanında qeydiyyatda olmaqla yaşayır, ailə tərkibi arvadlından, xx.xx.2019-cu il təvəllüdlü X3, xx.xx.2022-ci il təvəllüdlü X4 adlı azyaşlı uşaqlarından, ata, ana və qardaşından ibarətdir, yaşadığı müddət ərzində barəsində heç bir şikayət daxil olmamış, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə olunmuş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən tərtib edilmiş Sosial arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2006-cı il tarixdə müddətsiz İİİ dərəcəli əlilik verilmiş və hər ay 150 manat sosial müavinət alır. İş materiallarında olan «cinayət işinin materiallarından başqa cinayət işinin ayrıca icraata ayrılması və icraata qəbul edilməsi haqqında» 07 aprel 2023-cü il tarixli qərarla cinayət işindən Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə başqa cinayət işi ayrıca icraata ayrılmışdır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, işdə olan digər sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-in 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onun tərəfindən törədilmişdir, bu cinayətlərə görə ona ittiham verildiyi Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində o, təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmamışdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə düzgün ittiham verilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 9cü bəndinin 2-ci hissəsində qeyd edilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübütlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə bu və digər məsələlər üzrə gəldiyi nəticələri, Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli qanunların tələbləri baxımından da, əsaslı hesab edir. Belə ki, həmin Qanunların tələblərinə və izahına əsasən Təqsirləndirilən şəxs əldə etdiyi narkoltik vasitə heroin “külli miqdar” kimi qiymətləndirilir. Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs İİİ dərəcəli əlil olması, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və ilk məhkumluğunu yüngülləşdirici hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-in 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Ambulator məcburi-narkoloji tibbi yoxlama rəyinə görə, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunmadığından məcburi müalicəyə ehtiyacı yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub - Biləsuvar Rayon Polis Şöbsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 5,822 qram narkotik vasitə heroin məhv edilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 60 (altmış) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməli, cəzasının çəkilmə müddətinin əvvəli 31 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 31 yanvar 2023-cü il tarixdən hesablansın. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış – Biləsuvar Rayon Polis Şöbsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 5,822 qram narkotik vasitə heroin məhv edilsin. İş üzrə 60 (altmış) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəs ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Cavid Səfərli Hakimlər: Neymət Məmmədov Müşfiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar