Məhkəmə qərarları › İş №1(099)-400/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-400/2024

22.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-400/2024 22.05.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi ilə, hakimlər – Nəbiyev Cəlil Cabbar oğlu və Səfərli Cavid Şamil oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Ağayev Elmar Sakit oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas X2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, müdafiəçisi - Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxx 1992-ci ildə Ağcabədi rayonu, Yeni Qardolaq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Ağcabədi rayonu, Yeni Qardolaq kəndində qeydiyyatda olmaqla orada yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs həmkəndlisi X1 evində apardığı təmir-tikinti işlərini yarımçıq saxladığından sonuncunun əmisi oğlu Zərərçəkmiş şəxs ilə aralarında narazılıq yaranmış, dəfələrlə Zərərçəkmiş şəxs zəng edib məsələyə aydınlıq gətirmək üçün onunla görüşmək istəmiş, lakin naməlum səbəbdən görüşə gələ bilməmişdir. Təqsirləndirilən şəxs 29 noyabr 2023cü il tarixdə axşam saatlarında yaşadığı evdə spirtli içki qəbul etdikdən sonra alkoqol sərxoşluğu vəziyyətinə gələrək həmin gün saat 21:30 radələrində yaşadığı Ağcabədi rayonunun Yeni Qaradolaq kəndinin ərazisində “Baba” adlı marketin yaxınlığında Zərərçəkmiş şəxslə qarşılaşmaqla yenidən eyni mövzu ətrafında mübahisə edərkən sonuncunun ona sifariş götürdüyü evin təmir-tikinti işlərini yarımçıq saxlaması ilə əlaqədar bir daha irad bildirməsindən sonra Zərərçəkmiş şəxs ona irad tutması kimi cüzi səbəbi bəhanə edərək, sonuncu da daxil olmaqla hər hansı şəxsin ona irad tutmaq və ya məzəmmət etmək iqtidarında olmadığını göstərmək, ona qarşı belə hərəkətlərə yol verən şəxsləri cəzalandırmaq hüququnu özündə görərək müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək məqsədilə özünü cəmiyyətin fövqündə qoyaraq əvvəlcədən üzərində daşıdığı, istintaqla müəyyən olunmayan cib bıçağını çıxarmaqla Zərərçəkmiş şəxs qarın nahiyəsinə qəsdən bir dəfə zərbə endirməklə sonuncuya həyat üçün təhlükəli olmaqla sağlamlığa ağır zərər vurmaya aid qarının sağ yarısının ön divarından qarın boşluğuna keçərək böyük piyliyin zədələnməsi və daxili qanaxma ilə müşahidə edilən bir ədəd deşilmiş-kəsilmiş yara kimi xəsarət yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına qəsdən xuliqanlıq niyyətilə ağır zərər vurmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Ağcabədi rayonu Yeni Qaradolaq kəndində yaşayır. Saxlanılana qədər kənddə usta işləmişdir. Hadisədən bir müddət əvvəl həmkəndlisi Aytəkinin evində təmir işləri görmüş, təmir işlərini yarımçıq qoymuşdur. Buna görə də Aytəkin onlara gəlib atasına narazılığını bildirmişdir. Aytəkinin evinin təmiri ilə bağlı onun əmisi oğlu Muradla danışmış, lakin təmiri yarımçıq qoyduğundan Murad ona dəfələrlə zəng edərək işi yekunlaşdırmağı tələb etmişdir. Buna görə də, aralarında narazılıq yaranmışdır. xx.xx.2023-cü ildə saat 21 radələrində Murad ona zəng edərək söhbət etmək istədiyindən onu kəndin içindəki marketin qarşısına çağırmış, telefonda Murada görüşmək istəmədiyini demiş, lakin axşam Muradın dediyi yerə, siqaret almaq üçün marketin qarşısına getmişdir. Marketin qarşısında Muradla qarşılaşmış, söhbət zamanı Muradla mübahisələri düşmüş və əsəbləşdiyindən cibindəki bıçağı çıxararaq Muradın qarın nahiyəsindən bir dəfə vurmuş, sərxoş vəziyyətdə olduğu üçün evə getmiş, bıçağı isə yaxınlıqdakı su kanalına atmışdır. Bir qədər sonra Ağcabədi rayon Polis Şöbəsinin əməkdaşları evə gəlib onu şöbəyə aparmışlar. Təqsirləndirilən şəxs verilən suallara cavabında bildirmişdir ki, hadisə günü günora saatlarında məsələni dəqiqləşdirmək üçün Elşada əvvəlcə özü zəng etmiş, onu Aran kəndində körpünün yanına çağırmış, Elşad onun dediyi yerə gəlməmişdir. Həmin günü axşam saatlarında “Baba” marketin qarşısında Elşadla təsadüfən qarşılaşmış, aralarından sözlə mübahisə olmuş, marketdən bir qədər kənara çəkilib söhbətlərini davam etmişlər. Hadisəni törədən zaman içkili olmuşdur. Murada bir bıçaq zərbəsi vurmuş, birdən çox bıçaq zərbəsi vurmaq imkanı olsa da, onu vurmamışdır. Aytəkinin evində görəcəyi işə görə 120 manatı əvvəldən almışdır. Muradı vuranda ətrafda başqa adam olmamışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyət olduğundan onun ibtidai istintaq dövründə müdafiəçisinin iştirakı ilə verdiyi ifadəsi elan olunmuş, o, həmin ifadəsində hadisə baş verən gün hadisədən bir neçə saat əvvəl zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ona zəng etdib hadisə yerinə çağırdığını göstərmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, yuxarıda göstərilən cinayət əməlini Təqsirləndirilən şəxs törətmişdir. Onun törətdiyi cinayət əməli iş üzrə özünün məhkəmədə və ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadələri ilə yanaşı, habelə dindirilmiş zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, tədqiq olunmuş ekspertizanın rəyləri, cinayət işində olan istintaq sənədləri, protokolları, maddi sübutlar və işin digər halları ilə kifayət qədər sübuta yetirilir. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs həmkəndlisidir, ev ustası işi ilə məşğuldur. Hadisədən bir müddət əvvəl Elşad onun əmisi qızı Aytəkinin evində təmir işləri görmək üçün pul almış, lakin evin təmirini yarıda qoymuşdur. Bununla bağlı Aytəkin Elşadın evinə getmiş və işi yekunlaşdırmadığı üçün onun atasına narazılığını bildirmişdir. 29 noyabr 2023-cü il tarixdə gündüz vaxtı Elşad ona içkili halda zəng edərək əmisi qızının nə üçün atasına bu barədə dediyini soruşmuş, buna görə də onunla telefonda yüngül mübahisə etmişdir. Həmin günü axşam saat 21 radələrində kənddə Səyavuşun marketinin qarşısında Elşadla qarşılaşmışdır. Elşad onun üzərinə gəlsə də, o, Elşada içkili olduğundan onunla mübahisə etmək istəmədiyini, onunla ayıq başla sonra söhbət edəcəyini bildirmişdir. Elşad ona “yaxşı” demiş və qəfildən onun qarnından bir bıçaq zərbəsi vurmuşdur. Bundan sonra o, dərhal Səyavuşun marketinə daxil olmuş, orada yarasının üstünə əski qoymuş, Səyavuş və Ramin onu marketdən birbaşa xəstəxanaya aparmışlar. Zərərçəkmiş şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, Aytəkinlə evin təmiri barədə əvvəldən Elşad özü danışmışdır. Hadisə baş verən günü günora saatlarından əvvəl Elşad ona zəng edib körpünün yanına çağırmış, lakin işi olduğundan gedə bilməmiş, sonra özü Elşada zəng edib körpünün yanında olduğunu demişdir. Cavabında Elşad ona sahədə taxıl səpdiyini, onunla sonra danışacağını bildirmişdir. Elşad onu vurarkən ətrafda heç kim olmamış, Elşadla marketin qarşısında təsadüfən qarşılaşmışdır. Elşadla barışmışdır, ona qarşı hər hansı şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs ərizə ilə məhkəmyə müraciət edərək təqsirləndirilən şəxs Elşən Həziyevlə barışdığını, ona qarşı şikayətinin və tələbinin olmadığını göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Ağcabədi rayonu, Yeni Qaradolaq kəndində market işlədir. 29 noyabr 2023-cü il tarixdə saat 21 radələrində marketdə olarkən Murad marketə daxil olmuş, onun qarnından qan axtığını görmüş, ondan nə baş verməsini soruşduqda Murad Elşad tərəfindən bıçaqla vurulduğunu demişdir. Marketdə olan dəsmalı dərhal Muradın yarasının üstünə qoymuşdur. Sonra mağazada olan tanışı Ramilin maşını ilə Muradı Ağcabədi rayon mərkəzi xəstaxanasına aparmışlar. Murad xəstəxanada əməliyyat olunmuşdur. Hadisənin sbəbini bilmir. Hadisə baş verən zaman Ramil ilə birlikdə marketdə olmuş, ətrafdan hər hansı bir səs gəlməsini eşitməmişlər. Ramillə birlikdə Muradı xəstəxanaya aparan zaman ətrafda heç kimi görməmiş, həmçinin Elşad marketin ətrafında olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsində göstərdiyi xüsusatlar üzrə eyni məzmunlu ifadə verərək Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla vurub xəsarət yetirdiyini görməmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan məhkəmə-tibbi ekspertizasının 05 yanvar 2024-cü il tarixli, 12 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilən xəsarətlər – qarının ön divarından qarın boşluğuna keçərək böyük piyliyin zədələnməsi və daxili qanaxma ilə müşahidə edilən bir ədəd deşilmiş-kəsilmiş yara iti kənarlı əşyanın təsirindən törənmişdir, kənar şəxs tərəfindən bıçaqla vurulma nəticəsində yetirilə bilərdi, şəxsin özü-özünə yetirməsi üçün xarakterik deyildir, xəsarətin yetirilmə müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir və ağırlıq dərəcəsinə görə həyat üçün təhlükli olan sağlamlığa AĞİR zərər vurmaya aiddir. Məhkəmədə tədqiq edilmiş və işdə olan maddi sübutların kriminalistik ekspertizasının 20 dekabr 2023-cü il tarixli, 615-MTKŞ/2023 nömrəli rəyində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus gödəkçə, sviter və maykanin ön hissəsində sağda 01 ədəd deşilmiş-kəsilmiş zədə aşkar olundu. Bu zədə iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşicikəsici alətin tiyəsinin təsirindən törənmişlər. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus paltarlarda aşkar edilmiş deşilmiş-kəsilmiş zədəyə əsasən demək olar ki, xəsarət yetirildiyi anda zərərçəkmişlə xəsarət yetirən şəxs müxtəlif qarşılıqlı vəziyyətdə ola bilərdi, zədə yetirən alətin ucu zədə mənfəsinə yönəlmiş vəziyyətdə olmuşdur. Məhkəmədə tədqiq edilmiş və işdə olan məhkəmə-tibbi bioloji ekspertizasının 29 dekabr 2023-cü il tarixli, 826/2022-MTBŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs təqdim olunan şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən qan qrupu– B-alfa/(İİİ). Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus jaket və mayka üzərində olan maddə ləkələrinə insan qanı aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda B antigeni, həmçinin alfa aqqlyutinini də alındı. Beləliklə, bu qan ləkələri B-alfa/(İİİ) qruplu şəxsə, ABO sistemi üzrə Zərərçəkmiş şəxs məxsus ola bilər. Təqdim olunan Zərərçəkmiş şəxs məxsus gödəkçə üzərində qana şübhəli hər hansı bir ləkə aşkar olunmadı. Məhkəmədə tədqiq edilmiş və işdə olan Gəncə şəhər Psixonevroloji Dispanserinin 26 dekabr 2023-cü il tarixli, 815 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməmişdən əvvəl və ya həmin əməli törədərkən öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərinə rəhbərlik etmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM-nin 21.1 və 21.2-ci maddələrinin təsiri altına düşmür və onun hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda öz hərəkətlərini ölçübbiçmək və hərəkətlərinə rəhbərlik etmək iqtidarındadır. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən və hal-hazırda hər-hansı psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik keçirməmişdir. Təqsirləndirilən şəxs hadisəni düzgün qavrayıb, düzgün ifadə vermək qabiliyyətindədir. İşdə olan xx.xx.2023-cü il tarixli «götürmə aparılması haqqında» qərar və protokoldan görünür ki, Ağcabədi rayon mərkəzi xəstəxanasında Zərərçəkmiş şəxs əynindən çıxarılan, bir ədəd mayka, bir ədəd gödəkçə və bir ədəd kofta götürülmüşdür. İşdə olan 30 noyabr 2023-cü il tarixli «hadisə yerinə baxış protokolu»ndan görünür ki, hadisə Ağcabədi rayonu, Yeni Qaradolaq kəndi ərazisində “Yeni Market”-in qarşısından kəndi içərisinə doğru gedən yolda elektrik (işıq) dirəyinin yanında baş vermişdir. Baxış zamanı hadisə yerində qana bənzər ləkələr, eləcə də sübut əhəmiyyəti kəsb edən hər hansı bir əşya aşkar edilməmişdir. İşdə olan Təqsirləndirilən şəxs «ifadəsinin yerində yoxlanması haqqında protokol»undan görünür ki, Təqsirləndirilən şəxs 29 noyabr 2023-cü il tarixdə saat 21:30 radələrində Ağcabədi rayonu, Yeni Qaradolaq kəndində işıq transfarmatorunun yanında həmkəndlisi Zərərçəkmiş şəxslə aralarında olan mübahisənin baş verdiyi, ona bıçaqla vurub xəsarət yetirdiyi yeri göstərmişdir. İşdə olan Ağcabədi rayon mərkəzi xəstəxanası X5 07 dekabr 2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın poliklinika şöbəsində ruhi-əsəb və narkoloji kabinetdə qeydiyyatda dayanmır. İşdə olan məhkumluq haqqında təlabnamələrdən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan əməliyyat tapşırığının cavabından görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında xx.xx.2023-cü il tarixdə Ağcabədi rayonu, Yeni Qaradolaq kəndində baş verən dava-dalaşı görən şəxs olmamışdır. Hadisədən sonra Zərərçəkmiş şəxs yaxınlıqda yerləşən marketə getmiş, onu xəstəxanaya Şahid1 və Şahid2 aparmışdır. Təqsirləndirilən şəxs həmkəndlisi Zərərçəkmiş şəxs xəsarət yetirdiyi bıçağın tapılması mümkün olmamışdır. İşdə olan 03 fevral 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarın 7-ci bəndinə əsasən Zərərçəkmiş şəxs məxsus bir ədəd mayka, bir ədəd kofta-sviter və bir ədəd gödəkcə maddi sübut kimi tanınmış, saxlanılması üçün Ağcabədi RPŞ-yə təhvil verilmişdir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Məhkəmə hazırki iş üzrə münaqişənin kimin təşəbbüsü ilə başlanması xüsusatına hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, ibtidai istintaq orqanı düzgün olmayaraq belə bir nəticəyə gəlmişdir ki, Zərərçəkmiş şəxs hadisədən əvvəl Təqsirləndirilən şəxs zəng edərək onu görüşə çağıraraq sonuncunu münaqişəyə çəkmişdir. Lakin, məhkəmə istintaqında zərərçəkmiş şəxsin ifadəsi ilə müəyyən olunur ki, hadisə baş verən gün bir neçə saat əvvəl Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs zəng edib onunla görüşmək istəmiş, lakin sonunucu işi olduğu üçün həmin vaxt onunla görüşə bilməmişdir.Həmin günün axşamı Elşad və Murad kəndin içindəki “Baba” marketin qarşısında təsadüfən görüşmüşlər. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ona əmisi qızı Aytəkinin evindəki təmir işlərini vaxtında yekunlaşdırmadığını cuzi bir səbəb və bəhanə kimi gətirərək aralarında mübahisə baş vermiş, nəticədə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla ağır dərəcəli bədən xəsarəti yetirmişdir. Qeyd olunan xüsusatı (birinci olaraq zərərçəkmiş şəxsə zəng edib onu görüşə çağırması), təqsirləndirilən şəxsin özü də məhkəmədə dindirmə zamanı ifadəsində təsdiq etmişdir. Odur ki, məhkəmə tərkibi təqsirləndirilən və zərərçəkmiş şəxsin məhkəmədə verdikləri ifadələrini ittihamın düzgün həll edilməsi üçün mötəbər sübut kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi öz təşəbbüsü ilə münaqişəyə çəkmişdir. Məhkəmə cinayət qanunvericiliyinin müddəalarını, habelə məhkəmədə tədqiq olunmuş sübutlara, o cümlədən zərərçəkmiş şəxslərin və şahidlərin, eləcə də təqsirləndirilən şəxsin ifadələrinə, ekspert rəylərinə, maddi sübutlara məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənədlərə və iş materiallarına əsaslanaraq hesab edir ki, sərxoş vəziyyətdə olan Təqsirləndirilən şəxs niyyəti silah qismində olan əşyadan (bıçaqdan) istifadə etməklə xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs qəsdən ağır dərəcəli bədən xəsarətləri yetirmək olmuşdur. Təqsirləndirilən şəxsin əməlində onun təqsiriliyini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Təqsirləndirilən şəxs hadisə zamanı ona qarşı heç bir qanunsuz hərəkət olmadan sadəcə sözlə mübahisıə zamanı əhəmiyyət kəsb etməyən kiçik bir səbəbdən üstündə gəzdirdiyi bıçaqla Zərərçəkmiş şəxs ağır dərəcəli bədən xəsarəti yetirmişdir. Bu halda onun davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törətməsinə, yəni özündə xuliqanlıq niyyətini ehtiva edir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmiş, onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Ona görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin qeyd olunan əməlinin cinayət olmasını aradan qaldıran hal, o cümlədən həmin əmələ görə cinayət məsuliyyətindən azad etmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. İşdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Ağcabədi rayonu, Yeni Qaradolaq kəndi üzrə müsbət xarakterizə olunur. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsində nəzərdə tutulan törətdiyi cinayət əməli ağır cinayətlər katerqoriyasına aiddir, həmin maddədə 6 ildən 11 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Bu cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, insanların həyat və sağlamlığı təhlükə altına alınır, onlara qəsd olunur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 126.2.4-cü maddəsində müəyyən edilmiş həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10 - 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq olmamalıdır. Həmin müddəanın tələblərinə əsasən, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halların olmamasını, onun zərərçəkmiş şəxslə barışıq əldə etməsini nəzərə alıb məhkəmə hesab edir ki, ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzası CM-nin 126.2.4 -cü maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin, yəni 11 il azadlıqdan məhrum etmə cəzasının dörddə üçündən - 8 il 3 aydan artıq olmamalıdır. CM-nin 56.1.2-ci maddəsinə əsasən təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, habelə “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. 2 dekabr 2023-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, 4 dekabr 2023-cü ildə CM-nin 126.1-ci maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, 4 dekabr 2023-cü ildə Ağcabədi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 2 dekabr 2023-cü ildən hesablanmışdır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə,cəzaçəkmə müddətinin əvvəli tutulduğu 2 dekabr 2023-cü ildən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hazırkı iş üzrə xüsusi müsadirə məsələsinə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99- 1.1.1. və 99-1.1.2. maddələrində: «məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Hazırkı iş üzrə isə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. İş üzrə maddi sübut olan və Ağcabədi RPŞ-da saxlanılan 1 ədəd mayka, 1 ədəd kofta və bir ədəd gödəkcə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin, cəzaçəkmə müddətinin başlanğıcı 2 dekabr 2023-cü ildən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar olan və hazırda Ağcabədi RPŞ-da saxlanılan 1 ədəd mayka, 1 ədəd kofta və bir ədəd gödəkcə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir Sədrlik edən: Müşfiq Məmmədov Cavid Səfərli Cəlil Nəbiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar