Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-395/2023 10.05.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Nizami Fərzi oğlu (sədrlik edən), X3 və Hüseynov Nahid Nəsir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərəmov Emin Canəli oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1970-ci il tarixdə Qazı-Məmməd şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan ünvan 1 ünvanda yaşamış, barəsində, Hacıqabul Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilməklə hazırda Penitensiyar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi ilə istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi külli miqdar təşkil edən ümumi çəkisi-7,493 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini ayrı-ayrılıqda təmiz çəkiləri 0,495 qr, 0,441 qr, 0,362 qr, 0,365 qr, 0,588 qr, 0,457 qr, 0,220 qr, 0,474 qr, 0,306 qr, 0,435 qr, 0,470 qr, 0,288 qr, 0,405 qr, 0,482 qr, 0,359 qr, 0,423 qr, 0,568 qr, 0,355 qr olmaqla 18 ədəd bükümdə qablaşdırılmış halda əynində olan göy rəngli şalvarın sağ yan cibində daşıyaraq saxlamış, 05 yanvar 2023-cü il tarixdə saat 07 radələrində Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul şəhəri, M.Müşfiq küçəsində yaşadığı evin yaxınlığında saxlanılaraq polis şöbəsinə gətirilmiş, üzərində şəxsi axtarış və götürmə aparılan zaman qeyd olunan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, sonuncu dəfə o Rusiya Federasiyasında narkotiklərin satışı ilə əlaqədar olaraq məhkum olunmuş və cəzasını orada çəkmişdir. Cəzasını çəkib qurtardıqdan sonra yaşadığı Hacıqabul rayonuna qayıtmışdır. Aradabir heroindən istifadə etmişdir. 04 yanvar 2023-cü il tarixdə saat 18 radələrində əvvəllər tanıdığı Şirvan şəhərində yaşayan “Çolaq Etibar” adlı şəxsdən 70 manata heroin almış və heroini özü istifadə etmək üçün üzərində saxlamışdır. Heroin iki bükümdə 1 qrama yaxın olmuşdur. 05 yanvar 2023-cü il tarixdə Hacıqabul şəhərində M.Müşviq küçəsində yaşadığı evin yaxınlığında Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək, ona üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirib onu polis şöbəsinə dəvət etmişlər. Orada üzərinə vəkilinin iştirakı ilə videoçəkilişlə axtarış keçirilmişdir. Axtarış zamanı üzərindən iki bükümdə çəkisi 1 qrama yaxın olan heroin aşkar edilərək götürülmüşdür. Lakin onun üzərindən bir bükümün içərisindən 18 ədəd ayrı-ayrı bükümlərdə heroin olmasını bildirmişlər. Həmin bükümlər ona aid olmamışdır. Onu 234.1-ci maddə ilə sənədləşdirəcəklərini dediklərindən o da razılaşıb sənədləri imzalamışdır. Özünü narkotik satmaqda təqsirli bilmir. İki bükümdə olan heroinə görə özünü təqsirli bilir. Öhdəsində bir nəfər yetkinlik yaşına çatmayan qızının olmasını cəza təyin edilərkən nəzərə alınmasını xahiş edir. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vəkilinin iştirakı ilə verdiyi ifadəsində göstərmişdir ki, o əvvəllər Rusiya Federasiyasında məhkum olunmuşdur. 2008-ci il tarixdən narkotik vasitə olan heroindən istifadə edir. 04 yanvar 2023-cü il tarixdə saat 18 radələrində əvvəllər tanıdığı Şirvan şəhərində yaşayan “Çolaq Etibar” adlı şəxsdən 70 manata heroin almış və heroini evə gətirib 18 hissəyə bölüb kağız kəsiklərə yığmışdır. xx.xx.2023-cü il tarixdə həmin bükümləri götürüb əynində olan şalvarın sağ yan cibinə qoyaraq saat 07 radələrində küçəyə çıxmışdır. Həmin gün Hacıqabul şəhərində M.Müşviq küçəsində yaşadığı evin yaxınlığında olan zaman Hacıqabul rayon PŞ-nin polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək, ona üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirərək onu Hacıqabul rayon polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində olan zaman ona müdafiəçi dəvət edilərək videoçəklişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılmamışdan əvvəl üzərində hər hansı bir qanunsuz əşya və ya predmetin olub-olmaması ondan soruşulmuşdur. Həmin vaxt o, əynində olan göy rəngli şalvarın sağ yan cibində gizlətdiyi 1 ədəd kağız bükümü təqdim edərək həmin kağız bükümün içərisində 18 ədəd kiçik kağız bükümlərinin içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Bundan sonra üzərində şəxsi axtarış aparılmışdır. Həmin vaxt onun üzərindən hər hansı bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Həmin narkotik vasitəni 04 yanvar 2023-cü il tarixdə saat 18 radələrində əvvəllər tanıdığı Şirvan şəhərində yaşayan “Çolaq Etibar” adlı şəxsdən 70 manat pul vəsaiti müqabilində aldığını bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən həmin narkotik vasitə ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. Bu barədə protokol tərtib olunmuşdur. O da müdafiəçisinin iştirakı ilə həmin protokolu imzalamışdır. O, Etibardan dəfələrlə narkotik vasitə əldə etmişdir. Etibara üzərindən aşkar edilmiş narkotik vasitənin müqabilində 3 ədəd 20 manatlıq 1 ədəd isə 10 manatlıq pul əskinasları vermişdir. O, əvvəllər narkotik vasitə tapdıqda istifadə etmiş, narkotik vasitə qəbul etsə də narkotik vasitənin alqı-satqısı ilə məşğul olmur. Ona Hacıqabul Rayon Polis Şöbəsində heç bir təziq və ya zor tətbiq edilməmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ittiham olunan cinayət əməlini törətməsi özünün məhkəmədə verdiyi qismən, məhkəmədə elan olunmaqla tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi işin faktiki hallarına uyğun gələn ifadəsi, dindirilmiş şahidlərin ifadələri, məhkəmədə tədqiq edilmiş ekspertiza rəyləri, istintaq hərəkəti protokolları, sənədlər, maddi sübutlar və işin faktiki halları ilə ona tamamilə sübutdur. Belə ki, dindirilmiş şahid Hacıqabul Rayon Polis Şöbəsinin Narkotiklərlə mübarizə bölməsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 05 yanvar 2023-cü il tarixdə xidmətdə olarkən, Hacıqabul şəhəri, M.Müşviq küçəsi, ev 16-da yaşayan Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə daşımaqla saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı tərəfindən Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat axtarış tədbirlərinin keçirilməsi ilə bağlı qərar qəbul olunmuş və şöbənin cinayət axtarışı bölməsinin əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Daha sonra həmin gün Şahid2la birlikdə Hacıqabul şəhəri M.Müşviq küçəsinə gedib, orada Təqsirləndirilən şəxs görüb, ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra onu polis şöbəsinə dəvət etmişlər. Şöbədə vəkilin iştirakı ilə videoçəkilişlə onun üzərində şəxsi axtarış keçirmişlər. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sağ yan cibində gizlətdiyi 1 ədəd bükümü çıxarıb təqdim edərək həmin bükümdə 18 ədəd bükümlərdə narkotik vasitə heroin olduğunu bildirmiş, onun təqdim etdiyi bükümlər açıldıqda həmin bükümlərdə narkotik vasitə heroin aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs ondan aşkar olunaraq götürülmüş heroinləri 04 yanvar 2023-cü il tarixdə saat 18 radələrində Şirvan şəhərində «Çolaq Etibar» adlı şəxsdən 70 manata aldığını bildirmişdir. Daha sonra aşkar olunmuş 18 ədəd bükümlər qablaşdırılmış və bu barədə protokol tərtib edilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və sonra ona hər hansı təsir və təzyiq olunmamışdır. Dindirilmiş Şahid2 Şahid1 göstərdiyi xüsusatları təsdiq etməklə eyni məzmunlu ifadə verdi. Cinayət işinin materiallarında olan şəxsi axtarış və götürmə barədə 05 yanvar 2023cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli şalvarının sağ yan cibindən içərisində 18 ədəd bükümdə narkotik vasitə heroin olan 1 ədəd büküm aşkar olunaraq götürülmüşdür. Cinayət işinin materiallarında olan Hacıqabul Rayon Məhkəməsinin 06 yanvar 2023-cü il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində prosesual məcburiyyət tədbirinin seçilməsi ilə əlaqədar keçirilən məhkəmə iclasında o izahat verərək üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəni 70 manat müqabilində öz istifadəsi üçün əldə etdiyini bildirmişdir. Məhkəmədə tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 05 yanvar 2023-cü il tarixli 18/06 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində «…Təqsirləndirilən şəxs üzərindən…» sözləri yazılmış kağız paketdəki ağ kağız kəsiyinə bükülmüş 18 ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,495 qram, 0,441 qram, 0,362 qram, 0,365 qram, 0,588 qram, 0,457 qram, 0,220 qram, 0,474 qram, 0,306 qram, 0,435 qram, 0,470 qram, 0,288 qram, 0,405 qram, 0,482 qram, 0,359 qram, 0,423 qram, 0,568 qram, 0,355 qram, ümumi çəkisi 7,493 qram olan maddələr kustar üsulla hazırlanmış, xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli narkotik vasitə heroindir. Heroin - 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. İşdə olan ibtidai istintaq orqanının qərarından görünür ki, qalıq çəkisi 6,773 qram heroin maddi sübut kimi tanınmaqla saxlanılması üçün Hacıqabul Rayon Polis Şöbəsinə təhvil verilmişdir. Məhkəmədə tədqiq edilmiş ambulator məcburi narkoloji tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, üzərində bir bükümdə 1 qrama yaxın heroin olduğun, həmin heroini çolaq Etibar adlı şəxsə 70 manat verməklə öz istifadəsi üçün əldə etdiyini, qalan bükümlərdə olan heroinin ona aid olmadığını bildirmişdir. Məhkəmə onun bu ifadəsini özünü müdafiə məqsədi daşımaqla məhkəmədə heç bir sübutla təsdiq edilməyən və işin faktiki hallarına uyğun gəlməyən ifadə olduğundan, habelə məhkəmədə tədqiq edilmiş mötəbər sübutlarla tamamilə təkzib edildiyindən həmin hissədə ifadəyə tənqidi yanaşır və sübut kimi qəbul etmir. Belə ki, məhkəmədə tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vəkilinin iştirakı ilə verdiyi etirafedici ifadəsi, dindirilmiş şahidlərin ifadələri, onun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə əlaqədar keçirilmiş məhkəmə iclasında əməlini etiraf etməsi barədə verdiyi izahatı, məhkəmədə tədqiq edilmiş vəkilinin iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilməsi haqqında istintaq hərəkəti protokolu, üzərindən aşkar edilərək götürülmüş 18 bükümdə olan heroinlərin eyni tərkibli olması barədə məhkəmə kimyəvi ekspertizasının rəyi ilə tamamilə təkzib edilir. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ondan aşkar edilərək götürülmüş kütlələri satış məqsədi ilə əldə etməməsi barədə hissələr istisna olmaqla verdiyi ifadələri işin faktiki hallarına uyğun gələn ifadələr kimi qiymətləndirir və sübut kimi qəbul edir. Məhkəmə həmçinin belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əldə etdiyi heroinin şəxsi istehlak miqdarından əhəmiyyətli dərəcədə çox olmaqla, müxtəlif çəkilərdə, yəni 18 bükümdə olmaqla üzərində gəzdirməsi halının olması həmin narkotik vasitələri o məhz satış məqsədi ilə əldə etmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 21-ci madəsinə görə narkotik vasitərin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün bir narkotik vasitənin və psixotrop maddənin ayrıayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Bu həcm isə 2005-ci il 28 iyun tarixli, 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsulliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahısı” əsasında tənzimlənir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarı da bu mövqedən çıxış edir. Belə ki, həmin qərarın 9-cu bəndinin 2-ci hissəsində qeyd edilmişdir ki, təqsirkarın nakotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi , narkotik vasitələrin xırda bükümlərə ayrılması və işin digər halları nəzərə alınmalıdır. Beləliklə, məhkəmə ittiham üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-nin 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətlərin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Ona görə də Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib, həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. İşdə olan hüquqi sənəndlərdən görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 1970-ci il tarixdə Qazı-Məmməd (indiki Hacıqabul) şəhərində anadan olmuşdur. ünvan 1 ünvanda yaşamışdır. İşdə olan Hacıqabul Rayon Məhkəməsinin 06 yanvar 2023-cü il tarixli qərarının surətindən görünür ki, həmin qərara əsasən Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 05 yanvar 2023-cü tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və hökmün surətindən görünür ki, Hüseynov X2 Rayon Məhkəməsinin 23 iyun 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 1000 manat cərimə cəzasına məhkum olunmuşdur. Sonuncu dəfə o Rusiya Federasiyası Moskva vilayəti Domadedova şəhər Məhkəməsinin 07 iyun 2012-ci il tarixli hökmünə əsasən RF CM-in 228.1-ci maddəsinin 3-cü hissəsinin “Q” bəndi və CM-nin 228-ci maddəsinin 1-ci hissəsilə təqsirli bilinərək CM-in 69-cu maddəsinin 3-cü hissəsi tətbiq edilməklə 8 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən aşağıda göstərilənləri nəzərə alır. CM-nin 8-ci maddəsi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.1-ci maddəsinə əsasən cəzanın anlayışına görə, cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəzanın məqsədini təsbit edən CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bu Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş cəza cinayət qanununun Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təyin olunur və bu zaman törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəzanın təyin etmənin ümumi əsaslarını təsbit edən CM-nin 58.3-ci maddəsində cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəzanı yüngülləşdirən hallar dedikdə CM-nin 59-cu maddəsində sadalanan, eləcədə 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində bir nəfər yetkinlik yaşına çatmayan qızının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halın olmasını müəyyən etmədi. Eyni zamanda məhkəmədə müəyyən edilmişdir ki, Hüseynov X2 rayon məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3cü maddəsi ilə təqsirli bilinərək 1000 manat cərimə cəzasına məhkum olunmuşdur. Göründüyü kimi CM-nin 83-cü maddəsinə əsasən onun məhkumluğu ödənilmişdir və məhkumluğu olmayan şəxs hesab edilir. Ona görə də bu hal onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirilə bilməz. Lakin onun barəsində olan sonuncu hökm Azərbaycan Respublikasında tanınmamışdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmasını nəzərə alıb belə nəticəyə gəlir ki, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan aşağı həddə yaxın azadlıqdan məhrum etmə cəzası təyin edilməli və həmin cəzanı çəkməlidir. CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu vaxtdan, 05 yanvar 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməlidir. Məhkəmə ambulator məcburi narkoloji tibbi yoxlama rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 93.1.2-ci maddəsinin tələbinə əsasən narkomaniyadan müalicə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan Hacıqabul Rayon Polis Şöbəsində saxlanılan qalıq çəkisi 6,773 qram narkotik vasitə heroin məhv edilməldir. İş üzrə məhkəmə xərci 49 manat 74 qəpik Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 44, 51-2, 132, 318, 344- 349, 351-353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin başlanğıcı 05 yanvar 2023-cü il tarixdən hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyşdirilməsin. Təqsirləndirilən şəxs barəsində CM-nin 93.1.2-ci maddəsinin tələbinə əsasən narkomaniyadan müalicə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin. O ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Hacıqabul Rayon Polis Şöbəsində saxlanılan qalıq çəkisi 6,773 qram narkotik vasitə heroin məhv edilsin. İş üzrə məhkəmə xərci 49 manat 74 qəpik Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi andan) 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-395/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-395/2023
10.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver