Məhkəmə qərarları › İş №1(099)-396/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-396/2023

07.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-396/2023 07.06.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Əli Abdulla oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X5, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1974-cü ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.4.1, 234.4.3 və 240.2.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs digər şəxs ilə qanunsuz olaraq satış məqsədilə külli miqdarda narkotik vasitə, psixotrop maddə və narkotik vasitə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrin əldə edilməsi, saxlanılması və daşınması ilə bağlı razılığa gəlib sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşdikdən sonra bu məqsədlə aralarında olan razılaşmaya və ümumi niyyətə uyğun olaraq 2022-ci ilin noyabr ayında satış məqsədi ilə qanunsuz olaraq əldə etdikləri külli miqdarda, yəni -1083,798 qram çəkidə narkotik vasitə olan heroin, 15,429 qram çəkidə psixotrop maddə olan metamfetamin, 10,567 qram çəkidə narkotik vasitə olan tiryək, 5,181 qram çəkidə narkotik vaitə olan qurudulmuş marixuana, ümumi miqdarı 0,6 qram olan 15 ədəd narkotik vasitə metadon, ümumi miqdarı 0,15 qram olan, narkotik vasitə və psixotrop maddələrə aid olmayan 01 ədəd güclü təsir edən maddə preqabalini 2022-ci ilin noyabr ayının əvvəllərində Lənkəran rayonu Sütəmurdov kəndində yerləşən körpünün altında qoydurub bu barədə ona məlumat verməyi təmin etdikdən sonra o, qeyd edilən körpünün altına gedərək orada qoyulmuş, qeyd edilən çəkidə olan narkotik vasitə heroin, psixotrop maddə metamfetamin və güclü təsir edən vasitə preqabalini əldə edib daşımaqla yaşadığı evinə gətirib gizlətmiş, bir hissəsini isə üzərində saxlamış, bu barədə əməliyyat məlumatları almış Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbənin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı 09 noyabr 2022-ci il tarixdə saat 02:40 radələrində yaşadığı Lənkəran şəhəri Vidadi küçəsi ev 48 ünvanında yerləşən evinə baxış keçirilərkən həmin evin giriş qapısından solda yerləşən divanın altından 01 ədəd bükümdə təmiz çəkisi 1060 qram olan narkotik vasitə heroin, 01 ədəd bükümdə təmiz çəkisi 15,429 qram olan psixotrop maddə metamfetamin, 01 ədəd bükümdə təmiz çəkisi 10,567 qram olan narkotik vasitə tiryək, 01 ədəd kibrit qutusunda təmiz çəkisi 5,181 qram olan narkotik vasitə qurudulmuş marixuana, konvalyut kəsiklərində ümumi sayı 15 ədəd olan 0,6 qram çəkidə narkotik vasitə metadon, konvalyut kəsiyində 01 ədəd kapsulda 0,15 qram çəkidə, narkotik vasitə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə olan preqabalin, üzərində narkotik vasitə heroin izləri olan 01 ədəd elektron tərəzi aşkar edilib qablaşdırılaraq götürülmüş, daha sonra Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin inzibati binasında üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan gödəkcənin sağ yan cibindən bir ədəd bükümdə, təmiz çəkisi 23,798 qram olan narkotik vasitə heroin aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 240.2.1-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü qismən, narkotik vasitə istifadəçisi kimi təqsirli bilib, ifadəsində göstərmişdir ki, 2012-ci ildən narkomaniya xəstəsidir, dispanser qeydiyyatındadır. Özü tiryək və “nəşə”dən istifadə edir. İşlə bağlı bildirir ki, nə iranlı tanıyır nə də ki, başqa bir şəxs. İranlı Əhmədi isə qətiyyən tanımır. Həbsdən 2022-ci ilin mart ayında çıxmışdır. İİ qrup əlildir, pensiya alır buna görə, heç bir yerdə işləmir, ağır QİÇS, vərəm və Hepatit xəstəsidir. Yalnız aldığı pensiya ilə dolanır. 09 noyabr 2022-ci ildə polis əməkdaşları yaşadığı evə gəlib, axtarış eləmişlər. Evə gələndə ondan razılıq almamışlar, heç bir qərarda göstərməmişlər. Evdə özü və usta olmuşdur, həmin vaxt ustanı da tutub aparıb bədbəxt etmişlər. Uşağı isə suları olmadığından bacısı gilə çimməyə getmişdir. Həmin vaxt ondan 10 qram tiryək, bir paperosluqda nəşə aşkar etmişlər. Həmin nəşə təxminən bir qram olarmış. Həmin tiryək və nəşə evdə stolun altında olmuş, belə ki, hər dəfə istifadə etdikdən sonra orada saxlayırmış. Tiryəki və nəşəni tanımadığı şəxsdən əldə etmişdir. Həmin şəxs onları xəstə olduğu üçün atmış, demiş ki, götür istifadə elə, pulda verməmişdir. Tiryək və nəşə çay qırağına atılmış, gedib ordan götürmüşdür. Götürdüyü yer Sütəmurdov körpüsünə yaxın olsa da körpünün altı olmamışdır. Həmin adamı isə tanımır, onu xəstəxananın həyətində görmüş, danışmış, demişdir ki, xəstəsən qoyaram ora gedib götürərsən. Tutulmamışdan bir gün qabaq gedib həmin narkotikləri götürmüş, ondan iki qram tiryəki isə atmışdır. Daha sonra onu regional polis şöbəsinə aparmışlar. Orada isə üzünü skoçlayıb, olmazın işgəncələrin vermişlər. Ayaqlarının altından tutmuş bütün bədəni göm-göy olmuşdur. Mənası nəydi o qədər işgəncə edilməyinə. Özü ağır xəstədir, heç əsirlikdə də elə işgəncə verməzlər adama. Daha sonra 3 saat keçmiş onu yenidən evinə gətirmişlər. Şöbədə demişlər ki, gedirik evinə çəkilişə ordan nə çıxsa qəbul eliyərsən. Evində isə təhqiqatçı gətirib bağlamanı divanın alına qoymuşdur. Həmin bağlamada nə olduğun bilməmişdir. Sonra divanı videoçəkilişlə çəkib oradan çıxarmışlar. Bağlamanın içərəsindən nələr çıxmasın isə bilməmişdir. Həmin vaxt isə videoçəkilşdə demiş ki, tanımadığı iran vətəndaşından almışdır. Təhqiqatçı divanın altına qoymuş, videoçəkilşdə də demiş ki, belə de, o da demişdir. Hesab kitab isə oradaca bağlanmışdır. Ondan sonra aparıb şöbəyə rəsmiləşdirmişlər. Üzərində isə axtarış keçirilməyib. Üzərində heçnə olmayıb. Narkotiklə əvvəllər məhkum olunduğu üçün onu yükləyiblər. İşgəncə ilə bağlı heç yerə şikayət etməmiş, hazırda bu barədə məhkəməyə bildirir. Aşkar edilmiş maddələrdən isə heç birini qəbul etmir, onlardan anlayışı yoxdur, özü ancaq tiryək atır. Onun xəstəliyini, himayəsində azyaşlı uşağının olmasını nəzərə alıb, barəsində aşağı həddə cəza təyin edib ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmədə Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə məhkəməyədək icraat zamanı verdiyi ifadələrində özünü elan olunmuş ittihamla təqsirli bilərək göstərmişdir ki, əvvəllər Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Təxminən, 15 il olar ki, narkotik vasitələrin müxtəlif növlərindən istifadə edir. Buna səbəb bədənində ağrıların olmasıdır. Təxminən, 2022-ci ilin noyabr ayının əvvəllərində sosial şəbəkə vasitəsilə özünü İran İslam Respublikası vətəndaşı kimi təqdim edən Əhməd adlı şəxslə tanış olmuşdur. Həmin şəxs ona satmaq üçün külli miqdarda narkotik vasitə və psixotrop maddə göndərə biləcəyini, pulu da satdıqdan sonra sonuncuya verə biləcəyini demişdir. O da Əhmədlə razılaşmışdır. Bir gün sonra Əhməd gecə vaxtı onunla əlaqə saxlayaraq qanunsuz predmetləri Lənkəran rayonu Sutəmurdov kəndində yerləşən körpünün altında qoydurduğunu demiş və gedib oradan götürməyini istəmişdir. O da gedib həmin predmetləri oradan götürmüşdür. Evinə gətirib saxlamış, bir hissəsini istifadə etmişdir. Həmişə də cibində istifadə üçün ayrıca saxladığı büküm olurmuş. 09 noyabr 2022-ci il tarixdə gecə saat təxminən 02:30 radələrində mülki geyimdə olan şəxslər həyət qapısına gəlmişlər, özlərini polis əməkdaşı kimi təqdim edərək narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu ona bildirmişlər. Həmin vaxt tanışı Şahmar Mirzəyev də onun evində olmuş. O, yaşadığı ünvanda baxış keçiriləcəyi barədə qərarla tanış olmuş, yaşadığı evdə baxış keçiriməsinə razılıq verməyi barədə ərizə yazmış və təqdim etmişdir. İştirakı ilə yaşadığı evin ona məxsus olan otağına videoçəkilişlə baxış keçirilmişdir. Ona təklif olunmuşdur ki, yaşadığı ünvanda qanunsuz əşya, maddə varsa təqdim etsin. Bu təklifdən sonra otağının giriş qapısından sol tərəfdə yerləşən divanın altında gizlətdiyi bir ədəd selofan torba və bir ədəd qara rəngli dəri materialdan olan çantada narkotik maddələri çıxarıb təqdim etmişdir. Divanın altında olan ona məxsus kalkulyatoru aşkar edib götürmüşlər. Bildirmişdir ki, bunların içərisində narkotik maddə var, ona məxsusdur. Sellofan torbanın içərisində ona məxsus olan bir ədəd sellofan bükülüdə heroinə bənzər kütlə, çantanın içərsində bir ədəd bükümdə metamfetaminə bənzər kütlə, bir ədəd bükümdə tiryəkə bənzər kütlə, bir ədəd kibrit qutusunda marixuanaya bənzər kütlə, tabletlər, bir ədəd şüşə kolba, bir ədəd elektron tərəzi və falqa kəsikləri aşkar olunmuşdur. Verilən suallara cavab olaraq bildirmişdir ki, aşkar olunmuş predmetləri telefon vasitəsi ilə tanış olduğu Əhməd adlı İran İslam Respublikası vətəndaşı Lənkəran rayonu Sutəmurdov kəndində yerləşən körpünün yanında - çay qırağında, təxminən, beş gün əvvəl gecə vaxtı qoydurmuşdur, həmin maddələri özü götürmüşdür və razılaşmalarına əsasən maddələri satdıqdan sonra Əhmədə pul verməli imiş, həmin narkotik maddələrdən adını bilmədiyi bir neçə şəxsə satmışdır. Sonra həmin kütlələr elektron tərəzidə çəkildikdən sonra qablaşdırılmışdır. Zərfin üzəri möhürlənmiş, üzərində qeydlər aparılmış və imzalanmışdır. Sonra Lənkəran şəhərində yerləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinə gəlmişlər, şöbədə otaqların birində müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış və götürmə zamanı əynindəki gödəkcəsinin sağ yan cibindən «Redmi» markalı mobil telefonunu, bir ədəd sellofan bükümdə narkotik vasitə heroini, şalvarının sağ yan cibindən cəmi 24 manat pulunu çıxarıb təqdim etmiş və ona verilən suallara cavab olaraq bildirmişdir ki, təqdim etdiyi bükümün içərisində kakos, yəni narkotik vasitə heroin var, özünə məxsusdur, İranlı Əhmədin ona göndərdiyi və yaşadığı ünvanda aşkar olunmuş narkotik maddələrin bir hissəsidir. Məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müstəntiq tərəfindən təzyiq edilmədiyini, ifadələrini bezdiyindən, oxumadan imza etdiyini məhkəmədə bildirdiklərinin isə doğru olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, maddi sübutlar, ekspert rəyləri, habelə digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat əldə etdikdən sonra şöbə rəhbərliyinin müvafiq göstərişi əsasında həmin şəxsin müəyyən edilərək yaşadığı evinə və üzərinə baxış keçirilməklə onda olan narkotik vasitə və psixotrop maddələrin aşkar edilib götürülməsi barədə qərar qəbul olunmuş və həmin qərarın icrası üçün əməliyyat qrupu yaradılmışdır. Daha sonra şöbənin digər əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı evdə olması müəyyən edilərək onun yaşadığı evinə baxış keçirilməsi üçün 09 noyabr 2022-ci il tarixdə saat 02 radələrində həmin ünvana getmişlər. Həmin ünvana çatdıqdan sonra Təqsirləndirilən şəxs küçəyə dəvət olunmuşdur. Ona özlərini təqdim edərək onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib evə baxış keçirmək istədiklərini bildirmişlər. Təqsirləndirilən şəxs də buna etiraz etməmişdir. Daha sonra evə daxil olmuşlar. Həmin vaxt evdə Şahmar adlı şəxsin də olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs evə baxış keçirilməsi barədə ərizəsi alındıqdan sonra ona təklif olunmuşdur ki, əgər evdə hər hansı bir qanunsuz əşya, o cümlədən narkotik vasitə və psixotrop maddə varsa, təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs otaqda olan divanın oturacaq hissəsini qaldıraraq onun altından bir ədəd sellofan torba və bir ədəd qara rəngli kiçik ölçülü çanta götürüb təqdim etmişdir. Həmin sellofanın içərisindən bir ədəd sellofan bükümdə narkotik vasitə heroinə oxşar kütlə aşkar olunmuşdur. Daha sonra çantanın içərisinə baxdıqda oradan bir ədəd bükümdə metamfetaminə oxşar kütlə, bir ədəd bükümdə tiryəkə bənzər kütlə, bir ədəd kibrit qutusunda qurudulmuş marixuanaya bənzər kütlə, tabletlər, bir ədəd şüşə kolba, bir ədəd elektron tərəzi aşkar olunmuşdur. Həmin Təqsirləndirilən şəxs də aşkar olunmuş kütlələrin narkotik vasitə və psixotrop maddə olmasını və özünə məxsus olmasını bildirmişdir. Aşkar olunmuş həmin kütlələr təhqiqatçı tərəfindən elektron tərəzidə çəkildikdən sonra kağız zərfdə qablaşdırılaraq onların ekspertizaya göndəriləcəyi bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs və orada olan Şahmar adlı şəxslə birlikdə Regional Şöbənin inzibati binasına getmişlər. Orada Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsi ilə onun üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs sağ yan cibindən bir ədəd sellofan büküm çıxarıb təqdim etmişdir. Həmin bükümə baxdıqda içərisində narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən olunmuşdur. Daha sonra aşkar olunmuş büküm tərəfindən ekspertizaya göndərilməsi üçün qablaşdırılaraq bu barəldə protokol tərtib olunmuş və ona imzalar etmişlər. Təqsirləndirilən şəxs saxladıqdan sonra şöbəyə aparıb yenidən evinə gətirməmişlər, elə bir hal olmayıb, ona qarşı isə nə özü nə də ki digər polis əməkdaşları tərəfindən təzyiq və təsir edilməmiş, özünə haqq qazandırmaq üçün bu barədə yalan ifadə verir. Məhkəmə iclasında şahidlər Şahid4 və X8 Şahid1 ifadəsinə uyğun ifadə vermişlər. İş materiallarında olan BNMİ-nin CBRŞ-nin əməliyyat müvəkkili Şahid1 xx.xx.2022-ci il tarixli DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin CBRŞ-nin rəisi Həmid Həmidova ünvanlanmış “Raport”undan müəyyən olunur ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. (c 1, i.v 8) İş materiallarında olan «əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi barədə» 09 noyabr 2022-ci il tarixli qərarın məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair BNMİ-nin CBRŞ-nin əməliyyat müvəkkili Şahid1 tərəfindən qərar qəbul olunmuşdur. (c 1, i.v 9-10) İş materiallarında olan Təqsirləndirilən şəxs tərəfindən yazılmış xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, ünvan 2 ünvanda baxış keçirilməsinə heç bir etirazı yoxdur. (c 1, i.v 15) İş materiallarında olan «baxış və götürmə haqqında» 09 noyabr 2022-ci il tarixli protokoldan və videoçəkilişdən görünür ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbənin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə əlaqədar Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanında yerləşən evinə baxış keçirilərkən həmin evin ona məxsus otağında yerləşən divanın altından bir ədəd sellofan torba və bir ədəd qara rəngli dəri materiallı çanta, bir ədəd kalkulyator, həmin sellofan torbanın içərisindən bir ədəd sellofan bükümdə heroin, çantanın içərisindən isə bir ədəd bükümdə metamfetamin, bir ədəd bükümdə tiryək, bir ədəd kibrit qutusunda qurudulmuş marixuana, tabletlər, bir ədəd şüşə kolba, bir ədəd elektron tərəzi və falqa kəsikləri aşkar edilib götürülmüşdür. (c 1, i.v 16-18) İş materiallarında olan «şübhəli şəxsin tutulması haqqında» 09 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 02:40-da şübhəli şəxs qismində tutulmuş hesab edilmişdir. (c 1, i.v 21) İş materiallarında olan «Şəxsi axtarış və götürmə haqqında» 09 noyabr 2022-ci il tarixli protokoldan və videoçəkilişdən görünür ki, videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən onun əynində olan gödəkcənin sağ yan cibindən bir ədəd sellofan bükümdə narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. (c 1, i.v 36-39) İş materiallarında olan məhkəmə fiziki-kimyəvi və bioloji ekspertizasının 09 noyabr 2022-ci il tarixli, 19/1151 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümdə heroinə bənzər kütləqablaşdırıldı və möhürləndi....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi: - 23,798 qram olan qəhvəyi rəngli maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs yaşadığı ünvanda aşkar olunmuş 01 ədəd bükülüdə heroinə bənzər, 01 bükümdə tiryəkə bənzər, 01 ədəd bükümdə metamfetaminə bənzər, 01 ədəd kibrit qutusunda qurudulmuş marixuanaya bənzər kütlələr və 16 ədəd dərman (tablet), 01 ədəd kalkulyator, 01 ədəd elektron tərəzi, 01 ədəd şüşə kolba və falqa kəsikləri qablaşdırıldı və möhürləndi....” sözlər və imzalar olan bir ədəd paketdəki, 1 ədəd bükülüdə təmiz çəkisi: -1060 qram qəhvəyi rəngli maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; 01 ədəd elektron tərəzi və 01 ədəd kalkulyator üzərində narkotik vasitə heroinin izləri vardır. Heroin iz şəklində olduğuna görə, çəkisini və tədqiqata tədqiqat təqdim edilmiş heroinlərlə müqayisəli tədqiqat (eynilik) aparmaq mümkün olmadı; 1 ədəd üşə kolba içərisində psixotrop maddə olan metamfetamin izləri vardır. Metamfetamin iz şəklində olduğuna görə, çəkisini və tədqiqata tədqiqat təqdim edilmiş metamfetaminlərlə müqayisəli tədqiqat (eynilik) aparmaq mümkün olmadı; 5 ədəd falqa kəsikləri üzərində narkotik vasitə və ya psixotrop maddə izləri yoxdur; 1 ədəd bükümdə təmiz çəkisi: -15,429 qram olan ağ rəngli, kristal şəkilli formada olan maddə metamfetamindir; 1 ədəd bükümdə təmiz çəkisi: -10,567 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə – tiryəkdir; 1 ədəd kibrit qutusunda təmiz çəkisi: -5,181 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır; konvalyut kəsiklərində ümumi sayı 15 ədəd olan qəhvəyi rəngli, dairəvi fomalı həblər metadondurlar, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Metadon həblərinin təsir elici maddəsinin ümumi miqdarı: -0,6 qramdır (1 həbdə -0,04 qr); üzərində “pregabalin 150 mg” yazısı olan konvalyut kəsiyində ümumi sayı 1 ədəd olan kapsuldakı maddə pregabalindir. Pregabalin kapsulunun təsiredici maddəsinin ümumi miqdarı: -0,15 qramdır. (1 kapsulda 0,15 qr) Tədqiqata təqdim edilmiş üzərində “X1 təqdim etdiyi 01 ədəd bükümdə heroinə bənzər kütlə və metamfetaminə bənzər kütlə qablaşdırıldı və möhürləndi.... ” sözlər və imzalar olan 1 ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi: -80,273 qram qəhvəyi rəngli maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; 1 ədəd bükümdə təmiz çəkisi: -2,309 qram ağ rəngli, kristalşəkilli formada olan maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus ümumilikdə sayı 2 büküm, ümumi təmiz çəkisi: -1083,798 qram heroinlər xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus 2 büküm heroinlər ilə X2 məxsus 1 büküm heroin, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə birbiriləri ilə eynidirlər. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus 1 büküm metamfetaminlə X2 məxsus 1 büküm metamfetamin, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Qeyd: Heroinin ümumi təmiz çəkisi 1083,798 qram, tədqiqata sərf olundu 0,2 qram (hər ob. üçün 0,1 qram), qalıq 1083,598 qram. Heroinin təmiz çəkisi 80,273 qram, tədqiqata sərf olundu 0,1 qram, qalıq 80,173 qram. Metamfetaminin təmiz çəkisi 15,429 qram, tədqiqata sərf olundu 0,05 qram, qalıq 15,379 qram. Metamfetaminin təmiz çəkisi 2,309 qram, tədqiqata sərf olundu 0,05 qram, qalıq 2,259 qram. Tiryəkin təmiz çəkisi 10,567 qram, tədqiqata sərf olundu 0,05 qram, qalıq 10,517 qram. Marixuananın təmiz çəkisi 5,181 qram, tədqiqata sərf olundu 0,02 qram, qalıq 5,161 qram. Metadon həb-15 ədəd, cəmi tədqiqata sərf edildi-2 ədəd, qalıq 13 ədəd. Preqabalin kapsul 1 ədəd, tədiqata sərf edildi-0,5 ədəd, qalıq-0,5 ədəd. Aparılmış ekspertiza tədqiqatının dəyəri 60 manat təşkil edir. (c 1, i.v 53-60) İş materiallarında olan Astara Rayon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli, 4(018)-96/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 ay həddində həbs qətimkan tədbiri seçilmişdir, həbsetmənin əvvəli 09 noyabr 2022-ci ildən hesablanmışdır. (c 1, i.v 92-94) İş materiallarında olan 11 noyabr 2022-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş, narkotik vasitə heroinin ekspertizadan qaytarılmış 1083,598 qram qalığı, psixotrop maddə olan metamfetaminin 15,379 qram qalığı, narkotik vasitə tiryəkin 10,517 qram qalığı, narkotik vaitə olan qurudulmuş marixuananın 5,161 qram qalığı, ümumi miqdar 0,6 qram olan narkotik vasitə metadonun 13 ədəd qalığı, ümumi miqdarı 0,15 qram olan güclü təsir edici maddə preqabalinin ekspertizadan qaytarılmış 0,5 ədəd qalığı, maddi sübut qismində tanınmış və saxlanılması üçün Astara RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. (c 1, i.v 101-102) İş materiallarında olan ambulator məcburi narkoloji tibbi yoxlamanın xx.xx.2022-ci il tarixli, 1163 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin ƏƏSMNnin yanında DSEK-in təqdim etdiyi yazılı məlumatda İİ qrup əlil olması səbəbindən narkomaniyadan məcburi müalicəyə əks göstərişi vardır. Ərazi narkoloji xəstəxanasında 2017-ci ildən “Opium narkomanlığı” diaqnozu ilə qeydiyyatda durur. (c 1, i.v 121) İş materiallarında olan DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 13 iyul 2017-ci il tarixli hökmünün surətindən görünür ki, Əliyev X7 Ağır Cinayətlər Məhkəməsinin 13 iyul 2017-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və məhkumluğu ödənilməmişdir. (c 1, i.v 132-133, 186-191) İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 1109 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər-hansı bir xəsarət aşkar edilməmişdir. (c 1, i.v 140-141) İş materiallarında olan xx.xx.2023-cü il tarixli Lənkəran RİHB-nın 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri oğlu X3 ibarətdir. Yaşayış yeri üzrə müsbət xarakterizə edilir, himayəsində azyaşlı uşaq vardır. (c 1, i.v 180-181) İş materiallarında olan Azərbaycan Respublikası ƏƏSMN Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs müddətsiz İİ dərəcəli əlildir. (c 1, i.v 182) İş materiallarında olan 01 iyun 2022-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2022-ci ildə ölmüşdür. (c 1, i.v 183) İş materiallarında olan 16 aprel 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 206.3.2 və 238-ci maddələri ilə cinayət təqibinin başlanılması rədd edilmiş, Təqsirləndirilən şəxs götürülmüş, narkotik vasitə heroinin ekspertizadan qaytarılmış 1083,598 qram qalığı, psixotrop maddə olan metamfetaminin 15,379 qram qalığı, narkotik vasitə tiryəkin 10,517 qram qalığı, narkotik vaitə olan qurudulmuş marixuananın 5,161 qram qalığı, ümumi miqdar 0,6 qram olan narkotik vasitə metadonun 13 ədəd qalığı, ümumi miqdarı 0,15 qram olan güclü təsir edici maddə preqabalinin ekspertizadan qaytarılmış 0,5 ədəd qalığı, bir ədəd elektron tərəzi, şəxsi axtarış və götürmə aparılması haqqında, həmçinin baxış və götürmə aparılması haqqında protokollara əlavə edilmiş 02 ədəd DVD disk maddi sübut qismində tanınmış və narkotik vasitələr, psixotrop maddə, güclü təsir edən dərman və elektron tərəzinin Lənkəran ŞRPŞ-nin maddi sübutları saxlama otağında saxlanılması nəzərə alınmış, 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmışdır. (c 1, i.v 221-231) İş materiallarında olan Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 7(050)- 103/2022 nömrəli qərarından görünür ki, Əliyev X7 Ağır Cinayətlər Məhkəməsinin 1(089)- 246/2017 saylı, 13 iyul 2017-ci il tarixli hökmü ilə ona təyin edilmiş 06 il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. (c 2, i.v 27-30) İş materiallarında olan xx.xx.2023-cü il tarixli Bakı İstintaq Təcridxanası tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, həbs edilmiş şəxs Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmiş və ilkin tibbi müayinədən keçirilərək onun adına tibbi kitabça açılmışdır. Müayinə zamanı bədənində xəsarət aşkar edilməmişdir. (c 2, i.v 47-51) Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X4 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və seçdiyi müdafiəçisi vasitəsi ilə suallar vermiş, habelə ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs yuxarıda elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs müdafiəsi üçün gətirdiyi dəlillər: saxlanılarkən üzərində heç bir narkotik vasitə və qanunla qadağan edilmiş əşya və ya predmet olmamış, yalnız mənzilində öz istifadəsi üçün 10 qram tiryək və 1 qram marixuana aşkar edilmiş, digər narkotik vasitələr, psixotrop maddə və güclü təsir edən maddə polis əməkdaşları tərəfindən yaşadığı evə qoyulmuş, polis əməkdaşları tərəfindən ona fiziki təzyiqlər və pis rəftar edildiyi üçün həmin maddələrin özünə məxsus olmasını etiraf etmişdir. Təqsirlərdirilən şəxsin irəli sürdüyü ikinci dəlillə bağlı məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə, pis rəftara məruz qalması ilə bağlı irəli sürdüyü dəlilə məhkəmə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Qanunvericiliyin tələblərindən göründüyü kimi, ibtidai istintaq dövründə qeyri-insani və ya şəxsiyyəti alçaldan, yaxud hər hansı digər formada qanunsuz təsirə məruz qalmağa dair şikayət işə mahiyyəti üzrə baxan yox, məhkəmə nəzarətini həyata keçirən məhkəmə qarşısında qaldırılan şikayətlər siyahısına aid edilmişdir. İş materiallarından göründüyü kimi, öz seçimi ilə cəlb edilmiş peşəkar vəkillə təmsil edilməsinə baxmayaraq, istər Təqsirləndirilən şəxs özü, istər onun vəkili ibtidai istintaq dövründə belə şikayətlə vaxtlıvaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmiş və eyni zamanda o, bu halı hər hansı dəlillə əsaslandırmamış və ya izah etməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs şəxsi baxış və götürmə, şəxsi axtarış və götürmə istintaq hərəkətləri zamanı təhqiqatçının suallarına cavab olaraq söylədiyi səsli nitqində ona qarşı polis əməkdaşları tərəfindən hər hansı qanunsuz hərəkətlərə yol verilmədiyini, ona qarşı zor tətbiq olunmadığını, polis əməkdaşlarından şikayəti və tələbinin olmadığını, aşkar olunmuş maddələrin ona məxsus olduğunu, həmin maddələri iran vətəndaşı Əhməd adlı şəxsdən əldə edib, həm istifadə etdiyini, həm də satdığını bildirmiş, eyni zamanda onun saxlanılmasında iştirak etmiş polis əməkdaşları da məhkəmədə dindirilərkən tərəflərindən Təqsirləndirilən şəxs qarşı hər hansı bir fiziki və ya psixi təsirin göstərilmədiyini bildirmişlər. Bundan başqa məhkəmə tərəfindən verilmiş müvafiq sorğu əsasında Bakı İstintaq Təcridxanasından daxil olmuş cavab məktubundan və tibbi kitabçanın kserosurətlərindən görünür ki, Təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasına daxil olarkən ilkin tibbi müayinə zamanı bədənində xəsarət aşkar edilməmişdir. Bu səbəblərdən məhkəmə tərkibi hesab edir ki, yuxarıda qeyd olunanlar təqsirləndirilən şəxsin məhkəməyədək dövrdə özünə qarşı verdiyi ifadələrin məhz fiziki təzyiq və pis rəftar nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Təqsirləndirilən şəxsin tutulduqdan sonra polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə, pis rəftara məruz qalması ilə bağlı göstərdiyi xüsusat işin məhkəmə baxışı zamanı təsdiqini tapmamış, bununla da, ondan ifadələrin cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur. Məhkəmə tərkibinin belə qənaəti Avropa Məhkəməsinin Azərbaycana qarşı şikayətlərlə bağlı qəbul etdiyi bir sıra qərarlarda da öz əksini tapmışdır (Əhmədov Azərbaycana qarşı, № 30364/09, §§ 42-43, 12 noyabr 2013; Məmmədov Azərbaycana qarşı, № xx/xx/2013, §§ 23-27, 11 yanvar 2007; Rizvanov Azərbaycana qarşı, № 31805/06, §§ 12-20, 17 aprel 2012; və Nəcəfli Azərbaycana qarşı, № 2594/07, §§ 11-21, 2 oktyabr 2012). Təqsirləndirilən şəxs Fərman oğlunun müdafiəsi üçün gətirdiyi digər dəlillərin qiymətləndirilməsi: Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ifadəsində göstərdiyi xüsusatlar, yəni, yaşadığı evdə saxlanılarkən şəxsi istifadəsi üçün 10 qram narkotik vasitə tiyək, 1 qram narkotik vasitə marixuana olması, digər narkotik vasitələr, psixotrop maddə və güclü təsir edən maddənin polis əməkdaşları tərəfindən yaşadığı evə qoyulması, üzərində saxlanılarkən heç bir narkotik vasitənin olmaması, aşkar edilmiş həmin maddələrin ona aidiyyətinin olmaması, digər maddələrin polis əməkdaşları tərəfindən yaşadığı evə qoyulması, polis şöbəsində olarkən ona fiziki təzyiqlər, pis rəftar edilməsi nəticəsində sənədləşdirilməsi, məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə xx.xx.2022-ci ildə şübhəli (cild İ – i.v. 72-75), təqsirləndirilən (cild İ – i.v 82-84) və xx.xx.2022-ci ildə təqsirləndirilən şəxs (cild İ – i.v. 217-220) qismində verdiyi ifadələri, şahid ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə, eləcə də Təqsirləndirilən şəxs şəxsi axtarış, baxış və götürmə istintaq hərəkətləri zamanı hadisə barədə söylədiyi səsli nitqi (o, ittihamda göstərilən xüsusatları, əvvəlcə baxış və götürmə istintaq hərəkətində, daha sonra şəxsi axtarış və götürmə istintaq hərəkətində verilmiş sualları cavablandırarkən öz səsli nitqində aşkar olunmuş predmetləri telefon vasitəsi ilə tanış olduğu Əhməd adlı İran İslam Respublikası vətəndaşının Lənkəran rayonu Sutəmurdov kəndində yerləşən körpünün yanında - çay qırağında, təxminən, beş gün əvvəl gecə vaxtı qoydurduğunu, həmin maddələri özünün götürdüyünü və razılaşmalarına əsasən maddələri satdıqdan sonra Əhmədə pul verməli olduğunu, həmin narkotik maddələri evinə gətirib saxlayıb bir hissəsini istifadə etdiyini, həmişə də cibində istifadə üçün ayrıca saxladığı büküm olduğunu, maddələrdən adını bilmədiyi bir neçə şəxsə satdığını təsdiq etmiş) ilə tam təkzib olunur. Belə ki, şəxsi axtarış və götürmə istintaq hərəkətində təqsirləndirlən şəxs üzərindən və yaşadığı evindən aşkar edilmiş narkotik vasitələr, psixotrop maddə və güclü təsir edən maddənin özünə məxsus olmasını səsli nitqi ilə bilvasitə öz seçimi əsasında cəlb edilmiş peşəkar vəkilinin yanında qeyd-şərtsiz və açıq-aşkar formada bəyan etmişdir. Bununla yanaşı onun barəsində Lənkəran ŞRPŞ-nin İstintaq Bölməsində cinayət təqibi başlanan andan, barəsində olan cinayət işi ittiham aktı ilə məhkəməyə daxil olanadək müdafiəçinin iştirakı ilə verdiyi bütün izahat və ifadələrində polis əməkdaşları tərəfindən üzərinə və yaşadığı evə narkotik vasitələr, psixotrop maddə və güclü təsir edən maddə qoyulması ilə bağlı fikir ifadə etməmişdir. Ümumiyyətlə o, məhkəmə baxışı zamanı ibtidai araşdırma dövründən fərqli ifadə verməsini hər hansı bir mötəbər dəlillə əsaslandırmamış, yalnız saxlanılarkən və polis şöbəsində olarkən polis əməkdaşları tərəfindən fiziki təsirə və pis rəftara məruz qalmasını bildirməklə özünə qarşı verdiyi ifadələri inkar etmiş, lakin məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs irəli sürdüyü həmin dəlillər təsdiqini tapmamışdır. Artıq bu hallar təqsirləndirilən şəxsin məhkəmə baxışı dövründə verdiyi ifadələrin həqiqəti əks etdirmədiyi, əksinə ibtidai araşdırma zamanı heç bir təsir və təzyiq olmadan müdafiəçinin iştirakı ilə verdiyi ifadələrinin isə işin faktiki halları ilə üst-üstə düşdüyü və həqiqəti əks etdirdiyi qənaətinə gəlməyə əsas verir. Ona görə də, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı gətirdiyi dəlilləri məsuliyyətdən yayınmaq məqsədi ilə seçilmiş müdafiə taktikası kimi dəyərləndirir və hesab edir ki, təqsirləndirilən şəxs bu formada ifadə verməklə özünü məsuliyyətdən qurtarmağa çalışır. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cinayət işinin ibtidai araşdırma mərhələsində şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrini əsaslı və işin faktiki hallarına uyğun ifadələr kimi qəbul edərək məhz həmin ifadələrin ittihamın əsasına qoyulmasını məqsədə uyğun sayır. Bu səbəbdən də, cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlar vasitəsi ilə Təqsirləndirilən şəxs məhkəmədə qeyd etdiklərinin işin faktiki halları ilə üst-üstə düşmədiyi, obyektiv həqiqəti əks etdirmədiyi müəyyən olunur. Sadalananlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələrində göstərdikləri işin müəyyən olunmuş faktiki halları ilə birəbir uyğun olmuşdur. Təqsirləndirilən şəxs qeyd olunan ifadələrində üzərindən və yaşadığı evdən aşkar edilmiş predmetlərin ona aid olduğunu, həmin maddələri həm istifadə etdiyini, həm də satışını həyata keçirdiyini bildirmişdir. Bununla yanaşı o, xx.xx.2023-cü ildə cinayət işinin materialları, eləcə də, təkrarən işdə olan dindirmə protokolları ilə tanış olsa da, həmin protokollarda əks olunmuş ifadələrinin məzmununu mübahisələndirməmiş, habelə buna dair düzəliş, qeyd, əlavə və etiraz verməmişdir. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə verdiyi ifadələrlə məhkəmə baxışında verdiyi ifadə arasında ziddiyyət təşkil edən hissəyə münasibətdə onun ibtidai araşdırma dövründə verdiyi qeyd olunan ifadələrini cinayət təqibi üzrə mötəbər sübut hesab edir. Bundan başqa Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı da onun üzərindən və yaşadığı evdən aşkar edilmiş predmetlərdən yalnız 10 qram tiryəkin və 1 qram marixuananın şəxsi istifadəsi məqsədilə tanımadığı şəxsdən əldə etdiyini, həmin şəxsin onları xəstə olduğu üçün Sütəmurdov körpüsünə yaxın çay qırağına atdığını, özünün də gedib ordan götürdüyünü və yaşadığı evdə saxladığını etiraf etmişdir. Yalnız üzərindən və yaşadığı evdən aşkar edilmiş digər narkotik vasitələrin, psixotrop maddə və güclü təsir edən maddənin ona aid olmasını və satışını həyata keçirməsini mübahisələndirilmiş, lakin onun həmin ifadələri yuxarıda göstərilmiş mötəbər dəlillərlə tam təkzib edilmişdir. İşin faktiki hallarını məhkəmə nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də aşkar edilmiş maddələrin satışı ilə məşğul olmuş, habelə o, üzərində və yaşadığı evdən aşkar edilmiş narkotik vasitələri, psixotrop maddəni və güclü təsir edən maddəni məhz satış məqsədi ilə qanunsuz şəkildə əldə etmişdir. Əks nəticəyə gəlmək üçün başqa hal müəyyən edilməmişdir. Göstərilənləri məcmu halda təhlil edib nəzərə alaraq, məhkəmə bir daha belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs həqiqətən də satış məqsədi ilə külli miqdarda narkotik vasitələri, psixotrop maddəni və güclü təsir edən maddəni qanunsuz olaraq əldə etmə, saxlama və daşıma cinayətini törətmişdir. Ona görə də məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 240.2.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu bu cinayət əməlləri ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Narkotik vasitələr» başlıqlı «İ siyahı»nın 5, 12(a), 13 və 19-cu sətrlərinə əsasən heroin, qurudulmuş marixuana, metadon və tiryək narkotik vasitələr hesab edilir, həmin maddələrin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi sətr ardıcıllığına müvafiq olaraq 0,15 qram, 5 qram, 0,02 qram, 0,5 qram külli miqdarının aşağı həddi isə sətr ardıcıllığına müvafiq olaraq 2 qram, 500 qram, 1,6 qram və 50 qramdır. Habelə bu Qanunun İİ Siyahıya əsasən dərman preparatı kimi beynəlxalq adı «Metamfetamin» olan maddə psixotrop maddədir. Metamfetaminin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) külli miqdar hesab olunur. «Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahılarının təsdiq edilməsi haqqında» 2016-cı il 18 mart tarixli 180VQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş güclü təsir edən maddələrin və onların külli miqdarının başlıqlı siyahının 68-ci sətrinə əsasən preqabalin güclü təsir edən maddə hesab edilir, həmin maddənin külli miqdarının aşağı həddi isə 5 qramdır. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz hazırlanması dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla istehlaka yarayan və ya yaramayan narkotik vasitələrin və psixotrop maddələrin bilavasitə hazırlanmasına, yəni narkotik vasitələrin və psixotrop maddələrin istehsalına, emalına, saflaşdırılmasına və ya bir narkotik vasitənin, yaxud psixotrop maddənin digər narkotik vasitəyə və ya psixotrop maddəyə çevrilməsi yolu ilə narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, yaxud onların təsirinin gücləndirilməsinə, tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyasına, narkotik vasitələrin və psixotrop maddələrin alınmasına yönəldilmiş hərəkətlər başa düşülür. Sözügedən Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmçinin bu Qərarın 11-ci bəndində izah edilir ki, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-nin 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 240.2.1-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətmişdir. Ona görə də, təqsirləndirilən şəxs CM-in qeyd olunan maddələri ilə təqsirli bilinərək, ona həmin maddələrin sanksiyası daxilində cəza təyin edilməlidir. Qeyd olunan əməllərin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olması, Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır. Habelə məhkəmə qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən və ya götürülmədən, yenidən qəsdən cinayət törətdiyindən məhkəmə cinayətin residivini Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində nəzərə alır. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətin residivi təhlükəli sayılır. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş sayılır. Bununla da işdə olan sübutlarla isə təsdiq olunur ki, məhkumluğu vaxtından əvvəl götürülməmiş Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini, ağır cinayət törətməyə görə əvvəllər məhkum olunduğu azadlıqdan məhrum etmə cəzasından azad edildiyi gündən altı il keçmədən törətmişdir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halın və cəzanı ağırlaşdıran halın olmasını, aşkar edilmiş narkotik vasitələrin, psixotrop maddənin və güclü təsir edən maddənin çəkilərini, müxtəlif növlərə aid olmasını, həmin cinayətlərin törədilmə üsulunu və mexanizmini, aşkarlanmış narkotik vasitələrin, psixotrop maddənin və güclü təsir edən maddənin insan orqanizminə mənfi təsirini, çoxlu sayda insanların sağlamlığına ziyanını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 240.2.1-ci maddələri ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalıdır. Təqsirləndirilən şəxs bir neçə cinayətdə təqsirli bilindiyindən ona CM-nin 66.3-cü maddəsinə əsasən cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 7(050)-103/2022 saylı qərarı ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 13 iyul 2017-ci il tarixli, 1(089)-246/2017 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 06 (altı) ay 29 (iyirmi doqquz) gün müddətə cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilməli və həmin cəza Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş cəza ilə qismən birləşdirilməklə ona qəti cəza təyin olunmalıdır. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı 09 noyabr 2022-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli, 39 saylı «Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası»nın təsdiq edilməsi barədə Qərarı ilə təsdiq edilmiş «Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası»nın 3-cü bəndinin (məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslər) 3.2-ci maddəsinə əsasən (əlillərə və ya sağlamlıq imkanları məhdud uşaqlara) məcburi müalicə narkomanlıq xəstəliyinə düçar olmuş əlillərə tətbiq oluna bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs İİ dərəcə əlilliyi olduğu üçün barəsində narkomaniyadan məcburi müalicə təyin edilməməli, onun ərazi narkoloji kabinetində Opium narkomanlığı diaqnozu ilə qeydiyyatda olması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1 və 132.1.6-cı maddələrinə müvafiq olaraq iş üzrə maddi sübutlar kimi tanınaraq Lənkəran ŞRPŞ-nin maddi sübutlar otağında saxlanılan müvafiq ekspert tədqiqatından sonra qalıq çəkisi 1083,598 qram olan narkotik vasitə heroin, 15,379 qram olan psixotrop maddə metamfetamin, 10,517 qram olan narkotik vasitə tiryək, 5,161 qram olan narkotik vasitə qurudulmuş marixuana, 13 ədəd narkotik vasitə metadon həbləri, 0,5 ədəd güclü təsir edən maddə preqabalin və bir ədəd elektron tərəzi məhv edilməli, iş materiallarında olan şəxsi axtarış və götürmə, eləcə də baxış və götürmə zamanı aparılmış videoçəkilişləri özündə əks etdirən 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatı xərci-60 (altmış) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3 və 240.2.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 240.2.1-ci maddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 7(050)-103/2022 saylı qərarı ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 13 iyul 2017-ci il tarixli, 1(089)-246/2017 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 06 (altı) ay 29 (iyirmi doqquz) gün müddətə cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilsin və həmin cəza Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş cəza ilə qismən birləşdirilməklə ona qəti olaraq 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 09 noyabr 2022-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Lənkəran ŞRPŞ-nin maddi sübutlar otağında saxlanılan müvafiq ekspert tədqiqatından sonra qalıq çəkisi 1083,598 qram olan narkotik vasitə heroin, 15,379 qram olan psixotrop maddə metamfetamin, 10,517 qram olan narkotik vasitə tiryək, 5,161 qram olan narkotik vasitə qurudulmuş marixuana, 13 ədəd narkotik vasitə metadon həbləri, 0,5 ədəd güclü təsir edən maddə preqabalin və bir ədəd elektron tərəzi məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq iş materiallarında olan şəxsi axtarış və götürmə, eləcə də baxış və götürmə zamanı aparılmış videoçəkilişləri özündə əks etdirən 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatı xərci-60 (altmış) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Əli Əliyev Hakimlər: Oruc Cəlilov Xamməd Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar