Məhkəmə qərarları › İş №1(099)-41/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-41/2022

05.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-41/2022 05.04.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ 05 aprel 2022-ci il Lənkəran şəhəri Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Nəbiyev Cəlil Cabbar oğlunun sədrliyi, Səfərli Cavid Şamil oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri, 14 saylı vəkil bürosunun vəkili X3 iştirakı ilə, xx xxxxxx 1970-ci ildə Astara rayonunun Pəlikəş kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 1 (bir) azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olmuş, məhkumluğu olmayan, həmin ünvanda qeydiyyatda olmaqla orada yaşamış, barəsində 09 iyul 2021-ci ildə həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qanunsuz yolla qazanc əldə etmək üçün şəxsiyyəti məlum olmayan İran İslam Respublikası vətəndaşı ilə külli miqdarda narkotik vasitənin satış məqsədi ilə qanunsuz olaraq əldə edilməsi, saxlanması və daşınaraq qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilməsi barədə razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılaşmaya və ümumi cinayətkər niyyətə uyğun olaraq İran İslam Respublikası vətəndaşının vasitəsilə qaçaqmalçılıq yolu ilə gətirdikləri narkotik vasitəni Astara rayonunda qanunsuz olaraq əldə edəcəyinə əvvəlcədən razılaşdıqdan sonra, razılaşdıqları kimi İİR vətəndaşı Astara rayonunun Sım kəndi ilə sərhədində qoyduğu ümumi təmiz çəkisi -5385,0 qram, külli miqdarda narkotik vasitə olan heroini əldə edib, daşıyaraq Astara rayonunun Sım kəndində yerləşən meşəlik əraziyə gətirib, bir ədəd sellofan torbada satış məqsədi ilə saxlamış, 07 iyul 2021-ci ildə saat 13 radələrində Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Regional Şöbəsinin əməkdaşları tərəfindən Astara rayonunun Sım kəndində yerləşən dağlıq, meşə ərazisində narkotik vasitəni gizlətdiyi yerə baxış keçirilərkən meşə ərazisində yol kənarında olan kəsilmiş ağac kötüyünün arxa alt hissəsində gizlətdiyi yuxarıda göstərilən çəkidə və bükümdə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2021-ci ilin iyul ayının 6-da kənd ərazisində olan çayxanada olarkən polis əməkdaşları ora gələrək onu polis şöbəsinə aparmış, polis şöbəsində ondan pul istənilmiş, xəstə uşağını görmək məqsədilə onları aldadaraq narkotik vasitələrin evdə olduğunu deyərək onları evinə aparıb evində içində torpaq olan torbanı polis əməkdaşlarına vermiş, polis əməkdaşları həmin torpağı narkotik vasitə kimi qeyd etmiş, polis şöbəsində olarkən torbanın içində torpaq olduğunu bildirərək etiraz etsə də polis əməkdaşları ona təsir-təzyiq göstərib torpağı narkotik vasitə kimi onun izahatına və ifadəsinə yazaraq ona ağır ittihamlar verilmişdir. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu ifadələri ilə cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadələri məhkəmədə elan edilərkən müəyyən olunur ki, Təqsirləndirilən şəxs heç bir təsir-təzyiq göstərilmədən müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilən zaman ona elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilərək ətraflı ifadələr vermiş, ifadəsində İran İslam Respublikası vətəndaşı “Fərşad” adlı şəxsin tutulmamışdan 2 ay əvvəl Astara rayonunun Sım kəndi ərazisində yol kənarında kəsilmiş ağacın dibinə qoyduğu bir ədəd sellofan bükümdə narkotik vasitə heroini oradan götürərək meşə ərazisində gizlətdiyini, həmin narkotik vasitənin 07 iyul 2021-ci ildə, saat 13 radələrində polis əməkdaşları tərəfindən aşkar edilərək götürüldüyünü göstərmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməllərini törətməsini, həmçinin onun bu əməllərin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Regional Şöbəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1h İqrar oğlu şahid qismində dindirilərkən məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, 06 iyul 2021-ci ildə regional şöbəyə Astara rayonunun Pəlikəş kəndində yaşayan Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə əldə etməsi, saxlaması, daşıması və satışı ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmış, keçirilən əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs 07 iyul 2021-ci ildə saat 13 radələrində yaşadığı evin yaxınlığında saxlanılaraq, regional şöbəyə gətirilib müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı onun üzərində hər hansı bir qanunsuz əşya aşkar olunmamış, sorğu-sual zamanı sonuncu yaşadığı Astara rayonunun Sım kəndi ərazisində yol kənarında kəsilmiş ağacın dibində bir ədəd sellofan bükümdə narkotik maddə heroin qoyduğunu, həmin narkotik maddəni təxminən iki ay əvvəl oradan götürərək meşə ərazisində gizlətdiyini, bunun əvəzində iranlıya 40.000 manat pul verəcəyini, lakin həmin pulu ona verməmək üçün telefonunu söndürdüyünü demiş, içərisindən narkotik vasitə olan bağlamanı onlara təqdim edə biləcəyini bildirmiş, polis əməkdaşları müdafiəçi və Təqsirləndirilən şəxslə birlikdə sonuncunun narkotik vasitəni gizlətdiyi dağlıq-meşə ərazisinə gedərək yolun kənarında yerləşən kəsilmiş ağac kötüyünün arxa alt hissəsindən yabanı halda bitmiş bitkilərin arasına qoyduğu bir ədəd sellofan torbanı çıxarıb onlara təqdim etmiş, torbanın içərisinə baxılarkən orada narkotik vasitə heroinə bənzər kütlə aşkar olunmuş, sellofan torba elektron tərəzidə çəkildikdə onun çəkisi 5,305 kiloqram olmuş, həmin bükülü qablaşdırılaraq möhürlənmiş götürülmüş, sonra protokol tərtib edilərək orada iştirak edən şəxslər, o cümlədən Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxslə söhbət zamanı o həmin heroindən özü qəbul etmədiyini, heç kimə vermədiyini, satmadığını, müştəri tapdıqdan sonra satmaq məqsədi ilə həmin yerdə gizlətdiyini bildirmişdir. Təqsirləndirilən şəxs saxlanılaraq polis şöbəsinə gətirilb izahatı alınarkən ona qarşı hər hansı bir təsir- təzyiq və zor göstərilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 da digər Şahid1h İqrar oğlunun ifadəsiniı təsdiq etməklə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, evli olmaqla atasına məxsus evdə ailəsi ilə birlikdə yaşayır. İşləyib ailəsini saxlamaq üçün Bakı şəhərinə getmiş, atası Təqsirləndirilən şəxs narkotik vasitələr əldə etməsi və üzərində gəzdirmklə saxlaması barədə heç bir məlumatı olmamış, 07 iyul 2021-ci ildə Bakı şəhərindən evlərinə gəldikdən sonra atasının tutulmasını və onun narkotik vasitələri və psixotrop maddələri əldə etməsi, saxlaması və satışı ilə məşğul olmasını bilmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan “baxış və götürmə aparılması haqqında” 07 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Astara rayonunun Sım kəndində, yol kənarında, meşə ərazisində videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs və müdafiəçinin iştirakı ilə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs qeyd etdiyi meşə ərazisində qanunla qadağan edilmiş hər hansı bir əşya, maddə varsa təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs bu təklifdən sonra Astra rayonunun Sım kəndində dağlıq, meşə ərazisində yolun kənarında yerləşən kəsilmiş ağac kötüyünün arxa alt hissəsindən yabanı halda bitmiş bitkilərin arasından bir ədəd sellofan torba çıxarıb polis əməkdaşlarına təqdim etmiş və bildirmişdir ki, sellofan bükümdə özünə məxsus kakos, yəni narkotik vasitə heroin vardır, həmin kakosu təxminən 1-2 il əvvəl İranda tanış olduğu “Fərşad” adlı şəxs ona satmaq üçün göndərmiş, bunun müqabilində iranlıya 40000 manat pul verməli olduğu halda bunu etməmiş, heroinin pulunu Fərşada verməyəcəyinə görə, onunla əlaqə yaratmamaq üçün telefonunu atmış, heroindən özü qəbul etməmiş, heç kimə verməmiş və satmamış, müştəri tapdıqdan sonra satmaq məqsədi ilə həmin yerdə gizlətmiş, narkotik maddə gizlətməsi barədə hər hansı bir şəxsin məlumatı olmamışdır. Baxış zamanı bükülünün içərisinə narkotik vasitə heroinə bənzər kütlə elektron tərəzidə çəkilərkən ümumi çəkisi 5,305 kiloqram olmuş, baxış başa çatdıqdan sonra bükülü sellofan torbada qablaşdırılaraq möhürlənib götürülmüş, üzərində müvafiq qeydlər aparılmaqla iştirakçılar tərəfindən imzalanmışdır. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli 19/591 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Vət. Təqsirləndirilən şəxs tərəfindən Astara rayonunun Sım kəndi ərazisində 01 ədəd sellofana bükülü narkotik vasitə heroinə bənzər kütlə qablaşdırıldı və möhürləndi» sözlər və imzalar olan bir ədəd bağlamadakı 1 ədəd sellofanda təmiz çəkisi 5385,0 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 12 iyul 2021-ci il tarixli 667 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik maddələrdən istifadə etmə halları istisna olunmayır. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyin əlamətləri aşkar olunmayır. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan 07 iyul 2021-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs Astara rayonunun Sım kəndi ərazisində meşəlik ərazidə özünə məxsus narkotik maddə heroin gizlətdiyini və həmin əraziyə gedəcəkləri halda həmin maddəni təqdim edə biləcəyini göstərmişdir. İş materiallarında olan qərardan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 5384,95 qram çəkidə narkotik vasitə heroin iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Astara rayon polis şöbəsinə təhvil verilmiş, baxış və götürmə aparılarkən qeydə alınmış videogörüntülər olan 01 ədəd DVD disk və Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd 5 manatlıq pul əskinası cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan cinayət işinin ayrıca icraata ayrılması və icraata qəbul edilməi haqqında 01 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, şəxsiyyəti məlum olmayan İran İslam Respublikası vətəndaşı «Fərşad» adlı şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitənin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirərək əldə edilməsi, saxlanması və Təqsirləndirilən şəxs satması faktına görə CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrıca icraata cinayət işi ayrılmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, Azərbaycan Respublikası CPM-in 124-137-ci maddələrinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi etirafedici və şahidlərin isə təsdiqedici) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, toplanmış sübutların obyektivliyinə və mötəbərliyinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs ifadəsinin “torbada narkotik vasitə deyi,l torpaq olması” hissəsinə tənqidi yanaşaraq onu mötəbər sübut kimi qəbul etmir, onun ifadəsində göstərdiyi bu xüsusatları məhkəmə iclasında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə müqayisəli qiymət verərək cinayətin yuxarıda təsvir edilən formada törədildiyi qənaətinə gəlir və hesab edir ki, həmin ifadələr obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və özünü müdafiə xarakteri daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi bu xüsusatları onun cinayət məsuliyyətindən yayınmağa yönələn cəhdi kimi qiymətləndirir. Məhkəmə gəldiyi nəticələri mövcud qanunvericiliyin və Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 25 iyun 2005-ci il və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunların tələbləri baxımından da, əsaslı hesab edir. Belə ki, həmin Qanunların tələblərinə və izahına əsasən Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitə olan heroin miqdarına görə “külli miqdar” kimi qiymətləndirilir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinə cinayət qanunvericiliyinin tələbləri baxımından hüquqi qiymət verərkən gəldiyi nəticələri, eyni zamanda AR Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli 2 №-li qərarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Belə ki, Ali Məhkəmə Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilir ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd edilən həmin qərarının 6cı bəndində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq Azərbaycan Respublikasının gömrük sərhədlərindən daşınmaqla və ya göndərməklə keçirilməsinin, həm də qaçaqmalçılıq cinayətinin tərkibini yaratdığı müəyyən edildikdə, təqsirkarın əməli cinayətlərin məcmusu qaydasında, yəni həm narkotik vasitələri və psixotrop maddələri qanunsuz daşımağa və ya göndərməyə, həm də qaçaqmalçılığa görə tövsif olunmalıdır. Məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilsə də, onun CMin 206.3.2-ci maddəsi ilə olan əməli düzgün tövsif edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin CM-in 206.3.2-ci maddəsinin deyil, CM-in 32.5, 206.2-ci maddələrinin dispozisiya şərtlərinə uyğun gəldiyini nəzərə alıb həmin maddələrlə tövsif edilməsini əsaslı sayır. Məhkəmə təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsi ilə elan olunmuş ittihama münasibət bildirərək qeyd edir ki, bu maddədə nəzərdə tutulmuş cinayət əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən “narkotik vasitələrin, psixotrop maddələrin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi» ilə törədilir. Bu o deməkdir ki, şəxsin qaçaqmalçılığı icra etməkdə və bu cinayəti bir qrup şəxslə qabaqcadan əlbir olaraq törətməkdə (CM-in 206.3.2-ci maddəsi ilə) təqsirləndirilməsi üçün onun əvvəla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən hərəkətləri bilavasitə yerinə yetirməsi, ikincisi həmin hərəkətləri ən azından daha bir şəxslə birlikdə icra etməsi, yəni başqa şəxslə və yaxud şəxslərlə birgə qaçaqmalı Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli (kənar) keçirməsi tələb olunur. «Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 02 iyun 2016-cı il tarixli 10 nömrəli qərarının 16-cı bəndin dördüncü yarımbəndinə əsasən “Malların və ya digər əşyaların Azərbaycan Respublikasının ərazisinə gömrük nəzarətindən kənar və ya ondan gizli gətirilməsi zamanı törədilmiş qaçaqmalçılıq bu cinayətin predmeti olan əşyaların gömrük sərhədindən keçirildiyi andan bitmiş hesab edilir”. Qanunun qeyd olunan normasının məzmunundan, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqedən görünür ki, cinayətin icraçısının hərəkəti cinayətin icrasına başlanan andan icranın başa çatma anınadək olan dövrü əhatə edir. Yəni cinayət başa çatdıqdan sonra hər hansı bir şəxsin həmin cinayətdə bu və ya digər formada iştirakı yalnız köməkçi qismində (əgər cinayətin icraçı tərəfindən törədiləcəyi köməkçinin qəsdi ilə əhatə olunursa) ola bilər. Azərbaycan Respublikası CM-in 32.5-ci maddəsinə əsasən “Cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır”. Məhkəmə baxışı zamanı “Fərşad” adlı şəxsin Azərbaycan Respublikasının gömrük sərhəddindən narkotik vasitə nə vaxt və hansı üsulla, tək və ya başqaları ilə birlikdə, yaxud da, kim(lər)insə vasitəçiliyi ilə keçirməsi halı müəyyən edilməmişdir. Həmçinin Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsində də, «Fərşad» adlı şəxsin qeyd olunan narkotik vasitəni Azərbaycan Respublikasına hansı qaydada gətirməsindən xəbərsiz olduğunu bildirmiş, həmin narkotik vasitəni «Fərşad» adlı şəxsin əvvəlcədən dediyi yerdən götürüb onun dediyi yerə qoyacağını qeyd etmişdir. O, həmin narkotik vasitənin göndərilməsi ilə bağlı “Fərşad” adlı şəxsdən başqa kiminləsə danışıq aparmamışdır. Məhkəmə baxışı zamanı işin faktiki halları ilə müəyyən edilmişdir ki, iş üzrə qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini “Fərşad” adlı şəxs təkbaşına icra etmişdir. Təqsirləndirilən şəxs isə həmin hərəkətləri «Fərşad» adlı şəxslə birgə icra etməmiş, o, yalnız cinayətin predmeti olan əşyaları gömrük sərhədindən keçirildiyi andan (qaçaqmalçılıq cinayəti başa çatdırıldaqdan) sonra yaşadığı kəndin ərazisində əldə edib, gizlədib saxlamaqla həmin (qrup deyil, bir nəfər tərəfindən törədilən) cinayətdə (qaçaqmalçılıqda) köməkçi qismində iştirak etmişdir. Məhkəmə tərkibi qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını, o cümlədən ibtidai istintaq orqanının hazırki cinayət işi üzrə qaçaqmalçılıq cinayətinin məhz “Fərşad” adlı şəxs tərəfindən törədilməsini müəyyən etdiyini, həmin cinayətin törədilməsində digər şəxs (lər)in iştirakını müəyyən etmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs qeyd olunun qaçaqmalçılıq cinayətinin törədilməsində hər hansı bir qrupa deyil, məhz “Fərşad”a kömək etmişdir. Buna görə də, təqsirləndirilən şəxsin həmin cinayətdə köməkçiliyi “qabaqcadan əlbir olan bir qrup şəxs”ə deyil, yalnız bir şəxsə –Fərşada yönəlmişdir. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara istinad edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qaçaqmalçılıq cinayətinə münasibətində əməli Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsindən həmin Məcəllənin 32.5, 206.2-ci maddəsinə tövsif olunmalıdır. Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə əsasən “Məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir”. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddələri ilə təqsirli bilinərək, ona həmin maddələrin sanksiyaları daxilində cəza təyin edilməlidir. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsaslar yoxdur. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından onun əməli qanuna müvafiq cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, ona təqsirli bilindiyi hər bir maddə üzrə, əsas cəza növündə, maddənin sanksiyası həddində, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli və bundan sonra Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini, ona təyin ediləcək cəzanın əvvəlinin onun şübhəli şəxs qismində tutulduğu gündən, yəni 07 iyul 2021-ci ildən hesablanmasını əsaslı sayır. Belə ki, iş materiallarında olan Astara rayon məhkəməsinin 09 iyul 2021-ci il tarixli qərarı ilə həbsetmənin əvvəli 07 iyul 2021-ci ildən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “Məhkumluq haqqında” tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ali Məhkəmənin 27 oktyabr 1995-ci il tarixli hökmü ilə, CM-in 226 maddəsinin 2 hissəsi ilə 10 il müddətə azadıqdan məhrum etmə cəzasına məhkum olunmuş, məhkumluğu qanunla müəyyən olunmuş qaydada ödənildiyindən hazırda Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs hesab edilir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələbinə müvafiq olaraq Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş materiallarına əlavə edilmiş 20 sentyabr 2021-ci il tarixli, 846 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Astara rayonunun Pəlikəş kəndində qeydiyyatda olmaqla himayəsində heç bir yerdə işləməyən arvadı, biri azyaşlı olmaqla üç uşağı ilə birgə göstərilən ünvanda yaşamış və yaşayış yerindən müsbət xarakterizə olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun himayəsində 1 (bir) azyaşlı uşağının olmasını CM-in 59.1.4-cü maddəsinə əsasən qanunla müəyyən olunmuş qaydada, eyni zamanda ailədə yeganə qazanc gətirən şəxs olmaqla himayəsində heç bir yerdə işləməyən arvadının və yetkinlik yaşına çatmayan iki uşağının olmasını və yaşayış yerindən müsbət xarakterizə olunmasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus, qanunvericiliyin tələblərinə uyğun olaraq müsadirə olunması mümkün olan pul, əmlak və s. müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə təyin olunmamalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-in 132.0.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə tərəfindən hökm çıxarılarkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Astara rayon polis şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra xalis qalıq çəkisi 5384,95 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən üzərindən aşkar edilmiş 1 ədəd 5 manatlıq pul əskinası onun yaxın qohumuna qaytarılmalı, baxış və götürmə aparılarkən qeydə alınmış videogörüntülər olan 01 ədəd DVD disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Qeyd edilənlərlə yanaşı, Təqsirləndirilən şəxs 50 (əlli) manat məbləğində məhkəmə məsrəfi (ekspertiza xərci) alınaraq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. CM-in 32.5, 206.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla cinayətlərin məcmusu üzrə Təqsirləndirilən şəxs qəti cəza - 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 07 iyul 2021-ci ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq Astara rayon polis şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra xalis qalıq çəkisi 5384,95 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən üzərindən aşkar edilmiş 1 ədəd 5 manatlıq pul əskinası onun yaxın qohumlarına qaytarılsın, baxış və götürmə aparılarkən qeydə alınmış videogörüntülər olan 01 ədəd DVD disk isə cinayət işi materiallarında saxlanılsın. İş üzrə 50 (əlli) manat məbləğində məhkəmə ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən (elan olunduğu vaxtdan iyirmi gün müddətində) apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar