Məhkəmə qərarları › İş №1(099)-409/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-409/2024

03.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-409/2024 03.04.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi ilə hakimlər - Nəbiyev Cəlil Cabbar oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçisi Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1996-cı ildə Əli-Bayramlı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, qəsdən, satış məqsədi, ilə qanunsuz olaraq külli miqdarda təmiz çəkisi - 4,313 qram narkotik vasitə olan heroini, külli miqdarda təmiz çəkisi 5,189 qram psixotrop maddə olan metamfetamini və 02 ədəd konvalyut kəsiyində üzərində “F/M40” göstəricisi olan 01 ədəd tam və 01 ədəd ½hissə qəhvəyi rəngli dərman həbində narkotik vasitə olan metadonu istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edib daşıyaraq yaşadığı Şirvan şəhəri, N.Nərimanov küçəsi ev 126 ünvanında yerləşən evin qonaq otağında olan divanın üzərindəki döşəyin alt hissəsində saxlamış, daha sonra həmin heroini və həmin metamfetamini ayrı-ayrı bükümlərə ayıraraq 01 (bir) ədəd bükümün içərisində təmiz çəkisi - 0,682 qram narkotik vasitə olan heroini və təmiz çəkisi - 0,060 qram psixotrop maddə olan metamfetamini 08 noyabr 2023-cü il tarixdə saat 11-12 radələrində Şirvan şəhəri, N.Nərimanov küçəsində tanışı Şahid3 20 (iyirmi) manata satmışdır. Təqsirləndirilən şəxs Şahid3 satdığı narkotik vasitə heroinin 0,595 qramı Şahid3 üzərində 08 noyabr 2023-cü il tarixdə keçirilmiş şəxsi axtarış zamanı, narkotik vasitə olan heroinin 0,087 qramı və psixotrop maddə olan metamfetaminin 0,060 qramı X2 üzərində 08 noyabr 2023-cü il tarixdə keçirilmiş şəxsi axtarış zamanı, qalan 02 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkisi 3,241 qram və 0,390 qram olmaqla ümumi çəkisi - 3,631 qram olan maddələr xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli narkotik vasitə olan heroin, 05 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi -2,287 qram, 1,18 qram, 0,600 qram, 1,00 qram və 0,060 qram olmaqla ümumi çəkisi - 5,129 qram olan ağımtıl rəngli maddələr xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli psixotrop maddə metamfetamin, 02 ədəd konvalyut kəsiyində üzərində “F/M40” göstəricisi olan 01 ədəd tam və 01 ədəd ½ hissə qəhvəyi rəngli dərman həbində narkotik vasitə olan metadon və 01 ədəd üzərində narkotik vasitələri və psixotrop maddəni satan zaman çəkilərini müəyyən etmək məqsədi ilə istifadə etdiyi üzərində narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin izləri olan elektron tərəzi 09 noyabr 2023-cü il tarixdə saat 12:30-dan saat 13:15-dək olan müddətdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanında sonuncunun razılığı ilə və videoçəkilişlə keçirilmiş baxış zamanı evin qonaq otağında olan divanın üzərindəki döşəyin alt hissəsində aşkar olunmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 9 noyabr 2023-cü ildə saat 11-12 radələrində polis əməkdaşları yaşadığı ünvan 3 ünvana gəlib evə baxış keçirmək istədiklərini bildirmişlər. Baxış keçirilməsinə etiraz etməmişdir. Evin qonaq otağında olan divanın üstündəki döşəyin altından 05 bükümdə olan patı kimi tanıdığı psixotrop maddə metamfetamini, 01 ədəd bükümdə kakos kimi tanıdığı narkotik maddə olan heroini, 01 ədəd bükümdə isə mənşəyini bilmədiyi maddəni, 02 ədəd “metadon” kimi tanıdığı həbləri və 01 ədəd elektron tərəzini polis əməkdaşlarına təqdim etmişdir. Sonra şöbəyə aparılmış, orada tanışı Sarxana narkotik satdığını soruşmuşlar. Cavabında heç kimə narkotik satmadığını, əgər kiməsə narkotik satıbsa həmin adamın telefon danışıqlarının çıxarılmasını və bunu sübut etmələrini demişdir. Sonra tanışı Sərxanı şöbəyə gətrib onunla üzləşdirmişlər. Sərxan onun üzünə duraraq demişdir ki, narkotiki ondan 20 manata almışdır. Şöbədə hədə qorxu gəlmişlər ki, “əgər Sarxanın dedikləri ilə razılaşmasan sənə külli miqdarda narkotik “yükləyəcəyik”. Qorxusundan polislərin dediyi kimi ifadə vermiş və guya Sarxana narkotik vasitə satdığını göstərmişdir. Polis şöbəsində döyülmüşdür. Bu barədə heç yerə şikayət etməmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, Sarxanı çoxdan tanıyır, o, bir iki məhəllə onların evindən aralı yaşayır. Sərxanla aralarında telefon danışıqları olub. Sarxanın ondan narkotik istəməsindən məlumatı yoxdur. Özü “kokos”dan istifadə edir. Evində 5 qram metamfetamin, 4-5 büküm, bir büküm yarım qram “kakos “, bir bütov və bir yarım metadon həbi, bir ədəd tərəzi aşkar edilmişdir. Tərəzidə öz istifadəsi üçün olan narkotiki çəkirdi ki, normadan artıq olmasın. Narkotikdən il yarımdır ki, istifadə edir. Sarxana narkotik verməmişdir. Təcridxanaya daxil olarkən ayaq barmağında sınıq olub. Həmin xəsarəti saxlanılmamışdan bir neçə ay əvvəl fəhlə kimi işləyərkən əlindən daş düşüb ayaq barmağını əzmiş, buna görə də barmağına mil qoyulmuşdur. Evindən aşkar olunan narkotikləri saxlanılmamışdan 2-3 gün əvvəl Bakı şəhərindən tanımadığı şəxsdən əldə etmişdir. Törətdiyi əməldən peşmandır. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı ifadələrində və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan onun ibtidai istintaq dövründə müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi etirafedici ifadələri elan olunmuş, həmin ifadələrində o, özünü qismən təqsirli bilərək göstərmişdir ki, evində aşkar olunan narkotik vasitəni və psixotrop maddəni 05 noyabr 2023-cü il tarixdə səhər saatlarında yaşadığı məhəllədə gəzən zaman yerdən tapmış, içərisinə baxdıqda bağlamanın içərisində 05 ədəd bükümdə patı kimi tanıdığı psixotrop maddə metamfetamin, 01 ədəd bükümdə kakos kimi tanıdığı narkotik maddə olan heroin, 01 ədəd bükümdə isə mənşəyini bilmədiyi maddə, 02 ədəd “metadon” kimi tanıdığı həblər və 01 ədəd elektron tərəzi olmuş, gələcəkdə istifadə etməsi üçün bağlamanı evə aparıb qonaq otağında divanın üstündə olan döşəyin altına qoymuş, lakin həmin maddələrdən istifadə etməmişdir. Əvvəllər bir neçə dəfə tanıdığı şəxslərə psixotrop maddə və narkotik vasitə satmış, həmin şəxslərdən biri qonşuluqda yaşayan Sarxan olmuş, digər satdığı şəxslərin adlarını xatırlamamış, hətta həmin şəxslərdən hal-hazırda həbsdə olanlarıda olmuş, yaşadığı evdə saxladığı həmin narkotik vasitə və psixotrop maddədən qonşusu Şahid3 bir bükümdə içərisində narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamini 20 manata satmışdır. Əməlindən peşmandır, şöbədə heç bir fiziki və mənəvi təzyiqə məruz qalmamışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, yuxarıda göstərilən cinayət əməlini Təqsirləndirilən şəxs törətmişdir. Onun törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş özünün qismən etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, habelə tədqiq olunmuş ekspertizanın rəyləri, cinayət işində olan istintaq hərəkətinin protokolları, sənədlər, maddi sübut və işin digər halları ilə kifayət qədər sübuta yetirilir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şirvan şəhər polis şöbəsinin X1 əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 09 noyabr 2023-cü il tarixdə ünvan 2 ünvanda yaşayan Təqsirləndirilən şəxs narkotiki evində saxlaması, istifadəsi, üzərində gəzdirməsi və satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Bununla bağlı əməliyyat qrupu yaradılmış və həmin günü saat 12 radələrində qeyd olunan ünvana yollanmışlar. Təqsirləndirilən şəxs qapını açmış, evə baxış keçirilməsinə etiraz etməmişdir. Həmin vaxtı Elnurun anası da evdə olmuşdur. Videoçəkilişlə evə baxış keçirilmiş, Elnur evə daxil olduqdan sonra qonaq otağında yerləşən divanın üstündəki döşəyi qaldıraraq orada olan 05 büküm metamfetami, 02 büküm olan heroini, 01 ədəd və 1/2 ədəd olmaqla metadon həbini, elektron tərəzini və özünün “Samsung” markalı mobil telefonunu təqdim etmişdir. Şifahi sorğu zamanı Elnur narkotiklərin özünə aid olduğunu, bir neçə gün əvvəl şəhər ərazisində yerdən tapdığını bildirmişdir. Sonra Elnur şöbəyə aparılmış, orada videoçəkilişlə müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş, lakin üzərində qanunsuz heç bir əşya və ya predmet aşkar olunmamışdır. Şahid1 verilən suallara cavab olaraq bildirmşdir ki, keçirilən əməliyyat tədbirləri nəticəsində bir gün əvvəl Şirvan şəhər sakini Sarxan adında şəxs saxlanılıb şöbəyə aparılmış, üzərində şəxsi axtarış zamanı narkotik vasitə aşkar olunaraq götürülmüş, Sarxan üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitəni qonşuluqda yaşayan Təqsirləndirilən şəxs mobil telefonuna zəng edib görüşərək 20 manat pulun müqabilində aldığını bildirmişdir. Elnura qarşı şöbədə hər hansı bir zor tətbiq olunmamışdır. Heç kim onu külli miqdarda narkotiklə “yüklənəcəyi” ilə hədələməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şirvan ŞPŞ-nın əməkdaşı Şahid2 Şahid1 ifadəsində göstərdiyi xüsusatlar üzrə oxşar məzmunlu ifadə verərək şöbədə Elnura qarşı zor tətbiq olunmadığını, şəxsən özü tərəfindən də Elnura qarşı zorakılıq hərəkətlər olmadığını göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, narkotik vasitə istifadəçisi olduğu üçün qonşuluqda yaşayan Təqsirləndirilən şəxs tanıyır. xx.xx.2023-cü il tarixdə səhər saatlarında tanışı İntiqam ona zəng edib 20 manat pulu olduğunu və həmin pula “kokos” və “patı” təşkil edə biləcəyini demişdir. Sonra istifadəsində olan mobil nömrə ilə tanışı Təqsirləndirilən şəxs zəng etmiş, sonuncudan narkotik istəmişdir. xx.xx.2023-cü ildə saat 11-12 radələrində Elnurun yaşadığı evin yaxınlığına, küçələrinə getmiş, Elnur orada ona 1 sellofan bükümün içərisində 2 bükümdə “kokos” və “patı” vermişdir. Sonra İntiqamla görüşmüş və Elnurun ona verdiyi sellofan bükümü açaraq 1 bükümdə heroin və 1 bükümdə metamfetamini İntiqama vermiş, İntiqam da ona 20 manat pul vermiş, o İntiqama ağrılarının olduğunu deyərək ondan özü istifadə etmək üçün heroin istəmiş, İntiqam da ona vermiş olduğu heroindən bir qədərini pay kimi götürməyini demiş, bükümü açaraq iki dəfə istifadə etməyi üçün heroin götürmüşdür. İntiqamdan ayrılmış, yaşadığı ev istiqamətində piyada hərəkət edərkən polislər tərəfindən saxlanılmışdır. Barəsində olan cinayət işinə Şirvan şəhər məhkəməsində baxılmış və “qolbaq” cəzasına məhkum olunmuşdur. Şahid3 verilən suallara cavab olaraq bildirmişdir ki, Elnurdan narkotiki pulnan almamışdır. Elnur ona elə-belə pulsuz narkotiki vermişdir. Məhkəmədə tədqiq edilmiş üzləşdirmə protokolundan görünür ki, Şahid3 ifadəsində narkotik vasitəni Təqsirləndirilən şəxs 20 manat pulun müqabilində aldığını sonuncunun üzünə demişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan materialların məhkəmə eskpertizasının 9 noyabr 2023-cü il tarixli 18/1049 N-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvanda aşkar edilmiş 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 3,241 qram və 0.390 qram olmaqla, ümumi çəkisi - 3,631 qram olan maddələr xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli narkotik vasitə olan heroindir. 05 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi - 2,28" qram, 1,181 qram, 0,600 qram, 1,001 qram və 0,060 qram olmaqla, ümumi çəkisi – 5,129 qram olan ağımtıl rəngli maddələr xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli psixotrop maddə metamfetamindir və 01 ədəd elektron tərəzinin üzərində narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin izləri vardır. Məhkəmədə tədqiq edilmiş və işdə olan məhkəmə-kimyəvi ekspertizasının 15 noyabr 2023-cü il tarixli 6/6062 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş 02 ədəd konvalyut kəsiyində üzərində “F/M40” göstəricisi olan 01 ədəd tam və 01 ədəd ½hissə qəhvəyi rəngli dərman həbində metadonun təsir maddəsinin miqdarı ümumilikdə 0,06 qram təşkil edir. Məhkəmədə tədqiq edilmiş və işdə olan məhkəmə psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli 6519 saylı rəydən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onarı idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə tədqiq edilmiş və işdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzin xx.xx.2023-cü il tarixli 7733 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin, opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq edilmiş və işdə olan materialların məhkəmə eskpertizasının 17 noyabr 2023-cü il tarixli 18/1055 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvandan, Şahid3 və X3 üzərindən aşkar olunub götürülmüş narkotik vasitə heroin xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidir. Təqsirləndirilən şəxs yaşadığı ünvandan və X3 üzərindən aşkar olunub götürülmüş psixotrop maddə metamfetamin xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidir. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2023-cü il tarixli “baxış aparılması və götürmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanında yataq otağında 07 (yeddi) ədəd büküm və 02 (iki) ədəd dərman həblərinin içərisində olan narkotik vasitələrə və psixotrop maddəyə bənzər kütlələr, habelə elektron tərəzi aşkar olunaraq götürülmüşdür. İşdə olan “Şirvan şəhər Mərkəzi Xəstəxanası” X8 xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşayan xx.xx.1996-cı il təvəllüdlü Təqsirləndirilən şəxs Şirvan şəhər Mərkəzi Xəstəxanasının ruhi-əsəb və narkoloji kabinetlərində qeydiyyatda yoxdur. İşdə olan 01 fevral 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarla Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilib götürülmüş ekspertiza tədqiqatından sonra qalan 3,511 qram narkotik vasitə olan heroin, 4,929 qram psixotrop maddə metamfetamin, 01 ədəd dərman həbində narkotik vasitə olan metadon, 01 ədəd üzərində narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin izləri olan elektron tərəzi iş üzrə maddi sübut qismində tanınmış və saxlanılması üçün Şirvan ŞPŞ-yə təhvil verilmişdir. Evə baxış keçirilməsi haqqında 1 ədəd DVD disk və üzləşdirmə istintaq hərəkətinin keçirilməsi haqqında 1 ədəd DVD disk cinayət işinə əlavə edilmişdir. İşdə olan məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan xx.xx.2023-cü il tarixli 7266 N-li arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 5 ünvanda yaşayır. İşdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə qənaətbəxş xarakterizə olunur. Təqsirləndirilən şəxs məhkəmə istintaqında özünün müdafiəsi üçün dəlillər gətirərək tanışı Şahid3 narkotik vasitə satmadığını və vermədiyini, polis şöbəsində döyüldüyündən müstəntiqə yalandan guya Sərxana 20 manat pulun müqabilində narkotik vasitə satdığını göstərmişdir. Məhkəmə təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi xüsusatlara tənqidi yanaşaraq bu ifadələri işin obyektiv hallarına uyğun olmayan, cinayət məsuliyyətindən yayınmaq, özünü müdafiə etmək məqsədi ilə uydurulmuş və işin faktiki halları ilə təkzib edilən xüsusatlar kimi qiymətləndirir və Təqsirləndirilən şəxs ifadəsinin bu hissəsini inandırıcı hesab etmir Məhkəmə Təqsirləndirilən şəxs tanışı Şahid3 narkotik vasitə satmaması və verməməsi ilə bağlı göstərdiyi xüsusat ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi etirafedici ifadələri, Şahid3 və digər şahidlərin ifadələri, ekspertizanın rəyləri, videoçəkilişlə onların arasında aparılan üzləşdirmə protokolu və digər sübutlarla təkzib olunur. Bundan başqa, materialların məhkəmə ekspertizasının rəyi ilə də müəyyən olunur ki, Təqsirləndirilən şəxs evindən, Şahid3 və İntiqam Cabbarlının üzərindən aşkar olunmuş heroin xarici əlamətlərinə və kimyəvi tərkib əlamətlərinə görə eyni tərkiblidir. Məhkəmədə tədqiq olunmuş üzləşdirmə protokolu ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs tanışı Şahid3 narkotik vasitə satdığını səmimi etiraf edir, polis əməkdaşları tərəfindən döyülməsi və ya işgəncəyə məruz qalması ilə bağlı hər hansı bir dəlil gətirmir. İşdə olan məhkəmə-tibbi eskpertizasının rəyi ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs sağ ayaq barmaqları nahiyyəsində aşkar olunan xəsarət xeyli əvvələ (təxminən 2 aya) aid edilir. Həmin rəyə əsasən bədən səthində başqa xəsarətlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində qeyd etmişdir ki, həmin xəsarəti saxlanılmamışdan bir neçə ay əvvəl fəhlə kimi işləyərkən əlindən daş düşüb ayaq barmağını əzmişdir. Odur ki, məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı özünə qarşı verdiyi etirafedici ifadələrin məhz fiziki zor tətbiq etmə nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Məhkəmə tərkibinin belə qənaəti Avropa Məhkəməsinin Azərbaycana qarşı şikayətlərlə bağlı qəbul etdiyi bir sıra qərarlarda öz əksini tapmışdır (Əhmədov Azərbaycana qarşı, N-30364/09, && 42-43? 12 noyabr 2013;Məmmədov Azərbaycana qarşı, N-12 /11/2013, &&23-27? 11 yanvar 2007). Məhkəmə tərkibi tədqiq olunmuş sübutlara əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tanışı Şahid3 hər hansı bir narkotik vasitə satmaması və ya verməməsi, habelə döyülərək təzyiqlərə məruz qalması ilə bağlı məhkəmə baxışı dövründə verdiyi ifadələri məntiqli və ardıcıl deyil, qeyd olunan xüsusatlar hadisənin xarakteri, mexanizmi və inkişafını bir-birindən tam fərqli və bəsit formada reproduksiya olunduğunu təsdiq edir, ümumiyyətlə onun qeyd olunan mərhələdə verdiyi ifadələr yalan olmaqla məhz real faktların ört-bastır edilməsinə, istintaqın səhv istiqamətə yönəldilməsinə və başqa sözlə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün Təqsirləndirilən şəxs qeyd olunan xüsusatla bağlı şübhəli və təqsirləndirilən şəxs qismində vermiş olduğu etirafedici ifadələrini, üzləşdirmə protokolunu, şahidlərin ifadələrini, ekspertizanın rəylərini, «baxış keçirmə və götürmə aparılması» haqqında protokolu, videoçəkilişləri və digər sənədləri cinayət təqibi üzrə mötəbər sübut hesab edir. Bununla da, təqsirləndirilən şəxsin evində elektron tərəzinin, çoxsaylı bükümlərdə külli miqdarda narkotik vasitələrin və psixotrop maddənin aşkar edilməsi, Şahid3 aşkar olunan heroinin Təqsirləndirilən şəxs evində aşkar olunan heroinlə kimyəvi tərkiblərinə görə eyni olması həqiqətən də sonuncunun narkotik vasitəni və psixotrop maddəni qanunsuz əldə etməsi, saxlaması, daşıması və Şahid3 satması ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə əsas verir. Odur ki, məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxsin tanışı Şahid3 narkotik vasitə satmaması, habelə polis şöbəsində döyülərək təzyiqlərə məruz qalmasına dair gətirdiyi dəlillər əsassız hesab edilməlidir. Bundan başqa, məhkəmə hazırkı iş üzrə məhkəmədə şahid qismində dindirilmiş Şahid3 də ifadəsinə hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Şahid3 ibtidai istintaq zamanı ifadəsində 20 manat pulun müqabilində tanışı Təqsirləndirilən şəxs narkotik vasitə heroin aldığını səmimi etiraf etsə də, məhkəmə istintaqında narkotik vasitəni sonuncudan pulun müqabilində deyil, bir pay kimi aldığını qeyd etmişdir. Məhkəmə tərkibi hesab edir ki, Şahid3 ifadəsində göstərdiyi bu xüsusatı iş üzrə obyektiv həqiqəti əks etdirmir, bu xüsusat istintaqın səhv istiqamətə yönəldilməsinə və tanışı olan Təqsirləndirilən şəxs müdafiə etmək məqsədi ilə sonuncunun cinayət məsuliyyətini yüngülləşdirməyə hesablanmışdır. Odur ki, məhkəmə Şahid3 tanışı Təqsirləndirilən şəxs pulun müqabilində deyil bir pay kimi sonuncudan narkotik vasitə almasına dair ifadəsində göstərdiyi xüsusatı ittihamın qanuni və əsaslı həlli üçün mötəbər sübut kimi qəbul etmir, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi işin obyektiv hallarına uyğun gəldiyi üçün mötəbər sübut kimi qiymətləndirir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılara əsasən beynəlxalq adı olan heroin, metadon narkotik vasitə, metamfetamin isə psixotrop maddədir. Heroinin və metamfetaminin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə külli miqdar hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir» «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli 2 nömrəli qərarının 9-cu bəndinin ikinci və 11-ci bəndinin dördüncü abzaslarına əsasən «Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır» Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddəni satış məqsədi ilə əldə etməsi, saxlaması və daşıması məhkəmədə tədqiq olunmuş sübutlarla təsdiq olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmiş və onun bu əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad etmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Buna görə də, ona həmin maddədə müəyyən edilmiş qaydada cəza təyin olunmaldır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını yünügülləşdirən və ağırlaşdıran halları müəyyən etmədi. İşdə olan xx.xx.2023-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün cinayət törətməsində şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə CM-nin 234.4.3-cü maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilərək Şirvan şəhər məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Məhkəmə cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 234.4.3-cü maddəsi “ağır” cinayətlər kateqoriyasına aiddir. Həmin maddənin sanksiyasında beş ildən on iki ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərin ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hallar əhalinin sağlamlığına ciddi zərər vurur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli və təyin olunmuş cəza çəkilməlidir. CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. CPM-nin 158.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü ildən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və hazırda Şirvan ŞPŞ-də saxlanılan 3,511 qram narkotik vasitə heroin, 4,929 qram psixotrop maddə metamfetamin, 1ədəd dərman həbində narkotik vasitə olan metadon, 1 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 2 ədəd disk cinayət işində saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 128 manat 90 qəpik təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə məsələsinə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə həmin Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1. və 99-1.1.2. maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Hazırkı iş üzrə isə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Cinayət prosessual qanunvericiliyinə əsasən mülki iddiaya miqdarından asılı olmayaraq cinayət işinin aid olduğu məhkəmədə, həmin işlə birlikdə baxılır (mad.187.1). Hazırkı cinayət işi üzrə isə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344–349, 351–353, 356, 358, 381, 383–385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təyin olunmuş cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin, cəzaçəkmə müddətinin başlanğıcı 9 noyabr 2023-cü ildən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və hazırda Şirvan ŞPŞ-də saxlanılan 3,511 qram narkotik vasitə heroin, 4,929 qram psixotrop maddə metamfetamin, 1ədəd dərman həbində narkotik vasitə olan metadon, 1 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 2 ədəd disk cinayət işində saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 128 manat 90 qəpik təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Müşfiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar