Məhkəmə qərarları › İş №1(099)-408/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-408/2024

16.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-408/2024 16.10.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X6, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili X2 iştirakı ilə xx xxxxx 1988-ci ildə Astara rayonun Şahağacı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Astara rayonun Şahağacı kəndində qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 234.4-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq xüsusilə külli miqdarda-480,0 qram psixotrop maddə olan metamfetamini, külli miqdarda-7,430 qram narkotik vasitə olan heroin, külli miqdarda-5240,0 qram narkotik vasitə olan qurudulmuş marixuananı və təsiredici maddəsinin ümumi miqdarı külli miqdarda-8,0 qram olan 200 ədəd narkotik vasitə olan metadon həblərini əldə edib, saxlayıb daşıyarkən, daxil olmuş əməliyyat məlumatı əsasında 10 yanvar 2024-cü il tarixdə, saat 23 radələrində Azərbaycan Respublikası Daxili İşlər Naziriliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X9 Şöbəsinin (bundan sonra BNMİ-nin CBRŞ-nin) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Astara rayonun Şahağacı kəndinin ərazisində saxlanılıb üzərində şəxsi axtarış zamanı əynindəki şalvarının cibindən bir ədəd bükümdə külli miqdarda-7,430 qram narkotik vasitə olan heroin və əlindəki çantada olan bir ədəd bükümdə xüsusilə külli miqdarda-480,0 qram psixotrop maddə olan metamfetamin, iki ədəd bükümdə ayrı-ayrılıqda 2845,0 qram və 2395,0 qram olmaqla cəmi, külli miqdarda- 5240,0 qram narkotik vasitə olan qurudulmuş marixuana və təsiredici maddəsinin ümumi miqdarı külli miqdarda-8,0 qram təşkil edən 200 ədəd narkotik vasitə olan metadon həbləri aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, o, evlidir, himayəsində iki azyaşlı uşağı vardır və hazırda arvadı iki uşağı ilə birlikdə Rusiyada yaşayırlar, özü isə Astara rayonun Şahağacı kəndində qeydiyyatda olmaqla yaşamış, rəsmi olaraq heç bir yerdə işləməmiş, lakin fərdi qaydada fəhləliklə məşğul olmuşdur. Təxminən iki il olar ki, narkotik vasitələrdən istifadə etməyə başlamış, əsasən heroindən istifadə etmiş, metamfetamindən istifadə etməmişdir. 10 yanvar 2024-cü il tarixdə, axşam saatlarında məhəllə uşağı dostu ona zəng etmiş və o, dostu ilə görüşüb onunla mağazaya siqaret almaq üçün getmişlər. Həmin vaxt yanında qonşusu Orxan da olmuşdur. 10 yanvar 2024-cü il tarixdə, gecə saat 23 radələrində o, yaşadığı Astara rayonunun Şahağacı kəndinin ərazisində yerləşən “Ceyhun” istirahət mərkəzinin yaxınlığında olan köhnə yanacaq doldurma məntəqəsinin yanında həmkəndliləri Orxan, Surac və Zamanla birlikdə olmuşdur. Həmin yerə gəlməzdən əvvəl Orxan telefonla ona zəng edib yanacaq doldurma məntəqəsinin yanına çağırmışdır ki, onun qız qaçırmasına kömək etsin. Həmin yerə gedərkən üzərində narkotik maddə olmamışdır. Köhnə yanacaq doldurma məntəqəsinin yanına çatıb orada Orxan, Surac və Zamanla birlikdə olarkən yaxınlıqdakı kolluqdan bir qrup polis əmkdaşları çıxıb onlara tərəf gəlmiş və o, bunu görüb qaçmağa başlamış və qaçarkən xırda sadə mobil telefonu yerə düşmüş, digər mobil telefon cibində qalmışdır. O, həmin yerdən bir qədər aralı dəmir yolu tərəfə qaçmış və dəmir yoluna çatmamış sürüşüb yıxılmış, elə həmin vaxt polis əməkdaşı Ramil arxadan gəlib onu tutmuş, sonra Ramil və digər polis əməkdaları onu döyə-döyə Lənkəran şəhərinə, regional polis şöbəsinə aparmışlar. Regional polis şöbəsində polis əməkdaşları onu iki saat döyüb təzyiqlər göstərmişlər ki, dedikləri narkotik maddənin özünə məxsus olmasını etiraf etsin, əgər narkotik maddənin onun olmasını etiraf etməsə valideyinlərini də ona qoşub həbsə göndərəcəklər, həmçinin polislər evinə silah-sursat qoyacaqlarını və valideyinlərinin də polis şöbəsinə gətiriləcəklərini demişlər. Bu cür təzyiqlər qarşısında o, məcbur qalıb polislərin dedikləri ilə razı olmuş, yəni ona təqdim olunan narkotik maddələrin özünə məxsus olmasını deyəcəyinə razılaşmış, həm də polis əməkdaşları ona narkotik vasitə istifadəçisi kimi həbsə gedəcəyini bildirmiş, o da etiraz etməmişdir. Əvvəl polis əməkdaşları şalvarının cibinə bir büküm narkotik qoymuş, sonra polis əməkdaşı Ramil bir ədəd çantanı otağa gətirmiş və ona həmin çantanın içərisində olan narkotik maddələrin də ona məxsus olmasını bildirmişlər. Bundan sonra vəkilin iştirakı ilə və videoçəkilişlə üzərində axtarış aparılmışdır. Axtarış zamanı özü əynindəki şalvarının cibindən bir ədəd bükümü çıxarıb polislərə təqdim etmiş və həmin bükümün içərisində heroin aşkar olunmuşdur. Sonra çantaya baxış keçirilmiş və baxış zamanı çantanın içərisindən narkotik maddələr aşkar edilmişdir. Polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlər olduğu üçün o, üzərində aşkar olunmuş heroinin və çantanın içərisindən aşkar olunmuş narkotik maddələrin özünə məxsus olmasını bildirmişdir. Əslində isə üzərində aşkar olunmuş heroin və çantanın içərisindən aşkar olunmuş narkotik maddələr ona məxsus deyil, üzərinə heroini polis əməkdaşı qoymuş, həmçinin içərisində narkotik maddələr olan çanta da polis əməkdaşlarına aiddir. O, narkotik maddələrin satışı ilə məşğul olmamış və üzərində və çantanın içərisindən aşkar olunmuş narkotik maddələrlə bağlı ona verilmiş ittiham üzrə özünü təqsirli bilmir. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrində göstərmişdir ki, o, rəsmi olaraq heç bir yerdə işləmir, təxminən 10 ildir ki, heroindən, ara sıra metamfetamindən istifadə etmişdir. Narkotik maddələri Lənkəran şəhəri, “Kiçik Bazar” adlanan ərazidə üzdən tanıdığı şəxslərdən alıb istifadə etmişdir. 08 yanvar 2024-cü il tarixdə, saat 17 radələrində bədənində güclü ağrılar olduğu üçün narkotik maddə aliıq üçün Lənkəran şəhəri, “Kiçik Bazar” adlanan əraziyə gedib əvvllər heroin aldığı üzdən tanıdığı, adını bilmədiyi şəxsə yaxınlaşıb istifadəsi üçün bir qədər heroin almaq istədiyini demiş, lakin pulunun olmadığını bildirmiş, həmin şəxs də onun vatsap nömrəsini götürüb əlaqə saxlayacağını demiş, o da qayıdıb evinə gəlmişdir. Həmin gün saat 18 radələrində onun mobil telefonuna vatsapla tanımadığı telefon nömrəsindən “xəritədə ünvan” göndərilmişdir. Həmin ünvanda onun üçün narkotik vasitə olduğu qeyd edilən ünvana diqqətlə baxdıqda həmin yerin ünvan 1 ünvana gedib bir qədər axtardıqdan sonra işıq tranfarmatorunun yanında balaca sellofan bükümdə heroin olduğunu görüb götürüb dərhal evinə gedib heroinin bir hissəsini iynə ilə damara vurmaq yolu ilə istifadə etmişdir. İki gündən sonra, yəni 10 yanvar 2024-cü tarixdə, saat 11 radələrində vatsapla yenidən tanımadığı və xatırlamadığı telefon nömrəsindən ona zəng gəlmiş, həmin şəxs ona yenidən narkotik vasitə və psixotrop maddə göndərə biləcəyini demiş, o da pulu olmadığını və həmin narkotik vasitələri ala bilməyəcəyini bildirmiş, həmin şəxs isə verəcəyi narkotik vasitələrin əvəzində pul istəmədiyini, özü üçün istifadə etdikdən sonra göndərəcəyi narkotik vasitə və psixotrop maddə bükümlərinin içərisində əlavə bir büküm olduğunu həmin bükümü isə deyəcəyi adama çatdırdıqan sonra bank kartı vasitəsilə ona 2000 manat ödəniş edəcəyini demiş, o da razılaşmışdır. Həmin şəxs saat 22 radələrində vatsapla ona “xəritədə ünvan” göndərib qeyd etdiyi narkotik vasitə bağlamalarının orada olduğunu demiş, bundan sonra o, evdən çıxıb göstərilən ünvana, yəni Astara rayonun Şahağacı kəndində yerləşən “Ceyhun” istirahət mərkəzinin yanını gedib həmin yerdə yerləşən köhnə yarımtikilinin içərisinə girib orada içərisində psixotrop və narkotik maddələri olan çantanı götürüb küçənin kənarı ilə evinə tərəf piyada hərəkətdə olarkən mülki geyimli bir neçə polis əməkdaşı özlərini təqdim edərkən o, polis əməkdaşlarının üzərində olan narkotik vasitəyə görə ona yaxınlaşmalarını başa düşüb qaçmağa başlamış və qaçarkən ayağı büdrəyib yolun asfalt örtüyünün üzərinə yıxılmış, arxadan gələn polis əməkdaşları çatıb onu tutmuş, sonra ona X3 dövriyyəsində şübhəli olduğu bildirilib avtomobillə onu Astara RPŞ-nə aparmışlar. Polis şöbəsində müdafiəçinin iştirakı ilə və videoçəkilişlə üzərində axtarış aparılmışdır. Axtarış zamanı özü əynindəki şalvarının cibindən bir ədəd sellofan bükümü çıxarıb masanın üzərində qoymuş və həmin bükümün içərisində heroin aşkar olunmuşdur. Bundan sonra ona məxsus (köhnə yarımtikilinin içərisindən götürdüyü) çantaya baxış keçirilmiş və baxış zamanı çantanın içərisindən iki ədəd bükülülərdə qurudulmuş marixuana, bir ədəd bükülüdə metamfetamin və 20 ədəd listlərdə metadon həbləri aşkar edilmişdir. Şifahi sorğu zamanı o, üzərində aşkar olunmuş bir ədəd bükümdə olan heroini iki gün əvvəl-08 yanvar 2024-cü tarixdə tanımadığı şəxsin vatsapla ona göndərdiyi ünvana-Astara rayonun Qamışoba kəndinə gedib orada gizlədildiyi yerdən götürüb istifadəsi üçün üzərində saxladığını, daha sonra 10 yanvar 2024-cü tarixdə tanımadığı şəxsin vatsapla ona göndərdiyi ünvana-Şahağacı kəndinin ərazisində yerləşən “Ceyhun” istirahət mərkəzinin yanını gedib həmin yerin yaxınığında olan köhnə yarımtikilinin içərisinə girib ora qoyulmuş çantanı götürüb oradan çıxıb küçə ilə hərəkət edərkən tutulduğunu bildirmişdir. Aşkar olunmuş heroin, qurudulmuş marixuana və metamfetamin kütlələri elektron tərəzidə çəkilmiş, sonra həmin kütlələr və metadon həbləri qablaşdırılıb götürülmüş, daha sonra protokol tərtib olunmuşdur. Polis şöbəsinə gətirilərkən və polis şöbəsində olarkən ona qarşı heç bir qanunsuz hərəkətlərə yol verilməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan, habelə şəxsi axtarışla bağlı aparılmış videoçəkiliş tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etməyib əlavə ifadəsində göstərmişdir ki, istintaq zamanı verdiyi ifadəsinin sonunda olan qeydləri özü yazmış, təzyiq altında olduğu üçün bu qeydləri yazmışdır. Polislər onu tutduqdan sonra əvvəl regional şöbəyə aparmış, bir neçə saatdan sonra onu Astara RPŞ-nə aparmışlar və orada üzərində axtarış keçirilmişdir. Tutulduqdan sonra bədəni üzərində aşkar olunan xəsarətləri o, polislərin onu tutmaq istəyərkən qaçarkən sürüşüb yıxılması nəticəsində yox, regional şöbədə polislərin onu döyməsi nəticəsində almışdır. İstifadəsində 050/-768-33-14 saylı mobil telefon nömrəsi olmaqla həmin gün üzərində bir ədəd sadə, bir ədəd də android markalı mobil telefonlar olmuşdur. Tutulduğu gün, yəni 10 yanvar 2024-cü il tarixdə o, narkotik maddə alması ilə bağlı hər hansı bir şəxslə əlaqəsi olmamış, həmin gün axşam saatlarında həmkəndlisi Orxan ona zəng etdikdən sonra onunla görüşmək üçün “Ceyhun” istirahət mərkəzinin yaxınlığına getmişdir. Həmin vaxt orada yanında həmkəndliləri Orxan, Surac və Zaman olmuş, polis əməkdaşları gələrkən Surac və Zaman oradan qaçmış, onu və Orxanı polis əməkdaşları tutmuş, sonra Orxan buraxılmış, onu isə polis şöbəsinə aparmışlar. Tanıdığı polis əməkdaşı Ramil ona demişdir ki, qonşusu Orxan onu (Təqsirləndirilən şəxs) ora çağırmışdır ki, onu orada tutsunlar. Ona görə də polislər onu tutmuş, Orxanı isə tutmamışlar. O, tutulan vaxt üzərində heç bir narkotik maddə olmamışdır. Polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlər olduğu üçün o, üzərində aşkar olunmuş heroinin və çantanın içərisindən aşkar olunmuş narkotik maddələrin özünə məxsus olmasını bildirmiş, sonradan da polislərin dediyi kimi izahat və ifadə vermiş, həmçinin polislərin qorxusundan məhkəmədə də üzərində aşkar olunmuş heroinin və çantanın içərisindən aşkar olunmuş narkotik maddələrin özünə məxsus olmasını bildirmişdir. Əslində isə üzərində aşkar olunmuş heroin və çantanın içərisindən aşkar olunmuş narkotik maddələr ona məxsus deyil, üzərinə aşkar olunan heroini cibinə polis əməkdaşı Ramil qoymuş, həmçinin içərisində narkotik maddələr olan çanta da polis əməkdaşlarına aiddir. O, narkotik maddələrin satışı ilə məşğul olmamış və üzərində və çantanın içərisindən aşkar olunmuş narkotik maddələrlə bağlı ona verilmiş ittiham üzrə özünü təqsirli bilmir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, maddi sübutlar, ekspert rəyləri, habelə digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərmişdir ki, o, BNMİ-nin CBRŞ-nin əməkdaşıdır. 10 yanvar 2024-cü il tarixdə Astara rayonun Şahağacı kənd sakini Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitələr əldə edib üzərində daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədilə təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsi üçün özünün də daxil olduğu əməliyyat qrupu yaradılmış və həmin gün, saat 23 radələrində Astara rayonun Şahağacı kəndinin ərazisində əməliyyat-axtarış tədbiri keçirilmişdir. Keçirilmiş əməliyyat tədbiri zamanı əməliyyat qrupu həmin ərazidə gözləmə mövqeyində dayanıb ətrafı nəzərdən keçirərkən Təqsirləndirilən şəxs əlində bir ədəd çanta ilə piyada hərəkət etdiyi müşahidə edilmiş və əməliyyat qrupu dərhal Təqsirləndirilən şəxs yaxınlaşarkən Təqsirləndirilən şəxs onları polis əməkdaşları olduqlarını bilib əlindəki çantanı kənara atıb qaçmağa başlamış, onlar da onu arxadan təqib etmiş, Təqsirləndirilən şəxs bir az qaçdıqdan sonra sürüşərək yerə yıxılmış və əməliyyat qrupun üzvləri onu tutub saxlanılmış, həmçinin Təqsirləndirilən şəxs qaçarkən atdığı bir ədəd çanta götürülmüş, sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik maddələr əldə edib üzərində daşımasında şübhəli olduğu bildirilib çanta ilə birlikdə Astara RPŞ-nə aparılmışdır. Polis şöbəsində CBRŞ-nin təhqiqatçısı Famil Həsənov tərəfindən vəkilin (müdafiəçinin) iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarının cibindən bir ədəd bükümü çıxarıb təqdim edib içərisində heroin olduğunu, özünün istifadəsi üçün üstündə saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs məxsus çantaya baxış keçirilmiş və çantanın içərisindən iki ədəd bükümdə marixuanaya oxşar, bir ədəd bükümdə metamfetaminə oxşar kütlələr və çoxsaylı metadon həbləri aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərində və çantada aşkar olunmuş narkotik və psixotrop maddələri bir nəfər şəxslə danışıb əldə etdiyini və çantanı Şahağacı kəndinin ərazisində olan “Ceyhun” istirahət mərkəzinin yaxınığında olan köhnə yarımtikilinin içərisindən götürüb əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra polis əməkdaşları, o cümlədən özü və digər polis əməkdaşları tərəfindən ona qarşı heç bir təzyiq göstərilməmiş, həmçinin üzərində axtarış zamanı Təqsirləndirilən şəxs hər hansı şikayəti və ya narazılığı olmamışdır. Məhkəmə iclasında şahidlər Şahid1 və Şahid3 Şahid2 ifadəsinə uyğun ifadələr vermişlər. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti ilə dindirilmiş şahid X12 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs oğludur. 10 yanvar 2024-cü il tarixdə, gecə saatlarında oğlu Elmir evdə olmuş, həmin vaxt oğluna tez-tez telefon zəngləri gəlmiş, Elmir isə telefon zənglərinə cavab verməmiş, sonra oğlu siqaret alma qadı ilə evdən küçəyə çıxıb harasa getmiş, bir daha evə qayıtmamışdır. Sonra ona məlum olmuşdur ki, həmin gün gecə saatlarında polislər Təqsirləndirilən şəxs tutub polis şöbəsinə aparmışlar və orada üzərində narkotik maddə aşkar olunmuşdur. Elmirin kimdən narkotik maddə almasını, narkotik maddəni harda və necə istifadə etməsini görməmişdir. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti ilə dindirilmiş şahid X10 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs həmkəndlisidir və onunla münasibətləri yaxşıdır. O, əvvəllər narkotik vasitələrdən istifadə etmiş, həmin vaxtlarda Elmirlə birlikdə narkotiklərdən istifadə etməmişdir. Elmirin haçan tutulması barədə məlumatı olmamış, lakin xatırlamadığı tarixdə kənddə Elmirin polislər tərəfindən tutulmağını eşitmiş və onun nəyə görə tutulmasını bilməmişdir. Hazırda mobil telefondan istifadə etmir, əvvəllər istifadəsində xatırlamadığı bir neçə mobil telefon nömrələri, o cümlədən 050/774-45-30 və 051/95-66-41 saylı mobil telefon nömrələri olmuş və bir il olar ki, həmin nömrələrdən istifadə etmir. Elmir tutulan vaxt onun yanında olmamış, qız qaçırması ilə bağlı Elmirlə heç bir söhbət aparmamış, 10 yanvar 2024-cü il tarixdə onunla telefonla danışmamışdır. Ramil adlı polis əməkdaşını tanısa da, onunla heç bir yaxın münasibəti və əlaqəsi olmamışdır. İşdə olan, DİN-nin BNMİ-nin CBRŞ-nin əməkdaşının 10 yanvar 2024-cü il tarixli “Raport”ları ilə müəyyən olunur ki, Astara rayonun Şahağacı kənd sakini Təqsirləndirilən şəxs psixotrop və narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuş və bu məlumat əsasında həmin tarixdə, saat 23:15-də keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Astara rayonun Şahağacı kəndinin ərazisində yerləşən “Ceyhun” istirahət mərkəzinin yaxınlığında (küçədə) Təqsirləndirilən şəxs əlində çanta ilə saxlanılıb (həmin vaxt Təqsirləndirilən şəxs polis əməkdaşlarını görüb qaçmağa başlamış və qaçarkən büdrəyib yıxılmış və bundan sonra polis əməkdaşları onu tutub saxlayıb) Astara RPŞ-nə gətirilmişdir. İşdə olan, Astara Rayon Məhkəməsinin 12 yanvar 2024-cü il tarixli qərarı ilə müəyyən edilir ki, təhqiqat orqanının “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 10 yanvar 2024-cü il tarixli qərarı qanunauyğun hesab edilmişdir. İşdə olan, məhkəmə-tibbi ekspertizasının 11 yanvar 2024-cü il tarixli rəyi ilə müəyyən olunur ki, tibbi müayinə zamanı Təqsirləndirilən şəxs bədəni üzərində-başın ənsə, alın, döş qəfəsi nahiyələrində sıyrıqlar aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törətmişlər, müddəti müayinədən bir gün əvvələ uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilmir. Təqsirləndirilən şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yıxılma nəticəsində əmələ gələ bilməsi inkar olunmur. Həmçinin tibbi müayinə zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, 10 yanvar 2024-cü il tarixdə, saat 23 radələrində üzərində narkotik maddə olmasına görə polis əməkdaşları onu tutmuşdur. İşdə olan, Bakı İstintaq Təcridxanasının 15 yanvar 2024-cü il tarixli məlumat məktubu ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs 15 yanvar 2024-cü Bakı İstintaq Təcridxanasına daxil olmuş və tibbi-sanitar hissədə müayinədən keçrilərkən bədəni üzərində xəsarətlər aşkar edilmiş və Təqsirləndirilən şəxs həmin xəsarətlərin həbs olunmamışdan əvvəl aldığını bildirmişdir. İşdə olan, “Şəxsi axtarış və götürmə aparılması haqqında” 11 yanvar 2024-cü il tarixli protokolla müəyyən edilir ki, həmin tarixdə regional şöbənin təhqiqatçısı Famil Həsənov tərəfindən müdafiəçi Ədalət Muradovun iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki cins şalvarın sağ yan cibindən 1 ədəd büküm çıxarıb təqdim etmiş və həmin bükümün içərisində heroinə oxşar kütlə aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş kütlənin heroin olduğunu, həmin maddəni iki gün əvvəl “Baba” adlı İran vətəndaşının dediyi yerdən- Astara rayonun Şahağacı kəndinin ərazisində qoyulmuş yerdən götürdüyünü və istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd çantaya baxış keçirilmiş və baxış zamanı çantanın içərisində 02 ədəd sellofan bükümdə qurudulmuş marixuanaya oxşar, 01 ədəd sellofan bükümdə metamfetaminə oxşar kütlələr və 20 ədəd listdə metadon həbləri aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs “Baba” adlı İran vətəndaşının “Ceyhun” İstirahət mərkəzinin yaxınlığına qoydurduğunu içərisində narkotik maddələr olan çantanı götürüb ona veriləcək 2000 manat pul müqabilində Bakı şəhərinə aparıb deyiləcək yerə qoymalı olduğunu bildirmişdir. Aşkar olunmuş kütlələr elektron tərəzidə çəkilmiş, sonra həmin kütlələr və metadon həbləri təhqiqatçı tərəfindən qablaşdırılıb götürülmüşdür. Şəxsi axtarışla bağlı aparılmış videoçəkilişin yazıldığı bir ədəd DVD disk protokola əlavə edilmişdir. İşdə olan, məhkəmə-kimyəvi və bioloji ekspertizasının 11 yanvar 2024-cü il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət, Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümdə heroinə bənzər kütlə qablaşdırıldı və möhürləndi ..." sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi-7,430 qram olan qəhvəyi rəngli maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs əlində olan çantada aşkar olunan 02 ədəd bükülüdə marixuanaya bənzər kütlə, 01 ədəd bükülüdə metamfetaminə bənzər kütlə, metadon tabletlərinə bənzər 20 listdə tabletlər qablaşdırıldı və möhürləndi ...” sözlər və imzalar olan bir ədəd çantadakı, 1 ədəd bükülüdə təmiz çəkisi-480,0 qram olan ağ rəngli kristallardan ibarət olan maddə metamfetamindir. İki ədəd bükülülərdə ayrı-ayrılıqda təmiz çəkisi 2845,0 qram və 2395,0 qram olmaqla ümumi təmiz çəkisi- 5240,0 qram olan bitki mənşəli kütlələr; tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır, orqanoleptik əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. 20 ədəd konvalyutda ümumi sayı 200 ədəd olan qəhvəyi rəngli dairəvi formalı həblər metadondur, xarici görünüşlərinə və təsir edici maddənin göstəricilərinə görə bir-biriləri ilə eynidirlər, həblərin təsiredici maddəsinin ümumi miqdarı-8,0 qramdır. (Üzərində olan göstəriciyə əsasən bir həbdə-0,04 qram). Ekspertiza tədqiqatından sonra qalıq heroin 7,330 qram, qalıq metamfetamin 479,9 qram, qalıq marixuana 5239,8 qram və qalıq 185 ədəd metadon həbləri. Aparılmış ekspertiza tədqiqatının dəyəri 120 manat təşkil edir. İşdə olan, “Əşyanın maddi sübut hesab edlməsi haqqında” 17 mart 2024-cü il tarixli qərarla müəyyən olunur ki, ekspertiza tədqiqatından sonra qalıq 7,330 qram heroin, qalıq 479,9 qram metamfetamin, qalıq 5239,8 qram qurudulmuş marixuana və qalıq 185 ədəd metadon həbləri iş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübutlar saxlanılması üçün Lənkəran ŞRPŞ-nin maddi sübutlar otağına təhvil verilmiş, habelə şəxsi axtarışla bağlı aparılmış videoçəkilişin yazıldığı bir ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınıb cinayət işinə əlavə edilmişdir. İşdə olan, ambulator məcburi-narkoloji tibbi yoxlamanın 11 yanvar 2024-cü il tarixli rəyi ilə müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur və məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. İşdə olan, "xxxx" MMC-dən daxil olmuş məlumatlarla müəyyən edilir ki, 050/774-45- 30 və 051/951-66-41 saylı mobil telefon nömrələri (X4 istifadəsində olmuş) 01 dekabr 2023-cü il tarixdən 11 yanvar 2024-cü il tarixədək "xxxx" MMC-nin şəbəkəsində istifadəsi aşkar edilməmişdir. İşdə olan, "xxxx" MMC-dən daxil olmuş telefon danışıqlarına dair məlumatlarla müəyyən edilir ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş 050/769-33-14 saylı mobil telefon nömrəsi ilə X4 istifadəsində olmuş 050/774-45-30 və 051/951-66-41 saylı mobil telefon nömrələri arasında əvvəllər, o cümlədən 10 yanvar 2024-cü il tarixədə danışıqların olması aşkar edilməmişdir. İşdə olan, “Cinayət işinin ayrı icraata ayrılması və icraata qəbul edilməsi haqqında” 24 fevral 2024-cü il tarixli il tarixli qərarla müəyyən olunur ki, Təqsirləndirilən şəxs əldə etdiyi narkotik və psixotrop maddələrin satış mənbəyi ilə bağlı CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi ayrılmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutlar, ekspertiza rəyləri və digər sənədləri sübut növü kimi qəbul edir. Həmçinin iş üzrə şahidlər Şahid2, Şahid1, Şahid3 və Orxan Əsədovun ifadələri yalnız özlərinin birbaşa şahid olduqları hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan məhkəmə bu ifadələri mötəbər sübutlar hesab edir, onların göstərdikləri halları daha obyektiv həqiqət kimi qəbul edərək sübut kimi qiymətləndirir. Habelə məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri (bədəni üzərində aşkar edilmiş xəsarətlərin polis əməkdaşlarının onu döyməsi nəticəsində alması, tutulduğu gün, yəni 10 yanvar 2024-cü il tarixdə narkotik maddə alması ilə bağlı hər hansı bir şəxslə əlaqəsinin olmaması, həmin gün axşam saatlarında həmkəndlisi Orxanın ona zəng edib görüşmək üçün “Ceyhun” istirahət mərkəzinin yanına çağırması, polis əməkdaşları tərəfindən tutulan vaxt yanında həmkəndliləri Orxan, Surac və Zaman adlı şəxslərin olması, tutulan vaxt üzərində narkotik maddənin olmaması, polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlər olduğu üçün o, üzərində aşkar olunmuş heroinin və çantanın içərisindən aşkar olunmuş narkotik maddələrin özünə məxsus olmasını bildirməsi, istintaq zamanı polislərin dediyi kimi izahat və ifadə verməsi, həmçinin polislərin qorxusundan məhkəmədə də üzərində aşkar olunmuş heroinin və çantanın içərisindən aşkar olunmuş narkotik maddələrin özünə məxsus olmasını bildirməsi, üzərində aşkar olunmuş heroin və çantanın içərisindən aşkar olunmuş narkotik maddələr ona məxsus olmaması, üzərinə aşkar olunan heroini cibinə polis əməkdaşı Ramilil qoyması, içərisində narkotik maddələr olan çantanın polis əməkdaşlarına aid olması və narkotik maddələrin satışı ilə məşğul olmamasına aid hallar istisna olunmaqla) məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid2, Şahid1, Şahid3 və Orxan Əsədovun ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən müdafiəçinin iştirakı ilə və videoçəkilişlə aparılmış şəxsi axtarışa dair protokolla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan, Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinin müddəaları nəzərə alınaraq sübut kimi qəbul edir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatlar, yəni bədəni üzərində aşkar edilmiş xəsarətlərin polis əməkdaşlarının onu döyməsi nəticəsində alması, tutulduğu gün, yəni 10 yanvar 2024-cü il tarixdə narkotik maddə alması ilə bağlı hər hansı bir şəxslə əlaqəsinin olmaması, həmin gün axşam saatlarında həmkəndlisi Orxanın ona zəng edib görüşmək üçün “Ceyhun” istirahət mərkəzinin yanına çağırması, polis əməkdaşları tərəfindən tutulan vaxt yanında həmkəndliləri Orxan, Surac və Zaman adlı şəxslərin olması, tutulan vaxt üzərində narkotik maddənin olmaması, polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlər olduğu üçün o, üzərində aşkar olunmuş heroinin və çantanın içərisindən aşkar olunmuş narkotik maddələrin özünə məxsus olmasını bildirməsi, istintaq zamanı polislərin dediyi kimi izahat və ifadə verməsi, həmçinin polislərin qorxusundan məhkəmədə də üzərində aşkar olunmuş heroinin və çantanın içərisindən aşkar olunmuş narkotik maddələrin özünə məxsus olmasını bildirməsi, üzərində aşkar olunmuş heroin və çantanın içərisindən aşkar olunmuş narkotik maddələr ona məxsus olmaması, üzərinə aşkar olunan heroini cibinə polis əməkdaşı Ramilil qoyması, içərisində narkotik maddələr olan çantanın polis əməkdaşlarına aid olması və narkotik maddələrin satışı ilə məşğul olmamasına dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid2, Şahid1, Şahid3 və Orxan Əsədovun ifadələri, maddi sübutlar, telefon danışıqlarına dair məlumatlar (o cümlədən "xxxx" MMC-dən daxil olmuş məlumata əsasən Orxan Əsədovun istifadəsində olmuş 050/774-45-30 və 051/951-66-41 saylı mobil telefon nömrələrin 01 dekabr 2023-cü il tarixdən 11 yanvar 2024-cü il tarixədək "xxxx" MMC şəbəkəsində istifadəsinin aşkar edilməmişdir), ekspertiza rəyləri (o cümlədən məhkəmə-tibbi ekspertizasının 11 yanvar 2024-cü il tarixli rəyinə əsasən Təqsirləndirilən şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlərin yıxılma nəticəsində əmələ gələ bilməsinin inkar olunmaması, habelə tibbi müayinə zamanı Təqsirləndirilən şəxs 10 yanvar 2024-cü il tarixdə, saat 23 radələrində üzərində narkotik maddə olmasına görə polis əməkdaşları tərəfindən tutulmasını bildirməsi göstərilmiş, eyni zamanda Təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasına daxil olub tibbi-sanitar hissədə tibbi müayinədən keçrilərkən bədəni üzərində olan xəsarətlərin həbs olunmamışdan əvvəl aldığını bildirmişdir) və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən müdafiəçinin iştirakı ilə və videoçəkilişlə aparılmış şəxsi axtarışa dair protokolla (şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş heroinin və çantanın içərisindən aşkar olunmuş narkotik maddələrin özünə məxsus olmasını bildirmişdir), eləcə də Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri (ifadələrində o, üzərində aşkar olunmuş heroinin və çantanın içərisindən aşkar olunmuş narkotik maddələrin özünə məxsus olmasını bildirmişdir) ilə tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Bundan başqa müdafiə tərəfinin fikrincə ibtidai istintaq zamanı psixotrop və narkotik maddələrin Təqsirləndirilən şəxs məxsus olmasına dair verdiyi və sonradan ittihamın əsasını təşkil edən, həmin psixotrop və narkotik maddələrin ona məxsus olmasına dair ifadəsini o, hədə-qorxu nəticəsində, yəni polis əməkdaşlarının ona qarşı təzyiqləri nəticəsində vermişdir. Məhkəmə hesab edir ki, müdafiə tərəfinin bu fikirləri əsassızdır. Belə ki, cinayət prosessual qanunvericiliyinə əsasən təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət təqibini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Lakin işdə olan sənədlərlə müəyyən edilir ki, Təqsirləndirilən şəxs tutulduqdan sonra hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə təmin olunmuş və ibtidai istintaq dövründə nə təqsirləndirilən şəxs, nə də onun müdafiəçisi yuxarıda göstərilən hallarla və ya digər hər hansı bir hallarla bağlı şikayətlə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmişlər. Əksinə təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair istintaq orqanının vəsatətinə Astara Rayon Məhkəməsində (məhkəmə nəzarətini həyata keçirən məhkəmə) baxılarkən Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə olan narkotik vasitələr ona məxsus olmaqla onları satmaq məqsədinin olmamasını bildirib əməlini etiraf etmişdir. Qeyd olunanlara əsasən məhkəmə müdafiə tərəfinin ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs özünə qarşı verdiyi ifadənin məhz hədə-qorxu nəticəsində əldə edilməsinə dair dəlili əsassız hesab edir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Habelə məhkəmə Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama və daşıma cinayət əməli törətməsi ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə” İ və İİ Siyahılara əsasən dərman preparatı kimi beynəlxalq adı “Heroin”, “Metadon” və “Marixuana-Kannabis”, o cümlədən qurudulmuş marixuana olan maddələr narkotik vasitələr, “Metamfetamin” olan maddə psixotrop maddədir. Heroinin və metamfetaminin 0,15 qramdan, metadonun 0,02 qramdan və qurudulmuş marixuananın 5 qramdan artıq hissəsi xeyli miqdar, heroinin 2 qramdan 800 qramadək, metamfetaminin 2 qramdan 400 qramadək, metadonun 1,6 qramdan 160 qramadək və qurudulmuş marixuananın 500 qramdan 50000 qramadək külli miqdir, heroinin 800 qramı, metamfetaminin 400 qramı, metadonun 160 qramı və qurudulmuş marixuananın 50000 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) xüsusilə külli miqdar hesab olunur. Həmçinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 9-cu bəndində izah olunur ki, … təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs götürülmüş 480,0 qram psixotrop maddə olan metamfetamin xüsusilə külli miqdar, 7,430 qram narkotik vasitə olan heroin və 5240,0 qram narkotik vasitə olan qurudulmuş marixuana külli miqdar, habelə 200 ədəd narkotik vasitə olan metadon həblərin təsiredici maddəsinin ümumi miqdarı 8,0 qram olmaqla külli miqdar təşkil edir. Həmçinin məhkəmədə tədqiq olunmuş sübutlarla tam təsdiq olunur ki, təqsirləndirilən şəxsin niyyəti psixotrop və narkotik maddələri məhz satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, saxlama və daşıma olmuşdur. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq xüsusilə külli miqdarda metamfetamin, külli miqdarda heroin, qurudulmuş marixuana və metadon əldə etmiş, saxlamış və daşımışdır. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq CM-nin 234.4-1-ci maddəsi ilə tövsif edilmişdir. İşdə olan, Astara Rayon Məhkəməsinin 12 yanvar 2024-cü il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 10 yanvar 2024-cü il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanılmasına dair tələbnamə ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə məlumatlar yoxdur. İşdə olan, Astara rayonun Şahağacı kənd İƏD üzrə Nümayəndəliyindən verilmiş 19 fevral 2024-cü il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Astara rayonun Şahağacı kəndində qeydiyyatda yaşamış və yaşıdığı yer üzrə mənfi (narkotik maddələr aludəçisi olmaqla ondan son bir ay ərzində şifahi şikayət daxil olmuşdur) xarakterizə olunur. İşdə olan, Astara rayonun Şahağacı kənd İƏD üzrə Nümayəndəliyindən verilmiş 19 fevral 2024-cü il tarixli arayışı ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs evlidir və onun himayəsində 29 yanvar 2011-ci il təvəllüdlü X7 və 19 noyabr 2012-ci il təvllüdlü X11 vardır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağın olması CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır. İş üzrə Təqsirləndirilən şəxs cazasını ağırlaşdıran hallar (CM-nin 61-ci maddəsində göstərilən) yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun CMnin 234.4-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngüllşdirən halı, təqsirkarın şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını CM-nin 56.1.3cü maddəsinə əsasən (xüsusilə ağır cinayətlər törətdiyinə görə ilk dəfə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş şəxslər uçün) ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 10 yanvar 2024-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Habelə narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 93.1.2-ci maddəsi tətbiq edilməli və o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunmala, habelə yaşadığı ərazi üzrə narkoloji xəstəxanada qeydiyyata alınmalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar olan və Astara RPŞ-nin maddi sübutlar otağında saxlanılan 479,9 qram metamfetamin, 7,330 qram heroin, 5239,8 qram qurudulmuş marixuana və 185 ədəd metadon həbləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhvetmə “Azərbaycan Respublikasının Narkomanlığa və X3 X5 üzrə Dövlət Komissiyası” tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza tədqiqatı xərci-120 (bir yüz iyirmi) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 8 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 10 yanvar 2024-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunsun, habelə o, yaşadığı ərazi üzrə narkoloji xəstəxanada qeydiyyatda alınsın. İş üzrə maddi sübutlar olan və Astara Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan 479,9 qram psixotrop maddə olan metamfetamin, 7,330 qram narkotik vasitə olan heroin, 5239,8 qram narkotik vasitə olan qurudulmuş marixuana və 185 ədəd narkotik vasitə olan metadon həbləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza tədqiqatı xərci-120 (bir yüz iyirmi) manat məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar