Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-405/2024 30.04.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Nəbiyev Cəlil Cabbar oğlunun sədrliyi, Məmmədova Esmira Qərib qızı və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1979-cu ildə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 1 (bir) azyaşlı uşağı olan, məhkumluğu olmayan, Lənkəran rayonunun Yuxarı - Nüvədi kəndində qeydiyyatda olmaqla orada yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qanunsuz olaraq 2023-cü ilin dekabr ayında Lənkəran şəhəri, Böyük Bazar adlanan ərazidə satış məqsədi olmadan, qanunsuz olaraq məlum olmayan mənbədən külli miqdar hesab edilən 1 ədəd bükümdə, təmiz çəkisi 2,239 qram, psixotrop maddə olan metamfetamini əldə edərək üzərində saxlamaqla daşımış, 15 dekabr 2023-cü ildə, saat 13:05-də Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri zamanı Lənkəran rayonunun Yuxarı-Nüvədi kəndi ərazisində yaşadığı evinin yaxınlığında saxlanılaraq polis şöbəsinə gətirilib üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki şalvarın sağ yan cibindən sellofana bükülmüş halda, qeyd olunan çəkidə psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək məhkəməyədək icraat zamanı verdiyi ifadələrini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, uzun müddətdir narkotik vasitə və ya psixotrop maddədən istifadə etdiyindən narkoman kimi narkoloji dispanserdə qeydiyyatdadır. Fərdi əməklə məşğul olmaqla qazandığı pulun bir hissəsini evinə, qalan hissəsini isə psixotrop maddə metamfetamin alaraq istifadə edir. Psixotrop maddə istifadə etmədikdə bədənində ağrıları olur, istifadə etdiyi psixotrop maddələri rayon ərazisində müəyyən şəxslərdən almaqla tələbatını ödəyir. 15 dekabr 2023-cü ildə, saat 11 radələrində Lənkəran şəhəri, Böyük Bazar adlanan ərazidə üzdən tanıdığı şəxslə rastlaşıb ona 10 manat pul verib istifadəsi üçün bir büküm metamfetamin alaraq əynindəki şalvarın sağ yan cibinə qoyub evinə gedərkən yaşadığı küçədə, saat 13 radələrində mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşıb onu saxlayaraq polis şöbəsinə aparmış, şöbədə müdafiəçinin iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilərkən 2 saat əvvəl əldə etdiyi bir ədəd sellofan bükümdə olan metamfetamin aşkar olunaraq götürülmüş, psixotrop maddə elektron tərəzidə çəkilərkən çəkisi 2,33 qram olmuş, sonra sənədləşdirilərək götürülmüş, keçirilən şəxsi axtarışla bağlı protokol tərtib edilərək orada iştirak edən şəxslər, o cümlədən onun tərəfindən imzalanmışdır. Hazırda narkomaniya xəstəliyindən əziyyət çəkdiyini, himayəsində heç bir yerdə işləməyən arvadının və biri azyaşlı, digəri isə yetkinlik yaşına çatmayan 2 uşağının olmasını, eləcə də ayağından əməliyyat olunduğunu nəzərə alaraq məhkəmədən ona az cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsini məhkəmə istintaqında dindirilmiş digər şəxslərin ifadələri ilə müqayisə etməklə qiymətləndirərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onun tərəfindən törədilmişdir, bu cinayətə görə ona ittiham verildiyi Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində o, təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Lənkəran ŞRPŞ-nin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 şahid qismində dindirilərkən məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, 15 dekabr 2023-cü ildə Lənkəran rayonu Yuxarı Nüvədi kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitələrin və psixotrop maddələrin qəbul etməsi və üzərində gəzdirməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmış, Təqsirləndirilən şəxs həmin gün saat 13:05 radələrində yaşadığı kənddə evinə gedən küçədə piyada gedərkən saxlanılaraq şöbəyə gətirilmiş, şöbədə müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı sonuncu əynində olan şalvarının sağ yan cibindən şəffaf rəngli sellofana bükülmüş bir bükümdə ağ rəngli, kristal formalı psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar olunaraq götürülmüş, sorğu-sual zamanı Təqsirləndirilən şəxs psixotrop maddəni 2-3 saat əvvəl Lənkəran rayonu, Böyük Bazar adlanan ərazidə təsadüfən rastlaşdığı şəxsdən, 10 manata öz istifadəsi üçün aldığını bildirmiş, sonra protokol tərtib edilərək orada iştirak edən şəxslər, o cümlədən Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 da digər Şahid1 ilə eyni məzmunlu ifadə vermişlər. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan ”şəxsi axtarış və götürmə aparılması haqqında” 15 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılakən şalvarının sağ yan cibindən 01 ədəd bükümdə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, elektron tərəzidə çəkilərkən çəkisi 2,33 qram olmuş, şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə psixotrop maddə metamfetamin olmaqla özünə məxsus olduğunu, həmin metamfetamini Lənkəran şəhəri, Böyük Bazar deyilən ərazidə tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün aldığını və üzərində saxladığını bildirmişdir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizanın 15 dekabr 2023-cü il tarixli, 19/1043 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümdə metamfetaminə bənzər kütlə qablaşdırıldı və möhürləndi sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi 2,239 qram, ağ rəngli kristal formada olan maddə metamfetamindir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 24 fevral 2024-cü il tarixli, 196 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və stimuliyatorların qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında 2022ci ildən “Opium narkomanlığı” diaqnozu ilə qeydiyyatda durur. İş materiallarına əlavə edilmiş 19 fevral 2024-cü il tarixli, 224 nömrəli arayışdan görünür ki, Həbibov X2 Şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatda deyildir. İş materiallarında olan qərardan görünür ki, ekspertiza tədqiqatından sonra maddi sübut kimi tanınan 2,189 qram psixotrop maddə metamfetamin Lənkəran şəhər-rayon polis şöbəsində saxlanılır, şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən bir ədəd CD disk cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı və məhkəmədə verdiyi etirafedici və şahidlərin isə təsdiqedici) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Məhkəmə bu və digər məsələlər üzrə gəldiyi nəticələri, Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli qanunlarının tələbləri baxımından da, əsaslı hesab edir. Belə ki, həmin Qanunların tələblərinə və izahına əsasən Təqsirləndirilən şəxs əldə etdiyi psixotrop maddə metamfetamin miqdarına görə “külli miqdar” kimi qiymətləndirilir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin tövsifi məsələsini müzakirə edərək onun hərəkətini Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsinin dispozisiya şərtlərinə uyğun gəldiyini nəzərə alıb həmin maddələrlə tövsif edilməsini əsaslı sayır. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından onun əməli qanuna müvafiq cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür və Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı qanuni və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. İş materiallarında olan qərardan görünür ki, Təqsirləndirilən şəxs 15 dekabr 2023-ci ildə şübhəli şəxs qismində tutulmuş, 17 dekabr 2023-cü ildə ona Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə ittiham elan edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışınadək, yəni 2023-cü ilin dekabr ayının 15-dən 17-dək şübhəli şəxs qismində tutularaq həbsdə saxlanıldığı müddət, yəni 02 (iki) gün ona təyin olunacaq cəzaya hesablanmaqla çıxılmalı və ona qəti cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı cəza təyin ediləcəyini nəzərə alaraq hesab edir ki, onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə dəyişdirilməli, o, məhkəmə islas zalından dərhal həbsə alınmalı və saxlanılması üçün Lənkəran şəhər-rayon polis şöbəsinə təhvil verilməli, oradan isə Bakı İstintaq Təcridxanasına etap olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə törətdiyi cinayətə görə azadlıqdan məhrum etmə cəzasının təyin ediləcəyini nəzərə alaraq hesab edir ki, onun barəsində seçiləcək həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin izah və tələblərinə əsasən (mad. 41.2) “cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan “Məhkumluq haqqında” tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Lənkəran Rayon Məhkəməsinin 27 yanvar 2020ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 24 yanvar 2021-ci ildə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmiş, hazırda məhkumluğu olmayan şəxs hesab edilir. İş materiallarına əlavə edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, təqsirləndirilən şəxs Həbibov X2 rayonunun Yuxarı - Nüvədi kəndində qeydiyyatda olmaqla himayəsində arvadı bir azyaşlı və bir yetkinlik yaşına çatmayan uşaqları ilə birgə orada yaşamış və yaşayış yerindən mənfi xarakterizə olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən qanunla müəyyən olunmuş qaydada, eyni zamanda, məhkəməyədək icraat zamanı və məhkəmədə təqsirini etiraf etməsini, himayəsində heç bir yerdə işləməyən arvadının və bir yetkinlik yaşına çatmayan uşağının olmasını, həmçinin cəzasını ağırlaşdıran halların olmanmasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus, qanunvericiliyin tələblərinə uyğun olaraq müsadirə olunması mümkün olan pul, əmlak və s. müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə təyin olunmamalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-in 132.0.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə tərəfindən hökm çıxarılarkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Lənkəran şəhər-rayon polis şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra 01 ədəd bükümdə, təmiz qalıq çəkisi 2,189 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən 01 ədəd CD disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərcləri olan 60 (altmış) manat Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışınadək, yəni 2023-cü ilin dekabr ayının 15-dən 17-dək şübhəli şəxs qismində tutularaq həbsdə saxlanıldığı müddət, yəni 02 (iki) gün ona təyin olunmuş cəzaya hesablanmaqla çıxılsın, üzərində qəti olaraq 2 (iki) il, 11 (on bir) ay, 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o məhkəmə iclas zalında həbsə alınsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı bu gündən, yəni 30 aprel 2024-cü ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs saxlanılması üçün Lənkəran şəhər-rayon polis şöbəsinə təhvil verilsin, oradan isə Bakı İstintaq Təcridxanasına etap olunsun. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə narkomaniya xəstəliyindən məcburi qaydada müalicə təyin edilsin, ərazi narkoloji xəstəxanasında “Opium narkomanlığı” diaqnozu ilə qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Lənkəran şəhər-rayon polis şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra 01 ədəd bükümdə, təmiz qalıq çəkisi 2,189 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd CD diskdəki videogörüntü cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertiza xərci olan 60 (altmış) manat Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən (elan olunduğu vaxtdan iyirmi gün müddətində) apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni minir. Hakimlər: 1.(sədrlik edən) Cəlil Nəbiyev
2. Esmira Məmmədova
3. Müşfiq Məmmədov