Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-415/2023 18.07.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Nizami Fərzi oğlu (sədrlik edən), X4 və Hüseynov Nahid Nəsir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərəmov Emin Canəli oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1972-ci ildə Qazı-Məmməd şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə məhkum olunmuş, Hacıqabul şəhəri, M.F.Axundov küçəsi, ev 6-da qeydiyyatda olmaqla yaşayan və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi ilə istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq vahid niyyətlə əldə etdiyi külli miqdar təşkil edən ümumi təmiz çəkisi 2420,673 qram olan narkotik vasitə hesab edilən heroinin 45,673 qram çəkidə olan hissəsini əynində olan qara rəngli qış gödəkcəsinin sağ cibində ayrı-ayrılıqda təmiz çəkiləri-10,502 qram, 7,227 qram, 9,978 qram və 17,966 qram olmaqla 04 ədəd sellofan kəsiyi bükümündə, heroinin qalan 2375 qram çəkidə olan hissəsini isə 01 ədəd sellofan torbada qablaşdırılmış halda yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yataq otağındakı çarpayının altında daşıyaraq saxlamış, 14 yanvar 2023-cü il tarixdə saat 17 radələrində Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat axtarış tədbirləri nəticəsində yaşadığı evin yaxınlığında saxlanılaraq RPŞ-yə gətirilib üzərində şəxsi axtarış və götürmə aparılan zaman üzərindən 45,673 qram heroin, əməliyyat axtarış tədbirlərinin davamı olaraq onun yaşadığı ünvan 2 ünvanında yerləşən evində baxış və götürmə aparılan zaman heroinin qalan 2375 qram çəkidə olan hissəsi evinin yataq otağındakı çarpayının altından aşkar edilərək götürülmüşdür. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 13 mart 2023-cü il tarixdə saat 9 radələrində onu yaşadığı evdən götürüb Şirvan Şəhər Polis Şöbəsinə aparmışlar. Orada təhqiqatçının otağında ona işgəncə verərək narkotik vasitə təqdim edib, bunlar sənindir demişlər. Lakin nə üzərindən və nə də ki, evindən aşkar edilən narkotik ona aid deyil. Sonra da müstəntiq onu aldadıb ifadəyə imza etdirmişdir. Məhkəmədə barəsində həbs seçilərkən də özündə olmadığından nə dediyini bilmir. Onu 14 yanvar tarixdə deyil, 13 mart tarixdə saxlayıblar. Üzərində axtarış və evinə baxış videoçəkilişlə vəkilinin iştirakı ilə keçirilmişdir. O ifadəsinə əlavə olaraq göstərmişdir ki, onun tutulmasına səbəb narkobiznesdə işləyən bibisi oğlu Samir olmuşdur. O rütbə almaq üçün onu tutdurmuşdur. Samir onun evində olmuşdur. Lakin Samir onun evinə narkotik vasitə qoymamışdır. Evinə baxış zamanı çəkilən videogörüntüyə baxarkən Samir orada görünməmişdir. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vəkilinin iştirakı ilə verdiyi ifadəsində CM-nin 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində arada bir narkotik vasitə olan heroindən istifadə etdiyini, əvvəllər də narkotik vasitə istifadə etdiyinə görə məhkum olunduğunu, 11 yanvar 2023-cü il tarixdə saat 13 radələrində yaşadığı Hacıqabul şəhəri, M.F.Axundov küçəsində gəzən zaman yerdə 01 ədəd içinin dolu olduğu sellofan torba gördüyünü, həmin torbaya baxan zaman torbanın içərisində heroin olduğunu bilib, əvvəllər də narkotik vasitə heroindən istifadə etdiyinə görə narkotik vasitəni tanıdığından, həmin torbanı götürüb yaşadığı ünvana getdiyini və tapdığı torbanı yaşadığı ünvan 3a yerləşən fərdi yaşayış evində öz yataq otağındakı çarpayıda yastığın altında gizlətdiyini, torbanın içərisində olan kütlədən bir neçə büküm hazırlayıb öz istifadəsi üçün cibinə qoyduğunu, 14 yanvar 2023-cü il tarixdə saat 17 radələrində Hacıqabul şəhəri, M.F.Axundov küçəsində evə gedən zaman Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları onu saxlayaraq Hacıqabul RPŞ-nə apardıqlarını, orada müdafiəçi ilə təmin olunandan sonra üzərində videoçəkilişdən istifadə etməklə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı o, üzərində istifadə etmək üçün saxladığı 04 ədəd bükülüdə içində olan heroini onlara təqdim etdiyini, həmin kütlə qablaşdırılaraq götürüldüyünü, bundan əlavə olaraq yaşadığı ünvanda da narkotik vasitə saxladığını polis əməkdaşlarına bildirdiyindən, iştirakçılarla birlikdə onun yaşadığı ünvan 3a yerləşən yaşayış evinə baxış keçirildiyini və həmin vaxtı o çarpayıdakı yastığın altında gizlətdiyi 01 ədəd sellefon torbadakı narkotik vasitə heroini polislərə təqdim etdiyini, həmin kütlə də qablaşdırılaraq götürüldüyünü və bu barədə protokol tərtib olunduğunu, o da protokolu imzaladığını göstərmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ittiham olunan cinayət əməlini törətməsi məhkəmədə tədqiq edilmiş vəkilinin iştirakı ilə ibtidai istintaq zamanı verdiyi ifadəsindən başqa dindirilmiş şahidlərin ifadələri, cinayət işinin materiallarında olan istintaq hərəkəti protokolları, məhkəmədə tədqiq edilmiş ekspertiza rəyləri, telefon danışıqlarına dair məlumatlar, əldə olunmuş maddi sübutlar, sənədlər və işin faktiki halları ilə ona tamamilə sübutdur. Belə ki, dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 14 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində və yaşadığı mənzildə narkotik vasitə saxlaması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əsasında onun və əməliyyat müvəkkili polis kapitanı Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmış və həmin tarixdə saat təxminən 17:00 radələrində Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında saxlanılaraq üzərində şəxsi axtarış aparılması məqsədi ilə polis şöbəsinə aparılmışdır. Orada video çəkilişdən istifadə edilməklə onun üzərində şəxsi axtarış aparılmış və axtarış zamanı o əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən 4 ədəd sellofan bükülülərdəki kütlələri təqdim etmişdir. Həmin sellofan bükülülərə baxış zamanı bükülülərin içərisində narkotik vasitə heroinə bənzər kütlə olması aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs ondan aşkar edilərək götürülmüş kütlənin heroin olmasını, həmin kütləni tapmasını və şəxsi istifadə üçün üzərində saxladığını və yaşadığı ünvanda da narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş heroinə bənzər kütlə zərfdə qablaşdırılaraq üzəri möhürlənmiş və bu barədə protokol tərtib edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evində iştirakçılarla birlikdə baxış və götürmə aparılmış və baxış zamanı onun yaşadığı evdə öz yatdığı otaqda çarpayının altında 1 ədəd sellofan torbada narkotik vasitə heroinə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Sonra da həmin kütlə qablaşdırılaraq üzəri möhürlənmiş və bu barədə protokol tərtib edilmişdir. Təqsirləndirilən şəxs tanış olduqdan sonra heç bir etiraz etmədən protokolu imzalamışdır. Polis şöbəsində Samir adlı əməliyyatçı vardır. Lakin o bu əməliyyatda iştirak etməmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və sonra ona hər hansı təsir və ya təzyiq olunmamışdır. Dindirilmiş Şahid2 ifadəsində Şahid1 göstərdiyi xüsusatları təsdiq etməklə eyni məzmunlu ifadə verdi. Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi vəsatətinə əsasən məhkəməyə əlavə şahid qismində dəvət edilib dindirilmiş şahid X3 ifadəsində göstərmişdir ki, o Şirvan Şəhər Polis Şöbəsində əməliyyatçı vəzifəsində işləyir. Təqsirləndirilən şəxs onun ögey dayısı oğludur. Aralarında ədavət düşmənçilik yoxdur. 13 yanvar 2023-cü il tarixdə Bəxtiyarın üzərində axtarış və evinə baxış keçirilməsində iştirak etməmişdir. Bəxtiyarın ona qarşı ifadə verməsinin səbəbini bilmir. Cinayət işinin materiallarında olan Hacıqabul Rayon Məhkəməsinin 16 yanvar 2021ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs qarşı qətimkan tədbirinin seçilməsi ilə əlaqədar keçirilən məhkəmə iclasında o izahat verərək üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəni öz istifadəsi üçün əldə etdiyini və törətdiyi əməldən peşman olduğunu bildirmişdir. Məhkəmədə tədqiq edilmiş məhkəmə kimyəvi ekspertizasının 15 yanvar 2023-cü il tarixli 18/48 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs...” sözləri yazılmış kağız paketdəki 04 ədəd polietilen kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkisi-10,502 qram, 7,227 qram, 9,978 qram, 17,966 qram, ümumi təmiz çəkisi- 45,673 qram olan maddələr kustar üsulla hazırlanmış, xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli narkotik vasitə heroindir. Təhqiqata təqdim edilmiş üzərindəki ağ kaızda: “...Təqsirləndirilən şəxs yaşadığı...” sözləri yazılmış və imzalar olan polietilen torba bağlamadakı 1 ədəd polietilen torbada çəkisi 2375,0 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs və onun evindən götürülmüş ümumi çəkisi-2420,673 qram olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidir. Cinayət işinin materiallarında olan ibtidai istintaq orqanının qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən götürülmüş ümumi çəkisi-2420,673 qram olan heroinlər maddi sübut kimi tanınaraq saxlanılması üçün Hacıqabul Rayon Polis Şöbəsinə təhvil verilmişdir. Məhkəmədə tədqiq edilmiş ambulator məcburi narkoloji tibbi yoxlama rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası NK-nin 09 fevral 2006-cı il tarixli 39 saylı “Narkotiklərin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlətinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq edilmiş kompleks ambulator məhkəmə-psixatrik və psixoloji ekspertizasının 04 fevral 2023-cü il tarixli, 603 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs emosional davamsız şəxsiyyət pozuntusu aşkar olunur. Təqsirləndirilən şəxs aşkar edilən şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, təsvir olunan cinayət əməli dövründə onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etsin. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malikdir. Hazır ki, psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs halhazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əqli imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar edilmir. Təqsirləndirilən şəxs törətdiyi hadisə zamanı fizioloji affekt vəziyyətində olmamışdır. Cinayət işinin materiallarında olan 14 yanvar 2023-cü il tarixdə saat 17:35-də tərtib edilmiş protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman onun üzərindən 04 ədəd sellofan bükümdə narkotik maddə heroin aşkar edilmişdir. Bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Ona görə də Təqsirləndirilən şəxs üzərində 14 yanvar 2023-cü il tarixdə saat 17:35-də şəxsi axtarış və götürmə aparılması ilə əlaqədar hərəkətləri özündə əks etdirən 1 ədəd disk protokola əlavə edilmişdir. Cinayət işinin materiallarında olan olan 14 yanvar 2023-cü il tarixdə saat 18:30-da tərtib edilmiş protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs yaşadığı mənzildə baxış və götürmə aparılan zaman onun yaşadığı evdən 01 ədəd sellofan torbada narkotik maddə heroin aşkar edilmişdir. Bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Ona görə də Təqsirləndirilən şəxs yaşadığı evdə xx.xx.2023-cü il tarixdə saat 18:30-da baxış və götürmə aparılması ilə əlaqədar hərəkətləri özündə əks etdirən 1 ədəd disk protokola əlavə edilmişdir. Məhkəmədə 14 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində axtarış və götürmə və yaşadığı evə baxış keçirmə və götürmə istintaq hərəkətlərinin görüntüləri özündə əks etdirən disklərə baxış keçirilərkən müəyyən edilmişdir ki, axtarış və baxış istintaq hərəkəti protokollarında qeyd edilənlər disklərdə olan görüntülərlə üst-üstə düşür. Bundan başqa Müdafiəçi vəsatətinə əsasən Təqsirləndirilən şəxs 14 yanvar 2023cü il tarixdə deyil, 13 yanvar 2023-cü il tarixdə saxlanılaraq həmin tarixdə üzərində şəxsi axtarış və yaşadığı evə baxış keçirildiyini aydınlaşdırmaq məqsədi ilə onun istifadəsində olan ********** nömrəli telefonun 04 yanvar 2023-cü il tarixdə saat 09:00-dan 14 yanvar 2023-cü il tarixdə saat 23:59-a kimi olan müddətdə anten dairələrini müəyyən edilməsi barədə qərarın icrası ilə əlaqədar məhkəməyə daxil olmuş məlumatlardan görünür ki, hələ 13 yanvar 2023-cü il tarixdə saat 11:35-dən həmin gün saat 23:39-a kimi olan müddət ərzində Təqsirləndirilən şəxs istifadə etdiyi nömrə ilə 23 halda müxtəlif abonentlərlə danışıqlar aparması təsdiq olunur. Sonuncu zəng həmin gün saat 23:45-də daxil olmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, üzərində və evində aşkar edilən narkotik vasitə heroinin ona aid olmadığını bildirmişdir. Məhkəmə onun bu ifadəsini özünü müdafiə məqsədi daşımaqla məhkəmədə heç bir sübutla təsdiq edilməyən və işin faktiki hallarına uyğun gəlməyən ifadə olduğundan, habelə məhkəmədə tədqiq edilmiş mötəbər sübutlarla tamamilə təkzib edildiyindən həmin ifadəyə tənqidi yanaşır və sübut kimi qəbul etmir. Belə ki, məhkəmədə tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vəkilinin iştirakı ilə verdiyi etirafedici ifadəsi, dindirilmiş şahidlərin ifadələri, onun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə əlaqədar keçirilmiş məhkəmə iclasında əməlini etiraf etməsi barədə verdiyi izahatı, üzərindən və evindən aşkar edilərək götürülmüş heroinlərin eyni tərkibli olması barədə məhkəmə kimyəvi ekspertizasının rəyi, məhkəmədə tədqiq edilmiş vəkilinin iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış və evinə baxış keçirilməsi haqqında istintaq hərəkəti protokolları, cinayət işinin materiallarına əlavə edilmiş telefon danışıqlarına dair məlumatlarla tamamilə təkzib edilir. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri işin faktiki hallarına uyğun gələn ifadələr kimi qiymətləndirir və sübut kimi qəbul edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 21-ci madəsinə görə narkotik vasitərin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün bir narkotik vasitənin və psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Bu həcm isə 2005-ci il 28 iyun tarixli, 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsulliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahısı” əsasında tənzimlənir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarı da bu mövqedən çıxış edir. Belə ki, həmin qərarın 9-cu bəndinin 2-ci hissəsində qeyd edilmişdir ki, təqsirkarın nakotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi , narkotik vasitələrin xırda bükümlərə ayrılması və işin digər halları nəzərə alınmalıdır. Beləliklə, məhkəmə ittiham üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-nin 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətlərin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Ona görə də Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib, həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. İşdə olan hüquqi sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 1972-ci ildə Qazı-Məmməd şəhərində anadan olmuşdur. Hacıqabul şəhəri, M.F.Axundov küçəsi, ev 6-da qeydiyyatda olmaqla yaşamışdır və yaşayış yeri üzrə mənfi səciyyələndirilir, İİ qrup əlildir. İşdə olan Hacıqabul Rayon Məhkəməsinin 16 yanvar 2023-cü il tarixli qərarının surətindən görünür ki, həmin qərara əsasən Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 14 yanvar 2023-cü tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən və hökmlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Hacıqabul Rayon Məhkəməsinin 14 sentyabr 2007-ci il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 06 may 2009-cu il tarixdə Milli Məclisin 17 mart 2009-cu il tarixli “Amnistiya” qərarına əsasən azad olunmuşdur. Təqsirləndirilən şəxs Hacıqabul rayon Məhkəməsinin 14 may 2010-cu il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 24 avqust 2012-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Təqsirləndirilən şəxs Hacıqabul Rayon Məhkəməsinin 02 aprel 2013-cu il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə 03 il müddətinə azadlıqdan məhrumetmə və ərazi narkoloji dispanserdə qeydiyyata alınması cəzasına məhkum edilmiş, 06 fevral 2016-cı il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Təqsirləndirilən şəxs Hacıqabul Rayon Məhkəməsinin 17 noyabr 2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respunlikası CM-nin 234.1-ci maddəsi ilə 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 28 iyul 2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Təqsirləndirilən şəxs Hacıqabul Rayon Məhkəməsinin 28 mart 2019-cu il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 14 yanvar 2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Təqsirləndirilən şəxs Hacıqabul Rayon Məhkəməsinin 01 yanvar 2021cu il tarixli hökmünə əsasən CM-nin 228.1-ci maddəsi ilə 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Binəqədi Rayon Məhkəməsinin 31 avqust 2022-ci il tarixli qərarı ilə 01 ay 14 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən aşağıda göstərilənləri nəzərə alır. CM-nin 8-ci maddəsi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.1-ci maddəsinə əsasən cəzanın anlayışına görə, cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəzanın məqsədini təsbit edən CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bu Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş cəza cinayət qanununun Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təyin olunur və bu zaman törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəzanın təyin etmənin ümumi əsaslarını təsbit edən CM-nin 58.3-ci maddəsində cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəzanı yüngülləşdirən hallar dedikdə CM-nin 59-cu maddəsində sadalanan, eləcədə 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə CM-nin 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs İİ qrup əlil olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Eyni zamanda məhkəmədə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə məhkum olunsa da həmin məhkumluqları qanunla müəyyən edilmiş qaydada ödənilmişdir. Lakin Təqsirləndirilən şəxs Hacıqabul Rayon Məhkəməsinin 28 mart 2019-cu il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 14 yanvar 2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Hacıqabul Rayon Məhkəməsinin 01 yanvar 2021-cu il tarixli hökmünə əsasən CM-nin 228.1-ci maddəsi ilə 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Binəqədi Rayon Məhkəməsinin 31 avqust 2022-ci il tarixli qərarı ilə 01 ay 14 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Göründüyü kimi Təqsirləndirilən şəxs əvvəllər törətmiş olduğu məhkumluqları ödənilməmiş qəsdən ağır cinayət törətmişdir. CMnin 18-ci maddəsinə əsasən onun əməlində cinayətlərin təhlükəli residivi halı mövcuddur. Ona görə də bu hal CM-nin 61-ci maddəsinə əsasən ona cəza təyin edilərkən cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və CM-nin 65.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərədə tutulan ciddi cəzanın üçdə ikisindən az olmamaqla müddəasına əsaslanmaqla ona cəza təyin edilməlidir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı ağırlaşdıran halın olmasını və işin vəziyyətini nəzərə alıb belə nəticəyə gəlir ki, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan yuxarı həddə yaxın azadlıqdan məhrum etmə cəzası təyin edilməli və həmin cəzanı çəkməlidir. CM-in 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu vaxtdan, 14 yanvar 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməlidir. Məhkəmə ambulator məcburi narkoloji tibbi yoxlama rəyinə əsasən hesab edir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunsa da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 saylı “Narkotiklərin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlətinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq halhazırda Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ona görə də onun barəsində narkomaniyadan müalicə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilməz, lakin onun ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş üzrə maddi sübut olan Hacıqabul Rayon Polis Şöbəsində saxlanılan qalıq çəkisi 2420,423 qram narkotik vasitə heroin məhv edilməldir. İş üzrə məhkəmə xərci 49 manat 74 qəpik Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 44, 51-2, 132, 318, 344- 349, 351-353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasının ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin başlanğıcı 14 yanvar 2023-cü il tarixdən hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyşdirilməsin. O ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Hacıqabul Rayon Polis Şöbəsində saxlanılan qalıq çəkisi 2420,423 qram narkotik vasitə heroin məhv edilsin. İş üzrə məhkəmə xərci 49 manat 74 qəpik Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi andan) 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-415/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-415/2023
18.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver