Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-40/2022 13.01.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Musayev Aqil Əlisa oğlu (sədrlik edən), Quliyev Nizami Fərzi oğlu və Səfərli Cavid Şamil oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X9, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X3 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı Balabəy oğlu, zərərçəkmiş şəxsin hüquqi varisi X10, Təqsirləndirilən şəxs və müdafiəçisi - Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1989-cu il tarixdə Kürdəmir rayonu, Şıxımlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməmiş, məhkumluğu olan, Kürdəmir rayonu, Şıxımlı kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 120.2.2 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 22 iyun 2021-ci il tarixdə saat 18 radələrində Kürdəmir rayonu, Xırdapay kəndində yerləşən “Elsevər” adlı kafedə bibisi oğlu Şahid2 və qohumu Şahid3 Hacıoğlan oğlu ilə pivə içdikdən sonra sərxoş vəziyyətdə olduğuna görə sonuncuların təşəbbüsü ilə kafedən getsə də, saat 21 radələrində həmin kafeyə qayıdıb Şahid2, Şahid3 və sonuncuların tanışı olmuş X11 ilə kafenin həyətində yeyib-içərkən Şahid2la fəhlə-usta münasibətləri barəsində etdiyi söhbət zaman bu barədə normal qaydada fikir bildirmək istəmiş Ruslan Əsədova saymazyana şəkildə “sən sus” deməklə sonuncu ilə arasında sözlü mübahisənin yaranmasına təşəbbüskar olmuş, Ruslan Əsədovun məhz bu sözün təsiri altında ona “butulkanı başına çırparam, cəhənnəm ol” məzmununda cavab verməsindən əsəbi və sərxoş vəziyyətdə olması səbəbindən əsəbiləşmiş, Şahid2 onu sakitləşdirməsindən sonra kafedən getsə də, Ruslan Əsədovu qəsdən münaqişəyə cəlb etməklə öldürmək qərarına gələrək Kürdəmir rayonu, Şıxımlı kəndində yaşadığı evin zirzəmisində gizlətdiyi, soyuq silah hesab edilməyən təsərrüfat məişət təyinatlı bıçağı götürüb saat 23 radələrində yenidən həmin kafenin həyətinə gəlmiş, masa arxasında əyləşmiş Ruslan Əsədovu əli ilə işarə edib yanına çağırdıqdan sonra kafenin qarşısında “bəs deyirdin butulkanı başıma çırpacaqsan, vur görüm, necə vurursan” deməklə qəsdən münaqişəyə cəlb etmiş, öz şəxsiyyətini sonuncunun şəxsiyyətinin fövqündə qoyub insanlar arasında bərqərar olmuş davranış və birgəyaşayış qaydalarına zidd hərəkətlərə yol verərək, ətrafdakılara hörmətsizlik göstərən eqoizmini nümayiş etdirmiş və Ruslan Əsədovla arasında mövcud olmuş sözlü mübahisənin davam etməsinə təşəbbüskar olmuş, sonuncu məhz bu söz və halların təsiri altında ona “cəhənnəm ol, əclafın biri əclaf, oğraşsan sən” dedikdən sonra cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə, kafedə əyləşmiş çoxsaylı şəxslərə qarşı da əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərməklə xuliqanlıq niyyətilə qəsdən öldürmək məqsədilə şalvarının sağ arxa cibindən çıxardığı bıçaqla Ruslan Əsədovun boyun nahiyəsinə bir dəfə qəsdən zərbə vurmaqla sonuncunu boynun sol yarısında boyun üzvlərinin (arteriya və venaların) zədələnməsinə görə kütləvi qanitirmə və hemorragik şokla nəticələnib ölümünə səbəb olan, bir ədəd kəsilmiş-deşilmiş yaradan ibarət, yetirilmə anında həyat üçün təhlükəli olmaqla sağlamlığa ağır zərər vurmaya aid olan və alın nahiyəsinin sıyrığından ibarət, sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə xuliqanlıq niyyətilə qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində özünü ona qarşı irəli sürülmüş ittihamın Azərbaycan Respublikası CM-in 120.2.2-ci maddəsi ilə bağlı olan hissəsi üzrə tam təqsirli bilmiş, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadələrinin məzmununu təsdiq edərək göstərmişdir ki, 22 iyun 2021-ci il tarixdə saat 17 radələrində Kürdəmir rayonu, Xırdapay kəndində yerləşən “Elsevər” adlı kafeyə gəlmiş, orada araq içdikdən, bibisi oğlu Şahid2 (bundan sonra - Cavidan) və qohumu Şahid3 Hacıoğlan oğlu (bundan sonra - Qalib) ilə pivə içdikdən sonra sonuncuların onunla yeyib-içmək istəmədiklərini görüb kafedən çıxmış, Şıxımlı kəndində yerləşən köhnə bazara getmiş, saat 21 radələrində yeyib-içmək məqsədilə yenidən həmin kafeyə gəlmiş, həyətdə Cavidan və Qalibin olduqları masa ətrafında əyləşmişdir. Bir az sonra əvvəllər tanımadığı, Cavidanın tanışı olmuş X11 (bundan sonra - Ruslan) kafenin həyətinə gəlib onların olduqları masa ətrafında əyləşmiş, onlar bir yerdə yemək yemiş və araq içmişlər. Cavidan, Qalib və Ruslan usta işləmişlər. Cavidan usta işlədiyinə görə tikinti işlərində əsas işin usta tərəfindən yerinə yetirildiyini, görülən işdə fəhlə əməyinin rolunun olmadığını demişdir. O, fəhlə işlədiyinə görə Ruslanın bu sözündən əsəbiləşmişdir. Cavidandan əvvəllər fəhlə işləyib-işləmədiyini soruşmuş, Ruslan bu söhbətə qarışmaq istədikdə sonuncuya “sən sus” demişdir. Bu sözü onunla Ruslan arasında mübahisənin yaranmasına səbəb olmuşdur. Ruslan onun sözündən əsəbiləşib ayağa qalxmış, ona cavabında “məni tanımırsan, cəhənnnəm ol, butulkanı başına vuracam” demişdir. O, sərxoş vəziyyətdə olduğuna görə Ruslanın bu sözündən əsəbiləşmişdir. Cavidan Ruslanı sakitləşdirmiş, onu isə kafenin həyətindən çölə çıxarmışdır. Sərxoş vəziyyətdə olduğuna görə hislərini idarə edə bilməmiş, Ruslanı ona dediyi sözə görə, yəni hər hansı əsaslı səbəb olmadan qəsdən münaqişəyə cəlb edib öldürmək qərarına gəlmişdir. Buna görə də Kürdəmir rayonu, Şıxımlı kəndində yaşadığı evin zirzəmisindən bıçağı götürüb şalvarının sağ arxa cibinə qoymuş və həmin kafeyə qayıtmış, saat 23 radələrində kafenin həyətinə daxil olub orada masa ətrafında Cavidan və Qaliblə əyləşmiş Ruslanı əli ilə işarə edib yanına çağırmışdır. Buna görə də sonuncu yanına gəlmiş, onlar kafenin həyətindən çölə çıxmışlar. İfadəsinin bu hissəsinə qədər həmin kafenin həyətində baş verdiyini göstərdiyi hadisələri Cavidan, Qalib, kafedə ofisiant işləmiş Şahid1 gördüyünü dəqiq bilir. Kafenin qarşısında Ruslana münaqişəyə cəlb etmək məqsədilə “Bəs deyirdin butulkanı başıma çırpacaqsan, vur görüm, necə vurursan” demişdir. Ruslan ona cavabında “Cəhənnəm ol, əclafın biri əclaf, oğraşsan sən” deyəndən dərhal sonra sağ əli ilə şalvarının arxa cibindən çıxardığı bıçaqla Ruslanın boynunun ön səthinin sol tərəfinə qəsdən bir dəfə zərbə vurmuş, sonuncu yerə yıxıldıqdan sonra bıçağı yerə atıb oradan uzaqlaşmışdır. Həmin vaxt yaxınlıqda hər hansı şəxs görməmişdir. Hadisə zamanı Ruslanla aralarında dalaşma olmamışdır. Polis əməkdaşları onu Şıxımlı kənd məktəbinin yaxınlığında saxlayaraq polis şöbəsinə gətirmişlər. İş üzrə ibtidai istintaq zamanı bütün ifadələrini müdafiəçisinin iştirakı ilə vermiş, bu zaman ona qarşı hər hansı qanunsuz hərəkət edilməmişdir. 30 sentyabr 2021-ci il tarixli ifadəsini şəxsən yazmışdır. Ruslanı qəsdən öldürməsindən ibarət əməlindən səmimi peşimandır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs barəsində ədalətli cəza təyin edilməsini xahiş etmişdir. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs iş üzrə ibtidai istintaq zamanı sonuncu dəfə, yəni 30 sentyabr 2021-ci il tarixdə verdiyi və şəxsən yazdığı ifadəsində 22 iyun 2021-ci il tarixdə saat 23 radələrində sərxoş və əsəbi olduğu üçün hər hansı əsaslı səbəb olmadan X7 münaqişəyə cəlb edib üzərində olmuş bıçaqla boyun nahiyəsinə qəsdən bir dəfə zərbə vurmaqla öldürdüyünü, əgər sərxoş və əsəbi vəziyyətdə olmasaydı, Ruslan Əsədovu öldürməyəcəyini bildirmiş, 24 iyun 2021-ci il tarixdə videoçəkiliş aparılmaqla ifadəsi yerində yoxlanılarkən ifadəsində bildirdiyi bütün halları yerində göstərmişdir (İ cild, səh. 55-57, İİ cild, səh. 25, 26). Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X10 ifadəsində göstərmişdir ki, iş üzrə cinayət hadisəsinin baş verdiyi vaxt yaşadığı evdə olmuşdur. Sonradan iş üzrə cinayət hadisəsinin Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi kimi baş verdiyini eşitmişdir. Sonuncu qardaşı Ruslanı münaqişəyə cəlb etməklə xuliqanlıq niyyətilə qəsdən öldürmüşdür. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X2 Ramazan Çingiz oğlu ilə barışmadığını bildirmiş, sonuncuya işin faktiki halları nəzərə alınaraq azadlıqdan məhrumetmə cəzasının yuxarı həddə təyin olunmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1, Şahid2 və Şahid3 Hacıoğlan oğlu, həmçinin ibtidai istintaq zamanı verdikləri ifadələrinin məzmununu təsdiq etmiş, Təqsirləndirilən şəxs ilə ifadəsində işin hallarının sonuncunun hadisə zamanı X11 ilə “Elsevər” adlı kafenin həyətindən çölə çıxmalarına kimi baş verən hissələri barədə eyni məzmunda göstərmiş və əlavə olaraq qeyd etmişlər ki, 22 iyun 2021-ci il tarixdə saat 23 radələrində Təqsirləndirilən şəxs ilə X1 həyətindən çölə çıxıb kafenin qarşısında qarşıqarşıya dayanarkən Təqsirləndirilən şəxs qəfildən bıçaqla Ruslan Əsədovun boyun nahiyəsinə zərbə vurmasını, sonuncunun yerə yıxıldığını görmüş, buna görə də dərhal sonra hadisə yerinə gələndə sonuncunun boyun nahiyəsindən çoxlu miqdarda qan axmasını görmüşlər. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş: - “Hadisə yerinə baxış keçirilməsi haqqında” 22 iyun 2021-ci il tarixli protokol və ona əlavə edilmiş fotocədvəllərdən görünür ki, iş üzrə cinayət hadisəsi Kürdəmir rayonu, Xırdapay kəndində yerləşən “Elsevər” adlı kafenin qarşısında baş vermişdir. Baxış zamanı kafenin həyətinə giriş qapısından 3 metr aralıda X4 meyiti, onun yaxınlığında qanabənzər gölməçə və bir ədəd bıçaq aşkar edilmiş, həmin bıçaq və hadisə yerindən iki ədəd pambıq tampona hopdurulmuş qan nümunələri qablaşdırılıb götürülmüşdür (İ cild, səh. 4-11). - “Meyitə baxış keçirilməsi haqqında” 22 iyun 2021-ci il tarixli protokol, ona əlavə edilmiş fotocədvəllər və bir ədəd diskin yaddaşına yazılmış videogörüntülərdən görünür ki, X4 meyitinin xarici müayinəsi keçirilərkən üzərində məhkəmə-tibb ekspertizasının 23 avqust 2021-ci il tarixli, 06 nömrəli rəyində göstərilmiş xarici müayinəyə aid xəsarətlər aşkar edilmiş, hadisə zamanı sonuncunun əynində olmuş bir ədəd qolsuz köynək, cins şalvar və alt tuman qablaşdırılaraq götürülmüşdür (İ cild, səh. 12-17). - “Götürmə aparılması haqqında” 23 iyun 2021-ci il tarixli protokol və ona əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş bir ədəd qısaqol köynək və cins şalvar qablaşdırılaraq götürülmüşdür (İ cild, səh. 50-54). - “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında” 23 iyun 2021-ci il tarixli, 157 nömrəli aktda göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs orta dərəcəli alkoqol sərxoşluğu vəziyyəti müəyyən edilmişdir (İ cild, səh. 43). - Məhkəmə-tibbi ekspertizasının 23 avqust 2021-ci il tarixli, 06 nömrəli rəyində göstərilmişdir ki, X4 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş boynun sol yarısında boyun üzvlərinin (arteriya və venaların) zədələnməsinə görə kütləvi qanitirmə və hemorragik şokla nəticələnib ölümə səbəb olan, bir ədəd kəsilmiş-deşilmiş yaradan ibarət, yetirilmə anında həyat üçün təhlükəli olmaqla sağlamlığa ağır zərər vurmaya aid olan və küt əşyanın təsirindən törənmiş, alın nahiyəsinin sıyrığından ibarət, sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarətlər mərhumun ölümündən az əvvəl törənmiş, onların törənmə müddəti 22 iyun 2021-ci il tarixə uyğundur. Bir ədəd kəsilmişdeşilmiş yaranın müxtəlif deşici-kəsici alətlə, eləcə də ekspertizaya təqdim olunmuş bıçaqla bədənin həm üfüqi, həm də şaquli vəziyyətində yetirilməsi mümkündür (İ cild, səh. 198-202). - Məhkəmə-tibbi ekspertizasının 24 iyun 2021-ci il tarixli, 407 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı hər hansı xəsarət və ya izi aşkar edilməmişdir (İ cild, səh. 96, 97). - Məhkəmə-bioloji ekspertizasının 26 avqust 2021-ci il tarixli, 593/2021-MTBŞ nömrəli rəyində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş iki ədəd pambıq tampon, X8 məxsus alt tuman, şalvar və köynək, Təqsirləndirilən şəxs məxsus şalvar və köynək, bir ədəd bıçaq üzərində aşkar olunmuş insan qanı ləkələrinin qrup göstəricisi ABO sistemi üzrə tədqiq olunduqda “B” və “H” antigenləri, bəzi ləkələrdə həmçinin alfa aqqlyutinini alındı. Bu qan ləkələri Balfa(H)/İİİ/ qruplu şəxsə, o cümlədən X8 məxsus ola bilər (İ cild, səh. 183-188). - Materialların-məhkəmə ekspertizasının 28 iyul 2021-ci il tarixli, 6/2746 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, X8 məxsus bir ədəd şalvarın üzərindən aşkar edilmiş bozumtul qara rəngli təbii pambıq lifləri rənginə və təbiətinə görə Təqsirləndirilən şəxs məxsus bir ədəd şalvarın tərkib liflərinə uyğun gəlir. Tədqiqata təqdim edilmiş, sonuncuya məxsus bir ədəd köynəyin üzərindən aşkar edilmiş tünd göy rəngli təbii pambıq lifləri rənginə və təbiətinə görə Ruslan Əsədova məxsus bir ədəd köynəyin tərkib liflərinə uyğun gəlir. Tədqiqata təqdim edilmiş, hadisə yerindən götürülmüş bir ədəd bıçağın üzərində kənar lif mikrohissəçikləri, həmçinin sonuncuya məxsus olan bir ədəd şalvar, köynək və alt tuman, Təqsirləndirilən şəxs məxsus bir ədəd şalvar və köynəyin tərkib liflərindən yoxdur. Ekspertiza xərci 154,16 manatdır (İ cild, səh. 190-195). - Məhkəmə-trasoloji və ballistik ekspertizasının 29 iyul 2021-ci il tarixli, 3/1203 və 3/1204 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilən bir ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici ucu deşici xassəyə malik təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir. Tədqiqata təqdim edilmiş, X8 məxsus geyim əşyaları üzərində hər hansı mexaniki zədə aşkar edilməmişdir. Ekspertiza xərci 200 manatdır (İ cild, səh. 179-181). - “Kürdəmir rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsin 18 avqust 2021-ci il tarixli, 697 nömrəli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs 2014-cü ildən xəstəxanada “Şəxsiyyətin emosional tipli davranış pozuntusu” diaqnozu ilə qeydiyyatdadır (İ cild, səh. 147). - “Respublika Psixiatriya Xəstəxanası” Publik Hüquqi şəxsin 20 avqust 2021-ci il tarixli, 7055 nömrəli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs 18 yanvar 2014-cü il tarixdən 25 yanvar 2014-cü il tarixədək həmin xəstəxanada stasionar müayinədə olarkən ona “Şəxsiyyətin emosional davamsız pozuntusu, özünü kəsmələrlə” diaqnozu qoyulmuşdur (İ cild, səh. 160). - Məhkəmə kompleks ambulator psixiatrik-psixoloji ekspertizasının 23 sentyabr 2021-ci il tarixli, 567/192 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi əməlin törədilməsindən əvvəl, törədərkən və hazırda hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq keçirməmiş, eləcə də keçirmir, “Emosional davamsız şəxsiyyət pozuntusu, özünü kəsmələrlə” xəstəliyini keçirmiş olsa da, həmin xəstəlik nevrotik səviyyədə və nisbi yaxşılaşma (kompensasiya) mərhələsində olduğundan öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya hərəkətlərini idarə etmək iqtidarında, yəni anlaqlı olmuş, hazırda da bu iqtidardadır. Onun əməli Azərbaycan Respublikası CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Onda emosiya pozuntusu emosional davamsız, əsəbi, hövsələsiz, açıqlı və kobud olması, tez qıcıqlanması, xırda qıcığa güclü affektiv reaksiya ilə cavab verməsində, fərdi-psixi xüsusiyyətləri isə öz fikirlərini müdafiə etməyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslərarası konflikt problemlərinin olması və başqaları ilə müqaviləyə çətin daxil olmada ifadə olunur. O, cinayət hadisəsini törədərkən pataloji və yaxud fizioloji affekt vəziyyətində olmamışdır (İ cild, səh. 245-248). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CM-in 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci və “Azərbaycan Respublikası CM-in 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli Qərarlarında göstərilmişdir ki, “cinayətin tövsifi” törədilən konkret cinayət əməlinin faktiki hallarının cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi proses olmaqla, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət-hüquqi qiymətdir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə və ona ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Məhkəmə göstərilən hüquqi mövqeyi nəzərə alaraq, iş üzrə Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsaslı olub-olmamasının müəyyən edilməsi ilə bağlı aşağıdakı halların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli Qərarında göstərilmişdir ki, qəsdən adam öldürmə o vaxt Azərbaycan Respublikası CM-in 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Məhkəmə iş üzrə müəyyən etdiyi, Təqsirləndirilən şəxs mübahisələndirmədiyi faktiki halları təkrarlamadan və onlara ümumi şəkildə qiymət verərək hesab edir ki, sonuncu 22 iyun 2021-ci il tarixdə saat 21 radələrində Kürdəmir rayonu, Xırdapay kəndində yerləşən “Elsevər” adlı kafenin həyətində, eyni masa ətrafında əyləşərkən Şahid2 ilə usta-fəhlə münasibətləri barədə danışdıqlarına dair normal qaydada fikir bildirmək istəmiş X8 orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində saymazyana şəkildə “sən sus” deməklə sonuncu ilə arasında sözlü mübahisənin yaranmasına, saat 23 radələrində isə həmin kafenin həyətində olmuş Ruslan Əsədovu çağırıb kafenin həyətindən çölə apardıqdan sonra sonuncuya “bəs deyirdin butulkanı başıma çırpacaqsan, vur görüm, necə vurursan” məzmununda qıcıqlandırıcı sözlər deməklə Ruslan Əsədovla arasında mövcud olmuş sözlü mübahisənin davam etməsinə təşəbbüskar olmuş, sonuncunu qəsdən öldürmək məqsədilə, buna “səbəb” yaratmaq üçün münaqişəyə cəlb etmişdir. Buna görə də X12 Qurbanova saat 21 radələrində “butulkanı başına çırparam, cəhənnəm ol”, saat 23 radələrində “cəhənnəm ol, əclafın biri əclaf, oğraşsan sən” deməsi yalnız sonuncunun ona dediyi, aralarındakı mübahisəni başlayan və davam etdirən sözlərə görə cavab verməsi kimi qiymətləndirilməlidir. Buradan aydın olur ki, Təqsirləndirilən şəxs Ruslan Əsədovu qəsdən öldürməsindən ibarət ictimai-təhlükəli əməli davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla, yəni xuliqanlıq niyyəti ilə törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrində göstərdiyi kimi, iş üzrə müvafiq cinayət əməlini məhkəmənin müəyyən etdiyi məzmunda və şəraitdə törətməsi əməlində Azərbaycan Respublikası CM-in 120.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkib əlamətlərini yaratmışdır. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normaları, hüquqi mövqeləri və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 120.2.2-ci maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini anlaqlı vəziyyətdə törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı özünün verdiyi etirafedici ifadələri ilə yanaşı, şahid qismində dindirilmiş Şahid1, Şahid2 və Şahid3 Hacıoğlan oğlunun verdikləri ifadələr, “Hadisə yerinə baxış keçirilməsi haqqında”, “Meyitə baxış keçirilməsi haqqında”, “Götürmə aparılması haqqında” 22 iyun 2021-ci il tarixli protokollar, “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında” 23 iyun 2021-ci il tarixli, 157 nömrəli akt, məhkəmə-tibbi ekspertizasının 24 iyun 2021-ci il tarixli, 407 nömrəli və 23 avqust 2021-ci il tarixli, 06 nömrəli rəyləri, məhkəmə-bioloji ekspertizasının 26 avqust 2021-ci il tarixli, 593/2021-MTBŞ nömrəli rəyi, materiallarınməhkəmə ekspertizasının 28 iyul 2021-ci il tarixli, 6/2746 nömrəli rəyi, məhkəmə-trasoloji və ballistik ekspertizasının 29 iyul 2021-ci il tarixli, 3/1203 və 3/1204 nömrəli rəyi, məhkəmə kompleks ambulator psixiatrik-psixoloji ekspertizasının 23 sentyabr 2021-ci il tarixli, 567/192 nömrəli rəyi, digər istintaq hərəkəti protokolları və sənədlər, iş üzrə maddi sübut qismində tanınmış əşyalar, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 120.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirini tam sübuta yetirmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də o, həmin maddə ilə təqsirli bilinməlidir. Cinayət işi materiallarında olan “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında” 30 sentyabr 2021-ci il tarixli qərar və ittiham aktından (İİ cild, səh. 18, 19, 31-45) görünür ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-in, həmçinin 221.3-cü maddəsi ilə ona görə ittiham irəli sürülmüşdür ki, o, 22 iyun 2021-ci il tarixdə saat 23 radələrində Kürdəmir rayonu, Xırdapay kəndində yerləşən “Elsevər” adlı kafenin qarşısında X8 bıçaqla qəsdən zərbə vurub xəsarət yetirməsi, nəticədə sonuncunu qəsdən öldürməsi ilə həmin kafenin normal iş fəaliyyətini və avtomobillərin hərəkət fəaliyyətini pozduğuna görə silah qismində istifadə edilən əşyanı tətbiq etməklə qərəzli xuliqanlıq еtmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli Qərarında göstərilmişdir ki, əgər təqsirkar xuliqanlıq niyyəti ilə adam öldürməklə yanaşı, ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizliyə səbəb olan sair qəsdən hərəkətlər də etmişdirsə (başqalarına qarşı zor tətbiq etmək, belə zor tətbiqi ilə hədələmək, özgə əmlakını məhv etmə yaxud zədələmə və s.), belə əməl Azərbaycan Respublikası CM-in 120.2.2-ci maddəsi ilə yanaşı, 221-ci maddəsinin də tərkibini yaradır. Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdən ibarətdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun göstərilən hüquqi mövqeyindən aydın olur ki, təqsirləndirilən şəxsə qəsdən adam öldürməklə yanaşı, xuliqanlıq cinayət əməlinə görə də ittihamın irəli sürülməsi üçün onun qəsdən adam öldürmə cinayətindən başqa, digər şəxsə qarşı Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hər hansı əməli törətməsinin müəyyən edilməsi tələb olunur. İş üzrə Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda sonuncunun 22 iyun 2021-ci il tarixdə saat 23 radələrində X8 bıçaqla zərbə vurmasından əvvəl, həmin ərəfədə və ya bundan sonra hər hansı şəxsə qarşı Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hər hansı əməli törətməsi göstərilməmişdir. Digər tərəfdən, cinayət işi materialları ilə belə halın baş vermədiyi müəyyən edilir. Belə olan halda, ibtidai istintaq orqanının 22 iyun 2021-ci il tarixdə Təqsirləndirilən şəxs X7 xuliqanlıq niyyətilə qəsdən öldürməsindən ibarət olan əməli bir hərəkətlə törədilmiş iki cinayət əməlinin ideal məcmusu kimi qəbul edib Azərbaycan Respublikası CM-in 120.2.2-ci maddəsi ilə yanaşı, 221.3-cü maddəsi ilə də tövsif etməsi və Təqsirləndirilən şəxs həmin Məcəllənin 221.3-cü maddəsi ilə ittiham irəli sürməsi qanunsuz və əsassız olmuşdur. Azərbaycan Respublikası CPM-in 42.1.2 və 350.2-ci maddələrinin məzmunundan görünür ki, məhkəmə baxışı nəticəsində həmin Məcəllənin 39.1.2-ci maddəsində nəzərdə tutulmuş halın, yəni şəxsin əməlində cinayət tərkibinin olmadığı müəyyən edildiyi halda bəraət hökmü çıxarılır. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CPMin 42.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində müvafiq cinayət tərkibinin olmadığı müəyyən edildiyinə görə Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə bəraət verilməlidir. Cinayət işi materiallarından görünür ki, ibtidai istintaq orqanı ittiham aktında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivindən ibarət cəzanı ağırlaşdıran halın olduğunu göstərmişdir. Azərbaycan Respublikası CM-in 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş məhkumluq haqqında tələbnamə və Kürdəmir Rayon Məhkəməsinin 01 iyun 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin 15 iyul 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib barəsində azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Kürdəmir Rayon Məhkəməsinin 01 iyun 2020-ci il tarixli qərarı ilə onun həmin cəzanın çəkməkdən qərəzli olaraq boyun qaçırdığı 9 ay 19 gün hissəsi 4 ay 24 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, 24 oktyabr 2020-ci il tarixdə cəzanın sonu ilə azad edilmişdir (İ cild, səh. 163, 175-177). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-in 18.4.4-cü maddəsində məhkəmə hökmü ilə şəxsin təqsirli bilindiyi, məhkumluğunun ödənilmədiyi müvafiq cinayət əməlinə görə barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan hər hansı cəzanın təyin edilməsi halı qeyd-şərtsiz olaraq residiv yaratmayan hal kimi nəzərdə tutulduğuna görə gələcəkdə müvafiq cəzanın təqsirli şəxsin qərəzli şəkildə icra etməkdən boyun qaçırması səbəbindən azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməsi və təqsirli şəxsin azadlıqdan məhrum etmə cəzasını real olaraq çəkməsi residiv yaradan hal kimi qəbul edilə bilməz. Buna görə də Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin 15 iyul 2019-cu il tarixli hökmü ilə təqsirli bilindiyi, barəsində azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, iş üzrə məhkumluğu ödənilməmiş cinayət əməli həmin cəzanın onun tərəfindən çəkilməkdən qərəzli olaraq boyun qaçırılması səbəbindən Kürdəmir Rayon Məhkəməsinin 01 iyun 2020-ci il tarixli qərarı ilə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməsi və Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını real olaraq çəkməsinə baxmayaraq, sonuncunun əməlində cinayətlərin residivini yaratmır. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının Atakişili kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 13 avqust 2021-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs subaydır, valideynləri, qardaş və bacısı ilə birlikdə yaşamış, yaşayış yeri üzrə mənfi xarakterizə edilmişdir (İ cild, səh. 144, 145). - Kürdəmir Rayon İcra Hakimiyyəti Kürdəmir Rayon Mənzil İstismar Sahəsi tərəfindən verilmiş arayışda göstərilmişdir ki, X11 evli olmaqla, himayəsində üç nəfər azyaşlı uşağı olmuşdur (İ cild, səh. 142). Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2 və 58.3-cü maddələrini rəhbər tutaraq, onun törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi hallarını, məhkumluğu olan şəxs olması və yaşayış yeri üzrə mənfi xasiyyətləndirilməsindən ibarət şəxsiyyətini xarakterizə edən halları, cəzasını yüngülləşdirən və ağırlaşdıran halın olmadığını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki,: Cinayət qanunvericiliyinin tələblərinə və cəza təyin edilərkən nəzərə alınan hallara görə Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə, Azərbaycan Respublikası CPMin 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 23 iyun 2021-ci il tarixdən hesablanmalı və Kürdəmir Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli qərarı ilə (İ cild, səh. 91, 92) barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 354 (üç yüz əlli dörd) manat 16 (on altı) qəpik məbləğində pul tutulub Azərbaycan Respublikasının Dövlət büdcəsinin hesabına ödənilməlidir. İş üzrə maddi sübut qismində tanınaraq Kürdəmir Rayon Prokurorluğunda saxlanılan, cinayətin aləti olan bir ədəd bıçaq, hadisə yerindən iki ədəd pambıq tampona hopdurulmuş qan nümunələri, hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş bir ədəd qısaqol köynək və cins şalvar, X4 əynində olmuş bir ədəd qolsuz köynək, cins şalvar və alt tuman məhv edilməli, cinayət işi materiallarında olan meyitə baxış keçirilməsi və şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokollara əlavə edilmiş, iki ədəd disklərin yaddaşına yazılmış videogörüntülər iş materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia, xüsusi müsadirə təyin edilməsi üçün hər hansı əsas yoxdur. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə H Ö K M E T D İ: Azərbaycan Respublikası CPM-in 42.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində müvafiq cinayət tərkibinin olmadığı müəyyən edildiyinə görə Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə bəraət verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 120.2.2-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona 17 (on yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 23 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 354 (üç yüz əlli dörd) manat 16 (on altı) qəpik məbləğində pul tutulub Azərbaycan Respublikası Dövlət büdcəsinin hesabına ödənilsin. İş üzrə maddi sübut qismində tanınaraq Kürdəmir Rayon Prokurorluğunda saxlanılan, cinayətin aləti olan bir ədəd bıçaq, hadisə yerindən iki ədəd pambıq tampona hopdurulmuş qan nümunələri, hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş bir ədəd qısaqol köynək və cins şalvar, X4 əynində olmuş bir ədəd qolsuz köynək, cins şalvar və alt tuman məhv edilsin. Cinayət işi materiallarında olan meyitə baxış keçirilməsi və şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokollara əlavə edilmiş, iki ədəd disklərin yaddaşına yazılmış videogörüntülər iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-40/2022
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-40/2022
13.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver