Məhkəmə qərarları › İş №1(099)-398/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-398/2024

03.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-398/2024 03.05.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Nəbiyev Cəlil Cabbar oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X5, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X6 və müdafiəçi- Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1984-cü il tarixdə Ukrayna Respublikası, Poltova vilayətində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu olmayan, Lənkəran rayonu, Velədi kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3 və 234.1-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaq məqsədilə hərəkət edərək, 30 oktyabr 2023-cü il tarixdə saat 23 radələrində X2 məxsus Lənkəran rayonu, Velədi kəndində yerləşən fərdi yaşayış evinin həyətinə, yəni yaşayış sahəsinə dəmir torla çəkilmiş çəpərdən aşmaqla qanunsuz daxil olaraq bir mərtəbəli evin arxa pəncərəsini əli ilə itələyib açaraq evə daxil olub yataq otağından olan bir ədəd 600 manat qiymətində plazma tipli, 80 sm diaqonal, “LG” markalı televizoru; bir ədəd 60 manat qiymətində “TP-Link” markalı internet modemi; həmin otağın şkafından 1 ədəd 3 qram çəkidə, 583 əyarlı, 250 manat qiymətində qızıl üzüyü, 1 ədəd, 2 qram çəkidə, 583 əyarlı, 200 manat qiymətində qızıl klonu, 1 ədəd 3 qram çəkidə, 583 əyarlı, 200 manat qiymətində qızıl boyunbağını, bir ədəd 4 qram çəkidə, 583 əyarlı, 350 manat qiymətində 1 cüt qızıl sırğanı; 1 cüt 50 manat olmaqla 2 cüt 100 manat qiymətində yataq dəstini; 1 cütü 30 manat qiymətində sadə yataq dəstini; 1 ədədi 12 manat olan 2 ədədi 24 manat qiymətində hamam dəsmalını; 1 ədədi 80 manat qiymətində yun ədyalını; 1 ədəd 10 manat qiymətində sintefon ədyalını; 1 ədəd 100 manat qiymətində toy qadın paltarını; 1 ədəd 50 manat qiymətində qadın idman paltarı; dəhlizdəki şkafdan 1 ədəd, 2 qram çəkidə, 800 əyarlı, 20 manat qiymətində gümüş üzük, 1 ədəd, 2 qram çəkidə, 800 əyarlı, 15 gümüş klon, 1 ədəd, 1 qram çəkidə, 800 əyarlı, 15 manat qiymətində gümüş boyunbağı, 1 ədəd, 3 qram çəkidə, 800 əyarlı, 30 manat qiymətində 1 cüt gümüş sırğanı; evin altında yerləşən zirzəmidən 2 dəst, 12 parçadan ibarət 50 manat qiymətində fincan dəstini; 1 dəst, 12 parça, 70 manat qiymətində armudu stəkan dəstini, 1 dəst, 48 parçadan ibarət 100 manat qiymətində fincan dəsti; həyətindən isə bir cütü 40 manat qiymətində toyuğu olmaqla - X2 məxsus ümumilikdə 2394 (iki min üç yüz doxsan dörd) manat qiymətində özgənin əmlakını yaşayış sahəsinə qanunsuz daxil olmaqla gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, 10 noyabr 2023-cü il tarixdə Lənkəran şəhəri, “Böyük Bazar” ərazisində bir bükümdə, ümumi təmiz çəkisi -2,283 qram olmaqla külli miqdar təşkil edən tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə etmiş və üzərində daşımaqla saxlamış, bu barədə məlumat almış Lənkəran şəhər rayon Polis şöbəsinin əməkdaşları tərəfindən 10 noyabr 2023-cü il tarixdə, saat 12:40-da keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 1 ünvanında yerləşən polis şöbəsinə gətirildikdən sonra üzərinə şəxsi axtarış keçirilərkən qeyd olunan bükümdə və çəkidə narkotik vasitə olan heroin əynində olmuş şalvarın sağ yan cibindən aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən, yəni CM-nin 177.2.3cü maddəsi ilə təqsirli bildi, özünü CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 30 oktyabr 2023-ci il tarixdə axşam saatlarında Lənkəran rayonu Velədi kənd ərazisində olan yeni salınmış məhəllədən keçən zaman həmkəndlisi və dərzi işləyən Laləzar adlı qadının yaşadığı evin işıqlarının yanmadığını görmüş və bu zaman onun yaşadığı evdə olmadığını düşünmüşdür. Həmin gün saat 23 radələrində həmin evə yaxınlaşmış, evin işığının yanmadığından əmin olub dəmir tordan çəkilmiş çəpərdən həyətə daxil olmuş, evin arxasına tərəf gedib plastik pəncərədən evə daxil olmaq istəmiş, plastik pəncərənin bağlı olduğunu görüb, əli ilə pəncərəni bərk itələdikdən sonra pəncərə içəri doğru açılmış və evin içərisinə daxil olmuşdur. Orada tozsoranı görüb, götürüb pəncərədən çıxıb kənarda qoymuş, sonra yataq otağına gedib oradan olan paltar şkaflarını axtarmağa başlamış, bu zaman şakfda qutu içərisində ziynət əşyalarının olduğunu görmüş, bu zaman bir ədəd üzük, bir ədəd klon, bir ədəd boyunbağı, bir cüt sırğanı götürüb cibinə qoymuşdur. Sonra həmin şkafdan yataq dəstləri, ədyal, qadın paltarları götürmüşdür. Dəhlizə daxil olduqda, orada olan şkafdakı çanta içərisindən gümüşə bənzər 1 ədəd üzük, 1 ədəd klon və bir ədəd boyunbağı, plastik kartını götürmüşdür. Sonra yataq otağına qayıdıb divarada asılmış vəziyyətdə olan televizoru və onun yanındadakı "Wifi" modemini götürmüşdür. Televizor cızılmasın deyə ədyallardan birini həmin televizora bükmüş, sonra hər bir otağdakı şkafları və digər əşyaları pul tapar deyə axtarmağa başlamışdır. Evdən pul tapmadığını görüb, oğurladığı əşyaları rahat evdən çıxarsın deyə evin giriş qapısının bir layını yerindən çıxarmışdır. Sonra həmin əşyaları hasarın yanına gətirmiş, sonra evin zirzəmisinə girib, oradan 2 fıncan dəsti, 1 dəst armudu stəkan dəsti, bir dəst servis fincan dəstini oğurlamışdır. Onları da götürüb həmin əyşayaların yanına qoymşdur. Sonra həyətdən 2 ədəd toyuğu da satmaq üçün tutub ayaqlarını bağlamışdır. Sonra gəldiyi yolla hasardan bir-bir oğurladığı əşyaları həyətdən çıxarmışdır. Sonra həmin əşyaları hissə-hissə çay qırağına tərəf aparıb orada böyürtkən kollarının arasında gizlətmişdir. İşini qutardıqdan sonra yaşadığı evə qayıtmışdır. Səhəri gün tanımadığı taksi ilə həmin əşyaları 150 manata satmışdır. Sonra oğuladığı ziynət və gümüş əşyaları satmaq üçün bir neçə qızıl dükanlarına göstərdikdə onların əsl olmadığnı bildikdən sonra onları şəhər ərazisində kanalzasiya kanalına atmışdır. Narkotik vasitələrin satışı ilə məşğul olmamımış, polislər tərəfindən saxlanılarkən və üzərinə baxış keçirilərkən üzərində narkotik vasitə və elektron tərəzi olmamışdır, narkotik vasitə və elektron tərəzini üzərinə polislər qoymuş, polis əməkdaşlarından qorxduğu üçün videoçəkiliş zamanı narkotik vasitə və elekron tərəziniin ona məxsus olmasını bildirmişdir. Oğurluq etdiyi üçün əməlindən peşmandır, məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı və məhkəmə baxışında verdiyi ifadələr arasında CM-nin 234.1-1-ci maddəsi üzrə verilmiş ittiham üzrə əhəmiyyətli ziddiyyətlər olduğu üçün, onun ibtidai istintaqa verdiyi ifadəsi elan edilmişdir. Həmin ifadədə o, göstərmişdir ki, o, 10 noyabr 2023-cü il tarixdə səhər saatlarında yaşadığı evdən çıxıb, heroin almaqdan ötrü Lənkəran şəhəri, "Böyük Bazar" adlanan ərziyə getmiş, əvvəllər də heroin aldığı şəxsi küçədə görüb 20 manata 1 bükümdə heroin almış, həmin gün saat 12 radələrində Lənkəran rayonu, Velədi kəndi ərazisində olanda polis əməkdaşları ona yaxınlaşıb qolundan tutmuş və ona üzərində qanunsuz olaraq heroin gəzdirməsində şübhələri olduğu üçün üzərinə şəxsi axtarış keçirilməsindən ötrü şöbəsinə aparmışlar, şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olan hər hansı əşya var isə təqdim etməyi xahiş edilmişdir. Bu təklifdən sonra o, gödəkçəsinin sol döş cibindən bir ədədə elektron tərəzini, sağ “patron” cibindən bir bükümdə heroin çıxarıb masanın üzərinə qoymuşdur. Həmin büküm və elektron tərəzi zərflərə qoyularaq qablaşdırılmışdır. Məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq və məhkəmə zamanı verdiyi ziddiyyətli ifadələri müqayisəli tətqiq edərək hesab edir ki, onun məhkəmə baxışı zamanı verdiyi ifadəsində “polis əməkdaşları tərəfindən saxlanılarkən və üzərinə baxış keçirilərkən üzərində narkotik vasitə və elektron tərəzi olmamaması, narkotik vasitə və elektron tərəzini üzərinə polislərin qoyması, polis əməkdaşlarından qorxduğu üçün videoçəkiliş zamanı narkotik vasitə və elekron tərəzinin ona məxsus olmasını bildirmişdir” xüsusatları obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və özünü müdafiə xarakteri daşıyır. Məhkəmə, təqsirləndirilən şəxsin məhkəmə baxışı zamanı ifadəsində göstərdiyi sözü gedən xüsusatları ona cinayət məsuliyyətindən boyun qaçırmaya yönələn cəhd kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini işin faktiki hallarına uyğun olduğunu hesab edir və sübut kimi qəbul edir. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, o, Lənkəran rayonu, Velədi kəndində yerləşən fərdi yaşayış evində tək yaşayır. Övladları Bakı şəhərində yaşayır. Lənkəran şəhəri, Fizuli küçəsində yerləşən Lalə gözəllik salonunda dərzi işləyir. Həmçinin, yaşadığı ünvanda dərzi fəaliyyəti ilə məşğul olur. xx.xx.2023-cü il tarixdə saat 07:00-da yaşadığı ünvandan çıxaraq Bakı şəhərinə övladlarını görməyə getmişdir. Evdən çıxanda qapıları kilədləyərək çıxmışdır. xx.xx.2023-cü il tarixdə saat 18:30-da Bakı şəhərindən gələrək yaşadığı ünvana çatmışdır. Həyətə daxil olanda həyətdə və evin işıqlarının yanmadığını görmüşdür. Evin qarşısına, qapıya yaxınlaşanda qapının yerində çıxardılaraq sağ tərəfdə qoyulduğunu görmüşdür. İçəri baxanda əşyaların dəhlizə dağıdıldığını görmüşdür. Bu barədə polis şöbsinə məlumat vermişdir. Yaşadığı ünvana içəri daxil olanda əşyaların dağıdıldığını görmüşdür. Bu zaman o, yaşadığı evdən oğurluq olduğunu bilmişdir. Belə ki, ona məxsus yataq otağından divardan 600 manat qiymətində, 80 sm diaqonalı, “LG” markalı, plazma tipli televizor, 60 manat dəyərində “TP-link” markalı, internet modeminin, şkafdan komplekt olan – ona məxsus bir ədəd 3 qram çəkidə, 583 əyyarlı, 250 manat qiymətində qızıl üzük, bir ədəd, 200 manat qiymətində 2 qram çəkidə 583 əyyarlı qızıl klon, bir ədəd 3 qram çəkidə, 583 əyarlı, 200 manat qiymətində qızıl boyunbağı, bir ədəd 4 qram çəkidə, 583 əyarlı, 350 manat qiymətində bir cüt qızıl sırğanın, dəhlizdə çantanın içərisində qoyduğu, bir ədəd, 2 qram çəkidə, 800 əyarlı, 20 manat qiymətində 1 ədəd gümüş üzük, bir ədəd, 2 qram çəkidə, 800 əyarlı, 15 manat qiymətində 1 ədəd gümüş klon, 1 qram çəkidə, 800 əyarlı, 15 manat qiymətində 1 ədəd gümüş boyunbağı, bir ədəd, 3 qram çəkidə, 800 əyarlı, 30 manat qiymətində 1 cüt gümüş sırğa, 1 cütü 50 manat olmaqla 2 cüt 100 manat dəyərində yataq dəsti, 1 cüt 30 manat dəyərində yataq dəsti, istifadə olunmayan “Beynəlxalq bank”a məxsus kartı, 1 ədədi 12 manat olmaqla 2 ədəd 24 manat dəyərində hamam dəsmalı, 1 ədəd 80 manat dəyərində yun ədyal, 1 ədəd 10 manat dəyərində sintefon ədyal, bacım X4 ona verdiyi 1 ədəd 100 manat dəyərində qadın toy paltarı, 1 ədəd 50 manat dəyərində qadın idman geyimi, sonra evin altında yerləşən zirzəmidən 2 dəst, 12 parçadan ibarət olmaqla 50 manat dəyərində fincan, 1 dəst, 12 parçadan ibarət 70 manat dəyərində armudu stəkan dəsti, 1 ədəd 100 manat dəyərində nahar dəsti, həmçinin həyətyanı sahəsindən 1 ədədi 20 manat olmaqla 40 manat dəyərində 2 ədəd toyuq oğurlanmışdır. Ümumilikdə ona təxminən 3600 manat maddi ziyan vurulmuşdur. Həmçinin giriş qapısı yerindən sökülmüş və yaşayış evinin 2 ədəd pəncərəsi yararsız hala salınmışdır. Bunun nəticəsində də ona təxminən 300 manat ziyan dəymişdir. xx.xx.2023-cü il tarixdə, saat 02 radələrində ona məxsus telefona evdə qoyduğu istifadə etmədiyi bağlanmış “Beynəlxalq bank”a məxsus kart hesabından pul çıxarılmasına cəhd edilməsi barədə mesajlar gəlmişdir. Kartını oğurlayan şəxs kartdan pul çəkmək istəmişdir. Lakin oğurlanmış kartında cəmi 70 qəpik pul olmuşdur ki, onu da ələ keçirə bilməmişdir. Bundan sonra o, evindən oğruluq edən şəxsin həmkəndlisi Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Ona dəymiş ziyanın ödənilməsini xahiş edir. Təqsirləndirilən şəxsə ən ağır cəza verilməsini xahiş edir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Lənkəran şəhər rayon Polis Şöbəsinin əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs barəsində qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə bağlı əməliyyat məlumatı daxil olmuş və əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs 10 noyabr 2023-cü il tarixdə, saat 12:40 dəqiqədə Təqsirləndirilən şəxs Lənkəran rayonu, Velədi kəndi ərazisində piyada hərəkət etdiyini görüb onu nəzarətə götürmüşlər. Ona yaxınlaşaraq özlərini təqdim edib üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsində şübhələrin olduğundan onun üzərinə şəxsi axtarış keçirilməsini vacibliyini bildirib onu Lənkəran şəhər rayon polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində müdafiəçinin iştirakı ilə videoçəkiliş çəkilməklə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və predmet varsa təqdim etməyi təklif olunmuşdur. O da, əynində olmuş şalvarın sağ yan cibindən 01 (bir) ədəd şəffaf rəngli selofana bükülmüş bükümü, əynində olmuş qara rəngli gödəkçəsinin sol iç cibindən elektron tərəzini təqdim etmişdir. Götürülmüş 01 ədəd şəffaf rəngli selofana bükülmüş bükümə baxıldıqda bükümün içərisində narkotik vasitə heroinə bənzər maddə olduğunu müəyyən edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş heroini Lənkəran şəhəri, Böyük Bazar ərazisində tanımadığı şəxsdən 20 manata aldığını, elektron tərəzini isə narkotik vasitə aldığı zaman onu aldatmasınlar deyə üzərində gəzdirdiyini bildirmişdir. Bundan başqa təqhqiatçı tərəfindən başqa hər hansı bir cinayət əməli törədib-törətməməsi sualına Təqsirləndirilən şəxs Lənkəran rayonu, Velədi kəndində yaşayan Laləzar adlı şəxsin evindən oğurluq etdiyini, məişət əşyaları oğurladıqını bildirmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşı Şahid2 oğlu eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan məhkəmə məhkəmə kimyəvi ekspertizasının 10 noabr 2022-ci il tarixli 19/996 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxsn üzərində aşkar edilmiş kütlə....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi 2,283 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərində “Vət. Nəcəfov Rsulanın təqdim etdiyi elektron tərəzi....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd elektron tərəzinin üzərində narkotik vasitə heroin izləri vardır.Heroin iz şəklində olduğuna görə çəkisi müəyyən etmək mümkün olmamışdır. Tədqiqatdan sonrakı qalıq heroin 2,233 qram. Ekspertiza xərclərinə dair arayışa əsasən aparılmış tədqiqatın dəyəri 60 (altmış) təşkil edir. İş materiallarında olan 13 noyabr 2023-cü il tarixli 1033 saylı ambulator məcburinarkoloji tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında 2019-cu ildən “Opium narkomanlığı” qeydiyyatdadır. İş materiallarında olan 13 noyabr 2023-cü il tarixli 1125 nömrəli məhkəmə tibbiekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərindəhər-hansı bir xəsarət aşkar olunmamışdır. İş materiallarında olan 10 noyabr 2023-cü il tarixli videoçəkilişlə «şəxsi axtarış aparılması və götürmə aparılması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 noyabr 2023-cü il tarixdə saat 12:40 dəqiqədə Lənkəran şəhər rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran rayonu, Velədi kəndində piyada hərəkətdə olan zaman saxlanılaraq polis şöbəsinə gətirildikdən sonra müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan şalvarın sağ yan cibindən bir bükümdə narkotik vasitə heroinə bənzər kütlə, əynində olmuş gödəkçəsinin iç sol yan cibindən bir ədəd elektron tərəzi aşkar olunaraq zərfə qoyularaq götürülmüşdür. Üzərindən aşkar olunmuş narkotik vasitə heroini Lənkəran rayonu “Böyük Bazar” ərazisində olan zaman tanımadığı şəxsdən 20 manata almışdır. Həmçinin, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs polis əməkdaşının şifahi suallarına cavab olaraq narkotik vasitə istifadəçisi olduğunu, üzərindən aşkar olunaraq götürülmüş kütlələrin ona məxsus olduğunu və Lənkəran rayonu, Velədi kəndində yaşayan ərazisində Laləzar adlı qadının evindən məişət əşyaları oğurladığını bildirmişdir. İş materiallarında olan 31 oktyabr 2023-cü il tarixli videoçəkilişlə «evə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, Lənkəran rayonu, Velədi kəndində X2 məxsus fərdi yaşayış evindən oğurluq hadisəsi baş vermiş, baxış zamanı otaqlardan əşyaların dağınıq halda olduğu müəyyən edilmişdir. Fərdi yaşayış evinə daxil olan şəxs oradan yataq otağından bir ədəd plazma tipli, “LG” markalı televizoru; bir ədəd “TP-Link” markalı internet modemi; həmin otağın şkafından 1 komplekt, 12 qram çəkidə, 1 ədəd qızıl üzüyü, 1 ədəd qızıl klonu, 1 ədəd qızıl boyunbağı və 1 cüt qızıl sırğanı; 2 cüt yataq dəstləri; 2 ədədi 24 manat qiymətində hamam dəsmalı; yun ədyallar; qadın paltarı; qadın idman paltarı; dəhlizdəki şkafdan 80 manat qiymətində bir komplekt, 8 qram çəkidə, 1 ədəd gümüş üzük, 1 ədəd gümüş klonu, 1 ədəd gümüş boyunbağını və 1 cüt gümüş sırğanı; evin altında yerləşən zirzəmidən 2 fincan dəstini; stəkan dəstini və həyətindən isə bir cüt toyuğu oğurlamışdır. İş materiallarında olan 17 noyabr 2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, 1) Qeyd olunmuş bir ədəd, plazma tipli, “LG” markalı, 80 sm diaqonallı televizorun qiyməti 600 manatdır. 2) Qeyd olunmuş bir ədəd “TP-Link” markalı internet modeminin qiyməti 60 manatdır. 3) Qeyd olunmuş bir ədəd 3 qram çəkidə, 583 əyarlı, qızıl üzüyün qiyməti 249 manatdır. 4) Qeyd olunmuş bir ədəd, 2 qram çəkidə 583 əyyarlı qızıl klonun qimyəti 170 manatdır. 5) Qeyd olunmuş bir ədəd 3 qram çəkidə, 583 əyarlı, qızıl boyunbağının qiyməti 249 manatdır. 6) Qeyd olunmuş bir ədəd 4 qram çəkidə, 583 əyarlı, bir cüt qızıl sırğanın qiyməti 332 manatdır. 7) Qeyd olunmuş iki cüt yataq dəstinin bir cütünün qiyməti 50 manat olmaqla cəmi qiyməti 100 manatdır. 8) Qeyd olunmuş bir cüt sadə yataq dəstinin qiyməti 30 manatdır. 9) Qeyd olunmuş iki ədəd hamam dəsmalının bir ədədinin qiyməti 12 manat olmaqla cəmi qiyməti 24 manatdır. 10) Qeyd olunmuş bir ədəd yun ədyalının qiyməti 80 manatdır. 11) Qeyd olunmuş bir ədəd qadın toy paltarının qiyməti 100 manatdır. 12) Qeyd olunmuş bir ədəd qadın idman paltarının qiyməti 50 manatdır. 13) Qeyd olunmuş bir ədəd, 2 qram çəkidə, 800 əyarlı, 1 ədəd gümüş üzüyün qiyməti 20 manatdır. 14) Qeyd olunmuş bir ədəd, 2 qram çəkidə, 800 əyarlı, 1 ədəd gümüş klonun qiyməti 15 manatdır. 15) Qeyd olunmuş bir ədəd, 1 qram çəkidə, 800 əyarlı, 1 ədəd gümüş boyunbağının qiyməti 15 manatdır. 16) Qeyd olunmuş bir ədəd, 3 qram çəkidə, 800 əyarlı, 1 cüt gümüş sırğanın qiyməti 30 manatdır. 17) Qeyd olunmuş 2 dəst 12 parçadan ibarət fincan dəstinin bir dəstinin qiyməti 25 manat olmaqla iki dəstinin cəmi qiyməti 50 manatdır. 18) Qeyd olunmuş bir dəst armudu stəkan (12 parça) dəstinin qiyməti 70 manatdır. 19) Qeyd olunmuş bir dəst 48 parçadan ibarət nahar dəstinin qiyməti 100 manatdır. 20) Qeyd olunmuş bir cüt toyuğun bir ədədinin qiyməti 20 manat olmaqla cəmi qiyməti 40 manatdır. Ümumilikdə 2384 manat maddi ziyan dəymişdir. İş materiallarında olan 10 noyabr 2023-cü il tarixli «cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Lənkəran rayon məhkəməsinin 10 noyabr 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs olunmasının əvvəli 10 noyabr 2023-cü il tarixdən hesablanmmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 10 yanvar 2024-cü il tarixli «maddi sübut kimi tanınması haqqında» qərardan görünür ki, ekspertizadan sonra qalıq qalmış 2,233 qram narkotik vasitə heroin, bir ədəd elektron tərəzi və şəxsi axtarış və götürmə aparılmasının aparılmasının videogörüntüsünün özündə əks etdirən bir ədəd DVD disk maddi sübut kimi tanınmış, 2,233 qram narkotik vasitə heroin, bir ədəd elektron tərəzi Lənkəran ŞRPŞ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, bir ədəd DVD disk iş materiallarına əlavə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən, xx.xx.2019-cu il tarixli Lənkəran rayon məhkəməsinin hökmün surətindən, xx.xx.2021-ci il tarixli Bakı şəhəri Qaradağ rayon məhkəməsinin, qərarın, xx.xx.2021-ci il tarixli amnistiya aktının və Lənkəran rayon icra və probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2015-ci il tarixli Lənkəran rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cm-nın 177.2.3-1-ci maddəsinə əsasən 3000 manat cərimə cəzasına məhkum edilmişdir. xx.xx.2017-ci il tarixli Lənkəran rayon məhkməsinin hökmünə əsasən Azərbaycan Respublikası CM-nın 177.1,234.1, 67.1, 66.2-ci maddələrinə əsasən 02 il 06 ay maddəstinə əazadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixdə Salyan rayon məhkəməsinin qərarı ilə 11 ay 19 gün vaxtından əvvəl şərti azad edilmişdir. xx.xx.2019-cu il tarixli Lənkəran rayon məhkəməsinin hökümünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 67.1-ci maddələri ilə təqsirli bilinib 02 il 07 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Qaradağ rayon məhkəməsinin qərarı ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi 19 gün hissəsindən vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2021-ci il tarixdə cəzanın sonu ilə qeydiyyatdan çıxarılmışdır. xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2021-ci il tarixli Aministiya qərarının 2.11 bəndinə əsasən cərimə cəzasından azad edilmiş, məhkumluğu ödənilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs narkotik vasitələr və psixotrop maddələrin istifadəçisidir. Əvvəllər oğurluq və narkotik cinayət əməlinə görə məhkum olunmuşdur. İlkin olaraq Təqsirləndirilən şəxs narkotik vasitələrin əldə edilməsi, daşınması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatları daxil olsa da, keçirilmiş əməliyyat tədbirləri ilə sonuncunun narkotik vasitələrin satışı ilə məşul olması barədə əməliyyat məlumatları təsdiqini tapmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir büküm narkotik vasitə heroini Lənkəran şəhəri, Böyük Bazar ərazisində tanımadığı şəxsdən 20 manata aldığını bildirsədə, onun narkotik vasitə aldığı şəxsin kimliyini müəyyən etmək mümkün olmamışdır. Bundan başqa Təqsirləndirilən şəxs 2023cü ilin oktaybr ayının sonlarında Lənkəran rayonu, Velədi kəndi ərazisində yaşayan X1 fərdi yaşayış evindən məişət əşyalarını, oğurlamışdır. Oğurluq hadisəsini törədərkən tək olmuş, ona köməklik edən olmamışdır. Həmçinin, oğurladığı əşyaları kimə və ya hara satmasını məyyən etmək mümkün olmamışdır. Bu istiqamətdə əməliyyat-axtarış tədbirlərinin davam etdiriilidiyinin, müsbət nəticə əldə olunarsa istintaqa əlavə məlumat veriləcəyi göstərilmişdir. İş materiallarında olan 04 fnvral 2024-cü il tarixli Lənkəran şəhər Psixiatriya xəstəxanasının məktubundan görünür ki, Təqsirləndirilən şəxs xəstəxanada qeydiyyatda durmur. İş materiallarında olan Lənkəran rayonu, gərmətuk qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş yaşayış yeri, ailə tərkibi haqqında arayışdan və xasiyyətnamədən görünür ki, Nəcəfov X3 rayonu, Velədi kəndində qeydiyyatda olmaqla yaşqayır,ailə tərkibi atası və anasından ibarətdir, yaşadığı müddətdə narkotik vasitə istifadəçisi kimi tanınmış, dəfələrlə vətəndaşlara məxsus fərdi yaşayış evlərindən oğurluq etmiş, və həbs olunmuş, yaşayış yeri üzrə mənfi xarakterizə olunur. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, işdə olan digər sənədləri və maddi sübutları CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-in 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onun tərəfindən törədilmişdir, bu cinayətlərə görə ona ittiham verildiyi CM-in 234.4.3 və 237.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində o, təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 177.2.3 və 234.1-1-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından onun əməli qanuna müvafiq cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 177.2.3 və 234.1-1-ci maddələri ilə düzgün ittiham verilmişdir. Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli qanunların tələbləri baxımından da, əsaslı hesab edir. Belə ki, həmin Qanunların tələblərinə və izahına əsasən Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitə heroin “külli miqdar” kimi qiymətləndirilir. Beləliklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1- 1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddələri ilə təqsirli bilinərək, ona həmin maddələrin sanksiyaları daxilində cəza təyin edilməlidir. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında zərərçəkmiş şəxs X2 dəymiş 2384 manat maddi ziyanın ödənilməsi müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 59 və 61-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-1-ci maddələri ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı və həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və 2019-cu ildən “Opium narkomanlığı” ilə ərazi narkoloji xəstəxanasında qeydiyyatda olması nəzərə alınmalıdır. Zərərçəkmiş şəxs- X2 ödənilməmiş qalan 2384 (iki min üç yüz səksən dörd) manat ziyana görə Azərbaycan Respublikası CPM-in 180.3-cü maddəsinə əsasən məhkəmə istintaqı başlananadək mülki iddia verilmədiyindən hökm qanuni qüvvəyə mindikdən sonra mülki mühakimə icraatı qaydasında Təqsirləndirilən şəxs oğluna qarşı mülki iddia vermək hüquqları izah edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1 və 132.1.6-cı maddələrinə müvafiq olaraq iş üzrə maddi sübut kimi tanınaraq - Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan ekspertizadan sonra qalıq qalmış 2,233 qram narkotik vasitə heroin, bir ədəd elektron tərəzi məhv edilməli, iş materiallarında olan – şəxsi axtarış və götürmə aparılmasının videogörüntülərini özündə əks etdlirən bir ədəd DVD disk icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Məhkəmə eyni zamanda iş üzrə 60 (altmış) manat məbləğində ekspertiza xərcinin Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməsini, cəzasının çəkilmə müddətinin 10 noyabr 2023-cü il tarixdən başlanılmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3 və 234.1-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. CM-in 177.2.3cü maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 234.1- 1-ci maddəsi ilə ona 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzalar qismən toplanılmaqla qəti olaraq ona 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 10 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun, ərazi narkoloji xəstəxanada qeydiyyatda olması nəzərə alınsın. İş üzrə 60 (altmış) məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq - Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan ekspertizadan sonra qalıq qalmış 2,233 qram narkotik vasitə heroin və bir ədəd elektron tərəzi məhv edilsin. İş materiallarında olan – şəxsi axtarış və götürmə aparılmasının videogörüntülərini özündə əks etdlirən bir ədəd DVD disk icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Zərərçəkmiş şəxs- X2 ödənilməmiş qalan 2384 (iki min üç yüz səksən dörd) manat ziyana görə mülki mühakimə icraatı qaydasında Təqsirləndirilən şəxs qarşı mülki iddia vermək hüquqları izah edilsin. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Cavid Səfərli Hakimlər: Cəlil Nəbiyev Müşfiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar