Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-389/2025 23.09.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Nuriyev Aqil Abdul oğlunun sədrliyi ilə, hakimlər Səfərli Cavid Şamil oğlu və Vəliyeva Ayşən Umud qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Lənkəran Rayon Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.1983-cü ildə Kürdəmir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmuş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və ya götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2əsində “həbs” qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X2 həbsdə saxlanılan Təqsirləndirilən şəxs (FİN: xxxxxxx) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 23 sentyabr 2025-ci il tarixdə, saat 09:30-da Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 2 saylı məhkəmə iclas zalında «AzFemida» proqram təminatından istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i:
1. Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir ondan ötrü ki, o, məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə, külli miqdarda təmiz çəkisi – 3.897 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2025-ci il tarixdə, saat 19:36 radələrində Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Kürdəmir şəhəri C.Həşimli küçəsi ərazisində saxlanılaraq üzərinə keçirilən üst yoxlaması zamanı əynində olan qara rəngli şalvarın sol yan cibindən 01 ədəd polietilen kəsiyi bükümdə ümumi təmiz çəkisi külli miqdarda – 3.897 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür.
İşin halları və dəlilləri:
1. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, o, uzun müddətdir ki, narkotik istifadəçisidir, lakin heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmayıb, bundan əvvəlki məhkumluqları da narkotik vasitə istifadəsi ilə bağlı olub, heç vaxt narkotik vasitələrin satışına görə məhkum olunmayıb. Yaşadığı Kürdəmir şəhərində hamı onu xeyir-şər məclislərində çadır quran, məclislərdə işləyən biri kimi tanıyır, qardaşı xeyir-şər məclisləri üçün çadır icarəsi ilə məşğul olur. O da çadırların qurulması, ortalıqda xidmət və sair bu kimi işlərlə məşğul olur. Hətta polislər də onu tanıyır, belə ki, yaşadığı ev Kürdəmir rayon polis şöbəsinin yanındadır. Dəfələrlə olmuşdur ki, kimsə rəhmətə gedəndə polislər ona zəng vurub ki, məclisi yola versin. 29 mart 2025-ci il tarixdə Kürdəmir şəhərində, yaşadığı evdə yatarkən həyət qapısı döyülmüşdür. Həmin vaxt evdə anası və qardaşıgil olmuşdur. Belə ki, qardaşıgil həyətdə məclis üçün stol-stul yığmaqla məşğul imişlər. Daha sonra onu çağırmışlar, o isə həyətə düşəndə qapıda bir nəfərin dayandığını görmüşdür. O, qapıya tərəf gedib, həyətdən çölə çıxanda 3 nəfər mülki geyimli polis əməkdaşının qaça-qaça onun üstünə gəldiyini görmüşdür. Polislərin bəzilərinin adını bilməsə də, üzdən tanımışdır. Həmin şəxslər ümumilikdə 4 nəfər olmuşlar, onu tutub, onunla birlikdə həyətə girmişlər. Polislərdən 2 nəfər həyətdə onun yanında dayanmış, digər 2 nəfər isə qardaşı ilə birlikdə onun otağına qalxıb, otağı axtarmışlar. Evdə heç nə tapmadıqdan sonra onlarla birlikdə polis şöbəsinə getməli olduğunu bildirmişlər. Polis şöbəsinə gəldikdən sonra ona fiziki və psixoloji təzyiqlər etməyə başlamışlar. Təzyiqlərdən sonra onu şöbədən çıxarıb yaşadığı küçəyə gətirmişlər və videoçəkilişə başlamışlar. Polis şöbəsindən yaşadığı küçəyə avtomobil ilə gətirilərkən metamfetamin olan bükülünü ona vermişlər və çəkiliş vaxtı cibindən çıxarmasını ona tapşırmışlar.
2. Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı cinayət prosesi iştirakçılarının ona ünvanladıqları sualları cavablandırarkən bildirdi ki, polis əməkdaşları onu yaşadığı evdə saxlayan zaman evdə anası və qardaşıgil olmuşdur. Lakin, o bilir ki, həmin şəxslər onun lehinə ifadə verməyəcəkdir. Bundan başqa, qeyd etmişdir ki, polis şöbəsində fiziki və psixoloji təsir və təzyiqlərə məruz qalmışdır. Lakin, onun bədənində hər hansı xəsarət izi olmamış, polis şöbəsinin müvəqqəti saxlama yerində olarkən, eləcə də istintaq təcridxanasına daxil olarkən onun bədənində xəsarət izləri görünmədiyindən qeydiyyata alınmamışdır. Bundan başqa, o, istintaq təcridxanasına daxil olduqdan sonra orada müalicələr almış, lakin müalicələr onda əvvəlcədən mövcud olan qaraciyər xəstəliyi ilə bağlı olmuşdur. Belə ki, qaraciyər xəstəliyinə görə ona 2-ci qrup əlillik də təyin olunmuşdur. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq məhkəmədə bildirmişdir ki, polis əməkdaşları tərəfindən saxlanıldıqdan 2 gün sonra Kürdəmir rayon Məhkəməsində barəsində qətimkan tədbiri seçilməsindən ötrü hakim qarşısına çıxarılmışdır. Həmin məhkəmə iclası zamanı o, ona elan edilmiş ittiham üzrə özünü təqsirli bildiyini desə də, bu sözü polislər ona öyrətdiyi üçün demişdir, çünki ona söz verilmişdir ki, köməklik ediləcək və buraxılacaqdır.
3. Məhkəmədə Azərbaycan Respublikası CPM-in 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ilkin ifadələri elan edilməklə tədqiq edilmişdir.
4. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində iləhbüş) şəxs cild İ, iş vərəqə 17-47 və təqsirləndirilən şəxs qismində, c.İ. i.v. 48-59) göstərmişdir ki, bir neçə ildir narkotik vasitə heroin və psixotrop maddə metamfetamindən istifadə edir. Təxminən 5-6 gün əvvəl Bakı şəhərində olarkən parkda əvvəllər tanımadığı bir nəfər şəxslə rastlaşmış, həmin şəxs onun narkotik vasitə və psixotrop maddə istifadəçisi olduğunu bilmiş və ona psixotrop maddə metamfetamin təklif etmişdir. O da həmin şəxsdən 200 manata təxminən 04 qram psixotrop maddə metamfetamin almış, şəxsi istifadə üçün üzərində saxlamışdır. xx.xx.2025-ci il tarixdə, saat 19:36 radələrində Kürdəmir şəhəri, C.Həşimli küçəsində piyada hərəkətdə olan zaman Kürdəmir RPŞ-nin əməkdaşları yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu saxlayıb videoçəkiliş vasitəsilə üzərinə üst yoxlaması keçirilmiş, üzərində olan psixotrop maddə metamfetamini çıxarıb onlara təqdim etmiş, həmin kütlə ekspertizaya təqdim olunacağı bildirilərək polis əməkdaşı tərəfindən qablaşdırılmış, üzəri onun və iştirakçılar tərəfindən imzalanmış, daha sonra onu Kürdəmir RPŞ-yə gətirmişlər. Kürdəmir RPŞ-də şübhəli şəxs qismində tutulmuş və seçdiyi müdafiəçi ilə təmin olunmuş, üzərindən aşkar edilərək götürülüb qablaşdırılmış kütlə açılaraq baxış keçirilmiş, kütlə elektron tərəzidə çəkilmiş, 4.36 qram olması müəyyən edilmiş, daha sonra yenidən qablaşdırılmış, üzəri “Azərbaycan Respublikası DİN №137” möhürü ilə möhürlənmiş, zərf iştirakçılar tərəfindən imzalanaraq ekspertizaya təqdim olunacağı bildirilmişdir. Təqsirləndirilən şəxs həmçinin ibtidai istintaq zamanı verdiyi ifadələrində, narkotik vasitə və psixotrop maddələrin alqı-satqısı ilə məşğul olmadığını, saxlanılan və polis şöbəsinə gətirilən zaman ona qarşı heç bir fiziki və psixi zorakılıq edilmədiyini bildirmişdir.
5. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.
6. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə qiymət verilməsini zəruri hesab edir.
7. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Kürdəmir Rayon Polis Şöbəsinin Cinayət-Axtarış Bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Şahid göstərmişdir ki, 29 mart 2025-ci il tarixdə Kürdəmir şəhər sakini Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq narkotik vasitə saxlaması barədə daxil olmuş əməliyyat məlumatı əsasında, onun üzərinə baxış keçirilməsi haqqında qərar qəbul edilmiş və müvafiq əmrə əsasən əməliyyat qrupu yaradılmışdır. Əməliyyat zamanı, 29 mart 2025-ci il tarixdə, saat 19:36-da Təqsirləndirilən şəxs Kürdəmir şəhəri, C.Həşimli küçəsində saxlanılmışdır. Şahid bildirmişdir ki, E. Məmmədova bütün hüquqları, o cümlədən dövlət hesabına müdafiəçi ilə təmin olunma hüququ izah edilmişdir. Onun üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşyaların olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğu üçün saxlanıldığı yerdə üzərinə baxış keçirilməsinə başlanılmışdır. Şahid ifadəsində qeyd etmişdir ki, yoxlamadan əvvəl Təqsirləndirilən şəxs üzərindəki qanunsuz əşyaları könüllü təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki qara şalvarın sol yan cibindən bir polietilen bükülü çıxararaq təqdim etmiş və içərisində psixotrop maddə – metamfetamin olduğunu bildirmişdir. Şahid həmin bükümə baxış keçirdiyini və içərisində metamfetaminə bənzər kütlənin olduğunu müəyyən etdiklərini söyləmişdir. Həmin kütlə maddi sübut kimi qablaşdırılaraq, saxlanılan şəxs, digər iştirakçılar və onun (şahidin) imzası ilə götürülmüşdür. Şahidin sözlərinə görə, Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra sorğu-sual zamanı həmin maddəni bir neçə gün əvvəl Bakı şəhərindəki bir parkda tanımadığı şəxsdən şəxsi istifadə məqsədilə 200 manata aldığını və o vaxtdan bəri üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilmiş və seçdiyi müdafiəçi ilə təmin olunmuşdur. Müstəntiqin xidməti otağında Təqsirləndirilən şəxs üzərindən götürülmüş maddəyə yenidən baxış keçirilmiş, təkrar qablaşdırılaraq möhürlənmiş və ekspertizaya təqdim olunması üçün götürülmüşdür.
8. Məhkəmə iclasında dindirilmiş digər Şahid2 Şahid1la oxşar məzmunlu ifadə verərək həmin xüsusatları bir daha təsdiq etmişdir.
9. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir.
Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:
10. «Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında» 30 mart 2025-ci il tarixli qərara əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. (c İ, i.v 1)
11. Kürdəmir RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 xx.xx.2025-ci il tarixli «Raport»u ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr əldə edib satış məqsədilə üzərində saxlaması və daşıması barədə qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olduğu bildirilmişdir.Onun ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə göstəriş verilməsini xahiş etmişdir. (c İ, i.v 3)
12. «Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair» 29 mart 2025-ci il tarixli qərarın məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair Kürdəmir Rayon Polis Şöbəsinin CAB-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 tərəfindən qərar qəbul olunmuşdur. (c İ, i.v 4-5)
13. «Əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında» protokoldan görünür ki, Kürdəmir şəhəri C.Həşimli küçəsi ərazisində videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə üst yoxlaması keçirilmişdir. Üst yoxlaması keçirilməzdən qabaq Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, daha sonra ona üzərində hər hansı bir qanunsuz əşya varsa təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan şalvarın sol yan cibindən 01 ədəd polietilen bükümü çıxarıb təqdim edərək içərisində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Həmin bir ədəd polietilen kəsiyindəki bükümə Kürdəmir RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 tərəfindən baxış keçirilmiş, içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olması müəyyən olunmuşdur, həmin kütlə qablaşdırılaraq saxlanılan şəxs, iştirakçılar və Şahid1 tərəfindən imzalanaraq götürülmüş, bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs üzərindən psixotrop maddənin aşkar edilməsinin videogörüntüsünü özündə əks etdirən 01 ədəd disk protokola əlavə edilmişdir. Həmin videogörüntülərin əks olunduğu DVD disk məhkəmə iclası zamanı baxılaraq tədqiq edilmişdir. (c İ, i.v 09-11)
14. «Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında» xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 20:50-də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (c İ, i.v 17-18)
15. «Müdafiəçinin təqdim olunması haqqında» 29 mart 2025-ci il tarixli protokol və tədqiq edilmiş digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məqsədi ilə ona dövlət hesabına müdafiəçi təyin olunmuşdur. (c İ, i.v 25-32)
16. «Əməliyyat-axtarış tədbirinin nəticəsində götürülmüş və həmin tədbirin gedişatını özündə əks etdirən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında» xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Kürdəmir RPŞ-nin İnzibati binasında müdafiəçi X5 iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülüb qablaşdırılmış psixotrop maddə metamfetaminə bənzər kütlə zərfdən çıxarılıb müstəntiq tərəfindən baxış keçirilmiş, daha sonra yenidən qablaşdırılmışdır. (c İ, i.v 35- 36)
17. «Əməliyyat-axtarış tədbirinin nəticəsində götürülmüş və həmin tədbirin gedişatını özündə əks etdirən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında» istintaq hərəkətin əks olunduğu 01 ədə DVD disk məhkəmə istintaqı zamanı tədqiq edilmiş və protokolda yazılanların doğruluğu təsdiq edilmişdir. (c İ, i.v 35-37)
18. «Məhkəmə-kimyəvi ekspertizası»nın 30 mart 2025-ci il tarixli, 18/855 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən..” sözləri yazılmış kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi -3.897 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına daxildir (Siyahı İ). Aparılmış ekspertiza tədqiqatının dəyəri 31,95 (otuz bir manat doxsan beş qəpik) manat təşkil edir. (c İ, i.v 44-45)
19. «Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında» 31 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddədə nəzərdə tutulmuş ittihamın elan edilməsi qərara alınmışdır. (c İ, i.v 48- 49)
20. Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(041)-45/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 29 mart 2025-ci ildən hesablanmışdır. Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı onun barəsində həbs qətimkan tədbiri seçilməsinə dair verilmiş təqdimatın təmin edilməməsini xahiş etmişdir. (c İ, i.v 66-72)
21. «Maddi sübut kimi tanımaq haqqında» 02 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetaminin 3.797 qram qalığı cinayət işi üzrə maddi sübut qismində tanınaraq saxlanılmasından ötrü Kürdəmir RPŞ-nin «Maddi sübutların saxlanma yeri»nə təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərində üst yoxlaması keçirilən zaman və üzərindən aşkar edilmiş kütlənin təhvil-təslimi zamanı aparılmış videoçəkilişlərin qeydə alındığı 02 (iki) ədəd disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılmışdır. (c İ, i.v 80)
22. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun 1 saylı X11 Filialından verilmiş 03 aprel 2025-ci il tarixli, 3-17-1/2-71406/2025 saylı sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixədək ümumi səbəbdən İİ (ikinci) dərəcəli əlilliyə görə sosial müavinət ödənilmişdir. Əlillik müayinəsinin qüvvədən düşməsi səbəbindən sosial müavinətin ödənişi xx.xx.2024cü il tarixdən dayandırılmışdır. (c İ, i.v 83)
23. «Kürdəmir Rayon Mərkəzi Xəstəxanası» publik hüquqi şəxsi tərəfindən verilmiş 04 aprel 2025-ci il tarixli, 18-1-49/2-323/2025 saylı sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs «Kürdəmir Rayon Mərkəzi Xəstəxanası» publik hüquqi şəxsin Poliklinika şöbəsində həkim psixiatrın qeydiyyatında yoxdur, narkoloji qeydiyyatda durur. (c İ, i.v 84)
24. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış məhkumluq haqqında arayışdan (tələbnamə) görünür ki, Təqsirləndirilən şəxs Qaradağ rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə, Cinayət Məcəlləsinin 67.1 və 68.2-ci maddələri tətbiq edilməklə, 04 (dörd) il müddətə azadlqıdan məhrum etmə cəzasına məhkum edilmiş və ona 3500 manat cərimə cəzası təyin olunmuşdur, Xəzər rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə, Cinayət Məcəlləsinin 67.1 və 68.2-ci maddələri tətbiq edilməklə 03 (üç) il 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və 3500 manat cərimə olunmuşdur. (c İ, i.v 87-89)
25. Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının Kürdəmir şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 11 aprel 2025-ci il tarixli, 5-56-12/2-43/2 nömrəli arayışdan görünür ki, ünvan 3 ünvanda qeydiyyatda olan Təqsirləndirilən şəxs ailəsi 1954-cü il təvəllüdlü anası X1 ibarətdir. (c İ, i.v. 91)
26. Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının Kürdəmir şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Məmmədov X6 şəhərində yaşadığı müddət ərzində yaşadığı küçə sakinləri və şəhər ictimaiyyəti tərəfindən onun barəsində şəhər üzrə nümayəndəliyə təqsirləndirici heç bir şikayət daxil olmamışdır. (c İ, i.v. 92)
27. Verilmiş əməliyyat tapşırığına cavabdan görünür ki, keçirilmiş əməliyyat tədbirləri zamanı alınmış məlumatlarla təsdiq olunur ki, Təqsirləndirilən şəxs məlum olmayan mənbədən və tarixdə satış məqsədi ilə külli miqdarda, yəni 3.897 qram psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib, daşıyaraq üzərində saxlamışdır. Təqsirləndirilən şəxs psixotrop maddə metamfetaminin satışı ilə məşğul olması barədə məxfi mənbədən məlumat daxil olsa da, konkret olaraq kimlərə satması müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs aşkar olunmuş psixotrop maddə metamfetamini hansı mənbədən, hansı tarixdə və hansı şəraitdə əldə etməsi barədə məlumat əldə edilməmişdir. (c İ, i.v. 116)
28. «Məhkəmə-narkoloji ekspertizası»nın xx.xx.2025-ci il tarixli, 970 saylı rəyinə əsasən müəyyən edilir ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamin qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniya xəstəliyindən məcburi müaliəcəyə ehtiyacı var. Ərazi narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. (c İ, i.v. 117)
29. «Vəsatətin rədd edilməsi haqqında» 22 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət işinin materialları ilə tanış olarkən özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə deyil 234.1-ci maddəsi ilə təqsirli bilmişdir. Onun özünü qismən təqsirli bilməsi vəsatət kimi qəbul edilmiş, əsassız hesab edilərək rədd edilmişdir. (c İ, i.v. 133-134)
30. Məhkəmə tərəfindən sorğu edilərək Kürdəmir rayon İcra və Probasiya şöbəsindən əldə edilmiş xx.xx.2025-ci il tarixli, 40-5 №-li cavab məktubundan görünür ki, Xəzər rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 3500 manat məbləğində cərimənin ödənilib-ödənilməməsi barədə Kürdəmir rayon İcra və Probasiya şöbəsində heç bir məlumat yoxdur. (iş materialları, məhkəmə cildi)
Əməlin tövsifi və digər hüquqi məsələlər:
31. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Bu maddənin mahiyyəti ondan ibarətdir ki, hər kəsin Əsas Qanunda və digər normativhüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Konstitusiyanın 125-ci maddəsinin 7-ci bəndinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
32. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə görə hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Ədalətli məhkəmə araşdırması hüququ özündə tərəflərin bərabərliyi, çəkişməli məhkəmə prosesi və sair prinsiplərlə yanaşı, həmçinin məhkəmə qərarlarının əsaslandırılması prinsipini ehtiva edir. Bu prinsipə əsasən məhkəmələr qərarları əsaslandıqları səbəbləri adekvat şəkildə göstərməlidirlər (“Papon Fransaya qarşı iş”).
33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli Qərarında məhkəmə icraatının vəzifələri ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur.
34. Plenum qeyd olunan qərarında daha sonra göstərmişdir ki, cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Məhz buna görə Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya müraciətində müvafiq dəlillər olmadığı hallarda da cinayət və cinayət-prosessual qanunvericiliyin normalarının tətbiqinin düzgünlüyünün yoxlanılmasına dair CPM-in 397.2-ci maddəsinin müddəaları çox əhəmiyyətlidir.
35. Konstitusiya Məhkəməsinin Plenumu başqa bir qərarında da eyni hüquqi mövqeyi məhkəmələrin diqqətinə çatdırmaqla əməlin düzgün tövsif edilməsinin əhəmiyyətini xüsusilə vurğulamışdır. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu ilk növbədə cinayət tərkibi ilə yanaşı cinayətin tövsif edilməsi anlayışının açıqlamasını vacib hesab etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərara əsasən, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.
36. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməlinə cinayət hüquqi qiymət verilmədən öncə onun müdafiəsi üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir.
37. Belə ki, təqsirləndirilən şəxs məhkəməyədək icraatda ibtidai istintaq zamanı, eləcə də məhkəmə istintaqı zamanı özünü ona elan olunmuş ittihamla təqsirli bilməyərək, özünün narkomaniya xəstəliyindən əziyyət çəkdiyini, narkotik istifadəçi olduğunu, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirmişdir.
38. Məhkəmə tərkibi təqsirləndirilən şəxsin özünü müdafiə etmək üçün irəli sürdüyü dəlilə, yəni, narkotik vasitələr və psixotrop maddələrin satışı ilə məşğul olmaması barədə həm ibtidai istintaq zamanı, həm də məhkəmə araşdırması zamanı verdiyi ifadələrlə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
39. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təqsirsizlik prezumpsiyası adlandırılan 21-ci maddəsinin 2 və 3-cü bəndlərinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.
40. Avropa İnsan Hüquqları Məhkəməsi “Telfner Avstriyaya qarşı” işində qeyd etmişdir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsi, irəli sürülən ittihamın əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır.
41. “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa Məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, həmin sübutlar qanunamüvafiq yəni, qanuni yolla əldə edilmiş olsun. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır.
42. “Hoanq Fransaya qarşı” işində Avropa Məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. Məhkəmə həm milli cinayət-prosessual qanunvericiliyin, həm də beynəlxalq qanunvericiliyin müddəalarının tələblərinə əsaslanaraq hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamı həm sübutlar, həm də hüquqi tövsif baxımından sübuta yetirmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin ona qarşı irəli sürülmüş ittihamda göstərilən cinayət əməlini törətməkdə təqsiri ehtimalla deyil, yalnız mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübutların məcmusuna əsasən müəyyən edilməlidir. Həmin ittihamın sübut olunmasında digər sübutlarla aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir.
43. Cinayət işi üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin dispozisiyasında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etmə, saxlama və daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur.
44. Həmin Məcəllənin 234.1-1-ci maddəsinə əsasən, bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə cinayət məsuliyyəti yaranır. Bu Məcəllənin 234.1-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq əldə edilməsi, saxlanılması, hazırlanması, emal edilməsi və daşınmasının bu maddə ilə cinayət məsuliyyətinə səbəb olması göstərilir. Göstərilən hər iki maddədə narkotik vasitələrin və ya psixotrop maddələrin şəxsi istehlak məqsədilə əldə edilməsinin cinayət məsuliyyətinə səbəb olması qeyd edilmişdir.
45. Beləliklə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.1-1-ci maddələri ilə 234.4-cü maddəsi arasındakı fərq narkotik vasitələrin və ya psixotrop maddələrin satış məqsədilə əldə edilib-edilməməsi ilə bağlıdır. Birinci halda təqsirkar narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak, ikinci halda isə satış məqsədilə əldə etmiş olur.
46. Hansı halların satış məqsədinə dəlalət etməsi cinayət qanunvericiliyində birbaşa müəyyən edilməsə də, belə məqsədin işin faktiki hallarına əsasən təsbit edilməsi mümkündür. Bu mövqe Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun məhkəmə təcrübəsinə dair qərarlarında daha aydın şəkildə ifadə edilmişdir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 959-İİQ nömrəli Qanununun 1.0.8, 1.0.9 və 1.0.10-cu maddələrinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə; narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə; narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Qanunda “satış” məqsədinin anlayışı verilməsə də, 1.0.11-ci maddəyə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına aydınlıq gətirilmişdir. Belə ki, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər “satma” kimi başa düşülür. Bu kontektsdə “satış” məqsədi də narkotik vasitələrin və ya psixortop maddələrin “əvəzli, qazanc əldə etmək və ya sair şəxsi maraqdan yayılması” məqsədi kimi şərh edilə bilər.
47. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü tarixli, 8 nömrəli Qərarının 8 və 9-cu bəndlərində deyilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür.
48. Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.
49. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli, 960-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların İ Siyahısı”nın 1-ci hissəsinin 49, 102 və 146-cı bəndlərinə əsasən heroin, tiryək, marixuana (kannabis) dövriyyəsi qadağan olunmuş narkotik vasitələr və İ Siyahısının 2-ci hissəsinin 27-ci bəndinə əsasən metamfetamin dövriyyəsi qadağan olunmuş psixotrop maddədir.
50. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə İ Siyahısı”nın 82-ci bəndinə əsasən təmiz halda 2 (iki) qramdan 800 (səkkiz yüz) qramadək çəkidə narkotik vasitə heroin və İİ Siyahısının 118-ci bəndinə əsasən təmiz halda 2 (iki) qramdan 400 (dörd yüz) qramadək çəkidə psixotrop maddə metamfetamin külli miqdar təşkil edir.
51. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, yuxarıda qeyd edilən cinayət əməlinin, o cümlədən onun ayrı-ayrı hallarının sübuta yetirilməsi Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyinin müəyyən etdiyi hüquqi prosedurlar daxilində aparılır.
52. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin məzmunundan görünür ki, sübutlar mənbəyi, əldə edilməsi və iş üçün aidiyyəti olması etibarilə o dərəcədə mötəbər olmalıdır ki, onların obyektiv həqiqəti əks etdirməsi və sübuti əhəmiyyəti kənar müşahidəçidə şübhə doğurmasın. Ona görə də məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər.
53. Həmin Məcəllənin 139-cu maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayətin əlamətləri, əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlar əsasında müəyyən edilir.
54. Həmin Məcəllənin 143-144-cü maddələrinin tələbinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə, habelə digər prosessual hərəkətlərlə həyata keçirilir və cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır.
55. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrində nəzərdə tutulur ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.
56. Həmin Məcəllənin 146-cı maddəsində cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin.
57. Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə ona görə ittiham irəli sürmüşdür ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə, külli miqdarda təmiz çəkisi – 3.897 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlamışdır. Cinayət işinin materiallarında olan xx.xx.2025-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” qərar və “şübhəli şəxsin tutulması haqqında” protokolda o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində şübhəli bilinmiş, “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərarda cinayət işi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə başlanılmış və o, həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İbtidai istintaq boyunca təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddəyə münasibətdə satış məqsədinin olması barədə hər hansı sübut əldə olunmadan, onun istintaqı CM-in 234.4.3-cü maddəsi ilə başa çatdırılaraq, ittiham aktı tərtib edilmiş və məhkəməyə göndərilmişdir. Halbuki, ibtidai istintaqın gedişində Təqsirləndirilən şəxs hər hansı şəxsə narkotik vasitə satması və ya satmaq məqsədi ilə narkotiki əldə etməsi heç bir sübutla təsdiq olunmamışdır. Məhkəmə hesab edir ki, göstərilən hallar ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə irəli sürülmüş ittihamın əsassız olmasının ilkin əlamətidir.
58. «Məhkəmə-narkoloji ekspertizası»nın xx.xx.2025-ci il tarixli rəyi Təqsirləndirilən şəxs məhz metamfetamin qəbulu nəticəsində yaranmış asılılıq sindromunun (narkomaniya) mövcudluğunu sübuta yetirir. Bu obyektiv sübut, Təqsirləndirilən şəxs ilkin istintaq zamanı verdiyi və psixotrop maddələri yalnız şəxsi istifadəsi üçün əldə etdiyini bildirdiyi ifadəsi ilə tam uzlaşır. Bundan əlavə, işin faktiki hallarını nəzərdən keçirdikdə, onun üzərindən yalnız bir ədəd polietilen bükümdə psixotrop maddənin aşkar edilməsi (ayrı-ayrı bükümlərə bölünməməsi) satış məqsədinin mövcudluğuna dair iddiaları ciddi şübhə altına alır. Beləliklə, həm ekspertiza rəyi, həm də maddi sübutun miqdarı və bir bütöv bükümdə olması, təqsirləndirilən şəxsin həmin maddəni satış üçün deyil, məhz öz asılılığından irəli gələn şəxsi istehlak məqsədilə əldə etməsinə dair müdafiə mövqeyini əhəmiyyətli dərəcədə gücləndirir və məntiqi olaraq təsdiqləyir.
59. Məhkəmə qeyd edilən cinayət-prosessual qanunvericiliyin müddəaları və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsaslanaraq belə qənaətə gəlir ki, ibtidai istintaq orqanının təqsirləndirilən şəxsə qarşı irəli sürdüyü ittihamın əsassız olmasına işarə edən yuxarıda göstərilmiş ilkin əlamətləri ilə yanaşı, təqsirləndirilən şəxsin saxlanıldığı andan ibtidai istintaqın sonuna qədər, eləcə də məhkəmə istintaqı zamanı verdiyi ifadələrində üzərindən aşkar edilmiş bükülünü satış məqsədi ilə deyil, istifadə üçün əldə etdiyini bildirməsi, psixotrop maddənin cəmi bir növdə və bir bükümdə olması, ibtidai istintaq orqanının təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş metamfetaminə münasibətdə başqa istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi və ya satış niyyətində olmasına dair hər hansı məlumat (məsələn, istifadəsində olmuş mobil nömrə vasitəsi ilə narkotik vasitələrin satışına dair telefon danışıqları, SMS yazışmaları), narkotik vasitələr və psixotrop maddələrin hazırlanması və çəkilib xırda bükümlərə bölünməsi üçün hər hansı avadanlıq (məsələn, elektron tərəzi) və ya digər sübut növü aşkar edə bilməməsi, göstərilən halların ümumi məcmusunun sonuncunun üzərindən aşkar edilmiş metamfetamini əldə etməsi, üzərində saxlaması, daşımasından ibarət hərəkətlərin, həmin vasitələrdən şəxsən istifadə etmək niyyəti ilə etməsi anlamını verməsi və ya buna əsaslı şübhə yaratması, ittiham tərəfinin bu şübhəni digər sübut növü ilə aradan qaldıra bilməməsi, həmin kütləyə münasibətdə satış niyyətində olması barədə nəticəyə gəlməyə əsas verməməsi, buna görə də, təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olması, iş üzrə törətdiyi cinayət əməlinin ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmədiyi, həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli olduğu barədə nəticəyə gəlməyə tam əsas verir.
60. Məhkəmə göstərilənlərə əsasən təqsirləndirilən şəxsin ibtidai istintaq və məhkəmə araşdırması zamanı verdiyi ifadələrində metamfetamini satış məqsədi ilə əldə etməməsi və satışı ilə məşğul olmaması barədə irəli sürdüyü dəlili əsaslı hesab edir.
61. Cinayət işinin materiallarında Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatına münasibətdə, məhkəmə tərkibi qeyd edir ki, bu cür əməliyyat məlumatı yalnız ilkin, yoxlanılmaya möhtac və təsdiqini tapmamış fərziyyə hesab olunur. Bu səbəbdən, həmin raportların mövcudluğu təqsirləndirilən şəxsin satış əməlini törətməsi üçün təkbaşına və yetərli sübut əhəmiyyəti kəsb etmir. Həmin məlumat əsasında keçirilmiş əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs psixotrop maddəni əldə etməsi, saxlaması və daşıması faktı sübuta yetsə də, onun bu maddəni satmaq məqsədi təhqiqat və ibtidai istintaqın sonrakı gedişində heç bir əlavə sübutla təsdiqlənməmişdir. Beləliklə, yalnız şübhəyə əsaslanan əməliyyat məlumatı iş üzrə toplanmış və satış məqsədini təkzib edən digər mötəbər sübutların məcmusu qarşısında öz əhəmiyyətini itirir.
62. Son olaraq məhkəmə, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilərkən Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə özünü təqsirli bilməsinə dair yeganə etirafedici ifadəsinə hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, təqsirləndirilən şəxs saxlanıldığı andan etibarən, ibtidai istintaqın sonuna qədər və bütün məhkəmə istintaqı müddətində davamlı və ardıcıl olaraq narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmadığını, psixotrop maddəni yalnız şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Onun həbs qətimkan tədbiri seçilərkən səsləndirdiyi həmin yeganə etirafı, sonradan bütün istintaq və məhkəmə prosesi boyunca verdiyi digər ifadələrlə köklü şəkildə ziddiyyət təşkil edir. Məhkəmə istintaqı zamanı sübutlar zəncirinin qırılmazlığı və məntiqi ardıcıllığı əsas prinsiplərdən biridir. Təqsirləndirilən şəxsin həbs qətimkan tədbiri seçilərkən satış məqsədi ilə bağlı verdiyi yeganə etirafedici ifadəsi sübutlar zəncirindəki təcrid olunmuş və zəif bir halqadır. Çünki bu ifadə onun istintaqın və məhkəmənin bütün digər mərhələlərində verdiyi ardıcıl və davamlı ifadələrlə köklü şəkildə ziddiyyət təşkil edir. Hazırki məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, bu ifadəni polis əməkdaşlarının təlimatı ilə, ona köməklik ediləcəyinə və azadlığa buraxılacağına ümid edərək vermişdir. Bu cür təzyiq və ya yanlış anlama altında verilən ifadə, digər obyektiv sübutlarla dəstəklənmədikdə sübut zəncirinin əsasını təşkil edə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, işdəki digər mötəbər sübutlarla təkzib olunan və davamlılıq təşkil etməyən təcrid olunmuş bir etiraf ifadəsi, təqsirləndirilən şəxsin satış məqsədinin sübutu kimi qəbul edilə bilməz.
63. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi, habelə şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi iş materiallarında olan, biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır.
64. Bundan əlavə, məhkəmə təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsini sübut edən, həmçinin təqsirləndirilən şəxsin saxlanılarkən üzərində psixotrop maddə olmamasına dair gətirdiyi digər müdafiə dəlilləri ilə bağlı aşağıdakı mövqeləri bildirir.
65. Təqsirləndirilən şəxs onun yaşadığı evdə tutulduğunu, evdə polis əməkdaşları tərəfindən axtarış aparılsa da, heç nə tapılmadığını, bu zaman evdə anası və qardaşının olduğunu bildirmişdir. Lakin məhkəmə iclası zamanı o, anası və qardaşının onun lehinə ifadə verməyəcəyini qeyd edərək, həmin şəxslərin əlavə şahid qismində dindirilməsindən imtina etmişdir. Təqsirləndirilən şəxsin bu mövqeyi, eləcə də ibtidai istintaq zamanı əldə edilmiş sübutlar, yəni şəxsin üzərinə baxış keçirilməsi haqqında protokol, şahid ifadələri və sair sübutlar, təqsirləndirilən şəxsin onun evdə saxlanılması ilə bağlı bildirdiyi ifadələri təkzib edir. Məhkəmə göstərilən xüsusata təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir.
66. Bundan əlavə, təqsirləndirilən şəxs saxlanıldıqdan sonra polis əməkdaşları tərəfindən fiziki təsirlərə məruz qaldığını bildirmiş, lakin bədənində hər hansı xəsarət olmadığını, polis şöbəsinin müvəqqəti saxlama yerində, eləcə də istintaq təcridxanasına daxil olduqdan sonra bədənində xəsarətlər görünmədiyindən qeydiyyata alınmadığını bildirmişdir. İstintaq təcridxanasına daxil olduqdan sonra yalnız əvvəlcədən əziyyət çəkdiyi qaraciyər xəstəliyindən müalicə aldığını bildirmişdir. Məhkəmə yuxarıda qeyd edilən halları, o cümlədən, məhkəmə istintaqı zamanı da təqsirləndirilən şəxs tərəfindən fiziki və psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini, bununla yanaşı, onun hadisə ilə bağlı təfərrüatlı ifadə verməyərək ümumi olaraq fiziki və psixoloji təsir edildiyini qeyd etməsi, döyülmə nəticəsində onda heç bir xəsarət izinin qalmadığını deməsini nəzərə alaraq, göstərilən xüsusata təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir.
67. Bu səbəbdən məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxsin tutulduqdan sonra polis əməkdaşları tərəfindən fiziki və psixoloji təsirə məruz qalması ilə bağlı göstərdiyi xüsusatlar işin məhkəmə baxışı zamanı təsdiqini tapmamış, bununla da, onun izahat və ifadələrinin cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur.
68. Beləliklə, məhkəmə cinayət prosesinin ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normaları, hüquqi mövqeləri və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən, təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, bu Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini anlaqlı vəziyyətdə törətməsi ibtidai istintaq zamanı özünün verdiyi etirafedici ifadələri ilə yanaşı, məhkəmədə dindirilmiş şahidlərin ifadələri, onun üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol və ona əlavə edilmiş diskin yaddaşına yazılmış videogörüntülər, məhkəmə ekspertizasının rəyləri, digər istintaq hərəkəti protokolları və sənədlər, iş üzrə maddi sübut kimi tanınmış psixotrop maddə olan metamfetaminin qalığı, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir.
69. Bundan əlavə, məhkəmənin istinad etdiyi sübutların keyfiyyəti, o cümlədən əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur.
70. Beləliklə, məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, biri-biri ilə müqayisə edərək hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək əməlin hüquqi tövsifi məsələsini həll etmişdir.
71. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir.
72. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməlidir.
73. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.
74. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.
75. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir.
Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:
76. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8.1-ci, 41.2-ci və 58.3cü maddələrini rəhbər tutur, habelə «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alır.
77. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.
78. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsaslar yoxdur.
79. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (CM-in 8.1, 41.2 və 58.3cü maddələri).
80. Məhkəmə tərəfindən CM-in 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir.
81. Təqsirləndirilən şəxs cinayət məsuliyyətini və cəzasını ağırlaşdıran hal kimi onun əməlində cinayətlərin residivinin olması müəyyən edilir. Belə ki, təqsirləndirilən şəxsin barəsində Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən CM-in 128-ci maddəsilə, CM-in 67.1 və 68.2-ci maddələri tətbiq edilməklə 03 il 04 ay azadlıqdan məhrum etmə cəzası və 3500 manat cərimə cəzası təyin edilmişdir. Azadlıqdan məhrumetmə cəzasının müddəti xx.xx.2023-cü il tarixdə başa çatsa da, təyin edilmiş cərimə cəzası bugünə qədər ödənilməmişdir. Cərimə cəzasını tam ödəmədiyi üçün əvvəlki məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və ya götürülməmiş hesab edildiyi halda, xx.xx.2025-ci il tarixdə yenidən qəsdən cinayət törətmişdir.
82. CM-in 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır.
83. Qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər.
84. Məhkəmə həmçinin təqsirləndirilən şəxsin cəzaçəkmə müəssisəsinin növünün də müəyyən edilməsinin zəruriliyini qeyd edir.
85. CM-in 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.
86. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.
87. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6).
88. Məhkəmə, CPM-in 353.4.8-ci maddəsinə əsasən, ibtidai həbs müddətinin CM-in 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CPM-in 158.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı onun faktiki həbsə alındığı andan, xx.xx.2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır.
89. Məhkəmə, hökmün 28-ci bəndində qeyd edilən ekspertiza rəyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınmalıdır.
90. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Kürdəmir Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetaminin tədqiqatdan sonra 3.797 qram qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir.
91. Cinayət işi üzrə maddi sübut kimi tanınmış videogörüntülərin əks olunduğu 02 (iki) ədəd disk hazırki cinayət işinin materiallarında saxlanılmalıdır.
92. Azərbaycan Respublikası CPM-in 346.1.21 və 353.4.10-cu maddələrinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır.
93. Azərbaycan Respublikası CPM-in 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 31.95 (otuz bir manat doxsan beş qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.
94. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur.
95. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur.
96. Məhkəmə qeyd edir ki, məhkəmə iclaslarında təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə ona, dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası CPM-in 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə olan halda müdafiəçilərin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Odur ki, cinayət işi üzrə keçirilən məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir.
97. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.
98. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli və «Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında» 30 aprel 2021-ci il tarixli qərarlarının müəddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 44.1, 132, 344- 347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
h ö k m e t d i:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 05 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Xəzər rayon Məhkəməsinin 1(003)-437/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 03 (üç) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə və 3500 manat cərimə cəzasının ödənilməmiş qalan 3500 manat cərimə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin olunmuş 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına tam birləşdirilməklə ona qəti olaraq 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası və 3500 (üç min beş yüz) manat cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. Təqsirləndirilən şəxsin ərazi narkoloji kabinetində qeydiyyatda durması nəzərə alınsın. İş üzrə maddi sübutlar olan və Kürdəmir Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetaminin tədqiqatdan sonra 3.797 qram qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza tədqiqatı xərci – 31.95 (otuz bir manat doxsan beş qəpik) manat təqsirləndirilən şəxsdən tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış videogörüntülərin əks olunduğu 02 (iki) ədəd disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Sədrlik edən hakim: Aqil Nuriyev Hakimlər: Cavid Səfərli Ayşən Vəliyeva