Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-391/2023 05.06.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi ilə, hakimlər – Məmmədov Neymət Hüsən oğlu və Səfərli Cavid Şamil oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Ağayev Elmar Sakit oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X4, Təqsirləndirilən şəxs, onun müdafiəçisi - Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxxxx 2001-ci ildə Astara rayonu Şiyəkəran kəndində doğulmuş, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ailəli, Astara rayonu Şiyəkəran kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 05 yanvar 2023-cü il tarixdə, saat 16:20 radələrində, Astara rayonu Şiyəkəran kəndində yerləşən qayınanası Şahid2 məxsus fərdi yaşayış evinin yataq otağında olarkən arvadı X4 ilə qısqanclıq zəmnində, yəni sonuncuya pəncərə qarşısında dayanıb yola baxmasını irad tutduqdan sonra Səbinə Qənbərovanın ona cavab qaytarmasından hirslənib yaxınlıqdakı kardon qutunun içərsindən götürdüyü mətbəx bıçağını qorxutmaq məqsədilə sonuncunun boğazına dayamış, Səbinə Qənbərova qorxub qaçmaq istərkən bıçaq boğazını kəsmiş,daha sonra Səbinə Qənbərovanın kürək nahiyəsinə və qarın boşluğuna bıçaq zərbələri endirərək sonuncuya döş qəfəsinə nüfuz edən, qaraciyəri zədələyən, daxili və xarici qanaxma ilə müşayiət olunan 2 ədəd kəsilmişdeşilmiş yaralar, boyun, sol almacıq, hər iki süd vəziləri nahiyələrində kəsilmiş yaralar kimi xəsarətlər yetirməklə yetirildiyi anda insan həyatı üçün təhlükəli olan sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2021-ci ilin dekabr ayında həmkəndlisi Astara rayonu Şiyəkəran kənd sakini Səbinə Qənbərova ilə nişanlanmış və iki aydan sonra onunla ailə qurmuş, arvadıgilin valideyinləri ilə bir evdə yaşamışdır. Sonra işləmək üçün Rusiyaya getmiş, 2022-ci ilin dekabr ayında Rusiyadan kəndə qayıtmışdır. Səbinə ilə heç vaxt mübahisələri olmamışdır. 5 yanvar 2023-cü il tarixdə saat 16 radələrində evdə olarkən arvadı Səbinə yataq otağındakı pəncərənin qırağında durub bayıra baxmış, Səbinəni qısqandığından ona pəncərədən baxmamasını deyərək “rədd ol” demişdir. Bu söz Səbinənin xoşuna gəlməmiş, aralarında mübahisə olmuş, Səbinə onu “şərəfsiz” deyərək təhqir etmişdir. Əsəbləşdiyindən otaqda kardon qutuda olan mətbəx bıçağını çıxarıb Səbinənin boğazına dirəyərək onu qorxutmaq istəmiş,Səbinə onun əlindən qaçmaq istəyərkən bıçaq onun boğazını zədələmiş, Səbinə çarpayıdan yerə yıxılmış və bir neçə dəfə bıçaqla onu n qarnından vurmuşdur. Qan gəldiyini görüb Səbinənin yaralarına bint parçası qoyub bacısı Nazlını çağırmış, özü isə evdən çıxıb qaçmışdır. Səbinəyə konkret olaraq neçə bıçaq zərbəsi yetirməsini xatırlamır. Hadisə baş verən vaxtı evdə Səbinən Nazlı adında bacısı olmuşdur. Hadisədən sonra bıçağı otağa atmış və taksiyə minib təslim olmaq üçün rayon polis şöəbsinə getmişdir. Hazırda törətdiyi əməldən peşmandır. Səbinə ilə barışmışdır. Səbinəni öldürmək niyyəti olmamışdır. Təqsirləndirilən şəxs ifadəsində əlavə olaraq göstərmişdir ki, Vətən müharibəsinin iştirakçısıdır, “Cəbrayılın azad olunmasında görə”, “Füzulinin azad olunmasında görə” medalları ilə, bundan başqa “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalla təltif olunmuşdur. Müharibədə yaralandığı üçün hazırda hərbi xidmətə yararsızdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, yuxarıda göstərilən cinayət əməlini Təqsirləndirilən şəxs törətmişdir. Onun törətdiyi cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, habelə tədqiq olunmuş ekspertiza rəyləri, cinayət işində olan istintaq sənədləri, protokolları, maddi sübutlar və işin digər halları ilə kifayət qədər sübuta yetirilir. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, 2022-ci ilin əvvəllərində Mirisaqla evlənmişdir. Bir neçə aydan sonra Mirisaq işləmək üçün Rusiyaya getmiş, 2022-ci ilin dekabr ayının sonunda Mirisaq kəndə qayıtmış və onlarda yaşamışdır. 05 yanvar 2023-cü il tarixdə günorta saatlarında evdə olarkən pəncərədən bayıra baxmış, bu zaman Mirisaq qışqıraraq nə üçün pəncərə qarşısında dayanıb baxdığını soruşmuş, o da öz evləri olduğunu, pəncərə qarşısında dayanmağın problem olmadığını bildirmişdir. Mirisaq daha da əsəbləşmiş, aralarında mübahisə baş vermiş, bu zaman Mirisaq otaqda olan kardon qutudakı mətbəx bıçaqlarından birini götürüb onu hədələmiş, qorxutmaq üçün bıçaqla üstünə gəlmiş, bıçağı boğazına dirəmişdir. Bu zaman qorxub qaçmaq istəyərkən bıçaq boğazını zədələmiş, sonra yerə yıxılmış, yerdə Mirisaq onun qarnına bıçaqla vurmuş, qan gəldiyini görüb parçanı yarasına qoyub evdən qaçıb getmişdir. Bundan sonra bacısı otağa girmiş və qonşuları çağırmış, bir neçə dəqiqədən sonra təcili tibbi yardım maşını gələrək onu Lənkəran xəstəxanasına apararaq orada əməliyyat olunmuş, 12 gün xəstəxanada yatmışdır. Mirisaqın ona yenə də bıçaq zərbəsi endirməyə imkanı olmuş, lakin ondan axan qanı gördükdə özünə gəlmiş və otaqda olan parçanı yarasına qoymuşdur. Mirisaqın ona bıçaqla xəsarət yetirməsinə səbəb qısqanclıq olmuş, belə ki, o, hər dəfə pəncərə qarşısında dayandıqda Mirisaq onu qısqanmış, orada dayanmamasını tələb etmişdir. Sonra eşitmişdir ki, Mirisaq təslim olmaq üçün polis şöbəsinə getmişdir. Zərərçəkmiş şəxs Səbinə Qənbərova məhkəməyə ərizə ilə müraciət edərək əri Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayətinin və tələbinin olmadığını göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, bacısı Səbinə Mirisaqla evlənmiş və onlarda yaşamışlar. 05 yanvar 2023-cü il tarixdə günorta saatlarında bacısı Səbinə ilə Mirisaq öz yataq otaqlarında olmuşlar. Həmin gün saat 16 radələrində Mirisaq əli qanlı halda otaqdan çıxıb həyəcanlı şəkildə ona “bacını vurdum” – deyə bildirmiş və evdən qaçıb getmişdir. Otağa daxil olduqda da bacısının yerdə uzandığını görüb dərhal əmisi arvadı Şəhanəni çağırmış və bundan sonra 102-ə zəng edib hadisə barədə məlumat vermiş, ardınca da anasına zəng edib hadisəni danışmış, bir qədər sonra təcili tibbi yardım maşını evlərinə gəlib Səbinəni maşınla Lənkərana xəstəxanaya aparmışlar. Mirisaqın Səbinəni bıçaqla vurmasını öz gözləri ilə görməmiş, lakin Mirisaq yataq otağından çıxdıqda əli qanlı olmuş və onu çağırıb “bacını vurdum” demişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, qızı Səbinə 2022-ci ilin əvvəllərində həmkəndlisi Mirisaqla evlənmiş və birlikdə onlarda yaşamışlar. Mirisaq işləmək üçün Rusiyaya getmiş, sonra kəndə qayıtmışdır. Qızı Səbinə ilə Mirisaqın münasibəti həmişə yaxşı olmuş, aralarında heç vaxt mübahisə olmamışdır. 05 yanvar 2023-cü il tarixdə, saat 16 radələrində işdə olarkən qızı Nazlı evdən ona zəng edərək Mirisaqın Səbinəni bıçaqladığını demişdir. Bu xəbəri eşitdikdən sonra dərhal işdən çıxıb evə gəlmiş və bir neçə dəqiqə sonra təcili tibbi yardım maşını gələrək Səbinəni götürüb Lənkəran xəstəxanasına aparmış, özü də taksi xəstəxanaya getmiş və Səbinə xəstəxanada əməliyyat olunmuşdur. Məlum olmuşdur ki, hadisəyə səbəb Səbinənin pəncərədən baxdığına görə Mirisaqın onu qısqanması olmuşdur. Buna görə də aralarında mübahisə yaranmış, Mirisaq bıçaqla Səbinəni vurmuşdur. Sonra eşitmişdir ki, Mirisaq təslim olmaq üçün polis şöbəsinə getmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Mirisaq onun doğma oğludur. Mirisaq İİ Qarabağ müharibəsinin iştirakçsıdır. Oğlu döyüşlərdə yaralanmışdır. Təxminən bir il əvvəl Mirisaq Səbinə ilə evlənmişdir. Bir neçə aydan sonra Mirisaq işləmək üçün Rusiyaya getmiş, 2022-ci ilin dekabr ayında isə kəndə qayıtmışdır. Rusiyadan qayıtdıqdan sonra oğlu Mirisaq qaynanasıgildə yaşamışdır. Çünki arvadı Səbinə Qənbərova bu vaxta kimi anasının evində qalmışdır. 05 yanvar 2023-cü il tarixdə, saat 17-18 radələrində digər oğlu Mirhüseyn ona zəng edib Mirisaqın Səbinəni bıçaqladığını demişdir. Sonra eşitmişdir ki, oğlu təslim olmaq üçün polis şöbəsinə getmişdir. Hadisə qısqançılıq üstündə baş vermişdir. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 07 fevral 2023-cü il tarixli 26 №li rəyindən görünür ki, X1 bədəni üzərində - döş qəfəsinə nüfuz edən, qaraciyəri zədələyən, daxili və xarici qanaxma ilə müşayiət olunan 2 ədəd kəsilmiş-deşilmiş yaralar, boyun, sol almacıq, hər iki süd vəziləri nahiyələrində kəsilmiş yaralar aşkar edilmişdir. Qeyd olunan xəsarətlər kəsici-deşici əşyanın (əşyaların) təsirindən törənmişlər, o cümlədən qərarın təsviri hissəsində göstərilən şəraitdə, iti kənarlı və ya uclu alətlə vurma nəticəsində əmələ gələ bilərdi, yetirilmə müddəti tibbi sənəddə göstərilən tarixə 05 yanvar 2023-cü ilə uyğun gəlir və ümumilikdə dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan kompleks məhkəmə tibbikriminalistik və məhkəmə kriminalistik ekspertizasının 13 fevral 2023-cü il tarixli, 32- MTKŞ/2022 saylı rəyindən görünür ki; ekspertizaya təqdim edilmiş X2 məxsus koftanın ön səthində 2 ədəd, arxa səthində 2 ədəd deşilmiş-kəsilmiş zədələr aşkar olundu. Bu zədələr küpü, kafi itilikdə olan ülgücü və iti ucu olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişdir. Ekspertizaya təqdim edilmiş X2 məxsus koftanın ön səthində 2 ədəd, arxa səthində 2 ədəd deşilmiş-kəsilmiş zədələr ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya eyni xüsusiyyətə malik digər bıçağın tiyəsi ilə törənməsi inkar olunmur. Təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan ambulator məhkəmə psixiatrik ekspertizasının 13 mart 2023-cü il tarixli, 2466 saylı rəyindən görünür ki; Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür, hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır, habelə məcburi müalicəyə ehtiyacı yoxdur. İttiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. İş materiallarında olan 05 yanvar 2023-cü il tarixli «baxış keçirilməsi haqqında» protokoldan və fotocədvəldən görünür ki, hadisə yeri Astara rayonun Şiyəkəran kəndində yerləşən Şahid2 məxsus evin yataq otağıdır. Çarpayının sol ayaq tərəfində bir ədəd badımcan rəngli, tiyəsində gül şəkilləri olan, eyni zamanda tiyəsində qan ləkələri olan bıçaq aşkar edilmişdir. Bundan başqa çarpayının sol tərəfində bir qədər qan ləkələri və uzunluğu 13 sm, eni 3.5 sm olan kiçik bir qan gölməçəsi vardır. Baxış zamanı bir ədəd badımcan rəngli dəstəkli və gül şəkilli tiyəsi olan bıçaq götürülmüşdür. İş materiallarında olan 06 yanvar 2023-cü il tarixli baxış və götürmə aparılması haqqında protokoldan görünür ki, hadisə vaxtı X1 əynində olan bir ədəd qara rəngli köynək götürülmüşdür. Hadisə yerindən götürülmüş bir ədəd mətbəx bıçağı kəskin fərqlənməyən 03 ədəd digər bıçaqlarla Təqsirləndirilən şəxs tanınmaya təqdim edilmiş və sonuncu həmin bıçağı digər 03 ədəd bıçaq arasından seçib göstərərək məhz bu bıçaqla arvadı Səbinə Qənbərovaya xəsarət yetirdiyini bildirməklə təqdim olunan əşyanı tanımışdır. İş materiallarında olan medalların vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 dekabr tarixli, 2358 nömrəli Sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə” 2020-ci il 25 dekabr tarixli, 2362 nömrəli Sərəncamı ilə “Füzulinin azad edilməsinə görə” medalları ilə təltif edilmişdir. İş materiallarında olan 15104 №li xəstəlik haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə düşmən tərəfindən atılan mərmi atəşi nətəcəsində xəsarət almış və sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmişdir. İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək öz müdafiəsi üçün heç bir dəlil gətirməmişdir. Beləliklə, məhkəmədə tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs arvadı Səbinə Qənbərovanı şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı bıçaqla zərərçəkmiş şəxsin sağlamlığına AĞİR zərər vurmuşdur. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad etmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməli və təyin olunmuş cəza çəkilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən, onun törətmiş olduğu cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini də nəzərə alır. Cinayətlərin təsnifatına (mad. 15.4) görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli “ağır cinayət” növünə aiddir. Həmin maddənin sanksiyasında 3 ildən - 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs könüllü gəlib təqsirini boynuna almasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, Vətən müharibəsinin iştirakçısı olmaqla “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad edilməsinə görə” medalları təltif edilməsini Azərbaycan Respublikası CM-nin 59.1.10, 59.1.12 və 59.2-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə cəzanın təyin edilməsi məsələsini müzakirə edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10 - 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq olmamalıdır. Həmin müddəanın tələblərinə əsasən, Təqsirləndirilən şəxs cəzasının ağırlaşdıran halların olmamasını, onun könüllü gəlib təqsirini boynuna almasını və zərərçəkmiş şəxslə barışıq əldə etməsini nəzərə alıb məhkəmə hesab edir ki, ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzası CM-nin 126.1-ci maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin, yəni 8 il azadlıqdan məhrum etmə cəzasının dörddə üçündən - 6 ildən artıq olmamalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halların məcmusunu nəzərə alıb belə nəticəyə gəlir ki, ona təqsirləndirildiyi Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrum etmə növündə cəzası təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası “ümumi rejimli” cəza çəkmə müəssisəsində çəkilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri isə hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş materiallarında olan qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs 5 yanvar 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində şübhəli şəxs qismində tutulmuş, 7 yanvar 2023-cü il tarixdə həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, barəsində 7 yanvar 2023-cü il tarixdə Astara Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 5 yanvar 2023-ci il tarixdən hesablanmışdır. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı tutulduğu – 5 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, “İnsan Hüquqlarının və X3 Haqqında” Konvensiyanın 5-ci maddəsinin tələblərinə əsasən, “tutulmuş və ya həbsə alınmış hər kəs dərhal hakimin yanına gətirilir və ağlabatan müddət ərzində məhkəmə araşdırılması hüququna malikdir. Tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, “təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (mad. 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir” (mad. 158.6). Məhkəmə hazırkı iş üzrə xüsusi müsadirə məsələsinə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1. və 99-1.1.2. maddələrində: «məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Hazırkı iş üzrə isə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, habelə “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. İş üzrə maddi sübut olan və hazırda Astara RPŞ-də saxlanılan bir ədəd bıçaq və zərərçəkmiş şəxs Səbinə Qənbərovanın hadisə vaxtı əynində olmuş bir ədəd qara rəngli köynək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə məhkəmə xərcləri və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 5 yanvar 2023-cü ildən hesablansın. Təyin olunmuş cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan və hazırda Astara RPŞ-də saxlanılan bir ədəd bıçaq və zərərçəkmiş şəxs Səbinə Qənbərovanın hadisə vaxtı əynində olmuş bir ədəd qara rəngli köynək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Müşfiq Məmmədov
Məhkəmə qərarları › İş №1(099)-391/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-391/2023
05.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver