Məhkəmə qərarları › İş №1(099)-391/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-391/2022

14.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-391/2022 14.06.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Nəbiyev Cəlil Cabbar oğlunun sədrliyi, Səfərli Cavid Şamil oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxx 1995-ci ildə Salyan şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Salyan şəhəri, Ə.Hüseynov küçəsi, ev 23-də qeydiyyatda olmaqla orada yaşamış, barəsində 12 mart 2022-ci ildə həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 07 mart 2022-ci ildə Salyan şəhərində yerləşən 4 saylı tam orta məktəbin yaxınlığında, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi təmiz çəkisi 7,804 qram olmaqla iki bükümdə psixotrop maddə olan metamfetamini taparaq əldə etmiş, üzərində saxlamaqla daşımış, daxil olmuş məlumat əsasında DİN-nin Baş mütəşəkkil cinayətkarlıqla mübarizə idarəsinin əməkdaşlarının 11 mart 2022-ci ildə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində o, həmin gün saat 15 radələrində Salyan şəhəri, Ələt-Astara yolunun 58-ci kilometrliyində yerləşən «Tək Oil» yanacaq doldurma məntəqəsinin yaxınlığında saxlanılaraq Salyan rayon polis şöbəsinə gətirilmiş, üzərində axtarış keçirilərkən qeyd edilən psixotrop maddə metamfetamin əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən, yəni CM-in 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, himayəsində olan xəstə anası və atası ilə birgə Salyan şəhərində yaşamış, rayonda balıq ticarəti ilə məşğul olmaqla ailəsini dolandırmışdır. Əvvəllər kikboksinq idman növü üzrə məşğul olmuş, ölkə daxili və ölkə xarici turnirlərdə yüksək nəticələr göstərərək dəfələrlə İ yerə layiq görülmüş, lakin sonralar narkotik vasitələr və psixotrop maddələrdən qəbul etməyə başlamış, nəticədə narkomaniya xəstəliyinə tutulmuşdur. 07 mart 2022-ci ildə Salyan şəhərində yerləşən 4 saylı tam orta məktəbin yaxınlığında olan zaman yolun kənarından 02 ədəd içərisində “patı” kimi bildiyi metamfetamin olan sellofan büküm tapıb onları götürüb şəxsi istifadəsi üçün cibinə qoymuş, 11 mart 2022-ci ildə günorta saatlarında Salyan şəhərində “Tək Oil” yanacaq doldurma məntəqəsinin yaxınlığında olarkən polis əməkdaşları tərəfindən saxlanılaraq Salyan rayon polis şöbəsinə aparılmış, şöbədə müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilmiş, ona üzərində qadağan olunmuş əşya varsa təqdim etməsi təklif edildikdə, o üzərində metamfetamin olduğunu bildirərək əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən tapmış olduğu 02 ədəd sellofan bükümü çıxararaq polis əməkdaşına təqdim etmiş, bükülülərə baxış keçirilərkən içərisində psixotrop maddə metamfetamin olduğu müəyyən olmuşdur. Şifahi sorğu-sual zamanı 02 ədəd içərisində metamfetamin olan maddəni 4 gün əvvəl tapdığını, şəxsi istifadəsi üçün cibində saxladığını, metafetamindən heç kimə satmadığını və ya pay kimi vermədiyini, ümumiyyətlə heç vaxt narkotikin satışı ilə məşğul olmadığını bildirmiş, şəxsi axtarışla bağlı tərtib edilmiş protokola imza etmişdir. Əməlindən peşmançılıq keçirməsini, ailədə yeganə qazanc gətirən şəxs olmaqla himayəsində xəstə anasının və atasının olmasını, idman yarışlarında yüksək nailiyyətlər qazanmasını nəzərə alaraq əməlini CM-234.1-ci maddəsinə tövsif etməklə ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 11 mart 2022-ci ildə Salyan rayon sakini Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması bərədə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmış, Təqsirləndirilən şəxs həmin gün saat 14 radələrində Salyan şəhəri, Ələt-Astara yolunda yerləşən «Tək Oil» yanacaq doldurma məntəqəsinin yaxınlığında saxlanılaraq Salyan rayon polis şöbəsinə gətirilmiş, polis şöbəsində müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilərkən sonuncu əynində olan göy rəngli cins şalvarın cibindən 02 ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoyaraq, həmin bükümlərin içində psixotrop maddə olan metamfetamin olduğunu bildirmiş, onlara baxış keçirilərkən bükümlərin içərisində ağ rəngli, kristal formalı psixotrop maddə metamfetaminə oxşar maddə olması müəyyən edilmiş, sonra rəsmiləşdirilərək götürülmüşdür. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 02 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetamini 4 gün əvvəl Salyan şəhəri 4 saylı tam orta məktəbin yaxınlığında yol kənarından tapdığını, şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmiş, bu barədə protokol tərtib edilən protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmiş, əməliyyat məlumatında Təqsirləndirilən şəxs narkotik vasitələr və psixotrop maddələrin satışı ilə məşğul olması barədə məlumat olmuşdur. Təqsirləndirilən şəxs narkotik satması halının müəyyən edilməsi məqsədi ilə əməliyyat tədbirləri davam etdirilmiş, lakin sonuncunun kiməsə narkotik vasitə və ya psixotrop maddə satması öz təsdiqin tapmamış, narkotik vasitə və ya psixotrop maddənin alqı-satqısi ilə bağlı hər hansı bir telefon danışıqları olmamış, satış faktı müəyyən olunmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Əlibala oğlu Şahid1 ifadəsində göstərilən xüsusatları təsdiq etməklə eyni məzmunlu ifadə vermişlər. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 12 mart 2022-ci il tarixli 6/1433 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən” sözləri olan zərfdəki iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,204 qram, 4,600 qram, ümumi təmiz çəkisi 7,804 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Metamfetaminin ümumi təmiz çəkisi- 7,804 qram, tədqiqata sərf edildi-0,100 qram, qalıq çəkisi isə 7,704 qram təşkil edir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 12 mart 2022-ci il tarixli 1253 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 30 mart 2022-ci il tarixli 977/K nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin aşkar edildi. Barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və çətənə bitkisindən alınan təbii mənşəli narkotik vasitə hesab edilən kannabinoid aşkar edilmədi. İş materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında” 11 mart 2022-ci il tarixli protokoldan görünür ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 11 mart 2022-ci ildə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs saat 14:45-də Salyan şəhəri, Ələt- Astara yolunun 58-ci kilometrliyində yerləşən «Tək Oil» yanacaq doldurma məntəqəsinin yaxınlığında saxlanılaraq Salyan Rayon Polis Şöbəsinə gətirilmiş və üzərinə şəxsi axtarış keçirilən zaman sonuncu əynində əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 02 ədəd sellofan bükümü, arxa kəmər hissəsindən 01 ədəd bıçaq tipli dəmir predmeti, arxa sağ cibindən 70 manat pulu və əynində olan qara rəngli gödəkçənin sol iç cibindən şəxsiyyət vəsiqəsini çıxarıb təqdim etmişdir. Təqdim edilmiş 02 ədəd sellofan bükümün içindən psixotrop maddə metamfetaminə oxşar maddə aşkar edilmişdir. Təqdim edilmiş 02 ədəd büküm, 01 ədəd bıçaq tipli dəmir predmet və şəxsiyyət vəsiqəsi götürülmüş götürülmüş, 70 manat pul isə Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Şəxsi axtarış və götürmə istintaq hərəkəti 11 mart 2022-ci ildə saat 16:22-də başlamış və həmin tarixdə saat 16:45-də bitmişdir. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 mart 2022-ci il tarixli 5(005)-363/2022 nömrəli qərarından görünür ki, əməliyyat-axtarış tədbirinin aparılması barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 tərəfindən qəbul edilmiş və həmin İdarənin rəisi, polis general-mayoru Əbülfət Rzayev tərəfindən təsdiq edilmiş 11 mart 2022-ci il tarixli qərar qanunauyğun hesab edilmişdir. İş materiallarında olan Salyan rayon məhkəməsinin 17 mart 2022-ci il tarixli 5(057)- 29/2022 nömrəli qərarından görünür ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 Təqsirləndirilən şəxs barəsində “əməliyyataxtarış tədbirinin keçirilməsi barədə” 11 mart 2022-ci il tarixli qərarı qanuni və əsaslı hesab edilmişdir. İş materiallarında olan 15 mart 2022-ci il tarixli, 007-3712-1222 nömrəli əməliyyat tapşırığının cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs aşkar edilən psixotrop maddə metamfetamini onun satış məqsədi ilə əldə edib üzərində gəzdirməsi aşkar edilmiş, lakin Təqsirləndirilən şəxs həmin psixotrop maddəni aldığı şəxsin müəyyən edilməsi, həmçinin, digər cinayət əməllərinin törədilməsində iştirakının olub-olmaması, yaxın əlaqələrinin müəyyən edilməsi, narkotik vasitələrin və ya psixotrop maddələrin satışında və istifadəsində şübhəli olan şəxslərlə əlaqələrinin müəyyən edilməsi, qanunsuz olaraq əldə etdiyi psixotrop maddəni nə vaxt, kimdən, harada və hansı şəraitdə əldə etməsi, əvvəllər narkotik vasitə və ya psixotrop maddələri qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə keçiribkeçirməməsinin müəyyən edilməsi istiqamətində aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində müsbət nəticə əldə etmək mümkün olmamışdır. İş materiallarında olan qərardan görünür ki, maddi sübut kimi tanınan və ekspertiza tədqiqatından sonra xalis qalıq çəkisi 7,704 qram olan psixotrop maddə metamfetamin, 1 (bir) ədəd bıçaq Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama kamerasında saxlanılır, Təqsirləndirilən şəxs məxsus 70 (yetmiş) manat pul onun özünə təhvil verilmiş, şəxsi axtarış və götürmə zamanı aparılmış videoçəkilişi özündə əks etdirən bir ədəd DVD disk isə iş materiallarına əlavə edilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin qismən etirafedici və şahidlərin isə təsdiqedici) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir və qiymətləndirir. Məhkəmə iş üzrə obyektiv həqiqəti müəyyən edərkən təqsirləndirilən şəxsin məhkəməyədək və məhkəmə icraatı zamanı verdiyi ifadələrini düzgün, obyektiv, məntiqli və işin faktiki hallarına uyğun gəldiyi qənaətinə gəlir. Məhkəmə toplanmış sübutların obyektivliyinə və mötəbərliyinə əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs “psixotrop maddəni satış məqsədi ilə deyil, özünün istifadəsi üçün əldə etməsi” haqqında göstərdiyi xüsusatlar işin faktiki hallarına uyğun gəldiyindən özünü müdafiə xarakteri daşımır. Belə ki, məhkəmə istintaqında təqsirləndirilən şəxsin psixotrop maddəni satış məqsədi ilə əldə etməsi, saxlaması və daşıması, onları satmaq niyyətində olması, əvvəllər onun narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məhkum olması, eləcə də, hər hansı bir istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi və ya kiminləsə sövdələşməsi, yaxud faktiki olaraq buna cəhd etməsi faktı nə ibtidai araşdırma zamanı, nə də ki, məhkəmə baxışında toplanmış sübutlarda öz təsdiqini tapmamışdır. İstintaq orqanı ittihamda satış məqsədini yalnız ona görə vermişdir ki, psixotrop maddə olan metamfetamin külli miqdardan, yəni 2 qramdan 5 qram artıq olmuşdur, başqa digər sübut isə olmamışdır. Əgər iş materiallarında belə sübutlar olsaydı, bundan sonra şəxsin psixotrop maddəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla yanaşı, psixotrop maddənin miqdarı da nəzərə alınmalı idi. Psixotrop maddənin miqdarının çox olması məsələsinə gəldikdə isə qeyd edilməlidir ki, psixotrop maddənin miqdarının çox olması o halda sübut növü kimi qəbul edilə bilər ki, satış məqsədini təsdiq edən digər sübutlar da mövcud olsun. İbtidai araşdırma orqanı belə bir sübuta istinad etməmiş və iş materiallarında da belə bir sübut növü müəyyən olunmamışdır. Bununla da istintaq orqanı yalnız ehtimala əsaslanmaqla Təqsirləndirilən şəxs satış məqsədi barədə müvafiq ittiham vermişdir. Halbuki, qanunvericilik yalnız ehtimala əsaslanmaqla şəxsə hər hansı ittiham verilməsini qadağan edir. Belə bir halda psixotrop maddənin külli miqdardan artıq olması həmin psixotrop maddənin satış məqsədi ilə əldə edilməsini təsdiq edən amil kimi qiymətləndirilə bilməz. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 23-cü bəndində qeyd olunub ki, məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. 37-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviriəsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Lakin, nəzərə almaq lazımdır ki, cinayətin tövsifinin belə dəyişdirilməsinə yalnız o şərtlə yol verilə bilər ki, təqsirləndirilən şəxsin cinayət qanununun yeni maddəsi ilə tövsif olunan hərəkətləri və yaxud hərəkətsizliyi ona qarşı irəli sürülmüş (məhkəməyə verilən) ittihamda nəzərə alınmış olsun, daha ağır cinayətin əlamətlərinə malik olmasın və yaxud dəyişdirilmiş ittiham faktiki hallarına görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə təqsirləndirilən şəxsin müdafiə hüququnu pozmasın. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin dispozisiyasında göstərilir ki, qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə hərəkətlərinə görə məsuliyyət yalnız o vaxt yaranır ki, bu hərəkətlər satış məqsədi ilə törədilsin. Məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin deyil, həmin Məcəllənin 234.1-ci maddələsinin dispozisiya şərtlərinə uyğun gəlir. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsini əsaslı sayır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara istinad edərək Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddəni satış məqsədi ilə deyil, özünün istifadəsi üçün əldə etdiyi qənaətinə gəlir. Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək hüququna malikdir. Məhkəmə qanunun bu normasına istinad edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli və o, CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası CPM-in 21-ci maddəsinin tələbinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası CPM-in 28.1 və 28.4-cü maddələrində göstərilir ki, məhkəmələr cinayət işlərinə həmin Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalı, cinayət prosesində cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etməli, təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdırlar. Azərbaycan Respublikası CPM-in 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-in 349.5.1-ci maddəsinə görə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinə cinayət qanunvericiliyinin tələbləri baxımından hüquqi qiymət verərkən gəldiyi nəticələri, eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li qərarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilir ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu edilməsi ilə nəticələnən narkomaniya xəstəliyinin aşkar olunması və onun narkomaniya xəstəliyindən əziyyət çəkməsi, psixotrop maddənin onun tərəfindən xırda bükümlərə (bağlamalara) bölünməməsi, onların hazırlanması üçün üzərində hər hansı bir avadanlığın, o, cümlədən əvvəllər onun narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məhkum olunmaması, hər hansı bir istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi və ya kiminləsə sövdələşməsi, yaxud faktiki olaraq buna cəhd etməsi faktının müəyyən edilməməsi, eləcə də psixotrop maddənin külli miqdardan, az bir miqdarda, yəni 5 qram artıq olması həmin psixotrop maddənin satış məqsədi ilə əldə etməsi nəticəsinə gəlməyə əsas vermir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin dispozisiya şərtlərinə uyğun gəldiyini nəzərə alıb həmin maddə ilə tövsif edilməsini əsaslı sayır. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından onun əməli qanunauyğun cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini, eyni zamanda təyin ediləcək cəzanın əvvəlinin onun şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni11 mart 2022-ci ildən hesablanmasını əsaslı sayır. Belə ki, iş materiallarında olan Bakı şəhəri, Nərimanov rayon rayon məhkəməsinin 12 mart 2022-ci il tarixli qərarı ilə həbsetmənin əvvəli 11 mart 2022-ci ildən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “Məhkumluq haqqında” tələbnamədən və hökmün surətindən görünür ki, təqsirləndirilən şəxs İsayev X3 Ağır Cinayətlər Məhkəməsinin 24 iyul 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə təqsirli bilinərək 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 04 may 2017-ci il tarixli qərarı ilə CM-in 177.2.4-cü maddəsi hökmdən xaric edilərək cəza müddəti dəyişdirilmədən saxlanılmış, həmin Məhkəmənin 07 mart 2018-ci il tarixli qərarı ilə cəzası azaldılaraq 08 il 09 aya endirilmişdir. İş materiallarında olan Penitensiar Xidmətin 10 may 2022-ci il tarixli 17\6-7650 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 23 dekabr 2020-ci ildə 8 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilmiş, barəsində Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” qərarı tətbiq edildiyindən 23 noyabr 2021-ci ildə həmin müəssisədən azad edilmişdir. Təqsirləndirilən şəxs 23 noyabr 2021-ci ildə amnistiya qərarına əsasən cəzadan azad edilsə də, onun törətdiyi əməl “ağır” cinayət hesab olunduğundan məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmişdir. Belə ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu xx.xx.2027ci ildə başa çatmalı olduğu halda, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini 11 mart 2022-ci ildə törətmişdir, yəni cinayəti məhkumluğu qanunla müəyyən olunmuş qaydada ödənilməmiş dövrdə törətmişdir. Azərbaycan Respublikası CM-in 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər onlar cəzanı çəkib qurtardıqları gündən sonra altı il keçdikdə məhkumluq ödənilmiş sayılır. Hazırda iş üzrə Təqsirləndirilən şəxs məhkumluğu qanunla müəyyən olunmuş qaydada ödənilməmiş şəxs hesab olunur. Təqsirləndirilən şəxs məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmədən və ya götürülmədən yenidən qəsdən cinayət törətməsi Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-in 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxsin yenidən qəsdən ağır cinayət törətməsi cinayətin təhlükəli residivi sayılır. Azərbaycan Respublikası CM-in 18.5-ci maddəsinə əsasən isə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinin tələbinə müvafiq olaraq Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan arayışdan və xasiyyətnamədən görünür ki, İsayev X4 şəhəri, Ə.Hüseynzadə küçəsi, ev 23-də qeydiyyatda olmaqla himayəsində heç bir yerdə işləməyən valdieynləri ilə birgə orada yaşamış, yaşayış yerindən müsbət xarakterizə olunmuşdur. İş materiallarına əlavə edilmiş X7 Xəstəlikləri İnstitutu tərəfindən xəstəlik tarixindən verlmiş çıxarışdan görünür ki, təqsirləndirilən şəxsin anası X2 bronxal astma qarışıq formalı, nəzarət olunmayan tənəffüs çatışmamazlığından əziyyət çəkir. İş materiallarına əlavə edilmiş diplomların surətlərindən görünür ki, təqsirləndirilən şəxs kikboksinq idman növü üzrə ölkə daxili və ölkə xarici turnirlərdə yüksək nəticələr göstərərək dəfələrlə İ yerə layiq görülərək Azərbaycan Bayrağını yüksəklərə qaldırmışdır. İş materiallarına əlavə edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ictimai və idman tədbirlərində fəal iştirak edərək diplomlara və mükafatlara laiq görülmüşdür. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun ailədə yeganə qazanc gətirən şəxs olmaqla himayəsində heç bir yerdə işləməyən xəstə anasının və atasının olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını, ictimai və idman tədbirlərində fəal iştirak edərək diplomlara və mükafatlara laiq görülməsini, narkomaniya xəstəliyindən əziyyət çəkməsini, əməlindən peşmançılıq keçirməsini CM-in 59.2-ci maddəsinə əsasən onun cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivinin olmasını Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus, qanunvericiliyin tələblərinə uyğun olaraq müsadirə olunması mümkün olan pul, əmlak və s. müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə təyin olunmamalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-in 132.0.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə tərəfindən hökm çıxarılarkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 7,704 qram olan psixotrop maddə metamfetamin və 1 (bir) ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, şəxsi axtarış və götürmə zamanı aparılmış videoçəkilişi özündə əks etdirən bir ədəd DVD disk isə iş materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə ekspertiza xərci olan 155 (yüz əlli beş) Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə keçirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məxsus 70 (yetmiş) pulun özünə qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 11 mart 2022-ci ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə narkomaniya xəstəliyindən məcburi qaydada müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 7,704 qram olan psixotrop maddə metamfetamin və 1 (bir) ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, şəxsi axtarış və götürmə zamanı aparılmış videoçəkilişi özündə əks etdirən bir ədəd DVD disk isə iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məxsus 70 (yetmiş) manat pulun özünə qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə ekspertiza xərci olan 155 (yüz əlli beş) manat Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən (elan olunduğu vaxtdan iyirmi gün müddətində) apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Cəlil Nəbiyev 2 . Cavid Səfərli

3. Müşfiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar