Məhkəmə qərarları › İş №1(099)-388/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-388/2022

09.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-388/2022 09.06.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi, X4, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi, Lənkəran Rayon Vəkil Bürosunun vəkili X2 iştirakları ilə xx xxxxxx 1989-cu ildə Sabirabad rayonunu Pakrovka kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Sabirabad rayonu Qaratəpə kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq iki ədəd bükümlərdə külli miqdarda - 6,298 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 09 fevral 2022-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 13.10-da Sabirabad rayonunun Dadaşbəyli kəndində saxlanılaraq Sabirabad Rayon Polis Şöbəsinə dəvət olunub üzərinə şəxsi axtarış keçirilərkən əynində olan idman şalvarının sağ yan cibindən iki ədəd bükümlərdə ayrıayrılıqda təmiz çəkiləri 3,138 qram və 3,160 qram olmaqla ümumilikdə 6,298 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, narkotik vasitələrdən istifadə edir. 09 fevral 2022-ci ildə Sabirabad rayonu Dadaşbəyli kəndində polis işçiləri onu üzərində qanunsuz silah saxlamaqda şübhəli şəxs kimi tutulmuşdur. Həmin vaxt onun üzərində heç bir narkotik vasitə olmamışdır. Üzərində silah aşkar olunmadığına görə polis işçiləri tərəfindən üzərinə narkotik vasitə heroin qoyulmuşdur. Üzərində aşkar olunmuş heroin polis əməkdaşları tərəfindən qoyulmuşdur. Lakin Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan edilməklə tədqiq olunmuş ifadəsində göstərmişdir ki, narkotik vasitə heroini çəkmək yolu ilə qəbul edir. Narkotik vasitələri təsadüfi şəxslərdən alır. 08 fevral 2022-ci il tarixdə saat 11:00-12:00 radələrində Sabirabad şəhərində yerləşən Avtovağzal deyilən ərazidə “Ramin” kimi tanıdığı şəxsdən ümumilikdə 75 manat pul müqabilində öz şəxsi istifadəsi üçün iki bükümdə narkotik vasitə heroin almışdır. Onun üstündən bir az istifadə edib, qalan hissəsini sonra qəbul etmək məqsədi ilə üzərində gəzdirirdi. 09 fevral 2022-ci il tarixdə saat 13 radələrində Sabirabad rayonu, Dadaşbəyli kəndi ərazisində olduğu zaman polis əməkdaşları tərəfindən saxlanılmışdır. Polis əməkdaşları ona narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğuna bildirmişlər. O, səmimi olaraq etiraf edib bildirmişdir ki, hazırda üzərində narkotik vasitə heroin vardır. Bundan sonra polis əməkdaşları onu Sabirabad Rayon Polis Şöbəsinə dəvət etmişlər. Polis şöbəsinə hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah olunduqdan sonra video çəkilişdən istifadə edilməklə polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o, əynində olan qara rəngli idman şalvarının sağ yan cibindəki 02 ədəd sellofan bükümü, əynimdə olan idman gödəkçəsinin sağ yan cibində olan “Samsung” markalı mobil telefonu təqdim etmişdir. Təqdim etdiyi 02 ədəd sellofan bükümün içində narkotik vasitə heroin olduğunu qeyd etmişdir. Təqdim etdiyi sellofan bükümlər açıldıqda bükümlərin içərisində heroin olması müəyyən edilmişdir. Şifahi sorğu zamanı üzərindən aşkar edilmiş 02 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə heroini 08 fevral 2022-ci il tarixdə saat 11:00-12:00 radələrində Sabirabad rayonunda yerləşən avtovağzal “Ramin” kimi tanıdığı şəxsdən 75 manat pul müqabilində öz şəxsi istifadəsi üçün aldığını, narkotik vasitə heroini şəxsi istifadəsi üçün üzərində saxlayıb daşıdığını bildirmişdir. Üzərində aşkar olunmuş heroin qablaşdırılmaqla götürülmüşdür. Təqsirləndirilən şəxs cinayət əməli özünün ifadəsindən əlavə məhkəmədə şahid kimi dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları, ekspert rəyləri və sair sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, Şahid1 məhkəmədə göstərdi ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması barədə daxil olmuş əməliyyat məlumatı əsasında 09 fevral 2022-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs saat 13:10-da Sabirabad rayonu Dadaşbəyli kəndi ərazisində saxlanılmışdır. Ona üzərində narkotik vasitə və psixotrop maddə daşımaqda şübhəli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə heroin olduğunu etiraf etmişdir. O, Sabirabad Rayon Polis Şöbəsinə aparılaraq şübhəli şəxs qismində tutulmuşdur. Video çəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs üzərində narkotik vasitələri, psixotrop maddə və ya başqa qanunsuz əşya vardırsa, təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə heroin olduğunu bildirib, əynində olan qara rəngli idman şalvarının sağ yan cibində olan 02 ədəd sellofan bükümü, əynində olan idman gödəkçəsinin sağ yan cibində olan “Samsung” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Onun təqdim etdiyi sellofan bükümlər açıldıqda bükümlərin içərisində qəhvəyi rəngli, spesfik qoxuya malik narkotik vasitə heroinə oxşar maddələr olması müəyyən edilmişdir. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 02 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə heroini 08 fevral 2022-ci il tarixdə saat 11:00-12:00 radələrində Sabirabad şəhərində yerləşən Avtovağzal ərazisində anket məlumatlarını dəqiq bilmədiyi “Ramin” adlı şəxsdən 75 manat pul müqabilində öz şəxsi istifadəsi üçün aldığını, narkotik vasitə heroini şəxsi istifadə üçün üzərində saxlayıb daşıdığını bildirmişdir. Həmin maddələr müvafiq qaydada qablaşdırılaraq götürülmüş və bu barədə protokol tərtib olunmuşdur. Təqsirləndirilən şəxs qarşı heç bir qanunsuz hərəkət etməmişlər, ona təzyiq və təsir göstərməmişlər. Təqsirləndirilən şəxs üzərinə narkotik vasitənin polis əməkdaşları tərəfindən qoyulmasına dair ifadəsi yalandır, özünü müdafiə məqsədi daşıyır. Məhkəmə istintaqında şahid kimi dindirilən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Şahid2 və Şahid3 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərilən xüsusatları təsdiq etdilər. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 09 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 09 fevral 2022-ci il tarixdə saat 13:10-da Sabirabad rayonu Dadaşbəyli kəndi ərazisində saxlanılaraq Sabirabad Rayon Polis Şöbəsinə dəvət edilmiş və orada xidməti otaqların birində saat 14:50-dən etibarən üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan şalvarının sağ yan cibindən iki ədəd bükümdə narkotik vasitə olan heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış və götürmənin aparılması videoçəkliliş əsasında keçirilərək bir ədəd DVD diskə yazılaraq protokola əlavə edilmişdir. Materialların məhkəmə ekspertizasının 10 fevral 2022-ci il tarixli, 6/824 №li rəyində göstərilir ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs üzərindən götürülmüş iki ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,138 qram və 3,160 qram-ümumi təmiz çəkisi 6,298 qram olan, qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir. Qalıq: 6,198 qram. Məhkəmə-narkolojı ekspertizasının 10 fevral 2022-ci il tarixli, 644 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkolojı dispanserində qeydiyyata alınması məsləhət görülür. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 fevral 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş 09 fevral 2022-ci il tarixli əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair qərar qanuni hesab edilmişdir. Təqsirləndirilən şəxs Qüdərt İsgəndərovun istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə aparılmış danışıqlar və SMS-lərdən görünür ki, həmin telefon nömrəsinə “BRAT 2.QRAM 20 MİSQAL 2.2MS SƏN ÖL ÖZÜM ÖLÜM GƏLƏN SƏFƏRƏ VERƏRSƏN”, “QUDİ SENE AND VERİREM ELYOLDAS EMİNİN GORUNA YDLDAYAM 25 MANAT LİQ VER SABAH 50 VERECEM ATA GORU?”, “QUDİM SENE AND VERİREM ELYOLDAS EMİMNİN GORUNA QOYMA BELE QALİM GELMİSEM.3 0 KİLO VARİMDİ” sözləri yazılmış SMS mesajları daxil olmuşdur. İşdə olan tələbnamədən və Sabirabad Rayon İcra və Probasiya Şöbəsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs Sabirabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə qazancının 20 %-i dövlət nəfinə tutulmaqla 11 ay 18 gün müddətinə islah işləri cəzasına məhkum edilmiş və “8 Noyabr-Zəfər günü” münasibəti ilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli qərarının 2.8-ci bəndinin təsiri altına düşərək cəzadan azad olunmuş, məhkumluğu ödənilmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs ailəlidir, himayəsində xx.xx.2012 və xx.xx.2014-cü illərdə doğulmuş iki azyaşlı uşaqları vardır. Yaşayış yerindən verilmiş xasiyyətnamədə müsbət səciyyələnir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Qüdərt İsgəndərovun satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini əldə etməsi, daşıması və saxlaması, əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübuta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə tədqiq edilmiş sübutlara əsasən Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi polis işçilərinin onu odlu silahla bağlı saxlamaları, lakin üzərində odlu silah aşkar olunmadığından polis əməkdaşları tərəfindən üzərinə narkotik vasitə heroinin qoyulması barədə ifadəsini özünü müdafiə məqsədi daşımaqla qeyri-obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir. Məhkəmə həmçinin narkotik vasitənin miqdarını, iki ədəd bağlamalarda olmasını və Təqsirləndirilən şəxs istifadəsində olan telefon nömrəsinə ondan narkotik vasitə almaq istəyən şəxslərin bu məzmunlu sms-lərinin daxil olmasını nəzərə alaraq onun ibtidai istintaqda verdiyi narkotik vasitəni öz şəxsi istifadəsi üçün əldə etməsi, satış məqsədinin olmaması barədə ifadəsini özünü müdafiə məqsədi daşımaqla qeyri-obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir. Məhkəmə hesab edir ki, Qüdərt İsgəndərovun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxs Qüdərt İsgəndərova cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs Qüdər İsgəndərovun himayəsində iki azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Cəzasını CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 09 fevral 2022-ci il tarixdən hesablanmalı, CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə narkoloji ekspertizasının rəyi nəzərə alınmaqla Təqsirləndirilən şəxs CMnin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbir tədbiq edilməklə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmaqla Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin növbətçi hissəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan 6,198 qram narkotik vasitə heroin məhv edilməli, şəxsi axtarışı və götürmə istintaq hərəkətini özündə əks etdirən 01 ədəd DVD disk isə cinayət işi materiallarında saxlanılmalıdır. Ekspertiza xərci 92 manat təqsirləndirilən şəxs şəxs Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 09 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmaqla Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan 6,198 qram narkotik vasitə heroin məhv edilsin, şəxsi axtarışı və götürmə istintaq hərəkətini özündə əks etdirən 01 ədəd DVD disk isə cinayət işi materiallarında saxlanılsın. Ekspertiza xərci 92 manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Əli Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar