Məhkəmə qərarları › İş №1(099)-399/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-399/2023

06.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-399/2023 06.06.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Hüseynov Nahid Nəsir oğlu (sədrlik edən), Quliyev Nizami Fərzi oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1990-ci ildə Sabirabad rayonu Qarağac kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Şirvan şəhər Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə 02 il 04 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş və Şirvan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə həmin cəzanın çəkilməmiş qalan 02 il ay 03 ay 07 gün hissəsi 01 il 01 ay 18 gün azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş, məhkumluğu olan, Sabirabad rayonu Qarağac kəndində qeydiyyatda olmaqla, Şirvan şəhəri M.Maqomayev küçəsi, ev 4-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və vaxtda külli miqdarda yəni, 2,294 qram narkotik vasitə heroini (bundan sonra- heroin) qanunsuz olaraq əldə edib, üzərində saxlamış, daşımış, 08 yanvar 2023-cü il tarixdə saat 18:40 radələrində Şirvan şəhər polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Şirvan şəhəri, M.İbrahimov küçəsində piyada hərəkət edən zaman saxlanılaraq Şirvan şəhər Polis Şöbəsinin (bundan sonra – Şirvan ŞPŞ) inzibati binasına gətirilmiş və həmin tarixdə saat 19:45-də üzərinə şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli cins şalvarın sağ yan cibində qanunsuz olaraq saxladığı 01 ədəd polietilen bükümdə təmiz çəkisi-2,294 qram heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, saxlanılarkən onun üzərində heç bir narkotik vasitə olmamışdır. 08 yanvar 2023-cü il tarixdə onu Şirvan şəhərində küçədə hərəkətdə olarkən saxlamışlar. Həmin vaxt üzərində 5 manat pulu olmuş və narkotik vasitə almaq üçün küçədə olmuş, lakin üzərində hər hansı narkotik vasitə olmamışdır. Həmin vaxt ağrıları olduğundan narkotik vasitəyə ehtiyacı olmuşdur. Əgər cinayət işi materiallarında yazıldığı kimi üzərində narkotik vasitə olsaydı onu üzərində saxlamaz istifadə edərdi. Çünki o, narkotik istifadəçisi olmuş, 5-6 dəfə narkoloji müəssisədə müalicədə olmuşdur. Onun üzərində olan narkotiki Fərman adlı polis əməkdaşı üzərinə qoymuş və onu CM-in 234.1-ci maddəsi ilə məsuliyyətə cəlb edəcəklərini, məhkəmənin də onu tutmayacağını bildirmişdir. Narkotikə ehtiyacı olduğundan ağrıları olmuş, buna görə də polis əməkdaşlarından canını qutarmaq üçün onların dedikləri ilə razılaşmış və Fərmanın verdiyi narkotik vasitəni cibinə qoyaraq təqdim etmişdir. Lakin bundan sonra ona CM-in 234.4.3-cü maddəsi ilə ittiham elan edilmişdir. O, narkotik istifadəçisi olmuş, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, ibtidai istintaq zamanı ifadələrinə baxmadan imza etmişdir. Əvvəllər CM-in 234.1-ci maddəsi ilə məhkum olunmuş, ayağında “qandalı” olmuşdur. O, heroindən istifadə etmiş, heroin əldə etdiyi adam tutulduğundan, sonradan tramadol adlı dərmandan istifadə etmişdir. Üzərinə şəxsi axtarış keçirilməmişdən əvvəl Fərman ona CM-in 234.1-ci maddəsi ilə məsuliyyətə cəlb ediləcəyini dediyindən polis əməkdaşlarının dediklərini etmişdir. Barəsində həbs qətimkan tədbiri seçilərkən ona 04 ay müddətdə həbs qətimkan tədbiri seçiləcəyini bilmədiyindən üzərində narkotik olmaması barədə hakimə heç nə deməmiş, həmçinin bu barədə ibtidai istintaq zamanı vəkilinə də heç nə deməmişdir. Təqsirləndirilən şəxs qardaşının qazi olduğunu, anasının xəstə olduğunu, narkotik vasitələrin istifadəçisi olduğunu nəzərə alıb ona yüngül cəza verilməsini xahiş etmişdir. Cinayət işi materiallarından görünür ki, Azərbaycan Respublikası CPM-in 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı müvafiq olaraq 09 və 10 yanvar 2023-cü il tarixlərdə müvafiq olaraq şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində özünü ona qarşı irəli sürülmüş ittiham üzrə qismən, yəni Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilmiş və məhkəmə istintaqında qeyd etdiyindən fərqli olaraq göstərmişdir ki, 08 yanvar 2023-cü il tarixdə saat 15 radələrində yaşadığı Şirvan şəhəri, M.Maqomayev küçəsində piyada hərəkətdə olan zaman yerdə bir ədəd sellofan büküm görmüş və həmin bükümü yerdən götürüb açıb içərisinə baxdıqda, içərisində heroin olduğunu görmüş, həmin bükümü istifadə etmək üçün özü ilə götürmüş, həmin gün saat 18 radələrində şəhərin M.İbrahimov küçəsində olarkən polis əməkdaşları onu saxlayıb Şirvan ŞPŞ-yə gətirmiş, orada üzərində video kamera vasitəsi ilə şəxsi axtarış keçirilmiş, həmin vaxt o, əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoymuş və həmin sellofan bükümdə heroin olduğunu, yerdən tapdığını və istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Polis əməkdaşları onu polis şöbəsinə gətirərkən və polis şöbəsində olarkən ona zor tətbiq etməmişlər. Həmin narkotik vasitəni istifadə etmək üçün üzərində saxlamış, narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Verilmiş sualları cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, elan olunmuş ifadələrini təsdiq etmir, narkotiki heç kim yerə tökməmişdir ki, o, da tapsın. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şirvan ŞPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 08 yanvar 2023-cü il tarixdə xidmətdə olarkən Şirvan şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində saxlaması və istifadə etməsi barədə məlumat daxil olmuş, bununla əlaqədar əməliyyat qrupu yaradılmış, qrup üzvləri ilə birlikdə həmin gün saat 18:40 radələrində Şirvan şəhəri, M.İbrahimov küçəsində Təqsirləndirilən şəxs saxlayıb Şirvan ŞPŞ-yə dəvət etmişlər. Burada Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, sonuncu əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümü təqdim etmiş, həmin 1 ədəd sellofan bükümün içərisindən narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən olunmuşdur. Şifahi suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin 1 ədəd sellofan bükümdə olan kütlə heroindir, həmin maddəni yerdən tapmış və istifadə etmək üçün üzərində saxlamışdır. Bundan başqa o, bildirmişdir ki, Təqsirləndirilən şəxs Şirvan şəhər sakini kimi tanımış, sonuncunun həmin şəhər ərazisində narkotik vasitələrdən istifadə etməsi barədə ona məlumat daxil olmuş, həmçinin Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə də məşğul olması barədə əməliyyat məlumatları daxil olsa da, sonuncunun kimə və ya kimlərə narkotik vasitə satması barədə müsbət nəticə əldə etmək mümkün olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 da Şahid1 göstərdiklərini təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; - ilkin araşdırma materiallarından, yəni 08 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində tərtib edilmiş əməliyyat məlumatının daxil olduğu barədə raport, “Əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə” qərar, onun icra edilməsinin nəticəsi barədə raport, sonuncunun üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol və ona əlavə edilmiş diskin yaddaşına yazılmış videogörüntülərdən iş üzrə Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbiri və şəxsi axtarışın keçirilməsi əsası, mexanizmi və nəticələri, bu zaman müəyyən edilmiş halların iş üzrə məhkəmə istintaqında şahid qismində dindirilmiş şəxsin ifadələrində göstərilmiş qaydada baş verdiyi müəyyən edilir (səh. 3-9, 28-30). -“cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” 08 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:30-da şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 20-21) - “şəxsi axtarış və götürmə aparılması haqqında” 08 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümdə narkotik vasitə heroinə bənzər maddə aşkar olunaraq götürülmüşdür. (i.v. 28-30) -materialların məhkəmə ekspertizasının 09 yanvar 2023-cü il tarixli, 18/23 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində «...Təqsirləndirilən şəxs üzərindən…» sözləri yazılmış kağız paketdəki 01 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi-2,294 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata sərf edildi-0,05 qram, qalıq-2,244 qram. ( i.v. 36-38) -cinayət işi üzrə əməlin tövsif edilməsi barədə 10 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə istintaq edilən hazırkı cinayət işi həmin Məcəllənin 234.4.3-cü maddəsinə tövsif edilmişdir. ( i.v. 49) - “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 10 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. ( i.v. 51-52) -Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(032)-13/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 08 yanvar 2023-cü il tarixdən hesablanmışdır. (i.v. 66-67) -Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 5(032)-28/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Şirvan ŞPŞ-nin əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərar qanuni hesab edilmişdir. (i.v. 85-86) - Şirvan ŞPŞ-nin əməliyyat işləri üzrə rəis müavini tərəfindən imzalanmış 24 mart 2023-cü il tarixli məktubdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroini satış məqsədi ilə üzərində saxlaması, üzərindən aşkar olunmuş narkotik vasitənin kimdən, hardan əldə etməsi, o cümlədən hansı şəxslərə satması və ya satacağı barədə dəqiq məlumatın olmaması müəyyən edilmişdir. (i.v. 97) -Ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2023-cü il tarixli, 1818 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 101-102) Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlilləri, yəni: -məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilərkən üzərində hər hansı narkotik vasitə olmaması, narkotik asılılığına görə ağrıları olduğundan polis əməkdaşlarının Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə məsuliyyətə cəlb ediləcəyi barədə yalan vədləri ilə razılaşıb onların verdiyi bükümü cibindən çıxararaq təqdim etməsi barədə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi həqiqətə uyğun deyil, onun müvafiq məzmunlu ifadə verməsi əsassız olaraq törətdiyi cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Təqsirləndirilən şəxs tərəfindən qeyd edilən ifadə özünü müdafiə məqsədi ilə deyildiyindən və məhkəmədə heç bir sübutla təsdiq edilməməklə, işin hallarına uyğun gəlmədiyindən habelə istintaq hərəkəti protokolları, şahid ifadələri, ekspertiza rəyləri və digər sənədlər ilə tamamilə təkzib edildiyindən məhkəmə həmin ifadəni inandırıcı hesab etmir və sübut kimi qəbul etmir. Belə ki, təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə verdiyi şübhəli və təqsirləndirilən şəxs qismində ifadələrində narkotik vasitəni yerdən tapdığını, şəxsi istifadə etməsi üçün üzərində saxladığını, polis əməkdaşları tərəfindən ona hər hansı fiziki zor, hədə-qorxu tətbiq edilmədiyini bildirmişdir. Həmçinin məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şirvan ŞPŞ-nin yuxarıda adı qeyd edilən əməkdaşı da ifadəsində bir daha təsdiq etmişdir ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən sonuncu cibindən heroini çıxarıb təqdim etmiş, şifahi sorğu zamanı narkotik vasitənin ona məxsus olmasını, küçədə yerdən tapdığını bildirmiş, hər hansı etirazı olmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarlayuxarıda sadalanan ekpert rəyi və istintaq hərəkətinin protokolları, o cümlədən iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini inandırıcı hesab edir və onun məhkəmə istintaqı zamanı verdiyi ifadəsini (üzərində hər hansı miqdarda narkotik vasitənin olmaması, polis əməkdaşlarının onu aldatması səbəbindən onların verdiyi bükümdə olan heroini təqdim etməsi hissədə) özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Məhkəmə hazırki məhkəmə istintaqı zamanı da təqsirləndirilən şəxs tərəfindən polis əməkdaşları tərəfindən aldadılması ilə bağlı əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini, bununla yanaşı, onun hadisə ilə bağlı təfərrüatlı ifadə verməyərək ümumi olaraq polis əməkdaşlarının onun Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə məsuliyyətə cəlb ediləcəyini bildirmələri səbəbindən sonuncuların üzərinə qoyduğu bükümü cibindən çıxarıb təqdim etdiyini bildirməsini nəzərə alaraq göstərilən xüsusata təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir. Belə ki, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmadığı halda hansı səbəbdən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunmağa razı olduğunu da əsaslandıra bilməmişdir. Həmçinin təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı üzərində hər hansı növdə narkotik vasitə olmadığını bildirsə də ibtidai istintaq zamanı verdiyi ifadələrində belə bir hal göstərməmiş, əksinə verdiyi ifadələrində özünü elan olunmuş ittihamla deyil, CM-in 234.1ci maddəsi ilə təqsirli bilmişdir. -bundan əlavə Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü digər dəlili – narkotik vasitələrin satışı ilə məşğul olmaması barədə ifadə verməsi ilə bağlı məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdiyi bütün ifadələrində narkotik vasitə istifadə etdiyini, lakin narkotik vasitələrin satışı ilə məşğul olmadığını qeyd edərək özünü müdafiə etmək üçün dəlil irəli sürmüşdür. Məhkəmə cinayət-prosessual qanunvericiliyin müddəalarının tələblərinə əsaslanaraq hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamı həm sübutlar, həm də hüquqi tövsif baxımından sübuta yetirmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin ona qarşı irəli sürülmüş ittihamda göstərilən cinayət əməlini törətməkdə təqsiri ehtimalla deyil, yalnız mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübutların məcmusuna əsasən müəyyən edilməlidir. Həmin ittihamın sübut olunmasında digər sübutlarla aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. İş üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsində isə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən heroin narkotik vasitə hesab edilir. Heroin şəxsi istehlak miqdarından (qramla) artıq miqdarının yuxarı həddi 0,15 qram, külli miqdarının (qramla) isə aşağı həddi 2,0 qramdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarında göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla, narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işi materiallarından görünür ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə ona görə ittiham irəli sürmüşdür ki, o, satış məqsədi ilə qanunsuz olaraq bir ədəd bükümdə təmiz çəkisi 2,294 qram, yəni külli miqdar təşkil edən heroini əldə etmiş, üzərində saxlamışdır. Cinayət işi materiallarında olan “Cinayət işinin başlanması haqqında” 09 yanvar 2023-cü il, “şübhəli şəxs qismində tutma haqqında” 08 yanvar 2023-cü il tarixli qərarlardan (i.v. 1; 17) görünür ki, cinayət işi Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə başlandıqdan və Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulmuş cinayət əməlinə görə şübhəli şəxs qismində tutulduqdan 2 (iki) gün sonra ibtidai istintaq orqanı sonuncunun üzərindən aşkar edilmiş heroinə münasibətdə satış məqsədinin olması barədə hər hansı sübut növü əldə etmədən, qəbul etdiyi “cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” qərarla yalnız Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş heroinin təmiz çəkisinin 2,294 qram olmaqla, külli miqdarının ən aşağı həddi olan 2,0 qramdan çox olmasına istinad etməklə sonuncunun törətdiyi əməli Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinə tövsif etmiş və həmin maddə ilə ona ittiham elan etmişdir. Halbuki, Təqsirləndirilən şəxs hər hansı şəxsə narkotik vasitə satması hər hansı halla təsdiq olunmamış, həmçinin onun üzərində aşkar edilmiş narkotik vasitə bir bükümdə olmuş, çəkilib xırda bağlamalara bükülməmiş, Təqsirləndirilən şəxs hər hansı narkotik istehlakçısı ilə əvvəlcədən razılıq əldə etməmiş, onda narkotik vasitələrin, onların hazırlanması üçün hər hansı avadanlıq olmamışdır. Məhkəmə hesab edir ki, göstərilən hallar ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamın əsassız olmasının ilkin əlamətləridir. Məhkəmə qeyd edilən cinayət-prosessual qanunvericiliyin müddəaları və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsaslanaraq belə qənaətə gəlir ki,: - həm ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs qarşı irəli sürdüyü ittihamın əsassız olmasına işarə edən, yuxarıda göstərilmiş ilkin əlamətlər, həm də, - məhkəmə-narkoloji ekspertizasının 01 aprel 2023-cü il tarixli, 1818 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunması, - onun üzərindən aşkar edilmiş heroinin bir ədəd bükümdə, təmiz çəkisi 2,294 qram, yəni külli miqdarının aşağı həddindən yalnız 0,294 qram çox olması, - onun məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdiyi bütün ifadələrində üzərindən aşkar edilmiş heroinin satış deyil, şəxsən istifadə etmək məqsədi ilə əldə etməsi, saxlaması və daşımasını göstərməsi, - ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs əvvəllər psixotrop maddələr və ya narkotik vasitələrin satışı ilə məşğul olması, üzərindən aşkar edilmiş heroinə münasibətdə başqa istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi və ya satış niyyətində olmasına dair hər hansı məlumat (məsələn, istifadəsində olmuş mobil nömrəyə dair telefon danışıqları haqqında), heroinin hazırlanması və çəkilib xırda bükümlərə bölünməsi üçün hər hansı avadanlıq (məsələn, elektron tərəzi) və ya digər sübut növü aşkar edə bilməməsi, müvafiq sübutların olub-olmadığını yoxlamaq üçün Təqsirləndirilən şəxs yaşadığı evə və istifadəsində olmuş mobil telefona baxış keçirməməsi, - göstərilən halların ümumi məcmusunun sonuncunun üzərindən aşkar edilmiş heroini əldə etməsi, üzərində saxlamasından ibarət hərəkətləri həmin heroindən şəxsən istifadə etmək niyyəti ilə etməsi anlamını verməsi və ya buna əsaslı şübhə yaratması, ittiham tərəfinin bu şübhəni digər sübut növü ilə aradan qaldıra bilməməsi, həmin kütləyə münasibətdə satış niyyətində olması barədə nəticəyə gəlməyə əsas verməməsi, buna görə də Təqsirləndirilən şəxs xeyrinə təfsir edilməli olması iş üzrə törətdiyi cinayət əməlinin ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinə düzgün tövsif edilmədiyi, həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli olduğu barədə nəticəyə gəlməyə tam əsas verir. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrində üzərindən aşkar edilmiş heroinin şəxsi istifadə məqsədi ilə əldə etməsi, üzərində saxlaması, həmin kütləyə dair satış niyyətinin olmaması barədə irəli sürdüyü dəlil əsaslı hesab edir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normaları, hüquqi mövqeləri və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini anlaqlı vəziyyətdə törətməsi ibtidai istintaq zamanı özünün verdiyi etirafedici ifadələri ilə yanaşı, Şahid1 , Şahid2 və Şahid3 şahid qismində verdiyi ifadələri, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol və ona əlavə edilmiş diskin yaddaşına yazılmış videogörüntülər, materialların məhkəmə ekspertizasının 09 yanvar 2023-cü il tarixli, 18/23 nömrəli rəyi, ambulator məcburi-narkoloji tibbi yoxlamanın 01 aprel 2023-cü il tarixli, 1818 nömrəli nömrəli rəyi, digər istintaq hərəkəti protokolları və sənədlər, iş üzrə maddi sübut qismində tanınmış heroinin qalığı, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şirvan şəhər Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli, 1(032)257/2022 hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 02 il 04 ay 22 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. (i.v. 90-91) - Şirvan şəhər Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli, 1(032)257/2022 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib ona 02 il 04 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Eləcə də Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 7(032)-9/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 02 il 03 ay 07 gün hissəsi 01 il, 01 ay, 18 gün azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmişdir. (i.v.110- 117; 118-123) Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən həmin əmələ münasibətdə məhkumluğu ödənilməsə də, Azərbaycan Respublikası CM-in 18.4.4-cü maddəsinə əsasən bu məhkumluq cinayətin residivini yaratmır. - Şirvan ŞİHB-nın 1 nömrəli sahə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamə və arayışdan görünür ki, Təqsirləndirilən şəxs subaydır, ünvan 1 ünvanında qeydiyyatsız yaşayır, barəsində Nümayəndəliyə yazılı və ya şifahi olaraq heç bir şikayət daxil olmamışdır. (i.v. 94-95;) Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2 və 58.3-cü maddələrini rəhbər tutaraq, onun törətdiyi cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və törədilməsi hallarını, üzərindən aşkar edilmiş heroinin təmiz çəkisinin 2,294 qram olması, yaşayış yeri üzrə normal xasiyyətləndirilməsindən ibarət şəxsiyyətini xarakterizə edən halları, cəzasını yüngülləşdirən və məhkumluğu olsa da cəzasını ağırlaşdıran halın olmadığını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki,: Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsinin sanksiyası həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən təyin edilməlidir. Bundan əlavə Şirvan şəhər Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli, 1(032)257/2022 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib ona təyin olunmuş 02 il 04 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası, eləcə də Şirvan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 7(032)9/2023 saylı qərarı ilə həmin cəzanın çəkilməmiş qalan 02 il ay 03 ay 07 gün hissəsi 01 il 01 ay 18 gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz edildiyindən həmin cəza Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hazırkı cinayət işi üzrə ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməlidir. Ona Azərbaycan Respublikası CM-in 67.1 və 68.1.1-1-ci maddələrinin tələblərinə uyğun olaraq qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə, Azərbaycan Respublikası CPM-in 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 08 yanvar 2023-cü il tarixdən hesablanmalı və Şirvan Şəhər Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə-narkoloji ekspertizasının 01 aprel 2023-cü il tarixli, 1818 nömrəli rəyi nəzərə alınaraq, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-in 197.1.4 və 198.1-ci maddələrinə əsasən ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik məbləğində pul tutulub Azərbaycan Respublikası Dövlət büdcəsinin hesabına ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınaraq Şirvan ŞPŞ-də saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkisi 2,244 qram təşkil edən heroin məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zamanı qeydə alınmış videogörüntülərin əks olunduğu 01 ədəd disk iş materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə təyin edilməsi üçün hər hansı əsas yoxdur. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Şirvan şəhər Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli, 1(032)257/2022 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib ona təyin olunmuş 02 il 04 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası, eləcə də qeyd edilən cəzanın çəkilməmiş qalan 02 il ay 03 ay 07 gün hissəsi Şirvan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 7(032)9/2023 saylı qərarı ilə 01 il 01 ay 18 gün müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edildiyindən həmin cəza Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin olunmuş 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə ona qəti olaraq 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı şübhəli şəxs qismində tutulduğu 08 yanvar 2023-cü il tarixdən hesablansın. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Şirvan ŞPŞ-də saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 2,244 qram çəkidə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zamanı qeydə alınmış videogörüntülərin əks olunduğu 01 ədəd disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar