Məhkəmə qərarları › İş №1(099)-403/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-403/2024

15.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-403/2024 15.04.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Əli Abdulla oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi- X4, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi- Lənkəran Rayon Vəkil Bürosunun vəkili X2 iştirakları ilə xx xxxxxx 1989-cu il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, işsiz, Lənkəran şəhəri, 20 yanvar küçəsi ev 55-də qeydiyyatda olmaqla, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 2023-cü ilin noyabr ayında, Lənkəran şəhərində yerləşən Böyük-bazar adlanan ərazidə 01 (bir) bükümdə, təmiz çəkisi 2,386 qram olmaqla külli miqdar təşkil edən, tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə etmiş və üzərində daşımaqla saxlamış, bu barədə məlumat alan Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 12 noyabr 2023-cü il tarixdə, saat 13:55 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran şəhəri, V.Hüseynov küçəsində saxlanılaraq Lənkəran ŞRPŞ-nin yerləşdiyi inzibati binasına gətirildikdən sonra üzərinə şəxsi-axtarış keçirilərkən əynində olan şalvarın sağ yan cibindən həmin bükümdə və çəkidə narkotik vasitə heroin aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, özü narkotiklərdən heroindən üç-dörd aydır ki, istifadə edir. 12 noyabr 2023-cü ildə yaşadığı evdən çıxmış, öz məhəllələrində V.Hüseynov küçəsində saxlanılmışdır. İki nəfər polis əməkdaşı maşını saxlayıb, adını soruşmuş, o isə özünü təqdim etmiş, daha sonra maşına oturub polis şöbəsinə getmişlər. Həmin vaxt polislər ondan soruşmuşlar ki, “mal eliyənsən”, özü isə demişdir ki, “hə”. Şöbəyə gedərkən üzərində telefon üçün poverbank, siqaret, alışqan və pul olmuşdur. Üstündə həmin vaxt başqa heçnə olmamışdır. Lakin şöbədə onu təhdid edib, evindən iki kq mal çıxaracaqlarını demişlər. O isə məcbur olub polis əməkdaşları ilə razılaşmışdır. Narkotiki ona əməliyyatçılardan ya Heydər ya da Tahir vermişdir. Düşünmüş ki, onu 234.1lə rəsmiləşdirsinlər, gedib sağalsın. Çünki narkotik istifadəçisi olmuş, 234.1-lə razılaşmışdır. Lakin bilməmiş ki, 234.1-1-lə rəsmiləşdiriblər, bu səbəbdən də sənədlərə qol çəkmişdir. Daha sonra çəkiliş olmuşdur, lakin bilməmiş ki, 234.1-1-lə üç ildən səkkiz ilədək cəza var. Bunu isə MSY-nə verilərkən ordakı şəxslərdən öyrənmişdir. Sonra isə prokurorun yanına aparılmışdır, prokuror isə onu həbs etməməyi tapşırmışdır, yenidə şöbəyə qayıtdıqda isə Ombudsman orada olduğundan uzun müddət PPX maşınında saxlanılmış, daha sonra içəri keçirilmişdir. Sonra isə məhkəməyə çıxarılmış, barəsində dörd ay həbs seçilmişdir. Bundan sonra isə Kürdəxanıya gətirilmişdir. Saxlanılarkən üzərində narkotik olmayıb, narkotikin ona aidiyyəti yoxdur, barəsində həbs qətimkan tədbiri seçilərkən də hakimə heçnə deməmişdir. Müstəntiq isə qonşusu olmuş, ona qarşı heç bir təsir, təzyiq etməmiş, ifadəsini yazmış, özü isə oxuyub imza etmişdir. Özü atasızdır, himayəsində üç azyaşlı övladı var, ailənin yeganə qazanc mənbəyidir, barəsində ən aşağı həddə cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmir. O özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilir. Təxminən 4-5 ilə yaxındır ki, bədənində ağrılar olduğu üçün heroini qızdırıb tüstüsünü çəkməklə qəbul edir. Üzərində aşkar edilmiş heroin ona məxsusdur. xx.xx.2023-cü il tarixdə səhər saatlarında Lənkəran şəhər Böyük bazar ərazisində üzdən tanıdığı, adını və ünvanın bimədiyi şəxsdən 40 manata 1 bükümdə, təxminən 2.5 qram çəkidə şəxsi istifadəsi üçün heroin almışdır. O həmin heroini 4 gün qəbul edib qurtaracaqdır. Heroin aldığı şəxsi tanımır. Adını, ünvanını və telefon nömrəsini bilmir. xx.xx.2023-cü il tarixdə saat 13 radələrində Lənkəran şəhəri V.Hüseynov küçəsi ilə piyada gedərkən küçədə 3 nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşmışlar. Həmin şəxslər ona özlərini polis əməkdaşı kimi təqdim etmişlər və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu ona bildirmişlər. Sonra polis əməkdaşları onu avtomaşınla Lənkəran şəhərində yerləşən Lənkəran polis şöbəsinə gətirmişlər. Polis şöbəsində təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Sonra ona təhqiqatçı tərəfindən vəkil təqdim olunmuşdur. Şübhəli şəxsin hüquq və vəzifələri ona izah edildikdən sonra üzərinə video çəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı ona bildirilmişdir ki, üzərində qanunsuz əşya və maddə varsa təqdim etsin. O da bu təklifdən sonra əynindəki şalvarının sağ yan cibində gizlətdiyi 1 ədəd selofan bükümdə heroini çıxarıb təqdim etmişdir və ona verilən suallara cavab olaraq bildirmişdir ki, təqdim etdiyi bükümün içərisində heroin var, həmin heroin ona məxsusdur, heroini böyük bazar ərazisində üzdən tanıdığı adını bilmədiyi şəxsdən 40 manata alaraq əldə etdiyini izah etmişdir. Təqdim etdiyi 1 ədəd büküm təhqiqatçı tərəfindən baxış keçirildikdə bükümün içərisində heroin aşkar edilmişdir. Heroin elektron tərəzidə çəkildikdə heroinin çəkisi 2,49 qram olmuşdur. Sonra həmin heroin zərfə qoyulmuş, zərfin üstü möhürlənmiş, üzərində qeydlər aparılaraq imzalanmışdır. Törətdiyi əmələ görə peşmandır. Polis əməkdaşları tərəfindən şəxsi axtarış keçirilməsi barədə tərtib edilmiş protokolun məzmunu ucadan oxunduqda o iştirakçılarla birlikdə doğru bilib imzalarla təsdiq etmişlər. Bildirir ki, heroini tanımadığı şəxsdən 40 manata almışdır. Heroini əldə edərkən tək olmuşdur. Heroin əldə etdiyi həmin şəxin hansı ünvanda yaşadığını və ad soyadını bilmir. Heroini şəxsi istifadəsi üçün almışdır. Heroindən heç kəsə satmamış və heç kəsədə istifadə etmək üçün verməmişəm. Polis əməkdaşları tərəfindən ona qaraşı heç bir qanunsuz hərəkətlər edilməmişdir. Heç bir ciddi və psixi xəstəliyi yoxdur. Məhkəmə iclasında məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs, həmin ifadələrini təsdiq etmədiyini, 234.1-lə razılaşdığına görə həmin ifadələrini imzaladığını bildirmişdir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, Lənkəran ŞRPŞ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 12 noyabr 2023-cu il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşqul olması barədə qərəzsiz mənbədən məlumat əldə etmişdir. Təqsirləndirilən şəxs barəsində daxil olmuş məlumat barədə polis şöbəsinin rəisini məruzə etmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək üçün onun ətrafında əməliyyat tədbirlərinin keçirilməsindən ötrü 12 noyabr 2023-cü il tarixdə şöbənin rəisindən müvafiq razılıq alındıqdan sonra tərəfindən əməliyyat qrupu yaradılmışdır. Daha sonra Təqsirləndirilən şəxs ola biləcəyi ərazilər tərəflərindən müşahidəyə götürülmüşdür. xx.xx.2023-cü il tarixdə saat 13:55-də Təqsirləndirilən şəxs tərəflərindən Lənkəran şəhəri V.Hüseynov küçəsində saxlanılmış və şöbəyə dəvət edilmişdir. Təqsirləndirilən şəxs da, onlarla razılaşıb birlikdə polis şöbəsinə gəlmişdir. Şöbədə Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə və video çəkilişlə şəxsi-axtarış keçirilmişdir. Şəxsi-axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan ağ rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf sellofan bükümü çıxardıb təqdim edərək bükümün içərisində heroin olduğunu bildirmişdir. Həmin büküm elektron tərəzidə çəkildikdə heroinin çəkisi 2,49 qram olmuşdur. Təqsirləndirilən şəxs aşkar olunmuş həmin büküm zərfə qoyularaq qablaşdırılmışdır. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs ilə sorğu-sual edildikdə o təhqiqatçıya həmin büküm ona məxsus olduğunu, həmin bükümün içərisində özünə məxsus heroin olduğunu, heroinin tutulduğu gün Böyük bazar ərazisində üzdən tanıdığı, adını bilmədiyi şəxsdən aldığını və qəbul etmək üçün üzərində saxladığını bildirmişdir. Saxlanılarkən və polis şöbəsində olarkən Təqsirləndirilən şəxs tərəflərindən heç bir təsir və ya təzyiq edilməyib, üzərinə narkotik vasitə qoyulmayıb, Təqsirləndirilən şəxs bu barədə məhkəməyə yalan məlumat verir. Çünki, polis şöbəsində təhqiqatçı tərəfindən dərhal müdafiəçi dəvət edilmiş, üzərinə şəxsi axtarış video çəkiliş vasitəsilə edilmişdir. Məhkəmə iclasında Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. İşdə olan, Lənkəran ŞRPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1 xx.xx.2023-cü il tarixli “Raport”u ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını əldə etməsi, üzərində saxlaması, satışı və daşıması ilə məşğul olması barədə icraatına əməliyyat məlumatı daxil olmuşdur. Onun ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilməsini xahiş etmişdir. (c İ, i.v 4) İşdə olan, «təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə» xx.xx.2023-cü il tarixli qərarın məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 tərəfindən qərar qəbul olunmuşdur. (c İ, i.v 5-6) İşdə olan, «şübhəli şəxsin tutulması haqqında» xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 14:20-də şübhəli şəxs qismində tutulmuşdur. (c İ, i.v 14) İşdə olan, xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokolundan və əlavə edilmiş videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs əynində olan şalvarının sağ cibindən 1 ədəd bükümdə heroinə bənzər maddəni çıxardıb təqdim edərək, həmin narkotik vasitə heroinin özünə məxsus olduğunu etiraf emişdir. (c İ, i.v 30- 32) İşdə olan, materialların məhkəmə ekspertizasının xx.xx.2023-cü il tarixli 19/1003 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət: Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş büküm...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 01 ədəd bükümdə təmiz çəkisi 2,386 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata sərf olundu-0,1 qr, qalıq-2,286 qr. Aparılmış ekspertiza tədqiqatının dəyəri 65 manat təşkil edir. (c İ, i.v 44-46) İşdə olan, xx.xx.2023-cü il tarixli, 4(049)-309/2023 saylı Lənkəran Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində dörd ay həddində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü ildən hesablanmışdır. (c İ, i.v 68-71) İşdə olan, Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 1034 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və STİMULYATORLARİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (POLİNARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburu müalicəyə ehtiyyacı vardır. Ərazi narkoloji xəstəxanasında 2023-cü ildən “Opium narkomanlığı” diaqnozu ilə qeydiyyatda durur. (c İ, i.v 72) İşdə olan, xx.xx.2023-cü il tarixli, 1124 nömrəli məhkəmə tibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər-hansı bir xəsarət aşkar edilmədi. (c İ, i.v 73-74) İşdə olan, Lənkəran ŞİH Lənkəran ŞMTİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2011, xx.xx.2013 və xx.xx.2017-ci il təvəllüdlü uşaqları vardır, yaşayış yeri üzrə müsbət xarakterizə edilir. (c İ, i.v 89-90) İşdə olan, xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Məmmədov X5 Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. (c İ, i.v 91-92) İşdə olan, xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş ekspert tədqiqatından sonrakı qalıq çəkisi 2,286 qram narkotik vasitə heroin və şəxsi axtarış zamanı aparılmış video çəkiliş görünütüləri olan 1 ədəd DVD disk maddi sübut qismində tanınmış, bir ədəd bükümdə narkotik vasitə heroin saxlanılması üçün Lənkəran ŞRPŞ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, 1 ədəd DVD disk isə cinayət işində saxlanılmışdır. (c İ, i.v 93- 96) Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X3 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və seçdiyi müdafiəçisi vasitəsi ilə suallar vermiş, habelə ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs müdafiəsi üçün gətirdiyi dəlillər: saxlanılarkən üzərində heç bir narkotik vasitə, qanunla qadağan edilmiş əşya və ya predmet olmamış, narkotik vasitə əməkdaşları tərəfindən üzərinə qoyulmuş, polis əməkdaşları tərəfindən ona təhdidlər və pis rəftar edildiyi üçün həmin narkotik vasitənin özünə məxsus olmasını etiraf etmişdir. Təqsirlərdirilən şəxsin irəli sürdüyü ikinci dəlillə bağlı məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən təhdidlər və pis rəftara məruz qalması ilə bağlı irəli sürdüyü dəlilə məhkəmə münasibət bildirərək qeyd edir ki, Təqsirləndirilən şəxs işin məhkəmə baxışı zamanı ibtidai araşdırma dövründə ondan izahatın, şübhəli və təqsirləndirilən şəxs kimi etirafedici ifadələrin təhdidlər və pis rəftar edilməklə alındığını bildirmişdir. Azərbaycan Respublikası CPM-nin 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Qanunvericiliyin tələblərindən göründüyü kimi, ibtidai istintaq dövründə qeyri-insani və ya şəxsiyyəti alçaldan, yaxud hər hansı digər formada qanunsuz təsirə məruz qalmağa dair şikayət işə mahiyyəti üzrə baxan yox, məhkəmə nəzarətini həyata keçirən məhkəmə qarşısında qaldırılan şikayətlər siyahısına aid edilmişdir. İş materiallarından göründüyü kimi, öz seçimi ilə cəlb edilmiş peşəkar vəkillə təmsil edilməsinə baxmayaraq, istər Təqsirləndirilən şəxs özü, istər onun vəkili ibtidai istintaq dövründə belə şikayətlə vaxtlıvaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmiş və eyni zamanda o, bu halı hər hansı dəlillə əsaslandırmamış və ya izah etməmişdir. Beləliklə, təqsirləndirilən şəxs üç aydan artıq müddət ərzində aparılmış ibtidai araşdırma zamanı təhdidlərə və pis rəftara məruz qaldığını mübahisələndirməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı müdafiəçi tərəfindən verilmiş suallara cavab olaraq söyləydiyi səsli nitqində saxlanıalrkən və polis şöbəsində olarkən ona qarşı fiziki zor, psixi hədə edilmədiyini, hər hansı bir şikayətinin olmadığını bildirmiş, eyni zamanda onun saxlanılmasında iştirak etmiş polis əməkdaşları da məhkəmədə dindirilərkən tərəflərindən Təqsirləndirilən şəxs qarşı hər hansı bir fiziki və ya psixi təsirin göstərilmədiyini, üzərinə narkotik vasitə qoyulmadığını bildirmişlər. Bundan başqa hələ ibtidai araşdırma zamanı Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan dərhal sonra tibbi müayinədən keçirilmiş, xx.xx.2023-cü il tarixli 1124 nömrəli ekspert rəyindən də görünür ki, onun bədəni üzərində hər-hansı bir xəsarət aşkar edilməmişdir. Bu səbəblərdən məhkəmə tərkibi hesab edir ki, yuxarıda qeyd olunanlar təqsirləndirilən şəxsin məhkəməyədək dövrdə özünə qarşı verdiyi ifadələrin məhz pis rəftar və təhdid nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Təqsirləndirilən şəxsin tutulduqdan sonra polis əməkdaşları tərəfindən təhdidlərə və pis rəftara məruz qalması ilə bağlı göstərdiyi xüsusat işin məhkəmə baxışı zamanı təsdiqini tapmamış, bununla da, ondan ifadələrin cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur. Məhkəmə tərkibinin belə qənaəti Avropa Məhkəməsinin Azərbaycana qarşı şikayətlərlə bağlı qəbul etdiyi bir sıra qərarlarda da öz əksini tapmışdır (Əhmədov Azərbaycana qarşı, № 30364/09, §§ 42-43, 12 noyabr 2013; Məmmədov Azərbaycana qarşı, № xx/xx/2013, §§ 23-27, 11 yanvar 2007; Rizvanov Azərbaycana qarşı, № 31805/06, §§ 12-20, 17 aprel 2012; və Nəcəfli Azərbaycana qarşı, № 2594/07, §§ 11-21, 2 oktyabr 2012). Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində tutulduqdan sonra polis əməkdaşlarının təhdidlərinə və pis rəftarına məruz qaldığını, təhdidlərin isə yaşadığı evə daha çox narkotik vasitə qoyulması və bu qəbildən olan sair məsələlərdə ifadə olunduğunu bildirmişdir. Məhkəmə bu hissədə də təqsirləndirilən şəxs iddia etdiyi halla razılaşmır və hesab edir ki, o, belə məzmunda ifadə verməklə cinayət məsuliyyətindən yaxa qurtarmaq istəmişdir. Belə ki, təqsirləndirilən şəxs iddia etdiyi halın ilk baxışdan mümkün ola biləcəyi görünsə də, yəni tutulduqdan sonraki qısa müddət ərzində onun iddia etdiyi halların baş verməsi mümkün olsa da, onun əməliyyat orqanından asılılığı bitdikdən sonra, yəni barəsində həbs qətimkan tədbiri seçilərkən, İstintaq Təcridxanasına təhvil verilərkən, ibtidai istintaqın sonraki mərhələlərində iddia etdiyi hallarla bağlı heç bir orqana müraciət etməmiş, habelə sair qaydada iddia etdiyi halları mübahisələndirməmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs işin məhkəmə baxışı zamanı tutulduqdan sonra təhdidlərə və pis rəftara məruz qalmaqla üzərinə narkotik vasitə qoyulması ilə bağlı bildirdiklərinə yuxarıda aparılmış təhlil nəzərə alınmaqla iş üzrə toplanmış digər sübutlarla birlikdə məcmu şəkildə qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin bu hissədə bildirdikləri həqiqətə uyğun deyil, onun müvafiq məzmunlu ifadə verməsi əsassız olaraq cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Təqsirləndirilən şəxs müdafiəsi üçün gətirdiyi digər dəlillərin qiymətləndirilməsi: Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində yuxarıda göstərilən xüsusatlar, məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən özünün ibtidai araşdırma zamanı vermiş olduğu izahat və ifadələri, şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət kimi qəbul etmir, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Belə ki, cinayət təqibi başlanan andan Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə xx.xx.2023-cü ildə şübhəli (cild İ – i.v. 49-50) və xx.xx.2023-cü ildə təqsirləndirilən (cild İ – i.v. 61-62) şəxs qismində verdiyi ifadələrində, barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətə baxılarkən verdiyi izahatında, (cild İ – i.v. 68-71) eləcə də üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilərkən söylədiyi səsli nitqində işin faktiki hallarına uyğun gələn ifadələr vermişdir. Həmin ifadələrində və istintaq hərəkətində təqsirləndirilən şəxs üzərindən çıxan narkotik vasitə heroinin özünə məxsus olduğunu, heroini böyük bazar ərazisində üzdən tanıdığı adını bilmədiyi şəxsdən 40 manata alaraq əldə etdiyini, həmin narkotik vasitəni istifadə etmək məqsədilə üzərində saxladığını bilvasitə öz seçimi əsasında cəlb edilmiş peşəkar vəkilinin yanında qeyd-şərtsiz və açıq-aşkar formada bəyan etmişdir. Lənkəran Şəhər Rayon Polis Şöbəsində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməmişdən əvvəl onun müdafiə hüququ təmin edilmiş, bu məqsədlə prosessual hərəkətdə iştirak etmək üçün müdafiəçi dəvət edilmiş, Təqsirləndirilən şəxs icazəsi və onun müdafiəçisinin iştirakı ilə video-çəkilişdən istifadə edilməklə onun üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki ağ rəngli cins şalvarın sağ yan cibindən 1 (bir) ədəd bükümdə narkotik vasitə heroini çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Şəxsi axtarışın nəticəsinə dair protokol tərtib edilmiş və həmin protokol təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Bununla yanaşı onun barəsində Lənkəran Şəhər Rayon Polis Şöbəsində cinayət təqibi başlanan andan, barəsində olan cinayət işi ittiham aktı ilə məhkəməyə daxil olanadək müdafiəçinin iştirakı ilə verdiyi bütün izahat və ifadələrində polis əməkdaşları tərəfindən üzərinə narkotik vasitə qoyulması ilə bağlı fikir ifadə etməmişdir. Ümumiyyətlə o, məhkəmə baxışı zamanı ibtidai araşdırma dövründəki ifadələrindən fərqli ifadə verməsini hər hansı bir halla əsaslandırmamış, yalnız saxlanılarkən və polis şöbəsində olarkən polis əməkdaşları tərəfindən pis rəftara və təhdidlərə məruz qalmasını bildirməklə özünə qarşı verdiyi həmin ifadələri inkar etmiş, lakin məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs irəli sürdüyü həmin dəlillər təsdiqini tapmamışdır. Artıq bu hallar təqsirləndirilən şəxsin məhkəmə baxışı dövründə verdiyi ifadələrin həqiqəti əks etdirmədiyi, əksinə ibtidai araşdırma zamanı heç bir təsir və təzyiq olmadan müdafiəçinin iştirakı ilə verdiyi ifadələrinin isə işin faktiki halları ilə üst-üstə düşdüyü və həqiqəti əks etdirdiyi qənaətinə gəlməyə əsas verir. Ona görə də, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı gətirdiyi dəlilləri məsuliyyətdən yayınmaq məqsədi ilə seçilmiş müdafiə taktikası kimi dəyərləndirir və hesab edir ki, təqsirləndirilən şəxs bu formada ifadə verməklə özünü məsuliyyətdən qurtarmağa çalışır. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cinayət işinin ibtidai araşdırma mərhələsində şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrini əsaslı və işin faktiki hallarına uyğun ifadələr kimi qəbul edərək məhz həmin ifadələrin ittihamın əsasına qoyulmasını məqsədə uyğun sayır. Bu səbəbdən də, cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlar vasitəsi ilə Təqsirləndirilən şəxs məhkəmədə qeyd etdiklərinin işin faktiki halları ilə üst-üstə düşmədiyi, obyektiv həqiqəti əks etdirmədiyi müəyyən olunur. Sadalananlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələrində göstərdikləri işin müəyyən olunmuş faktiki halları ilə birəbir uyğun olmuşdur. Təqsirləndirilən şəxs qeyd olunan ifadələrində üzərindən aşkar edilmiş narkotik vasitənin ona aid olduğunu, həmin narkotik vasitəni böyük bazar ərazisində üzdən tanıdığı adını bilmədiyi şəxsdən 40 manata alaraq əldə etdiyini və istifadə etmək məqsədilə üzərində saxladığını bildirmişdir. Bu hallar isə ona dəlalət edir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqında aşkarlanmış narkotik vasitə ilə bağlı ifadə verərkən səmimi olmamış, əksinə qanunsuz əməllərini ört-basdır etmək məqsədi ilə ziddiyyətli ifadə verməklə çaşqınlıq yaratmaq məqsədi güdmüşdür. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə verdiyi ifadələrlə məhkəmə baxışında verdiyi ifadə arasında ziddiyyət təşkil edən hissəyə münasibətdə onun ibtidai araşdırma dövründə verdiyi qeyd olunan ifadələrini cinayət təqibi üzrə mötəbər sübut hesab edir. Bununla yanaşı o, xx.xx.2024-cü ildə cinayət işinin materialları, eləcə də, təkrarən işdə olan dindirmə protokolları ilə tanış olsa da, həmin protokollarda əks olunmuş ifadələrinin məzmununu mübahisələndirməmiş, habelə buna dair düzəliş, qeyd, əlavə və etiraz verməmişdir. Əksinə iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs tutulduğu andan müdafiəçi təqdim edilmiş və o, həm şübhəli, həm də təqsirləndirilən şəxs qismində müdafiəçinin iştirakı ilə dindirilmiş, hər iki dindirmə protokolunun sonunda “ifadəmə əlavəm yoxdur, oxudum, mənim sözlərimlə doğru düzgün yazılıb və imzamla təsdiq edirəm” sözləri yazılmış, həmin protokollar həm özü, həm də müdafiəçi tərəfindən imzalanmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı heç bir təsir və təzyiq göstərilmədən, müdafəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilən zaman 2,386 qram çəkidə narkotik vasitə heroini əldə etməsini, saxlamasını və üzərində gəzdirməsini, həmin maddənin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülməsini etiraf etmiş və onun bu ifadələri iş üzrə CPM-nin 125.2-ci maddəsində sadalanan pozuntulara yol verilmədən əldə edilmiş digər sübutlarla da tam təsdiq edilmişdir. Çünki, təqsirləndirilən şəxsin yuxarıda göstərilən cinayət əməlini törətməsinə dair ittihamın əsasını təşkil edən sübut olaraq keçirilmiş 12 noyabr 2023-cü il tarixli şəxsi axtarış və götürməyə dair protokol, həmçinin bu protokolun tərkib hissəsi olan videogörüntülər və maddi sübut, şahid ifadələri və ekspert rəyləri CPM-nin 125-ci maddəsinə uyğun olaraq qiymətləndirildikdə onların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadığı müəyyən edilmişdir. Belə ki, məhkəmə iclasında təqdiq edilmiş sənədlərdən görünür ki, 12 noyabr 2023cü il tarixdə cinayət işinin başlanmasından əvvəl təqsirləndirilən şəxs Zahid Hüseynov barəsində CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulması haqqında və ona dövlət hesabına müdafəçi ayrılmasına dair qərarlar qəbul olunmuşdur. Bununla əlaqədar Lənkəran Rayon Vəkil Bürosunun vəkili İntiqam Hüseynov Təqsirləndirilən şəxs təqdim olunmuş, sonuncu isə həmin vəkilin onu müdafiə etməsini ifadə edərək bu barədə tərtib olunmuş protokolu vəkillə birlikdə imzalamışdır. Məhkəmə iclasında tədqiq olunmuş şəxsi axtarış və götürməyə dair 12 noyabr 2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş video-görüntülərdən görünür ki, müdafiəçisinin iştirakı ilə hüquq və vəzifələri izah edildikdən sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış həyata keçirilmiş və əynindəki ağ rəngli cins şalvarın sağ yan cibindən 1 (bir) ədəd bükümdə təmiz çəkisi 2,386 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək qablaşdırılmış və götürülmüşdür. Məhkəmə qeyd edir ki, həmin video-görüntüdə, Təqsirləndirilən şəxs üzərində hərhansı zorakılıq əlaməti müşahidə edilməmiş, eləcə də, digər iştirakçılar və vəkil tərəfindən, habelə onun özü tərəfindən video-görüntüdə ona qarşı hər-hansı qanunsuzluq edilməsini ifadə etməmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında 04 mart 2011-ci il tarixli qərarının 28-ci bəndinə əsasən Məhkəmələrin diqqətinə çatdırılmışdır ki, Azərbaycan Respublikası CPM-nin 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-nin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Bu protokol məhkəmə tərəfindən CPM 125-ci maddəsinin tələblərinə uyğun qaydada yoxlanıldıqdan sonra mötəbər sübut kimi qəbul edilir. Çünki, Azərbaycan Respublikası CPM-nin 207.4 və 217.1-ci maddələrinin tələblərinə əsasən cinayət işi başlanmazdan şəxsin şübhəli şəxs qismində tutulmasına və şəxsi axtarışının aparılmasına yol verilir, digər tərəfdən isə istər məhkəməyədək icraat zamanı, istər məhkəmə baxışında, Zahid Hüseynova qarşı qeyri-insani və ya ləyaqəti alçaldan hərkətlərə yol verilməsi, habelə ona işgəncə verilməsini, təhdidlər edilməsini, pis rəftara məruz qalmasını təsdiq edən hər-hansı dəlil aşkar edilməmişdir. Hazırki cinayət işi üzrə təqsirləndirilən şəxs Zahid Hüseynov şübhəli şəxs qismində tutulduqda onun bütün hüquqları, o cümlədən müdafiəçinin iştirakı təmin edilməklə tutulmasına dair protokol tərtib olunduqdan sonra şəxsi axtarışı həyata keçirilmiş, şəxsi axtarışın keçirilməsində hər-hansı qanun pozuntusu müşahidə olunmamışdır. Yuxarıda göstərilənləri məcmu halda təhlil edib nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, Zahid Hüseynov həqiqətən də satış məqsədi olmadan qanunsuz olaraq, külli miqdarda narktoik vasitəni əldə etmə, daşıma və saxlama cinayət əməlini törətmişdir. Habelə məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Belə ki, cinayət törədilərkən qüvvədə olmuş Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» İ Siyahıya əsasən dərman preparatı kimi beynəlxalq adı “Heroin” olan maddə narkotik vasitədir. Heroinin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) külli miqdar hesab olunur. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, qeyd olunan cinayət hadisəsinə münasibətdə təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Qeyd olunan əməlrin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağının olması, Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halın olmasını və ağırlaşdıran halın olmamasını, aşkar edilmiş narkotik vasitənin çəkisini, həmin cinayətin törədilmə üsulunu və mexanizmini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs CM-nin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı onun faktiki həbsə alındığı andan, 12 noyabr 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Zahid Hüseynov barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji xəstəxanasında 2023-cü ildən “Opium narkomanlığı” diaqnozu ilə qeydiyyata olması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1, 132.1.4-cü maddələrinə əsasən iş üzrə maddi sübut kimi tanınaraq Lənkəran Şəhər Rayon Polis Şöbəsinin saxlanc yerində saxlanılan müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,286 qram narkotik vasitə heroin məhv edilməli, iş materiallarında olan şəxsi axtarış istintaq hərəkətinin keçirilməsinə dair görüntüləri özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 12 noyabr 2023-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübut olan və Lənkəran Şəhər Rayon Polis Şöbəsinin saxlanc yerində saxlanılan müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,286 qram olan 01 (bir) ədəd bükümdə narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq iş materiallarında olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntüləri əks etdirən 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatı xərci-65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Əli Əliyev Hakimlər: Oruc Cəlilov Xamməd Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar