Məhkəmə qərarları › İş №1(099)-410/2025

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-410/2025

16.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-410/2025 16.10.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Vəliyeva Ayşən Umud qızı və Nuriyev Aqil Abdul oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X3, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi- Bakı Şəhər 18 saylı vəkil bürosunun vəkili Müdafiəçi və tərcüməçi X2 iştirakları ilə, xx.xx.1996-cı ildə Rusiya Federasiyasının Dağıstan Respublikasında doğulmuş, Rusiya Federasiyasının vətəndaşı, evli, ali təhsilli, yük avtomobili sürücüsü, Rusiya Federasiyası, Dağıstan Respublikası, Kayakent rayonu, Kayakent kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 206.2 və 240.3.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 15 aprel 2025-ci il tarixədək olan müddət ərzində İran İslam Respublikasının Astara şəhərində külli miqdarda tərkibindəki təsiredici maddəsinin ümumi miqdarı 6,9 qram təşkil edən 46 həb preqabalin (S)-3-(aminometil)-5-metilheksan turşusu və tərkibindəki təsiredici maddəsinin ümumi miqdarı 5,809 qram təşkil edən 24 həb tramadol narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrini satış məqsədilə qanunsuz olaraq əldə etmiş, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə idarə etdiyi “Volvo” markalı, P375KX05/AH028505 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin kabinəsində, şəxsi əşyalarını yığdığı sellofan paketdə olan qara rəngli corabın içərisində gömrük nəzarətindən gizlətmiş, İran İslam Respublikasından Azərbaycan Respublikasına daşımış və 15 aprel 2025-ci il tarixdə saat 04 radələrində Astara rayonunun inzibati ərazisində yerləşən Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsinin “Cənub-Astara” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş, gömrük nəzarəti zamanı qeyd olunan narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələr aşkar edilib götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, gömrük nəzarətindən keçirdiyi dərman həbləri ona məxsus olmuşdur, satmaq fikri olmamışdır. Belində olan ağrılara görə qəbul edirmiş. Belə ki, Rusiya Federasiyası vətəndaşıdır, yükdaşımalarla məşğuldur. Rusiyadan İrana, oradan da Rusiyaya Azərbaycandan tranzit keçməklə yük avtomaşını ilə yük daşıyır. 2025-ci ilin aprel ayının ortalarında Azərbaycandan keçməklə İrana getmişdir. Rusiya Federasiyasına daşımaq üçün “bibər” yükü sifariş verilmişdir. İrandan çıxdığı gün bir aptekə daxil olmuşdur. 46 həb preqabalin və 26 həbdən bir qədər artıq tramadol almışdır. O həmin dərmanların maşının kabinəsində ona məxsus olan corabın içində gizlədib, corabı da paltarlarını yığdığı torbaya yerləşdirmişdir. 15 aprel 2025-ci il tarixdə İrandan Azərbaycana keçərək Astara gömrüyünə daxil olmuşdur. Gömrükdə onun əşyalarını yoxlayan zaman üzərində narkotik vasitə, qadağan olunmuş dərmanlar, əşyalar və ya 10.000 ABŞ dollarından artıq pul olubolmamasını soruşmuşlar, o da irandan aldığı dərmanları onlara göstərmişdir. Gömrük əməkdaşı həmin dərmanları öz rəislərinə göstərmək üçün aparmış, geri qayıtdıqdan sonra onun əşyalarını axtarmağa başlamışlar, axtarış aparan zaman gömrükçülər onu təhqir edərək qadağan olunmuş əşyalar keçirməsini demişlər. Bundan sonra onu gömrüyə aparıb avtomobildə axtarış aparmışlar. Sonra müstəntiq gəlmiş, onu sorğu-sual etmişlər, o da hadisəni olduğu kimi danışmışdır. Dərman həblərini şəxsi istifadəsi üçün gətirmiş, satış məqsədi olmamışdır. Dərman həblərinin corabın içində gizlətməsinə səbəb isə növbə gözləyən zaman avtomobilini saxladığı vaxt onun sürücü yoldaşlarının avtomobilinin yerini dəyişən zaman aşkar etməməsi olmuşdur. İrandan aldığı dərmanların Azərbaycan ərazisində dövriyyəsinin qadağan olmasını bilməmişdir, İranda həmin dərmanları reseptsiz almış, həmin dərmanlardan ağrıkəsici kimi istifadə etmişdir. Dərman həblərinin çoxlu sayda almasına səbəb isə onun Azərbaycandan keçib Monqolustana getməsi, uzun yol olması, təxminən 2 ay çəkməsi, bu səbəbdən də dərmanı çox sayda alması, eyni zamanda həmin dərmanların iranda ucuz olması olmuşdur. Əməlindən peşmandır. Məhkəmədən ona aşağı həddə cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs məhkəmə baxışı və məhkəməyədək icraat zamanı verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğuna görə onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Həmin ifadədə o, göstərmişdir ki, İrandan aldığı dərmanları həmkəndlisi gözləri görməyən Abdulla adlı dostu ondan onun üçün preqabalin və tramadol adlı ağrıkəsici dərmanlar almasını xahiş etmişdir. O həmin dərmanların qadağan olunmuş dərmanlar olduğunu bilirmiş. Bu səbəbdən həmin dərmanları aldıqdan sonra idarə etdiyi yük avtomobilinə qayıtmış və dərmanların gömrükdə tutulmaması üçün kabinədə ona məxsus corabın içində gizlədib corabı da paltarlarını yığdığı torbaya yerləşdirmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq və məhkəmə zamanı verdiyi ziddiyyətli ifadələri müqayisəli tətqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsində “İrandan aldığı dərman həblərini satış məqsədi ilə deyil, şəxsi istifadəsi üçün, belində olan ağrılara görə əldə etməsi, həmçinin dərman həblərinin corabın içində gizlətməsinə səbəb isə növbə gözləyən zaman avtomobilini saxladığı vaxt onun sürücü yoldaşlarının avtombilinin yerini dəyişən zaman aşkar etməməsi olması” xüsusatı obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və özünü müdafiə xarakteri daşıyır. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ifadəsində göstərdiyi sözü gedən xüsusatları ona cinayət məsuliyyətindən boyun qaçırmaya yönələn cəhd kimi qiymətləndirir. Məhkəmə onun ibtidai istintaq zamanı verdiyi ifadələrini işin faktiki hallarına uyğun olduğunu hesab edərək sübut kimi qəbul edir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadələrində preqabalin və tramadol dərmanların həmkəndlisi olan Abdulla adlı dostunun sifarişi əsasında İrandan almasını göstərməsi həmin maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etməsi, saxlaması və daşımasını bir daha sübüt edir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Astara Gömrük İdarəsinin əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə Astara Gömrük İdarəsi “Cənub-Astara” gömrük postunun yük idxal xəttdə olan vaxt, saat 04 radələrində Rusiya Federasiyası vətəndaşı Təqsirləndirilən şəxs Qavlyatdinoviç idarə etdiyi “Volvo” markalı yük nəqliyyat vasitəsi ilə tranzit gömrük proseduru altında qeydiyyatdan keçməklə İran İslam Respublikasından Rusiya Federasiyasına “bibər” yükü apararkən, yük maşınları üçün nəzərdə tutulmuş idxal yoxlama xəttinə daxil olmuşdur. Gömrük nəzarəti zamanı Təqsirləndirilən şəxs ilə şifahi formada sorğu-sual apararaq onun idarə etdiyi yük nəqliyyat vasitəsində qadağan olunmuş, hər hansı predmetin olub-olmamasını soruşmuş, Təqsirləndirilən şəxs heç bir predmetin olmadığını bildirmişdir. Sürücünün cavabları və hərəkətləri onda şübhə doğurduğu üçün Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə gömrük yoxlaması keçirmiş. Yoxlama zamanı nəqliyyat vasitəsinin kabinasında sürücüyə məxsus şəxsi əşyaların yerləşdirildiyi 1 ədəd sellofan paketdə olan qara rəngli corabın içərisində gömrük nəzarətindən gizlədilmiş şəkildə dərman preparatları aşkar etmişdir. Aşkar olunmuş dərman pereparatları sayılaraq qablaşdırılmış və götürülmüşdür. İş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə Astara Gömrük İdarəsinin inspektoru Rusiya Federasiyası vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi nəqliyyat vasitəsinə gömrük yoxlaması tətbiq edəcəyini bildirərək hal şahidi kimi iştirak etməsini təklif etmiş, o, da razılaşmışdır. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi “nəqliyyat vasitəsinə gömrük yoxlaması tətbiq edilmişdir. Yoxlama zamanı nəqliyyat vasitəsinin kabinasında sürücüyə məxsus şəxsi əşyaların yerləşdirildiyi 1 ədəd sellofan paketdə olan qara rəngli corabın içərisində dərman preparatları aşkar edilmişdir. Aşkar olunan dərman pereparatları sayılaraq qablaşdırılmışdır, bu barədə protkol tərtib olunmuş, onlar da protokola imza etmişlər. Şahid qismində dindirilmiş Şahid3 oğlu eyni məzmunlu ifadə verərək Şahid2 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan məhkəmə fiziki kimyəvi və bioloji ekspertizasının 15 aprel 2025-ci il tarixli 6/1393 saylı rəyindən görünür ki, tədqiqata təqim edilmiş, üzərində “...Dərmanlar...Təqsirləndirilən şəxs...” yazısı və imza olan AR DGK-ya məxsus 203650№li p/e paketdəki 02 ədəd kağız bükümdən birində 15 ədəd üzərlərində “225” yazısı həkk olunmuş ağ rəngli bütöv tablet və ümumilikdə çəkiləri 1,01 qram təşkil edən həmin tabeltlərə bənzər qırıntıların tərkibində ümumilikdə 3,784 qram, 9 ədəd üzərlərində “225” yazısı həkk olunmuş qırmızı rəngli tabletlərin tərkibində ümumilikdə 2,025 qram güclü təsir edən maddə-tramadol müəyyən edilmişdir. Sadalanan obyektlərin tərkibində ümumilikdə 6,9 qram güclü təsir edən maddə-preqabalin (S)-3-(aminometil)-5-(metilheksan) turşusu müəyyən edilmişdir. Təqdim olunmuş dərman tabletlərinin və dərman kapsullarının tərkiblərindəki təsiredici maddələri Azərbaycan Respublikasının ərazisində nəzarətdə olan maddələrin siyahısına daxil olub-olmaması barədə sual müvafiq ekspertiza sahəsinin həll etdiyi məsələlərə aid olmadığından cavablandırılmamışdır. Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 110 (yüz on) manat təşkil edır. İş materiallarında olan 23 iyun 2025-ci il tarixli 3757 saylı ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir, Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan 15 aprel 2025-ci il tarixli «malların və nəqliyyat vasitələrinin yoxlanılması» haqqında protokoldan görünür ki, Astara Gömrük İdarəsində tərtib edilmiş 15 aprel 2025-ci il tarixli malların və nəqliyyat vasitələrinin yoxlanılması barədə protokoldan görünür ki, yoxlama zamanı nəqliyyat vasitəsinin kabinasında sürücüyə məxsus şəxsi əşyaların yerləşdirildiyi 1 (bir) ədəd sellofan paketdə olan qara rəngli corabın içərisində gömrük nəzarətindən gizlədilmiş şəkildə dərman preparatları aşkar edilmişdir. Sonra həmin dərman preparatlarına baxılmış, sayılmış və 15 (on beş) ədəd ağ rəngli və 9 (doqquz) ədəd qırmızı rəngli üzərində “225” yazılan həblər və ağ rəngli həblərin qırıntıları, həmçinin 46 (qırx altı) ədəd narıncı və mavi rəngli, üzərində heç bir markalanma göstəricisi olmayan naməlum kapsula olduğu məlum olmuşdur. Yoxlama başa çatdıqdan sonra Təqsirləndirilən şəxs idarə etdiyi “Volvo” markalı P375KX05/AH028505 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin kabinəsində gömrük nəzarətindən gizlədilmiş şəkildə aşkar olunmuş 15 (on beş) ədəd ağ rəngli və 9 (doqquz) ədəd qırmızı rəngli üzərində “225” yazılan həblər və ağ rəngli həblərin qırıntıları, həmçinin 46 (qırx altı) ədəd narıncı və mavi rəngli, üzərində heç bir markalanma göstəricisi olmayan naməlum kapsula sürücü və hal şahidlərinin iştirakı ilə gömrük əməkdaşı Şahid1 tərəfindən götürülmüş və həmin dərmanlar araşdırma ilə əlaqədar qablaşdırılmışdır. İş materiallarında olan 15 aprel 2025-ci il tarixli «şübhəli şəxs qismində tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 aprel 2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində “həbs” olunmasının əvvəli 15 aprel 2025-ci il tarixdən hesablanmmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır. İş materiallarında olan 04 iyul 2025-ci il tarixli «maddi sübut qismində tanınma haqqında» qərarla ekspertiza tədqiqatından sonrakı qalıq - 44 kapsulda preqabalin, 14 ədəd tramadol (ağ tablet), 0,96 qram tramadol (ağ tablet qırıntıları) və 08 ədəd tramadol (qırmızı tablet) və qara rəngli corab maddi sübut kimi tanınaraq DGK-nin Əməliyyat- İstintaq Baş İdarəsinin saxlanma kamerasında saxlanılır. İş materiallarında olan 04 iyul 2025-ci il tarixli «sübutların qiymətləndirilməsi haqqında» qərarla Təqsirləndirilən şəxs məxsus bir ədəd “Samsung Galaxy S21 (SM- G991B/DS)” markalı mobil telefon maddi sübut kimi tanınmış və iş materiallarına əlavə olunmuşdur. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2024-cü il təvəllüdlü X1 adlı bir azyaşlı uşağı var. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, işdə olan digər sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinatət Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-in 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir, bu cinayətlərə görə ona ittiham verildiyi CM-in 206.2 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində təqsirlidirlər və onların təqsirliliyi kifayət qədər sübuta yetirilir. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 206.2 və 240.3.2-ci maddələri ilə düzgün tövsif olunmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarında qeyd olunur ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmamışdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində 1 azyaşlı uşağının olması cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2 və 240.3.2-ci maddələri ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalıdır. Azərbaycan Respublikası CM-nin 206.1 və 206.2-ci maddələrinin dispozisiyalarına görə malların və yaxud CM-in 206.2-ci maddəsində göstərilən narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının qaçaqmalçılığı cinayətinin obyektiv cəhətini həmin predmetlərin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətlərini, cəzanı yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halın olmasını, habelə təyin olunacaq cəzaların təqsirləndirilən şəxslərin islah olunmalarına və onların ailələrinin həyat şəraitinə təsirini, həmçinin təqsirləndirilən şəxslərin hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 206.2 və 240.3.2-ci maddələri ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzaları təyin edilməli təyin edilməli, CM-in 69.3-cü maddəsinə əsasən qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 52.1 və 52.1-1-ci maddələrinin tələblərinə əsasən Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrumetmə cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmalı və onun Azərbaycan Respublikasına gəlmək hüququ hazırkı hökmlə məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılmalıdır. Ambulator məcburi-narkoloji tibbi yoxlama rəyinə görə, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmədiyindən barəsində narkomaniyadan məcburi müalicə təyin edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub- Dövlət Gömrük Komitəsinin Əməliyyat İstintaq Baş İdarəsində saxlanılan ekspert təhqiqatından sonrakı qalıq- 44 kapsulda preqabalin, 14 ədəd tramadol (ağ tablet), 0,96 qram tramadol (ağ tablet qırıntıları) və 08 ədəd tramadol (qırmızı tablet) və qara rəngli corab məhv edilməli, cinayət işinin materiallarında saxlanılan Təqsirləndirilən şəxs məxsus bir ədəd “Samsung Galaxy S21 (SM-G991B/DS)” markalı mobil telefon cəza çəkdiyi müddətdə saxlanılması və sonda özünə qaytarılması üçün saxlanıldığı istintaq təcridxanasında və ya cəza çəkdiyi müəssisədə olan şəxsi işinə əlavə edilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə iş üzrə 110 (yüz on) manat məbləğində ekspertiza xərcinin Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməsini, cəzasının çəkilmə müddətinin 15 aprel 2025-ci il tarixdən başlanılmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 206.2 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. CM-in 206.2-ci maddəsi ilə ona 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası və CM-nin 240.3.2-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzalar qismən toplanılmaqla qəti olaraq ona 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 15 aprel 2025-ci ildən hesablansın. Barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 52.1 və 52.1-1-ci maddələrinin tələblərinə əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın və onun Azərbaycan Respublikasına gəlmək hüququ hazırki hökmlə məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılsın. İş üzrə 110 (yüz on) manat məbləğində ekspertiza Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış – Dövlət Gömrük Komitəsinin Əməliyyat İstintaq Baş İdarəsində saxlanılan ekspert təhqiqatından sonrakı qalıq- 44 kapsulda preqabalin, 14 ədəd tramadol (ağ tablet), 0,96 qram tramadol (ağ tablet qırıntıları) və 08 ədəd tramadol (qırmızı tablet) və qara rəngli corab məhv edilsin. - Cinayət işinin materiallarında saxlanılan Təqsirləndirilən şəxs məxsus bir ədəd “Samsung Galaxy S21 (SM-G991B/DS)” markalı mobil telefon cəza çəkdiyi müddətdə saxlanılması və sonda özünə qaytarılması üçün saxlanıldığı istintaq təcridxanasında və ya cəza çəkdiyi müəssisədə olan şəxsi işinə əlavə edilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Cavid Səfərli Hakimlər: Ayşən Vəliyeva Aqil Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar