Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-391/2024 15.03.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri-Məmmədov Neymət Hüsən oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Nahid Nəsir oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclas katibi-X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1983-cü ildə Lənkəran rayonu, Port-İliç şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Lənkəran rayonu, Liman şəhəri, S.Vurğun küçəsi, ev 47/2-də qeydiyyatda olmaqla orada yaşamış, 30 oktyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Lənkəran Rayon Məhkəməsinin 01 noyabr 2023-cü il tarixli, 4(049)- 300/2023 nömrəli qərarı ilə barəsində 4 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Cinayət Məcəlləsi) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq 30 oktyabr 2023-cü il tarixdə Lənkəran şəhərində istintaqa və məhkəməyə məlum olmayan mənbədən öz istifadəsi üçün, 1 (bir) ədəd bükümdə külli miqdarda-2,541 qram psixotrop maddə metamfetamini əldə edərək üzərində saxlamaqla daşımış, bu barədə əməliyyat məlumatları əldə etmiş Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin X3 əməkdaşları tərəfindən həmin tarixdə saat 18:20 radələrində keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran rayonu, Liman şəhəri, S.Vurğun küçəsində saxlanılaraq Liman polis bölməsinə gətirilmiş və bölmənin inzibati binasında üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki şalvarının sağ yan cibindən 1 (bir) ədəd bükümdə külli miqdarda- 2,541 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək demişdir ki, ünvan 1 ünvanda yaşayır. Subaydır. Heç bir yerdə işləmir. Narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir. Əvvəllər bir neçə dəfə məhkum olunmuşdur. 2016-cı il tarixdə oğurluq etdiyi üçün məhkum olunmuşdur. 2021-ci ilin may ayında həbsdən çıxmışdır. Həbsdən çıxandan sonra da narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etmişdir. Narkotik vasitəni və psixotrop maddəni Lənkəran şəhərində ayrı-ayrı yerlərdən almışdır. 30 oktyabr 2023-cü il tarixdə gunorta vaxtlarında Lənkəran şəhəri, Böyük bazar adlanan əraziyə gəlib orada 2,5 qram psixotrop maddə olan metamfetamin almışdır. Metamfetamin aldığı şəxsi tanımamışdır. Əvvəllər bir neçə dəfə həmin şəxsdən narkotik vasitə və ya psixotrop maddə almışdır. Həmin bükümü əynində olan şalvarının sağ yan cibində qoymuşdur ki, istifadə edər. Həmin bükümü sellofanda cibində qoymuşdur. Həmin gün saat 18 radələrində yaşadığı evin küçəsində olduğu zaman mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşıb, özlərini təqdim edib, narkotik maddələrin qanunsuz saxlanılması ilə məşğul olması barədə məlumatları olduğunu demişlər və onu Lənkəran ŞRPŞ-nin Liman PB-nə dəvət etmişlər. Heç bir etiraz etməyib avtomobillə polis əməkdaşları ilə birlikdə polis bölməsinə gəlmişdir. Orada ona şübhəli şəxs kimi tutulduğu elan edilmiş və vəkillə təmin olunmuşdur. Təhqiqatçısı tərəfindən tutulmuş, üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Polis əməkdaşı ona təklif etmişdir ki, üzərində narkotik vasitə və ya digər qanunla qadağan edilmiş əşya varsa təqdim etsin. O əynində olan şalvarının sağ yan cibində saxladığı 1 bükümdə metamfetamini çıxarıb təqdim etmişdir. Daha sonra üzərinə şəxsi axtarış keçirilmiş və üzərindən heçnə aşkarlanmamışdır. Üzərindən aşkar olunaraq götürülmüş bir büküm metamfetamini elektron tərəzidə çəkmişlər və çəkisi 2,70 qram olmuşdur. Üzərindən aşkar olunaraq götürülmüş bir büküm metamfetamini bir zərfə qoyub bağlamışlar və möhürləmişlər. Həmin zərflərin üstünü o və vəkili imzalamışlar. Bundan sonra protokol tərtib edilmiş, protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Tutduğu əməldən son dərəcə peşmandır. Narkotik vasitə olan heroini və psixotrop maddə metamfetamini qəbul etməklə cinayət törətdiyini başa düşür. Sonuncu dəfə 30 oktyabr 2023-cü il tarixdə Lənkəran şəhəri böyük bazar ərazisində üzdən tanıdığı və adını bilmədiyi şəxsdən 95 manata özü istifadə etmək üçün metamfetamin almışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi iş materiallarında olan, biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Lənkəran ŞRPŞ-nin X3 cinayət-axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləmişdir. 30 oktyabr 2023-cü il tarixdə Lənkəran rayonu, Liman şəhəri, S.Vurğun küçəsi ev 47/2-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin qəbul etməsi, üzərində gəzdirməsi və daşıması barədə məlumat əldə etmişdir. Təqsirləndirilən şəxs cinayətkar hərəkətlərini müəyyən edib, ətrafında əməliyyat tədbirləri keçirilməsi üçün raportla Lənkəran ŞRPŞ-nin Liman PB-nin rəisinə müraciət etmişdir. Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirləri keçirilməsi barədə bölmənin rəisi tərəfindən əməliyyat qrupu yaradılmış, təsdiq edilmiş 30 oktyabr 2023-cü il tarixli qərara əsasən o, X3 polis nəfərləri X1 və Şahid3 ilə birlikdə əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə başlamışlar. 30 oktyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs ola biləcəyi yerləri müşahidəyə götürmüşlər. Həmin gün saat 18:20 radələrində Təqsirləndirilən şəxs Lənkəran rayonu, Liman şəhəri, S.Vurğun küçəsində piyada hərəkətdə olduğunu görüb ona yaxınlaşıb özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs yaxınlaşıb özlərinin polis əməkdaşı olduğunu, narkotik vasitələri üzərində gəzdirməsində və istifadə etməsində şübhəli olduğunu demişlər. Bu səbəbdən Təqsirləndirilən şəxs Liman polis bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs heç bir etiraz etməmiş və bu səbəbdən də, onu avtomobillə Lənkəran ŞRPŞ-nin Liman PB-nə gətirmişlər. Təqsirləndirilən şəxs bölməyə gətirildikdən sonra müdafiəçi ilə təmin olunmuş və təhqiqatçısı polis mayoru Eynulla Məmmədov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində qanunsuz əşya, predmet və narkotik vasitə varsa təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş bükümü çıxarıb təqdim edərək bildirmişdir ki, bükümdə psixotrop maddə metamfetamin vardır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və üzərindən başqa heç bir qanunsuz əşya və narkotik vasitə aşkarlanmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir bükümdə metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkilmiş, çəkisi 2,70 qram olmuşdur. Daha sonra həmin metamfetaminə bənzər kütlə bir zərfə qoyulub qablaşdırılmış, möhürlənmiş, zərfin üstü imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş bir büküm psixotrop maddə metamfetamini həmin tarixdə Lənkəran şəhəri «Böyük bazar» adlanan ərazidə tanımadığı şəxsdən 95 manata özü qəbul etmək üçün almışdır. Bu barədə təhqiqatçı polis mayoru Eynulla Məmmədov tərəfindən protokol tərtib edilmiş, doğruluğunu imzalarla təsdiq etmişlər. Təqsirləndirilən şəxs üzərindən aşkar edib götürülmüş psixotrop maddə metamfetamini kimdən alması barədə heç bir məlumatı olmamışdır. Təqsirləndirilən şəxs deməsinə görə həmin psixotrop maddəni tanımadığı şəxsdən almışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin Liman PB-nin polis nəfərləri vəzifəsində işləyən Şahid2 Rəfail oğlu və Şahid3 ifadələrində Şahid1 ifadəsində göstərdiyi xüsusatları olduğu kimi təsdiq etmişlər və ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etdiklərini bildirmişlər Təqsirləndirilən şəxs şahidlərin məhkəmə istintaqı zamanı düzgün ifadə verdiklərini bildirmişdir. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; -«cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında» 31 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Lənkəran ŞRPŞ-nin Liman PB-nin əməkdaşlarının 30 oktyabr 2023-cü il tarixdə saat 18:20 radələrində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran rayonu, Liman şəhəri, S.Vurğun küçəsi ev 47/2-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs üzərindən bir bükümdə 2,541 qram psixotroip maddə metamfetamin aşkar edilməsi faktı əsasında toplanmış material üzrə Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə cinayət işi başlanmışdır.(i.v. 1-50) -«cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında» 30 oktyabr 2023-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:25-də şübhəli şəxs qismində tutulmuşdur.(i.v. 17) -«şəxsi axtarış keçirilməsi haqqında» 30 oktyabr 2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş 1 (bir) ədəd DVD diskdə olan videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs əynində olmuş şalvarının sağ yan cibindən bir bükümdə 2,70 qram psixotrop maddə metamfetamini çıxarıb təqdim etmiş və həmin psixotrop maddənin özünə məxsus olduğunu, istifadəsi üçün üzərində gəzdirdiyini göstərmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən, polis bölməsinə gətirilərkən, həmçinin polis bölməsində ona qarşı heç bir hədə-qorxu gəlinmədiyi, hər hansı fiziki və ya psixi zor tətbiq olunmadığını bildirmişdir.(i.v.33-35) -«məhkəmə fiziki-kimyəvi ekspertizası»nın 31 oktyabr 2023-cü il tarixli, 19/967 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət: Təqsirləndirilən şəxs üzərindən 2.70 qr aşkar edilmiş metamfetaminə bənzər bir bükümdə kütlə...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi: - 2,541 qram olan ağ rəngli kristallardan ibarət maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısına” daxildir (Siyahı İ).(i.v.47-50) -«təqsirləndirilən şəxs qismində cəlb edilməklə ittihamın elan olunması barədə» 01 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan olunmuş, barəsində Lənkəran Rayon Məhkəməsinin 01 noyabr 2023-cü il tarixli, 4(049)-300/2023 nömrəli qərarı ilə 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilərək, polis əməkdaşları tərəfindən iki gün əvvəl tutulduğunu bildirmişdir. Üzərində aşkar olunan narkotik vasitə ona aiddir, 20 ilə yaxındır ki, hər gün bədənində ağırılar olduğu üçün narkotik istifadə edir. Polis bölməsində ona qarşı fiziki və ya psixi təzyiq göstərməmişlər. Şöbədə dindirildiyi zaman narkotik istifadəçisi olduğunu etiraf etmiş və əməlindən peşman olduğunu bildirmişdir. Əvvəllər 03 dəfə oğurluq etdiyinə görə, sonuncu dəfə 05 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və 2021-ci ilin yay aylarında azadlığa buraxılmışdır. Barəsində həbs qətimkan tədbirinin seçilməsinə etiraz etmişdir.(i.v.55-56, 70-74) -«ambulator məcburi narkoloji tibbi yoxlama»nın 02 noyabr 2023-cü il tarixli, 1007 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (polinarkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür.(i.v.75) -«məhkəmə-tibbi ekspertizası»nın 01 noyabr 2023-cü il tarixli, 1097 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində-boyun nahiyəsində kəsilmiş yara aşkar edilmişdir. Qeyd olunan xəsarət iti kənarlı və ya ucu alətin təsirindən törənmişdir, müddəti müayinədən 2-3 gün əvvələ uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir.(i.v.76-77) -Lənkəran Şəhər Psixiatriya Xəstəxanasının 06 noyabr 2023-cü il tarixli, 733 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 05 yanvar 2022-ci ildən Lənkəran şəhər Psixiatriya Xəstəxanasında «Emosional davamsız şəxsiyyət pozuntusu, çoxsaylı özünükəsmələrlə» diaqnozu ilə qeydiyytdadır.(i.v.81) -«cinayət işi başlanmasının rədd edilməsi barədə» Lənkəran ŞRPŞ-nin TB-nin 09 noyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs özü-özünə xəsarət yetirməsi faktı əsasında toplanmış materialda cinayət hadisəsi olmadığından Cinayət- Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir.(i.v.98-99) -«ambulator məhkəmə-psixiatrik ekspertizası»nın 04 dekabr 2023-cü il tarixli, 3364 nömrəli rəyində göstərilmişdir ki; Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədən zaman onda «emosional davamsız şəxsiyyət pozuntusu» qeyd olunmuşdur. Təqsirləndirilən şəxs aşkar edilən şəxsiyyət pozuntusu onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Сinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur.(i.v.112-114) -«sübutların qiymətləndirilməsi haqqında» 05 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ekspert tədqiqatından sonra qalıq çəkisi 2,491 qram təşkil edən psixotrop maddə metamfetamin maddi sübut kimi tanınaraq saxlanılması üçün Lənkəran-Şəhər Rayon Polis Şöbəsinin maddi sübutları saxlama otağına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərində «şəxsi axtarış keçirilməsi haqqında» 30 oktyabr 2023-cü il tarixli istintaq hərəkətinin icra edilməsinin videogörüntüsü olan 1 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir.(i.v.123-128) Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Cinayət işi üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama və daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 234.1-ci maddəsində isə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda, həmçinin əldə etmə, saxlama və ya daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Qanununa əsasən metamfetamin psixotrop maddə hesab edilir. Metamfetaminin şəxsi istehlak miqdarından (qramla) artıq miqdarının yuxarı həddi 0,15 qram, külli miqdarının (qramla) isə aşağı həddi 2,0 qramdır. Beləliklə, məhkəmə tərkibi ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməllərini törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı özünün verdiyi etirafedici ifadələri ilə yanaşı, şahid qismində dindirilmiş Şahid1, Şahid2 Rəfail oğlu və Şahid3 ifadələri, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol, digər istintaq hərəkəti protokolları, məhkəmə ekspertizasının rəyləri və digər sənədlər, iş üzrə maddi sübut qismində tanınmış metamfetaminin qalığı ilə tam sübut edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərinin bütün zəruri tərkib əlamətləri var. Göstərilənlərə əsasən məhkəmə tərkibi belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən sonuncunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də o, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: -məhkumluq haqqında tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs 05 aprel 2005-ci il tarixdə Lənkəran Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 06 mart 2008-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bundan sonra o, 25 sentyabr 2011-ci il tarixdə Qaradağ RPİ tərəfindən Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və 27 sentyabr 2011-ci il tarixdə cinayət işi məhkəməyə göndərilmişdir. Bundan sonra o, 01 iyun 2012-ci il tarixdə Lənkəran Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 326.1-ci maddələri ilə təqsirli bilinib 3 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 17 oktyabr 2015-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bundan sonra o, 26 oktyabr 2016-ci il tarixdə Nəsimi Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş,11 sentyabr 2020-ci ildə Xətai Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş hissəsindən 6 (altı) ay 8 (səkkiz) gün vaxtından əvvəl şərti azad olunmuş, 03 noyabr 2020-ci ildə Bakı Appelyasiya Məhkəməsinin qərarı ilə 11 sentyabr 2020-ci il tarixli qərar ləğv edilmiş, cəzasının çəkilməmiş qalan 6 (altı) ay 8 (səkkiz) gününü çəkmək üçün cəzaçəkmə müəssisəsinə qaytarılmışdır. 08 may 2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Hazırda məhkumluğu ödənilmişdir.(i.v.94-96) -Lənkəran rayonu Liman şəhəri Mənzil təsərrüfatı təmir-istismar təsərrüfat hesablı sahəsi tərəfindən verilmiş 01 feral 2024-cü il tarixli, 08 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında qeydiyyatdadır, onun barəsində Liman şəhər İƏD üzrə nümayəndəliyə şikayət daxil olmamışdır.(i.v.115- 116). Məhkəmə tərkibi göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 9, 41.2 və 58.3-cü maddələrini rəhbər tutaraq, onun törətdiyi cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və törədilməsi hallarını, psixi pozuntusu olmasını (Cinayət Məcəlləsinin 59.1.9-cu maddəsi), üzərindən aşkar edilmiş metamfetaminin külli miqdarda-2,541 qram təşkil etməsini, əməlindən peşman olmasını, ailə, maddi və sosial vəziyyətini (Cinayət Məcəlləsinin 59.2-ci maddəsi) nəzərə alaraq təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, onun qəsdən ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Məhkəmə tərkibi hesab edir ki,: Cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alınan hallara əsasən Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur, Cinayət Məcəlləsinin 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərin təmin edilməsi üçün Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzası həmin Məcəllənin 234.1-1-ci maddəsinin sanksiyası həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən təyin edilməlidir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə, Cinayət-Prosessual Məcəlləsinin 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 30 oktyabr 2023-cü il tarixdən hesablanmalı və Lənkəran Rayon Məhkəməsinin 01 noyabr 2023-cü il tarixli, 4(049)-300/2023 nömrəli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. «Ambulator məcburi narkoloji tibbi yoxlama»nın rəyindən görünür ki, Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Lənkəran Şəhər Psixiatriya Xəstəxanasının məktubdan görünür ki, Təqsirləndirilən şəxs Lənkəran şəhər Psixiatriya Xəstəxanasında «Emosional davamsız şəxsiyyət pozuntusu, çoxsaylı özünükəsmələrlə» diaqnozu ilə qeydiyytdadır. «Ambulator məhkəmə-psixiatrik ekspertizası»nın rəyindən görünür ki, Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədən zaman onda «emosional davamsız şəxsiyyət pozuntusu» qeyd olunmuşdur. Təqsirləndirilən şəxs aşkar edilən şəxsiyyət pozuntusu onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Сinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Lakin məhkəmə tərkibi hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli, 39 nömrəli «Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə» qərarı ilə təsdiq edilmiş narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.5ci bəndinə uyğun olaraq Təqsirləndirilən şəxs psixi xəstəliyi ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicə təyin edilməməli və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınaraq Lənkəran Şəhər-Rayon Polis Şöbəsində saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkisi-2,491 qram təşkil edən psixotrop maddə metamfetamin höküm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, cinayət işinin materiallarına əlabə olunmuş Təqsirləndirilən şəxs üzərində «şəxsi axtarış keçirilməsi haqqında» 30 oktyabr 2023-cü il tarixli istintaq hərəkətinin icra edilməsinin videogörüntüsü olan 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 197.1.4 və 198.1-ci maddələrinə əsasən ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 60 (altımış) manat məbləğdə pul tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilməlidir. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, həmçinin «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu vaxtdan, 30 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Lənkəran Rayon Məhkəməsinin 01 noyabr 2023-cü il tarixli, 4(049)-300/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 60 (altımış) manat məbləğdə pul tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilsin. İş üzrə maddi sübut kimi tanınaraq Lənkəran-Şəhər Rayon Polis Şöbəsində saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkisi 2,491 qram təşkil edən psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərində «şəxsi axtarış keçirilməsi haqqında» 30 oktyabr 2023-cü il tarixli istintaq hərəkətinin icra edilməsinin videogörüntüsü olan 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi) gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-391/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-391/2024
15.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver