Məhkəmə qərarları › İş №1(099)-412/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-412/2023

13.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-412/2023 13.09.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Əli Abdulla oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi- X5, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi- Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx xxxxxx 1967-ci il tarixdə Lənkəran şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkum olunmamış, işsiz, Lənkəran şəhəri, M.Əsədov küçəsi, ev 1/19-da qeydiyyatda olmaqla, Lənkəran rayonun Girdəni kəndində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 2023-cü ilin mart ayının sonlarında, Lənkəran rayonun Girdəni kəndi ərazisində satış məqsədi ilə qanunsuz olaraq 1 ədəd bükümdə təmiz çəkisi 11,719 qram olan külli miqdarda ağ rəngli kristallardan ibarət psixotrop maddə metamfetamin əldə edib, saxlamaqla daşımış, 29 mart 2023-cü il tarixdə saat 20:15-də Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran rayonun Girdəni kəndi ərazisində saxlanılaraq Lənkəran ŞRPŞ-nin yerləşmiş inzibati binasına gətirildikdən sonra üzərinə keçirilmiş şəxsi axtarış zamanı, əynində olan qış gödəkcəsinin sağ yan cibindən 1 ədəd sellofan bükümün içərisindən həmin çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, arvadı ilə birlikdə yaşayır, özü nə siqaretdən, nə də ki narkotiklərdən istifadə edir, molladır. Belə ki, dəfn mərasimlərində iştirak edir, yas mərasimlərinə gedib camaata xidmət edir. Hamıya da siqaretdən uzaq durmağı həmişə məsləhət edib. 29 mart 2023-cü ildə adəti üzrə günorta namazını qılıb qurtarmış, dualar edirmiş. Görmüş ki, küçədən darvazası döyülür. Gedib qapını açmış, polis əməkdaşlarından Nəvaini görmüşdür. Nəvaini tanıyır, belə ki, Nəvai bundan əvvəl də onu iki dəfə şöbəyə dəvət edib, məhərrəmliklə bağlı məsciddə olduğundan onu təlimatlandırmışdır. Həmin vaxt da orucluq ayı olmuş, fikirləşmiş ki, yenə polislər ona görə gəliblər. Nəvai demiş ki, get telefonunu götür gəl, bu zaman evə girib telefonunu götürmüş, küçəyə çıxmışdır. Polislər demiş ki, “otur maşına gedək şöbəyə”. O isə hazırda ev paltarında olduğunu bildirmiş, lakin onlar demişdir ki, “səni evə gətirərik”. Maşının qapısını açmış, oturmuşdur, maşında başqa polislər də olmuşdur. Onu Nəvai öz şəxsi maşını ilə polisə gətirmişdir. Polis şöbəsində isə başqa mollaları, axundları görmüşdür. Həmin şəxslərdən axund Sədini, İlqar müəllimi, Kərbəlayı Vüqar adlı mömini və Mais adlı mömini tanımışdır. Maisdən başqa digərlərini ondan sonra şöbəyə gətirmişlər. Ümumi orada beşaltı nəfərdən biraz çox olmuşlar. Həmin insanlarında taleyi onun kimi olmuş, onları da təcridxanaya gətirmişlər. Onların da hamısına 12 qram narkotik yükləmişlər. Şöbədə isə demişlər ki, telefonunu qoy stolun üstünə, o isə telefonu stolun üstünə qoymuş və Nəvai ondan soruşmuş ki, “axırıncı dəfə nə vaxt Bakıda olmusan, deputata güllə atıblar, nə bilirsən?”. O isə demişdir ki, “bu sözü səndən eşidirəm, 22 oktyabrdan sonra Bakıya səfərim olmayıb”. Sonra onu aşağı aparıb əl izlərin götürüb, şəkillər çəkmişlər. Saat 17-18 radələrində isə xanımı onun mobil telefonuna zəng vurmuşdur. Telefona cavab vermiş, xanımı soruşduqda isə nə uzun çəkdi, demiş ki, “hələ şöbədəyəm, bizi saxlayıblar, inşallah gələrəm.” Həmin vaxt telefonla danışmağına Nəvai icazə vermişdir. Yoldaşı ilə telefonda danışana qədər isə ona heç bir şey təklif edilməmiş, yalnız deputatın vurulması ilə bağlı söhbətlər olmuşdur. Telefon daha sonra orda qalmış, axşam saat 10-11 radələrində onu dəvət etmişlər müavin Səbuhi adlı şəxsin otağına. Otağa girəndə isə görmüş ki, üç ədəd ağ bükülü stolun üstündədir. Həmin bükümlər boxça kanfet boyda olmuşdur. Həmin otaqda Nəvai və başqa polis əməkdaşları da olmuşdur. Bu zaman Səbuhi demişdir ki, "bu narkotikdi, bunu sakit qoy cibinə, əgər etməsən evinə gedib ordan silah çıxaracayıq”. Səbuhi müəllim demişdir ki, bu bükümlərdən birin üstünə götür, Nəvai isə demişdir ki, “əks halda gedib evindən silah çıxardacayıq”. Bu barədə isə əvvəllərdə eşitmişdir, eyni zamanda orda ondan başqa digər şəxsləri də görmüş, başqa otaqlardan da döyülmə səslərin eşitmişdir. Orda isə bir neçə dənə molla, axund olmuş, otaqlardan səslər eşitmiş, biri də demişdir ki, “mən şəkər xəstəsiyəm, bir şey olsa sağalmaram, nə desələr götürəcəm onçün.” Bu səbəbdən qorxmuş, demişdir ki, ailəsi evdə təkdir, gedərlər evə və daha ağır nəticələr olar, ailəsinə nəsə olar. Özü də cinayət məcəlləsin yaxşı bilmədiyindən, bilməmiş ki, silahın cəzası daha yüngüldü, nəinki bunun. Eyni zamanda vətənpərvər olduğundan, evinə silah qoyub ona vətən xaini adı qoymasınlar deyə qorxusundan üstünə götürmüşdür. Polis əməkdaşlarının dedikləri ilə razılaşdığından da onu döyməmişlər. Özü ancaq övladlarını, tanıdığı şəxsləri həmişə düzgün tərbiyə etmiş, narkotiklərlə işi olmamışdır. Nəsə qoymuşlar bükümü üstünə aparmışlar aşağı videoçəkiliş olmuşdur. Çəkilişdə də cibindən çıxarmışdır. Orada qərarlaşmışlar ki, bunu küçədən tapmış, polis əməkdaşlarına vermək üçün götürmüşdür. Belə olan halda isə bu sözlər xeyirinə olacaqdır. Çəkilişə vəkildə gəlmişdir. Daha sonra onu MSY-nə salmışlar. Orada iftar etmişdir. Səhərçağı aparmışlar analiz verməyə. Ayın 31-də gətirmişlər Bakıya. İşin gedişində təhqiqatçıya da, müstəntiqə də, eləcədə məhkəməyə çıxarılarkən demişdir ki, “mənim deyil”. 1998-ci ildə İranın Məşəd şəhərində dini təhsil almışdır, orada təhsil almağı həmişə baş ağrı olmuşdur, məhz o səbəbdən də polislər belə etmişdir. Heç vaxt narkotiklərdən istifadə etməmiş, ekspert rəyində yazılanlar da gülünc və böhtandır. Heç bir siyasi fəaliyyəti olmamış, yalnız ibadətə üstünlük vermişdir, İslam partiyasına qoşulmamışdır. Bu bir açıq aşkar şərdir, şiə yolu ilə namaz qılan adamdır, lütf edib barəsində bəraət höküm çıxarılmasını, ailəsinin yanına buraxılmasını məhkəmədən xahiş edir. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nın 234.43-cü maddəsi ilə özünü təqsirli bilməyib, ifadəsində göstərmişdir ki, Lənkəran rayonu Girdəni kəndində yaşayır. Evlidir, rəsmi olaraq heç yerdə işləmir. 29 mart 2023-cü il tarixdə, saat 18 radələrində yaşadığı kənddə yol kənarı ilə gedərkən bir ədəd büküm görmüşdür. Həmin bükümün içərisində nə olduğunu maraqlı gəldiyi üçün həmin bükümü götürüb üzərində saxlamışdır. xx.xx.2023-cü il tarixdə saat 20 radələrində yaşadığı kənddə yol ilə gedərkən mülki geyimdə 3 nəfər şəxs ona yaxınlaşmışdır. Həmin şəxslər ona özlərini təqdim etdikdən sonra onların polis əməkdaşları olduğunu bilmişdir. Polis əməkdaşlarından biri ona üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu deyərək polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Şübhəli şəxsin hüquq və vəzifələri ona izah edillərək vəkil ilə təmin edilmişdir. Təhqiqatçı tərəfindən polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə üzərinə video çəkiliş ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində olan qış gödəkcəsinin sağ yan cibində saxladığı və həmin gün yerdən tapdığı bir ədəd bükümü təqdim edib təhqiqatçıya bükümün içərisində nə olduğunu bilmədiyini demişdir. Polis əməkdaşları tərəfindən təqdim etdiyi bükümə baxış keçirildikdə polis əməkdaşları həmin bükümün içərisində psixotrop maddə metamfetaminə bənzər maddə olduğu bildirmişlər. Sonra polis əməkdaşı tərəfindən üzərinə axtarış aparıldıqda üzərində başqa hər hansı predmet, digər əşya aşkar edilməmişdir. Təqdim etdiyi büküm elektron tərəzidə çəkilmiş, təhqiqatçı tərəfindən təqdim etdiyi psixotrop maddə barədə soruşulduqda ona təqdim etdiyi 1 ədəd büküm yaşadığı kənddə yol kənarında yerdən tapdığını bildirmişdir. Təqdim etdiyi 1 ədəd bükümdə metamfetamin ekspertizaya təqdim olunması məqsədilə kağız paketə qoyularaq bağlanıb möhürlənmişdir. O, metamfetamini tutulduğu gün gündüz saatlarında yaşadığı Girdəni kəndində yerdən tapmışdır. Həmin maddənin nə olduğunu bilmir. O heç bir növ narkotik vasitədən və eləcə də psixotrop maddədən istifadə etmir. Əldə etdiyi psixotrop maddə metamfetamində heç kəsə satmamış. Heç kəsədə istifadə etmək üçün verməmişdir. O narkotik vasitələrin satışı ilə heç vaxt məşqul olmamışdır. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir qanunsuz hərəkətlər edilməmişdir. Heç bir ciddi və psixi xəstəliyi yoxdur. Məhkəmə iclasında məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs, həmin ifadələrini təsdiq etmədiyini, ifafələrini təzyiq altında imza etdiyini, orada yazılanların yalan və böhtan olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, Lənkəran ŞRPŞ-nın Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs narkotik vasitə, psixotrop maddə və onların prekursorlarını əldə etməsi, üzərində saxlaması, daşıması və satışı ilə məşqul olması barədə qərəzsiz mənbədən məlumat əldə etmişdir. Həmin məlumatın daxil olması barədə şöbənin rəhbərliyinə məruzə etmiş, onun ətrafında əməliyyat tədbirlərinin keçirilməsindən ötrü müvafiq razılıq alındıqdan sonra tərəfindən əməliyyat qrupu yaradılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs Lənkəran rayonu Girdəni kəndində tərəflərindən saxlanılmış, ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşqul olmaqda şübhəli olduğu üçün birlikdə polis bölməsinə getməyi bildirilmişdir. Təqsirləndirilən şəxs onlarla razılaşıb birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilərək, vəkillə təmin edilmiş, video-çəkilişlə üzərinə şəxsi-axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan gödəkcəsinin cibindən içərisində 1 ədəd sellofan bükümü çıxardıb təqdim etmişdir. 1 ədəd həmin sellofan bükümdə olan kütləyə baxış keçirildikdə, bükümün içərisində psixotrop maddə olan metamfetaminə bənzər maddə aşkar edildi. Həmin kütlə elektron tərəzidə çəkildikdə, bükümün çəkisi 12,21 qram olmuşdur. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi psixotrop maddə metamfetaminə bənzər maddə barədə soruşulduqda o təqdim etdiyi 1 ədəd bükümü Lənkəran rayonun Girdəni kəndi ərazisində yolun kənarından tapdığını demişdir. Təqsirləndirilən şəxs aşkar olunmuş həmin kütlənin olduğu büküm ekspertizaya təqdim olunması məqsədilə təhqiqatçı tərəfindən kağız paketə qoyulub bağlanılaraq möhürlənmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və polis şöbəsində olarkən heç bir etiraz etməmiş, özü səmimi olaraq törətdiyi əməli etiraf etmişdir. Ona qarşı tərəflərindən saxlanılarkən və polis şöbəsində olarkən heç bir təsir və təzyiq edilməmiş, CAB-nin rəisi Səbuhi müəllim isə ümumiyyətlə onu görməmişdir. Məhkəmə iclasında Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə vermişlər. Məhkəmə istintaqı zamanı şahid X6 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü ildə əri Təqsirləndirilən şəxsla birlikdə namaz qılmışlar, həmin vaxt orucluq ayı olmuşdur. Namazdan sonra əri dua etməyə başlamış, özü isə mətbəxə getmişdir. Mətbəxtdə olarkən görmüş ki, dəmir qapıları döyülür, gəlib ərinə demiş, əri qapıya çıxmışdır. Həmin vaxt saat təxminən ikiyə on beş iyirmi beş dəqiqə işləmiş olarmış. Qapı açılanda pəncərədən bir dənə ağ maşın görmüş, maşından bir nəfər yerə düşmüş, lakin içərisində olan digər şəxs maşında qalmışdır. Daha sonra əri həyətə gəlmiş, bir nəfər şəxs də onun arxasınca, bu zaman narahat olmağa başlamışdır. Əri evə girəndə nə baş verdiyin soruşmuş, o isə gələnlərin polis olduğunu, telefonunda götürüb onlarla getməli olduğunu demişdir. Pəncərədən arxalarınca baxmış, əri onlarla çıxmış, maşının səsin eşitmişdir. Daha sonra arxalarınca çölə çıxmışdır. Lakin çöldə heç kimi görməmişdir. Qayıdıb evə girib ərinə zəng vurmuş, o isə demişdir ki, polisə aparırlar, ondan niyə bu vəziyyətdə ev paltarında getdiyini soruşduqda, demişdir ki, narahat olma qayıdaram. On beş dəqiqə keçmiş olardı ki, yenidən əri Faiqə zəng vurmuş, bu zaman Faiq demişdir ki, polisdəyəm, gecə Bakıda hansısa deputatı vurublar, ona görə də burdayıq. O isə ərinə vurulan deputatın onlara nə aidiyyətinin olduğunu demişdir. Bu danışıqdan sonra daha da narahat olub həyacanlanmışdır. Daha sonra tez-tez ərini yığsa da ona zəng çatmamışdır. Bir saat sonra isə üçüncü uşağı yaxınlıqda yaşadığından onu yığmış, demiş ki atanı aparıblar çox narahatam. Lakin bacı-qardaşına bu barədə deyib narahatlıq yaratmamağı tapşırmışdır. Həmin gün təxminən saat dördün yarısı oğlu Hüseyni yığmışdır. Onu yığmaqda məqsədi o olmuşdur, oğlunun yaşadığı yataqxanada qazi yoldaşı var, bəlkə o şəxs əri Faiqdən xəbər ala bilər. Həmin şəxsin atası isə xəbər verib demiş ki, narahat olma gecə qayıdıb gələr. Lakin gecə düşmüş, görmüş ki əri qayıtmır. Təxminən gecə yarısı bacısına zəng vurub demiş, bacısı onlara gəlmişdir. Saxlanılandan sonra üçüncü gün isə qohumları Faiqin paltarların istəmiş, demişlər ki, onu Bakıya aparırlar. Bundan sonra Faiq özü də onu telefonda yığmış, demiş ki gəl Bakıya uşaqların yanına evdə tək qalma. Əri siqaret çəkmir, spirtli içki qəbul etmir, narkotiklə isə heç bir əlaqəsi olmamışdır. İşdə olan, Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 xx.xx.2023-cü il tarixli “Raport”u ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını əldə etməsi, üzərində saxlaması, daşıması və satması barədə icraatına əməliyyat məlumatı daxil olmuşdur. Onun ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilməsini xahiş etmişdir. (c İ, i.v 4) İşdə olan, «təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə» xx.xx.2023-cü il tarixli qərarın məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 tərəfindən qərar qəbul olunmuşdur. (c İ, i.v 5-6) İşdə olan, «şübhəli şəxsin tutulması haqqında» xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:15-də şübhəli şəxs qismində tutulmuşdur. (c İ, i.v 21) İşdə olan, xx.xx.2023-cü il tarixli şəxsi axtarışın keçirilməsi haqqında protokolundan və əlavə edilmiş videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman əynində olan qış gödəkcəsinin sağ yan cibindən 1 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Şəxsi axtarış istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs ona verilən şifahi suallara cavab olaraq aşkar olunmuş bükümü Lənkəran rayonu, Girdəni kəndi ərazisində yolun kənarından tapdığını və içindəkinin nə olduğu maraqlı gəldiyi üçün götürüb üzərində saxladığını etiraf etmişdir. (c İ, i.v 30-32) İşdə olan, məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 19/381 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 01 ədəd bükümdə təmiz çəkisi -11,719 qram olan ağ rəngli kristal formada olan maddə metamfetamindir. Tədqiqata sərf olundu-0,05 qr, qalıq-11,669 qr. Aparılmış ekspertiza tədqiqatının dəyəri 60,0 manat təşkil edir. (c İ, i.v 44-46) İşdə olan, xx.xx.2023-cü il tarixli Lənkəran Rayon Məhkəməsinin 4(049)-107/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində dörd ay həddində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü ildən hesablanmışdır. (c İ, i.v 68-72) İşdə olan, “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi” X10 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 300 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər-hansı bir xəsarət aşkar edilməmişdir. (c İ, i.v 73-74) İşdə olan, Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 337 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixi və fiziki asılılıq olmadan narkotik vasitə istifadə halları olub. Lakin Asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmur. Məcburu müalicəyə ehtiyyacı yoxdur. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. (c İ, i.v 75) İşdə olan, DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (c İ, i.v 86) İşdə olan, Lənkəran ŞİHB-nın Girdəni kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayış, xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Kərimov X3 şəhəri, Girdəni kəndində qeydiyyatda olmaqla yaşamışdır, ailə üzvləri arvadı, iki qızı və oğlundan ibarətdir. Onun barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. (c İ, i.v 87-88) İşdə olan, 15 aprel 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 bükümdə, ekspertiza tədqiqatında sonra qalıq çəkisi 11,669 qram psixotrop maddə metamfetamin və şəxsi axtarış zamanı aparılmış videoçəkilişin görüntüləri olan 1 ədəd DVD disk maddi sübut qismində tanınmışdır. (c İ, i.v 94-97) Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X4 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və seçdiyi müdafiəçisi vasitəsi ilə suallar vermiş, habelə ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs müdafiəsi üçün gətirdiyi dəlillər: saxlanılarkən üzərində heç bir narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan edilmiş əşya və ya predmet olmamış, psixotrop maddə polis əməkdaşları tərəfindən üzərinə qoyulmuş, polis əməkdaşları tərəfindən ona təhdidlər edildiyi üçün həmin psixotrop maddənin özünə məxsus olmasını etiraf etmişdir. Təqsirlərdirilən şəxsin irəli sürdüyü ikinci dəlillə bağlı məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən pis rəftara və təhdidlərə məruz qalması ilə bağlı irəli sürdüyü dəlilə məhkəmə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Qanunvericiliyin tələblərindən göründüyü kimi, ibtidai istintaq dövründə qeyri-insani və ya şəxsiyyəti alçaldan, yaxud hər hansı digər formada qanunsuz təsirə məruz qalmağa dair şikayət işə mahiyyəti üzrə baxan yox, məhkəmə nəzarətini həyata keçirən məhkəmə qarşısında qaldırılan şikayətlər siyahısına aid edilmişdir. İş materiallarından göründüyü kimi, öz seçimi ilə cəlb edilmiş peşəkar vəkillə təmsil edilməsinə baxmayaraq, istər Təqsirləndirilən şəxs özü, istər onun vəkili ibtidai istintaq dövründə belə şikayətlə vaxtlıvaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmiş və eyni zamanda o, bu halı hər hansı dəlillə əsaslandırmamış və ya izah etməmişdir. Beləliklə, təqsirləndirilən şəxs barəsində aparılmış ibtidai araşdırma zamanı təhdidlərə və pis rəftara məruz qaldığını mübahisələndirməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı öncə təhqiqatçı tərəfindən verilmiş suallara cavab olaraq söyləydiyi səsli nitqində təqdim etdiyi bağlamanı küçədə tapdığını, içərisində nə olduğu maraqlı gəldiyi üçün götürüb üzərində saxladığını, daha sonra müdafiəçinin suallarına cavab olaraq söylədiyi səsli nitqində polis əməkdaşları tərəfindən saxlanılarkən, polis şöbəsinə gətirilərkən ona qarşı qanunsuz hərəkətlərə yol verilmədiyini bildirmiş, eyni zamanda onun saxlanılmasında iştirak etmiş polis əməkdaşları da məhkəmədə dindirilərkən tərəflərindən Təqsirləndirilən şəxs qarşı hər hansı bir fiziki və ya psixi təsirin göstərilmədiyini, üzərinə psixotrop maddə qoyulmadığını bildirmişlər. Bu səbəblərdən məhkəmə tərkibi hesab edir ki, yuxarıda qeyd olunanlar təqsirləndirilən şəxsin məhkəməyədək dövrdə özünə qarşı verdiyi ifadələrin məhz pis rəftar və təhdid nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Təqsirləndirilən şəxsin tutulduqdan sonra polis əməkdaşları tərəfindən pis rəftara və təhdidlərə məruz qalması ilə bağlı göstərdiyi xüsusat işin məhkəmə baxışı zamanı təsdiqini tapmamış, bununla da, ondan ifadələrin cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur. Məhkəmə tərkibinin belə qənaəti Avropa Məhkəməsinin Azərbaycana qarşı şikayətlərlə bağlı qəbul etdiyi bir sıra qərarlarda da öz əksini tapmışdır (Əhmədov Azərbaycana qarşı, № 30364/09, §§ 42-43, 12 noyabr 2013; Məmmədov Azərbaycana qarşı, № xx/xx/2013, §§ 23-27, 11 yanvar 2007; Rizvanov Azərbaycana qarşı, № 31805/06, §§ 12-20, 17 aprel 2012; və Nəcəfli Azərbaycana qarşı, № 2594/07, §§ 11-21, 2 oktyabr 2012). Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs işin məhkəmə baxışı zamanı tutulduqdan sonra pis rəftara, təhdidlərə məruz qalmaqla ondan şübhəli və təqsirləndirilən şəxs kimi izahat və etirafedici ifadələr alınması ilə bağlı bildirdiklərinə yuxarıda aparılmış təhlil nəzərə alınmaqla iş üzrə toplanmış digər sübutlarla birlikdə məcmu şəkildə qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin bu hissədə bildirdikləri həqiqətə uyğun deyil, onun müvafiq məzmunlu ifadə verməsi əsassız olaraq cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Təqsirləndirilən şəxs müdafiəsi üçün gətirdiyi digər dəlillərin qiymətləndirilməsi: Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində göstərilən xüsusatlar, üzərindən aşkar edilmiş psixotrop maddənin ona aidiyyətinin olmaması, həmin predmetin üzərinə polis əməkdaşları tərəfindən qoyulması, daha sonra ona təhdidlər, pis rəftar edilməsi və nəticədə rəsmiləşdirilməsi məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən özünün ibtidai araşdırma zamanı vermiş olduğu izahat və ifadələri, şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət kimi qəbul etmir, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Belə ki, cinayət təqibi başlanan andan Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə xx.xx.2023-cü ildə şübhəli (cild İ – i.v. 48-49) və təqsirləndirilən (cild İ – i.v. 60-61) şəxs qismində verdiyi ifadələrində, barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətə baxılarkən verdiyi izahatında, (cild İ – i.v. 68-72) eləcə də üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilərkən söylədiyi səsli nitqində işin faktiki hallarına uyğun gələn ifadələr vermişdir. Həmin izahat, ifadələrində və istintaq hərəkətində təqsirləndirilən şəxs üzərindən çıxan psixotrop maddə metamfetaminin özünə məxsus olmasını, yaşadığı kənddə yol kənarı ilə gedərkən bir ədəd bükümdə görüb içərisində nə olduğu maraqlı gəldiyi üçün götürüb üzərində saxladığını səsli nitqi ilə bilvasitə öz seçimi əsasında cəlb edilmiş peşəkar vəkilinin yanında qeyd-şərtsiz və açıq-aşkar formada bəyan etmişdir. Bununla yanaşı onun barəsində Lənkəran Şəhər Rayon Polis Şöbəsində cinayət təqibi başlanan andan, barəsində olan cinayət işi ittiham aktı ilə məhkəməyə daxil olanadək müdafiəçinin iştirakı ilə verdiyi bütün izahat və ifadələrində polis əməkdaşları tərəfindən üzərinə psixotrop maddə qoyulması ilə bağlı fikir ifadə etməmişdir. Ümumiyyətlə o, məhkəmə baxışı zamanı ibtidai araşdırma dövründən fərqli ifadə verməsini hər hansı bir halla əsaslandırmamış, yalnız saxlanılarkən və polis şöbəsində olarkən polis əməkdaşları tərəfindən pis rəftara və hədə-qorxuya məruz qalmasını bildirməklə özünə qarşı verdiyi ifadələri inkar etmiş, lakin məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs irəli sürdüyü həmin dəlillər təsdiqini tapmamışdır. Artıq bu hallar təqsirləndirilən şəxsin məhkəmə baxışı dövründə verdiyi ifadələrin həqiqəti əks etdirmədiyi, əksinə ibtidai araşdırma zamanı heç bir təsir və təzyiq olmadan müdafiəçinin iştirakı ilə verdiyi ifadələrinin isə işin faktiki halları ilə üst-üstə düşdüyü və həqiqəti əks etdirdiyi qənaətinə gəlməyə əsas verir. Ona görə də, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı gətirdiyi dəlilləri məsuliyyətdən yayınmaq məqsədi ilə seçilmiş müdafiə taktikası kimi dəyərləndirir və hesab edir ki, təqsirləndirilən şəxs bu formada ifadə verməklə özünü məsuliyyətdən qurtarmağa çalışır. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cinayət işinin ibtidai araşdırma mərhələsində şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrini əsaslı və işin faktiki hallarına uyğun ifadələr kimi qəbul edərək məhz həmin ifadələrin ittihamın əsasına qoyulmasını məqsədə uyğun sayır. Bu səbəbdən də, cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlar vasitəsi ilə Təqsirləndirilən şəxs məhkəmədə qeyd etdiklərinin işin faktiki halları ilə üst-üstə düşmədiyi, obyektiv həqiqəti əks etdirmədiyi müəyyən olunur. Sadalananlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələrində göstərdikləri işin müəyyən olunmuş faktiki halları ilə birəbir uyğun olmuşdur. Təqsirləndirilən şəxs qeyd olunan ifadələrində üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin ona aid olduğunu, yaşadığı kənddə yol kənarı ilə gedərkən bir ədəd bükümdə görüb içərisində nə olduğu maraqlı gəldiyi üçün götürüb üzərində saxladığını bildirmişdir. Bununla yanaşı o, xx.xx.2023-cü ildə cinayət işinin materialları, eləcə də, təkrarən işdə olan dindirmə protokolları ilə tanış olsa da, həmin protokollarda əks olunmuş ifadələrinin məzmununu mübahisələndirməmiş, habelə buna dair düzəliş, qeyd, əlavə və etiraz verməmişdir. Eyni zamanda təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində tutulduqdan sonra polis əməkdaşlarının psixoloji təzyiqinə məruz qaldığını, təzyiqin isə onun evinə gedib ordan silah çıxaracaqları ilə polis əməkdaşları tərəfindən hədələnməsi, ailəsinin evdə tək olub, polislərin isə evə gedərlərsə daha ağır nəticələrin ailəsinə nəsə olacağından və vətənpərvər olduğundan, evinə silah qoyulub ona vətən xaini adı qoymalarından qorxmasından və bu qəbildən olan sair məsələlərdə ifadə olunduğunu bildirmişdir. Məhkəmə bu hissədə də təqsirləndirilən şəxs iddia etdiyi halla razılaşmır və hesab edir ki, o, belə məzmunda ifadə verməklə cinayət məsuliyyətindən yaxa qurtarmaq istəmişdir. Belə ki, təqsirləndirilən şəxs iddia etdiyi halın ilk baxışdan mümkün ola biləcəyi görünsə də, yəni tutulduqdan sonraki qısa müddət ərzində onun iddia etdiyi halların baş verməsi mümkün olsa da, onun əməliyyat orqanından asılılığı bitdikdən sonra, yəni barəsində həbs qətimkan tədbiri seçilərkən, İstintaq Təcridxanasına təhvil verilərkən, ibtidai istintaqın sonraki mərhələlərində iddia etdiyi hallarla bağlı heç bir orqana müraciət etməmiş, habelə sair qaydada iddia etdiyi halları mübahisələndirməmişdir. Bu hallar isə ona dəlalət edir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqında ondan aşkarlanmış psixotrop maddə metamfetaminlə bağlı ifadə verərkən səmimi olmamış, əksinə qanunsuz əməllərini ört-basdır etmək məqsədi ilə ziddiyyətli ifadə verməklə çaşqınlıq yaratmaq məqsədi güdmüşdür. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə verdiyi ifadələrlə məhkəmə baxışında verdiyi ifadə arasında ziddiyyət təşkil edən hissəyə münasibətdə onun ibtidai araşdırma dövründə verdiyi qeyd olunan ifadələrini (həmin bükümün içərisində metamfteamin olduğunu bilməməsi, narkotik vasitələrin satışı ilə məşğul olmaması barədə bildirdikləri istisna olmaqla) cinayət təqibi üzrə mötəbər sübut hesab edir. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı heç bir təsir və təzyiq göstərilmədən, müdafəçinin iştirakı ilə ondan aşkar edilmiş psixotrop maddə metamfetamini yaşadığı kənddə yol kənarı ilə gedərkən bir ədəd bükümdə görüb içərisində nə olduğu maraqlı gəldiyi üçün götürüb üzərində saxlamasını və gəzdirməsini, həmin maddənin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülməsini etiraf etmiş və onun bu ifadələri iş üzrə CPM-nin 125.2-ci maddəsində sadalanan pozuntulara yol verilmədən əldə edilmiş digər sübutlarla da tam təsdiq edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs özünün məhkəməyədək icraat zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində bildirdikləri, aşkar edilmiş psixotrop maddə metamfetaminin şəxsi istehlak miqdarından dəfələrlə (təxminən 78 dəfə) çox olub külli miqdar təşkil etməsi, psixotrop maddə metamfetamini üzərində saxlamaqla yaşadığı evdən kənar ərazidə daşıması kimi işin faktiki hallarını məhkəmə nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də aşkar edilmiş maddəni məhz satış məqsədi ilə qanunsuz şəkildə əldə etmişdir. Əks nəticəyə gəlmək üçün başqa hal müəyyən edilməmişdir. Bundan başqa məhkəmə şahid Sənubər Quliyevanın məhkəmədə verdiyi ifadəsində göstərilən xüsusatlar yuxarıda sadalanan mötəbər sübutlar ilə tam təkzib olunduğundan, eləcədə şahid Sənubər Quliyevanın təqsirləndirilən şəxsin yaxın qohumu (arvadı) olmasını, həmin şəxsin təqsirləndirilən şəxsi məsuliyyətdən yayındırmaq məqsədilə məhkəmə iclasında verdiyi ifadəsini sübut kimi qəbul etmir və onun bu ifadəsini Təqsirləndirilən şəxs müdafiəsi məqsədi daşımaqla törədilmiş cinayət hadisəsini öz mülahizəsi baxımından yanlış təqdim etməsi kimi qiymətləndirir. Göstərilənləri məcmu halda təhlil edib nəzərə alaraq, məhkəmə bir daha belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs həqiqətən də satış məqsədi ilə külli miqdarda psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişdir. Ona görə də məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu bu cinayət əməli ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş İİ Siyahıya əsasən dərman preparatı kimi beynəlxalq adı «Metamfetamin» olan maddə psixotrop maddədir. Metamfetaminin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) külli miqdar hesab olunur. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz hazırlanması dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla istehlaka yarayan və ya yaramayan narkotik vasitələrin və psixotrop maddələrin bilavasitə hazırlanmasına, yəni narkotik vasitələrin və psixotrop maddələrin istehsalına, emalına, saflaşdırılmasına və ya bir narkotik vasitənin, yaxud psixotrop maddənin digər narkotik vasitəyə və ya psixotrop maddəyə çevrilməsi yolu ilə narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, yaxud onların təsirinin gücləndirilməsinə, tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyasına, narkotik vasitələrin və psixotrop maddələrin alınmasına yönəldilmiş hərəkətlər başa düşülür. Sözügedən Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halın və ağırlaşdıran halın olmamasını, aşkar edilmiş psixotrop maddənin çəkisini, həmin cinayətin törədilmə üsulunu və mexanizmini, aşkarlanmış psixotrop maddənin insan orqanizminə mənfi təsirini, çoxlu sayda insanların sağlamlığına ziyanını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən X2 həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı onun faktiki həbsə alındığı andan, 29 mart 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1, 132.1.4-cü maddələrinə əsasən iş üzrə maddi sübut kimi tanınaraq Lənkəran Şəhər Rayon Polis Şöbəsinin saxlanc yerində saxlanılan müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 11,669 qram olan psixotrop maddə metamfetamin məhv edilməli, iş materiallarında olan şəxsi axtarış istintaq hərəkətinin keçirilməsinə dair 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan olan 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 29 mart 2023-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Lənkəran Şəhər Rayon Polis Şöbəsinin saxlanc yerində saxlanılan müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 11,669 qram olan psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq iş materiallarında olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntüləri əks etdirən 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatı xərci-60 (altmış) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Əli Əliyev Hakimlər: Oruc Cəlilov Xamməd Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar