Məhkəmə qərarları › İş №1(099)-402/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-402/2023

20.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-402/2023 20.12.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim – X8 oğlunun sədrliyi ilə, hakimlər – Hüseynov Nahid Nəsir oğlu və Məmmədov Neymət Hüsən oğlundan ibarət tərkibdə, məsləhətçi – Rəhimov Emil Vəliağa oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1972-ci ildə Lənkəran rayonu Nərimanabad qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Lənkəran rayonu Nərimanabad qəsəbəsində qeydiyyatda olmaqla orada yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2023-cü ilin yanvar ayında Lənkəran rayonu ərazisində məlum olmayan mənbədən, satış məqsədi ilə qanunsuz olaraq iki ədəd sellofan bağlama içərisində hər birində dörd ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 1150 qram, 1000 qram, 1130 qram, 1050 qram, 1105 qram, 1015 qram, 1185 qram və 1275 qram olmaqla, ümumi təmiz çəkisi 8910 qram olub külli miqdar təşkil edən, tiryəkdən kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroini, 1 ədəd sellofan bağlamada, təmiz çəkisi 2112,669 qram olub külli miqdar təşkil edən, tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib, üzərində daşıyaraq, yaşadığı Lənkəran rayonu, Nərimanabad qəsəbəsində yerləşən təmirsiz köhnə tikiliyə (daxma) gətirib, onları tikilidə olan divanın altında gizlədərək saxlamış, 08 yanvar 2023-cü il tarixdə əvvəlcə narkotik vasitə qurudulmuş marixuananın satışını realizə etmək üçün ondan 3 ədəd kibrit qutusunda, ayrı-ayrılıqda təmiz çəkiləri 2,268 qr, 2,510 qr və 7,891 qr ayırıb satış məqsədi ilə qanunsuz olaraq üzərində, narkotik vasitə qurudulmuş marixuananın qalan hissəsini və narkotik vasitə heroini yaşadığı köhnə tikilidəki divanın altında saxlamış, həmin tarixdə satış məqsədi ilə qanunsuz olaraq üzərində saxladığı narkotik vasitə qurudulmuş marixuananın 1 ədəd kibrit qutusunda olan 7,891 qramını 50 manat pul müqabilində tanışı Şahid4 Elburus oğluna satmış, sonuncu ondan satın alaraq əldə etdiyi həmin narkotik vasitə qurudulmuş marixuananı əvvəlcədən aralarında olmuş razılığa və ümumi niyyətə uyğun olaraq satış məqsədi olmadan qanunsuz olaraq birgə istifadə üçün tanışıŞahid5 ilə birgə vəsaitləri hesabına aldıqlarına görə onun 1,519 qramını Şahid5 və 6,372 qramını Şahid4 özünə götürüb, üzərlərində saxlayaraq daşımış, bu barədə əməliyyat məlumatları əldə etmiş Lənkəran şəhər rayon polis şöbəsinin əməkdaşları tərəfindən 08 yanvar 2023-cü il tarixdə saat 18:55 radələrində Lənkəran şəhəri ərazisində keçirdikləri əməliyyat tədbirləri zamanı Şahid5 Lənkəran şəhəri, Ləvəngi dairəsi adlanan ərazidə saxlanılaraq ünvan 1 ünvanında yerləşən inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılarkən Şahid4 ilə birlikdə aldıqları narkotik vasitə qurudulmuş marixuananın 1,519 qram çəkidə olan hissəsi Şahid5 əynində olmuş şalvarın sol yan cibindən aşkar edilərək götürülmüş, əməliyyat tədbirlərinin davamı olaraq Şahid4 08 yanvar 2023-cü il tarixdə saat 21 radələrində Lənkəran rayonu Göyşaban kəndində saxlanılaraq polis şöbəyə gətirilib,üzərində şəxsi axtarış aparılarkən ondan aldığı narkotik vasitə qurudulmuş marixuananın 6,372 qram çəkidə olan hissəsi 1 ədəd kibrit qutusunda əynində olmuş gödəkçənin sol yan cibindən aşkar edilərək götürülmüş, əməliyyat tədbirlərinin nəticəsi olaraq özü də 09 yanvar 2023-cü il tarixdə saat 09 radələrində Lənkəran rayonu Nərimanabad qəsəbəsində saxlanılaraq Lənkəran ŞRPŞnə gətirilib, üzərində şəxsi axtarış keçirilərkən əynində olmuş gödəkçənin sağ yan cibindən ayrı-ayrılıqda təmiz çəkiləri 2,268 qr və 2,510 qr olmaqla, cəmi 4,778 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana iki ədəd kibrit qutusunda aşkar edilərək götürülmüş, həmin tarixdə saat 12 radələrində yaşadığı Lənkəran rayonu Nərimanabad qəsəbəsində yerləşən təmirsiz tikiliyə baxış keçirilərkən isə tikilidə olan divanın altından əvvəlcədən gizlətdiyi cəmi səkkiz ədəd sellofan bağlamada ümumi çəkisi 8910 qram olub külli miqdar təşkil edən narkotik vasitə heroin və 1 ədəd sellofan bağlamada çəkisi 2100 qram olub külli miqdar təşkil edən tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, bədənində ağrılar olduğuna görə qurudulmuş marixuanadan istifadə etmiş, bu məqsədlə də öz istifadəsi üçün dəniz kənarında bir ədəd çətənə bitkisi əkərək onun yarpaqlarını yığıb istifadə etmişdir. 08 yanvar 2023-cü il tarixdə qonşusu Möhübbət ona zəng edib Bakıya gedəcəyini və ona «nəşə» lazım olduğunu demişdir. Ertəsi gün qar yağacağını, ona ərzaq lazım olduğunu fikirləşib özündə olan bir kibrit qutusu qurudulmuş marixuananı ona satmaq qərarına gəlmiş və velosipedlə Nərimanabad qəsəbəsinə gedib həmin narkotik vasitəni Möhübbətə 50 manata satmış, sonra evə gəlmişdir. Səhəri gün isə polis əməkdaşları yaşadığı evə gələrək onu yuxudan oyadıb polis şöbəsinə aparmışlar. Orada CAB-nin rəisi Səbuhi onu döyəcəyi ilə hədələmiş və onda narkotik tərkibli ağaclar olduğunu demişdir. O, Səbuhiyə bir çətənə kolu əkdiyini və bir kibrit qutusu qurudulmuş marixuana satdığını bildirmişdir. Sonra ona yazılanlara imza etməsi bildirilmiş və döyüləcəyindən qorxub polislər tərəfindən yazılmış sənədlərə imza etmişdir. Sonra rəisin otağına aparılmış, ondan orada olan iki nəfərə narkotik vasitə satıb satmadığı soruşulmuş, onlara narkotik vasitə satdığını bildirmişdir. Səhəri gün polislər onu evinə apararaq bir bağlama verib onu evdə gizlətməsini tələb etmişlər. Həmin bağlamanı aparıb divanın altına qoymuşdur. Sonra ona həmin bağlamanı göstərməsini bildirmişlər. Həmin bağlamanı göstərərək çəkiliş vaxtı özünə məxsus olduğunu bildirmişdir. Onun evindən və cibindən aşkar olunduğu göstərilən bağlamalar və kibrit qutusundakı narkotik vasitə marixuanalar ona polis əməkdaşları tərəfindən verilərək boynuna götürülməsi tələb edilmiş, döyüləcəyindən qorxduğundan buna əməl etmişdir. Evindən aşkar edilmiş bağlamalarda həmin vaxt duz və qurudulmuş nanə olmuşdur. O ancaq gündə bir-iki dəfə qurudulmuş marixuana istifadə etmiş, başqa tərkibli narkotik vasitələr istifadə etməmişdir. Möhübbətə bir kibrit qutusu qurudulmuş marixuananı özünə ərzaq və lampaya yanacaq almaq məqsədilə pul əldə etmək üçün satmışdır. Polis əməkdaşları tərəfindən ona qarşı zor tətbiq olunmasa da döyüləcəyi ilə hədələnmişdir. Məhkəmə təqsirləndirilən şəxs X2 məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşaraq onun bu ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə ifadə verməklə məsuliyyətdən yayınmaq məqsədi güdmüşdür. Məhkəmə araşdırılmış mötəbər sübutları, şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi iş materiallarında olan, biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin X3 əməliyyat müvəkkili, polis mayoru Şahid1 ifadəsində göstərmişdir ki, 09 yanvar 2023-cü il tarixdə Lənkəran rayonu Nərimanabad qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs üzərində narkotik vasitə daşıması və satması barədə məlumat əldə etmiş, bu barədə rəhbərliyə məruzə etdikdən sonra əməliyyat qrupu yaradılmışdır. Əməliyyat-axtarış tədbirləri nəticəsində 09 yanvar 2023-cü il tarixdə səhər Təqsirləndirilən şəxs Lənkəran rayonu Nərimanabad qəsəbəsində, küçədə saxlayıb Lənkəran ŞRPŞ-nin inzibati binasına gətirmişlər. O, müdafiəçi ilə təmin olunmuş və videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs əynində olan şalvarın cibindən bir ədəd mobil telefon və iki ədəd kibrit qutusunu çıxarıb təqdim edərək həmin kibrit qutularında narkotik vasitə qurudulmuş marixuana olduğunu, onu özü əkib becərdiyini və satışı ilə məşğul olduğunu bildirmişdir. Həmin kibrit qutularına baxıldıqda içərisində narkotik vasitə marixuanaya bənzər maddələr aşkar olunmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa heç nə aşkar olunmamışdır. Sonra Təqsirləndirilən şəxs yaşadığı komada narkotik vasitə olan qurudulmuş marixuana və təxminən 2 il əvvəl dəniz kənarında tapdığı külli miqdarda narkotik vasitə heroin saxladığını, içərisində heroin olan bağlamanı sərhəd xidmətinin əməkdaşları dəniz kənarında 24 ədəd bağlama aşkar etdikləri zaman tapdığını və götürüb özündə saxladığını demişdir. Bundan sonra Təqsirləndirilən şəxs, müdafiəçisi və iştirakçılarla birlikdə Lənkəran rayonu Nərimanabad qəsəbəsinə getmişlər. Təqsirləndirilən şəxs oğlu dəniz sahilində yaşadığı komanı təqdim edib narkotik vasitəni orada saxladığını bildirmişdir. Komaya videoçəkilişlə baxış keçirilmiş, Təqsirləndirilən şəxs komada olan köhnə divanın altından bir ədəd sellofan torbanı çıxarıb onun içərisində qurudulmuş marixuana olduğunu bildirmişdir. Sonra o, həmin sellofan torbanın yanında olan başqa bir ədəd sellofan torbanı göstərib həmin torbada narkotik vasitə heroin olduğunu demişdir. Həmin narkotik vasitələr çəkilərək qablaşdırılmışdır. Polis əməkdaşları tərəfindən Habil Baxşıyevə qarşı heç bir təzyiq və təsir olmamış, saxlanıldıqdan sonra o, özü əməlini səmimi etiraf etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili X7 oğlu ifadəsində göstərmişdir ki, 09 yanvar 2023-cü il tarixdə Lənkəran rayonu Nərimanabad qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs üzərində narkotik vasitə daşıması və satması barədə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmış, həmin gün əməliyyat qrupunun tərkibində Lənkəran rayonu Nərimanabad qəsəbəbsinə gedərək Təqsirləndirilən şəxs qəsəbəsində, küçədə saxlayıb Lənkəran ŞRPŞ-nin inzibati binasına gətirmişlər. Sonuncu müdafiəçi ilə təmin olunmuş və videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarın cibindən bir ədəd mobil telefon və iki ədəd kibrit qutusunu çıxarıb təqdim edərək həmin kibrit qutularında narkotik vasitə qurudulmuş marixuana olduğunu, onu özü əkib becərməklə satışı ilə məşğul olduğunu bildirmişdir. Həmin kibrit qutularına baxıldıqda içərisində narkotik vasitə marixuanaya bənzər maddələr aşkar olunmuşdur. Onun üzərindən başqa heç nə aşkar olunmamışdır. Sonra Təqsirləndirilən şəxs yaşadığı komada narkotik vasitə olan qurudulmuş marixuana və təxminən 2 il əvvəl dəniz kənarında tapdığı külli miqdarda narkotik vasitə heroin saxladığını bildirmiş, içərisində heroin olan bağlamanı sərhəd xidmətinin əməkdaşları dəniz kənarında 24 ədəd bağlama aşkar etdikləri zaman tapdığını və götürüb özündə saxladığını bildirmişdir. Bundan sonra onun idarə etdiyi maşınla Lənkəran rayonu Nərimanabad qəsəbəsinə getmişlər. Orada Təqsirləndirilən şəxs dəniz sahilində yaşadığı komanı göstərərək narkotik vasitəni orada saxladığını demişdir. Komaya videoçəkilişlə və müdafiəçinin iştirakı ilə baxış keçirilmiş, Təqsirləndirilən şəxs komada olan köhnə divanın altından bir ədəd sellofan torbanı çıxarıb onun içərisində qurudulmuş marixuana olduğunu bildirmişdir. Sonra o, həmin sellofan torbanın yanında olan başqa bir ədəd sellofan torbanı göstərib həmin torbada narkotik vasitə heroin olduğunu demişdir. Polis əməkdaşları tərəfindən Habil Baxşıyevə qarşı heç bir təzyiq və təsir olmamış, saxlanıldıqdan sonra o, özü əməlini səmimi etiraf etmiş, bitki toxumları təqdim edərək əkdiyi marixuana toxumlarından olduğunu da demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs tanımır, onu birinci dəfədir görür, özü narkotik vasitə istifadə etdiyinə görə CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmaqla hal-hazırda Bakı İstintaq Təcridxanasında həbsdədir, öz həyətində əkdiyi qurudulmuş marixuananı istidadə edərkən polislər tərəfindən tutulmuşdur, həmçinin Şahid4 tanımır, oxumağı yazmağı bacarmır, iş üzrə ifadə verərək imzalamasını xatırlamır. Məhkəmə, şahid qismində dindirilmiş Şahid5 məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşaraq, hesab edir ki, həmin ifadə Təqsirləndirilən şəxs müdafiə xarakteri daşıyır və həmin ifadə Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadə və işin faktiki halları ilə tam təkzib edilir. Belə ki, Şahid5 istintaq zamanı verdiyi, məhkəmə istintaqı zamanı isə elan olunaraq tədqiq edilmiş ifadəsində göstərmişdir ki, o, təxminən bir neçə ay əvvəl narkotik vasitə qurudulmuş marixuanadan istifadə etmişdir. Qurudulmuş marixuananı Lənkəran şəhəri Böyük bazar adlanan ərazidə tanımadığı şəxslərdən alıb istifadə etmişdir. Lənkəran rayonu Nərimanabad qəsəbə sakini Şahid4 ilə bir neçə müddət əvvəl tanış olmuşdur. Şahid4 özü də narkotik vasitə qurudulmuş marixuanadan istifadə edir. Belə ki, təxminən 2023-cü ilin yanvar ayının ilk günlərində Nərimanabad qəsəbəsinə getmiş, orada Möhübbətlə görüşüb çayxanada çay içmişdir. Söhbət zamanı Möhübbətə marixuana istifadə etmək istədiyini bildirmişdir. Çünki onlar birlikdə bir neçə dəfə marixuandan istifadə etmişlər. Möhübbət ona qəsəbə sakini Habildən bir dəfə marixuana alıb istifadə etdiyini demişdir. Ona görə qərara gəlmişlər ki, gedib Habildən marixuana alıb, istifadə etsinlər. Onlar Möhübbətlə birlikdə Habilin yaşadığı dəniz sahilinə yaxın olan yerdə daxmasına getmişlər. Habili görüb salamlaşmışlar. Möhübbət Habildən marixuana istəmişdir. Habil onu görüb kim olduğunu soruşmuşdur. Möhübbət demişdir ki, dostum Hüseyndir. Habil marixuanası olmadığını demişdir. Ona görə də, onlar marixuana almayıb geri qayıtmışlar. Bilmişdir ki, Habil onu tanımadığına görə onlara narkotik vasitə marixuana satmamışdır. Daha sonra Möhübbətlə qəsəbədə görüşüb ayrılmışlar və evinə getmişdir. Daha sonra 08 yanvar 2023-cü il tarixdə saat 11 radələrində yenidən qəsəbəyə getmiş və o Möhübbəti qəsəbədə çayxananın yanında görmüşdür. Oraya taksi ilə getmişdir. Taksi sürücüsü çıxıb getdikdən sonra Möhübbətlə görüşmüş və ona marixuana alıb birlikdə istifadə etmələrini, 20 manatı olduğunu demişdir. Möhübbət isə 40 manatı olduğunu demişdir. Qərara gəlmişlər ki, birlikdə narkotik vasitə marixuana alıb istifadə etsinlər. Möhübbət demişdir ki, gedib Habildən alsınlar. O Möhübbətə demişdir ki, əgər o da Habilin evinə gəlsə Habil onu tanımadığı üçün ona narkotik vasitə verməyəcəkdir. Sonra 20 manatı Möhübbətə vermişdir. Möhübbət də 30 manat üstünə qoymuş və 50 manat olmuşdur. O, 10 manatı da taksi üçün ayırmışdır ki, gedib-gəlsin. Sonra Möhübbət yoldan keçən taksi ilə Habilin yaşadığı daxmasıına getmişdir. O isə orada qalıb onu gözləmişdir. Təxminən yarım saat sonra Möhübbət gəlmiş və Habilə 50 manat verib bir kibrit qutusu marixuana aldığını, 10 manat taksiyə verdiyini demişdir. Möhübbət ona Habilin bir kibrit qutusunu 60 manata satdığını, 10 manat borcu qaldığını bildirmişdir. Sonra Möhübbət kibrit qutusunu ona uzadıb içərisindən götürməsini demişdir. O da həmin kibrit qutusundan 20 manatlıq dəyərində marixuana götürmüşdür. Qalanını isə Möhübbətə vermişdir. Sonra Lənkəran şəhərinə qayımışdır.Həmin gün saat 18 radələrində Lənkəran şəhərində polis əməkdaşları tərəfindən saxlanılmışdır. Ona görə də, məhkəmə hesab edir ki, Şahid5 məhkəmədə verdiyi ifadəsi sübut kimi qəbul edilməməli və işin tam və obyektiv həlli üçün nəzərə alınmamalıdır. Cinayət işinin materiallarına əlavə edilmiş 08 yanvar 2023-cü il tarixli, şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Şahid4 bir ədəd kibrit qutusunda ümumi 8,85 qram narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüş, o həmin narkotik vasitə qurudulmuş marixuananı Təqsirləndirilən şəxs aldığını göstərmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş 09 yanvar 2023-cü il tarixli, şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan, protokola əlavə olunmuş və məhkəmə iclasında baxış keçirilmiş DVD-R diskdə olan video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs 2 ədəd kibrit qutusunda ümumi 9,23 qram narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüş, o həmin narkotik vasitəni özü əkib-becərməklə qurutduğunu, istifadə etdiyini və satışı ilə məşğul olduğunu bildirmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş 09 yanvar 2023-cü il tarixli, baxış və götürmə aparılması haqqında protokoldan, protokola əlavə olunmuş və məhkəmə iclasında baxış keçirilmiş DVD-R diskdə olan video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Lənkəran rayonu Nərimanabad qəsəbəsindəki evindən 1 ədəd sellofan torbada ümumi 2,115 qram narkotik vasitə qurudulmuş marixuana, 2 ədəd sellofanlarda ümumi 9310 qram narkotik vasitə heroin aşkar olunaraq götürülmüş, o narkotik vasitə qurudulmuş marixuananı özü əkib-becərmələ yetişdirib qurutduğunu, narkotik vasitgə heroini isə dəniz kənarında tapdığını bildirmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-bioloji ekspertizasının 09 yanvar 2023-cü il tarixli 19/18 №-li rəyindən görünür ki, Şahid5 üzərindən aşkar edilmiş bir ədəd zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi: -1,519 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsüulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-bioloji ekspertizasının 09 yanvar 2023-cü il tarixli 19/19 №-li rəyindən görünür ki, Şahid4 üzərindən aşkar edilmiş bir dəd zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi: -6,372 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsüulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş Şahid4 üzərindən və Şahid5 üzərindən götürülmüş 2 ədəd zərfdəki ümumilikdə 2 büküm marixuanalar bioloji tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-bioloji ekspertizasının 10 yanvar 2023-cü il tarixli 19/23 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd zərfdəki, 2 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri-2,268 qr; - 2,510 qr; ümumi təmiz çəkisi 4,778 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadırlar, xarici görünüşlərinə və bioloji tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs yaşadığı Nərimanabad qəsəbəsindəki saxlanc yerindən aşkarlanan 1 ədəd bağlamadakı, təmiz çəkisi 2100 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs üzərindən və yaşadığı Nərimanabad qəsəbəsindəki saxlanc yerindən aşkarlanan 1 ədəd zərfdəki və bir ədəd bağlamadakı ümumilikdə 3 ədəd olmaqla ümumi təmiz çəkisi 2104,778 qram marixuanalar, xarici görünüşlərinə və bioloji tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs yaşadığı Nərimanabad qəsəbəsindəki saxlanc yerindən aşkarlanan 1 ədəd bağlamadakı,08 ədəd bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri: -1150,0 qr: -1000,0 qr: -1130,0 qr: -1050, 0 qr:- 1105,0 qr: -1015,0 qr: -1185,0 qr: 1275,0 qram; ümumi təmiz çəkisi :-8910,0 qram olan qəhvəyi rəngli, tozşəkilli maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-narkoloji ekspertizanın xx.xx.2023-cü il tarixli 29 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyatda alınması məsləhət görülür. Cinayət işinin materiallarına əlavə edilmiş əməliyyat tapşırığının cavabından görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı müəyyən edilmişdir ki, Lənkəran rayonu Nərimanabad qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi ilə yanaşı onların satışı ilə də məşğuldur. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evindən aşkar edilmiş ümumi 2104,778 qram narkotik vasitə qurudulmuş marixuananın və 8910 qram narkotik vasitə heroinin mənbəsini müəyyən etmək mümkün olmamışdır. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qəsəbə sakini Şahid4 və Lənkəran şəhəri M.P.Vaqif küçəsi ev 30 A-da yaşayan Şahid5 ümumi 7,891 qram narkotik vasitə olan qurudulmuş marixuana satmışdır. Təqsirləndirilən şəxs bundan başqa narkotik vasitə satdığı şəxsləri müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Lənkəran Rayon Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli qərarından görünür ki, Lənkəran rayonu Nərimanabad qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair DİN-nin Lənkəran ŞRPŞ-nin NMQ-ın əməliyyat müvəkkili polis mayoru Şahid1 09 yanvar 2023-cü il tarixli qərarı qanuni və əsaslı hesab edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş 17 yanvar 2023-cü il tarixli, 78 nömrəli arayışdan görünür ki, Baxşiyev X5 şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatda deyil. Cinayət işinin materiallarına əlavə edilmiş DİN-nin BƏSİİ-nin tələbnaməsindən və hökmün surətindən görünür ki, Baxşiyev X5 Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə CM-nin 76-cı maddəsinə əsasən cəzadan 05 ay 28 gün vaxtından əvvəl şərti azad edilmişdir. xx.xx.2017-ci ildə cəza müddəti başa çatmışdır. Bundan sonra Baxşiyev X5 Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə cəzanın çəkilməmiş hissəsindən 02 ay vaxtından əvvəl şərti azad edilmişdir. xx.xx.2020-ci ildə cəza müddəti bitmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Lənkəran ŞİHB-nın Nərimanabad qəsəbə İƏDÜN-nin 10 aprel 2023-cü il tarixli 12-5/226 nömrəli arayışdan görünür ki, Baxşiyev X5 rayonu Nərimanabad qəsəbəsində qeydiyyatdadır və tək yaşamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Lənkəran ŞİHB-nın Nərimanabad qəsəbə İƏDÜN-nin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə mənfi xarakterizə olunur. Beləliklə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar: şahid ifadələri, həmçinin işin digər obyektiv halları Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinin məhz onun tərəfindən törədilməsini tam təsdiq edir. Məhkəmə tədqiq edilmiş sübutların məcmuyuna hərtərəfli, tam və obyektiv qiymət verərək hesab edir ki, onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2, 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini, sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmadığını, həmçinin təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən və cəza çəkmədən islah olunmasını mümkün saymayaraq, törətdiyi cinayət əməllərinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinə əsasən maddi sübutlar məsələsinin necə həll olunmasını müzakirə edərək, iş üzrə maddi sübut olan və Lənkəran ŞRPŞ-nin maddi sübutları saxlama kamerasında saxlanılan 1 ədəd paketdə ümumi 2104,628 qram narkotik vasitə qurudulmuş marixuananın (ilkin çəkisi 2104,778 qram olmuşdur), iki ədəd paketdə ümumi 8909,6 qram narkotik vasitə heroinin (ilkin çəkisi 8910 qram olmuşdur), 1 ədəd paketdə 1,499 qram narkotik vasitə qurudulmuş marixuananın (ilkin çəkisi 1,519 qram olmuşdur), 1 ədəd paketdə 6,352 qram narkotik vasitə qurudulmuş marixuananın (ilkin çəkisi 6,372 qram olmuşdur) hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi, iş üzrə maddi sübut kimi tanınmış videoçəkilişə dair DVD disklərin isə cinayət işinin icraat materiallarında saxlanılması qərarına gəlir. İş üzrə keçirilmiş ekspertizanın dəyəri olan 65 (altımış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun tutulduğu gündən, yəni 09 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs yaşadığı ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın və Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun. İş üzrə maddi sübut olan və Lənkəran ŞRPŞ-nin maddi sübutları saxlama kamerasında saxlanılan 1 ədəd paketdə ümumi 2104,628 qram narkotik vasitə qurudulmuş marixuana (ilkin çəkisi 2104,778 qram olmuşdur), iki ədəd paketdə ümumi 8909,6 qram narkotik vasitə heroin (ilkin çəkisi 8910 qram olmuşdur), 1 ədəd paketdə 1,499 qram narkotik vasitə qurudulmuş marixuana (ilkin çəkisi 1,519 qram olmuşdur), 1 ədəd paketdə 6,352 qram narkotik vasitə qurudulmuş marixuana (ilkin çəkisi 6,372 qram olmuşdur) hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış videoçəkilişə dair DVD disklər cinayət işinin icraat materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza xərci olan 65 (altımış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Təqsirləndirilən şəxs münasibətdə həmin müddət hökmün surətinin ona verildiyi andan hesablanır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar