Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-405/2025 09.12.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Məmmədov Neymət Hüsən oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1992-ci ildə Lənkəran rayonu Yuxarı-Nüvədi kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkum olunmuş, işləməyən, Lənkəran rayonu Yuxarı Nüvədi kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 03 aprel 2025-ci il tarixdə günün birinci yarısında digər şəxslərlə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananın və külli miqdarda psixotrop maddə metamfetaminin əldə edilməsi, saxlanılması və daşınması, habelə odlu silah olan “Kalaşnikov” konstruksiyalı avtomat silahın, onun komplekt hissəsinin və döyüş sursatı olan patronlarının qanunsuz olaraq Astara rayonunu ərazisində əldə edilməsi, saxlanması və daşınması barədə əvvəlcədən razılığa gəlib, qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, bu məqsədlə ümumi niyyətkar niyyətə uyğun olaraq cinayətkar qrupun üzvləri 1 ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi 6,090 qram olan, külli miqdar təşkil edən, ağ rəngli kristallardan ibarət psixotrop maddə metamfetamini, üç ədəd bağlamalarda hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 125,852 qram, 1810 qram və 2130 qram olmaqla, ümumi təmiz çəkisi 4065,852 qram olub külli miqdar təşkil edən, tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış, orqanoleptik əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir-biriləri ilə eyni olan bitki mənşəli narkotik vasitə qurudulmuş marixuananı və 01 ədəd 7,62 mm kalibrli, zavod üsulu ilə istehsal olunmuş AKM modelli Kalaşnikov konstruksiyalı, nömrəsi silinmiş, texniki cəhətdən saz vəziyyətdə və atəş açmaq üçün yararlı olan, konstruksiyası və ballistik xassələri dəyişdirilməmiş yivli odlu döyüş silahı növünə aid avtomatı, 01 ədəd zavod üsulu ilə hazırlanmış, “Kalaşnikov” konstruksiyalı, “AKM”, “AKMS” modelli avtomatlarda silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla 30 ədəd 7,62 mm kalibrli patron tutumuna malik, texniki cəhətdən saz və istifadəyə yararlı olan sandıqçanı və 10 ədəd zavod üsulu ilə istehsal olunmuş 7,62 mm kalibrli olmaqla həmin kalibrə malik “AKM”, “AKMS” avtomatlarda istifadə edilmək üçün nəzərdə tutulmuş döyüş sursatı hesab olunan və atəşə yararlı patronları Astara rayonunun Sım kəndi ərazisində bir ədəd qara rəngdə idman çantasında gizlətdikdən sonra, qrup üzvündən həmin narkotik vasitənin, psixotrop maddənin, odlu silah və döyüş sursatlarının gizlədildiyi yer barədə “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə məlumat alıb, əvvəlcədən razılaşdıqları kimi qeyd olunan tarixdə yaşadığı Lənkəran rayonu Yuxarı Nüvədi kəndindən Astara rayonu Sım kəndinə, narkotik vasitələrin, psixotrop maddənin və silah-sursatın gizlədildiyi, ona məlum olan yerə gedib, idman çantasının içərisində olan qeyd olunan bağlamalarda və çəkilərdə narkotik vasitə qurudulmuş marixuananı, psixotrop maddə metamfetamini və həmin odlu silah, onun komplekt hissəsini və patronları götürməklə əldə edib üzərində saxlayaraq qrup üzvləri ilə olan razılaşmasına uyğun olaraq yaşadığı Lənkəran rayonu Yuxarı Nüvədi kəndində yerləşən evinə daşıyıb, evin birinci mərtəbəsində yerləşən, saxlanc yeri kimi istifadə edilən təmirsiz otaqda gizlədərək saxlamış, 04 aprel 2025-ci il tarixdə həmin narkotik vasitə və psixotrop maddənin satışını realizə etmək üçün 1 ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi 6,090 qram olub külli miqdar təşkil edən psixotrop maddə metamfetamini şalvarının sağ yan cibində və 1 ədəd bağlamada təmiz çəkisi 125,852 qram olan narkotik vasitə qurudulmuş marixuananı şalvarının sol yan cibində saxlayaraq daşıyarkən bu barədə əməliyyat məlumatları əldə etmiş Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşlarının 04 aprel 2025-ci il tarixdə, saat 16:04 radələrində keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran rayonu Yuxarı Nüvədi kəndi ərazisində, yaşadığı evin yaxınlığında saxlanılaraq, saxlanıldığı yerdə üstü yoxlanılan zaman qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi narkotik vasitə və psixotrop maddədən 1 ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi 6,090 qram olub külli miqdar təşkil edən psixotrop maddə metamfetamin əynində olan şalvarının sağ yan cibində, 1 ədəd bağlamada təmiz çəkisi 125,852 qram olan narkotik vasitə qurudulmuş marixuana isə şalvarının sol yan cibində aşkar edilib qablaşdırılaraq götürülmüş, əməliyyat-axtarış tədbirinin davamı olaraq həmin tarixdə yaşadığı Lənkəran rayonu Yuxarı Nüvədi kəndində yerləşən yaşadığı evə baxış keçirilmiş, baxış zamanı evin birinci mərtəbəsində yerləşən saxlanc yeri kimi istifadə olunan otaqda qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi narkotik vasitədən bir ədəd qara rəngdə idman çantasında 2 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 1810 qram və 2130 qram olmaqla ümumi təmiz çəkisi 3940 qram olub külli miqdar təşkil edən tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış bitki mənşəli narkotik vasitə qurudulmuş marixuana, həmin 01 ədəd 7,62 mm kalibrli, Kalaşnikov konstruksiyalı AKM modelli avtomat, həmin avtomatın komplekt hissəsi olan 01 ədəd sandıqça və “Kalaşnikov” konstruksiyalı “AKM”, “AKMS” avtomatlarda istifadə edilmək üçün nəzərdə tutulmuş döyüş sursatı hesab olunan 10 ədəd patron aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs kimi dindirilən Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə təqsirli bilməyərək verdiyi və məhkəmə iclas zalında elan edilməklə tədqiq olunmuş ifadəsində göstərmişdir ki, Cəmşid adlı iran vətəndaşı ilə iş barədə danışmışdır. Adil adlı şəxslə isə türmədə tanış olmuşdur. Həmin şəxslər ona Füzulidən narkotik vasitəni götürməsini demişlər. O isə yol pulu olmadığını demişdir. Həmin şəxs kartına 100 manat pul atmışdır. Lakin o, iranlıdan faktiki olaraq narkotik vasitə almamışdır. Narkotiki götürmyə razılaşsa da, faktiki olaraq narkotiki götürməyə getməmişdir. Cəmşid adlı şəxs ona dediyi nömrələrlə m 10 proqramında qeydiyyatdan keçməsini demişdir. Cəmşidin dediyi nömrələrə m10 proqramında qeydiyyatdan keçib proqramın şifrəsini Cəmşidə demişdir. Əvəzində Cəmşid ona hər m10 proqramı üçün 150 manat məbləğində pul vermişdir. Həmin şəxslərin tapşırığı ilə dövlətə qarşı videoçəkiliş aparıb paylaşmışdır. 04 aprel 2025-ci il tarixdə saat 16 radələrində yaşadığı Yuxarı Nüvədi kəndində evində olduğu zaman onu kənd icra nümayəndəliyinə çağırmışlar. Kənd icra numayəndəliyinə getdikdə orada olan polis işçiləri Tural və Rahid onu özləri ilə rayon polis şöbəsinə aparmışlar. Polis işçiləri onun cibinə 50 qram narkotik qoymuşlar. Demişlər ki, evdən çıxanda səni tutacağıq. O, evdən çıxandan sonra polis işçiləri onu tumuş, üstünü axtarmışlar. Üzərindən narkotik çıxmışdır. Sonra polis işçiləri onun evinə idman çantasında narkotik, sihal və patronlarını qoymuşlar. Polis işçiləri Tural və Rahid evinə gətirdikləri sumkada narkotik vasitəni, psixotrop maddəni və silahı onun qabağına qoyaraq demişlər ki, boynuna almalısan ki, onlar sənindir. Həmin vaxt narkotik vasitələrin təsiri altında olmuşdur. Polis işçiləri onu vətən xaini kimi sənədləşdirəcəkləri ilə hədələmişlər. Ona görə də məcbur olub narkotik vasitənin, psixotrop maddənin, silahın və patronlarının ona məxsus olması barədə ifadə vermişdir. Lakin Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi və məhkəmə istintaında elan olunmaqla tədqiq edilmiş ifadəsində özünü elan olunmuş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, Lənkəran rayonu Yuxarı Nüvədi kəndində qeydiyyatda olmaqla orada yaşayır. Təxminən 4 il bundan qabaq instagram sosial şəbəkəsində Cəmşid adlı İran İslam Respublikasının vətəndaşı ilə tanış olmuşdur. Cəmşidlə tanış olduqdan sonra münasibətləri yaranmışdır. Cəmşid onun üçün narkokuryer işləyə bilib-bilməyəcəyini soruşmuşdur. Cəmşidə narkokuryer işləyə bilərcəyini demişdir. Bir neçə ay sonra Biləsuvar rayonunda narkotikə görə tutulmuş və Cəmşidlə əlaqəsi kəsilmişdir. Türmədən çıxdıqdan sonra vhatsapına daxil olduqda Cəmşidin ona yazdığını görmüş və yenidən danışmağa başlamışlar. Təxminən 3-4 ay ərzində mütəmadi olaraq “salam-sağol” etmişlər. Təxminən 2-3 ay bundan qabaq Cəmşid ona m10 işi olacağını, ona xəbər edəcəyini demişdir. Cəmşiddən neynəyəcəyini soruşduqda Cəmşid ona “sənə dediyim nömrələrlə m10 proqramında qeydiyyatdan keçəcəksən və həmin m10 proqramını mənə verəcəksən” demişdir. Cəmşidlə razılaşmış, bundan sonra Cəmşidin dediyi xatırlamadığı təxminən 9 nömrəyə m10 proqramında qeydiyyatdan keçib proqramın şifrəsini Cəmşidə demişdir. Əvəzində Cəmşid ona hər m10 proqramı üçün 150 manat məbləğində pul vermişdir. Daha sonra Cəmşid onu Adil adlı şəxslə tanış edib birlikdə iş görəcəklərini demişdir. Adilin mobil nömrəsini ona vermiş və Adillə də vhatsapp vasitəsilə danışmışdır. Adil ona “telefonunda video çək, həmin videoda ölkə başçısını təhqir et, bundan sonra içərisində narkotik maddələr və avtomat silahı olan çantanı dediyimiz yerdən götürüb Bakıya aparacaqsan və sənə 500 manat pul verərik” demişdir. Adil ondan həmin videonu çəkməyini ona görə istəmişdir ki, birdən əldə edəcəyi narkotik maddəni deyilən formada Bakıda təhvil verməsə, yəni özü satsa, həmin videogörüntü ilə onu ələ verəcəkmişlər. Tələb olunan videonu çəkib Adilə göndərmiş və Adilə adına olan Leo Banka məxsus 4098 5844 7899 5408 hesab nömrəli kartı göndərmişdir. Adil həmin karta 100 manat pul göndərmişdir ki, həmin vəsaiti özünə yol pulu etsin. Bundan sonra Adilin göstərişi ilə Astara rayonunun Sım kəndinə getmişdir. Ona orada kənd məscidinin yanına mal qoyulduğu deyilmiş və xx.xx.2025-ci il tarixdə, saat 10 radələrində həmin yerdən içərisində 3 ədəd bağlamada və 1 ədəd bükümdə narkotik maddələr, 1 ədəd kalaşnikov avtomatı, həmin avtomata məxsus daraq və 14 ədəd patronu olan bir ədəd qara rəngdə idman çantasını görüb götürərək oradan tanımadığı yol maşını ilə Lənkəran rayonu Yuxarı Nüvədi kəndində yerləşən yaşadığı evə gətirərək evin birinci mərtəbəsində gizlətmişdir. Evdə bir daha həmin idman çantasının içərisinə baxdıqda idman çantasının içərisində 3 ədəd bağlamada, 1 ədəd sellofan bükümdə metamfetamin, 1 ədəd avtomat silahı, 1 ədəd həmin silaha məxsus daraq və 14 ədəd patron olmuşdur. Həmin narkotik madələri çəkməmişdir. Həmin narkotik maddələri və silahı Bakı şəhərinə aparmalı, orada ona sonradan deyiləcək şəxsə təqdim etməli imiş. Pula ehtiyacı olduğu üçün xx.xx.2025-ci il tarixdə saat 16 radələrində həmin çantada olan narkotik vasitə marixuanadan bir ədəd bağlamanı və bir büküm psixotrop maddə metamfetamini götürüb marixuananı şalvarının sol yan, metamfetamini isə sağ yan cibinə qoymuşdur ki, aparıb satsın. Bununla bağlı qabaqcadan heç kimlə razılaşmamışdır. Həmin narkotik vasitə və psixotrop maddəni götürüb evdən çıxaraq getmişdir ki, elə küçələrində Lənkəran ŞRPŞ-nin əməkdaşları ona yaxınlaşmış və onu saxlamalarının səbəbini izah etmişlər. Bundan sonra üzərində hər hansı qanunsuz əşya və maddə varsa, təqdim etməyi bildirilmişdir. Bu təklifdən sonra şalvarının sol yan cibində olan bir ədəd bağlamanı və sağ yan cibində olan bir ədəd bükümü təqdim etmişdir. Həmin bağlamaya baxış zamanı 1 ədəd bağlamada marixuanaya bənzər kütlə və 1 ədəd bükümdə metamfetaminə bənzər kütlə aşkar olunmuşdur. Həmin bağlama və büküm elektron tərəzidə çəkildikdə içərisində marixuana olan bağlamanın çəkisi 143,12 qram, içərisində metamfetamin olan bükümün çəkisi isə 6,52 qram olmuşdur. Daha sonra həmin bağlama və büküm qablaşdırılaraq götürülmüşdür. Bundan sonra polislər tərəfindən ona evində qanunla qadağan olunan əşya və maddə olub-olmaması soruşulmuş, o da, evində narkotik vasitə və odlu silah olduğunu demişdir. Bundan sonra təxminən 30 metr piyada hərəkət edib yaşadığı evə gəlmişlər. Polis əməkdaşlarını aparıb evinin birinci mərtəbəsində yerləşən anbar kimi istifadə etdikləri otağa aparıb orada qoyduğu içərisində narkotik vasitə və silah-sursat olan bir ədəd idman çantasını təqdim etmişdir. Həmin çantaya baxış zamanı çantada içərisində narkotik vasitə marixuana olan 2 ədəd bağlama, bir ədəd AKM avtomatı, həmin avtomata məxsus 1 ədəd daraq və 14 ədəd patron aşkar edilmişdir. Həmin 2 ədəd bağlama ayrı-ayrılıqda çəkilmiş, çəkiləri 1,570 kq və 2,470 kq olmuşdur. Həmin qara rəngdə idman çantasının içərisində aşkar olunmuş 2 ədəd bağlama, 1 ədəd AKM avtomatı, ona məxsus sandıqça və 14 ədəd patron qablaşdırılaraq üzəri imzalanmış və götürülmüşdür. Bundan sonra onu polis şöbəsinə gətirmişlər və polis şöbəsində protokol tərtib edilərək imzalanmışdır. Protokola imza etmişdir. Daha sonra onu polis şöbəsində başqa otağa aparmışlar. Həmin otaqda təhqiqatçı tərəfindən təqdim etdiyi əşyalara baxış keçirilib protokol tərtib edilmişdir. Bundan sonra ona hüquq və vəzifələri izah edilmiş, müdafiəçi ilə təmin olunmuş və şübhəli şəxs qismində tutulmuşdur. Həmin narkotik vasitə və silah-sursatı İran İslam Respublikasının vətəndaşı olan Adil adlı şəxsin sifarişi ilə Astara rayonundan götürmüşdür. Adil həmin narkotik vasitəni və silah-sursatı Bakı şəhərinə aparıb ona deyiləcəyi yerdə təhvil verməyi üçün 500 manat verəcəyini demişdir. Adil adlı iranlı ilə razılaşmışdır ki, həmin narkotik vasitə və silah-sursatı Bakı şəhərinə aparıb təhvil versin və əvəzində 500 manat pul alsın. Həmçinin bildiyi qədərilə Adil onun əvvəldən tanıdığı Cəmşid adlı iranlı ilə birlikdə iş görür. Həmin maddələrdən heç kimə satmamışdır. İranlı Adilin narkotik vasitə və silah-sursatı hansı yolla Azərbaycan Respublikasına gətirməyi barədə heç bir məlumatı yoxdur. Həmin narkotik maddələri və odlu silahı evə gizli vaxtda gətirmiş və anbar kimi istifadə etdikləri otaqda gizlətmişdir ki, həmin maddələri və odlu silahı heç kim görməsin. Həmçinin narkotik maddə və odlu silah əldə etməyi barədə heç kimə danışmamış, məlumat verməmişdir. Ailə üzvlərinin də bundan xəbəri olmamışdır. Polis əməkdşları tərəfindən tutularkən və ya tutulduqdan sonra polis ona heç bir zorakılıq edilməmiş, zor tətbiq olunmamış, hədə-qorxu gəlinməmişdir. İstifadəsində m10 proqramı olmuş, lakin hazırda blokdadır. M10 proqramında hansı mobil nömrə ilə qeydiyyatdan keçdiyini xatırlamır. İstifadəsində ***-***-**-**, ***-***-**-** saylı mobil nömrələr olmuşdur. Cəmşid +98 911 *** **** saylı, Adil isə +98 939 *** **** saylı mobil nömrələrdən istifadə etmişdir. Cəmşid və Adil adlı İran İslam Respublikası vətəndaşları onun adına olan Leo banka məxsus 4098 5844 7899 5408 saylı karta pul köçürmüşlər. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cinayət əməli özünün ifadəsindən əlavə məhkəmədə dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları, ekspert rəyləri və sair sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, Lənkəran Şəhər Rayon X2 mübarizə qrupunun baş əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 məhkəmə baxışı zamanı verdiyi və məhkəmə iclas zalında elan olunmaqla tədqiq edilmiş ifadəsində göstərmişdir ki, 04 aprel 2025-ci il tarixdə icraatına Lənkəran rayonu Yuxarı Nüvədi kənd sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının dövriyyəsi ilə məşğul olması, həmçinin silah-sursat saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması məqsədi ilə əməliyyataxtarış tədbirləri həyata keçirilməklə Təqsirləndirilən şəxs yaşadığı Lənkəran rayonu Yuxarı Nüvədi kəndində müşahidəyə götürmüş və yaşadığı evin yaxınlığında küçədə piyada hərəkətdə olduğu zaman xx.xx.2025-ci il tarixdə saat 16:04 radələrində saxlamışlar. Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitələri saxlamaqda şübhəli olduğunu bildirmiş və üstündə qanunsuz əşya və maddə varsa, təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan şalvarının sağ yan cibindən 1 ədəd bükülünü və şalvarının sol yan cibindən 1 ədəd bükümü təqdim edib içərisində marixuana və metamfetamin olduğunu bildirmişdir. Həmin 1 ədəd bükülüyə və 1 ədəd bükümə baxdıqda bükülünün içərisində narkotik vasitə marixuanaya bənzər kütlənin olması, bükümün içərisində psixotrop maddə metamfetamin olması müəyyən edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən hər hansı qanunla qadağan edilmiş əşya aşkar olunmamışdır. Həmin kütlələr ekspertizaya təqdim olunması məqsədilə zərfdə qablaşdırılmış və götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar edilmiş metamfetaminə və marixuanaya bənzər kütlələri Cəmşid adlı İran İslam Respublikasının vətəndaşından whatsapp proqramı vasitəsilə danışıb aldığını, üzərində saxladığını, üzərində aşkar olunmuş maddlərdən başqa hal-hazırda yaşadığı evində narkotik vasitə və odlu silah olduğunu bildirdiyindən Təqsirləndirilən şəxs razılığı ilə onun yaşadığı evə daxil olmuşlar. Təqsirləndirilən şəxs özü könüllü olaraq yaşadığı evin birinci mərtəbəsində yerləşən saxlanc yeri kimi istifadə etdiyi otağa daxil olub orada yerdə qoyulmuş qara rəngli idman çantasını göstərib təqdim etmişdir. Həmin çantaya baxış zamanı içərisində 2 ədəd bağlamada narkotik vasitə marixuanayabənzər kütlələr, 1 ədəd AKM tipli avtomat, həmin avtomata məxsus sandıqça və 14 ədəd patron aşkar edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi idman çantasında içərisində narkotik vasitə marixuanayabənzər kütlələr olan 2 ədəd bağlama ayrı-ayrılıqda çəkilmişdir. Sonra isə qablaşdırılıb götürülmüşdür. Təqsirləndirilən şəxs Astara rayonu ərazisindən götürdüyü həmin maddə və əşyaları 500 manat pul müqabilində Lənkəran rayonundan Bakı şəhərinə aparmalı olduğunu bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinin baş əməliyyat müvəkkilləri Şahid3, Şahid4 və Şahid2 məhkəmə baxışı zamanı verdikləri və məhkəmə iclas zalında elan olunmaqla tədqiq edilmiş ifadəsində Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. 04 aprel 2025-ci il tarixli əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması barədə protokoldan və həmin vaxt aparılmış videoçəkilişdən görünür ki, narkotik vasitələrin və silah-sursatın qanunsuz dövriyyəsində şübhəli olan Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 16:04 radələrində keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində Lənkəran rayonu Yuxarı Nüvədi kəndində yaşadığı evin yaxınlığında tək piyada hərəkət etdiyi zaman saxlanılmış, saxlamanın səbəbi Təqsirləndirilən şəxs izah edildikdən sonra ona üstünün yoxlanılacağı, üstündə qanunla qadağan olunmuş hər ansı bir əşya, predmet, maddə olduğu təqdirdə könüllü təqdim etməsi bildirilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan şalvarının sol yan cibindən 01 ədəd bükülünü, şalvarının sağ yan cibindən 01 ədəd bükümü və özünə məxsus şəxsiyyət vəsiqəsini çıxararaq təqdim etmiş, təqdim etdiyi bükülüdə narkotik vasitə marixuana, şəffaf bükümdə isə metamfetamin olduğunu bildirmişdir. Bundan başqa üzərindən qanunla qadağan olunmuş hər hansı əşya və ya maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs aşkar olunmuş kütlələr elektron tərəzidə çəkildikdə psixotrop maddə metamfetaminəbənzər kütlənin çəkisi 6,52 qram, narkotik vasitə marixuanaya bənzər kütlənin çəkisi isə 143,12 qram olmuşdur. Həmin kütlələr ekspertizaya təqdim edilməsi üçün qablaşdırılaraq üstü imzalanmış və möhürlənmişdir. Təqsirləndirilən şəxs şifahi verilən suallara cavab olaraq üzərindən aşkar edilmiş maddələri Cəmşid adlı İran İslam Respublikası vətəndaşından whatsapp tətbiqi vasitəsilə danışıb aldığını, bundan başqa hal-hazırda evində də narkotik vasitə və odlu silah olduğunu bildirmidir. Buna görə də videoçəkiliş kəsilmədən davamlı olaraq çəkilməklə Təqsirləndirilən şəxs öz razılığı ilə yaşadığı evə daxil olmuşlar. Təqsirləndirilən şəxs özü könüllü olaraq yaşadığı evin birinci mərtəbəsində olan saxlanc kimi otaqda qara rəngdə idman çantasını göstərməklə həmin çantanın içərisində olan 02 ədəd bağlamada narkotik vasitə marixuanayabənzər kütlələri, 1 ədəd AKM tipli avtomatı, həmin avtomata məxsus sandıqça ilə birlikdə 14 ədəd patronu təqdim etmişdir. Həmin 02 ədəd bağlama çəkildikdə çəkiləri 2.470 kq və 1,570 kq olmuşdur. Bundan sonra hər iki bağlama bir ədəd kisəyə qoyulub çəkildikdə ümumi çəkisi 4,720 kq olmuşdur. Bundan sonra aşkar olunmuş 02 ədəd bağlamada marixuanayabənzər kütlələr sintetik kisədə, AKM markalı avtomat, ona məxsus sandıqça və 14 ədəd patron sellofan torbada qablaşdırılmış, ekspertizaya təqdim olunması üçün möhürlənmişdir. Təqsirləndirilən şəxs təkrar verilən suallara cavab olaraq üzərindən aşkarlanmış psixotrop maddə metamfetaminə, marixuanaya bənzər kütlələri, həmçinin yaşadığı evdə saxladığı narkotik vasitə marixuanaya bənzər kütlələri, AKM tipli avtomatı, ona məxsus sandıqçanı və 14 ədəd patronuCəmşid adlı İİR vətəndaşından vhatsapp vasitəsilə danışıb Astara rayonu ərazisindən götürdüyünü, həmin narkotik vasitələri və silah-sursatı Bakı şəhərinə aparması müqabilində 500 manat pul alacağını bildirmişdir. Cinayət işinin materiallarında olan Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(049)-15/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair təqdimata baxılarkən məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bildiyini, uzun müddətdir ki, bir nəfər İran vətəndaşı ilə əlaqə saxladığını, İran vətəndaşının ona Astara rayonunun Sım kəndinə qoyulacaq bir çantanı oradan götürüb Bakı şəhərinə çatdırsa bunun müqabilində ona 500 manat pul verəcəyini, onun da bu təkliflə razılaşdığını, taksi ilə Astara rayonunun Sım kəndinə gəldiyini və həmin çantanı götürərək yaşadığı Lənkəran rayonunun Yuxarı Nüvədi kəndinə getdiyini, çantanı həmin yerdən götürərkən açmadığını, lakin evdə çantanı açıb baxdıqda içərisində Kalaşnikov markalı avtomat silahının da olduğunu görməsini, bir müddət sonra küçədə hərəkətdə olarkən polislər tərəfindən saxlanıldığını, üzərinə və evinə baxış keçirilən zaman narkotik vasitəni və avtomat silahını polis əməkdaşlarına təhvil verdiyini, saxlanılarkən və sonradan polis əməkdaşları tərəfindən ona qarşı zorakılıq edilmədiyini, etdiyi əməldən peşman olduğunu bildirmişdir. Cinayət işinin materiallarında olan məhkəmə kimyəvi-bioloji ekspertizasının 05 aprel 2025-ci il tarixli 19/141 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd sellofan kəsiyində təmiz çəkisi 6,090 qram olan ağ rəngli kristallardan ibarət maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş bir ədəd zərfdəki 1 ədəd bükülüdə təmiz çəkisi 125,852 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitələr - qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş bir ədəd kisədəki, 2 ədəd bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri 1810 qram, 2130 qram olmaqla ümumi təmiz çəkisi 3940 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitələr - qurudulmuş marixuanalardır. Təqsirləndirilən şəxs aşkarlanmış ümumilikdə təmiz çəkisi 4065,852 qram marixuanalar, orqanoleptik əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Cinayət işinin materiallarında olan DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsinin məhkəmə-ballistik ekspertizasının 06 aprel 2025-ci il tarixli 25/652 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd, №-si silinmiş silah, 7,62 mm kalibrli olmaqla, zavod üsulu ilə keçmiş SSRİ dövlətində, silah zavodunda istehsal olunmuş, AKM modelli, Kalaşnikov konstruksiyalı avtomatdır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş açmaq üçün yararlıdır. Silahın təyinatı hər hansı bir kustar üsulu ilə dəyişikliklərə məruz qalmamışdır. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə, keçmiş SSRİ dövlətində silah zavodunda istehsal olunmuş 30 ədəd 7,62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı AK-47, AKS-47, AKMS modelli avtomatların komplekt hissəsidir-darağıdır, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 14 ədəd patronlar zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 7,62x39 mm kalibrli olmaqla, həmin kalibrli Lalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş ştat patronlarıdır, döyüş sursatı hesab edilir. Yuxarıda göstərilən səbəbə görə onlardan 10 ədədi atəş üçün yararlıdırlar, 04 ədədi isə atəş üçün yararsızdır. Eksperimental atəşlər zamanı əldə olunmuş güllə və gilizlər DİN-nin KTİ-də yerləşən güllə-giliz kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş güllə-gilizlərlə müqayisə edilib nəticəsi haqqında əlavə məlumat veriləcəkdir. Qeyd: Tədqiqata təqdim edilmiş 14 ədəd 7,62x39 mm kalibrli patronlardan 03 ədədi eksperimental atəşlər zamanı istifadə olunmuşdur. Cinayət işinin materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə-Ekspertizası Mərkəzinin məhkəmə-ballistik ekspertizasının 18 aprel 2025-ci il tarixli 3/413 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd nömrəsi silinmiş silah 7,62 mm kalibrli olmaqla, zavod üsulu ilə istehsal olunmuş AKM modelli Kalaşnikov konstruksiyalı avtomatdır, yivli odlu döyüş silahıdır, saz vəziyyətdədir, atəş açmaq üçün yararlıdır, konstruksiyası və ballistik xassələri dəyişdirilməmişdir. Silahın səthində seriya-nömrəsi həkk olunduğu sahələr sonradan kustar üsulla dərindən silindiyindən seriya-nömrələri müəyyən etmək mümkün deyil. Tədqiqata təqdim edilmiş 11 ədəd patron 7,62 mm kalibrli olmaqla, həmin kalibrə malik “AKM”, “AKMS” avtomatlarda istifadə edilmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal edilmiş döyüş sursatı hesab edilən patronlardır, 07 ədədi istifadəyə yararlıdır, 04 ədədi isə istifadəyə yararsızdır. Tədqiqata təqdim edilmiş 01 ədəd sandıqça “Kalaşnikov” konstruksiyalı “AKM”, “AKMS” avtomatlarda silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, 30 ədəd 7,62 mm kalibrli patron tutumuna malik zavod üsulu ilə hazırlanmış sandıqçadır, istifadəyə yararlıdır. Məhkəmə narkoloji ekspertizasının 07 aprel 2025-ci il tarixli, 184 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (toksikomaniya xəstəliyi) aşkar olunur. Ərazi narkoloji xəstəxanasında 2023-cü ildən “Həşiş narkomanlığı” diaqnozu ilə qeydiyyatda durur. Cinayət işinin materiallarında olan ambulator məhkəmə-psixiatrik ekspertizasının 02 may 2025-ci il tarixli, 1410 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. İstintaq zamanı Təqsirləndirilən şəxs məxsus “Honor” markalı mobil telefona baxış keçirilmiş, baxış zamanı “Honor” markalı mobil telefonda ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrin olması, mobil telefonun “Whatsapp Business” bölməsində Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə qeydiyyatdan keçməsi, həmin “Whatsapp Business” proqramında +98 903 253 4176 saylı mobil nömrə olan və adının “Əmioğlu C” adlı şəxs olaraq qeyd etdiyi Cəmşid adlı şəxslə 30 yanvar 2025-ci il tarixdən yazışmaların olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Cəmşid adlı şəxslə narkotik vasitələrin əldə edilərək daşınması ilə bağlı söhbətləşmişdir. Belə ki, xx.xx.2025-ci il tarixdə, saat 04:18-də Cəmşid adlı şəxsə səsli mesaj göndərərək “qardaşım mən gəlmişəm e çatmışam e evdəyəm” demiş, saat 04:19-da “Mən yatıram Əmioğlu seher danışarıq inşallah” yazmış, Cəmşid adlı şəxs səsli mesaj göndərərək “yaxşı malın tərəzisini atarsan mənə” deyə cavab vermiş, saat 21:01-də “neynədin Arzuman əmanətin şəklin at mənə” deyə səsli mesaj göndərmiş, Arzuman saat 21:01-də cavabında “qaqa birazdan şey eliyirəm onu sənçün” deyə səsli mesaj göndərmişdir. Bundan sonra Cəmşid saat 21:01-də səsli mesaj göndərərək “gecə saat 12-yə kimi vaxtın var şey mey bilmirəm 12-də pulu keçdin keçdin, keçmədin götünə qoyacağam gedəcəksən 8 il içəri” demiş, Arzuman saat 21:01-də “yaxşı” deyə cavab vermişdir. Arzuman saat 21:29-da səsli mesaj göndərərək “əmioğlu bidənə kart atda sən mənçün” demiş, Cəmşid saat 21:30-da mediadan silinmiş kart şəkli göndərib səsli mesaj göndərərək “gə qardaşım buda kart vur gecə get götür yenə sat, əgər sata bilirsən gəl verim satda zalım oğlu xeyir elədə, elə 5 manatdan verəcəyəm sənə sat 7 manatdan” demiş, Arzuman saat 21:31-də səsli mesaj göndərərək “Allah köməyin olsun baba, Allah canuvu sağ eləsin, hər 100 qramda 200 manat qalacaqda mənə 7-dən məndə verəciyəmdə, qramın 7 dən verəcəyəm. İstəyirləre deyirlər super birşeydi, Allaha and olsun. İndi oturmuşuq maşında uşağı gözləyirəm gəlir, indi 5 dəq 10 dəq gəlir. Gəlir pulu versin mənə atım sənçün, axşam yenə məni yolla gedim götürüm qaqa” demişdir. Bundan sonra saat 21:32-də aralarında 1 dəq müddətə səli danışıq qeydə alınmışdır. 31 yanvar 2025-ci il tarixdə, saat 02:55-də Arzuman Cəmşidə səsli mesaj göndərərək “qardaşım bular pul gətirməliydi nəsə alınmadı götürmədilər nə idisə pulları çatmadısa götürmədilər. Əmanət məndədi, 25 qramın satmışam eləmişəm, bir 75 qramı qalıb. Onun 75 qramın bidənə ünvan eliyim necə eliyim bidənə mənə denəndə” demiş, saat 03:00-da aralarında 1 dəqiqə müddətə səsli danışıq qeydə alınmışdır. Daha sonra saat 03:03-də aralarında 16 dəq müddətə səsli zəng qeydə alınmışdır. Daha sonra xx.xx.2025, xx.xx.2025, xx.xx.2025, xx.xx.2025, xx.xx.2025, xx.xx.2025, xx.xx.2025, xx.xx.2025-ci il tarixlərdə aralarında səsli və görüntülü danışıqlar qeydə alınmışdır. Arzuman xx.xx.2025-ci il tarixdə, saat 03:00-da Cəmşidə səsli mesaj göndərərək “Baba vaxtın oldu mənə zəng elədə sənə bir şey deyəcəme” və saat 03:25-də səsli mesaj göndərərək “bilirsən nə deyirdim qardaşım, Lənkəranda hamı daş axtarır and ola Allaha. Yəni torpaq istəyən də var, daş istəyən də var. Yəni xırda-xırda hərəsindən 4-4, 5-5 atsaydın burda götürərdim yavaş-yavaş satardım baba, satıb pulunu vurardım sənçün. İndi 30 dan atardın, 35 dən atardın neçədən atardın burda mən hər qramından 70 manat çıxardaram da hardasa, aşağısı bir 70 manat çıxararam, 30 manat da hər qramından mənə qalar, 30 manat, 40 manat” demiş, Cəmşid saat 03:26-da səsli mesaj göndərərək “hardan ataciyam sənə, Bakıya gedəcəxsən dalıyca?” deyə cavab vermişdir. Arzuman saat 03:27-də səsli mesaj göndərərək “hə, əgər Astarada yoxundusa, hə Bakıya gedərəm Bakıdan götürərəm hə, problem yoxdur” demiş, saat 03:29-da səsli mesaj göndərərək “sən keçən dəfə mənə vəsait atmışdıne baba 100 qram ot atmışdıne mən eşşəklik eləmişdime bax həmən otdan olsa and ola Allaha yəni atamın qəbri Lənkəranı partdadaram, elə bir ot olsa Lənkəranın hamısı gələre mənim yanıma Qurana and olsun. İmenna həmən otdan olsa yəni partdadaram da mən Lənkəranı” demiş, daha sonra saat 13:03-də səsli mesaj göndərərək “salam qardaşım bayramın mübarək necəsən kefin halın” demiş, Cəmşid cavab verməmişdir. Daha sonra Arzuman xx.xx.2025-ci il tarixdə, saat 02:51-də səsli mesaj göndərərək “Sən Allah baba bidənə mənə kömək elə. Birdəki qardaşım yadındadı mən eşşəklik elədim, bir səhvdi qələtdi elədim yadındadı mənə ot atmışdıne qaqa 100 qram. Bax o otdan olsa and ola Allaha Lənkəranı partdadaramda Qurana and olsun. Böyründə daş da atarsan, torpaq da atarsan. Daş çox atarsan torpaq da atarsan burda yavaş-yavaş ucuz qiymətə mənə verərsən, mən də 5-3 manat üstünə pul qoyub sataram da. Sənin puluni da vuraram sənin kartına, sənin başına dönərəm baba. Vəziyyət pisdi. Şərəfimə, qeyrətimə and olsun bir də sənə yalan danışmayacam da. Yəni xırda-xırda elə Bakıdan götürəcəm gətirəcəm burda evimin içində yavaş-yavaş verəcəm gedəcək. Ot istəyirlər baba mən dediyim otdan”. Saat 02:56-da səsli mesaj göndərərək “birdəki qardaşım əgər sən mənə 28-dən, 27-dən və yaxud 30-dan versən mən hər qramın üstünə 20 manat 30 manat qoysam bir 10 qram versəm 300 manat mənə qalacaq. Yəni mən onu vara and ola Allaha çoxsu burda daş çəkəndidə bizim kənddə də daş istiyirlər daş birdə ot istəyirlər. Kola istəyən azdı biraz zəifdi. No kolada gedər, Allah haqqı gedəcək yəni ən ölüsü gümə 6 dənə, 7 dənə, minimum 5 dənə gedəcək. Ama daş günə bir 10 dənə 12 dənə, 15 arası rahat gedəcək. Daşı mənə əgər 30 dan versən mən 50 dən versəm günə 10 dənə 15 dənə verə bilərəm rahat” demişdir. Saat 14:19-da Cəmşid səsli mesaj göndərərək “Arzuman ehtiyac deyilki bebeləm yığasan məni əsəbi eliyəsən, səbr elədə” demiş, Arzuman “yaxşı qardaşım” deyə cavab vermişdir. xx.xx.2025 və xx.xx.2025-ci il tarixlərdə aralarında aralarında səsli və görüntülü danışıqlar qeydə alınmışdır. xx.xx.2025-ci il tarixdə saat 01:09-da Arzuman səsli mesaj göndərərək “qardaşım neyniyirsən axşamın xeyir, götürdüm abi internet zad götürdüm Allah canını sağ eləsin, var olasan, abi birdəki mən dediyim düzələcək abi?, bu əmanət məsələsi. Yavaşyavaş işləyərdim” demiş, saat 01:11-də Cəmşid Arzumana səsli mesaj göndərərək “Arzuman Bakıda olurda başuva dolanım, nə mənə isteysən, ot isteysən, nəşə?” deyə cavab vermişdir. Daha sonra saat 01:11-də 45 saniyə və saat 01:12-də 9 dəq müddətə aralarında səsli danışıq qeydə alınmışdır. 01 aprel 2025-ci il tarixdə saat 17:33-ə aralarında 2 dəq müddətə danışıq qeydə alınmışdır. Bundan əlavə Təqsirləndirilən şəxs və Cəmşid adlı şəxslə yazışma qeydə alınmamışdır. Bundan başqa Təqsirləndirilən şəxs məxsus mobil telefona baxış zamanı telefonun kontaktlar bölməsində istifadəsində +98 939 459 3732 saylı mobil nömrə olan adı “Adil Qırağı” adlı şəxs olaraq qeydə alınmış şəxsin də olması, lakin mobil telefonun “Whatsapp Business” bölməsində Adil adlı şəxslə hər hansı bir yazışmanın olmadığı müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs həmin şəxsin ifadəsində qeyd etdiyi Adil adlı İran İslam Respublikasının vətəndaşı olduğunu, aralarında olan yazışmaların silindiyini bildirmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Lənkəran Şəhər Psixiatriya Xəstəxanasının xx.xx.2025-ci il tarixli, 478 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs xəstəxanasında qeydiyyatda deyildir. Cinayət işinin materiallarında olan xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə CMnin 234.1-ci maddəsi ilə 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 03 ay hissəsini çəkməkdən vaxtından əvvəl şərti olaraq azad edilmişdir. Lənkəran rayon Səpnəkəran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin 18 iyul 2025-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs subaydır. Yaşayış yerindən verilmiş eyni tarixli xasiyyətnamədə Təqsirləndirilən şəxs mənfi səciyyələnir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs digər şəxslərlə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı, psixotrop maddə metamfetamini, odlu silah olan avtomat silahı, onun komplekt hissəsini və döyüş sursatı olan patronlarını əldə əldə etməsi, saxlaması və daşıması, əməlində cinayət tərkibinin və cinayət hadisəsinin olması, təqsirliliyi kifayət qədər sübuta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə işin faktiki hallarını və tədqiq edilmiş sübutları nəzərə alaraq Təqsirləndirilən şəxs İran İslam Respublikasına aid telefon nömrəsi ilə danışıb əlaqə saxladığı şəxslə narkotik vasitənin əldə edilməsi barədə razılıqları olsa da, narkotik vasitəni əldə etməməsi, evində narkotik vasitə qurudulmuş marixuana, psixotrop maddə metamfetamin, avtomat silahı və onun patronlarını saxlamaması, evinə həmin əşyaların polis tərçəfindən qoyulması barədə ifadəsini özünümüdafiə məqsədi daşımaqla qeyriobyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir. Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi ifadəsini işin faktiki halları və digər sübutlarla tam uyğunluq təşkil etdiyindən obyektiv ifadə hesab edir və sübut kimi qiymətləndirir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Arzumanov Qurbanovun cinayət əməli CM-in 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları müəyyən etmədi, əməlində cinayətlərin residivinin olmasını isə CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzasını CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 04 aprel 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə-narkoloji ekspertizasının rəyi nəzərə alınmaqla Təqsirləndirilən şəxs barəsində taksikomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tədbiq edilməli və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyatda olması nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmaqla Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan 5,990 qram psixotrop maddə metamfetamin, 4065,552 qram narkotik vasitə qurudulmuş marixuana və istifadəyə yararsız olan 04 ədəd avtomat silahın patronları məhv edilməli, 01 ədəd 7,62 mm kalibirli, nömrəsi silinmiş, AKM modelli, Kalaşnikov kostruksiyalı avtomat, həmin avtomatın komplekt hissəsi olan 01 ədəd sandıqça və 07 ədəd istifadəyə yararlı patronlar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin maddi təchizat idarəsinə verilməlidir. Əməliyyat-axtarış tədbirlərinin videogörüntüləri barədə 02 ədəd CD disklər, telefon məlumatları barədə bir ədəd disk və Təqsirləndirilən şəxs tərəfindən qeydə alınmış videogörüntünü özündə əks etdirən 01 ədəd disklər cinayət işinin materiallarında saxlanılmalıdır. Ekspertiza xərci 184 (yüz səksən dörd) manat Təqsirləndirilən şəxs alınmaqla Azərbaycan Respublikası Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.2.1, 234.4.1 və 234.4.3cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinsin. Ona CM-nin 228.2.1-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 04 aprel 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs taksikomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmaqla Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan 5,990 qram psixotrop maddə metamfetamin, 4065,552 qram narkotik vasitə qurudulmuş marixuana və istifadəyə yararsız olan 04 ədəd avtomat silahın patronları məhv edilsin. 01 ədəd 7,62 mm kalibirli, nömrəsi silinmiş, AKM modelli, Kalaşnikov kostruksiyalı avtomat, həmin avtomatın komplekt hissəsi olan 01 ədəd sandıqça və 07 ədəd istifadəyə yararlı patronlar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin maddi təchizat idarəsinə verilsin. İş materiallarına əlavə olunmuş əməliyyat-axtarış tədbirlərinin videogörüntüləri barədə 02 ədəd CD disklər, telefon məlumatları barədə bir ədəd və Təqsirləndirilən şəxs tərəfindən qeydə alınmış videogörüntünü özündə əks etdirən bir ədəd disklər cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza xərci 184 (yüz səksən dörd) manat Təqsirləndirilən şəxs alınmaqla Azərbaycan Respublikası Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Neymət Məmmədov
Məhkəmə qərarları › İş №1(099)-405/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-405/2025
09.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver