Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-402/2025 27.02.2026 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Süleymanov Elxan Xasay oğlunun sədrliyi ilə, hakimlər Səfərli Cavid Şamil oğlu və Vəliyeva Ayşən Umud qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X6, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri, 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, tərcüməçi - X4 iştirakları ilə, xx xxxxxx 1962-ci il tarixdə Rusiya Federasiyasının Dağıstan Respublikasında anadan olmuş, Rusiya Federasiyası vətəndaşı, Rusiya Federasiyası, Dağıstan Respublikası, Kizilyurt rayonu, Sultanyanqurt kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, evli, orta təhsilli, yük nəqliyyat vasitəsi sürücüsü işləmiş, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 234.4-1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və öz deməsinə görə ünvan 1 ünvanında müvəqqəti yaşayan Təqsirləndirilən şəxs Maqomedoviçin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2 və 234.4-1-ci maddələri ilətəqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında keçirilən açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Rusiya Federasiyasının vətəndaşı Təqsirləndirilən şəxs Maqomedoviçə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2 və 234.4- 1-ci maddələri ilə ittiahm elan edilmişdir ona görə ki, o, 04 dekabr 2024-cü il tarixədək olan müddət ərzində satış məqsədi ilə qəsdən qanunsuz olaraq İran İslam Respublikasında xüsusilə külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmə barədə şəxsiyyətləri istintaqla müəyyən edilməmiş şəxslərlə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun şəxsiyyətləri istintaqla müəyyən edilməmiş üzvləri ilə birgə, istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda satış məqsədi ilə qəsdən qanunsuz olaraq ümumilikdə xüsusilə külli miqdarda – 58360 qram qurudulmuş marixuana narkotik vasitəsini əldə etmiş, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edərək Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə Türkiyə Respublikasında qeydiyyatda olan “As Prometheus yayıncılık Egitim Danis. Ve Tic. Limited” şirkətinin sifarişi ilə İran İslam Respublikasında fəaliyyət göstərən “Danial Mamandi” tərəfindən həmin Respublikanın Astara şəhərindən Rusiya Federasiyasının Moskva şəhərində yerləşən “LLC Komida” şirkətinə “təzə alma” yükü apardığı “Man” markalı, “C678ME05/AM540705” qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin qoşqusunda olan və içərisinə təzə alma yığılmış 26 paletdən 4 ədədində olan alma yeşiklərinin içəri alt hissəsində təzə alma yüklərinin alt sıralarında yerləşdirərək ümumilikdə 126 ədəd dördbucaq formalı sellofan bağlamada saxlamış, həmin nəqliyyat vasitəsini idarə edərək qeyd olunan narkotik vasitəni İran İslam Respublikasından Azərbaycan Respublikasına daşımış və 04 dekabr 2024-cü il tarixdə saat 04 radələrində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsinin Astara rayonunun inzibati ərazisində yerləşən “Cənub-Astara” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş, 07 dekabr 2024-cü il tarixdə saat 13:45-dən saat 18:40-dək qeyd edilən postda gömrük nəzarəti qaydasında keçirilmiş yoxlama zamanı sözügedən narkotik vasitə gizlədildiyi yerlərdən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlara əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Maqomedoviçin Azərbaycan Respublikası CM-nin 206.3.2 və 234.4-1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirliliyi sübuta yetirilməmişdir. Belə ki, məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Maqomedoviç ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2 və 234.4-1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, uzun müddətdir yük maşını sürücüsü kimi fəaliyyət göstərir və əvvəllər də İran İslam Respublikasından Rusiya Federasiyasına dəfələrlə yük daşımasına baxmayaraq, heç vaxt yükün içində hər hansı qanunsuz predmetin gizlədilməsi halı ilə qarşılaşmamışdır. Sonuncu dəfə də İrana getməkdə məqsədi oradan Rusiya Federasiyasına gedən yük tapıb aparmaq və gəlir əldə etmək olmuşdur. 27 noyabr 2024cü il tarixdə gecə saatlarında Astara gömrük postundan keçməklə İran İslam Respublikasına getmişdir. Orada bir qədər gözlədikdən sonra bir nəfər şəxs yaxınlaşaraq adının Məhəmməd olduğunu, Moskva şəhərinə aparılmalı “alma” yükünün olduğunu bildirmişdir. Razılaşdıqdan sonra almalar maşına yüklənmişdir. Alma yeşiklərinin saf ve təmiz olduğunu yoхlamış, hər şey qaydasında olmuşdur. Məhəmməd ona zəng edib bildirmişdir ki, baxışa getməlidir. İran sərhəddində gömrük əməkdaşları tərəfindən xidməti itlə də yoxlama aparılmışdır, lakin yüklərin içərisindən və ya maşının başqa hər hansı bir yerindən qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmişdir. İran tərəfdə gömrük postuna daxil olmuş, yoxlamadan keçmək üçün ödəniş etməli olduğunu bildirmişlər, o da pulu dəyişməyə getmişdir. Qayıdandan sonra yükü yenidən plomlamışlar. Xatırlamadığı saatda Azərbaycan sərhəddinə tərəf yola düşmüşdür. Sərhədi keçərkən sənədlərini almışlar və geri qaytarmamışlar. Təxminən 4 dekabr 2024-cü il tarixdən 7 dekabr 2024-cü il tarixədək Azərbaycan sərhəddində, üç gün gözlədikdən sonra onun növbəsi çatmışdır. Üç maşın yoxlamadan keçdikdən sonra onun maşını rentgen yoxlamasına göndərilmişdir və rentgendən keçdikdən sonra ona bildirmişlər ki, maşınındakı yüklərə gömrük yoxlaması keçirilmiş və yoxlama zamanı narkotik vasitə aşkar olunmuşdur. O, bu halı bildikdən sonra dərhal yükü Moskvada qəbul edəcək Rövşən adlı şəxsə zəng edərək iradını bildirmişdir. Təqsirləndirilən şəxs qeyd etmişdir ki, bu narkotik vasitələrin kim tərəfindən oraya qoyulmasından, kimə məxsus olmasından tamamilə xəbərsizdir. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, İranda, "Fayana" dayanacağında Məhəmməd adlı şəxslə danışdıqdan sonra malın yüklənməsinə başlanılmış, yüklənmə prosesi zamanı yükü gətirən maşınla onun maşınının arxa hissələri bir-birinə tam birləşdirilmiş və paletlər yerə endirilmədən birbaşa onun qoşqusuna daşınmışdır. Məhz bu səbəbdən onun paletlərin alt hissəsini və yüklənmənin necə aparıldığını görmək imkanı ümumiyyətlə olmamış, o, yalnız yeşiklərin üstündəki almaların saf və yararlı olmasına baxmışdır. O, hətta işi götürərkən Məhəmməddən yükün içərisində qadağan olunmuş əşyanın olubolmadığını soruşmuş və ondan hər şeyin təmiz olduğu cavabını almışdır. Çünki, o, İrandan göndərilən yüklərdə əvvəllər başqa sürücülərin maşınından narkotik çıxdığını eşitdiyi üçün özünü sığortalamaq məqsədilə bu sualı vermişdir, hətta İran gömrüyündəki yoxlamanı sərbəst şəkildə öz telefonu ilə videoya çəkmişdir. Həmin yoxlama zamanı xidməti itlərdən istifadə edilsə də, yükdə heç bir qadağan olunmuş predmet tapılmamış, bundan sonra isə avtomobilin yük yerinin qapıları bağlanaraq plomb vurulmuş və yalnız Azərbaycan sərhədində yoxlama zamanı açılmışdır. Təqsirləndirilən şəxs özünün istifadəsində olan yük avtomobilinin qoşqu hissəsində, daşıdığı yükün içində gizlədilmiş narkotik vasitələrdən ümumiyyətlə məlumatının olmadığını, sürücü kimi malın içini yoxlamaq səlahiyyətinin olmadığını, yalnız üzdən vizual baxış keçirdiyini və bu vizual baxış zamanı istəsə belə paletlərin içində olan alma yeşiklərinin altında gizlədilən narkotik vasitəni görməsinin qeyrimümkün olduğunu bildirərək məhkəmədən ona bəraət verilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərdi ki, Astara Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzinin 1-ci Bölməsinin baş inspektoru vəzifəsində işləyir. 07 dekabr 2024-cü il tarixdə Astara Gömrük İdarəsinin Cənub-Astara gömrük postunda növbədə olаrkən, ölkəyə daxil olma ardıcıllığına görə şübhə əsasında terminalda saxlanca göndərilmiş yük nəqliyyat vasitələrini açaraq yoxlamağa başlamışdır. Adətən növbədə çox maşın olurmuş. Buna görə də nəqliyyat vasitəsi posta daxil olduqdan sonra əgər daşıdığı yüklərdə şühbə varsa bəzən 1 gün, bəzən də bir neçə gün terminalda yoxlamanın keçirilməsini gözləyir. Həmin gün saat 13 radələrində sıra Rusiya Federasiyası vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi “Man” markalı, “C678ME05/AM540705” dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinə çatmış, nəqliyyat vasitəsinə yoxlamaya başlamazdan əvvəl 2 nəfər hal şahidi dəvət etmiş, hal şahidləri yoxlama yerinə gəldikdən sonra onlara hüquq və vəzifələrini izah edərək sürücünü onlara təqdim etmiş, bundan sonra yoxlamaya başlamışdır. Yoxlamaya başlamazdan əvvəl sürücü Təqsirləndirilən şəxs idarə etdiyi nəqliyyat vasitəsində gizlədilmiş və ya bəyan edilməyən hər hansısa bir qanunsuz predmet olub-olmadığını soruşmuş, sonuncu da heç bir şey olmadığını bildirmişdir. Bundan sonra nəqliyyat vasitəsinin yük yerinin qapılarını açmışlar və alma yükü olan paletlər xüsusi nəqliyyat vasitəsinin köməyi ilə yerə endirilmişdir. Bu zaman digər gömrük əməkdaşı instruktur-kinoloq Şahid2 də xidməti itlə həmin paletləri yoxlamışdır. Xidməti it, paletlərin bəzilərinə reaksiya vermiş və həmin paletlər digərlərindən ayrıca yığılmışdır. Paletlərin hamısı yerə endirildikdən sonra ümumilikdə 26 paletdən 4 ədədinə xidməti it reaksiya vermişdir. Xidməti itin reaksiya verdiyi paletlər digər paletlərdən fərqlənirmiş. Belə ki, sözügedən 4 palet digər paletlərdən həm hündürlük baxımından alçaq imiş, həmçinin həmin paletlərdəki alma yeşiklərinin üzəri ağ rəngli saçaqlı örtüklərlə örtülübmüş. Onlar həmin paletlərə əsaslı və ətraflı gömrük yoxlaması həyata keçirmiş və tərəfindən alma yeşiklərinin içərisindəki almalar boşaldılaraq yeşiklərin içərisinə baxış keçirilmişdir. Bu zaman yeşiklərin içərisində əksəriyyəti göy rəngli, bəziləri şəffaf sellofan paketə bükülmüş halda, dördbucaqlı formalı bağlamalar aşkar etmişdir. Həmin bağlamaları açaraq içərilərinə baxış keçirmiş və bu zaman məlum olmuşdur ki, bağlamalarda açıq yaşıl rəngli, spesifik iyə malik olan qurudulmuş bitki kütlələri vardır. Bağlamaların içərisində olan kütlələrə baxış keçirən zaman rəngindən və spesifik iyindən həmin kütlələrin “qurudulmuş marixuana” narkotik vasitəsi olduğunu ehtimal etmişdir. Buna görə də qeyd olunan 4 paletdəki alma yeşiklərindən aşkar edilmiş bütün bağlamaları bir yerə yığaraq saymış və postun balansında olan elektron tərəzidə qablaşdırmaları ilə birlikdə çəkmişdir. Bundan sonra aşkar edilmiş bağlamaların hamısını protokol tərtib edərək götürmüşdür və iştirakçılara da protokolun müvafiq yerlərində imzalar etdirmişdir. Məhkəmə iclasında ona verilən suallara cavab olaraq şahid bildirmişdir ki, kənardan vizual müşahidə ilə paletlərin içində nəisə gizlədildiyini müşahidə etmək mümkün deyildi. Həmin paletlərə xüsusi təlim keçmiş xidməti itlər reaksiya vermiş və bundan sonra paletlər açılaraq, yeşiklərin altında gizlədilmiş narkotik vasitələr aşkar edilmişdir. Əlavə olaraq, şahid ona verilən suallara cavab olaraq bildirmişdir ki, yoxlama aparılarkən sürücü Təqsirləndirilən şəxs hərəkətlərində diqqətçəkən hər hansı nüans, yəni təşviş və ya narahatçılıq olmamışdır. Yeşiklərin içində narkotik vasitə aşkar edildikdən sonra isə o, açıq-aşkar təəccüb və sarsıntı keçirərək, tapılan maddələrdən qətiyyən xəbərdar olmadığını bildirmiş, malı göndərən və qəbul edən şəxslərlə əlaqə yaradıb etirazını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 Məmməd oğlu ifadə verərək göstərdi ki, Astara şəhərində yaşayır, daimi iş yeri olmadığı üçün müvəqqəti olaraq Astara Gömrük İdarəsində həyata keçirilən yükləmə-boşaltma əməliyyatlarında fəhləlik etməklə günəmuzd işləyir. 07 dekabr 2024-cü il tarixdə, saat təqribən 13 radələrində Astara Gömrük İdarəsinin Vüqar adlı əməkdaşı ona və onunla birlikdə fəhləlik edən Şahid4 yaxınlaşaraq yük maşınlarında olan yüklərin yoxlanılması üçün nəzərdə tutulmuş yoxlama anbarına dəvət etmiş və bildirmişdir ki, Rusiya Federasiyası vətəndaşınа məxsus “Man” markalı, yük nəqliyyat vasitəsinə gömrük yoxlaması keçiriləcək və həmin yoxlamada hal şahidi qismində iştirak etməyi onlara təklif etmişdir, onlar da etiraz etməmiş və onunla birlikdə yoxlama keçiriləcək anbara getmişlər. Oraya çatdıqdan sonra başqa bir gömrük əməkdaşının da xidməti itlə birlikdə orada olduğunu görmüşlər. Daha sonra gömrük əməkdaşı onlara hüquq və vəzifələrini izah edərək yoxlanılacaq yük nəqliyyat vasitəsinin sürücüsünü onlarla tanış etmiş və onlara təqdim etmişdir. Bundan sonra yoxlamaya başladığını bildirərək, nəqliyyat vasitəsinin qoşqusunun yük yerini açmış və oradakı paletlər xüsusi nəqliyyat vasitəsinin köməyi ilə yerə endirilmiş, paletlər yerə endirildikcə də xidməti it tətbiq edilməklə gömrük əməkdaşı tərəfindən yoxlama keçirilmişdir. Həmin paletlərdən 4 ədədinə xidməti it reaksiya vermiş, bu zaman həmin paletlərdəki içərisində “alma” yükü olan yeşiklərə ətraflı və əsaslı yoxlama keçirilmişdir. Bu zaman həmin yeşiklərdə olan alma yüklərinin alt hissəsində əksəriyyəti göy rəngli olmaqla, bəziləri şəffaf sellofan paketə bükülmüş halda dördbucaq formalı bağlamalar aşkar edilmişdir. Həmin bağlamalar gömrük əməkdaşı tərəfindən açılaraq içərilərinə baxış keçirilmiş və bu zaman məlum olmuşdur ki, bağlamalarda açıq yaşıl rəngli, spesifik iyə malik olan qurudulmuş bitki kütlələri var. Gömrük əməkdaşı həmin kütlələrə baxdıqdan sonra “qurudulmuş marixuana” narkotik vasitəsinə bənzədiyini bildirmişdir və buna görə də qeyd olunan 4 paletdəki alma yeşiklərindən aşkar edilən bütün bağlamalar bir yerə yığılaraq sayılmış, həmçinin elektron tərəzidə çəkilmişdir. Ona verilən suallara cavab olaraq şahid bildirmişdir ki, kənardan vizual baxışla paletlərdə və ya onların içindəki yeşiklərdə nəisə gizlədildiyini müəyyən etmək qeyri-mümkün idi. Xidməti itlərin verdiyi reaksiyadan sonra həmin paletlər açılıb, yeşiklərə baxış keçirildikdən sonra narkotik vasitələr aşkar edilmişdir. Həmçinin, şahid ona verilən suallara cavab olaraq bildirmişdir ki, əvvəlcədən sürücünün hərəkətlərində hər hansı narahatlıq olmamışdır, yeşiklərdə narkotik vasitələr aşkar edildikdən sonra sürücünün verdiyi reaksiyalar həqiqətən onda sürücünün orada narkotik vasitələr gizlədildiyindən məlumatsız olduğu təəssüratını yaratmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, Astara şəhərində yaşayır, daimi iş yeri olmadığı üçün müvəqqəti olaraq Astara Gömrük İdarəsində həyata keçirilən yükləmə-boşaltma əməliyyatlarında fəhləlik etməklə günəmuzd işləyir. 07 dekabr 2024-cü il tarixdə, saat təqribən 13 radələrində Astara Gömrük İdarəsinin Vüqar adlı əməkdaşı ona və onunla birlikdə fəhləlik edən Şahid3 yaxınlaşaraq yük maşınlarında olan yüklərin yoxlanılması üçün nəzərdə tutulmuş yoxlama anbarına dəvət etmiş və bildirmişdir ki, Rusiya Federasiyası vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi “Man” markalı, “C678ME05/AM540705” dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinə gömrük yoxlaması keçiriləcək və həmin yoxlamada hal şahidi qismində iştirak etməyi onlara təklif etmişdir, onlar də etiraz etməmiş və onunla birlikdə yoxlama keçiriləcək anbara getmişlər. Oraya çatdıqdan sonra başqa bir gömrük əməkdaşının da xidməti itlə birlikdə orada olduğunu görmüşdür. Daha sonra gömrük əməkdaşı onlara hüquq və vəzifələrini izah edərək yoxlanılacaq yük nəqliyyat vasitəsinin sürücüsünü onlarla tanış etmiş və onlara təqdim etmişdir. Bundan sonra yoxlamaya başladığını bildirərək, nəqliyyat vasitəsinin qoşqusunun yük yerini açmış və oradakı paletlər xüsusi nəqliyyat vasitəsinin köməyi ilə yerə endirilmişdir, paletlər yerə endirildikcə də xidməti it tətbiq edilməklə gömrük əməkdaşı tərəfindən yoxlama keçirilmişdir. Həmin paletlərdən 4 ədədinə xidməti it reaksiya vermişdir, Bu zaman həmin paletlərdəki içərisində “alma” yükü olan yeşiklərə ətraflı və əsaslı yoxlama keçirilmişdir. Bu zaman həmin yeşiklərdə olan alma yüklərinin alt hissəsində əksəriyyəti göy rəngli olmaqla, bəziləri şəffaf sellofan paketə bükülmüş halda dördbucaq formalı bağlamalar aşkar edilmişdir. Həmin bağlamalar gömrük əməkdaşı tərəfindən açılaraq içərisilərinə baxış keçirilmiş və bu zaman məlum olmuşdur ki, bağlamalarda açıq yaşıl rəngli, spesifik iyə malik olan qurudulmuş bitki kütlələri var. Gömrük əməkdaşı həmin kütlələrə baxdıqdan sonra “qurudulmuş marixuana” narkotik vasitəsinə bənzədiyini bildirmişdir və buna görə də qeyd olunan 4 paletdəki alma yeşiklərindən aşkar edilən bütün bağlamalar bir yerə yığılaraq sayılmış, həmçinin elektron tərəzidə çəkilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 digər şahidlərlə oxşar məzmunlu ifadə verərək yuxarıda qeyd olunan xüsusatları təsdiq etmişdir. İş materiallarında olan «Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında» 08 dekabr 2024-cü il tarixli qərara əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Maqomedoviç barəsində Azərbaycan Respublikası CM-in 206.3.2 və 234.4-1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. (c İ, i.v 1) İş materiallarında olan Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsinin Astara rayonu ərazisində yerləşən Rəsmiləşdirmə Mərkəzinin 1-ci bölməsində tərtib edilmiş “Malların və nəqliyyat vasitəsinin yoxlanılması haqqında” 07 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, 07 dekabr 2024-cü il tarixdə, saat 13 radələrində Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsinin Astara rayonu ərazisində yerləşən Rəsmiləşdirmə Mərkəzinin 1-ci bölməsində İran İslam Respublikasından Rusiya Federasiyasına “alma” yükü aparan Rusiya Federasiyası vətəndaşı X3 idarə etdiyi “MAN” markalı, C678ME05/AM540705 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin qoşqusunda olan 26 ədəd paletdəki “alma” yükü yerə boşaldıldı və həmin yükə “Boni” ləqəbli kinoloji xidmət iti tətbiq edildi. Bu zaman kinoloji xidmət iti avtomobilin qoşqusundan yerə boşaldılmış 4 ədəd paletə reaksiya vermiş, bu səbəbdən də həmin paletlərə əsaslı gömrük yoxlaması həyata keçirilmişdir. Yoxlama zamanı. 4 ədəd paletin içərisindən – almaların yerləşdirildiyi yeşiklərin içəri alt hissəsindən ümumilikdə 126 ədəd üzəriləri alma yükü ilə örtülərək gömrük nəzarətindən gizlədilmiş, göy rəngli və şəffaf sellofana bükülmüş, dördbucaq formalı bağlamalar aşkar edildi. Daha sonra həmin bağlamalar açıldı, baxıldı və çəkildi. Nəticədə 126 ədəd bağlamanın qablaşdırması ilə birlikdə ümumi təqribi çəkisinin 78 kiloqram 332 qram təşkil edən açıq yaşıl rəngli narkotik vasitə marixuanaya oxşar maddə olduğu məlum oldu. Yoxlama başa çatdıqdan sonra Rusiya Federasiyası vətəndaşı X3 idarə etdiyi “MAN” markalı, C678ME05/AM540705 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin qoşqusunda olan paletlərin içərisindən – almaların yerləşdirildiyi yeşiklərin içəri alt hissəsindən aşkar edilmiş ümumilikdə 126 ədəd bağlamada olan, ümumi təqribi çəkisi 78 kiloqram 332 qram təşkil edən narkotik vasitə marixuanaya oxşar maddə sürücü və hal şahidlərinin iştirakı ilə götürüldü, Əməliyyat və təhqiqat şöbəsinin xidməti otağına gətirilərək araşdırma ilə əlaqədar qablaşdırlaraq möhürlənmişdir. (c İ, i.v 11-13) İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 dekabr 2024-cü il tarixli, 7-16-16-2-7/1985 nömrəli məhkəmə bioloji ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, beş ədəd qara rəngli polietilen torbadakı ümumi sayı 49 ədəd göy rəngli bağlamanın içərisində sellofan bağlamada ümumi çəkisi 22775 qram; beş ədəd qara rəngli polietilen torbadakı ümumi sayı 48 ədəd göy rəngli bağlamanın içərisində sellofan bağlamada ümumi çəkisi 22230 qram; üç ədəd qara rəngli polietilen torbadakı ümumi sayı 29 ədəd (onlardan iyirmi beş ədəd göy rəngli. Dörd ədədi isə şəffaf bağlamalarda) içərisində sellofan bağlamada ümumi çəkisi 13355 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuanaların ümumi çəkisi 58360 qramdır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. Marixuana 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına (İ siyahı) daxildir. Ekspertiza tədqiqatı zamanı ümumi çəkisi 58360 qram olan narkotik vasitə marixuanadan 3,78 qramı (hər obyektdən 0,03 qram götürüldü) sərf edilmiş, tədqiqat sonra qalıq 58356,22 qram qalmışdır. (c İ, i.v 71-73) İş materiallarında olan «Əşyanın maddi sübut kimi tanınması haqqında» 16 dekabr 2024-cü il tarixli qərardan görünür ki, cinayətin predmeti hesab edilən xüsusilə külli miqdarda 58360 qram qurudulmuş marixuana narkotik vasitəsi, cinayət əməlinin törədilməsində alət istifadə edilmiş “Man” markalı, “C678ME05/AM540705” qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi, cinayətin törədilməsində vasitə olaraq istifadə edilmiş 28 noyabr 2024-cü il tarixli, 11D nömrəli invoysa əsasən netto çəkisi 18500 kq, dəyəri isə 12950 ABŞ dolları təşkil edən “təzə alma” yükü və üzrə Təqsirləndirilən şəxs məxsus “Redmi Note 7” markalı mobil telefon maddi sübut qismində tanınmışdır. (c İ, i.v 166-171) İş materiallarında olan 17 dekabr 2024-cü il tarixli aktdan görünür ki, cinayət işi üzrə maddi sübut qismində tanınmış və aparılmış ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 58356,22 qram qurudulmuş marixuana narkotik vasitəsi məhkəmənin hökmünə və digər yekun qərarınadək saxlanılmasından ötrü Dövlət Gömrük Komitəsinin Əməliyyat- İstintaq Baş İdarəsinin Maddi sübutların saxlanc otağına təhvil verilmişdir. (c İ, i.v 183) İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 fevral 2025-ci il tarixli 5(004)-154/2025 nömrəli qərarı ilə ********* nömrəli cinayət işi üzrə maddi sübut kimi tanınmış, aparılmış tədqiqatlardan və xüsusilə külli miqdarın aşağı həddi miqdarında – 50006,22 qram çəkidə nümunə götürüldükdən sonra qalıq qalan 8350 qram narkotik vasitə qurudulmuş marixuana cinayət təqibi üzrə icraat başa çatanadək məhv edilməsi Azərbaycan Respublikası Dövlət gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinə və Narkomanlığa və X1rşı Mübarizə üzrə Dövlət Komissiyasına həvalə edilmişdir. Sözügedən məhkəmə qərarı 08 aprel 2025-ci il tarixli məktubla Azərbaycan Respublikası Narkomanlığa və X1rşı Mübarizə üzrə Dövlət Komissiyasına göndərilmişdir. (c İİ, i.v 49-50, 121) İş materiallarında olan 17 dekabr 2024-cü il tarixli, 3-33/2-019228/2024 nömrəli məktubla Dövlət Gömrük Komitəsinin Azərterminalkompleks Birliyinə müraciət edilərək, Astara Gömrük İdarəsində saxlanılan “Man” markalı, “C678ME05/AM540705” qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin Birliyin Bakı şəhərində yerləşən dayanacaq terminala daşınması, saxlanc müddəti ərzində nəqliyyat vasitəsinin tamlığının təmin edilməsi, yarasız vəziyyətə düşməsinin qarşısının alınması üçün tədbirlər görülməsi tapşırılmışdır. Birliyin 22 iyun 2025-ci il tarixli, 3-33-5600/2-000813/2025 nömrəli məktubunda göstərilmişdir ki, qeyd edilən yük nəqliyyat vasitəsinin texniki səbəblərdən Bakı şəhərində yerləşən dayanacaq terminala daşınması mümkün olmamış və bu səbəbdən də həmin nəqliyyat vasitəsi Astara Gömrük İdarəsinin dayanacaq terminalında saxlanılır. (c İ, i.v 178, cİİ, i.v 224) İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 fevral 2025-ci il tarixli 5(004)-153/2025 nömrəli qərarı ilə ********* nömrəli cinayət işi üzrə maddi sübut kimi tanınmış ümumi bazar qiyməti 51000 (əlli bir min) manat təşkil edən “MAN” markalı, 18410 modelli, C678ME05 qeydiyyat nişanlı, WMAH05ZZZ1M311066 şassi nömrəli, 2000-ci il buraxılışlı yəhərli dartıcının və həmin dartıcının “SCHMİTZ SKO 24” markalı, ABCD tipli, AM540705 qeydiyyat nişanlı, WSMS**********464 şassi nömrəli, 1997-ci il buraxılışlı yarımqoşqusunun üzərinə həbs qoyulmuşdur. Qərarın icrası ilə bağlı Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsinə 05 aprel 2025-ci il tarixli məktub göndərilmişdir. (c İİ, i.v 52-53,120) İş materiallarında olan 17 dekabr 2024-cü il tarixli, 3-33/2-019212/2024 nömrəli məktubla Dövlət Gömrük Komitəsinin Azərterminalkompleks Birliyinə müraciət edilərək maddi sübut qismində tanınmış 28 noyabr 2024-cü il tarixli, 11D nömrəli invoysa əsasən netto çəkisi 18500 kq, dəyəri isə 12950 ABŞ dolları təşkil edən “təzə alma” yükü Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 mart 2014-cü il tarixli, 88 saylı qərarı ilə təsdiq edilmiş qaydalara əsasən tez xarab olan mal hesab edildiyindən satışı həyata keçirilməklə, həmin malın satışından əldə ediləcək pul vəsaiti depozit hesaba köçürülməsi tapşırılmışdır. 04 aprel 2025-ci il tarixdə Azərterminalkompleks Birliyindən daxil olmuş 3- 33-5600/2-000423/2025 nömrəli məktubda “Man” markalı, “C678ME05/AM540705” qeydiyyat nişanlı yük nəqliyyat vasitəsində daşınan 18500 kq çəkidə “təzə alma” yükü xx.xx.2024-cü il tarixdə gömrük hərracına çıxarıldığı, həmin tarixli, 1 nömrəli protokol əsasında satıldığı, malı satışından əldə edilmiş gəlirin 9450 manat olduğu və əldə edilən gəlirin Azərterminalkompleks Birliyinin hesabında saxlanıldığı bildirilmişdir. Lakin, Azərterminalkompleks Birliyinin xx.xx.2025-ci il tarixli, 3-33-5600/2-000658/2025 nömrəli məktubunda, yol verilmiş texniki xəta səbəbindən digər yalnış məlumatların təqdim edildiyi, faktiki olaraq “Man” markalı, “C678ME05/AM540705” qeydiyyat nişanlı yük nəqliyyat vasitəsində olan “təzə alma” yükü xarab olmaqla yararsız vəziyyətə düşdüyü və buna görə də satışının mümkün olmadığı bildirilmişdir. Təqsirləndirilən şəxs ərizəsi əsasında malların məhv edilməsi haqqında 22 may 2025-ci il tarixli Qərar qəbul edilərək, qərarın icrası Dövlət Gömrük Komitəsinin Gömrük İnzibatçılığı Baş İdarəsinə tapşırılmışdır. (c İ, i.v 177, c İİ, i.v 116-118, 205-216) İş materiallarında olan 08 dekabr 2024-cü il tarixli “Mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus “Redmi Note 7” markalı mobil telefondur. Telefonun üzərində Rusiya Federasiyasına mobil operatoruna məxsus +**********2 mobil nömrə vardır. Telefonun “Whatsapp Messenger” mesajlaşma proqramına baxış keçirildikdə adı qeyd edilməmiş +**********1 saylı mobil telefon nömrəsinin Rusiya Federasiyasının mobil operatoruna məxsus olmasına baxmayaraq, həmin nömrənin istifadəçisi “Whatsapp Messenger” mesajlaşma proqramında adını “Равшан” olaraq qeyd etdiyi və həmin proqramda profil şəkli olaraq “İnfinity FX 35” markalı, **-EC-*** Azərbaycan Respublikası dövlət qeydiyyat nişanlı, ağ rəngli minik avtomobilin şəklinin olduğu, həmin şəxslə xx.xx.2024-ci il tarixdə saat 19:07-də silinmiş səsli zəngin, 19:25-də həmin şəxs tərəfindən “Salamalekum” mesajının yazılması, Təqsirləndirilən şəxs tərəfindən “va aleykum salam Ravşan” məzmunlu səsli mesajın göndərilməsi, xx.xx.2024-cü il tarixdə saat 09:43, 09:51 və 09:53-də silinmiş səsli zənglərin olması, xx.xx.2024-cü il tarixdə 09:58-də silinmiş səsli zəngin və həmin şəxs tərəfindən Təqsirləndirilən şəxs 10:01-də “саламалекум дедя (tərcüməsi: salam baba)” məzmunlu mesaj yazılması, 10:09-da silinmiş səsli zəngin olması, xx.xx.2024-cü il tarixdə saat 10:14, 15:08 və 15:14-də silinmiş səsli zənglərin olması, xx.xx.2024-cü il tarixdə saat 08:33 və 13:27-də silinmiş səsli zənglərin olması, xx.xx.2024-cü il tarixdə saat 17:01 cavab verilməmiş səsli zəngin olması, saat 17:02-də “дядя салам алейкум və как обстановка (tərcüməsi: dayı salam əleykim və vəziyyət necədir)” məzmunlu mesajın yazılması, 17:19-da silinmiş səsli zəngin olması, xx.xx.2024-cü il tarixdə saat 19:49-da gecikilmiş səsli zəngin edildiyi, 20:31-də cavabsız səsli zəngin olduğu, 20:32-də “salam Ravşan, ola bilsin sabaha qədər çatdıra bilərlər, qapıdan heç kimi buraxmırlar, hətta xəstələri belə buraxmırlar” məzmunlu səsli mesaj göndərildiyi, həmin şəxs tərəfindən 20:58-də “ok, дедя (tərcüməsi – yaxşı baba)” məzmunlu mesaj yazıldığı, xx.xx.2024-cü il tarixdə saat 10:46-da daxil olmuş səsli zəng olduğu və 11:05-də cavabsız zəng edildiyi müəyyən edilmişdir. “Whatsapp Messenger” mesajlaşma proqramında Təqsirləndirilən şəxs tərəfindən şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində İran İslam Respublikası vətəndaşı Məhəmməd adlı şəxsə məxsus olduğu bildirilən adı qeyd edilməmiş +98 939 ***-**-** İran İslam Respublikası mobil operatoruna məxsus mobil telefon nömrəsinə Təqsirləndirilən şəxs “Moskvada qarşılayan adama nömrəsini vermişəm” məzmunlu səsli mesaj göndərdiyi, həmin şəxs tərəfindən “Farhad HododiAzar” kimi qeyd edilmiş +98 914 ***-**-** mobil telefon nömrəsi göndərilmiş, +98 939 ***-**-** mobil telefon nömrəsindən xx.xx.2024-cü il tarixdə 19:02-də səsli zəng gəldiyi, həmin tarixdə 19:04-də silinmiş səsli zəng getdiyi müəyyən edilmişdir. “Whatsapp Messenger” mesajlaşma proqramında adı qeyd edilməmiş +98 911 ***-**-** saylı mobil telefon nömrəsinin İran İslam Respublikası mobil operatoruna məxsus olmasına baxmayaraq, həmin nömrənin istifadəçisinin “Whatsapp Messenger” mesajlaşma proqramında adını “Ata” olaraq qeyd etdiyi, xx.xx.2024-cü il tarixdə saat 14:18-də “....” tipli mesaj gəldiyi, xx.xx.2024-cü il tarixdə 13:52-də silinmiş səsli zəng gəldiyi, xx.xx.2024-cü il tarixdə 10:11də silinmiş səsli zəng gəldiyi, Təqsirləndirilən şəxs tərəfindən “Man” markalı, C678ME05 qeydiyyat nişanlı nəqliyyat vasitəsinin növbədə gözlədiyini və olduğu yeri əks etdirən 0:14 dəqiqəlik videogörüntünün +98 911 ***-**-** saylı mobil telefon nömrəsinə göndərildiyi, həmin şəxs tərəfindən xx.xx.2024-cü il tarixdə saat 10:17-də “yaxşı qardaş, mən burdayam” məzmunlu səsli mesajın göndərildiyi, həmin tarixdə saat 14:49-da Təqsirləndirilən şəxs tərəfindən həmin şəxsə səsli zəng edildiyi müəyyən edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs “Whatsapp Messenger” mesajlaşma proqramında digər şəxslərlə olan danışıqlarından iş üzrə əhəmiyyət kəsb edəcək digər hallara rast gəlinməmişdir. Telefonun “Şəkillər” bölməsində olan 0:49, 2:56, 6:04, 0:07 və 0:13 dəqiqəlik video-görüntülərə baxış zamanı, Təqsirləndirilən şəxs idarə etdiyi “Man” markalı, “C678ME05/AM540705” qeydiyyat nişanlı yük nəqliyyat vasitəsində daşıdığı alma yüklərinin olduğu yeşik və paletlərə İran İslam Respublikasının Gömrük Xidmətinin əməkdaşı tərəfindən xidməti it tətbiq edilməklə keçirilmiş gömrük yoxlaması zamanı, həmin palet və yeşiklərdən qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar edilmədiyi, gömrük əməkdaşının “Ata” adlı şəxsi çağırdığı və bundan başqa nəqliyyat vasitəsində daşınan “alma” yükünün yüklənməsi prosesini əks etdirən video görüntünün, “alma” yüklərinin olduğu paletlərin bir neçəsindəki yeşiklərin üzərində ağ rəngli saçaqlı örtüklərin olduğu, həmçinin “alma” yüklərinin boşaldıldığı 35A115 İran İslam Respublikası qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin foto şəkilinin olduğu müəyyən edilmişdir. Bundan başqa iş üzrə əhəmiyyət kəsb edəcək hər hansı hala rast gəlinməmişdir. (c İ, i.v 119-120) İş materiallarında olan “Baxış keçirilməsi haqqında” 08 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Rusiya Federasiyası vətəndaşı Təqsirləndirilən şəxs sərhədkeçmə məlumatlarının dəqiqləşdirilməsi üçün Dövlət Gömrük Komitəsi Hədəfləmə və koordinasiya mərkəzindən əldə olunmuş məlumatlara baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, Dövlət Gömrük Komitəsi gömrük xidmətinin vahid avtomatlaşdırılmış idarəetmə sisteminin hüquqpozmalar alt bölməsindəki “xidməti məlumatlar” siyahı sorğusu vasitəsilə göndərilmiş məlumatlar əsasında Rusiya Federasiyası vətəndaşı Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 04:13-də Astara DSBM vasitəsilə İran İslam Respublikasından Azərbaycan Respublikasına gəldiyi müəyyən edilmişdir. (c İ, i.v 90-91) İş materiallarında olan 09 yanvar 2025-ci il tarixli “Video görüntülərə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, iş üzrə təqsirləndirilən şəxs Rusiya Federasiyası vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi “Man” markalı, “C678ME05/AM540705” dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsi ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn Astara Gömrük İdarəsinin “Cənub-Astara” gömrük postunda və həmin postun anbarında sözügedən nəqliyyat vasitəsinin qoşqusunda olan yüklərə keçirilmiş gömrük zamanı müşahidə kameraları tərəfindən qeydə alınmış video görüntülərə baxış keçirilən zaman, müəyyən edilmişdir ki, Rusiya Federasiyası vətəndaşı Təqsirləndirilən şəxs, idarə etdiyi “Man” markalı, “C678ME05/AM540705” dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsi ilə xx.xx.2024-cü il tarixdə İran İslam Respublikası istiqamətindən Astara Gömrük İdarəsinin “Cənub-Astara” gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olur. Burada nəqliyyat vasitəsinin kabinasına gömrük yoxlaması həyata keçirildikdən sonra nəqliyyat vasitəsinin ümumi konstruksiyasına vizual baxış keçirilməsindən ötrü idxal gömrük nəzarəti xəttindən çıxır və bundan sonra nəqliyyat vasitəsinin yük yerinə və daxili konstruksiyasına vizual baxış keçirilməsindən ötrü rentgen qurğusuna göndərilir və səyyar rentgen qurğusu vasitəsilə baxış keçirilir. Bundan sonra nəqliyyat vasitəsi postun dayanacaq terminalına göndərilir. xx.xx.2024-cü il tarixdə isə nəqliyyat vasitəsinin qoşqusunda olan yüklərə gömrük yoxlaması keçirilməsi üçün postun anbarına gətirilir. Burada nəqliyyat vasitəsinin yük yeri açılaraq içərisinə alma yığılmış yeşiklərin olduğu paletlər avtokar yük nəqliyyat vasitəsinin köməyi ilə qoşqunun yük yerindən çıxarılır. Bu zaman nəqliyyat vasitəsinin sürücüsü Rusiya Federasiyası vətəndaşı Təqsirləndirilən şəxs da orada olduğu və yoxlama prosesində yaxından iştirak etdiyi müşahidə edilir. Həmin paletlərin 4 ədədinin yarımçıq olduğu, yəni digər paletlərdəki hündürlüyün yarısı səviyyəsində (yeşiklər palet çərçivəsinin yarısına qədər yığılmışdır. Yarısından yuxarı hissəsi boşdur.) yeşiklərinlərin yığıldığı, həmin yeşiklərin digər dolu paletlərdəki yeşiklərdən fərqləndiyi, belə ki, həmin yeşiklərdəki alma yüklərinin üzəri ağ rəngli saçağlı örtüklə örtülmüş vəziyyətdə olduğu müşahidə olunur. Daha sonra bütün paletlər gömrük əməkdaşı tərəfindən xidməti it tətbiq edilməklə yoxlanılır. Yoxlama zamanı, yuxarıda qeyd edilən yarımçıq paletlərdəki üzəri ağ rəngli saçaqlı örtüklərlə örtülmüş alma yeşiklərinin içərisindən dördbucaqlı formasında göy rəngli və şəffaf sellofan bağlamalar aşkar edilir. Aşkar edilmiş bütün bağlamalar nəqliyyat vasitəsinin dartıcısının ön tərəfində yerə düzülür və sayılır. Həmin bağlamaların 122 ədədi göy rəngdə, 4 ədədi isə şəffaf sellofan dördbucaqlı bükümlər olmaqla ümumilikdə sayının 126 ədəd olduğu müəyyən olunur. Bundan sonra aşkar edilmiş həmin bağlamalar götürülür, paletlərdəki alma yekləri isə avtokar yük nəqliyyat vasitəsinin köməyi ilə nəqliyyat vasitəsinin qoşqusuna yığılaraq, yük yeri bağlanır. Bundan sonra nəqliyyat vasitəsi anbardan çıxır və video sonlanır. (c İ, i.v 226) İş materiallarında olan “Cinayət işindən başqa cinayət işinin ayrılması və ayrılmış cinayət işinin icraata qəbul edilməsi haqqında” 23 iyun 2025-ci il tarixli qərara əsasən müəyyən edilir ki, Rusiya Federasiyası vətəndaşı Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 206.3.2 və 234.4-1-ci maddələri ilə təqsirləndirilməsinə dair hazırkı cinayət işinin materiallarından cinayət əməllərinin törədilməsində iştirakı olan digər şəxslərin barəsində Cinayət Məcəlləsinin 206.3.2 və 234.4-1-ci maddələri ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır. (c İİ, i.v 250-253) İş materiallarında olan 18 mart 2025-ci il tarixli “əşyaların təhvil verilməsi və alınması haqqında” protokola əsasən, 07 dekabr 2024-cü il tarixli “malların və nəqliyyat vasitələrinin yoxlanması və şəxsi əşyaların götürülməsi haqqında“ protokollarla Astara Gömrük İdarəsində Təqsirləndirilən şəxs götürülmüş 200 (iki yüz) ABŞ dolları, 120 (bir yüz iyirmi) Azərbaycan manatı və 12310 (on iki min üç yüz on) Rusiya Rublu məbləğində pul vəsaitləri və Təqsirləndirilən şəxs məxsus RUS ********* nömrəli pasport onun istintaq orqanına verdiyi xx.xx.2025-ci il tarixli ərizəsi əsasında ona geri qaytarılmışdır. (c İİ, i.v 90) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsinin xx.xx.2025-ci il tarixli, 17 nömrəli ambulator məcburi narkoloji tibbi yoxlama rəyindən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. (c İ, i.v 241-242) İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. (c İ, i.v 222) Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Maqomedoviçə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs Maqomedoviçin CM-in 206.3.2 və 234.4- 1-ci maddələri ilə təqsirləndiriləməsinə dair cinayət işi üzrə əldə edilmiş sübutların cəminə hüquqi qiymət verərək qeyd edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs Maqomedoviçin təqsiri müəyyən edilmir. Belə ki, işin faktiki halları, şahid ifadələri və iş üzrə toplanmış digər istintaq sənədlərindən görünür ki, Təqsirləndirilən şəxs Maqomedoviç özünün idarə etdiyi yük nəqliyyat vasitəsinin yük yerində alma yeşiklərinin alt hissəsində 126 ədəd bağlamada narkotik vasitə olan qurudulmuş marixuananın gizlədilməsindən ümumiyyətlə məlumatsız olmuşdur. Təqsirləndirilən şəxs Maqomedoviç istifadəsində olan yük avtomobili ilə yük daşımaq və gəlir əldə etmək məqsədi ilə Rusiya Federasiyasından İran İslam Respublikasına getmiş, orada "Fayana" adlı dayanacağın yaxınlığında təsadüfən Məhəmməd adlı şəxsdən Moskva şəhərinə alma yükü daşımaq təklifini almış və onunla razılaşmışdır. Yükün yüklənməsi prosesi birbaşa digər yük avtomobilindən onun avtomobilinə verilməklə həyata keçirilmiş, yüklənmə başa çatdıqdan sonra avtomobilin yük yeri möhürlənərək plomb vurulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxsin istifadəsində olmuş "Redmi Note 7" markalı mobil telefona baxış zamanı onun təqsirini sübut edən, narkotik vasitələrin dövriyyəsi ilə bağlı hər hansı səsli və ya yazılı ismarıc, fotoşəkil və sair məlumatlar aşkar olunmamışdır. Onun "Ravşan", "Məhəmməd" və "Ata" kimi qeyd edilmiş şəxslərlə yazışmaları yalnız gömrük postunda növbə gözləmə, yükün rəsmiləşdirilməsi və yoxlanış kimi logistik məsələlərlə bağlı olmuşdur. O, hətta İran gömrüyündəki yoxlamanı özü sərbəst şəkildə videoya çəkmişdir ki, bu da onun daşıdığı yükdə qanunsuz predmetin olmasından xəbərsiz olduğunu və gizlətməli bir şeyinin olmadığını təsdiq edir. Dindirilmiş şahidlərin verdiyi ifadələrə əsasən, Azərbaycan Respublikasının sərhədindəki yoxlama prosesi boyunca sürücünün özünü tam arxayın və təmkinli aparması, qadağan olunmuş predmetlər aşkar edildikdə isə verdiyi təbii, qeyri-ixtiyari reaksiya onun üçün bu vəziyyətin tamamilə gözlənilməz olduğunu göstərmişdir. Məhkəmə hesab edir ki, şəxsin hadisə yerindəki bu səmimi sarsıntısı və dərhal yükü qəbul edəcək şəxsə zəng edib iradını bildirməyə cəhd etməsi, onun daşıdığı alma yükünün daxilində narkotik vasitə gizlədilməsindən tamamilə xəbərsiz olduğunu və heç bir cinayətkar niyyətinin olmadığını sübut edir. Bundan əlavə, Təqsirləndirilən şəxs Maqomedoviçin avtomobildən aşkar olunmuş narkotik vasitədən məlumatı olmaması barədə ifadəsində göstərdiyi xüsusatlar məhkəmə istintaqı zamanı tədqiq edilmiş heç bir sübutla təkzib edilməmişdir. İş materialları ilə müəyyən edilmişdir ki, narkotik vasitələr yeşiklərdəki təzə almaların alt hissələrində, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edilərək gizlədilmişdir. Bu isə onu deməyə əsas verir ki, Təqsirləndirilən şəxs Maqomedoviç həmin yüklər onun istifadəsində olan avtomobilə yüklənərkən hətta vizual olaraq paletlərə baxış keçirsə belə, almaların altında qanunsuz predmet gizlədildiyini müəyyən edə bilməzdi. Avtomobilin yük yerinin yüklənmə bitdikdən sonra plomblanması isə onu deməyə əsas verir ki, avtomobil yükləndikdən sonra sürücünün avtomobilin yük yerinin içərisinə hər hansı fiziki müdaxilə imkanı olmamışdır. Eyni zamanda, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla mübahisəsiz şəkildə təsdiq olunur ki, yükdaşıyıcı (sürücü) Təqsirləndirilən şəxs daşıdığı alma yükünün içərisində narkotik vasitənin gizlədilməsindən xəbərdar olması və ya qabaqcadan bunu bilmə ehtimalı istisna edilir. Belə ki, iş materiallarına əsasən qanunsuz predmetlər malların aşkar edilməsini çətinləşdirən xüsusi üsullardan istifadə olunmaqla gizlədilmişdir. Alma yükü ayrı-ayrı plastik yeşiklərə yığılmış, həmin yeşiklər isə paletlərdə üst-üstə bərkidilərək qablaşdırılmış vəziyyətdə olmuşdur. Aşkar edilmiş narkotik vasitələr isə ümumi yükün hər yerində deyil, mövcud 26 paletdən yalnız 4-nün orta hissələrində yerləşən yeşiklərin ən dibində – təzə almaların altında yerləşdirilmişdir. Bu cür mürəkkəb və dərin gizlətmə üsulu onu deməyə əsas verir ki, sürücü yüklənmə zamanı paletlərə hətta vizual olaraq diqqətlə baxış keçirmiş olsaydı belə, bağlanmış və qablaşdırılmış paletlərin daxilini görmək, almaların ən alt qatında qanunsuz predmetin olduğunu fiziki olaraq müəyyən etmək imkanından tam məhrum olmuşdur. Həmçinin, Azərbaycan Respublikasının tərəfdar çıxdığı, “Beynəlxalq Yükdaşımaları müqaviləsi haqqında” 19 may 1956-cı il tarixli Cnevrə Konvensiyasının 8-ci maddəsinin 1ci hissəsinə görə beynəlxalq yükü qəbul edən sürücü yalnız yük yerlərini, yükün və onun qablaşdırılmasının xarici görünüşünü yoxlamalıdır. Həmin maddəyə əsasən daşınan məhsulun adı barədə məlumatlar beynəlxalq avtomobil daşıyıcısının (sürücüsünün) nəzarət sahəsinə aid deyil. Həmçinin bu Konvensiyasının 11-ci maddəsində yükgöndərən yükü göndərməzdən əvvəl lazımi sənədləri fakturaya əlavə etmək və ya daşıyıcının ixtiyarına vermək, gömrük və digər rəsmiyyətlərin icrası üçün tələb edilən bütün məlumatları təqdim etmək vəzifəsi təsbit edilmişdir. Həmin maddənin 2-ci hissəsinə əsasən bu sənədlərin düzgünlüyünün və bütövlüyünün yoxlanılması daşıyıcının vəzifələrinə aid deyil. Habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 sentyabr 2009-cu il tarixli qərarı ilə təsdiq edlilmiş “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması” Qaydalarının 35.1-ci maddəsinə əsasən (Avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımaların təşkili) avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımaları, o cümlədən tranzit daşımaları Azərbaycan Respublikasının qanunvericiliyinə və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq yerinə yetirilir. Həmin Qaydaların 38.3-cü maddəsinə əsasən daşıyıcı yükü qəbul edərkən CMR-də (Avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımaları zamanı beynəlxalq nümunəli əmtəənəqliyyat qaiməsi) olan yük yerlərinin sayı, onların markalanması və nömrələnməsi, həmçinin yükün və onun qablaşdırılmasının xarici vəziyyətinə aid məlumatları yoxlamalıdır. Göründüyü kimi, həm beynəlxalq, həm daxili qanunvericilikdə sürücünün yükləri yalnız vizual yoxlama vəzifəsi təsbit edildiyindən, yeşiklərin ən alt hissəsində gizlədilmiş kütlələrə görə sürücünün məsuliyyət daşıması qanunauyğun deyildir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara əsasən belə nəticəyə gəlir ki, sürücü Təqsirləndirilən şəxs daşımaq üçün qəbul etdiyi yüklərin içində narkotik vasitələrin gizlədilməsindən tamamilə məlumatsız olmuşdur. Odur ki, Təqsirləndirilən şəxs Maqomedoviçə qarşı Azərbaycan Respublikası CM-nin 206.3.2-ci və 234.4-1-ci maddələri ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilməlidir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”-nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksin tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Hazırki cinayət işi üzrə tədqiq edilən sübutlara əsasən təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilməmişdir. Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olduğunu sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə müvafiq olaraq məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli Plenum qərarının 23-cü bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət-Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikası adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Məhkəmə tərkibi qanunvericiliyin yuxarıda sadalanan müddəalarına, eləcə də ibtidai istintaq zamanı toplanmış və məhkəmə baxışında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, cinayət işinin materiallarına qanunamüvafiq qaydada qiymət verərək hesab edir ki, Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs Maqomedoviçin Azərbaycan Respublikası CM-nin 206.3.2 və 234.4-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə təqsirliliyi sübuta yetirilmədiyi üçün ona bəraət verilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 353.3.4-cü maddəsinin tələblərinə əsasən məhkəmənin bəraət hökmündə bəraət almış şəxsə cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi məsələsi və mülki iddia üzrə qərarın motivləri göstərilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 56 və 62.1-ci maddələrinin tələblərinə görə, bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir və vurulmuş ziyanın ödənilməsi cinayət təqibinin gedişində mümkün olmadıqda buna hüququ olan şəxsə cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ziyanın ödənilməsi qaydaları izah edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 356.5-ci maddəsinə əsasən bəraət alması ilə əlaqədar təqsirləndirilən şəxs cinayət təqibi zamanı qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb olunması və barəsində qətimkan tədbiri seçilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət etmək hüququnun olması izah olunmalıdır. Məhkəmə tərkibi qeyd edir ki, Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə uyğun olaraq, bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilmədikdə, hökm qanuni qüvvəyə mindikdən sonra məhkəmə həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərməlidir. Lakin, hazırkı cinayət işi üzrə 23 iyun 2025-ci il tarixdə “Cinayət işindən başqa cinayət işinin ayrılması və ayrılmış cinayət işinin icraata qəbul edilməsi haqqında” qərar qəbul edildiyi və cinayət əməllərinin törədilməsində iştirakı olan digər şəxslərin barəsində Cinayət Məcəlləsinin 206.3.2 və 234.4-1-ci maddələri ilə ********* nömrəli cinayət işinin ayrıca icraata ayrıldığı nəzərə alınmalıdır. Məhkəmə tərkibi hesab edir ki, maddi sübut kimi tanınaraq Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsində saxlanılan 50006,22 qram narkotik vasitə olan qurudulmuş marixuana həmin yerdə saxlanılmalı və iş üzrə maddi sübut olan Astara Gömrük İdarəsində saxlanılan “MAN” markalı, C678ME05/AM540705 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi və “Redmi” markalı mobil telefon Təqsirləndirilən şəxs Maqomedoviçə qaytarılmalıdır. Azərbaycan Respublikasının CPM-ə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Maqomedoviçə bəraət veriləcəyindən keçirilmiş ekspertiza ilə bağlı 236 (iki yüz otuz altı) manat məbləğində məhkəmə xərcinin ödənilməsindən Təqsirləndirilən şəxs azad olunmalı və həmin məbləğ dövlətə aid edilməlidir. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə tərkibi gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli və «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Məhkəmə tərkibi göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 21, 42, 55, 346-347, 349-350, 352-354, 356-358, 384-385-ci maddələrini rəhbər tutaraq h ö k m e t d i: Təqsirləndirilən şəxs Maqomedoviçə Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsiri sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2 və 234.4-1-ci maddələri ilə bəraət verilsin və o, Azərbaycan Respublikası adından təqsirsiz hesab edilsin. Təqsirləndirilən şəxs Maqomedoviç barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs Maqomedoviçə cinayət təqibi zamanı qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin seçilməsi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət etmək hüququnun olması izah edilsin. Hazırkı cinayət işi üzrə “Cinayət işindən başqa cinayət işinin ayrılması və ayrılmış cinayət işinin icraata qəbul edilməsi haqqında” 23 iyun 2025-ci il tarixli qərar qəbul edildiyi və cinayət əməllərinin törədilməsində iştirakı olan digər şəxslərin barəsində Cinayət Məcəlləsinin 206.3.2 və 234.4-1-ci maddələri ilə ********* nömrəli cinayət işinin ayrıca icraata ayrıldığı nəzərə alınsın. Maddi sübut kimi tanınaraq Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsində saxlanılan 50006,22 qram qurudulmuş marixuana həmin yerdə saxlanılsın. İş üzrə maddi sübut olan Astara Gömrük İdarəsində saxlanılan “MAN” markalı C678ME05/AM540705 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi və “Redmi” markalı mobil telefon Təqsirləndirilən şəxs Maqomedoviçə qaytarılsın. Təqsirləndirilən şəxs Maqomedoviç iş üzrə olan 236 (iki yüz otuz altı) manat ekspertiza xərcinin ödənilməsindən azad edilsin və həmin məbləğ dövlətə aid edilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Elxan Süleymanov Hakimlər: Cavid Səfərli Ayşən Vəliyeva
Məhkəmə qərarları › İş №1(099)-402/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-402/2025
27.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver