Məhkəmə qərarları › İş №1(099)-41/2025

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-41/2025

22.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-41/2025 22.01.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Vəliyeva Ayşən Umud qızı (sədrlik edən və məruzəçi), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi - X1, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1989-cu ildə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Lənkəran şəhəri, H.Abdullayev ev 11/64-də qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra-Cinayət Məcəlləsi) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 2024-cü ilin yanvar ayının sonlarında Bakı şəhəri, Nərimanov rayonu ərazisində istintaqla müəyyən edilməmiş dəqiq tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq 1 (bir) ədəd bükümdə ümumi təmiz çəkisi 50,855 qram olub külli miqdar təşkil edən ağ rəngli kristallardan ibarət psixotrop maddə metamfetamini əldə edərək üzərində saxlamaqla daşımış, bu barədə məlumat almış Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşlarının 30 yanvar 2024-cü il tarixdə saat 17:45-də Lənkəran şəhəri, H.Abdullayev küçəsində keçirdikləri əməliyyat tədbirləri nəticəsində həmin küçədə piyada hərəkətdə olarkən saxlanılaraq regional şöbənin inzibati binasına gətirildikdən sonra barəsində şəxsi axtarış keçirilərkən göstərilən sayda və çəkidə psixotrop maddə metamfetamin sellofan kəsiyi bükümündə əynində olmuş qara rəngli şalvarın sağ yan cibindən aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs məhkmə istintaqı zamanı elan edilmiş ittihamla özünü təqsirli bilməyərək fadəsində göstərmişdir ki, 2024-cü il yanvar ayının 30-da polislər tərəfindən saxlanılıb Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinə aparılmışdır. Şöbədə olarkən onu döyərək qarşısına 50 qram psixotrop maddə metamfetamin qoyub, hədə qorxu gələrək üzərinə götürməli olduğunu bildirmişlər. Ona təzyiq göstərdiklərinə görə dedikləri ilə razılaşmışdır. Saxlanılmazdan əvvəl Nərminə Məlikovaya 33 manat qarşılığında 0.2 qram metamfetamin vermişdir. Belə ki, bir neçə dəfə Nərminənin verdiyi pulla narkotik vasitə almış, birlikdə istifadə etmişlər. Onu saxlayandan sonra həmin narkotik vasitəni Nərminəgildən gətirib üzərinə qoymuşlar. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, saxlanılan zaman üzərində cəmi 0,2 qram metamfetamin olmuş, həmin metamfetamini öz istifadəsi üçün üzərində saxlamışdır, üzərinə şəxsi axtarış zamanı yanında vəkil olmuşdur, polislər imkan yaratmadığından psixotrop maddəni polislərin onun üzərinə qoyduğunu vəkilinə deyə bilməmişdir, heç kimə narkotik vasitə satmamışdır, belə ki, özü 4 ildir ki, narkotik vasitələrdən istifadə edir, narkoloji dispanserdə qeydiyyatdadır, onu Mehdi adlı polis vurmuşdur, onu tutanlar arasında Ramil və Tural da olmuşdur, Bakı İstintaq Təcridxanasında sol çiynində xəsarəti qeyd etmişlər, belə ki, onun çiyni əvvəlcədən problemli olmuşdur, polislərə çiyninə vurmamalarını xahiş etmiş, onlar isə çiyninə vurduqlarından, ağrıdan qorxub dərhal boynuna götürmüşdür, Nərminlə aralarında münasibət olmuş, ona narkotik vasitə satmamış, çox vaxt onun verdiyi pulla narkotik vasitə alıb bir yerdə istifadə etmişlər, Baş Prokurorluqda xidməti araşdırma zamanı da burda dediyi kimi izahat vermiş, Nərminəyə 0.2 qram metamfetamin verib 33 manat pul alması barədə izahat verməmişdir, onu saxlayarkən taksi sürücüsünü də onunla bərabər regional şöbəyə aparmış, bir az sonra onu buraxmışlar. Taksi sürücüsünün yanında onun üzərinə baxış keçirilmişdir. 0,2 qram metamfetamin saxlanılan zaman üzərində olmamış, Nərminəyə verdiyi 0,2 qram metamfetamini gətirib onun üzərinə qoymuşlar, 0,2 qram metamfetamini Nərminəylə biryerdə istifadə etmək üçün almış, lakin, Nərminəgilə çatıb narkotik vasitəni ona verən kimi Nərminə tələm-tələsik evə kiminsə gəldiyini bildirərək onu evə buraxmadan geri yollamışdır, şöbədə onun Nərminə ilə səsli mesajlarını öz telefonları ilə ona qulaq asdırmışlar, bu səslər həm vatsap səsli mesajları, həm də zəng zamanı danışıqlar olmuşdur, onu döyərək, Nərminəyə ucuz malı baha satmasını deyərək təhqir etmişlər, onu saat 4-5 radələrində saxlamışlar, Bakıdan aldığı psixotrop maddənin kütləsi 0.25 qram olmuş, aldıqdan sonra Bakıda 0,05 qramını istifadə etmiş, 0.2 qramını Nərminə ilə istifadə etmək üçün gətirmişdir, psixotrop maddəni Lənkərandan yanvar ayının 24-ü təxminən 45-50 manata almış, pulunu Nərminə vermişdir. Məhkəmədə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-Cinayət-Prosessual Məcəlləsi) 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsinin ziddiyyətli olan hissəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, o, ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, 26 yanvar 2024-cü il tarixdə saat 13 radələrində Bakı şəhərində olduğu zaman Fərhad adlı şəxslə "Whatsapp" ani mesajlaşma sistemi vasitəsilə əlaqə saxlamış, bu zaman ona uzun müddətli istifadəsi üçün psixotrop maddə metamfetamin göndərməsini istəmişdir. Fərhad ona Bakı şəhəri ərazisində bir yerdə 50 qramdan çox psixotrop maddə metamfetamin qoydurduğunu və 400 manat pul düzəldib ona göndərəcəyi halda gizilətdiyi yerin məkanını ona deyəcəyini bildirmişdir. O da 400 manat pul düzəldib Fərhadın göndərdiyi bank hesab nömrəsinə 400 manat pul göndərmişdir. Həmin günü də Fərhad adlı şəxslə "Whatsapp" ani mesajlaşma sistemi vasitəsilə şəkil və canlı məkan ataraq Bakı şəhəri, Nərimanov rayonu, tanımadığı məhəllədə ağacın dibində qara sellofan torbada metamfetamin bükümü gizlətdirdiyini bildirmişdir. O, həmin tarixdə saat 21 radələrində həmin ünvana gedib deyilən yerdən qara rəngli sellofan torbanı götürüb cibinə qoymuşdur. Daha sonra Lənkəran şəhərinə gələn taksilərə əyləşib yaşadığı evə getmişdir. Bir neçə gün aldığı metamfetamindən istifadə etmişdir. 30 yanvar 2024-cü il tarixdə saat 17 radələrində yaşadığı evdə olan zaman metamfetamindən qəbul etmək təlabatı yarandığına görə yaşadığı mənzildən çıxıb binanın qarşısında dayanmışdır. Bu zaman binanın ətrafında metamfetamindən qəbul etmək üçün sakit bir yer axtaran zaman mülki geyimdə olan bir neçə nəfər şəxs ona yaxınlaşıb, özlərini Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübariz İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları olduqlarını, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması və satışı ilə məşğul olmağı barədə məlumatları olduğunu deyib, onu Lənkəran şəhəri, P.Təhməzov 8-də yerləşən regoinal şöbənin inzibati binasına gətirmişlər. Regional şöbənin inzibati binasında ona şübhəli şəxs kimi tutulduğunu elan edib, müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilərkən 54 qram metamfetamin üzərindən aşkar olunaraq götürülmüşdür. (i.v.49-53, 63-65) Təqsirləndirilən şəxs məhkəmə istintaqında ibtidai istintaqdan fərqli ifadə verməsinin səbəbini polis əməkdaşlarının tutularkən ona qarşı fiziki zorakılıq tətbiq etməsi ilə əsaslandırmışdır. Sonda təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddənin ona məxsus olmadığını bildirərək, barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni, iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, maddi sübutlar, ekspert rəyləri, habelə digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, iş üzrə dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir, 30 yanvar 2024-cü il tarixdə şöbəyə əməliyyat məlumatı daxil olmuş, əməliyyat məlumatı şöbə rəhbərliyinə məruzə edildikdən sonra əməliyyat qrupu yaradılmış, əməliyyat məlumatı Təqsirləndirilən şəxs narkotik qanunsuz dövriyyəsi, üzərində daşıması, saxlaması və satması barədə olmuşdur. Təqsirləndirilən şəxs olduğu yer müəyyən edildikdən sonra 30 yanvar 2024-cü il saat 17:00 radələrində mikrorayonda 11-ci binanın yaxınlığında saxlanılaraq regional şöbənin inzibati binasına aparılmışdır. Şöbədə olarkən təhqiqatçı onu vəkillə təmin etmiş, üzərinə baxış zamanı narkotik vasitə psixotrop maddəyə bənzər kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin kütləni 3-4 gün əvvəl Bakı şəhərində iranlı şəxsdən əldə etdiyini bildirmişdir. Verilən suallara cavab olaraq Şahid1 bildirmişdir ki, əməliyyat məlumatı ona daxil olmuşdur, məlumat satış barədə olmuşdur, narkotik vasitənin Təqsirləndirilən şəxs üzərinə qoyulması, onun döyülməsi barədə hal olmamışdır, Nərminə adlı şəxsdən məlumatları olmamışdır, təqsirləndirilən şəxs saxlanılanda tək olmuş, yanında heç kəs olmamışdır, o, piyada hərəkətdə olmuşdur, onu mikrorayonda, Hənifə Abdullayeva küçəsi, 11-ci binanın yaxınlığında, saat 17 radələrində saxlamışlar, Təbrizin həmin gün Astaraya gedəcəyi ilə bağlı məlumatları olmamışdır, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. İş üzrə dindirilmiş Şahid2 Şahid1la eyniməzmunlu ifadə verərək suallara cavab olaraq bildirmişdir ki, əməliyyat məlumatı daxil olduqdan sonra Astaraya getməmişlər, şəxsə zor tətbiq etməmiş, metamfetamini üzərinə qoymamışlar, şəxsi axtarış zamanı öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir, onu yanvarın 30-u saxlamışlar, onunla birlikdə taksi sürücüsü şöbəyə aparılmamışdır, İş üzrə müdafiə tərəfinin vəsatətinə əsasən əlavə şahid qismində dindirilmiş Şahid4 Əhliman qızı ifadəsində göstərmiş və suallara cavab olaraq bildirmişdir ki, Təbrizlə aralarında dost münasibəti olmuş, narkotik vasitə istifadəçisi olduğundan, Təbriz ona narkotik lazım olanda ona deməyini bildirmişdir. Ona narkotik lazım olanda Təbrizin kartına pul atmış, o da narkotik alıb ona gətirmişdir. Sonradan öyrənmişdir ki, Təbriz 25 manatlıq narkotikə görə ondan 100 manat pul alırmış. Təbriz tutulduğu gün onlarda olmamış, o, Təbrizə narkotik vasitə almaq üçün pul verməmişdir, o, narkotik vasitə üçün Təbrizə zəng etməmiş, Təbriz özü nəsə lazım olub-olmadığını öyrənmək üçün ona zəng etmişdir, həmin gün Təbriz ona narkotik vasitə verməmişdir, dedikləri yalandır, ********** mobil nömrəsi onundur, ibtidai istintaq zamanı verdiyi ifadəsində tutulduğu gün Təbrizi görməsi, Təbrizin narkotik vasitələrin istifadəsi və ya satışı ilə məşğul olmasından məlumatının olmaması ilə bağlı verdiyi ifadəni izah edə bilmir, hazırda verdiyi ifadəni təsdiq edir, tutulduğu gün Təbriz onlara gəlməmişdir, Təbrizlə 2 dəfə birlikdə narkotik vasitə istifadə etmişdir, Təbrizdən axırıncı dəfə nə vaxt narkotik vasitə istədiyini xatırlamır, metamfetamindən istifadə edir, narkotik vasitə əldə etməyə görə heç vaxt polislər tərəfindən saxlanılmamışdır, Təbrzidən əvvəl narkotik vasitəni Təbrizin dostu vasitəsilə əldə etmişdir, yanvarın 24-dən sonra Təbrizi görməmişdir. İş üzrə müdafiə tərəfinin vəsatətinə əsasən əlavə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmiş və suallara cavab olaraq bildirmişdir ki, taksi sürücüsü işləyir, dəqiq xatırlamadığı tarixdə Təbriz ona yaxınlaşaraq Astaraya getməli olduğunu bildirmişdir. Gedərkən Təbrizin əlində bağlama olmuş, istədiyi qızın ad gününə görə hədiyə apardığını bildirmişdir, Təbrizlə yol pulunu 20 manata razılaşmışlar. Astarada bir məhəlləyə girmişlər, Təbriz maşından düşdükdən təxmini 15 dəqiqə sonra maşına qayıtmışdır. Yol boyu Təbrizlə söhbət etməmişlər. Təbrizi düşürdükdən sonra getmişdir. Həmin günün səhərisi Təbrizin saxlanıldığını, onun maşını ilə narkotik daşıdığını öyrənmişdir. Polislərin Təbrizi aparması barədə səhəri günü eşitmişdir, onu şöbəyə aparmamışlar, Təbrizin Astarada məhz kimin yanına getdiyini bilmir, ona heç kim hədəqorxu gəlməmişdir. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, İşdə olan : - 30 yanvar 2024-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması bildirilir.(i.v.4) - «Şübhəli şəxsin tutulması haqqında» 30 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 18:45-də ARCM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur.(i.v. 21) - «şəxsi axtarış və götürmə aparılması haqqında» 30 yanvar 2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs 30 yanvar 2024-ci il tarixdə saat 17:45-da Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran şəhəri, H.Abdullyev küçəsi 11 nömrəli binanın yaxınlığında küçədə piyada hərəkətdə olan zaman saxlanılaraq regional polis şöbəsinə gətirilmiş, onun üzərində şəxsi axtarış keçirilən zaman əynində olmuş qara rəngli cins şalvarın sol yan cibindən bir ədəd bükümdə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Aşkar olunmuş psixotrop maddə metamfetamin elektron tərəzidə çəkilərək qablaşdırılmış və imzalarla təsdiq olunmuşdur. Şəxsi axtarış istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq aşkar olunmuş bükümü Əli və ya Fərhad adlı İran İR vətəndaşı vasitəsilə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yeləşən yerdən götürdüyünü bildirmişdir.( i.v.29-31) - 31 yanvar 2024-ci il tarixli, 19/86 nömrəli məhkəmə kimyəvi ekpertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “Təqsirləndirilən şəxs təqdim etdiyi kütlə....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 01 ədəd bükümdə təmiz çəkisi -50,855 qram olan ağ rəngli kristallardan ibarət maddə metamfetamindir. (İ/v 45) - məhkəmə-narkoloji ekspertizasının 31 yanvar 2024-ci il tarixli, 79 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opoidlərin və stimulyatorlarin qəbulundan yarananan asılılıq sindromu (polinarkomaniya xəstəliyi) aşkar olunur. Ərazi narkoloji xəstəxanasında 2023-cü ildən “Polinarkomaniya” diaqnozu ilə qeydiyyatdadır. (i/v 73) - 08 aprel 2024-cü il tarixli “Azercell Telekom MMC”-dən daxil olmuş 1 ədəd CD diskə baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**- ** saylı mobil nömrəsi xx.xx.2024-cü il tarixdə saat 21:05-də Bakı şəhəri ərazisində yerləşən “Ailə və Saglamlıq, 20 yanvar” anten dairəsində, həmin tarixdə saat 21:27-də “Tiblisi pr. Restoran Levengi” anten dairəsində, xx.xx.2024-cü il tarixdə saat 00:15-dən 00:18-dək “Naxcivani kuc., Sattar Bahlylzade kuc” anten dairəsində, saat 04:22-də “Baki seh, Yasamal r-nu, Zerdabi kuc.2, həmin tarixdə 04:23-də “BDU stadionu” anten dairəsində, həmin tarixdə saat 07:39-da “Baki sh., H.Eliyev pros., Shefa stadium” anten dairəsində, həmin tarixdə saat 07:40-da “Nerimanov r-nu, Aliyar aliev kuc.15 Kapital bank fil.” anten darəsində, həmin tarixdə saat 08:33-dən saat 08:35-dək “Qobustan ATS” anten dairəsində olmuşdur. (i/v 108) - Lənkəran şəhər Psixiatriya Xəstəxanasının xx.xx.2024-cü il tarixli, 569 nömrəli arayışından məlum olur ki, Təqsirləndirilən şəxs xəstəxanada qeydiyyatda deyildir. (i/v 95) - « Əşyanın maddi sübut hesab edilməsi haqqında» 05 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir bükümdə təmiz çəkisi 50,855 (qalıq 50,755) qram psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətinin əks olunduğu videogörüntüyə dair 01 ədəd DVD disk maddi sübut kimi tanınmışdır. (i.v.98-99) - «Təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında» 01 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ARCM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur.(i.v 54-55) - Lənkəran Rayon Məhkəməsinin 01 fevral 2024-cü il tarixli, 4(049)-24/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. ( i.v. 71-72) - “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 12 mart 2024-cü il tarixli qərardan görünür ki, polis əməkdaşlarının Təqsirləndirilən şəxs fiziki zor tətbiq etməsi ilə bağlı xüsusatlar araşdırma zamanı öz təsdiqini tapmadığından, cinayət işinin başlanması rədd edilmişdir.(i/v 101-102) - “Məhkəmə-tibbi ekspertizanın” xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar edilmədi. (i.v.76) - Müdafiə tərəfinin vəsatətinə əsasən əldə edilmiş tibbi kitabçanın surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasına daxil olarkən tibbi müayinə zamanı həns olunmadan əvvəl zədə almadığını bildirmiş, hər iki saidin ön səthində köhnə çapıqlar aşkar edilmişdir. Məhkəmədə sorğu zamanı Təqsirləndirilən şəxs həmin çapıqların həbs olunmazdan çox əvvəl mövcud olduğunu bildirmişdir. Müdafiə tərəfinin dəlillərinə qiymət verilməsi: Məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaqdakı etirafedici ifadələrini polis əməkdaşlarının ona zor tətbiq etməsi nəticəsində verdiyinə dair müdafiə tərəfinin dəlilinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki,

1. Əvvəla, təqsirləndirilən şəxs polis əməkdaşlarının ona zor tətbiq etməsi ilə bağlı ibtidai istintaq zamanı Baş Prokurorluğa müraciət etmiş, lakin, müvafiq qərarla cinayət işinin başlanması rədd edilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, ərizədə qeyd olunan xüsusatlar öz təsdiqini tapmamışdır. Bundan əlavə, Təqsirləndirilən şəxs polislərin ona zor tətbiq etdiyini, əsasən də narahat olan çiyninə vurduqlarını, çiynindəki xəsarətin Bakı İstintaq Təcridxanasında tibbi müayinə zamanı qeydə alındığını qeyd etsə də, işdə olan məhkəmə-tibbi ekspertizanın müvafiq rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı xəsarət izi aşkar olunmamış, Bakı İstintaq Təcridxanasına daxil olarkən tutulan vaxta uyğun gələn heç bir xəsarət tibbi kitabçada qeyd edilməmişdir.

2. Bundan əlavə, müdafiə tərəfinin vəsatətinə əsasən əlavə şahid qismində dindirilmiş Şahid4 Əhliman qızının ifadəsiylə Təqsirləndirilən şəxs 30 yanvar 2024-cü il tarixdə birlikdə istifadə etmək üçün ona 0.2 qram metamfetamin gətirməsi üçün üzərində daşıması, sonradan həmin metamfetaminin polislər tərəfindən 50 qram əlavə metamfetaminlə üzərinə qoyulması barədə dəlilləri təkzib olunmuşdur. Bundan əlavə, Təqsirləndirilən şəxs taksi sürücüsü Şahid5 da onunla birlikdə regional şöbəyə aparılması, üzərinə şəxsi axtarışın onun iştirakı ilə keçirilməsi, üstündən heç nə çıxmadığını görməsi ilə bağlı dəlilləri də Şahid5 ifadəsiylə öz təsdiqini tapmamışdır.

3. Həmçinin, Təqsirləndirilən şəxs məhkəmə istintaqında gah metamfetamini 0.25 qram çəkidə olmaqla Bakı şəhərindən aldığını, 0.05 qramını Bakıda olarkən istifadə etdiyini, qalan 0.2 qramını Nərminə Məlikova ilə birlikdə istifadə etmək üçün Astara şəhərinə getdiyini, lakin, Nərminənin onu evə qəbul etmədiyini, metamfetamini ondan alıb onu geri yolladığını, polis şöbəsinə gətirilərkən üzərində heç bir qadağan olunmuş vasitə olmadığını, onun Nərminəyə verdiyi 0.2 qram metamfetamini polislərin 50 qramla birlikdə onun üzərinə qoyduğunu, gah da metamfetamini 45-50 manata yanvarın 24-ü Lənkəran şəhərindən aldığını, şəxsi istifadəsi məqsədilə 0.2 qram metamfetamini üzərində gəzdirdiyini, saxlanılan zaman üzərində 0.2 qram metamfetamin olduğunu bildirərək məhkəmə istintaqında həm bir-biri ilə, həm də iş materialları ilə uzlaşmayan ifadələr vermişdir.

4. Bununla yanaşı, təqsirləndirilən şəxs qismində ibtidai istintaqda verdiyi 02 may 2024-cü il tarixli əlavə ifadəsində Təqsirləndirilən şəxs suallara cavab olaraq bildirmişdir ki, həbs qətimkan tədbirinin seçilməsi barədə təqdimata məhkəmədə baxılarkən həbsin seçilməməsi üçün ona zor tətbiq edildiyini demiş, regional şöbədə döyülməmiş, işgəncəyə məruz qalmamışdır. Nərminə adlı şəxsə 30 yanvar 2024-cü il tarixdə narkotik vasitə verməmiş və ya almamışdır. Təqsirləndirilən şəxs ifadənin onun sözləri ilə yazıldığına dair öz xətti ilə qeyd edərək, imza etmişdir. Bundan əlavə, ibtidai istintaq zamanı polis əməkdaşları olan şahidlərlə üzləşmə zamanı onların üzünə polislərin dediklərinin həqiqəti əks etdirdiyini qeyd etmişdir.

5. Bundan əlavə, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etmiş polis əməkdaşları təqsirləndirilən şəxsə qarşı tərəflərindən hər hansı bir fiziki və ya psixi təsirlərin edilmədiyini bildirməklə yanaşı, təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən verilmiş suallara cavab olaraq, saxlanılarkən polis əməkdaşları tərəfindən ona qarşı fiziki və ya pisixi təsirlərin edilmədiyini öz səsli nitqində bildirmişdir. Bununla yanaşı, Təqsirləndirilən şəxs müdafiəçisi ilə birlikdə cinayət işinin materialları ilə tanış olarkən etiraz və şikayətinin olmadığını qeyd edərək öz müdafiəsi üçün dəlillər gətirməmişdir. ( i.v.129) Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs işin məhkəmə baxışı zamanı tutulduqdan sonra zorakılıq, fiziki təzyiqlərə məruz qalmaqla ondan şübhəli və təqsirləndirilən şəxs kimi izahat və etirafedici ifadələr alınması ilə bağlı bildirdiklərinə yuxarıda aparılmış təhlil nəzərə alınmaqla iş üzrə toplanmış digər sübutlarla birlikdə məcmu şəkildə qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin bu hissədə bildirdikləri işdə olan digər sübutlarla uzlaşmamaqla, həqiqətə uyğun deyil, onun müvafiq məzmunlu ifadə verməsi əsassız olaraq cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələrini məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla, o cümlədən iş üzrə şahidlərin ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən müdafiəçinin iştirakı ilə və videoçəkilişlə aparılmış şəxsi axtarışa dair, protokollarla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan, ibtidai istintaqda verilmiş etirafedici ifadələrin işgəncə və qeyri-insani, ləyaqəti alçaldan, amansız rəftar nəticəsində verilməsi ilə bağlı müdafiə tərəfinin dəlillərini AR CPM-in 125.2.2-ci maddəsinə uyğun hesab etməyərək, məhz həmin ifadələri iş materialları ilə uzlaşan, Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinin müddəaları nəzərə alınaraq, sübut kimi qəbul edir, məhkəmə istintaqı zamanı verdiyi ifadələrini isə iş materialları ilə uzlaşmayan, qeyri-mötəbər sübut hesab edir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Qanununa əsasən metamfetaminin şəxsi istehlak miqdarından (qramla) artıq miqdarının yuxarı həddi 0,15 qram, külli miqdarının (qramla) aşağı həddi 2,0 qramdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 iyun 2024-cü il tarixli Qərarının 9-cu bəndində qeyd edilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Göründüyü kimi, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 bükümdə, ümumi çəkisi 50,855 qram çəkidə psixotrop maddə metamfetamin külli miqdar təşkil edir və şəxsi istihlek miqdarından dəfələrlə artıqdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan çəkidə psixtotrop maddəni əldə edib yaşadığı evdən kənarda hamısını birlikdə üzərində daşıması onun həmin maddəni məhz satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, saxlama və daşıma kimi qiymətləndirilməsi üçün əsaslardan biridir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddələsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməllərini törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş yuxarıda adları qeyd edilmiş şəxslərin ifadələri, «şəxsi axtarış və götürmə aparılması haqqında» protokol və ona əlavə edilmiş videoçəkiliş, «məhkəmə fizikikimyəvi ekspertizası»nın, «ambulator-məcburi narkoloji tibbi yoxlama»nın rəyləri, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 50,855 qram çəkidə psixotrop maddə metamfetamin və digər istintaq sənədləri ilə sübuta yetirilir. Göstərilənlərə əsasən məhkəmə tərkibi belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Buna görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyinində cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş aşağıda qeyd olunanları nəzərə alır: - DİN-in BƏSİİ-nin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır.( i.v.96) - Lənkəran şəhər 1 nömrəli sahə İƏD-dən verilmiş 01 aprel 2024-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı övladı var, yaşadığı ərazi üzrə nümayəndəliyə onun barəsində heç bir şikayət daxil olmamışdır.(i.v. 104-105 ) Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı övladının olmasını ARCM-in 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hal hesab edir. Təqsirləndirilən şəxs ARCM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Yuxarıda qeyd olunan qanunvericiliyin müddəalarını, həmçinin, Azərbaycan Respublikasında həyata keçirilən cəza siyasətini, o cümlədən cəza siyasətinin humanistləşdirilməsinə dair prinsip və tələblərini, eləcə də «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamından irəli gələn tövsiyələri nəzərə alaraq məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin tələbləri daxilində elə həddə cəzalandırılmalıdır ki, həm cəzanın məqsədlərinə xidmət etsin, həm də təqsirləndirilən şəxsin ailəsi onun varlığının maddi və mənəvi təminatından minimum həddə məhrum olunmuş olsun. Belə ki, məhkəmədə müəyyən olunmuşdur ki, təqsirləndirilən şəxsin himayəsində 2 azyaşlı övladı var və ailəyə qazanc gətirən başqa şəxsin olması müəyyən edilməmişdir. Belə olan halda, təqsirləndirilən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası həddində yuxarı həddə cəza təyin edilməsinə lüzum yoxdur, əksinə, təqsirləndirilən şəxsə daha sərt (ağır) cəzanın təyin edilməsi onu və ailəsini daha ciddi məhrumiyyətlərə düçar etməklə, təqsirləndirilən şəxsin islah olunması məqsədinə xidmət edə bilməz. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli Qərarının 2-ci bəndində qeyd olunmuşdur ki, “Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə, Cinayət-Prosessual Məcəlləsinin 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 30 yanvar 2024-cü il tarixdən hesablanmalı, Lənkəran Rayon Məhkəməsinin 01 fevral 2024cü il tarixli, 4(049)-24/2024 saylı qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəlləsinin 132 və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Lənkəran ŞRPŞ-də saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 50,855 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərində aparılmış «şəxsi axtarışın keçirilməsi haqqında» protokola əlavə olunmuş 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və onun ərazi narkoloji xəstəxanasında qeydiyyatda olması nəzərə alınmalıdır. Cinayət işi üzrə mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün əsaslar yoxdur. Bundan başqa, Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 90 (doxsan) manat məbləğdə məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 iyun 2024-cü il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, həmçinin «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 30 yanvar 2024-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və onun ərazi narkoloji xəstəxanasında qeydiyyatda olması nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 90 (doxsan) manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Lənkəran ŞRPŞ-də saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 50,855 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərində aparılmış «şəxsi axtarışın keçirilməsi haqqında» protokola əlavə olunmuş 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən hakim: Ayşən Vəliyeva Hakimlər: Əli Əliyev Oruc Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar