Məhkəmə qərarları › İş №1(099)-416/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-416/2023

12.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-416/2023 12.06.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi ilə hakimlər - Məmmədov Neymət Hüsən oğlu və Səfərli Cavid Şamil oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxx 1989-cu il tarixdə Astara rayonu, Tüləküvan kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Astara rayonu, Tüləküvan kəndində qeydiyyatda olan və həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə -CM) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və tarixdə satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda, yəni 1215,400 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana əldə edib daşımaqla 35,400 qram çəkidə özündə saxlamış, qalan 1180 qram çəkidə hissəsini isə Astara rayonu Tüləküvan kəndində yerləşən asfalt yolun kənarında tikanlı kolların dibində gizlətmiş, Narkotiklərlə Mübarizə İdarəsinin X1 Şöbənin əməkdaşları tərəfindən 26 fevral 2023-cü il tarixdə saat 15:50 radələrində Astara rayonu Tüləküvan kəndində yerləşən qəbirstanlığın yaxınlığındakı küçədə saxlanılaraq BNMİ-nin CBRŞ-nin inzibati binasına gətirildikdən sonra saat 17:15 radələrində şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan gödəkcənin sol yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 35,400 qram olan narkotik vasitə qurudulmuş marixuana, daha sonra həmin gün saat 20:00 radələrində Astara rayonu Tüləküvan kəndində yerləşən asfalt yolun yolun sol kənarında təxminən 20-30 metr aşağı istiqamətdə yerləşən tikilidən aralıda tikanlı kolların dibindən gizlətdiyi 1 ədəd qara sellofan torbada təmiz çəkisi 1180 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 26 fevral 2023-cü il tarixdə Astara rayonu Tüləküvan kəndində yolda yeriyərkən polis əməkdaşları tərəfindən saxlanılmış və X2 aparılmışdır. Saxlanılan zaman üzərində öz istifadəsi üçün saxladığı 3 qram marixuana olmuş, həmin marixuananı Astara rayonu Tüləküvan kəndindən tapmışdır. Marixuananı tapdığı zaman siqaretin içində doldurulmuş vəziyyətdə olmuşdur. 1 kq marixuana ona məxsus olmamış, polislər tərəfindən zor tətbiq edildiyindən narkotiki üzərinə götürmüş və çəkiliş zamanı narkotikin özünə məxsus olduğunu bildirmişdir. Saxlanılarkən polis əməkdaşları tərəfindən döyülmüşdür. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı ifadələrində və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan onun ibtidai istintaq dövründə müdafiəçisinin iştirakı ilə verdiyi etirafedici ifadəsi elan olunmuş, o, həmin ifadəsində özünü təqsirli bilərək göstərmişdir ki, marixuana istifadəçisidir. Saxlanılmamışdan 10 gün əvvəl yaşadığı kəndin yaxınlığındakı meşəlikdə bir bağlama marixuana tapmış, ondan bir az çəkmək üçün götürmüş, qalanını isə aparıb yaşadığı kənddə asfalt yoldan bir qədər kənarda kolların arasında gizlətmişdir ki, nə vaxt çəkmək üçün lazım olsa gəlib oradan götürər. Bu barədə isə heç kimə məlumat verməmişdir. 26 fevral 2023-cü il tarixdə saat 15-16 radələrində yaşadığı Astara rayonu, Tüləküvan kəndində yerləşən qəbirstanlığın yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılmış, Regional şöbəyə aparılmış, üzərinə videoçəkilişlə vəkilin iştirakı ilə şəxsi axtarış keçirilmiş, şalvarının cibindən öz istifadəsi üçün saxladığı bir büküm marixuananı çıxarıb təqdim etmiş, narkotikin bir hissəsini yaşadığı Tüləküvan kəndi ərazisində gizlətdiyini demişdir. Bundan sonra Astara rayonu, Tüləküvan kəndi ərazisinə yollanmışlar. Kəndin asfalt yolun sol kənarında təxminən 20-30 metr aşağı istiqamətdə yerləşən tikilidən aralıda tikanlı kolların dibində gizlətdiyi bir ədəd qara rəngli sellofan torbada olan marixuananı təqdim etmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, yuxarıda göstərilən cinayət əməlini Təqsirləndirilən şəxs törətmişdir. Onun törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilməklə ibtidai istintaq zamanı vermiş olduğu etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahid ifadələri, habelə tədqiq olunmuş ekspertiza rəyləri, cinayət işində olan istintaq sənədləri, protokolları, maddi sübut və işin digər halları ilə kifayət qədər sübuta yetirilir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Baş Narkotiklərlə Mübarizə İdarəsinin X1 Şöbəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Astara rayonu Tüləküvan kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatına əsasən əməliyyat qrupu yaradılmış və xx.xx.2023-cü il tarixdə saat 15 radələrində Təqsirləndirilən şəxs Astara rayonu Tüləküvan kəndində qəbirstanlığın yaxınlığında saxlamışlar. Həmin vaxt Təqsirləndirilən şəxs onlardan qaçmaq istəyərkən ayağı büdrəyərək dərədən yerə yıxılmışdır. O, saxlanılmış və üzərində şəxsi axtarış keçirilməsi üçün X1 Şöbəyə aparılmış, videoçəkilişlə onun üzərinə şəxsi axtarış keçirilmiş, o, gödəkcəsinin sol yan cibindən bir ədəd sellofan büküm çıxarıb təqdim edərək içərisində qurudulmuş marixuana olduğunu, narkotikin özünə məxsus olduğunu, bağlamanı yaşadığı Astara rayonu, Tüləküvan kəndindinin yaxınlığındakı meşə ərazisində tapdığını, bir hissəsini çəkmək üçün özündə saxladığını, qalan hissəsini isə həmin kənd ərazisində gizlətdiyini və onu təqdim edə biləcəyini bildirmişdir. Həmin gün saat 20 radələrində onun vəkilinin iştirakı ilə videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs narkotik vasitənin gizlətdiyi yerə yollanmışlar. Təqsirləndirilən şəxs Astara rayonu Tüləküvan kəndində asfalt yolun sol kənarında təxminən 20-30 metr aşağı istiqamətdə yerləşən tikanlı kolların arasından bir ədəd qara rəngli sellofan torba çıxarıb təqdim etmişdir. Həmin torbanın içərisində marixuana aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin kütləni təxminən 10 gün əvvəl kənddə yerləşə meşə ərazisində tapdığını, özü narkotik vasitə istifadəçisi olduğu üçün bir qədərini götürdükdən sonra istədiyi vaxt gəlib götürməsi üçün qalanını da kənd ərazisində gizlətdiyini bildirmişdir. Təqsirləndirilən şəxs kiməsə narkotik satmasından məlumatı yoxdur. Təqsirləndirilən şəxs tutulacağından qorxub meşə istiqamətinə dərəyə qaçarkən yıxılmışdır. Bundan sonra o, meşəlik ərazisində saxlanmışdır. Təqsirləndirilən şəxs qarşı zor tətbiq etməmişdir. Onun üzərinə heç kim narkotik qoymamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş polis əməkdaşları Şahid2 və Şahid3 eyni məzmunlu ifadələr verərək Şahid1 göstərdiyi xüsusatlar üzrə eyn məzmunlu ifadə verərək Təqsirləndirilən şəxs qarşı zor tətbiq etmədiklərini, onun üzərinə heç kim tərəfindən narkotik qoyulmadığını, narkotikin özünə məxsus olmasını etiraf etdiyini, saxlanılan zaman qaçmaq istəyərkən yerə yıxılıb xəsarət aldığını göstərmişlər. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan məhkəmə fiziki-kimyəvi və bioloji ekspertizasının 27 fevral 2023-cü il tarixli 19/237 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümdə qurudulmuş marixuanaya bənzər kütlə qablaşdırıldı və möhürləndi....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi: -35,400 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. - Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs Astara rayonu Tüləküvan kəndi ərazisində təqdim etdiyi 01 ədəd bükümdə qurudulmuş marixuanaya bənzər kütlə qablaşdırıldı və möhürləndi....” sözlər və imzalar olan bir ədəd bağlamadakı təmiz çəkisi: - 1180,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. - Tədqiqata təqdim edilmiş “Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümdə qurudulmuş marixuanaya bənzər kütlə qablaşdırıldı və möhürləndi....” və “Təqsirləndirilən şəxs Astara rayonu Tüləküvan kəndi ərazisində təqdim etdiyi 01 ədəd bükümdə qurudulmuş marixuanaya bənzər kütlə qablaşdırıldı və möhürləndi....” sözlər və imzalar olan 1 ədəd zərfdəki və 1 ədəd bağlamadakı ümumi sayı 2 ədəd olmaqla, ümumi təmiz çəkisi: 1215,400 qram olan marixuanalar bioloji tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 239 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan və videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sol yan cibindən bir ədəd sellofan bükümdə qurudulmuş marixuananı çıxarıb təqdim edir. Təqsirləndirilən şəxs narkotik vasitənin özünə məxsus olduğunu, saxlanılarkən polis əməkdaşlarından qaçan zaman yıxılaraq xəsarət aldığını bildirmişdir. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2023-cü il tarixli baxış və götürmə aparılması haqqında protokoldan və videogörüntüdən görünür ki, Astara rayonu Tüləküvan kəndində asfalt yolun kənarında təxminən 20-30 metr aşağı istiqamətdə yerləşən tikilidən aralıda tikanlı kolların dibindən bir ədəd qara rəngli sellofan torbada narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığının cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olması halları ilə bağlı məlumat əldə olunsa da, onun əldə etdiyi narkotik vasitəni haradan əldə etməsi, habelə narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat əldə olunmamışdır. Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsindən digər nömrələrə, digər nömrələrdən qeyd olunan nömrəyə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində edilən zənglərin və SMS-lərin siyahısı ilə iş üçün əhəmiyyət kəsb edən hallar müəyyən edilməmişdir. İş materiallarında olan 28 fevral 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 1215,200 qram narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmış və saxlanılması üçün Astara RPŞ-yə təhvil verilmişdir. İş materiallarında olan 22 aprel 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarın 3-cü bəndinə əsasən şəxsi axtarış və baxış keçirilməsi haqqında videogörüntülərin yazıldığı 2 ədəd DVD disk iş üçün əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. Həmin cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsilə ayrıca icraata cinayət işi ayrılmışdır. İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materillarında olan şəxsiyyət vəsiqələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2010-cu il təvəllüdlü qızı Gülnaz və xx.xx.2013-cü il təvəllüdlü oğlu Nəriman vardır. İş materiallarında olan məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs məhkəmə istintaqında özünün müdafiəsi üçün dəlillər gətirərək üzərində 3 qramdan artıq marixuana olmadığını, digər marixuananlırın polis əməkdaşları tərəfindən üzərinə qoyulduğunu, polis şöbəsində döyüldüyündən məcbur olub narkotikin özünə məxsus olmasını etiraf etdiyini, müstəntiqə verdiyi ifadəsini təsdiq etmədiyini göstərmişdir. Məhkəmə təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi xüsusatlara tənqidi yanaşaraq bu ifadələri işin obyektiv hallarına uyğun olmayan, cinayət məsuliyyətindən yayınmaq, özünü müdafiə etmək məqsədi ilə uydurulmuş və işin faktiki halları ilə təkzib edilən xüsusatlar kimi qiymətləndirir və Təqsirləndirilən şəxs ifadəsinin bu hissəsini inandırıcı hesab etmir. Belə ki, təqsirləndirilən şəxsin ona qarşı polis əməkdaşları tərəfindən zor tətbiq olunması və ya hədə-qorxu gəlmələri ilə bağlı irəli sürdüyü dəlillərə məhkəmə münasibət bildirərək qeyd edir ki, həmin fakt üzrə Astara rayon prokurorluğunda araşdırma aparılmış, araşdırma zamanı onun polis əməkdaşlarından qaçıb uzaqlaşarkən yıxılması nəticəsində bədən xəsarəti alması müəyyən edildiyindən, ona qarşı polis əməkdaşları tərəfindən zor tətbiq edilməsi müəyyən olunmadığından 24 mart 2023-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərardan bu günə kimi nə təqsirləndirilən şəxs, nə də ki, onun müdafiəçisi tərəfindən məhkəmə nəzarəti qaydasında şikayət verilməmişdir. Eyni zamanda, Təqsirləndirilən şəxs marixuananın ona məxsus olmaması, polis əməkdaşları tərəfindən qoyulması ilə bağlı göstərdiyi xüsusat ibtidai istintaq zamanı özünün etirafedici ifadəsi ilə yanaşı müdafiəçinin iştirakı ilə videoçəkilişlə aparılan üzərinə şəxsi axtarış və götürmə aparılması, baxış və götürmə aparılması haqqında istintaq hərəkətinin protokolları, habelə məhkəmədə dindirilmiş şahidlərin ifadələri və digər sübutlarla təkzib olunur. Məhkəmədə tədqiq olunmuş şəxsi axtarış keçirilməsi haqqında videoçəkilişdən də görünür ki, Təqsirləndirilən şəxs vəkilin iştirakı ilə gödəkçəsinin cibindən bir ədəd sellofan büküm çıxarıb təqdim edərək marixuananın özünə məxsus olduğunu etiraf edir, polis əməkdaşlarından qaçarkən yıxılması nəticəsində xəsarətlər aldığını bildirir, narkotik vasitənin üzərinə polis əməkdaşları tərəfindən qoyulması və ya hədə-qorxuya məruz qalaraq polis əməkdaşları tərəfindən döyülməsi ilə bağlı hər hansı bir dəlil irəli sürmür. Məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı özünə qarşı verdiyi etirafedici ifadələrin məhz fiziki zor tətbiq etmə nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Məhkəmə tərkibinin belə qənaəti Avropa Məhkəməsinin Azərbaycana qarşı şikayətlərlə bağlı qəbul etdiyi bir sıra qərarlarda öz əksini tapmışdır (Əhmədov Azərbaycana qarşı, N-30364/09, && 42-43? 12 noyabr 2013;Məmmədov Azərbaycana qarşı, N-12 /11/2013, &&23-27? 11 yanvar 2007). Artıq bu hallar təqsirləndirilən şəxsin məhkəmə baxışı dövründə verdiyi ifadələrin məntiqli və ardıcıl olmadığını, hadisənin xarakteri, mexanizmi və inkişafını bir-birindən tam fərqli və bəsit formada reproduksiya edildiyini təsdiq etmiş, ümumiyyətlə onun qeyd olunan mərhələdə verdiyi ifadələr yalan olmaqla məhz real faktların ört-bastır edilməsinə, istintaqın səhv istiqamətə yönəldilməsinə və başqa sözlə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün təqsirləndirilən şəxsin ibtidai araşdırma dövründə verdiyi etirafedici ifadələrini ilə məhkəmə baxışında verdiyi ifadələr arasında ziddiyyət təşkil edən hissəyə münasibətdə onun ibtidai araşdırma dövründə yuxarıda qeyd olunan verdiyi etirafedici ifadəsini, habelə şahidlərin ifadələrini, eskpertizanın rəylərini, «şəxsi axtarış və götürmə aparılması», «baxış və götürmə aparılması» haqqında protokolları, əməlini etiraf etməsinə dair videoçəkilişi və digər sənədləri cinayət təqibi üzrə mötəbər sübut hesab edir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılara əsasən beynəlxalq adı olan qurudulmuş marixuana narkotik vasitədir. Qurudulmuş marixuananın 5 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 500 qramı və ya ondan artıq hissəsi isə külli miqdar hesab olunur. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmiş və onun bu əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad etmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Ona görə də, Təqsirləndirilən şəxs qeyd olunan maddə üzrə təqsirli bilinərək ona cəza təyin olunmalı və o, cəzasını çəkməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə cəzanın təyin edilməsi məsələsini müzakirə edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 234.1-1-ci maddəsi “ağır” cinayətlər kateqoriyasına aiddir, həmin maddənin sanksiyasında üç ildən səkkiz ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-1-ci maddəsində müəyyən edilmiş aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. 26 fevral 2023-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün şübhəli şəxs qismində tutulmuş, 28 fevral 2023-cü ildə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin gün Astara Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 26 fevral 2023-cü ildən hesablanmışdır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin əvvəli tutulduğu vaxtdan – 26 fevral 2023-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı və ərazi narkoloji xəstəxanada qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.0.1-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış və hazırda Astara RPŞ-də saxlanılan 1215,200 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, şəxsi axtarış, baxış keçirilməsinə dair 2 ədəd DVD disklər cinayət işində saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 60 (altmış) manat təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə təyin edilməsi üçün hər hansı bir əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 26 fevral 2023-cü il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və hazırda Astara Rayon Polis Şöbəsində saxlanılan 1215,200 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. 02 ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 60 (altmış) manat təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxslərə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Müşfiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar