Məhkəmə qərarları › İş №1(099)-394/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-394/2023

16.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-394/2023 16.10.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi ilə hakimlər - Məmmədov Neymət Hüsən oğlu və Səfərli Cavid Şamil oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, tərcüməçi - Lənkəran Dövlət Universitetinin Tarix və onun tədrisinin metodikası kafedrasının dosenti X1, Təqsirləndirilən şəxs və müdafiəçi - Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx.xx.1979-cu ildə İran İslam Respublikasının Malayer şəhərində doğulmuş, İran İslam Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, İran İslam Respublikası, Kərəc şəhəri, Əndişə məhəlləsi, Xəlicə Fars prospekti, ev 18 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında acıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq 2022-ci ilin dekabr ayının sonunda İran İslam Respublikasında şəxsiyyəti məlum olmayan bir qrup şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma barədə razılığa gəlmiş, həmin cinayətkar niyyətə uyğun olaraq, cinayətkar qrupun İran İslam Respublikasındakı üzvü tərəfindən müəyyən edilməmiş vaxtda və mənbədən satış məqsədilə qanunsuz olaraq əldə edilən külli miqdarda 2618,391 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı İran İsllam Respublikasının Qəzvin şəhərində satış məqsədi və tamah niyyəti ilə qəsdən qanunsuz olaraq əldə etmiş, içərisində həmin narkotik vasitənin olduğu ayrı-ayrılıqda hər birinin çəkisi 41.427, 32.840, 32.974, 38.296, 42.717, 36.641, 38.948, 44.691, 41.569, 35.833, 44.826, 38.148, 38.611, 33.088, 42.159, 37.780, 37.488, 28.649, 35.332, 67.690, 36.528, 34.359, 38.281, 41.842, 39.169, 32.292, 40.862, 37.915, 31.149, 42.302, 50.686, 36.490, 34.251, 41.318, 44.366, 32.485, 39.861, 29.743, 36.707, 40.144, 47.259, 29.396, 40.483, 38.451, 45.645, 42.541, 60.892, 44.968, 48.078, 45.111, 40.057, 86.943, 46.409, 35.272, 39.312, 36.072, 43.322, 28.357, 42.208, 37.063, 40.769, 32.482, 37.865, 40.213, 33.815 qram olmaqla tərkiblərinə görə eynilik təşkil edən 65 sellofan paketin 13 ədədini malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə idarə etdiyi “Mercedes-Benz” markalı, KD769DK/CC563O qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin kabinasında surətlər panelinin alt hissəsində düzəldilmiş gizli saxlanc yerində, 52 ədədini kabinanın arxa hissəsindəki yataq yerinin altında düzəldilmiş gizli saxlanc yerində, narkotik vasitənin 4,951 qramlıq hissəsini isə, üzərində “Tess” markalanma nişanı olan çay qutusunun içərisinə yerləşdirib idarə etdiyi avtomobilin kabinasında şəxsi əşyalar qoyulan yerdə saxlamaqla gömrük nəzarətindən gizlədərək Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Gürcüstan Respublikasına aparmaq məqsədilə saxlamış, İran İslam Respublikasından Azərbaycan Respublikasınadək daşımış, 05 yanvar 2023-cü il tarixdə, saat 06 radələrində Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara rayonunun inzibati ərazisində yerləşən “Astara” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş və narkotik vasitə həmin tarixdə qeyd olunan nəqliyyat vasitəsinə “Astara” gömrük postunda saat 6.30-da keçirilmiş gömrük yoxlaması zamanı aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 25 ildən çoxdur yük avtomobilinin sürücüsü işləyi, uzun müddətdir ki, ölkələrarası yük daşımaları ilə məşğul olur. İranlı Hüseyn adlı şəxsi az müddətdir tanıyır. 2023-cü ilin əvəllərində Hüseyn ona, Gürcüstana gedərkən orada olan tanışına çay çatdırmalı olduğunu bildirmişdir. Hüseynlə razılaşmış, Gürcüstana, Tbilisi şəhərinə yola düşərkən Qəzvin şəhərində içində çay olduğunu dedikləri bağlamanı maşının kabinəsinə qoymuşlar. Kabinədən başqa yerə bağlama qoymamış, başqasının da nəsə qoymasından xəbəri olmamışdır. Gürcüstana yola düşərkən maşınında yükü «travertin» daşı olmuşdur. 05 yanvar 2023-cü il tarixdə səhərə yaxın İran – Azərbaycan dövlət sərhədinin “Astara” gömrük postunda yoxlanılarkən gömrük əməkdaşları tərəfindən maşının kabinasında surətlər qutusunun altından və yataq yerindən çoxsaylı kiçik bükümlərdə narkotik vasitə marixuana aşkar edilmişdir. Marixuanadan xəbəri olmamış, marixuananı maşına özü qoymamışdır. Maşın Gürcüstan şirkətinin maşını olmuş, yükün daşıması müqabilində 2 min manat pul almışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, saxlanılan zaman maşında tək olmuş, kabinədəki əşyalara özü cavabdeh olmuşdur. Bağlamanı çatdırması müqabilində Hüseyndən pul almamışdır. Əvvəllər Gürcüstana yağ və düyü aparmışdır. Narkotikdən istifadə etməmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan onun ibtidai istintaq dövründə müdafiəçisinin iştirakı ilə verdiyi 6 yanvar 2023-cü il tarixli etirafedici ifadəsi elan olunmuş, o, həmin ifadəsində özünü təqsirli bilərək göstərmişdir ki, idarə etdiyi “Mercedes Benz” markalı “KD769DK/CC563O” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi özünə məxsusdur. Dekabr ayının sonlarına yaxın Qəzvin şəhərində avtomobillərin təmir emalatxanasında olarkən Hüseyn adlı şəxslə tanış olmuş, Hüseynin onun Gürcüstan Respublikasına yük daşıması ilə məşğul olduğunu bilib söhbət əsnasında orada yaşayan iranlı tanışına marixuana çatdıracağı halda ona İran pulu ilə 50000000 (əlli milyon) İran tüməni, manatla isə 2000 manat civarında pul verəcəyini demiş, onunla razılaşmışdır. Emalatxananın bayırında 65 ədəd bağlamada olan marixuananı Hüseyndən götürmüş, gömrükdən gizli keçirmək üçün həmin bağlamaları kabinanın surətlər qutusunun altındakı paneli söküb orada, bir hissəsini isə yatacaq yerinin alt hissəsini sökərək orada gizlətmişdir. Həmçinin, həmin marixuanadan bir qədər götürüb özünün çay qutusunun içərisinə atmışdır ki, yolda özü də istifadə edər. 5.01.2023-cü ildə Astara gömrük polstunda saxlanılmış və 13 ədəd bağlamada olan marixuana kabinanın surətlər qutusunun alt panelində, 52 ədəd bağlama olan marixuana arxa yataq yerinin altında, şəxsi əşyalarının qoyulması üçün nəzərdə tutulmuş yerdə olan üzərində “Tess” yazılı çay qutusunda açıq yaşıl rəngli narkotik vasitə marixuana aşkar edilmişdir. Marixuananın ümumi təqribi çəkisinin 2 kiloqram 800 qram olduğu məlum olmuşdur. Bu əməli pul qazanmaq üçün etdiyiyni, bükümləri Hüseynin tanışlarına çatdırmalı olduğunu, Gürcüstanda ondan narkotik təhvil alan şəxsi tanımadığını, öz mobl nömrəsini Hüseynə verdiyini, Gürcüstanda onun nömrəsinə zəng edəcəklərini, narkotiki ondan təhvil aldıqdan sonra pulunu verəcəklərini, narkotik vasitələri daşıdığı “Mercedes Benz” markalı yük nəqliyyat vasitəsi özünə məxsusdur. Həmin nəqliyyat vasitəsini gömrük rəsmiləşdirməsindən keçirmək istəmədiyim üçün X2 LLC adlı şirkətin adına qeydiyyatdan keçirmişdir və həmin maşını 30000 ABŞ dollarına almışdır. Əməlindən peşman olduğunu göstərmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, yuxarıda göstərilən cinayət əməlini Təqsirləndirilən şəxs törətmişdir. Onun törətdiyi cinayət əməlləri özünün qismən etirafedici ifadəsi ilə yanaşı iş üzrə dindirilmiş şahid ifadələri, habelə tədqiq olunmuş ekspertiza rəyləri, cinayət işində olan istintaq sənədləri, protokolları, maddi sübutlar və işin digər halları ilə kifayət qədər sübuta yetirilir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Cənub Ərazi Baş Gömrük İdarəsi “Astara” gömrük postunun böyük inspektoru Şahid1 ifadəsində göstərmişdir ki, 2023-cü ilin yanvar ayının 5-də səhər saat 6 radələrində Mahdi adında İran vətəndaşı idarə etdiyi «Mercedes Benz» markalı maşınla «Astara» gömrük postunun yoxlama xəttinə daxil olmuş, təqdim olunmuş sənədlərə əsasən məlum olmuşdur ki, o, İrandan Azərbaycan Respublikasının ərazisindən tarnzit yolla Gürcüstana «travertin daşı» aparır. Daha sonra maşının kabinəsi yoxlanılmış, yoxlama zamanı maşının kabinəsində, surətlər panelinin alt hissəsində düzəldilmiş gizli saxlanc yerindən 13 ədəd şəffaf sellofan paketlərdə marixuana aşkar etmişdir. Daha sonra, kabinanın arxa yataq yerinin alt hissəsi söküldükdə həmin yerdə düzəldilmiş gizli saxlanc yerindən də eyni formalı, içərisində qurudulmuş marixuana narkotik vasitəsinə bənzər maddə olan 52 ədəd sellofan paket aşkar etmişdir. Beləliklə, nəqliyyat vasitəsindən aşkar edilən bağlamanların ümumilikdə sayı 65 ədəd təşkir edirdi. Həmçinin, kabinada şəxsi əşyaların qoyulması üçün nəzərdə tutulmuş yerdə olan üzərində “Tess” yazılı çay qutusunun içərisində də çayla qarışıq vəziyyətdə digər paketlərdə olan maddə kimi narkotik vasitə marixuanaya oxşar maddə aşkar etmişdir. Sonra onun üzərinə şəxsi axtarış keçirilmiş, üzərində qadağan olunmuş hər hansı bir əşya aşkar olunmamışdır.Marixuananın ümumi təqribi çəkisi 2883,95 qram olduğu məlum olmuşdur. Avtomobilə keçirilən baxışda hal şahidləri və tərcüməçi iştirak etmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Dövlət Sərhəd Xidmətinin əməkdaşı Şahid2 Şahid1 ifadəsində göstərdiyi xüsusatlar üzrə oxşam məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2023-cü ilin yanvar ayının 5-də səhər saat 6 radələrində əvvələr tanımadığı Mahdi adında İran vətəndaşı idarə etdiyi «Mercedes Benz» markalı maşının kabinəsinə keçiriən baxışda Şahid4la birlikdə hal şahidi qismində iştirak etmişdir. Maşının kabinəsində, surətlər panelinin alt hissəsində düzəldilmiş gizli saxlanc yerindən 13 ədəd şəffaf sellofan paketdə marixuanaya bənzər maddə aşkar edilmişdir. Daha sonra, kabinanın arxa yataq yerinin alt hissəsində düzəldilmiş içərisində qurudulmuş marixuana narkotik vasitəsinə bənzər maddə olan 52 ədəd sellofan paket aşkar olunmuşdur. Bağlamanların ümumilikdə sayı 65 ədəd olmuşdur. Həmçinin, kabinada şəxsi əşyaların qoyulması üçün nəzərdə tutulmuş yerdə olan üzərində “Tess” yazılı çay qutusunun içərisində də çayla qarışıq vəziyyətdə digər paketlərdə olan maddə kimi narkotik vasitə marixuanaya oxşar maddə aşkar edilmişdir. Marixuanaya bənzər kütlənin ümumi təqribi çəkisi 2883,95 qram olmuşdur. İranlının üzərində də axtarış keçirilmiş, qadağan olunmuş əşya və ya predmet aşkar olunmamışdır. Məhkəmə istintaqında şahidi qismində dindirilmiş Şahid4 Şahid3 ifadəsində göstərdiyi xüsusatlar üzrə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında tədqiq edilmiş və iş materiallarında olan 05 yanvar 2023-cü il tarixli, 19/04 № məhkəmə fiziki-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd polietieln paketdəki, 65 ədəd bağlamada ümumi təmiz çəkisi 2613,44 qram və üzərində “Tess” yazılı çay qutusundan təmiz çəkisi 4,951 qram, ümumilikdə təmiz çəkisi 2618,391 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadırlar və xarici görünüşlərinə və bioloji tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. 65 ədəd paketin içərisindəki qurudulmuş marixuana narkotik vasitəsinin ayrıayrılıqda hər birinin çəkisi 41.427, 32.840, 32.974, 38.296, 42.717, 36.641, 38.948, 44.691, 41.569, 35.833, 44.826, 38.148, 38.611, 33.088, 42.159, 37.780, 37.488, 28.649, 35.332, 67.690, 36.528, 34.359, 38.281, 41.842, 39.169, 32.292, 40.862, 37.915, 31.149, 42.302, 50.686, 36.490, 34.251, 41.318, 44.366, 32.485, 39.861, 29.743, 36.707, 40.144, 47.259, 29.396, 40.483, 38.451, 45.645, 42.541, 60.892, 44.968, 48.078, 45.111, 40.057, 86.943, 46.409, 35.272, 39.312, 36.072, 43.322, 28.357, 42.208, 37.063, 40.769, 32.482, 37.865, 40.213, 33.815 qram təşkil edir. (Qeyd: marixuananın ümumi təmiz çəkisi: - 2618,391 qr., cəmi tədqiqata sərf olundu: -1,32 qr (hər ob 0,02 qr)., qalıq: -2617,071 qr. Çay yarpaqlarının təmiz çəkisi: -35,216 qr., tədqiqata sərf olundu: -0,05 qr., qalıq: - 35,166 qr.) İş materiallarında olan xx.xx.2023-cü il tarixli 9/341 №-li məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, “Mercedes-Benz” markalı, “Actros 1844 LS” modelli, KD769DK qeydiyyat nişanlı, 2007-ci il buraxılışlı, yedəkli dartıcı yük avtomobilin orta bazar qiyməti təxminən 35350 manat və “SCHMİTZ” markalı, S01 modelli, CC563O qeydiyyat nişanlı, 2004-cü il buraxılışlı qoşqunun qiyməti 14100 manat , birlikdə isə qiyməti təxminən 49450 manat müəyyən edilir. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan 30 yanvar 2023-cü il tarixli, 471 nömrəli ambulator məcburi narkoloji tibbi yoxlamanın rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə etmə halları olub. Müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Narkomaniya xəstəliyindən əziyyət çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan 05 yanvar 2023-cü il tarixli “malların və nəqliyyat vasitəsinin yoxlanılması barədə” protokoldan görünür ki, İİR vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes-Benz” markalı, KD769DK/CC563O qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinə keçirilmiş yoxlama zamanı nəqliyyat vasitəsinin kabinəsində - surətlər panelinin altı hissəsində düzəldilmiş gizli saxlanc yerindən 13 (on üç) ədəd, arxa yataq yerinin alt hissəsi sökülərək həmin yerdə düzəldilmiş gizli saxlanc yerindən 52 (əlli iki) ədəd sellofan bağlamada və şəxsi əşyaların qoyulması üçün nəzərdə tutulmuş yerdə olan, üzərində “Tess” yazısı yazılı çay qutusunda açıq yaşıl rəngli narkotik vasitə marixuanaya oxşar maddə aşkar edilmişdir. Daha sonra, nəqliyyat vasitəsi Astara gömrük postunun inzibati ərazisində yerləşən stasionar rentgen qurğusundan keçirilmiş, lakin başqa hüquqpozma predmeti aşkar edilməmişdir. Yoxlama başa çatdıqdan sonra, İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs Mohamamdsaleh oğlunun idarə etdiyi nəqliyyat vasitəsininin kabinasından aşkar olunmuş həmin bağlamalar və üzərində “Tess” yazısı yazılı çay qutusunda olan açıq yaşıl rəngli narkotik vasitə marixuanaya oxşar maddə sürücü və hal şahidlərinin iştirakı ilə protokol əsasında götürülmüş, təhqiqat şöbəsinin Astara gömrük postunun inzibati binasında yerləşən xidməti otağına gətirilərək elektron tərəzidə çəkilmiş və aşkar olunmuş 13 (on üç) ədəd bağlamanın içərisində olan açıq yaşıl rəngli marixuanaya oxşar maddənin qablaşmaları ilə birlikdə ümumilikdə təqribi çəkisinin 533,20 qram, aşkar olunmuş 52 (əlli iki) ədəd bağlamanın içərisində olan açıq yaşıl rəngli marixuanaya oxşar maddənin qablaşmaları ilə birlikdə ümumilikdə təqribi çəkisinin 2296,85 qram, üzərində “Tess” yazısı olan çay qutusunda açıq yaşıl rəngli narkotik vasitə marixuanaya oxşar maddənin qablaşma ilə birlikdə ümumi təqribi çəkisinin 53,90 olmaqla, ümumilikdə 65 (altmış beş) ədəd bağlamanın və üzərində “Tess” yazısı yazılı çay qutusunda olan açıq yaşıl rəngli narkotik vasitə marixuanaya oxşar maddələrin qablaşmaları ilə birlikdə ümumi təqribi çəkisinin 2883,95 qram olduğu məlum olmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərarla İİR vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes-Benz” markalı, KD769DK/CC563O qeydiyyat nişanlı yük nəqliyyat vasitəsindən aşkar edilmiş cəmi 65 bağlamada və üzərində “Tess” yazılı çay qutusunun içərisində olmuş tədqiqatdan sonra qalıq qalmış 2617,071 qram qurudulmuş marixuana, habelə, üzərində “Tess” yazısı olan çay qutusu və içərisindəki çay qalığı maddi sübut kimi tanınmış və saxlanılmaı üçün DGK-nin Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağına təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs məxsus dəyəri 35350 manat təşkil edən “Mercedes-Benz” markalı, “Actros 1844 LS” modelli, KD769DK qeydiyyat nişanlı, 2007-ci il buraxılışlı yük avtomobili və dəyəri 14100 manat təşkil edən “SCHMİTZ” markalı, S01 modelli, CC563O qeydiyyat nişanlı, 2004-cü il buraxılışlı qoşqusu maddi sübut kimi tanınmışdır. Cinayət işi üzrə ola biləcək xüsusi müsadirənin təmin edilməsi üçün Təqsirləndirilən şəxs məxsus dəyəri 35350 manat təşkil edən “Mercedes-Benz” markalı, “Actros 1844 LS” modelli, KD769DK qeydiyyat nişanlı, 2007-ci il buraxılışlı yük avtomobili və dəyəri 14100 manat təşkil edən “SCHMİTZ” markalı, S01 modelli, CC563O qeydiyyat nişanlı, 2004-cü il buraxılışlı qoşqusunun üzərinə Bakı şəhəri, Yasamal Rayon Məhkəməsi tərəfindən xx.xx.2023-cü il tarixli qərarı ilə həbs qoyulmuş və saxlanılması üçün Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinə təhvil verilmişdir. Sözügedən nəqliyyat vasitəsi məhkəmənin yekun hökmünədək DGK “Azərterminalkomleks” Birliyinin Abşeron rayonu, Məhəmmədi qəsəbəsində yerləşən anbarında saxlanılır. Hazırki cinayət işindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə xx.xx.2023-cü il tarixdə ********* nömrəli cinayət işi ayrılmışdır. Təqsirləndirilən şəxs məhkəmə istintaqında özünün müdafiəsi üçün dəlillər gətirərək avtomobilin kabinasında aşkar olunan çoxsaylı bükümlərdə qurudulmuş marixuananın ona məxsus olmadığını, Hüseyn adında iranlının Qəzvin şəhərində ona qutuda yalnız çay adı ilə verdiyini, marixuananın ona məxsus olmasına dair ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etmədiyini göstərmişdir Məhkəmə təqsirləndirilən şəxsin Təqsirləndirilən şəxs özünün müdafiəsi üçün gətirdiyi bu dəlillərə tənqidi yanaşaraq bu ifadələri işin obyektiv hallarına uyğun olmayan, cinayət məsuliyyətindən yayınmaq, özünü müdafiə etmək məqsədi ilə uydurulmuş və işin faktiki halları ilə təkzib edilən xüsusatlar kimi qiymətləndirir və onun ifadəsinin bu hissəsini inandırıcı hesab etmir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs ibtidai araşdırma başlandığı ilk gündən ilkin izahatında və şübhəli, təqsirləndirilən şəxs qismində müdafiəçisinin iştirakı ilə verdiyi (6.01.2023-cü il tarixli) etirafedici ifadələrində idarə etdiyi avtomobilin kabinasında aşkar olunan 65 bükümdə qurudulmuş marixuananın ona məxsus olmaması, habelə iranlı Hüseynin ona narkotiki çay adı ilə verməsinə dair hər hansı bir fikir irəli sürməmişdir. Əksinə olaraq, Təqsirləndirilən şəxs saxlanıldığı ilk gündən izahatında və etirafedici şübhəli, 6.01.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində narkotik vasitəni Hüseyn adında tanışından Qəzvin şəhərində götürdüyünü, həmin narkotiki Gürcüstan Respublikasında Hüseynin dediyi şəxsə çatdırağacını, bunu pul qazanmaq məqsədi ilə etdiyini göstərmişdir. Artıq bu hallar təqsirləndirilən şəxsin məhkəmə baxışı dövründə verdiyi ifadələrin məntiqli və ardıcıl olmadığını, hadisənin xarakteri, mexanizmi və inkişafını bir-birindən tam fərqli və bəsit formada reproduksiya edildiyini təsdiq etmiş, ümumiyyətlə onun qeyd olunan mərhələdə verdiyi ifadələr yalan olmaqla məhz real faktların ört-bastır edilməsinə, istintaqın səhv istiqamətə yönəldilməsinə və başqa sözlə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün Təqsirləndirilən şəxs məhkəmədə tədqiq edilmiş ibtidai araşdırma dövründə verdiyi etirafedici ifadələri ilə məhkəmə baxışında verdiyi ifadələr arasında ziddiyyət təşkil edən hissəyə münasibətdə onun ibtidai araşdırma dövründə yuxarıda qeyd olunan verdiyi etirafedici izahatını, şübhəli və 6 yanvar 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində vermiş olduğu ifadəsini, habelə şahidlərin ifadələrini, eskpertizanın rəylərini, “şəxsi axtarış və götürmə aparılması” haqqında protokolu və digər sənədləri cinayət təqibi üzrə mötəbər sübut hesab edir. Məhkəmədə tədqiq olunmuş sübutlarla Təqsirləndirilən şəxs üzərinə qurudulmuş marixuananın kənar şəxs (lər) tərəfindən qoyulması təsdiq olunmamışdır. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılara əsasən beynəlxalq adı olan qurudulmuş marixuana narkotik vasitədir. Qurudulmuş m arixuanının 5 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 500 qramdan artıq hissəsi isə külli miqdar hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli 2 nömrəli qərarının 9-cu bəndinin ikinci və 11-ci bəndinin dördüncü abzaslarına əsasən«Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır». İşin faktiki halları, o cümlədən narkomaniya xəstəliyindən əzab çəkməyən təqsirləndirilən şəxsin idarə etdiyi avtomobilinin kabinasında 65 ədəd bükümlərdə külli miqdarda qurudulmuş marixuananın aşkar olunması və işin digər halları təqsirləndirilən şəxsin qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında satış məqsədi ilə narkotik vasitələri qanunsuz əldə etməsi, saxlaması, daşıması ilə bağlı yekun nəticəyə gəlməyə əsas verir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması tam sübuta yetirilmiş və onun bu əməlləri düzgün tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsi ilə elan olunmuş ittihama münasibət bildirərək qeyd edir ki, bu maddədə nəzərdə tutulmuş cinayət əməli (hazırki işə münasibətdə) qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən “narkotik vasitələrin, psixotrop maddələrin.... Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi» ilə törədilir. Təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə istinad edilən əməllə bağlı müəyyən edilmiş hüquqi əhəmiyyət kəsb edən faktiki hal ondan ibarətdir ki, Təqsirləndirilən şəxs 2022-ci ilin dekabr ayının sonunda İran İslam Respublikasının Qəzvin şəhərində şəxsiyyəti istintaqa məlum olmayan bir qrup şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək külli miqdarda - 2618,391 qram narkotik vasitə olan qurudulmuş mariuxananı idarə etdiyi “Mercedes-Benz” markalı, KD769DK/CC563O qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin kabinasında satış məqsədi ilə qanunsuz olaraq əldə edib, saxlayıb, daşımış, 5 yanvar 2023-cü il tarixdə idarə etdiyi avtomobildə qeyd olunan çəkidə narkotik vasitəni Astara” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirərək gömrük əməkdaşları tərəfindən saxlanılmışdır. Məhkəmə tərkibi işin faktiki hallarına əsasən təqsirləndirilən şəxsin qaçaqmalçılıq cinayətinin törədilməsində rollarının qiymətləndirilməsində ibtidai istintaq orqanın səhvə yol verdiyini hesab edərək aşağıdakı əsaslara görə sözügedən əməlin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi əlaməti üzrə tövsifini düzgün saymır. Buna görə də, ilk olaraq Təqsirləndirilən şəxs qeyd olunan qaçaqmalçılıq cinayətinin törədilməsində iştirakının növü dəqiq müəyyən edilməli və bundan sonra həmin növə uyğun olaraq əməli tövsif edilməlidir. Qeyd olunur ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs qarşı irəli sürdüyü ittihamda onun İranda şəxsiyyəti istintaqa məlum olmayan bir qrup şəxslə qabaqcadan əlbir olaraq qaçaqmalçılıq cinayətinin törədilməsində birgə iştirakı – cinayətin icraçısı kimi qiymətləndirmişdir. Azərbaycan Respublikası CM-in 32.2-ci maddəsinə əsasən “Cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq), eləcədə bu Məcəllənin nəzərdə tutulmuş hallarda cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxslərdən istifadə etməklə cinayəti törətmiş şəxs icraçı sayılır”. Qanunun qeyd olunan normasına əsasən şəxs üç halda – birincisi cinayəti bilavasitə törətdikdə, ikincisi başqa şəxslə birlikdə onun törədilməsində bilavasitə iştirak etdikdə və nəhayət cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxslərdən istifadə etməklə cinayəti törətdikdə cinayətin icraçısı sayılır. «Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 02 iyun 2016-cı il tarixli 10 nömrəli qərarının 19-cu bəndinin təhlili göstərir ki, icraçılıq fəaliyyəti cinayətin obyektiv cəhətinin qismən və ya tam icra edilməsində, cinayətin obyektiv cəhətinin bilavasitə icrasına kömək göstərilməsində də ifadə oluna bilər. Belə ki, qeyd olunan Plenum qərarının həmin bəndinə əsasən qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhəddinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhəddindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhəddini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-in 206.3.2-ci maddəsi ilə tövsif edilir. Qanunun qeyd olunan normasının məzmunundan, habelə Ali Məhkəmənin Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqedən görünür ki, cinayətin icraçısının hərəkəti cinayətin icrasına başlanan andan icranın başa çatma anınadək olan dövrü əhatə edir. Cinayətin icra edilməsi dedikdə isə, onun obyektiv cəhətini təşkil edən hərəkətlərin yerinə yetirilməsi başa düşülür. Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələrin və güclü təsir edən maddələrin qaçaqmalçılığı cinayətin obyektiv cəhətini həmin predmetlərin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi təşkil edir. Bu cinayət-hüquqi normaları hazırki iş üzrə müəyyən edilmiş hallarla əlaqələndirdikdə görünür ki, baxılan işdə narkotik vasitənin qaçaqmalçılığı cinayətin obyektiv cəhətini yaradan hərəkətlər həmin maddənin Azərbaycan Respublikasına gömrük sərhəddindən (İİR-lə Azərbaycan Respublikası arasında olan dövlət sərhəddindən) gömrük nəzarətindən gizli keçirilməsindən ibarətdir. Bu o deməkdir ki, şəxsin qaçaqmalçılığı icra etməkdə və bu cinayəti bir qrup şəxslə qabaqcadan əlbir olaraq törətməkdə (CM-in 206.3.2-ci maddəsi ilə) təqsirləndirilməsi üçün onun əvvəla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən hərəkətləri bilavasitə yerinə yetirməsi, ikincisi həmin hərəkətləri ən azından daha bir şəxslə birlikdə icra etməsi, yəni başqa şəxslə və yaxud şəxslərlə birgə qaçaqmalı Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli (kənar) keçirməsi tələb olunur. «Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 02 iyun 2016-cı il tarixli 10 nömrəli qərarının 16-cı bəndin dördüncü yarımbəndinə əsasən “Malların və ya digər əşyaların Azərbaycan Respublikasının ərazisinə gömrük nəzarətindən kənar və ya ondan gizli gətirilməsi zamanı törədilmiş qaçaqmalçılıq bu cinayətin predmeti olan əşyaların gömrük sərhədindən keçirildiyi andan bitmiş hesab edilir”. Məhkəmə baxışı zamanı yalnız Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhəddindən narkotik vasitəni keçirməsi müəyyən edilmiş, digər şəxslərin təqsirləndirilən şəxslə birgə narkotik vasitəni qaçaqmalçılıqla Azərbaycan Respublikasının ərazisinə keçirilməsi halı müəyyən edilməmişdir. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını, o cümlədən təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın məzmununu nəzərə alaraq hesab edir ki, iş üzrə qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini yalnız Təqsirləndirilən şəxs təkbaşına icra etmiş, bu cinayətdə digər şəxslərin icrası müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs qaçaqmalçılıq cinayətinin törədilməsində təkbaşına icraçı qismində iştirak etməsi müəyyən olunduğu üçün onun sözügedən əməlin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi əlaməti üzrə tövsifini düzgün olub-olmamasını müəyyənləşdirilməsi üçün işin faktiki hallarının cinayətdə iştirakçılıq institutunun mahiyyəti baxımından təhlilini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 34.1 və 34.2-ci maddələrinə əsasən «Qabaqcadan razılaşmadan iki və ya daha çox icraçının birgə iştirakı ilə törədilən cinayət bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur». Qeyd olunan normaların müqayisəli təhlilindən görünür ki, “qabaqcadan əlbir olan bir qrup şəxs” cinayət-hüquq kateqoriyasını “bir qrup şəxs” anlayışından fərqləndirən yeganə cəhət birinci halda qrupun iştirakçıları arasında cinayətin birgə törədilməsi barədə qabaqcadan razılığın əldə olunmasıdır. Qalan səciyyəvi əlamətlər üzrə bu iki anlayış tamamilə üst-üstə düşür. Ona görə də, nə qədər ki, CM-in 34.1-ci maddəsi cinayətin “bir qrup şəxs” tərəfindən törədilməsini onun iki və ya daha çox icraçının birgə iştirakı ilə həyata keçirilməsi kimi təsbit etmişdir, cinayətin “qabaqcadan əlbir olan bir qrup şəxs” tərəfindən törədilməsi də cinayətin qrupa daxil olan şəxslər (ən azı iki nəfər) tərəfindən birlikdə icra edilməsini, yəni birgə icraçılığı ehtiva edən anlayış kimi təfsir olunmalıdır. Analoji hüquqi mövqe «Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 02 iyun 2016-cı il tarixli 10 nömrəli qərarının 19-cu, habelə “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 3 mart 2005-ci il tarixli Plenumunun 10 və 11-ci bəndlərində, habelə Ali Məhkəmənin 2016, 2018 və 2019cu illər üçün dərc olunmuş bülletenlərinin 3 (səh. 40-44), 1 (səh. 28-33) və 4 (səh. 35-37) nömrəli buraxılışlarında dərc olunmuş qərarlarda da əks olunmuşdur. İş materiallarından görünür ki, ibtidai istintaq orqanı hazırki iş üzrə Təqsirləndirilən şəxs elan olunmuş yekun ittihamda qaçaqmalçılıq cinayətinin obyektiv cəhətinin onun tərəfindən təkbaşına icra olunduğu qənaətinə gəlmişdir. Eyni zamanda, məhkəmə baxışı zamanı da müəyyən edilmişdir ki, qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən hərəkətləri məhz Təqsirləndirilən şəxs təkbaşına icra etmiş, digər şəxslərin onunla birgə bu cinayətin obyektiv cəhətini icra etməsi müəyyən edilməmişdir. İşin faktiki hallarını, o cümlədən ibtidai istintaq orqanının hazırki cinayət işi üzrə qaçaqmalçılıq cinayətinin məhz Təqsirləndirilən şəxs tərəfindən törədilməsini müəyyən etdiyini, həmin cinayətin törədilməsində digər şəxs(lər)in iştirakını müəyyən etmədiyini nəzərə alaraq məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs qeyd olunan qaçaqmalçılıq cinayətinin törədilməsində hər hansı bir qrupa deyil, məhz şəxsiyyətləri müəyyən edilməyən cinayətkar qrupun İİR vətəndaşlarlarının həmin narkotik vasitəni Gürcüstan Respublikasında dedikləri şəxsə çatdırmaq olmuşdur. Buna görə də, məhəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs qaçaqmalçılıq cinayət əməlini təkbaşına icra etmişdir. Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə əsasən “Məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir”. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəasını və işin faktiki hallarını nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qaçaqmalçılıq cinayətinə münasibətdə əməli Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsindən həmin Məcəllənin 206.2-ci maddəsinə tövsif olunmalıdır. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs CM-nin qeyd olunan maddələri ilə təqsirli bilinərək ona qanunla müəyyən edilmiş qaydada cəza təyin olunmalıdır. Qeyd olunan əməllərin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad etmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. İş materiallarında olan məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəməyə təqdim olunmuş arayışdan görünür ki, Mahdı Mohammadsalehin himayəsində xx.xx.2008-ci il təvəllüdlü 15 yaşında Rozan Mahammadı adında və soyadında övladı vardır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 206.2, 234.4.1 və 234.4.3-cü maddələrində müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzası təyin olunmalı, təyin olunmuş cəzalar qismən toplanılmaqla cinayətlərin məcmusu üzrə ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin olunmalı və təyin olunmuş cəza çəkilməlidir. Habelə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 52.1 və 52.1-1-ci maddələrinin tələblərinə əsasən ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını çəkdikdən sonra Azərbaycan Respublikası hüdudlarından kənar məcburi çıxarılmalı və onun Azərbaycan Respublikasına gəlmək hüququ hazırki hökmlə məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs 5 yanvar 2023-cü il tarixli cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, 6 yanvar 2023-cü il tarixdə CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 5 yanvar 2023-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin əvvəli 5 yanvar 2023-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və hazırda Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan tədqiqatdan sonra 2617,071 qram qalıq qalan narkotik vasitə qurudulmuş marixuana və üzərində “Tess” yazısı olan çay qutusu və içərisindəki çay qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Cinayət işində olan Təqsirləndirilən şəxs məxsus iki ədəd mobil telefon aparatı və DGK-nın Maliyyə və Uçot Şöbəsində saxlanılan 120 (yüz iyirmi) ABŞ dolları təqsirləndirilən şəxsə qaytarılmalıdır. İş üzrə ekspertiza xərci 160 (yüz altmış) manat təqsirləndirilən şəxsdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə məsələsinə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə həmin Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1. və 99-1.1.2. maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Hazırkı iş üzrə isə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Odur ki, Dövlət Gömrük Komitəsinin Azərterminalkompleks Birliyinin dayanacağında saxlanılan “Mercedes-Benz” markalı, “Actros 1844 LS” modelli, KD769DK qeydiyyat nişanlı, 2007-ci il buraxılışlı, şassi nömrəsi WDB9340321L286816 olan, yedəkli dartıcı yük avtomobili və “SCHMİTZ” markalı, S01 modelli, CC563O qeydiyyat nişanlı, 2004-cü il buraxılışlı şassi nömrəsi WSMS**********743 olan qoşqusu üzərində Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 5 mart 2023-cü il tarixli qərarı ilə qoyulmuş həbs ləğv edilməli, Təqsirləndirilən şəxs mülkiyyətində olmadığından, «Rozhan Taravar» LLC şirkətinə məxsus olduğundan Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsinə əsasən həmin avtomobillə bağlı xüsusi müsadirə tətbiq edilməməli, həmin nəqliyyat vasitəsi və qoşqusu «Rozhan Taravar» LLC şirkətinə qaytarılmalıdır. Cinayət prosessual qanunvericiliyinə əsasən mülki iddiaya miqdarından asılı olmayaraq cinayət işinin aid olduğu məhkəmədə, həmin işlə birlikdə baxılır (mad.187.1). Hazırkı cinayət işi üzrə isə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2, 234.4.1 və 234.4.3cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan mərhum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Şübhəli şəxs kimi tutulduğu və ibtidai həbsdə saxlama müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 5 yanvar 2023-cü il tarixdən hesablansın. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 52.1 və 52.1-1-ci maddələrinin tələblərinə əsasən ona təyin olunan azadlıqdan məhrumetmə cəzasını çəkdikdən sonra Azərbaycan Respublikası hüdudlarından kənar məcburi çıxarılsın və onun Azərbaycan Respublikasına gəlmək hüququ hazırki hökmlə məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılsın. İş üzrə maddi sübut olub Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan tədqiqatdan sonra 2617,071 qram qalıq qalan narkotik vasitə qurudulmuş marixuana və üzərində “Tess” yazısı olan çay qutusu və içərisindəki çay qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks Birliyi”nin dayanacağında saxlanılan “Mercedes-Benz” markalı, “Actros 1844 LS” modelli, KD769DK qeydiyyat nişanlı, 2007-ci il buraxılışlı, şassi nömrəsi WDB9340321L286816 olan, yedəkli dartıcı yük avtomobili və “SCHMİTZ” markalı, S01 modelli, CC563O qeydiyyat nişanlı, 2004-cü il buraxılışlı şassi nömrəsi WSMS**********743 olan qoşqusu üzərində Bakı şəhəri Yasamal rayon məhkəməsinin 5 mart 2023-cü il tarixli qərarı ilə qoyulmuş həbs ləğv edilsin, Təqsirləndirilən şəxs mülkiyyətində olmadığından, «Rozhan Taravar» LLC şirkətinə məxsus olduğundan Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsinə əsasən həmin avtomobillə bağlı xüsusi müsadirə tətbiq edilməsin, həmin nəqliyyat vasitəsi və qoşqusu «Rozhan Taravar» LLC şirkətinə qaytarılsın. Cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs məxsus iki ədəd mobil telefon aparatı və DGK-nın Maliyyə və Uçot Şöbəsində saxlanılan 120 (yüz iyirmi) ABŞ dolları təqsirləndirilən şəxsə qaytarılsın. İş üzrə ekspertiza xərci 160 (yüz altmış) manat təqsirləndirilən şəxsdən tutularaq dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya protesti və ya apellyasiya şikayəti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Sədrlik edən- Müşfiq Məmmədov Cavid Səfərli Neymət Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar