Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-393/2025 15.01.2026 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Vəliyeva Ayşən Umud qızı və Nəbiyev Cavanşir Şirvan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X1, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2, müdafiəçilər – Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi2 və Astara rayon vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxx 1973-cü il tarixdə Astara şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, yük nəqliyyat vasitəsi sürücüsü işləyən, əvvəllər məhkum olunmamış, Astara şəhəri, Nizami küçəsi, ev 21-də qeydiyyatda olmaqla yaşamış, barəsində «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs barəsində istintaq olunmuş cinayət işinin ittiham aktının nəticəvi hissəsində göstərilmişdir ki, “o, 30 noyabr 2024-cü il tarixədək olan müddət ərzində satış məqsədi ilə qəsdən qanunsuz olaraq İran İslam Respublikasında külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmək barədə şəxsiyyətləri istintaqla müəyyən edilməmiş şəxslərlə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun şəxsiyyətləri istintaqla müəyyən edilməmiş üzvləri ilə birgə istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda satış məqsədi ilə qəsdən qanunsuz olaraq ümumilikdə külli miqdarda – 36020 qram qurudulmuş marixuana narkotik vasitəsini əldə etmiş, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edərək Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasında qeydiyyatda olan “X9 Sepidan” şirkətindən Rusiya Federasiyasında qeydiyyatda olan “Sarmant-UG” şirkətinə “təzə alma” yükü apardığı “DAF” markalı, C0070C96 dövlət qeydiyyat nişanlı dartıcı və “SCHMİTZ” markalı, 07ZB857 dövlət qeydiyyat nişanlı qoşqudan ibarət yük nəqliyyat vasitəsinin qoşqusunda olan və içərisinə təzə alma yığılmış yeşiklərdən 35 ədədinin içərisindəki təzə alma yüklərinin alt sıralarında yerləşdirərək saxlamış, həmin nəqliyyat vasitəsini idarə edərək İran İslam Respublikasından Azərbaycan Respublikasına daşımış və 30 noyabr 2024-cü saat 23 radələrində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsinin Astara rayonunun inzibati ərazisində yerləşən “Cənub-Astara” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş, 1 dekabr 2024-cü il tarixdə saat 10:30-dan saat 14:30-dək qeyd edilən idarədə gömrük nəzarəti qaydasında keçirilmiş yoxlama zamanı göstərilən narkotik vasitə gizlədildiyi yerlərdən aşkar edilərək götürülmüşdür”. Bu səbəbdən də, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək ona həmin maddələrlə ittiham elan edilmiş və cinayət işi baxılması üçün məhkəməyə göndərilmişdir. Lakin məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymət verməklə, belə nəticəyə gəlir ki, iş üzrə ittiham tərəfinin istinad etdiyi sübutlarla Təqsirləndirilən şəxs CM-in 206.3.2, 234.4.1 və 234.4.3cü maddələri ilə müəyyən olunmuş cinayət əməllərini törətməkdə təqsirliliyi təsdiq olunmur. Belə ki, işin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, sürücü işləyir, beynəlxalq yük daşımaları ilə məşğul olur. Son zamanlar Fuad adlı şəxsə məxsus yük maşını ilə yükdaşıma ilə məşğul olur. Hadisədən bir neçə gün əvvəl Fuad ona soğan yükünü İrana aparmaq təklif etmiş, o da razılaşmışdır. Bundan sonra soğanı İrana aparmış, 30 noyabr 2024-cü il tarixdə İranda olarkən iranlı ona müraciət edərək alma yükünün olduğunu, həmin yükü Rusiya Federasiyasına aparmaqdan ötrü götürə bilib-bilməyəcəyini soruşmuş, o da son dövrlərdə alma yüklərində narkotik vasitələr tutulduğunu, bu səbəbdən qorxduğu alma yükünün götürə bilməyəcəyini demiş, iranlı da ona «bizim yüklər təmiz olur, bizdə bele şeylər olmur» demişdir. O da razılaşmışdır. Yük vurulduqdan sonra o Astara gömrüyünə gəlmişdir. Gömrükdə gətirdiyi yükün nə yük olduğunu soruşmuşlar, o da alma yükü olmasını demişdir. Ona maşınını rentgenə verib getməyini demişlər, o da maşını gömrükdə rentgenə verib saxlayıb getmişdir. Səhəri günü ona zəng vurub gömrüyə çağırmışlar, o gömrüyə gəldikdən sonra onun avtomobilinin arxasında olan plombu açıb avtomobili axtarmışlar. Avtomobilinin arxasında paletlərdə alma yüklərinə baxış keçirilən zaman gömrük iti reaksiya vermiş və alma yüklərinin içindən narkotik vasitə qurudulmuş marixuana aşkar olunmuşdur. Onun avtomobildə narkotik vasitə olmasından məlumatı olmamışdır. Məhkəmədən günahı olmadığı üçün ona bəraət verilməsini xahiş etmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs İrana sonucu dəfə soğan yükünü apardığını, soğanı boşaltıldıqdan sonra idarə etdiyi avtomobilin sahibi Fuad ona iranlı Əhəd adlı şəxsin alma yükünün olduğunu, 1-2 gün gözləməli olduğunu, yükün daşınma qiymətinin qalxacağını, qiymət qalxdıqdan sonra yükü aparacağını aralarında razılıq olduqdan sonra yükün avtomobilə yükləndiyini, Fuad ona avtomobilə paletləri yükləyərkən telefonu vasitəsi ilə videosunun çəkməsini, o paletləri videoya çəksə də lakin yükünün içərisinə baxmasına ixtiyarının olmamasını, sadəcə paletlərin düzgün yüklənməsinə nəzarət etməsini, avtomobilə yüklənmiş paletlərin eyni formada göründüyünü, paletlərdə içərisində şübhəli predmetin olması ilə bağlı hər hansı fərqlilik müəyyən olunmadığını, avtomobili Azərbaycana keçirdikdən, Rusiya Federasiyasına aparılmasından ötrü başqa sürücüyə təhvil verəcəyini, bu xidmətə görə ona sonra 200 ABŞ dolları veriləcəyini bildirmişdir. Məhkəmə baxışında aşağıda adları çəkilən şahidlərin əvvəlki məhkəmə iclaslarında verdiyi ifadələri elan edilmişdir: xx.xx.2025-ci il tarixli məhkəmə iclasında Astara Gömrük İdarəsinin əməkdaşı Şahid2 Aftandil oğlu bildirmişdir ki, 01 dekabr 2024-cü il tarixində səhər radələrində gömrük anbarında yoxlama qrupunda olmuşdur. Səhər tezdən Təqsirləndirilən şəxs idarə eydiyi yük nəqliyyat vasitəsi növbəli şəkildə daxil oldu. Sənədlər təqdim olunandan sonra VAİS vasitəsi ilə rengendə nəqliyyat vasitəsində şübhəli cisimlər müəyyən etdi. Nəqliyyat vasitəsi sürücünün iştirakı ilə boşaldıldı. Həmin işarə qoyulan şübhəli cisimlər olan yerlər ayrı qoyuldu. Fəhlələrlə paletlər açıldı, qutular bir-bir yerə qoyuldu və kinoloji it tətbiq olundu. İt həmin hissələrə reaksiya verdi və tərəflərindən həmin hissələrə fiziki baxış keçirildi. Bağlamaların alt hissəsində falqaya bükülmüş marixuanaya bənzər kütlələr aşkar olundu. Həmin kütlələr qablaşdırıldı, möhürləndi və aidiyyəti üzrə təhvil verildi. Sənədləri təqdim edəndən sonra ilk növbədə Təqsirləndirilən şəxsla sorğu-sual olundu ki, gömrük nəzarətindən gizlədilmiş və yaxud Azərbaycan Respublikasında qadağan olunmuş hər hansı predmetin olub-olmadığı soruşanda o bu barədə məlumatının olmadığını bildirdi. Təqsirləndirilən şəxs marixuanaya bənzər maddə aşkar ediləndə çox təəcübləndi və şoka düşdü. İş üzrə şahid qismində dindirilmiş Astara Gömrük İdarəsinin əməkdaşları Şahid3 Şahid2 Aftandil oğlunun ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək oxşar məzmunlu ifadə vermişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında Şahid4 oğlu bildirmişdir ki, Astara Gömrük İdarəsində ölkəyə gətirilən və aparılan malların yükləmə-boşaltma əməliyyatlarında fəhləlik etməklə günəmuzd işləyir. 01 dekabr 2024-cü il tarixdə gömrük əməkdaşları hal şahidi qismində iştirak etmək üçün dəvət etmişlər. “DAF” markalı qırmızı rəngli avtomobilin olmasını görmüşdür. Avtomobildən yüklər Avtocarla 26 palet olaraq boşaldılmışdır. Sonra kinoloji xidmət iti gətirmişlər, xidməti it 2 paletə reaksiya vermişdir. Paletlər sökülmüş, 35 falqaya bükülmüş paketlər çıxardıldı. Paketləri bıçaqla kəsib onlara göstərmişlər, həmin kütlələrin yaşıl rəngdə narkotik vasitə marixuanaya oxşar maddələr olması müəyyən edilmişdir. Sonra bağlamalar çəkilərək qablaşdırılmışdır. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında Şahid1 bildirmişdir ki, Təqsirləndirilən şəxs idarə etdiyi DAF markalı avtomobil ona, həmin avtomobildə olan yük qoşqusu isə qardaşı Faiq Quliyevə məxsusdur. Təqsirləndirilən şəxs pul müqabilində avtomobili İrandan Azərbaycana keçirmiş, alma yükünün daşınmasından ötrü iranlı Əhəd adlı şəxslə özü əlaqə saxlamış, əvvələr də Əhəd üçün yük daşımasını təşkil etmişdir. Maşında narkotik vasitə olmasından məlumatı olmamışdır. Hadisə günü Təqsirləndirilən şəxs evindən ona zəng vurularaq Nazimdən xəbər olmadığını, ona zəng çatmadığını bildirmişlər. O da heç nədən xəbərinin olmadığını, ola bilsin avtomobilinin gömrük yoxlamasında olduğunu bildirmişdir. Sonradan ona Təqsirləndirilən şəxs avtomobilindən gömrük yoxlaması zamanı narkotik vasitə aşkar olunduğunu bildmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 02 dekabr 2025-ci il tarixli 19/758 saylı məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, 9 ədəd torbada təqdim edilmiş 35 bağlamada ümumi təmiz çəkisi 36020 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır, orqanoleptik əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər.Ümumi təmiz çəkisi 36020 qram olan qurudulmuş marixuana narkotik vasitəsinin 3,5 qramı tədqiqata sərf edilmiş, qalıq çəki 36016,5 qram təşkil etmişdir. Ekspertiza tədqiqatından sonrakı qalıq qurudulmuş marixuana 10359 qram təşkil edir. Aparılmış tədqiqatın dəyəri 120 (yüz iyirmi) manat. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 27 yanvar 2025-ci il tarixli 437 saylı ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xsətəliyinin əlamətləri aşkar olunmamışdır, narkomaniya xəstəliyindən əziyyət çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 dekabr 2024-cü il tarixli “nəqliyyat vasitəsinin yoxlanılması haqqında” protokol və videoçəkilişdən görünür ki, Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi “Daf” markalı “C007OC96/07ZB957” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə idxal yoxlama xəttinə daxil olduqdan sonra onunla şifahi şəkildə sorğu-sual aparılaraq onun üzərində, ona məxsus əşyalarda, yük nəqliyyat vasitəsində, həmçinin nəqliyyat vasitəsinin qoşqusunda olan yükdə gömrük nəzarətinə mütləq bəyan olunmalı və gömrük nəzarətindən gizlədilmiş predmetlərin olub-olmaması soruşulmuş, o isə öz növbəsində üzərində və nəqliyyat vasitəsində mütləq bəyan olunmalı və gömrük nəzarətindən gizlədilmiş predmetlərin olmadığını bildirmişdir. Daha sonra “Daf” markalı ““C007OC96/07ZB957” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi “NUCTECH MT1213DE” markalı stasionar rentgen qurğusunda yoxlamadan keçirilmişdir. Stasionar rentgen qurğusunda nəqliyyat vasitəsinə keçirilmiş baxış zaman yük nəqliyyat vasitəsinin qoşqusunda olan yükdə şübhəli cizgilər aşkar edilmiş, daha sonra keçirilən ətraflı gömrük yoxlaması zamanı 26 ədəd paletdə olan “alma” yükü yerə boşaldılmış və həmin yükə “Braun” ləqəbli kinoloji xidməti it vasitəsilə yoxlama tədbiq edilmişdir. Bu zaman kinoloji xidməti it avtomobilin qoşqusundan yerə boşaldılmış 2 ədəd paletdəki alma yüklərinə reaksiya vermişdir. Yoxlama zamanı 2 ədəd paletdəki, ümumilikdə 112 ədəd yeşikdən 35 ədədinin içərisindən – almaların yerləşdirildiyi yeşiklərin içəri alt hissəsindən falqaya bükülmüş dördbucaqlı formalı 35 ədəd bağlama aşkar edilmişdir. Daha sonra həmin bağlamaların içərisinə baxış keçirilmiş və 35 ədəd bağlamadan qablaşdırılmaları ilə ümumi təqribi çəkisi 43.052 qram təşkil edən açıq yaşıl rəngli narkotik vasitə- marixuanaya oxşar maddə aşkar edilmişdir. İş materiallarında olan 06 dekabr 2024-cü il tarixli «əşyaların maddi sübut kimi tanınması haqqında qərarla» ekspertiza tədqiqatından sonrakı qalıq 36020 qram qurudulmuş marixuana narkotik vasitəsi, Təqsirləndirilən şəxs idarə etdiyi "DAF” markalı, C0070C96 dövlət qeydiyyat nişanlı dartıcı və “SCHMİTZ” markalı, 07ZB857 dövlət qeydiyyat nişanlı qoşqundan ibarət yük nəqliyyat vasitəsi maddi sübut kimi tanınmış, narkotik vasitə qurudulmuş marixuanna Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağına təhvil verilmiş, "DAF” markalı, C0070C96 dövlət qeydiyyat nişanlı dartıcı və “SCHMİTZ” markalı, 07ZB857 dövlət qeydiyyat nişanlı qoşqudan ibarət yük nəqliyyat vasitəsi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks” Birliyinə təhvil verilmişdir. Həmin qərara əsasən “Təzə alma” yükü cinayətlərin vasitəsi hesab edildiyindən, Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə müvafiq olaraq şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli olduğundan, hazıradək malın qaytarılması ilə bağlı müraciət daxil olmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 mart 2014-cü il tarixli, 88 saylı qərarı ilə təsdiq edilmiş qaydalara müvafiq olaraq “təzə alma” yükü tez xarab olan mal hesab edildiyindən, onun uzun müddət saxlanılması məhvinə gətirib çıxaracağından, netto çəkisi 16400 kq, dəyəri isə 7380 ABŞ dolları təşkil edən “təzə alma" yükünün satışı həyata keçirilməsi qərara alınmışdır. İş materiallarında olan 07 dekabr 2024-cü il tarixli «əşyaların maddi sübut kimi tanınması haqqında» qərarla Təqsirləndirilən şəxs məxsus «Gplus» markalı mobil telefon maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuşdur. İş materiallarında olan 16 dekabr 2025-ci il tarixli Respublika Psixitariya Xəstəxanası Publik Hüquqi şəxsin məktubundan görünür ki, Təqsirləndirilən şəxs xəstəxanada müalicədə olmamışdır. İş materiallarında olan 14 dekabr 2025-ci il tarixli Respublika Narkoloji Mərkəzi Publik Hüquqi şəxsin məktubundan görünür ki, Təqsirləndirilən şəxs mərkəzdə narkoloji qeydiyyatda yoxdur. İş materiallarında olan 15 mart 2025-ci il tarixli «nəqliyyat vasitəsinin sahibinə qaytarılması haqqında» qərarla və xx.xx.2025-ci il tarixli aktlarla Təqsirləndirilən şəxs idarə etdiyi "DAF” markalı, C0070C96 dövlət qeydiyyat nişanlı dartıcı mülkiyyətçisi Şahid1 və “SCHMİTZ” markalı, 07ZB857 dövlət qeydiyyat nişanlı qoşqu mülkiyyətiçisi X3 qaytarılmışdır. İş materiallarında olan “Azərterminalkompleks” Birliyindən daxil olmuş 22 may 2025-ci il tarixli, 3-33/1-019654/2025 nömrəli məktubla “təzə alma” yükünün keçirilmiş hərracla xx.xx.2024-cü il tarixli, 01 nömrəli protokol əsasında 9350 manata satıldığı, əldə edilmiş vəsaitin depozit hesaba köçürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 18 iyun 2025-ci il tarixli qərarla hazırki cinayət işinin materiallarından cinayət əməlinin törədilməsində iştirak etmiş «Əhəd» adlı şəxsin və qeyrilərinin barəsində Azərbaycan Respublikasının CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə başqa cinayət işi ayrılmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 dekabr 2024-cü il tarixli protokol “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında”protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 dekabr 2024cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs olunmanın əvvəli 01 dekabr 2024-cü il tarixdən hesablanmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 mart 2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri uzadılmamış, o həmin tarixdə həbsdən azad olunmuşdur. İş materiallarında olan 12 mart 2025-ci il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə növündə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Astara şəhər İnzibati ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 18 dekabr 2024-cü il tarixli arayışdan, xasiyyətnamədən nikah və doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Astara şəhəri, Nizami küçəsi ev 21-də qeydiyatdadır, hal-hazırda Astara ərazisində yaşamır, ailə tərkibi arvadından, xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü təvəllüdlü X5 adlı azyaşlı uşaqlarından ibarətdir, barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının arayışından görnür ki, Təqsirləndirilən şəxs İİİ dərəcəli əlildir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyindən daxil olmuş 20 fevral 2025-ci il tarixli, 20 nömrəli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs idarə etdiyi “DAF” markalı, “XF95.480” modelli, C0070C96 dövlət qeydiyyat nişanlı, XLRTE47XS0E624348 şassi nömrəli, 2003-cü il buraxılışlı dartıcının 30 noyabr 2024-cü il tarixə faktiki bazar qiyməti 31500 manat və həmin dartıcının “SCHMİTZ” markalı, “SKO 24” modelli, furqon soyuducu tipli, 07ZB857 dövlət qeydiyyat nişanlı, WSM**********6786 şassi nömrəli, 2008-ci il buraxılışlı qoşqusunun həmin tarixə faktiki bazar qiyməti isə 18000 manat təşkil edir. Beləliklə, ibtidai istintaq, həm də məhkəmə baxışında toplanmış sübutlar əsasında Təqsirləndirilən şəxs törədilmiş cinayətə aidiyyəti müəyyən edilmir, əksinə, həmin sübutlar Təqsirləndirilən şəxs təqsirsizliyinə dəlalət etdiyindən məhkəmə kollegiyası bu sübutları müqayisəli şəkildə araşdırmışdır. Məhkəmə sübutları məcmu halında qiymətləndirərək, nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə ittiham tərəfinin təqdim etdiyi yeganə sübut-narkotik vasitənin məhz onun idarə etdiyi yük avtomobilinin qoşqusunda aşkar olunması faktıdır. Şahid kimi dindirilmiş gömrük əməkdaşları Şahid2, Şahid3, hal şahidi Şahid4 ifadələrindən görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi yük avtomobili Azərbaycan ərazisinə daxil olarkən yük qoşqusu İranda olan zaman plomblanmış, plomblar 01 dekabr 2024-cü il tarixdə yük avtomobilinə baxış keçirilərkən gömrük əməkdaşları tərəfindən açılmışdır. Beləliklə, Təqsirləndirilən şəxs idarə etdiyi yük avtomobilinin qoşqusunun plombları pozulmuş (sındırılmış, açılmış) halda olmadığından, Təqsirləndirilən şəxs avtomobilinin yük qoşqusuna alma yüklənib plomblanandan sonra, onun plombu qıraraq maşına sonradan narkotik vasitə yükləyə biləcəyi qeyri-mümkün olmuşdur. Həmçinin Təqsirləndirilən şəxs yük avtomobilinin qoşqusuna vurulan plombları açıb, sonra yenidən plomb vurması halı da istisna olunur. Təqsirləndirilən şəxs alma yükünün hələ qoşquya yüklənməsinə qədər, alma yükünün içərisinə narkotik vasitə qoyub gizlətməsi faktı da ittiham orqanı tərəfindən sübuta yetirilməmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs təhqiqat zamanı izahatında, ibtidai istintaq və məhkəmə dövründə verdiyi ifadələrində sözü gedən alma yükü olan 35 ədəd bağlamada narkotik vasitənin yerləşdirilməsi barədə heç bir məlumata malik olmadığını, yalnız gömrük yoxlanılması zamanı narkotik maddənin aşkar olunmasından sonra xəbərdar olduğunu göstərmişdir. İttiham tərəfi bu halı təkzib edən heç bir sübut təqdim etməmişdir. İttiham tərəfi narkotik vasitənin məhz Təqsirləndirilən şəxs idarə etdiyi yük avtomobilindəki alma yükünün yerləşdiyi paletlərdən tapılmasını və onun bu narkotik vasitədən xəbərinin olmamasının inandırıcı və mümkün hesab edilməməsini ittihamın əsası kimi götürmüşdür. Təqsirləndirilən şəxs CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə cinayət əməllərini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi yalnız ehtimallara əsaslanmış, ehtimal edilən cinayətkar qrupun digər üzvləri ilə onun hər-hansı əlaqəsinin olması sübuta yetirilməmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs əməllərində məsuliyyət məsələsi ilə əlaqədar məhkəmə nəzərə çatdırır ki, Azərbaycan Respublikasının 11 fevral 2000-ci il tarixli Qanunu ilə qoşulduğu “Beynəlxalq yol yükdaşımaları müqaviləsi haqqında” 19 may 1956cı il tarixli Cenevrə Konvensiyasının 8-ci maddəsinin 1-ci hissəsinə görə, beynəlxalq yükü qəbul edən sürücü yalnız yük yerlərini, həmçinin onların markalanması və nömrələri ilə bağlı fakturada yazılan qeydlərin dəqiqliyini, yükün və onun qablaşdırılmasının xarici görünüşünü yoxlamalıdır. Həmin Konvensiyanın 8-ci maddəsinə uyğun olaraq, daşınan məhsulun adı barədə məlumatlar beynəlxalq avtomobil daşıyıcısının (sürücüsünun) nəzarət sahəsinə aid deyil. Həmin Konvensiyanın 11-ci maddəsində yük göndərənin yükü göndərməzdən əvvəl lazımi sənədləri fakturaya əlavə etmək və ya daşıyıcının ixtiyarına vermək, gömrük və digər rəsmiyyətlərin icrası üçün tələb edilən bütün məlumatları təqdim etmək vəzifəsi təsbit edilmişdir. Həmin maddənin ikinci hissəsinə görə bu sənədlərin düzgünlüyünün və bütövlüyünün yoxlanılması daşıyıcının vəzifələrinə daxil deyil. Qanunvericiliyin qeyd olunan normasına əsasən beynəlxalq yükü qəbul edən sürücünün vəzifəsi yalnız yük yerlərini, yükün və onun qablaşdırılmasının xarici görünüşünü yoxlamaqla məhdudlaşır. Həmin qanunda sürücünün qablaşdırılmış yükü açmaq və onu yoxlamaq kimi səlahiyyətləri müəyyən edilməmişdir. Əks yanaşma beynəlxalq yük daşıma qaydalarının prinsiplərinə zidd olar. Analoji hüquqi mövqe Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 sentyabr 2009-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması” Qaydalarında da əks olunmuşdur. Məhkəmə tərkibi qanunvericiliyin qeyd olunan normalarına əsasən hesab edir ki, Təqsirləndirilən şəxs istifadəsində olan nəqliyyat vasitəsinin yük yerinə yüklənmiş yükü açmaq və onu yoxlamaq kimi vəzifəsi olmamışdır. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs istintaq orqanı tərəfindən istinad edilən cinayətləri törətməmişdir. Onun daşıdığı yükün içərisində narkotik vasitənin yerləşdirilməsindən məlumatı olmadığını sübut etmək halı Təqsirləndirilən şəxs üzərinə düşmür, bu halın əksini isə sübut etmək ittiham tərəfinin vəzifəsi olmuşdur. CM-in 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd etmişdir ki: “İctimai təhlükəli əməlin həm qanunvericilik, həm də doktrinal aspektdə müəyyən edilməsi hər bir cinayətə xas olan hüquqi və sosial əlamətləri üzə çıxarır. Cinayət tərkibini təşkil edən əlamətlərin (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən, o cümlədən, başqa hüquqpozmalardan fərqləndirilməsinə xidmət edir. Belə ki, cinayət tərkibi ictimai təhlükəli əməli konkret cinayət kimi xarakterizə edən cinayət qanunu ilə müəyyən edilmiş obyektiv və subyektiv əlamətlərin məcmusudur. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər”. Məhkəmə hesab edir ki, ittiham tərəfinin təqdim etdiyi və məhkəmədə yoxlanılmış sübutlarla Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayətin tərkib əlamətlərinin mövcud olması təsdiq olunmur. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır; cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir, ittihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. İttiham tərəfi nəinki təqsirləndirilən şəxsi ifşa edən sübutlar və dəlillər toplayaraq məhkəməyə təqdim etməli, həm də müdafiə tərəfinin müdafiə üçün irəli sürdüyü sübutları və dəlilləri də təkzib etməlidir. Müdafiə üçün irəli sürülmüş sübut və dəlillər ittiham tərəfindən tutarlı dəlillərlə təkzib edilməzsə, sübuta yetirilmiş hesab edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs təqsirsizliyinə dəlalət edən dəlillərin təkzib edilməsi üçün əlavə sübutlar toplanılmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məcəllənin 145-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə tərkibi yuxarıda qeyd olunanlara qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə müəyyən olunmuş cinayət əməllərini törətməkdə təqsirli olması barədə ittihamın sübut olunmasında əsaslı şübhələr mövcuddur. Bu şübhələrin digər sübutlarla aradan qaldırılması mümkün deyil və ittiham tərəfi həmin halı təsdiq edən hərhansı bir mötəbər sübuta istinad edə bilməmişdir. Cinayət işinin materiallarında da belə sübut olmadığına görə həmin şübhələr təqsirləndirilən şəxsin xeyrinə təfsir olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5.1 və 349.5.3-cü maddələrinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə, məhkəmənin hökmü əsaslı hesab olunur. Məcəllənin 351.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən ittiham hökmü məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq və təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək çıxarıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda, əməldə cinayət tərkibi olmadıqda, cinayətin törədilməsinə aidiyyəti olmadıqda və təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Cinayət-Prosessual Məcəllənin 42.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə, bəraət hökmü çıxarılır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə müəyyən olunmuş cinayət əməllərini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyinə görə ona bəraət verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 42.1.4-ci maddəsinə əsasən bəraət verilməsi qənaətinə gəldiyini və cinayəti törətmiş şəxs(lər)in müəyyən edilməmiş qaldığını nəzərə alaraq hesab edir ki, həmin Məcəllənin 350.4-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra qeyd olunan şəxs(lər)in cinayət təqibi məsələsinin həll edilməsi üçün baxılmış cinayət işi üzrə materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməlidir. İş üzrə maddi sübut kimi tanınmış- Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsində saxlanılan, müvafiq ekspert tədqiqatından sonra qalıq çəkisi – 36016,5 qram olan qurudulmuş marixuana həmin İdarədə saxlanılmalı, Təqsirləndirilən şəxs məxsus “Gplus” markalı mobil telefon onun özünə qaytarılmalı, Təqsirləndirilən şəxs idarə etdiyi “DAF” markalı, C0070C96 dövlət qeydiyyat nişanlı dartıcının mülkiyyətçi Şahid1, “SCHMİTZ” markalı, 07ZB857 dövlət qeydiyyat nişanlı qoşqunun isə X3 təhvil verilməsi nəzərə alınmalıdır. Məhkəmə eyni zamanda qeyd edir ki, “DAF” markalı, “XF95.480” modelli, C0070C96 dövlət qeydiyyat nişanlı avtomobildən aşkar olunmuş “təzə alma” yükünün satılaraq əldə edilmiş 9350 (doqquz min üç yüz əlli) manat məbləğində pul xüsusi müsadirə predmeti ola biləcəyindən (malın qanuni sahibinin əməlində cinayət tərkibinin olub-olmamasından asılı olaraq) həmin məbləğin malın qanuni sahibinə qaytarılması məsələsi hazırki cinayət işindən ayrılmış ********* nömrəli cinayət işi üzrə həll edilməlidir. Təqsirləndirilən şəxs iş üzrə olan 120 (yüz iyirmi) manat ekspertiza xərcinin ödənilməsindən azad olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 42.1.4, 344-347, 349, 350, 352-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınmış - Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 36016,5 qram təşkil edən qurudulmuş marixuana narkotik vasitəsi həmin idarədə saxlanılsın. İş materiallarında saxlanılan Təqsirləndirilən şəxs məxsus “Gplus” markalı mobil telefon onun özünə qaytarılsın. Təqsirləndirilən şəxs idarə etdiyi “DAF” markalı, C0070C96 dövlət qeydiyyat nişanlı dartıcının mülkiyyətçi Şahid1, “SCHMİTZ” markalı, 07ZB857 dövlət qeydiyyat nişanlı qoşqunun isə X3 təhvil verilməsi nəzərə alınsın. “DAF” markalı, “XF95.480” modelli, C0070C96 dövlət qeydiyyat nişanlı avtomobildən aşkar olunmuş “təzə alma” yükünün satılaraq əldə edilmiş 9350 (doqquz min üç yüz əlli) manat məbləğində pulun qanuni sahibinə qaytarılması məsələsinin hazırki cinayət işindən ayrılmış Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə olan ********* nömrəli cinayət işi üzrə həll edilməli olması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə xərclərinin ödənilməsindən azad edilsin. Azərbaycan Respublikası CPM-nin 350.4-cü maddəsinə cinayət işi ibtidai araşdırmaya porosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Cavid Səfərli Hakimlər: Ayşən Vəliyeva Cavanşir Nəbiyev
Məhkəmə qərarları › İş №1(099)-393/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-393/2025
15.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver