Məhkəmə qərarları › İş №1(099)-401/2025

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-401/2025

18.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-401/2025 18.09.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Vəliyeva Ayşən Umud qızı (sədrlik edən), Səfərli Cavid Şamil oğlu və Nuriyev Aqil Abdul oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi- X5, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X10, zərərçəkmiş şəxsin hüquqi varisi X9, təqsirləndirilən şəxs və müdafiəçisi - Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxxx 2004-cü ildə Kürdəmir rayonu Pirili kəndində anadan olmuş, subay, fərdi əməklə məşğul olan, Azərbaycan Respublikası vətəndaşı, məhkum olunmayan, Kürdəmir rayonu Pirili kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək” haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra-Cinayət Məcəlləsi) 263-1.3-cü maddəsilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 11 yanvar 2025-ci il tarixdə saat 16 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan texniki cəhətdən saz və yüksüz vəziyyətdə idarə etdiyi Vaz-2107 minik markalı ** BS *** dövlət qeydiyyat nişanlı avtomobillə Ağsu- Kürdəmir-lmişli-Bəhrəmtəpə avtomobil yolunun Kürdəmir rayonu Atakişili kəndi ərazisindən keçən 40-cı kilometrliyində yolun Bəhrəmtəpə istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin və 51-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozmaqla, belə ki nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə etməməli, əks istiqamətdə öz hərəkət zolağı ilə nəqliyyat vasitəsinin hərəkətdə olmasını nəzərə almalı, ötməyə başlamazdan əvvəl həmin manevrin hərəkətin digər iştirakçıları üçün təhlükə yaratmayacağına tam əmin olmalı, əks istiqamətdə nəqliyyat vasitəsinin yaxınlaşmasını nəzərə alaraq, onun üstünlük verərək təhlükəsiz keçib getməsinə təmin etməli, həmin nəqliyyat vasitəsi keçib getdikdən sonra təhlükəsizliyinin təmin olunması şəraitində ötmə əməliyyatı başlamalı olduğu halda o, bunlara riayət etməyib, hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq ötmə əməliyyatı aparmaq üçün əks istiqamətdə olan hərəkət zolağına çıxaraq, 9.1 saniyə ərzində hərəkəti üçün təhlükə yaransa da, həmin zaman əks istiqamətdə nəqliyyat vasitəsini olduğu şəraitdə idarə etdiyi nəqliyyat vasitəsini tam dayandırma həddinə qədər azaltmaq, həmçinin öz hərəkət zolağına qaytarmaq, ötməni kifayət qədər qısa müddətə başa çatdırmaq və ya əks zolağı boşaltmaq üçün mümkün olan tədbirlər həyata keçirmək əvəzinə, düzünə hərəkətdə olub sonra isə toqquşmadan yayınmaqdan ötrü sola manevr edərək əks istiqamətdə hərəkətdə olan xx.xx.1983-cü il təvəllüdlü, ünvan 2 ünvanında qeydiyyatda olan, hazırda ünvan 3 ünvanda yaşayan Şahid etibarnamə əsasında texniki cəhətdən saz və yüksüz vəziyyətdə idarə etdiyi “Chevrolet Cruze” minik markalı ** PS *** dövlət qeydiyyat nişanlı avtomobillə yolun Ağsu istiqamətinə görə sağ çiyində yerləşən ehtiyyat hissənin üstündə qarşı-qarşıya toqquşmuş, nəticədə ehtiyyatsızlıqdan zərərçəkmiş şəxs, yəni Vaz 2107 minik markalı ** BS *** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində olmuş xx.xx.1972-ci il təvəllüdlü X4 başın küt travması, ənsə sümüyünün beyin əsasına keçən sınığı, ənsə toxumasının yumşaq toxumalarına (beyin qişalarına və mədəciklərinə) qansızma, sol alt çənə bucağında yara, hər iki dizin ön səthində, sağ budun iç səthində sıyrıq kimi yaralar, ümumilikdə ağırlıq dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurma aid bədən xəsarətləri almaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxs X4 ölümünə səbəb olmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmiş və verilən suallara cavab olaraq bildirmişdir ki, yol-nəqliyyat hadisəsində ölmuş şəxs doğma atası olmuşdur, hadisə zamanı avtomaşını isə özü idarə etmiş, hadisə zamanı avtomobildə ikisindən başqa heç-kim olmamışdır. 11 yanvar 2025-ci il tarixdə saat 11 radələrində yaşadığı evdə olarkən atası Rafiq ona zəng edərək, hal-hazırda Kürdəmir şəhərində olmasını və təkidlə ona şəxsi işi olduğu üçün mülkiyyətlərində olan Vaz 2107 markalı ** BS *** dövlət qeydiyyat nişanlı avtomobillə Kürdəmir şəhərinə onun dalınca gəlməsinin demişdir. Sürücülük vəsiqəsi olmasa da, maşını idarə etməyə məcbur olmuşdur. Atasını götürdükdən sonra birlikdə yaşadıqları kəndə gəlmək üçün Ağsu-Kürdəmir-İmişli- Bəhrəmtəpə yolunun Bəhrəmtəpə istiqamətinə doğru hərəkətə başlamışdır. Bundan sonra hadisə nəticəndə xəsarət aldığı üçün nə baş verdiyini xatırlamır. Sonradan xəstəxanada olarkən bilmişdir ki, idarə etdiyi avtomobil digər avtomobillə toqquşmuş və hadisə nəticəsində atası Rafiq ölmüş, özü isə başından xəsarət almışdır. Həmçinin, hadisə nəticəsində gözlərindən xəsarət almışdır, hazırda əlillik dərəcəsi almaq üçün aidiyyəti orqana müraciət etmişdir. Sonda təqsirləndirilən ona cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınaraq şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərmiş və verilən suallara cavab olaraq bildirmişdir ki, hadisə yerində olmamışdır, təqsirləndirilən şəxs onun qardaşı, mərhum zərərçəkmiş şəxs isə atasıdır. Təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur, onunla barışmışdır, ona cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqında ibtidai istintaqdakı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid ifadəsində göstərmişdir ki, etibarnamə əsasında “Chevrolet Cruze” markalı ** PS *** dövlət qeydiyyat nişanlı minik avtomobili vardır. Həmin avtomobil ilə 11 yanvar 2025-ci il tarixdə saat 16 radələrində Ağcabədi rayonundan çıxıb Bakı şəhər istiqamətinə doğru hərəkətə başlamışdır. Ağsu-Kürdəmir-İmişli-Bəhrəmtəpə avtomobil yolunun Kürdəmir rayonu Atakişili kəndi ərazisindən keçən hissəsində öz hərəkət zolağı ilə təxminən 70-80 km/saat surətlə hərəkət olarkən, hərəkət zolağı boş olmuş, ancaq əsk istiqamətdə çoxlu sayda avtomobillər hərəkətdə olmuşdur. Bu zaman Vaz 2107 markalı ** BS *** dövlət qeydiyyat nişanlı ağ rəngli minik avtomobili ötmə hərəkəti yerinə yetirməyə başlamış, belə ki öz hərəkət zolağından sola manevr edərək onun hərəkət zolağına çıxmış və onunla üzbə-üz hərəkət etməyə başlamışdır. Vaz 2107 markalı avtomobilin hərəkət zolağında təxminən 5-6 avtomobil olmuş, dərhal əyləcə basaraq avtomobilin sürətini azaltmış və qismən yolun hərəkət hissəsinin sağ tərəfi ilə hərəkət etmiş, həmin avtomobilə işıq siqnalı işarə vermiş, lakin Vaz 2107 markalı avtomobil ona tərəf gəlməyi davam etmişdir. Bu vəziyyəti görüb yolun sağ ehtiyyat hissəsinə çıxmış, Vaz 2107 markalı avtomobil də onun çıxdığı ehtiyyat hissəsinə çıxdığından üzbə-üz toqquşmuşlar, toqquşmadan sonra avtomobillər dayanmışdır. Avtomobildən özü yerə düşmüşdür. Həmin hadisə zamanı avtomobildə tək olmuş, hadisədən qabaq spirtli içki, eləcədə güclü təsir edən maddə qəbul etməmişdir. Hadisə zamanı Vaz 2107 markalı avtomobilin ötmə hərəkətini yerinə yetirməyə başlayan vaxt görmüş, həmin vaxt aralarında təxminən 50-60 metr məsafə olmuşdur. Toqquşmadan yayınmaq üçün dərhal əyləcə basaraq avtomobili qismən sağa istiqamətlənmişdir. (Cild İ i/v 241-243) Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra- Cinayət-Prosessual Məcəlləsi) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varsininin və şahidin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və onlara əlavə edilmiş sənədləri, həmçinin, digər yazılı sənədləri mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; - «Təqsirləndirilən şəxs qismində cəlb etmə» haqqında 30 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmiş dir. ( C-İ, i.v. 102-103) - «Zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınması» haqqında 12 may 2025-ci il tarixli, 29 saylı qərardan görünür ki, X9 zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır. ( C-İ, i.v. 160-161) - «Qətimkan tədbirinin seçilməsi» haqqında 12 may 2025-ci il tarixli, 387 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək» qətimkan tədbiri seçilmişdir ( C-İ, i.v. 196-197) - «Hadisə yerinə baxış keçirilməsi» haqqında 15 fevral 2025-ci il tarixli, 13 nömrəli protokoldan görünür ki, hadisə yeri Ağsu-Kürdəmir-İmişli-Bəhrəmtəpə yolunun Kürdəmir rayonu Atakişili kəndindən keçən 40-cı kilometrliyində yerləşir. Hadisə baş verdiyi yerdə yaşayış massivinə aid deyil. Hadisə yerində şərti ölçülər yolun Ağsu istiqamətində götürülərək aparılmışdır. Hadisə yerinə baxış təbii işiqlandırmada, açıq hava şəraitində keçirilmişdir. Hadisə baş verən yerdə nəqliyyat vasitələrinin hərəkət sürəti 60 km/saat 3.24, asfalt üzrəndə 1.7 ağ qırıq-qırıq yol nişanları ilə nizamlanmamışdır. Yolun üstü asfalt örtüklü quru, üfüqü və düzdür. Yol iki tərəflidir,yolun ümumi eni 9,80 metrdir, istiqamət zolaqlarını biri-birindən 1.7 yol nişanı olan ağ qırıq-qırıq xətt ayırır. Yolun sağ və sol çiyinləri sarı xətlər vardır, sarı xətlər arasında olan məsafə 7,4 metrdir. Yolun sağ və sol kənarlarında 2,50 metr enilikdə torpaq örtüklü ehtiyat hissələr var, həmin ehtiyyat hissələrindən sonra isə boş sahələr yerləşir. Ehtiyyat hissələrin eni müxtəlif yerlərdə deyişir. Hadisə, yəni nəqliyyat vasitələrinin toqquşma yeri yolun Ağsu istiqamətində yerləşən sarı xətdən sağa doğru 3,5 metr məsafədə sağ ehtiyyat hissəsində yerləşir. Toqquşma nöqtəsinə qədər Ağsu istiqamətindən Bəhrəmtəpə istiqamətinə doğru çəp şəkildə Vaz 2107 markalı ** BS *** dövlət qeydiyyat nişanlı avtomobilə məxsus 20 metr, həmçinin toqquşma yerinə qədər Bəhrəmtəpə istiqamətindən Ağsu istiqamətinə doğru çəp şəkildə Chevrolet Cruze” markalı ** PS *** dövlət qeydiyyat nişanlı avtomobilin 7 metr uzunluqda təkər şin izləri vardır. Toqquşma nöqtəsində Vaz 2107 markalı ** BS *** dövlət qeydiyyat nişanlı avtomobil və Chevrolet Cruze” markalı ** PS *** dövlət qeydiyyat nişanlı avtomobil bir qədər çəp şəkildə qarşı-qarşıya dayanmışlar. Hadisə yerində tormoz izi yoxdur. ( C-İ, i.v. 60-63) Həmçinin hadisə yerinə əlavə baxış keçirilməmişdən əvvəl Chevrolet Cruze markalı ** PS *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid təqdim etdiyi 01 ədəd SDelektron daşıyıcısı olan yaddaş kartında olan videogörüntü DVD diskə köçürülmüş, disk Samsunq markalı noutbuka daxil olunmuşdur. Diskdə əks olunan videogörüntülərlə bağlı müqasiyəli şəkildə hadisə yerinə əlavə baxış keçirilməyə başlanılmışdır. Videogörüntü ümumilikdə 2 dəqiqə 10 saniyə davam etmişdir və diskə baxış xususi proqramlar vasitəsi ilə, yəni diskin sürət dövriyyəsi 0,5 qədər azaldılaraq, diskin görüntüsü bir qədər işıqlandırılmışdır. Yolun ümumi eni 9,8 metr olmaqla yolun kənarlarında olan sarı xətlərin arasında olan məsafə 7,4 metrdir. Yolun sağ və sol çiyinlərində olan ehtiyat hissələrin eni 2,5 metr olmaqla həmin ehtiyat hissələrin eni müxtəlif yerlərdə dəyişir, ehtiyat hissələrdən sonra isə boş sahəliklər yerləşir. Hadisə yeri hər iki istiqamətə görə 60 km/saat əks etdirən 3.24 yol nişanın təsiri altına düşür, yolun üstü hamardır, düzdür və üfüqidir. Diskdə olan görüntülərə əsasən Şahid idarə etdiyi Chevrolet Cruze markalı ** PS *** dövlət qeydiyyat nişanlı avtomobilin hərələt zolağına 19:48:15-də əks istiqamətdə hərəkətdə olan VAZ-2107 markalı ** BS *** dövlət qeydiyyat nişanlı avtomobil ötmə əməliyyatı apararaq yolun Bəhrəmtəpə istiqamətində daxil olmuş, Chevrolet Cruze markalı ** PS *** dövlət qeydiyyat nişanlı avtomobil isə öz hərəkət zolağı ilə hərəkətini 08 saniyə davam etdirib 19:48:23-də sağa manevr etmiş, 19:48:24-də VAZ-2107 markalı ** BS *** dövlət qeydiyyat nişanlı avtomobillə Chevrolet Cruze markalı ** PS *** dövlət qeydiyyat nişanlı avtomobillə qarşıqarşıya bir qədər çəp vəziyyətdə yolun Ağsu istiqamətinə görə sağ çiyin üstə yerləşən torpaq örtüklü ehtiyat hissənin üstündə toqquşma baş vermişdir. Videogörüntüdə VAZ- 2107 markalı ** BS *** dövlət qeydiyyat nişanlı avtomobil ötmə əməliyyatı apararaq yolun Ağsu istiqamətində olan zolağa, yəni Chevrolet Cruze markalı ** PS *** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət zolağına 19:48:15-də daxil olur 19:48:24-də isə toqquşma baş verir, yəni Chevrolet Cruze markalı ** PS *** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkəti üçün 09 saniyə ərzində təhlükə yaranmışdır. Həmçinin videogörüntüyə əsasən müəyyən olunur ki, VAZ-2107 markalı ** BS *** dövlət qeydiyyat nişanlı avtomobil ötmə əməliyyatı apararaq yolun Bəhrəmtəpə istiqamətində olan zolağa, yəni Chevrolet Cruze markalı ** PS *** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət zolağına daxil olduğu andan toqquşma yerinin paralelliyinə qədər yolun ortasında olan 20 ədəd 1.7 üfüqi nişanlanma ağ qırıq-qırıq xətləri qət etmişdir və həmin andan boş sahəlikdə yerləşən toqquşma yerinə qədər 242 metr məsafə qət etmişdir. Yolun ortasında yerləşən təxminən 20 ədəd 1.7 üfüqi nişanlanma olan ağ qırıq-qırıq xətlərin uzunluğu 3 metrdir, həmin xətlərin uzunluğu 10 sm civarında fərqlə deyişilir, həmçinin yolun ortasında olan 1.7 üfüqi nişanlanma olan ağ qırıqqırıq xətlərin arasında olan boş örtüklü ərazinin uzunluğu 9 metrdir. Yolun ortasında olan 1.7 üfüqi nişanlanma olan ağ qırıq-qırıq xətlərin başlanğıcından digər 1.7 üfüqi nişanlanma olan ağ qırıq-qırıq xəttin başlanğıcına qədər olan məsafə 12 metr məsafədir. (C-İ, i.v. 57- 59) - Kompleks yol-nəqliyyat hadisələri və audio, videoyazıların məhkəmə ekspertizalarının 28 aprel 2025-ci il tarixli 8/517-4/341 saylı ekspert rəyindən görünür ki, 1.Ekspertizaya təqdim olunmuş “MOVİ9439” adlı videoyazıya görə “Vaz-2107” markalı **-BS-*** dövlət qeydiyyat nişanlı qeydiyyat nişanlı avtomobilin “Chevrolet Cruze” markalı **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət zolağına çıxdığı andan videoyazının sonuna kimi “Chevrolet Cruze” markalı **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobil hər birinin uzunluğu 3 metr olan 21 ədəd qırıq xətt və hər birinin uzunluğu 9 metr olan 21 ədəd qırıq xətlər arasındakı boş sahəni 9,1 saniyə müddətinə qət etmişdir. “Chevrolet Cruze” markalı **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobilin yuxarıda qeyd olunan məsafədə orta sürəti V= 99,69 km/saat olmuşdur. “Vaz-2107” markalı **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkəti yazı qurğusunun baş optik oxu boyunca olduğundan avtomobilin konkret müddətə getdiyi məsafəni müəyyən etmək üçün hesablama cisimləri seçmək mümkün olmamışdır. Ona görə də videoyazıya görə avtomobilin sürətini müəyyən etmək mümkün olmadı. 2a.3a. VAZ-2107 markalı ** BS *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 51-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. 2b.3b. Chevrolet Cruze markalı ** PS *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Şahid avtomobili hərəkət sürəti 3.24 «Maksimum sürətin məhdudlaşdırılmasa yol nişanı ilə 60 km/saata qədər məhdudlaşdırılmış yolda 99,7 km/saat sürətlə idarə etdirdiyindən, onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 «Maksimum sürətin məhdudlaşdırılması» yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. 4.5. Videogörüntü ekspertizası yolu ilə müəyyən edilmiş parametlər üzrə tədqiqat aparıldığından qeyd olunan suallar üzrə tədqiqat aparılmasına lüzum yoxdur. (C-İ, i.v 116- 124) - Məhkəmə-tibbi ekspertizasının 18 fevral 2025-ci il tarixli, 01 saylı rəyindən görünür ki,

1. X4 meyitinin xarici və daxili müayinəsi zamanı aşkar olunan xəsarətlər: Başın küt travması. Ənsə sümüyünün beyin əsasına keçən sınığı. Ənsə toxumasının yumşaq toxumalarına qansızma. Sol alt çənə bucağında yara . Hər iki dizin ön səthində yaralar. Sağ budun iç səthində sıyrıq. Qeyd olunan xəsarətlər küt əşyanın (əşyaların) təsirindən törənmiş, həyatidir, qərarın təsviri hissəsində göstərilən 11 yanvar 2025-ci il tarixdə avtomobil qəzası nəticəsində əmələ gələ bilərdi və ağırlıq dərəcəsinə görə, canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə aid edilir.

2. X1 ölümünə səbəb - Başın ənsə sümüyünün beyin əsasına keçən sınığı, beyin qişalarına və mədəcəiklərinə qansızma olmuşdur. İlkin meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən ölüm meyit müayinə olunandan 4-6 saat əvvəl baş vermişdir.

3. X1 meyitindən götürülmüş qanda məhkəmə kimya tədqiqatı nəticəsində 0,71% etil spirti aşkar edilmişdir. Yüngül dərəcəli sərxoşluğa aid edilir. ( C-İ, i.v. 75-78) - Məhkəmə-tibbi ekspertizasının 08 may 2025-ci il tarixli, 153 №-li rəyindən görünür ki, - Təqsirləndirilən şəxs bədən səthində aşkar olunan xəsarətlər: Açıq kəllə beyin travması. Baş beynin orta dərəcəli əzilməsi. Hər iki gicgah ənsə sümüklərinin xətti sınıqları. Sol gicgah, təpə nahiyyələrində lövhəvari subdural hematoma. Pnevmosefaliya. Sağ orta qulaqda və sfenoid sinusda qansızma. Gözün uzaqlaşdırıcı sinirinin parezi. Göstərilən xəsarətlər küt əşya təsirindən törənmişdirlər, qərarda göstərilən 11 yanvar 2025-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı əmələ gəmişdir. Qeyd olunan xəsarətlər dərəcəsinə görə həyat üçün təhlükəli hal olan sağlamlığa ağır zərərvurmaya aiddirlər. ( C-İ, i.v 129-131) - Məhkəmə-tibbi ekspertizasının 08 may 2025-ci il tarixli, 173 saylı rəyindən görünür ki, 1983-cü il təvəlldlü Şahid məhkəmə-tibb müayinəsinə əsasən bədən səthində aşağıdakı xəsarət vardır: Döş qəfəsinin və qarının küt travması, sol əlin arxa səthinin və bilək nahiyəsinin sıyrıqları, sol baldırın ön səthinin yuxarı 1/3 nahiyəsinin sıyrıqları kimi sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. (C-İ, i.v. 155- 156) - “Videogörüntüyə baxış keçirilməsi” haqqında 13 may 2025-ci il tarixli protokoldan görünür ki, İş üzrə X3 poçt vasitəsi ilə göndərdiyi 01 DVD-diskə baxış keçirilərkən müəyyən olunur ki, DVD-diskdə 2 elektron faylı vardır. 1-ci elektron faylda olan, yəni videogörüntünün ekranda əks olunan tarixi xx.xx.2025-ci il tarixdə saat 19:46:14-də başlandığını və xx.xx.2025-ci il tarixdə saat 19:48:24-də bitdiyi əks olunur. Həmin elektron faylda olan görüntünü Chevrolet Cruze markalı ** PS *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü xx.xx.2025-ci il tarixdə könüllü olaraq istintaqa təqdim etmişdir. Həmin faylda olan xususatlar üzrə audio və video məhkəmə ekspertizası təyin olunaraq rəy alınmışdır. 2-ci elektron fayllda isə olan videogörüntüdə, Chevrolet Cruze markalı ** PS *** dövlət qeydiyyat nişanlı avtomobillə VAZ-2107 markalı ** BS *** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşmadan sonra aparılmış çəkilişdi. 2-ci fayldaki çəkilişdə olan əsas xususatlar xx.xx.2025-ci il tarixdə hadisə yerinə baxış keçirilməsi haqqında olan protokolda öz əksini tapmışdır. Qeyd olunan DVD-diskdə olan videogörüntülər üzrə əlavə xususatlar aşkar olunmamışdır. ( C-İ, i.v. 88,222) - “Videogörüntüyə əlavə baxış keçirilməsi” haqqında 12 may 2025-ci il tarixli protokoldan görünür ki, İş üzrə Şahid könüllü olaraq təqdim etdiyi 01 ədəd SD-elektron daşıyıcısı olan yaddaş kartında olan videogörüntülərə əlavə baxış keçirilərkən müəyyən olunur ki, yolun Bəhrəmtəpə istiqamətindən Ağsu istiqamətinə doğru hərəkətdə olan Chevrolet Cruze markalı ** PS *** dövlət qeydiyyat nişanlı avtomobil öz hərəkət zolağına hərəkətdədir və sürücü mikrofon vasitəsi ilə danışıq aparır. Videogörüntünün 19:48:15-də əks istiqamətdə hərəkətdə olan VAZ-2107 markalı ** BS *** dövlət qeydiyyat nişanlı avtomobil ötmə əməliyyatı apararaq yolun Ağsu istiqamətində olan zolağa, yəni Chevrolet Cruze markalı ** PS *** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət zolağına daxil olur, Chevrolet Cruze markalı ** PS *** dövlət qeydiyyat nişanlı avtomobil isə öz hərəkət zolağı ilə hərəkətini 08 saniyə ərzində düzünə davam etdirib, yəni hərəkəti üçün təhlükə yarandığı andan heç-bir tormozlanma əməliyyatı aparmır, eləcədə hadisənin qarşısını almaqdan ötrü heç-bir tədbir həyata keçirmir, yalnız toqquşmaya təxminən bir saniyə qalmış sağa manevr etmişdir. VAZ-2107 markalı ** BS *** dövlət qeydiyyat nişanlı avtomobillə Chevrolet Cruze markalı ** PS *** dövlət qeydiyyat nişanlı avtomobil qarşıqarşıya bir qədər çəp vəziyyətdə yolun Ağsu istiqamətinə görə sağ çiyin üstə yerləşən torpaq örtüklü ehtiyat hissənin üstündə toqquşmuşlar. Videogörüntüdə VAZ-2107 markalı ** BS *** dövlət qeydiyyat nişanlı avtomobil ötmə əməliyyatı apararaq düzünə 08 saniyə ərzində hərəkətdə olması, hərəkəti üçün təhlükə yarandığı andan heç-bir tormozlanma əməliyyatı aparmır, lakin toqquşmaya təxminən bir saniyə qalmış sola manevr etmişdir. ( C-İ, i.v. 48,56,221) - Kürdəmir RPŞ-nin DYPB-nin 12 may 2025-ci il tarixli, 3-13-86/1-9992/2025 nömrəli məktubundan görünür ki, Şahid verilmiş BB seriyalı 454863 №-li Bİ, B, Cİ, C kateqoriyalı sürücülük vəsiqəsi xx.xx.2024-cü il tarixdən xx.xx.2034-cü il tarixədək etibarlıdır və sonuncu sürücülük hüququndan məhrum ediməmişdir. Təqsirləndirilən şəxs və X4 nəqliyyat vasitəsi idarə etmək hüququnun olması barədə DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi Məlumat Sistemində müvafiq məlumat tapılmamışdır. ( C-İ, i.v. 172) - Kürdəmir RPŞ-nin DYPB-nin 12 may 2025-ci il tarixli, 3-13-86/1-9993/2025 nömrəli məktubda qeyd edilir ki, yol-nəqliyyat hadisəsinin baş verdiyi Ağsu-Kürdəmir-İmişli- Bəhrəmtəpə yolunun Kürdəmir rayonu Atakişili kəndindən keçən 40-cı kilometrliyində hər iki istiqamətə görə 3.24 (Maksimum sürətin məhdudlaşdırılması 60 km/saat) yol nişanı mövcuddur və həmin yol nişanının təsiri altına düşür. ( C-İ, i.v. 173) - Kürdəmir Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsindən daxil olan xx.xx.2025-ci il tarixli 18-1-49/2-495/2025 nömrəli məktubdan görünür ki, Kürdəmir rayonu Pirili kənd sakini xx.xx.2004-cü il təvəllüdlü Təqsirləndirilən şəxs Kürdəmir RMX-nin poliklinika şöbəsində həkim psixiatr və narkoloqun qeydiyyatında yoxdur. ( C-İİ, i.v 13) - «Sübutların qiymətləndirilməsi» haqqında 08 iyun 2025-ci il tarixli, 80 saylı qərardan görünür ki, Şahid idarə etdiyi “Chevrolet Cruze” minik markalı ** PS *** dövlət qeydiyyat nişanlı avtomobilinə quraşdırılmış videoregistratorda olan, yəni hadisəni əks etdirən və sonuncu tərəfindən istintaqa könüllü olaraq təqdim etdiyi 01 ədəd elektron daşıyıcısı sayılan SD-yaddaş kartı, həmin yaddaş kartından köçürülmüş 01 ədəd DVD disk, həmçinin X3 hadisənin baş vermə mexanizmini və hadisədən sonra olan görüntüləri əks etdirən 01 ədəd DVD disk iş üzrə əhəmiyyət kəsb etdiyindən sübut növü qismində tanınaraq, 01 ədəd SD-yaddaş kartı, 02 ədəd DVD disklər cinayət işinə əlavə olunmuşdur. İş üzrə Chevrolet Cruze markalı ** PS *** dövlət qeydiyyat nişanlı avtomobil və VAZ- 2107 markalı ** BS *** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübüt qismində tanınmışdır. Həmçinin qeyd olunan nəqliyyat vasitələrini Kürdəmir RPŞ-nin cərimə meydançasında saxlanılır. ( C-İİ, i.v. 88-101) - Kürdəmir Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsindən daxil olan 11 yanvar 2025-ci il tarixli, 04 nömrəli sərxoşluq vəziyyətini tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı ayıq vəziyyətdə olmuşdur. ( C-İ, i.v. 20) Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Belə ki, iş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs sürücülük hüququ olmadan Yol hərəkəti haqqında” Qanunun 33-cü maddəsinin 4-cü hissəsi və həmin Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozmaqla ehtiyatsızlıqdan piyadanın ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətdiyindən, Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, məhkəmənin qənaətinə görə isə bu əlamətlərin hamısı toplanmış sübutlarla təsdiq edilmişdir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş yuxarıda adı qeyd edilmiş şəxsin ifadəsi, «hadisə yerinə baxış keçirilməsi haqqında» protokol, tərtib olunmuş sxem, fotocədvəl, «məhkəmə yol-nəqliyat hadisəsi ekspertizası»nın rəyi, «məhkəmə-tibb ekspertizası»nın rəyləri, Təqsirləndirilən şəxs hadisəni törətdiyi “VAZ 2107” markalı, **-BS- *** saylı dövlət qeydiyyat nişanlı avtomobilin, Şahid idarə etdiyi , “Chevrolet Cruze” minik markalı **-PS-*** saylı dövlət qeydiyyat nişanlı avtomobilin, 01 ədəd SD-elektron daşıyıcısı olan yaddaş kartı, maddi sübut kimi tanınmış 02 ədəd DVD disklər və digər ittiham sübutlatı ilə ilə tam sübuta yetirilir. Göstərilənlərə əsasən, məhkəmə tərkibi belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Buna görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edilməsi zamanı aşağıda qeyd olunanları nəzərə alır: - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınan 15 may 2025-ci il tarixi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. ( C-İ, i.v. 230-231) - Kürdəmir RİHB-nin Pirili kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 08 may 2025-ci il tarixli, 91 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarkterizə olunur. (C-İ, i.v 150-151) - Zərərçəkmiş şəxsin hüquqi varisi X2 RPŞ-yə və məhkəməyə ərizə ilə müraciət edərək qardaşı Təqsirləndirilən şəxs ilə barşdığını, ondan heç-bir şikayət və tələbi olmadığını göstərmişdir. ( C-İ, i.v 148) Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi X9 şifahi və yazılı qaydada məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını, onunla barışdığını bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını, əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Cinayət Məcəlləsinin 59.1.12 və 59.2-ci maddələrinə əsasən iş üzrə cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etməmişdir. Bundan başqa, Cinayət Məcəlləsinin 60-cı maddəsində göstərilir ki, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə yuxarıda qeyd olunan qanunun müddəasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 263-1.3-cü maddəsində azadlıqdan məhrum etmə cəzasının son həddi 8 il olduğundan ona həmin cəzanın dörddə üçündən, yəni 6 ildən artıq azadlıqdan məhrum etmə cəzası, təyin oluna bilməz. Məhkəmə tərkibi hesab edir ki, yuxarıda qeyd olunan yüngülləşirən hallar təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin ictimai təhlükəliliyini azaldan hallardır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, ictimai təhlükəli olmamasını və ən əsası ehtiyatsızlıqdan törətdiyi cinayət nəticəsində vəfat edən şəxsin onun öz doğma atasının olmasını, təqsirləndirilən şəxsin əməli ilə atasının ölümünə səbəb olmasının verdiyi mənəvi əzabın məhkumun islah olunmasına məhkəmə tərkibinin qənaətincə kifayət etməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müəssisəsində cəza çəkmədən və cəmiyyətdən təcrid edilmədən islah olunması mümkündür və ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilməlidir. Təqsirləndirilən şəxs üzərinə sınaq müddətində onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, müəyyən yerlərə getməmək kimi vəzifələr qoyulmalı, sınaq müddətində davranışına nəzarət yaşayış yeri üzrə Kürdəmir rayon İcra və Probasiya şöbəsinə həvalə olunmalı, sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Həmçinin, barəsində seçilmiş «başqa yerə getməmək» haqqında qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 250 ( iki yüz əlli) manat məhkəmə məsrəfi vardır. Odur ki, məhkəmə tərkibi hesab edir ki, AR CPM-in 198.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə 250 (iki yüz əlli) manat məbləğdə pul tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilməlidir. Cinayət işi üzrə maddi sübut qismində tanınmış Kürdəmir RPŞ-nin cərimə meydançasında saxlanılan “VAZ 2107” markalı, **-BS-*** saylı dövlət qeydiyyat nişanlı avtomobil faktiki sahibi X6, “Chevrolet Cruze” minik markalı **-PS-*** saylı dövlət qeydiyyat nişanlı avtomobil faktiki sahibi Şahid qaytarılmalı, iş üzrə maddi sübut qismində tanınmış 01 ədəd SD-elektron daşıyıcısı olan yaddaş kartı, 02 ədəd DVD disklər cinayət işinin materialları arasında saxlanılmalıdır. Cinayət prosessual qanunvericiliyinə əsasən mülki iddiaya miqdarından asılı olmayaraq cinayət işinin aid olduğu məhkəmədə, həmin işlə birlikdə baxılır (mad.187.1). Hazırkı cinayət işi üzrə isə mülki iddia yoxdur. Məhkəmə zərərçəkmiş şəxsin hüquqi varisinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cündə nəzərdə tutulmuş cinayətlərin törədilməsi nəticəsində Təqsirləndirilən şəxs tərəfindən vurulmuş maddi və mənəvi zərərlə bağlı, ziyan vuranın yaşadığı yer və ya ziyanvurma yeri üzrə rayon (şəhər) məhkəməsində mülki iddia vermək hüququnun olmasını izah etməlidir. Həmçinin, hazırkı cinayət işi üzrə xüsusi müsadirənin tətbiqinə zərurət yoxdur. Göründüyü kimi cinayət işi üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında 30 mart 2006-cı il tarixli qərarının, «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 15 noyabr 2013-cü il tarixli qərarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344–349, 351–353, 356, 358, 381, 383–385-ci maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunmaqla təyin edilmiş cəza şərti hesab olunsun və üzərində 02 (iki) il sınaq müddəti müəyyən edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək» haqqında qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Sınaq müddətinin əvvəli və əlavə cəzanın çəkilmə müddəti-nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının müddəti hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə sınaq müddətində onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, müəyyən yerlərə getməmək kimi vəzifələri qoyulsun, sınaq müddətində davranışına nəzarət yaşayış yeri üzrə Kürdəmir Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. İş üzrə maddi sübut qismində tanınmış Kürdəmir RPŞ-nin cərimə meydançasında saxlanılan “VAZ 2107” markalı, **-BS-*** saylı dövlət qeydiyyat nişanlı avtomobil faktiki sahibi X6, “Chevrolet Cruze” minik markalı **-PS-*** saylı dövlət qeydiyyat nişanlı avtomobil faktiki sahibi Şahid qaytarılsın. İş üzrə maddi sübut qismində tanınmış 01 ədəd SD-elektron daşıyıcısı olan yaddaş kartı, 02 ədəd DVD disklər cinayət işinin materialları arasında saxlanılsın. Ekspertiza tədqiqatı xərci kimi 250 (iki yüz əlli) manat məbləğdə məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Məhkəmə Ekspertiza Mərkəzinə köçürülsün. Zərərçəkmiş şəxsin hüquqi varisi X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi nəticəsində Təqsirləndirilən şəxs tərəfindən vurulmuş maddi və mənəvi zərərlə bağlı, ziyan vuranın yaşadığı yer və ya ziyanvurma yeri üzrə rayon (şəhər) məhkəməsində mülki iddia vermək hüququnun olması izah edilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən hakim: Ayşən Vəliyeva Hakimlər: Cavid Səfərli Aqil Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar