Məhkəmə qərarları › İş №1(099)-396/2025

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-396/2025

02.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-396/2025 02.10.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Vəliyeva Ayşən Umud qızı və Nuriyev Aqil Abdul oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X2, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi- Lənkəran rayon vəkil bürosunun vəkili X1 iştirakları ilə, xx xxxxx 1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, işsiz, subay, məhkumluğu olmayan, Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 9, mənzil 18-də qeydiyyatda olmaqla yaşayan, barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs İran İslam Respublikası vətəndaşı olması güman edilən “Sabit” adlı şəxs və qeyriləri ilə qabaqcadan əlbir olub bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə etməq üçün cinayət əlaqəsinə girərək, 28 mart 2025-ci il tarixdə Biləsuvar rayonu ərazisinə gəlib orada əvvəlcədən aralarında olan razılaşmaya əsasən cinayətkar qrupun üzvü tərəfindən gizlədilmiş Biləsuvar-Bəhrəmtəpə yolunun Biləsuvar rayonu Çaylı kəndi ərazisindən keçən hissəsində «90» sürət həddini göstərən yol nişanının yanından satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 6380,0 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib, daşıyaraq, üzərində saxlamış, həmin gün saat 21 radələrində Biləsuvar Rayon Polis X4 Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Biləsuvar-Bəhrəmtəpə yolunun Biləsuvar rayonu Çaylı kəndinin qarşısından keçən hisəsinin 7-ci kilometrliyində piyada hərəkətdə olarkən saxlanılaraq, orada saat 21:20 dəqiqədə üzərinə yoxlama keçirilərkən əlində olan bir ədəd kisənin içərisində 04 ədəd üzəri yapışqan lentlə sarılmış qara rəngli sellofan bükülülərdə ayrıayrılıqda təmiz çəkiləri -1745,0 qram, -920,0 qram, 1875,0 qram, 1840,0 qram olmaqla ümumi təmiz çəkisi -6380,0 qram olan külli miqdarda bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış orqanoleptik əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir-birləri ilə eyni olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs oğlu ona elan olunmuş CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, sosial şəbəkədə Sabit adlı İran vətəndaşı ilə tanış olmuşdur. “WhatsApp” proqramı vasitəsi ilə onunla danışan zaman ondan istifadəsi üçün narkotik vasitə nəşə istəmişdir. Sabitdə ona istifadəsi üçün narkotik vasitə marixuana göndərəcəyini bildirmişdir. 28 mart 2025-ci ildə tanışı Ülviyyə adlı qadının anasının İmişli rayonunda olan məzarını ziyarət etmək üçün İmişli rayonuna bilet olmadığı üçün ilk olaraq Biləsuvar rayonuna getmişlər. Narkomaniya xəstəliyindən əziyyət çəkdiyi üçün hər gün metadon suyu qəbul edirmiş, lakin həmin günü suyu içə bilməmişdir bu səbəbdən də Sabitdən bir kibrit qutusunda nəşə istəmişdir, sonuncu da göndərəcəyini demişdir. Biləsuvar şəhərində taksiyə minərək İranlının dediyi məkana gəlmişlər. İranlının dediyi 90 km yazısı olan işarənin yanına gəlmiş, lakin narkotik vasitəni tapa bilməmişdir. Sabit ona narkotik vasitəsini Elsəvər adlı şəxsdən götürəcəyini demişdir. O yol kənarına keçib bir nəfər şəxsdən Elsəvər adlı şəxsi soruşmuş, həmin şəxs Elsəvərin evinin qabaqda olmasını bildirmişdir. O, Ülviyyəyə orada gözləməsini, bir nəfər tanışı ilə görüşüb gələcəyini demişdir. Elsəvər adlı şəxsin olduğu evin həyətinə çatmış, həyətə daxil olmamışdır. Orada təxminən 5 dəqiqə qalmışdır, bu zaman bir neçə avtombil gələrək onun yanında saxlamışlar, ona «buraya gəl» demişlər, o da tez həyətə girib gizlənmək istəmiş, lakin polis əməkdaşları tərəfindən tutulmuşdur. Polis əməkdaşları onu döyərək, ona içərisində narkotik olan bağlama təqdim edərək, əvvələr məhkum olunduğunu, boynuna götürməsini, əks halda onunla birlikdə gələn qadını da həbs edəcəklərini demişlər, a da məcbur qalıb razılaşmışdır. O İranlı Sabitin dediyi yerdən istifadəsi üçün narkotik vasitə nəşə götürmək üçün getmiş, narkotik istifadəçisidir, lakin narkotik vasitələrinin satışı ilə məşğul olmamışdır. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı və məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaqa verdiyi ifadəsi elan edilmişdir. Həmin ifadədə o, göstərmişdir ki, 28 mart 2025-ci il tarixdə Sabitlə danışan zaman ona bildirmişdir ki, “Biləsuvar ərazisinə gəl, ora çatanda mənə məlumat ver, sənə məkan atacam gedib həmin məkandan narkotiki götürərəsən”. Biləsuvara çatanda Sabit ona demişdir ki, “sənə istifadən üçün narkotik vasitə verirəm, amma əlavədə 3-4 kiloqram narkotik vasitə marixuana qoyacam, onuda mən dediyim yerə qoyarsan, qarşılığında sənə 2000-2500 manat arası pul verəcəm”. O da razılaşmış və Sabit ona “WhatsApp” mobil proqramı vasitəsilə məkan atmışdır. Həmin məkan Biləsuvar-Bəhrəmtəpə yolunun Çaylı kəndi ərazisi imiş. Həmin gün saat 21 radələridə Ülviyyə adlı tanışı ilə Biləsuvar rayonu Çaylı kəndi ərazisinə getmişlər, Ülviyyəyə Biləsuvardan gül toxumu gətirməyə getdiyini demişdir. Orada “90” sürət həddini göstərən yol nişanının yaxınlığında yolun aşağısından bir ədəd ağ rəngli içərisində bükülülər olan kisəni götürüb geri qayıtmışdır. Çaylı kəndinin dayanacağına tərəf yolun kənarı ilə getməyə başlamışlar. Bir qədər getdikdən sonra polis əməkdaşları gələrək onları saxlamışlar. Üzərində narkotik vasitə varsa təqdim etməsi təklif edilmiş. O da əlində olan kisəni təqdim etmişdir. Baxış zamanı kisədən dörd ədəd bağalamalar aşkar edilmiş, bağlamaların hər biri ayrı-ayrılıqda açılıb baxıldıqda, dördünündə içərisindən narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə zamanı verdiyi ziddiyyətli ifadələri müqayisəli tətqiq edərək hesab edir ki, məhkəmə baxışında ifadəsində göstərdiyi «İranlı Sabit adlı şəxsdən şəxsi istifadəsi üçün bir kibrit qutusunda marixuana istəməsi, polis əməkdaşları üzərinə içərisində narkotik olan bağlama qoymaları, polis əməkdaşları tərəfindən döyülməsi, narkotiki üzərinə götürməsə onunla birlikdə gələn Ülviyyənin də həbs edilməsi» xüsusatları obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və özünü müdafiə xarakteri daşıyır. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ifadəsində göstərdiyi sözü gedən xüsusatları onun cinayət məsuliyyətindən boyun qaçırmaya yönələn cəhd kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd olunan xüsusatları işin faktiki hallarına uyğun olduğunu hesab edərək sübut kimi qəbul edir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Biləsuvar rayon polis şöbəsinin əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövrüyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuş və əməliyyat qurupu yaradılmışdır. Təqsirləndirilən şəxs həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı 28 mart 2025-ci il tarixdə saat 21 radələrində Biləsuvar-Bəhrəmtəpə yolunun 7-ci kilometrliyində Biləsuvar rayonu Çaylı kəndi ərazisində Şahid5 adlı qadınla birlkdə saxlanılmışlar. Tərlanın əlində bir ədəd ağ rəgli kisə olmuşdur. Videoçəkiliş aparılmaqla üzərilərində yoxlamağa başlanılmış, Təqsirləndirilən şəxs əlində olan ağ rəgli sintetik materialdan olan kisəni təqdim edərək həmin kisənin içərisində təxminən 3-4 kiloqram narkotik vasitə marixuana olduğunu, İran vətəndaşı göndərdiyini, həmin narkotik vasitədən özünün istifadəsi üçün götürəcəyini, qalanını isə İran vətəndaşının dediyi yerə qoyacağını, bunun müqabilində ona 2000-2500 manat arası pul verəcəyini bildirmişdir. Aşkar olunmuş narkotik vasitələr qablaşdırılaraq götürülmüşdür. İş üzrə şahid qismində dindirilmiş Şahid2, Şahid3 və Şahid4 şahid qismində dindirilmiş Şahid1 ilə eyni məzmunlu ifadələr vermişlər. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. İş materiallarında olan 28 mart 2025-ci il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılması” haqqında protokoldan görünür ki, 28 mart 2025-ci il tarixdə saat 21:18 dəqiqədə Biləsuvar-Bəhrəmtəpə yolunun 7-ci kilometrliyində Biləsuvar rayonu Çaylı kəndinin qarşısında Təqsirləndirilən şəxs saxlanılmışdır. Ona üzərində narkotik vasitələr varsa təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs da, əlindəki ağ rəgli sintetik kisəni təqdim edərək içərisində təxminən 3-4 kiloqram narkotik vasitə marixuana varolmasını, İran vətəndaşı tərəfindən göndərilməsini, şəxsi istifadəsi üçün götürəcəyini, qalanını isə 2000-2500 manat müqabilində İran vətəndaşının dediyi yerə qoyacağını bildirmişdir. Bundan sonra, kisə açıldıqda içərisindən 4 ədəd bağlama aşkar olunur. Bağlamalar hər biri ayrı-ayrılıqda açılıb baxıldıqda içərisində marixuana bənzər kütlələr olması müəyyən edilir. İş materiallarında olan məhkəmə məhkəmə-bioloji ekspertizasının 29 mart 2025-ci il tarixli 19/134 nömrəli rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs əlində olan kisədən aşkar olunmuş 04 ədəd bükümdə marixuanaya bənzər bitki kütləsi.....” sözlər və imzalar olan bir ədəd kisədəki, üzərində sözlər və imzalar olan digər kisənin içərisində 04 ədəd bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri: - 1745,0 qr: -920,0 qr: -1875,0 qr: -1840,0 qram; ümumi təmiz çəkisi: -6380,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır, orqanoleptik əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər.Marixuana 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Ekspertiza tədqiqatından sonrakı qalıq 6379,6 qram qurudulmuş marixuana.Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manat təşkil edır. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 02 aprel 2025-ci il tarixli 104 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər-hansı bir xəsarət aşkar edilmədi. İş materiallarında olan xx.xx.2025-ci il tarixli 249 nömrəli ambulator məcburinarkoloji tibbi yoxlama rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Kannabinoidlərin və Opioidlərin qəbulundan yaranan Asılılıq sindromu (Polinarkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 05 may 2025-ci il tarixli 1436 nömrəli ambulator məhkəməpsixiatrik və psixoloji ekspertizasının rəyində göstərilmişdir ki, ambulator məhkəməpsixiatrik ekspertizasının xx.xx.2025-ci il tarixli 1436 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı X3 Aşkar Olunmur. Bunu cinayət işi materialları və hal-hazırki psixiatrik müayinənin nəticələri və s. sübut edir. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir.- Təqsirləndirilən şəxs hal-hazırda hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs barəsində aparılan istintaq hərəkətlərinin mahiyyətini dərk etmək, onlara uyğun istintaq hərəkətlərində iştirak etmək imkanına malikdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. İş materiallarında olan 05 aprel 2025-ci il tarixli “mobil telefona baxış keçirilməsi haqqında”protokoldan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs məxsus bir ədəd mobil telefonun "Samsung" markalı, üzərində ***-***-**-** və ***-***-**-** nömrələrin olması müəyyən edildi. Təqsirləndirilən şəxs məxsus "Samsung" markalı telefonun yaddaş kitabçasına, zənglər siyahısına və mesajlara baxış zamanı İran mobil operatoruna aid “+98901 986 3776”, “Sabir +98910 438 2632”, “Manıs +98914 627 2839”, “ALi +98911 670 2605”, “Nesir +98992 196 4228” nömrə müəyyən olundu. Təqsirləndirilən şəxs məxsus "Samsung" markalı telefonun “WhatsApp” proqramında zənglər və mesajlar siyahısına baxış zamanı müəyyən edildi ki, sonuncu ilə İran mobil operatoruna aid yuxarıda qeyd olunan nömrələr arasında 28 mart 2025-ci il və əvvəlki tarixlərdə sözügedən cinayət barədə “WhatsApp” vasitəsilə çoxsaylı yazışmaları, “+98901 986 3776”, “Sabir +98910 438 2632” saylı nömrədən göndərilən narkotik vasitənin olduğu yer barədə məkan fotoşəkilləri, yazışmaları və zəngləri qeydə alınmışdır. Həmin mətinlər və fotoşəkilləri iş üçün əhəmiyyət kəsb etdiyindən tərəfimdən cinayət işinə əlavə edilmişdir. İş materiallarında olan 28 mart 2025-ci il tarixli «cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Biləsuvar Rayon Məhkəməsinin 30 mart 2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs olunmasının əvvəli 28 mart 2025-ci il tarixdən hesablanmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 29.177.2.1, 29.177.2.2, 29.177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə cəza müddəti 02 ilə endirilmiş, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Məhkumluğu ödənilmişdir. İş materiallarında olan 21 iyun 2025-ci il tarixli «sübutların qiymətləndirilməsi haqqında» qərarla Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş “Samsung” markalı mobil telefon, baxış keçirilməsi və dindirmə protokollarının videoçəkilişlərini əks etdirən ümumilikdə 2 (iki) ədəd CD disk maddi sübut kimi tanınmış, mobil telefona Biləsuvar RPŞ-nin saxlanma kamerasına təhvil verilmiş, CD disklər iş materiallarında saxlanılır. İş materiallarında olan «maddi sübut kimi tanınma haqqında» 01 aprel 2025-ci il tarixli qərarından görünür ki, ekspertizasında tədqiqatından sonra qalıq qalmış 6379, 6 qram qurudulmuş marixuana maddi sübut kimi tanınmış saxlanılması üçün Biləsuvar RPŞ-nin maddi sübutlar otağına təhvil verilmişdir. İş materiallarında olan 21 iyun 2025-ci il tarixli “cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” qərarla Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş külli miqdarda narkotik vasitələrinin mənbəyini müəyyən etmək məqsədi ilə cinayət işinin materiallarından Azərbaycan respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrıca cinyət işi ayrılmışdır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, işdə olan digər sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-in 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğluna istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onun tərəfindən törədilmişdir, bu cinayətlərə görə ona ittiham verildiyi Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində o, təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun əməli Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmamışdır. Təqsirləndirilən şəxs oğlunun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğluna Azərbaycan Respublikası CMin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün ittiham verilmişdir. Azərbaycan Respublikası CM-in 59 və 61-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələr ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlu ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Ambulator məcburi-narkoloji tibbi yoxlama rəyinə görə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə təyin edilməli, ərazi narkoloji tibbi müəsissəsində dispanser qeydiyyata alınmalıdırlar. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub – Biləsuvar rayon polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 6379,6 qram marixuana məhv edilməli, həmin şöbədə saxlanılan Təqsirləndirilən şəxs məxsus 1 ədəd “Samsung” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılmalı, iş materiallarına əlavə olunmuş baxış keçirilməsi və dindirmə protokollarını videoçəkilişlərini əks etdirən ümumilikdə 2 (iki) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 65 (altmış beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməli, cəzasının çəkilmə müddətinin əvvəli 28 mart 2025-ci il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 28 mart 2025-ci il tarixdən hesablansın. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə olunsun, ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış – Biləsuvar rayon polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 6379,6 qram marixuana məhv edilsin. Biləsuvar rayon polis şöbəsində saxlanılan Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılsın. İş materiallarına əlavə olunmuş baxış keçirilməsi və dindirmə protokollarının videoçəkilişlərini əks etdirən ümumilikdə 2 (iki) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 65 (altmış beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəs ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Cavid Səfərli Hakimlər: Ayşən Vəliyeva Aqil Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar