Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-39/2022 24.01.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Səfərli Cavid Şamil oğlunun sədrliyi, Quliyev Nizami Fərzi oğlu və Musayev Aqil Əlisa oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə, xx xxxxxx 1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, əvvələr məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla barəsində «həbs» qətimkan tədbiri sçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2, 206.3.2, 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən tamah niyyətilə, yəni qazanc əldə etmək üçün, “Qurban” adı ilə məlum olan İran İslam Respublikası vətəndaşı və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitələr və psixotrop maddələrin qanunsuz olaraq satış məqsədi ilə İran İslam Respublikasında əldə edilməsi, saxlanması və daşınaraq qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilməsi ilə bağlı qabaqcadan razılıq əldə etmiş, bundan sonra cinayətkar qrupun üzvlərinin aralarında olan razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq, o, 22 mart 2021-ci il tarixdə saat 16 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənar yəni, Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Füzuli rayonu ərazisində yerləşən xidməti ərazisində Azərbaycan Respublikasından İran İslam Respublikası istiqamətində qəsdən qanunsuz olaraq keçmiş, 27 mart 2021-ci il tarixdə “Qurban” adlı şəxslə görüşərək sonuncudan bir ədəd bağlamada qablaşdırılmış külli miqdarda narkotik vasitələr təmiz halda çəkisi 5325,0 qram tiryək, 15040,0 qram həşiş qətranını, 3736,0 qram heroin, 2315,0 qram qurudulmuş marixuana, 300 ədəd həbdən ibarət təsiredici maddəsinin ümumi miqdarı 12 qram olan metadon və külli miqdarda psixotrop maddə təmiz halda çəkisi 3863,0 qram olan metamfetamini qəsdən qanunsuz olaraq satış məqsədi ilə əldə edib, saxlayıb daşıyaraq, 27 mart 2021-ci il tarixdə saat 17 radələrində şəxsiyyəti məlum olmayan İran İslam Respublikası vətəndaşı ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında, Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini təkrarən dövlət sərhədinin nəzarət buraxılış məntəqələrindən kənar yəni, Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Beyləqan rayonu ərazisində yerləşən 22-ci sərhəd zastavasının xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikasına qəsdən qanunsuz olaraq keçməklə qeyd olunan külli miqdarda narkotik vasitələr və külli miqdarda psixotrop maddəni Azərbaycan Resublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirdikdən sonra Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Beyləqan rayonu ərazisində yerləşən 22-ci sərhəd zastavasının xidməti ərazisində qamış və kol bitkiləri arasında gizlətmiş, Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılmış, lakin onunla birlikdə olmuş şəxsiyyəti məlum olmayan İran İslam Respublikası vətəndaşı ərazidən uzaqlaşmış, yuxarıda qeyd olunan külli miqdarda narkotik vasitə və psixotrop maddələr Təqsirləndirilən şəxs iştirakı ilə ərazidən aşkar edilərək götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən, yalnız dövlət sərhədini qanunsuz keçmə əməli ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2021-ci ilin mart ayında İran İslam Respublikasından bijuteriya əşyaları gətirib satışını təşkil etmək istəmişdir. Lakin Covid-19 pandemiyasına görə sərhədlər bağlı olduğu üçün İrana qanunsuz olaraq sərhədi keçmək qərarına gəlmişdir. 22 mart 2021-ci il tarixdə Füzuli rayonu ərazisindən Araz çayını üzərək İrana keçmiş, orada əvvəlcədən razılaşdığı Qurban adlı şəxs və sonuncunun yanında olan digər İran vətəndaşları onu Pirsabad şəhərində kafeyə apararaq ikinci mərtəbəsində bir neçə gün zorla saxlamışlar, sonra 27 mart 2021-ci il tarixdə həmin İran vətəndaşları ilə Azərbaycanla sərhədə yollanmışlar, orada adını bilmədiyi iranlı onu rezin qayıqla Araz çayından Azərbaycan ərazisinə keçirmiş, bağlama verərək onu sonra götürəcəklərini demiş, o, da bağlamanı götürərək özü ilə daşımış, bir müddət sonra bağlamanı qamışlıq olan kolluğa atmış, daha sonra Dövlət sərhəd xidməti əməkdaşları tərəfindən saxlanılmışdır. Bağlamada narkotik olmasından məlumatı olmamışdır, həmin bağlamanı özü könüllü olaraq yerini göstərmiş, DSX əməkdaşları ilə birgə bağlamanı götürüb baxış keçirəndə içərisində narkotik vasitələrin olduğu məlum olmuşdur. İrana narkotik vasitələr deyil, bijuteriya gətirmək məqsədi ilə keçmiş, orada girov saxlanılaraq içərisində narkotik olan bağlamanı Azərbaycan ərazisinə keçirməyə məcbur olmuşdur. Özünü yalnız dövlət sərhədini qanunsuz keçməkdə təqsirli bilir. Ona görə də məhkəmədən əməlinin düzgün tövsif olunmasını xahiş edir. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında ziddiyyətlər olduğundan onun ibtidai araşdırma dövründə müdafiəçisinin iştirakı ilə verdiyi həmin ifadələri elan edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2021ci ilin mart ayında İslam adlı tanışı ona 7.500 manat müqabilində İran İslam Respublikasından mal gətirməyi təklif etmiş, o, da razılaşaraq İrana keçərək bağlamanı Azərbaycan ərazisinə keçirmiş, lakin bağlamada narkotik vasitə olmasından məlumatı olmamış, saxlanıldıqdan sonra həmin bağlamada narkotik vasitələrin olduğunu bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissənin hərbi qulluqçusu Şahid1 ifadəsində göstərmişdir ki, hərbi xidmətinə aid olan kəşfiyyat-axtarış tədbirləri keçirilən zaman, 27 mart 2021-ci il tarixdə sərhəd zastavasının ərazisində sonradan adının Təqsirləndirilən şəxs olduğunu bilən şəxs saxlanılmış və, şifahi sorğu zamanı sərhədi İrandan qanunsuz keçdiyini bildirmişdir. Şübhə yarandığından kəşfiyyat-axtarış qrupunun tərkibində Təqsirləndirilən şəxs iştirakı ilə zastavanın 3-cü sahəsində axtarış tədbirlərində iştirak etmiş, 28 mart 2021-ci il tarixdə saat 10 radələrində 3-cü sahədə maneə çəpərindən 800 metr dövlət sərhədi istiqamətində sıx qamış və kol bitkilərinin içərisində bir ədəd polietilen torba aşkar edilərək götürülmüş, bu zaman Təqsirləndirilən şəxs həmin bağlamanı şəxsiyyəti məlum olmayan İran İslam Respublikası vətəndaşı ilə birlikdə İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə keçirdiyini bildirmişdir. Həmin bağlamada narkotik vasitə və psixotrop maddələrin olması müəyyən edilmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş, Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissənin hərbi qulluqçusu Şahid2 ifadə eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində qeyd etdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 28 mart 2021-ci il tarixdə Təqsirləndirilən şəxs iştirakı ilə sonuncu tərəfindən əraziyə atılmış bağlamanın götürülməsində hal şahidi kimi iştirak etmiş, sonra 22-ci sərhəd zastavasının inzibati binasına dəvət edilmiş, zastavasının xidməti ərazisindən aşkar edilərək götürülmüş bağlamaya baxış keçirilmiş, baxış zamanı qeyd olunan bağlamanın içərisində üzəri sıx yapışqan lentlə bağlanmış iki ədəd büküm aşkar edilmiş, həmin bükümlərdə olan narkotik vasitəyə bənzər maddələr çıxarılaraq bükümləri ilə birlikdə tərəzidə çəkilmiş, çəkilərini hazırda dəqiqliyi ilə xatırlamır, lakin külli miqdarda olduğu məlum olmuşdur. Bağlamada həşiş qətranı, tiryək, heroin, qurudulmuş marixuana, metamfetamin, metadon olması müəyyən edilmişdir, bundan sonra narkotik vasitələrə bənzər maddələr götürülərək qablaşdırılmış və bu barədə müvafiq protokol tərtib edilmiş və həmin protokol imzalanmışdır. Həmçinin, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu Şahid5 ifadəsi və onunla Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə protokolu elan edilmişdir. Şahid həmin ifadəsində göstərmişdir ki, 27 mart 2021-ci il tarixdə saat 12.00-18.00-dək sərhəd zastavasının 2-3-cü sahələrinə sərhəd gözətçisi xidmətinə təyin olunmuş, xidmətdə olduğu müddətdə saat 17 radələrində 3-cü sahə istiqamətində səslər eşitmiş, həmin istiqamətdə hərəkət etmiş, orada olan kanala baxış keçirən zaman kanalın içərisində sonradan adının Təqsirləndirilən şəxs olması məlum olan bir nəfər şəxsin olduğunu aşkar etmiş, sonuncuya köməklik olmadan su kanalından çıxa bilməz, bu barədə zastavaya məlumat verdikdən sonra həmin şəxsi kanaldan çıxarmış, həmin şəxsdən burada nə etdiyini soruşduqda, o, müalicə almaq üçün İrana getmək istədiyini bildirmiş, daha sonra həmin şəxs sərhəd zastavasına aparılmış, kanaldan çıxarılan zaman Təqsirləndirilən şəxs üzərində narkotik vasitələri olmasada, 28 mart 2021-ci il tarixdə sərhəd zastavasının 3-cü sahəsində bir ədəd bağlamada narkotik vasitələr aşkar olunaraq götürülmüşdür. Üzləşdirmə keçirilməsi haqqında protokoldan görünür ki, Şahid5 ifadəsində göstərdiyi xüsusatları təqsirləndirilən şəxs Ramil Məmmədovün üzünə qarşı bir daha bildirmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan «Baxış keçirilməsi haqqında» 28 mart 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs İran İslam Respublikasından gətirdiyini və Beyləqan rayonu ərazisində Dövlət Sərhəd Xidmətinin 22-ci sərhəd zastavasının 3-cü sahəsində gizlətdiyi bağlama həmin gün aşkar edilərək baxış keçirilmiş, içərisində külli miqdarda narkotik vasitə və psixotrop maddələrin olması müəyyən edilmişdir. İş materiallarında olan materialların məhkəmə ekspertizasının xx.xx.2021-ci il tarixli 6/1267 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş torbada ümumi təmiz çəkisi 3736,0 qram olan narkotik vasitə - heroin, ümumi çəkisi 5325,0 qram narkotik vasitə tiryək, ümumi çəkisi 3863,0 qram psixotrop maddə metamfetamin, 30 ədəd konvalyut, hər konvalyutda 10 ədəd həb olmaqla, ümumi sayı 300 ədəd narkotik vasitə metadondur. 300 ədəd həbdə metadonun təsir maddəsinin miqdarı 12 qram təşkil edir. Tədqiqatdan sonrakı qalıq: 3735,61 qram heroin, 3862,7 qram metamfetamin, 5324,88 qram tiryək, 290 ədəd metadon. Aparılmış tədqiqatın dəyəri 88 manat 70 qəpik təşkil edir. İş materiallarında olan məhkəmə bioloji ekspertizasının xx.xx.2021-ci il tarixli 7/300 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş narıncı sintetik kisədə ümumi çəkisi 2315,0 qram olan narkotik vasitə qurudulmuş marixuana, ümumi çəkisi 15040,0 qram olan narkotik vasitə həşiş qətranıdır. Tədqiqatdan sonrakı qalıq: 2314,92 qram qurudulmuş marixuana və 15039,7 qram həşiş qətranı. Aparılmış tədqiqatın dəyəri 66 manat 46 qəpik təşkil edir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 21 iyun 2021-ci il tarixli, 2007 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyyacı yoxdur. İş materiallarında olan məhkəmə psixiatrik ekspertizasının 23 iyun 2021-ci il tarixli 1349 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür, törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. İş materiallarında olan istintaq orqanının 07 aprel 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs İran İslam Respublikasından Azərbaycan ərazisinə keçirdiyi tədqiqatdan sonrakı qalıq 5324,88 qram tiryək, 15039,7 qram həşiş qətranı, 3735,61 qram heroin, 2314,92 qram qurudulmuş marixuana, 290 həb metadon və 3862,7 qram metamfetamin iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, işdə olan digər sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-in 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onun tərəfindən törədilmişdir, bu cinayətlərə görə ona ittiham verildiyi Azərbaycan Respublikası CM-in 318.2, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində o, təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin qismən etirafedici və şahidlərin isə təsdiqedici) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşaraq “İran İslam Respublikasına narkotik vasitə əldə etmək üçün getməməsi, onun tərəfindən İrandan gətirdiyi bağlamada narkotik vasitə aşkarlanması barədə məlumatının olmaması, həmçinin qeyd olunan narkotik vasitə və psixotrop maddəyə heç bir aidiyyətinin olmaması, təslim olmaq niyyəti ilə əsgərləri səsləməsi, bağlamanı da könüllü təqdim etməsi” hissəsini məhkəmə iclasında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə müqayisəli qiymət verərək hesab edir ki, həmin ifadə obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və özünü müdafiə xarakteri daşıyır. Məhkəmə tədqiq edilmiş sübutlara istinad edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotop maddələri satış məqsədi ilə qazanc əldə etmək üçün İran İslam Respublikasından qanunsuz yolla Azərbaycan ərazisinə keçirmişdir. Məhkəmə, onun ifadəsində göstərdiyi bu xüsusatları ona təyin ediləcək cəzanın müddətini azaltmağa, başqa sözlə, cinayət məsuliyyətini yüngülləşdirməyə yönələn cəhdi kimi qiymətləndirir. İş materiallarında olan Azərbaycan Respublikası Baş prokurorluğunun 03 avqust 2021-ci il tarixli qərarından görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs şikayətlə müraciə edərək saxlanılan zaman hərbi qulluqçular tərəfindən ona fiziki təzyiqlər göstərilməsini bildirmişdir. Müraciət əsasında Baş prokurorluqda araşdırma aparılaraq Təqsirləndirilən şəxs göstərdiyi xüsusatlarda cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə bu və digər məsələlər üzrə gəldiyi nəticələri, Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli qanunların tələbləri baxımından da, əsaslı hesab edir. Belə ki, həmin Qanunların tələblərinə və izahına əsasən Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitə və psixotrop maddələr “külli miqdar” kimi qiymətləndirilir. Məhkəmə baxışında dövlət ittihamçısının vəsatəti əsasənda Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən verilmiş ittihamdan Azərbaycan Respublikası CM-in 318.1-ci maddəsi çıxarılmış və məhkəmə istintaqı CM-in 318.2, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə davam etdirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin tövsifi məsələsini müzakirə edərək onun hərəkətini Azərbaycan Respublikası CM-in 318.2, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri dispozisiya şərtlərinə uyğun gəldiyini nəzərə alıb həmin maddələrlə tövsif edilməsini əsaslı sayır. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 318.2, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından onun əməli qanuna müvafiq cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan inzibati qaydada tutma, həmçinin şübhəli şəxs qismində tutma haqqında protokollar, DSX-nin N nömrəli hərbi hissə rəhbərliyinin arayışı və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 27 mart 2021-ci il tarixdə inzibati qaydada tutulmuş, həmin gündən 30 mart 2021-ci il tarixə kimi COVİD-19 infesiyasının olubolmamasını müəyyən etmək üçün hərbi hissədə karantin rejimində saxlanılmış, 31 mart 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, məhkəmənin 02 aprel 2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə, həbs etmənin əvvəli 27 mart 2021-ci il tarixdən hesablanması göstərilmişdir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini, eyni zamanda təyin ediləcək cəzanın əvvəlinin onun azadlığının faktiki məhdudlaşdırıldığı inzibati qaydada tutulduğu vaxtdan, yəni 27 mart 2021-ci il tarixdən hesablanmasını əsaslı sayır. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası CPM-in 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarında olan “Məhkumluq haqqında” tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarına əlavə edilmiş arayış və doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında qeydiyyatdadır, himayəsində iki azyaşlı uşağı vardır. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkməməsi, əvvələr məhkum olunmaması, ali təhsilli, evli olması onun şəxsiyyətini səciyyələndirilən hallardır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı olmasının Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Məhkəmə CM-in 61-ci maddəsinə əsasən təqsir1əndirilən şəxs Təqsirləndirilən şəxs cəzasının ağırlaşdıran hal müəyyən etməmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus, qanunvericiliyin tələblərinə uyğun olaraq müsadirə olunması mümkün olan pul, əmlak və s. müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə təyin olunmamalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-in 132.0.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə tərəfindən hökm çıxarılarkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 5324,88 qram tiryək, 15039,7 qram həşiş qətranı, 3735,61 qram heroin, 2314,92 qram qurudulmuş marixuana, 290 həb metadon və 3862,7 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə məhkəmə ekspertiza xərcləri olan 155 manat 16 qəpik təqsirləndirilən şəxs X2 alınaraq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 318.2, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və o CM-in 318.2-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına, CM-in 206.3.2-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzasına, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 11 (on bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs qəti cəza 14 (on dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 27 mart 2021-ci ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 5324,88 qram tiryək, 15039,7 qram həşiş qətranı, 3735,61 qram heroin, 2314,92 qram qurudulmuş marixuana, 290 həb metadon və 3862,7 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə ekspertiza xərcləri olan 155 manat 16 qəpik Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-39/2022
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-39/2022
24.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver