Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-390/2024 18.04.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi ilə hakimlər Səfərli Cavid Şamil oğlu və Nəbiyev Cəlil Cabbar oğlundan ibarət tərkibdə, Ağayev Elmar Sakit oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1989-ci il tarixdə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, xx.xx.2021-ci il tarixdə Lənkəran Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhərİ Nizami rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzası 06 ay azaldılmaqla barəsində 02 il 06 ay azadlıqdan məhrum etmə cazası saxlanılmış və xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, Lənkəran rayon Digah kəndində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 15 oktyabr 2023-cü il tarixdə saat 20 radələrində, Lənkəran şəhərində yerləşən Ləvəngi dairəsi adlanan ərazidə dəqiq müəyyən edilməyən şəxsdən 40 manat pul müqabilində 01 (bir) bükümdə, təmiz çəkisi -2,251 qram külli miqdarda psixotrop maddə metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində daşımaqla saxlamış,16 oktyabr 2023-cü il tarixdə, saat 00:20 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Lənkəran şəhəri, Z.Əliyeva küçəsində saxlanılaraq polis şöbəsinə gətirildikdən sonra onun üzərinə şəxsi axtarış keçirilərkən əynində olan gödəkçənin sağ yan cibindəki kibrit qutusunun içərisindən həmin bükümdə və çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2023-cü il 15 oktyabrdan 16 oktyabra keçən gecə saat 12 - 01 radələrində Lənkəran şəhəri Zərifə Əliyeva küçəsində polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə aparılmışdır. Şöbədə olarkən Ruhid adında polis əməkdaşı tərəfindən üzərinə psixotrop maddə metamfetamin qoyulmuş, polis əməkdaşları ona, çəkiliş zamanı metamfetaminin özünə məxsus olduğunu deməsini bildirmişlər. Polis əməkdaşlarının hədəsindən qorxduğu üçün ifadəsində metamfetaminin özünə aid olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, Lənkəran şəhərində Zərifə Əliyeva küçəsində 7-ci binanın yanında parkın içində saxlanılmışdır. saxlanılarkən üzərində öz istifadəsi üçün saxladığı, 10 manata aldığı 0,1 qram bir bükümdə heroin olmuşdur. Metamfetamin polis əməkdaşları tərəfindən üzərinə qoyulmuş, polis əməkdaşları tərəfindən döyülmüşdür. Polis əməkdaşları Ruhid və Etibar onu döyməmişlər. Onu döyən şəxsi tanımır. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı ifadələrində və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan onun ibtidai istintaq dövründə müdafiəçisinin iştirakı ilə xx.xx.2023-cü il tarixli şübhəli və xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində verdiyi ifadələri elan olunmuş, o, həmin ifadələrində göstərmişdir ki, 16 oktyabr 2023-cü ildə üzərinə keçirilən axtarış zamanı gödəkçənin sağ yan cibindəki kibrit qutusunun içərisində aşkar olunan bir büküm psixotrop maddə metamfetamini Lənkəran şəhərində Ləvəngi dairəsi deyilən yerdə tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 40 manata almış, polis əməkdaşları tərəfindən döyülməmişdir. Daha sonra məhkəmədə elan olunmuş xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində verdiyi ifadəsinin əvvəlində bir büküm psixotrop maddə metamfetamini Lənkəran şəhərində Ləvəngi dairəsi deyilən yerdə tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 40 manata aldığını etiraf etsə də, ifadəsinin sonunda metamfetaminin üzərinə polis əməkdaşı tərəfindən qoyulduğunu göstərmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, yuxarıda göstərilən cinayət əməlini Təqsirləndirilən şəxs törətmişdir. Onun törətdiyi cinayət əməli məhkəmədə tədqiq olunmaqla elan olunmuş ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı iş üzrə dindirilmiş şahidlərin ifadələri, habelə tədqiq olunmuş ekspertizanın rəyləri, cinayət işində olan istintaq hərəkətinin protokolları, maddi sübut və işin digər halları ilə kifayət qədər sübuta yetirilir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nın əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatına əsasən o, 16 oktyabr 2023-cü ildə saat 00:20 radələrində Lənkəran şəhəri Z. Əliyeva küçəsində saxlanılıb şöbəyə aparılmışdır. Vəkilin iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, onun əynində olan idman gödəkcəsinin sağ yan cibindən kibrit qutusunun içərisində olan şəffaf rəngli sellofana bükülmüş bir bükümdə ağ kristial formalı psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Metamfetaminin çəkisi təqribən 2,83 qram olmuşdur. Şifahi sorğu zamanı o, bildirmişdir ki, metamfetamini 40 manata Lənkəran şəhəri Ləvəngi dairəsi ərazisində üzdən tanıdığı, adını və ünvanını bilmədiyi şəxsdən almışdır. Şahid1 verilən suallara cavab olaraq göstərmişdir ki, Emil saxlanılarkən müqavimət göstərməmişdir. Emilin saxlanıldığı yerdə üzərinə axtarış keçirmək mümkün olmamışdır. Onun kimdən narkotik əldə etməsindən məlumatı yoxdur. Emilin üzərinə metamfetamin qoymamışdır. Emil özü etiraf etmişdir ki, üzərində olan metamfetamin ona məxsusdur.Təqsirləndirilən şəxs qarşı zor tətbiq olunmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş polis əməkdaşı Şahid2 ifadəsində Şahid1 ifadəsində göstərdiyi xüsusatlar üzrə eyni məzmunlu ifadə verərək əlavə olaraq göstərmişdir ki, Emil Lənkəran şəhəri, Zərifə Əliyeva küçəsində yerləşən parkda oturub digər şəxslərlə narkotikdən istifadə etmişlər. Orada ətrafda yaşayan vətəndaşlar şikayət etmişlər ki, bu şəxslər daimi narkotiklərdən istifadə edirlər. Emil qaçmağa cəhd edərkən onun qoluna girib maşına mindirib şöbəyə aparmışlar. Emil saxlanılarkən üzərində olan narkotiki yerə atmaq istəmişdir. Ruhidin şöbədə onun cibinə metamfetamin qoymasını görməmişdir. Təqsirləndirilən şəxs qarşı zor tətbiq olunmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş polis əməkdaşı X1 şahidlər Şahid1 və Şahid2 ifadəsində göstərdiyi xüsusatlar üzrə eyni məzmunlu ifadə vermişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan məhkəmə-kimyəvi ekspertizanın 16 oktyabr 2023-cü il tarixli, 19/935 saylı rəyinə əsasən, Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümdə metamfetaminə bənzər kütlə qablaşdırıldı və möhürləndi sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi 2,251 qram olan ağ rəngli kristal formada olan maddə metamfetamindir. Məhkəmədə tədqiq edilmiş və işdə olan ambulator məhkəmə-narkoloji ekspertizasının 16 oktyabr 2023-cü il tarixli, 951 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin və stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (polinarkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq edilmiş və işdə olan 16 oktyabr 2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən 01 ədəd bükümlərdə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Həmin 01 ədəd psixotrop maddə metamfetaminin çəkisi 2,83 qram olmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş kütlə psixotrop maddə metamfetamindir, özünə məxsusdur, Lənkəran şəhəri, Ləvəngi dairəsi deyilən ərazidə tanımadığı şəxsdən ümumilikdə 40 manata almışdır, şəxsi istifadəsi üçün üzərində saxlamışdır. İşdə olan əməliyyat tapşırığının cavabından görünür ki, Təqsirləndirilən şəxs bundan əvvəl də narkotik vasitələr əldə edərək onlardan istifadə etmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan üzləşdirmə protokolundan görünür ki, Şahid1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş, Şahid1 ifadəsində göstərdiyi xüsusatları əyani olaraq Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan üzləşdirmə protokolundan görünür ki, Şahid2 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş, Şahid2 ifadəsində göstərdiyi xüsusatları əyani olaraq Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. 23 yanvar 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarla ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,201 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış, saxlanılması üçün Lənkəran ŞRPŞ-nin saxlama kamerasına təhvil verilmiş, 01 ədəd CD disk cinayət işinin materiallarına əlavə edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında özünün müdafiəsi üçün dəlillər gətirərək üzərində aşkar olunan metamfetaminin ona məxsus olmadığını, metamfetaminin üzərinə polis əməkdaşları tərəfindən qoyulduğunu, polis şöbəsində döyüldüyündən və hədə qorxuya məruz qaldığından məcbur olub az çəkidə olan psixotrop maddənin özünə məxsus olmasını yalandan etiraf etdiyini göstərmişdir. Məhkəmə təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi xüsusatlara tənqidi yanaşaraq bu ifadələri işin obyektiv hallarına uyğun olmayan, cinayət məsuliyyətindən yayınmaq, özünü müdafiə etmək məqsədi ilə uydurulmuş və işin faktiki halları ilə təkzib edilən xüsusatlar kimi qiymətləndirir və Təqsirləndirilən şəxs ifadəsinin bu hissəsini inandırıcı hesab etmir. Belə ki, təqsirləndirilən şəxsin ona qarşı polis əməkdaşları tərəfindən zor tətbiq olunması və ya hədə-qorxu gəlmələri ilə bağlı irəli sürdüyü dəlillərə məhkəmə münasibət bildirərək qeyd edir ki, işdə olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 1054 №li rəyinə əsasən onun bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. Həmçinin, Təqsirləndirilən şəxs ibtidai istintaq başlandığı gündən başa çatanadək polis əməkdaşları tərəfindən döyülüb incidilməsi, işgəncələrə məruz qalması barədə hər hansı bir dəlil irəli sürməmiş, bu barədə hər hansı bir rəsmi orqanlara müraciət etməmişdir. Məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı özünə qarşı verdiyi etirafedici ifadələrin məhz fiziki zor tətbiq etmə nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Məhkəmə tərkibinin belə qənaəti Avropa Məhkəməsinin Azərbaycana qarşı şikayətlərlə bağlı qəbul etdiyi bir sıra qərarlarda öz əksini tapmışdır (Əhmədov Azərbaycana qarşı, N-30364/09, && 42-43? 12 noyabr 2013;Məmmədov Azərbaycana qarşı, N-12 /11/2013, &&23-27? 11 yanvar 2007). Həmçinin, Təqsirləndirilən şəxs üzərində aşkar olunan metamfetaminin ona məxsus olmaması, polis əməkdaşları tərəfindən üzərinə qoyulması ilə bağlı göstərdiyi xüsusatlar ibtidai istintaq zamanı özünün etirafedici ifadəsi ilə yanaşı müdafiəçinin iştirakı ilə videoçəkilişlə aparılan üzərinə şəxsi axtarış və götürmə aparılması haqqında istintaq hərəkətinin protokolu, habelə məhkəmədə dindirilmiş şahidlərin ifadələri, üzləşdirmə protokolları və digər sübutlarla təkzib olunur. Məhkəmədə tədqiq olunmuş videoçəkilişdən də görünür ki, Təqsirləndirilən şəxs vəkilin iştirakı ilə gödəkçəsinin cibindən bükümdə olan metamfetamini çıxarıb təqdim edərək özünə məxsus olduğunu etiraf edir, bükümün üzərinə polis əməkdaşları tərəfindən qoyulması və ya hədə-qorxuya məruz qalaraq polis əməkdaşları tərəfindən döyülməsi ilə bağlı hər hansı bir dəlil irəli sürmür. Artıq bu hallar təqsirləndirilən şəxsin məhkəmə baxışı dövründə verdiyi ifadələrin məntiqli və ardıcıl olmadığını, hadisənin xarakteri, mexanizmi və inkişafını bir-birindən tam fərqli və bəsit formada reproduksiya olunduğunu təsdiq etmiş, ümumiyyətlə onun qeyd olunan mərhələdə verdiyi ifadələr yalan olmaqla məhz real faktların ört-bastır edilməsinə, istintaqın səhv istiqamətə yönəldilməsinə və başqa sözlə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün təqsirləndirilən şəxsin ibtidai araşdırma dövründə verdiyi etirafedici ifadələri ilə məhkəmə baxışında verdiyi ifadələr arasında ziddiyyət təşkil edən hissəyə münasibətdə onun ibtidai araşdırma dövründə yuxarıda qeyd olunan verdiyi etirafedici ifadəsini, habelə şahidlərin ifadələrini, ekspertizanın rəylərini, “şəxsi axtarış və götürmə aparılması haqqında” protokolu, əməlini etiraf etməsinə dair videoçəkilişi və digər sənədləri cinayət təqibi üzrə mötəbər sübut hesab edir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılara əsasən beynəlxalq adı olan metamfetamin psixotrop maddədir. Metamfetaminin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə külli miqdar hesab olunur. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş və qanunsuz saxladığı külli miqdarda psixotrop maddə metamfetamini satmaq niyyəti olmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmiş və onun bu əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Buna görə də, ona həmin maddədə qanunla müəyyən edilmiş qaydada cəza təyin olunmalıdır. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad etmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. İşdə olan 16 oktyabr 2023-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün cinayət törətməsində şübhəli şəxs qismində tutulmuş, 17 oktyabr 2023-cü il tarixdə CM-nin 234.1-1-ci maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilərək Lənkəran Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 16 oktyabr 2023-cü il tarixdən hesablanmışdır. İşdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə qənaətbəxş xarakterizə olunur. İşdə olan məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2016-cı il tarixdə Lənkəran Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə təqsirli bilinərək 03 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Salyan rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə əməli Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinə tövsif olunmuş, cəzası 02 ilə endirilmiş və xx.xx.2017-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, xx.xx.2019-cu il tarixdə Lənkəran Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 03 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Suraxanı rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə 02 ay 12 gün vaxtından əvvəl şərti azad olunmuş və xx.xx.2020-ci il tarixdə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmış, xx.xx.2021-ci il tarixdə Lənkəran Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhər Nizami rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzası 06 ay azaldılmaqla barəsində 02 il 06 ay azadlıqdan məhrum etmə cazası saxlanılmış və xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Hazırda Təqsirləndirilən şəxs ödənilməmiş məhkumluğu vardır. CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. Hazırki iş üzrə əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs iki il keçmədən, məhkumluğu qanunla müəyyən edilmiş qaydada götürülmədiyindən və ya ödənilmədiyindən onun qəsdən CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş ağır cinayət əməlini törətməsi cinayətlərin residivini yaradır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları müəyyən etmədi. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Məhkəmə cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 234.1-1-ci maddəsi “ağır” cinayətlər kateqoriyasına aiddir. Həmin maddənin sanksiyasında üç ildən səkkiz ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərin ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hallar əhalinin sağlamlığına ciddi zərər vurur. Təqsirləndirilən şəxs törətdiyi əməlin ictimai təhlükəli olduğunu dərk etmiş, ictimai təhlükəli nəticələrini görmüş və bunları arzu etmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutlmuş həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməli və təyin olunmuş cəza çəkilməlidir. Bundan başqa, CM-nin 65.2-ci (residivə görə cəzanın təyin olunması) maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının son həddinin - 8 ilin yarısından, yəni 4 ildən az ola bilməz. CM-nin 56.1.3-cü maddəsinə əsasən təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 16 oktyabr 2023-cü ildən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və hazırda Lənkəran ŞRPŞ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq ümumi çəkisi olan 2,201 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli,1 ədəd disk isə cinayət işində saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 65 ( altmış beş) manat təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə məsələsinə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə həmin Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1. və 99-1.1.2. maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Hazırkı iş üzrə isə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Cinayət prosessual qanunvericiliyinə əsasən mülki iddiaya miqdarından asılı olmayaraq cinayət işinin aid olduğu məhkəmədə, həmin işlə birlikdə baxılır (mad.187.1).Hazırkı cinayət işi üzrə isə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344–349, 351–353, 356, 358, 381, 383–385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təyin olunmuş cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin, cəzaçəkmə müddətinin başlanğıcı 16 oktyabr 2023-cü ildən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və hazırda Lənkəran Şəhər-Rayon Polis Şöbəsində saxlanılan qalıq çəkisi olan 2,201 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd disk cinayət işində saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Müşfiq Məmmədov Cəlil Nəbiyev Cavid Səfərli
Məhkəmə qərarları › İş №1(099)-390/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-390/2024
18.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver