Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-416/2025 05.02.2026 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Vəliyeva Ayşən Umud qızı (sədrlik edən), Səfərli Cavid Şamil oğlu və Cəlilov Oruc Yusif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi- X4, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2h Balabəy oğlu, təqsirləndirilən şəxs və onun müdafiəçisi - Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 08 avqust 1985-ci ildə Masallı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu olmayan, Masallı şəhəri, Qarabağ küçəsi ev 9/17-də qeydiyyatda olmaqla barəsində “həbs” qətimkan tədbiri seçilən hazırda Ədliyyə Nazirliyinin PX-nin X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra ARCM-in) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa və məhkəməyə məlum olmayan iranlı “Hoseyn” adlı şəxslə istintaqa və məhkəməyə məlum olmayan tarixdə külli miqdarda narkotik vasitələrin satış məqsədi ilə qanunsuz olaraq əldə edilməsi, saxlanılması və daşınması barədə qabaqcadan əlbir olan bir qrup şəxs halında razılığa gələrək iranlı “Hoseyn” adlı şəxsin 620,0 qram çəkidə külli miqdarda narkotik vasitə heroini, 925,0 qram çəkidə külli miqdarda narkotik vasitə tiryəki və 7785,0 qram çəkidə külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı istintaqa və məhkəməyə dəqiq məlum olmayan tarixdə Masallı şəhəri Digah küçəsi ərazisində yol kənarında otluq sahədə gizlədərək bu barədə “WhatsApp” mobil tətbiq proqramı vasitəsilə ona məlumat verdikdən sonra tək halda piyada həmin yerə gedib orada gizlədilmiş ağ rəngli bağlamada olan külli miqdarda qeyd edilən narkotik vasitələri əldə edib daşımış, Masallı RPŞ-nin əməkdaşları tərəfindən 27 iyun 2025-ci il tarixdə, saat 22:36-da keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı şəhəri Digah küçəsində saxlanılıb orada üzərinə keçirilən yoxlama zamanı əlində olan ona məxsus ağ rəngli bağlamadan 01 ədəd bükülüdə təmiz çəkisi 620,0 qram təşkil edən külli miqdarda tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, 01 ədəd bükülüdə təmiz çəkisi 925,0 qram təşkil edən külli miqdarda xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək və 06 ədəd bükülüdə ayrıayrılıqda təmiz çəkiləri 970,0 qr, 975,0 qr, 1940,0 qr, 1965,0 qr, 945,0 qr və 990,0 qram olmaqla ümumi təmiz çəkisi 7785,0 qram təşkil edən külli miqdarda orqanoleptik əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir-biriləri ilə eyni olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmiş və verilən suallara cavab olaraq qeyd etmişdir ki, 2025-ci il 27 iyun tarixində saat təxminən günorta 3 radələrində Masallı Rayon Cinayət Axtarış Bölməsinin rəisi “Nəsimi” ona zəng edərək “Qarabağ” adlı marketin yanına çağırmış və onun tutulmalı olduğunu bildirmişdir. O, evinin qapılarını bağlamağa, çantasını yığmağa vaxt istəmiş, onlar razılaşaraq onu səhər aparacaqlarını bildirmişlər. Yarım saat sonra yenə zəng edib onu çağırmışlar, bundan sonra Masallı Rayon rəis müavini “Cahangir” gəlmiş və onu Masallı rayonu ərazisində yerləşən İstisu istirahət mərkəzinə aparmışlar. Orada onlardan onu niyə tutmaq istədiklərini soruşmuş, hətta bu barədə “Nəsimi” ilə olan telefon danışıqlarının səs yazısı vardır. Həmin tarixdə onun telefonunda vatsap mobil şəbəkəsi açıb iranlı ilə danışmağını bildirmişlər. Əvvəl onlar özləri danışmış, sonra o da iranlıya səs atmışdır. Nəsimi ona öz sürücüsü Şərifin telefonu ilə zəng etmişdir. Şərifin telefon nömrəsi ***-***-**-** olmuşdur. Onun telefonunda iranlı heç kimin nömrəsi olmamış, tutulduqdan sonra Hoseyn adlı şəxsin nömrəsini polislər özləri onun telefonuna yazıb ona səslər və video göndərtmişlər. O, 27 iyun 2025-ci il tarix, günorta saat 3-dən sonra tutulmuş, onu gah Masallı İstisuya, gah da Yardımlıya aparmış, axırda Masallı rayonu, Digah qəsəbəsi ərazisində sənədləşdirmişlər. İranlıya göndərdiyi videonu Yardımlı rayonuna gedəndə polis maşınında oturub çəkmişdir, əslində isə o, Hoseyn adlı şəxsi tanımamışdır, Şərif tutulmazdan bir neçə ay əvvəl də ona zənglər etmiş, zənglərin məzmunu onun tutulmalı olması ilə bağlı olmuşdur, Nəsiminin onunla qərəzi olmuşdur, onun telefon nömrəsi **********-dir, tutulduğu vaxta qədər bu nömrəni istifadə etmişdir. O, iranlı Hoseyn adlı şəxsi tanımır, onunla əvvəllər danışmamışdır, tutulan vaxtı telefonu sönülü olmuşdur, tutulmazdan təxminən 1 ay əvvəl Bakı şəhərinə getmiş, 10-15 gün orada qalmışdır, Bakıya narkotik aparmamışdır. Məhkəmədə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsinin ziddiyyətli olan hissəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, o ibtidai istintaq zamanı ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməklə ifadəsində törətdiyi cinayət əməlini qismən etiraf edərək göstərmişdir ki, Narkotik vasitə istifadəçisidir və sonuncu dəfə tutulmazdan təxminən 2 ay əvvəl dəqiq xatırlamadığı tarixdə “Facebook” sosial şəbəkəsində “Hoseyn” adlı profilin sahibi ilə tanış olmuşdur. Həmin şəxs ona özünü İran İslam Respublikasının vətəndaşı Hoseyn adlı şəxs kimi təqdim etmişdir. Aralarında “Facebook” sosial şəbəkəsində bir qədər söhbətləşdikdən sonra onunla daha rahat danışa bilmək üçün bir-birilərinə məxsus “whatsapp” mobil tətbiqində istifadə etdikləri telefon nömrələrini vermişdir. Belə ki, o özünə məxsus olan “whatsapp” mobil tətbiqində istifadə etdiyi ***-***-**-** saylı telefon nömrə ilə həmin şəxsin “whatsapp” mobil tətbiqində istifadə etdiyi +98 ***-***-**-** saylı nömrəsi ilə smsləşməyə və zəng vasitəsilə danışmağa başlamışdır. Bir müddət danışdıqdan sonra o, Hoseyn adlı həmin şəxsə narkotik vasitə istifadəçisi olduğunu bildirmişdir. Hoseyn adlı şəxs isə ona Azərbaycan Respublikasında narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan müxtəlif şəxslərlə əlaqələrinin olduğunu və onun vasitəsi ilə həmin şəxslərə narkotik maddələr göndərə biləcəyini, qarşılığında isə ona lazımı qədər pul verə biləcəyini demişdir. Onun hər hansı bir daimi işim olmadığından və pula ehtiyacı olduğu üçün həmin şəxslə razılaşmışdır. Tutulmamışdan təxminən bir ay əvvəl Hoseyn adlı şəxslə arasında olan razılıq əsasında Hoseyn Masallı rayonu Şərəfə kəndində hazırda yerini dəqiq xatırlamadığ ərazidə bağlamada narkotik vasitələr qoyaraq ona “whatsapp” mobil tətbiqi vasitəsi ilə xəritəni göndərmişdir. Hoseynin göndərdiyi xəritə ilə gedərək həmin bağlamanın yerini müəyyən etmişdir, bağlamanın içərisində istifadəsi üçün ona ayrıca qoyulmuş narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamini götürüb bağlamada olan digər narkotik vasitələri və psixotrop maddələri isə Hoseynin ona “whatsapp” mobil tətbiqi vasitəsi ilə göndərdiyi xəritə ilə gedərək Bakı şəhəri Bayıl qəsəbəsində hazırda xatırlamadığı ərzaziyə qoymuşdur. Bunun müqabilində də Hoseyn həmin ərazidə daşın altına qoydurduğu 1470 manat pulu götürmüşdür. Ona ayrılmış narkotik vasitə olan heroini və psixotrop maddə metamfetaini isə hissə-hissə istifadə edərək qurtarmışdır. Həmin vaxtdan sonra da Hoseynlə əlaqələri davam etmişdir. Lakin aralarında olan səs və sms yazışmalarını mobil telefonunun “whatsapp” mobil tətbiqindən mütəmadi olaraq silmişdir. Tutulmamışdan bir müddət əvvəl Hoseynlə “whatsapp” mobil tətbiqi vasitəsi ilə əlaqə saxlayan zaman Hoseyn ona yenidən külli miqdarda narkotik maddələr olan bağlama göndərəcəyini, həmin bağlamanı Masallı rayonu ərazisində qoyduracağı yerdən götürüb onun deyəcəyi yerə aparağını, bunun müqabilində isə ona 1500 manat pul verəcəyini bildirmişdir. O, Hoseynlə razılaşmışdır və bundan sonra xx.xx.2025-ci il tarixdə saat 22 radələrində Hoseyn “whatsapp” mobil tətbiqi vasitəsi ilə ona içərisində narkotik maddələr olan bağlamanın qoyulduğu yerin xəritəsini göndərərək gedib həmin bağlamanı götürməyini demişdir. O, həmin bağlamanı götürdükdən sonra Hoseynə bu barədə deməliymiş. Hoseyn isə ona bağlamanı aparıb təhvil verəcəyi yerin xəritəini göndərməliymiş. Həmin tarixdə Hoseyn “whatsapp” mobil tətbiqi vasitəsi ilə ona bağlamanın qoyulduğu yerin xəritəsini göndərdikdən sonra o, həmin yerə getmişdir. Belə ki, həmin bağlama Masallı şəhəri Digah küçəsi ərazisində yolun kənarındakı otluq hissəyə qoyulmuşdur. Narkotik maddələrin qoyulduğu ərazi yaşadığı ünvana yaxın olduğundan o, həmin əraziyə tək gedib böyük ölçüdə ağ rəngli bağlamanı oradan tapıb əlinə götürüb piyada yol ilə yaşadığı evə gələn zaman bir nəfərin videoçəkiliş aparmaqla əlavə olaraq 4 nəfər şəxsin ona yaxınlşadığını görmüşdür. Həmin şəxslər ona yaxınlaşdıqdan sonra özünü Masallı RPŞ-nin əməkdaşı kimi təqdim edən Şahid1, qanunsuz olaraq külli miqdarda narotik maddələrin dövriyyəsində şübhəli olduğu üçün onu saxladıqlarını və onunla birlikdə gələn polis əməkdaşlarının Zamir, Şərif, İlkin və Ramal adlı şəxslər olduğunu bildirmişdir. Şahid1 ona hüquqlarını izah etdikdən sonra üzərində qanunla qadağan olunmuş əşya və ya predment varsa onları təqdim etməyini demişdir. O, külli miqdarda narkotik maddələr əldə etdiyini polis əməkdaşlarının artıq hardansa bildiklərini və yalan danışmağının heç bir mənasının olmadığını dərk etdiyindəm əlində saxladığı həmin bağlamanı (kisəni) polis əməkdaşlarına təqdim edərək, təqdim etdiyi bağlamanın içərisində narkotik maddələr olduğunu, həmin bağlamanı sosial şəbəkədən tanış olduğu İran İslam Respublikasının vətəndaşını Hoseyn adlı şəxsdən əladə etdiyini, eyni qaydada əvvəllər də həmin şəxsin vasitəsi ilə narkotik maddələr əldə etdiyini, hazırda isə əldə etdiyi narkotik maddələri 1500 manat pul qarşılığında sonradan deyiləcək lazımi yerə aparıb qoyacağını deyib şalvarının sağ yan cibindnə olan özünə məxsus “Samsung” markalı mobil telefonu da çıxardıb təqdim edərək İran vətəndaşı ilə həmin telefonun “whatsapp” mobil tətbiqi vasitəsi ilə əlaqə saxladığını bildirmişdir.( i.v. 65-68, 205-208) Təqsirləndirilən şəxs ifadələri arasındakı ziddiyyətin səbəbini polis əməkdaşlarının ona psixi təzyiq etməsi ilə əsaslandırmış, ibtidai istintaqdakı ifadələrini təsdiq etmədiyini bildirmişdir. Sonda təqsirləndirilən şəxs barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə dindirilmiş Şahid3 ifadəsində göstərmiş və verilən suallara cavab olaraq qeyd etmişdir ki, 2025-ci il 27 iyun tarixində Şahid1 daxil olmuş əməliyyat məlumatı əsasında həmin gün saat 22:00 radələrində Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmişlər, şəxsi tutmamışdan əvvəl təxmini yarım saat müşahidə etmişlər, onu rayon polis şöbəsinə aparmışlar, orada üzərindən 8 bükümdə narkotik vasitə aşkar olunmuşdur, aşkar olunmuş narkotik vasitənin növündən qurdulmuş marixuananı xatırlayır, Şəxs narkotik vasitə ilə bağlı İran vətəndaşı ilə danışdığını, 1500 manat məbləğinə onun dediyi ünvana çatdırmalı olduğunu demişdir. Şəxsə qarşı heç bir zor tətbiq edilməmişdir, şəxsi İstisu ərazisinə aparmamışlar, bildirdikləri yalandır, şöbədə Nəsimi adında polis əməkdaşı olmuş, ancaq o, həmin əməliyyat tədbirində iştirak etməmişdir, Cahangir adlı polis əməkdaşı Anarı qəbul etməmişdir, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. İş üzrə dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmiş və verilən suallara cavab olaraq qeyd etmişdir ki, şəxsi Masallı şəhəri Digah küçəsində, vərəm dispanserinin yaxınlığında saxlamışlar, üzərindən 6 büküm marixuana, 1 büküm heroin, 1 büküm tiryək aşkar olunmuşdur, şəxsi saxlayan vaxt 4 polis və 1 kriminalist olmaqla 5 nəfər olmuşlar, şəxsi piyada hərəkət edən zaman saxlamışlar, oraya yol taksisi ilə gəldiyini bildirmişdir, şəxsin gələcəyi maşın barədə məlumat olmamışdır, Nəsimi adlı polis əməkdaşı tədbirdə iştirak etməmiş, onun tərəfindən şəxsə qarşı təzyiq göstərilməsi kimi hal olmamışdır. İş üzrə dindirilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmiş və verilən suallara cavab olaraq qeyd etmişdir ki, Masallı RPŞ-də Post Patrul Xidməti əməkdaşıdır, Nəsimi və Cahangir adlı polis əməkdaşları əməliyyat tədbirində iştirak etməmiş, şəxsə qarşı o və ya digər polis əməkdaşları tərəfindən zor tətbiq edilməmişdir, o, tədbirə kömək məqsədilə getmişdir. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (Təqsirləndirilən şəxsin (qismən), şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: - «Şübhəli şəxsin tutulması haqqında» 28 iyun 2025-cü il tarixli, protokoldan görünür ki, Təqsirləndirilən şəxs 27 iyun 2025-cu il tarixdə saat 22:36-da ARCM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. ( i.v. 19-20) - «Əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi» 27 iyun 2025-cü il tarixli protokoldan və ona əlavə edilmiş videoçəkilişdən görünür ki, üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs üstündə qanunla qadağan olunmuş əşyalar varsa təqdim etməsi təklif edilmiş. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əlində olan bir ədəd ağ rəngli bağlamanı təqdim etmişdir. Həmin bağlamanın bir müddət əvvəl sosial şəbəkədə tanış olduğu "Hüseyn" adlı İran İslam Respublikası vətəndaşı tərəfindən "Whatsapp" tətbiqi vasitəsilə əlaqə saxlayaraq razılaşdıqdan sonra göndərməsini və içərisində narkotik vasitələr olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sağ yan cibindən "Hüseyn" adlı İran İslam Respublikası vətəndaşı ilə "Whatsapp" tətbiqi vasitəsilə əlaqə saxladığı 01 ədəd "Samsung" markalı mobil telefonu da çıxarıb təqdim etmiş, həmin bağlama tərəflərindən açılaraq baxılmış və içərisində ayrı-ayrı bükümlərdə 01 kiloqram 005 qram, 01 kiloqram 955 qram, 01 kiloqram 110 qram, 01 kiloqram, 01 kiloqram və 02 kiloqram 010 qram narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr, 645 qram külli miqdarda narkotik vasitə heroinə bənzər kütlə, 955 qram külli miqdarda narkotik vasitə tiryəkə bənzər kütlə aşkar olunmuşdur. Sübut əhəmiyyətinə malik olduğu üçün narkotik vasitə qurudulmuş marixuanaya, heroinə və tiryəkə oxşar kütlələr və 01 ədəd "Samsung" markalı mobil telefon qablaşdırılaraq saxlanılan şəxs və iştirakçılar tərəfindən imzalanmaqla götürülmüşdür. Sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış. Yoxlama zamanı sonuncunun əynində olan göy rəngli şalvarın sol yan cibindən 01 ədəd 10 manat və 03 ədəd 1 manat olmaqla 13 (on üç) manat pul əskinasları aşkar olunmuş və sübut əhəmiyyətinə malik olduğu üçün pul əskinasları qablaşdırılaraq, saxlanılan şəxs və iştirakçılar tərəfindən imzalanmaqla götürülmüşdür. ( i.v. 09-11) - Masallı Rayon Məhkəməsinin 29 iyun 2025-cü il tarixli, 4(050)-46/2025 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Təqdimata baxılan zaman o, əməlini etiraf etmişdir. ( i.v. 74-77) - Məhkəmə kimyəvi-bioloji ekspertizasının 28 iyun 2025-ci il tarixli, 19/268 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “vət.Təqsirləndirilən şəxs məxsus narkotik vasitələrə bənzər maddələr...” sözlər və imzalar olan kisədəki, 1 ədəd bükülüdə təmiz çəkisi 620,0 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; 1 ədəd bükülüdə təmiz çəkisi 925,0 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir; 6 ədəd bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri- 970,0 qr, 975,0 qr, 1940,0 qr, 1965,0 qr, 945,0 qr və 990,0 qram, ümumi təmiz çəkisi 7785,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır, orqanoleptik əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. (i.v. 38-41) - Məhkəmə-narkoloji ekspertizasının 30 iyun 2025-ci il tarixli 368 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və Stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (polinarkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji xəstəxanasında 2023-cü ildən “polinarkomaniya” diaqnozu ilə qeydiyyatda durur. (i.v. 106) - Məhkəmə-tibbi ekspertizasının 02 iyul 2025-ci il tarixli, 594 nömrəli rəyindən görünür ki, 1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs hər hansı bir xəsarət aşkar olunmamışdır. ( i.v. 107-108) - «Mobil telefona baxış keçilməsi haqqında» 02 iyul 2025-ci il tarixli, 3923 nömrəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus bir ədəd “Samsung J2” markalı mobil telefon cihazına istintaq zamanı baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrə ilə “Whatsapp” mesajlaşmadanışıq tətbiqində xx.xx.2025-ci il tarixdə saat 18:34-dan saat 22:09-dək kimliyi və şəxsiyyəti istintaqa məlum olmayan “Hoseyn” adlı İran İslam Respublikası vətəndaşının istifadəsində olan +98 903 *** **** saylı nömrə ilə külli miqdarda olan narkotik vasitə heroinin, tiryəkin və qurudulmuş marixuananın 1500 manat pulun qarşılığında daşınması ilə əlaqədar cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında əldə etdiyi razılıq barədə sms-mətnlərindən aşağıdakı məmzmunda yazışmalar aşkar olunmuşdur: - +98 903 680 6770: Salam, Anad qardaş, necəsən. (18:34) - +98 903 680 6770: Mənəm hoseyn. (18:34) - +98 903 680 6770: Otan kere götürdüyün vəsailin veziyyetin musgul elədin, interneti ac, əlaqəyə çıx mənim xəbərimi gözlə. bu axşam vəsailim adamıma ulasmalıdı, səndən hal-edyam ac interneti mənə ərz eylə haluy (18:38) - +***-***-**-**: hə, baba, inşallah vəsaiti qoy, konumu at, gedim çatdırım ünvana, kart ataram, mənə çatası haqq-hesabı atarsan karta, problem yoxdur, min beş yüz, yaxşı. ( 13 saniyəlik səs yazısı) 18:54 - +98 903 680 6770: Vəsail hazırdı vəli mən sənə etibar etməyim üçün gərəkdi mənə görüntülü video çəkib at. 18:35 - +98 903 680 6770: deki olaki vəsaili mən dediyim ünvana atmiyarsan, video məndə dursun paylayaram səni agah edirəm. 18:56 - +***-***-**-**: yaxşı aga 19:18 - +98 903 680 6770: bax qadoy alım diqqətli olasan, xeyli yükdü 19:22 - +98 903 680 6770: 8 kq otdu. 600 qram koladı. 19:22 - +***-***-**-**: 1:14 saniyəlik video. - +98 903 680 6770: yük aldın, mən sənə Bakı istiqamətində ünvan deyərəm aparıb oraya konum elədin ki, 1500 manat paranı hesaba köçürərəm. 19:26 -+98 903 680 6770: ötən kərə görüdüyümüz kimi etməyəsən vəsaildən muğayat olasan.19:27 - +98 903 680 6770: Narahat olma sənin üçün də mal qoymuşam canını ağrıdan xilas edərsən. Paradan yana da narahat qalma, hemsin bir keremliga hesaba atdiraram 19:30 - ***-***-**-** Babacan, mənim üçün qoyduğun vəsaili imkan varsa puldan bir az əskik verərsən, bir az artıq qoy də (09 saniyəlik səs yazısı) - +98 903 680 6770: ərazi fotosu. (22:07) - +98 903 680 6770: Konum. ( 22:07) - +***-***-**-**: Salam alekum, baba, narahat olma onlaynam, səndən xəbər gözləyirəm, hara desən konumu göndər, gedim götürüm..Hə babacan, gördüm, elə bizlə yaxındı da, yavaş-yavaş, vayenkomantın dalıyla piyada kəsə yolla gedirəm yavaş-yavaş (16 saniyəlik səs yazısı) (22:09) Audio-video danışıqlarının və fotoşəkillərin olması müəyyən edildiyi üçün və həmin sms-mətnin, audio-videonun və fotoşəkillərin iş üzrə sübut əhəmiyyətli olduğu nəzərə alınaraq bu barədə protokol tərtib edilməklə mobil telefonun yaddaşından 02 ədəd kağız fotolistə və 02 ədəd audio-video diskə köçürülməklə cinayət işinin istintaq materiallarına əlavə edilmiş, 01 ədəd “Samsung J2” markalı mobil telefon cihazı isə sübut növü kimi tanınaraq saxlanılmasından ötrü Masallı RPŞ-nin saxlanc yerinə təhvil verilmişdir. ( i.v. 111-114) - Təqsirləndirilən şəxsin iranlı Hoseyn adlı şəxsə ünvanladığı videomüraciətin məzmu aşağıdakı kimidir: “Salam alekum, baba, necəsən, nə var, nə yox, kefin-əhvalın? Baba, üzrlü hesab et, keçən səfər səni biraz incitdim, yəni bu dəfə elə olmazdə, kişi kimi sənin də payına mənim də payıma, bir damcı o yan-bu yan olsa, həmin adam kişi deyil. Burda da çətinlikdir, hamı qırılıb-batır, inşallah sən onu hazırla, birdə konum göndər, götürüm, aparıb çatdırım ünvana, mənim də vəsailimi ayrı qoy ki, onu da götürüm. İnşallah ünvana çatandan sonra da pulumu atarsan. Lap olmaz yarısını verərsən, yarısını sonra verərsən. Əsas vəsairdi, ağrıdayam, canım ağrıyır. Yəni ki, atdın, mən də çıxıram yola, tez çatdırıram ünvanlarına.” ( i.v. 115) - «Əşyanın maddi sübut hesab edilməsi haqqında» 01 iyul 2025-ci il tarixli, 3912 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və ekspert tədqiqatından sonra qalıq çəkisi 619,9 qram qalmış narkotik vasitə heroin, qalıq çəkisi 924,9 qram qalmış narkotik vasitə tiryək və qalıq çəkisi 7784,4 qram qalmış narkotik vasitə qurudulmuş marixuana iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Masallı RPŞ-nin saxlanc yerinə təhvil verilmişdir. “əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında” protokola əlavə edilmiş 01 ədəd, həmçinin “əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” protokola əlavə edilmiş 01 ədəd olmaqla ümumilikdə 02 ədəd video disk iş üçün əhəmiyyətli olduğundan sübut növü kimi tanınaraq cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. (i.v. 93-96) - «Sübutların qiymətləndirilməsi haqqında» 01 iyul 2025-ci il tarixli, 3912 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş Təqsirləndirilən şəxs məxsus “Samsung J2” markalı mobil telefon iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Masallı RPŞ-nin saxlanc yerinə təhvil verilmişdir. Həmin mobil telefonun “Whatsapp” proqramının yaddaşından çıxarılmış 02 ədəd kağız fotolist və 02 ədəd audiovideo disk, “əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında” protokola əlavə edilmiş 01 ədəd, həmçinin “əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” protokola əlavə edilmiş 01 ədəd olmaqla ümumilikdə 02 ədəd video disk sübut növü kimi tanınaraq cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. (i.v. 173-188) Məhkəmə istintaqı zamanı əldə edilmiş Təqsirləndirilən şəxs istifadəsində olmuş +514586221 saylı mobil telefon nömrəsinin anten məlumatlarından görünür ki, şəxs 27 iyun 2025-ci il tarixində saat 10:32-dən 11:25-dək Masallı ATS-də, 15:55-dən-18:07-dək Masallı ş. Ərçivan kənd qəbristanlığında, 18:08-dən 18:25-dək Masallı, 18:51-18:56-da Dəmbəlov kəndi, Dadva ərazisində, 19:28-dən 20:40-dək Masallı-Yardımlı yolunda, 22:16dan 22:20-dək Ərçivan kəndində, 22:23-dən 22:59-dək Masallı ATS-də, 23:06-dan 23:57dək Masallı Dadva ərazisində olduğu görünür. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Müdafiə tərəfinin dəlillərinə qiymət verilməsi: Məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxsin əməlinə cinayət hüquqi qiymət verilmədən öncə onun müdafiəsi üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Müdafiə tərəfinin dəlilləri: 27 iyun 2025-ci il, saat 15 radələrində Şərif adlı polis əməkdaşının telefon nömrəsi ilə Nəsimi adlı polis ona zəng edib tutulmalı olduğunu bildirmiş, həmin radələrdə polis əməkdaşları tərəfindən saxlanılmış, daha sonra Masallı İstisu, Yardımlı rayonu ərazisinə aparılmış, iranlı ilə o, yazışmamış, videogörüntünü və səsli mesajları polislər ona göndərtdirmiş, polis əməkdaşlarının psixi təsiri nəticəsində istintaqda etirafedici ifadələr vermiş, əslində isə onun narkotik vasitələrdən məlumatı yoxdur, qazanc müqabilində narkotik vasitə daşımamış, ittiham qurmadır. Məhkəmə müdafiə tərəfinin yuxarıda qeyd edilən dəlillərinə münasibətdə qeyd edir ki, həmin dəlillər aşağıda qeyd edilənlərə əsasən iş materialları ilə uzlaşmadığından mötəbər dəlillər kimi qiymətləndirilməməlidir. Belə ki, əvvəla,
1. Cinayət prosessual qanunvericiliyinə əsasən təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət təqibini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla, tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli Plenum Qərarının 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Lakin iş materiallarından görünür ki, nə təqsirləndirilən şəxs nə də onun müdafiəçiləri polis əməkdaşlarının ona qarşı qanunsuz hərəkətlərə yol verməsi ilə bağlı müvafiq orqana şikayət verməmişlər. Əksinə, şəxs barəsində həbs qətimkan tədbirinə məhkəmədə baxılarkən Təqsirləndirilən şəxs əməlini etiraf etdiyini və törətdiyi əməldən səmimi peşman olduğunu bildirmişdir.
2. Məhkəmə tərkibi təqsirləndirilən şəxsin Şərif adlı polis əməkdaşına məxsus ***-***- **-** saylı telefon nömrəsindən tutulduğu gün saat 15 radələrində ona zəng gəlməsi ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, təqsirləndirilən şəxsin həmin dəlili məhkəmə istintaqında yoxlanılmış, iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşı Şahid4 adına olan telefon nömrələri elektron məhkəmə sistemində yoxlanılmış, həmin şəxsin adına bir çox telefon nömrələri olsa da, qeyd edilən nömrə onun adına olmamış, təqsirləndirilən şəxsə məxsus nömrənin telefon məlumatlarından görünür ki, ***-***-**-** saylı telefon nömrəsi X2 adınadır. Odur ki, məhkəmə həmin dəlili təqsirləndirilən şəxsin məsuliyyətdən yayınmasına hesablanmış dəlil kimi qiymətləndirir.
3. Bundan başqa, təqsirləndirilən şəxs saat 15 radələrində polis əməkdaşları tərəfindən saxlanıldığını, tutulanda və ondan sonra telefonunun enerjisinin bitməsi ilə əlaqədar sönülü olduğunu bildirsə də, telefon məlumatlarından görünür ki, tutulduğu vaxtadək və ondan sonra da təqsirləndirilən şəxsin nömrəsi aktiv olmuş, iranlı Hoseyn adlı şəxslə narkotik vasitələrin 1500 manat müqabilində daşınması ilə bağlı mütəmadi danışmış, hətta pulunu bir az az qoyması hesabına narkotik vasitənin miqdarını artırmağı xahiş etmiş, bu barədə video da çəkmişdir. Bundan başqa, təqsirləndirilən şəxs həmin videonu polislərin maşınında onların göstərişi ilə çəkdiyini bildirsə də, qeyd edilənm dəlil məhkəmə istintaqında təsdiq olunmamış, əksinə, iş üzrə şahidin ifadəsindən görünür ki, saxlanılarkən Təqsirləndirilən şəxs narkotik vasitəni götürmək üçün taksi ilə gəldiyini bildirmişdir. Videodan da görünür ki, şəxs maşında arxa oturacaqda oturmuşdur. Həmçinin, təqsirləndirilən şəxsin polislərin onu Masallı İstisu, Yardımlı rayonu ərazisinə aparmaları ilə bağlı dəlili də digər dəlilləri kimi iş materialları ilə uzlaşmadığından, məhkəmə özünümüdafiə xarakterli dəlil kimi qiymətləndirərək, bütün dəlilləri ilə bərabər qeyri-mötəbər hesab edir. Cinayət Prosessual Məcəlləsinin 126.6-cı madddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Yuxarıda tədqiq olunmuş sübutlardan görünür ki, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri iş üzrə dindirilmiş şahidlərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları və digər yazılı sübutlarla üst-üstə düşdüyündən mötəbər sübut kimi qəbul edilməli, məhkəmədəki ifadəsi isə işdə olan sübutlarla tamamilə təkzib edildiyindən özünümüdafiə xarakterli, məsuliyyətdən yayınmasına hesablanmış dəlil kimi qəbul edilərək, mötəbər sübut kimi qəbul edilməməlidir. Məhkəmə Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama və daşıma cinayət əməli törətməsi ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Siyahıya əsasən “heroin” narkotik vasitədir və onun 2 qram və ya ondan artıq hissəsi külli miqdar hesab olunur. Həmin siyasına əsasən “qurudulmuş marixuana” narkotik vasitədir və onun 500 qram və ya ondan artıq hissəsi (50.000 qrama qədər) külli miqdar hesab olunur. Siyasına əsasən “tiryək” narkotik vasitədir və onun 50 qramdan 5000 qrama qədər hissəsi külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması- miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Sözügedən Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 iyun 2025-ci il tarixli Qərarının 9-cu bəndində qeyd edilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri şəxsiyyəti istintaqa və məhkəməyə məlum olmayan iranlı Hoseyn adında şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayətkar əlaqəyə girərək, satış məqsədilə əldə edib, üzərində saxlamaqla daşımış, sonuncunun deyəcəyi ünvana qoyması müqabilində 1500 manat gəlir əldə edəcəyi barədə 27 iyun 20205-ci il saat 18:34-dan saat 22:09-dək yazışmış, həmin tarix saat 22:36-da Masallı RPŞ-nin polis əməkdaşları tərəfindən təxirəsalınmaz əməliyyat tədbirlərinin gedişində saxlanılıb üzərindən müvafiq narkotik vasitələr aşkar olunmuşdur. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələrində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş yuxarıda adları qeyd edilmiş şəxslərin ifadələri, Təqsirləndirilən şəxs istintaq zamanı etirafedici ifadələri, ekspertiza rəyləri, “Əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi” haqqında protokollar, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması haqqında haqqında protokol, maddi sübutlar, telefona baxış protokolları, telefon məlumatları və digər istintaq sənədləri ilə sübuta yetirilir. Göstərilənlərə əsasən məhkəmə tərkibi belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Buna görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və həmin maddələrin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edilməsində cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş aşağıda qeyd olunanları nəzərə alır: - DİN-in BƏSİİ-dən verilmiş 08 iyul 2025-cü il tarixli, 5/1 nömrəli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs daha əvvəl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 334.1, 178, 66.1, 66.3, 333.1, 333.2, 66, 177.2.3, 177.2.4, 304.1, 177.2.2, 66.7, 317-2.1, 67.1, 185.1-ci maddələri ilə məhkumluqları olmuşdur. Hazırda şəxsin məhkumluğu yoxdur. ( i.v. 134-138) - Masallı Rayon Mənzil İstismar Sahəsindən verilmiş 16 iyul 2025-cü il tarixli arayış xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında qeydiyyatda olmaqla qardaşı X3 ilə birlikdə yaşamışdır. Yaşadığı ərazi üzrə müsbət qiymətləndirilmişdir. ( i.v. 161-163) Təqsirləndirilən şəxs ARCM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs ARCM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyinində Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəza siyasətinin humanistləşdirilməsinə dair formalaşmış təcrübəni, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Beləliklə, məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ARCM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməli, təyin ediləcək azadlıqdan məhrumetmə cəzası elə həddə seçilməlidir ki, həm təqsirləndirilən şəxsin ailəsi onun varlığının maddi və mənəvi təminatından minimum həddə məhrum olunsun, həm də cəza təqsirləndirilən şəxsin islah olunmasına xidmət etsin. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli Qərarının 2-ci bəndində qeyd olunmuşdur ki, “Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə, Cinayət-Prosessual Məcəlləsinin 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı ibtidai həbs müddətləri cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə, şübhəli şəxs qismində tutulduğu 27 iyun 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Cinayət Məcəlləsinin 93-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və onun narkoloji xəstəxanada 2023-cü ildən qeydiyyatda olması nəzərə alınmalıdır. Bundan başqa, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 130 (yüz otuz ) manat məbləğdə ekspertiza xərci var. Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 130 (yüz otuz ) manat məbləğdə məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəlləsinin 132 və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Masallı RPŞ-də MSY-də saxlanılan- çəkisi 619,9 qram olan narkotik vasitə heroin, 924.9 qram olan narkotik vasitə tiryək və 7784,4 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs məxsus “Samsung J2” markalı mobil telefon sonuncunun ailə üzvlərinə qaytarılmalıdır. İş üzrə sübut növü kimi tanınmış 02 ədəd kağız fotolist və 05 ədəd video-audio disk cinayət işini materiallarında saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, xüsusi müsadirə təyin edilməsi üçün (ARCM-in 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 iyun 2025-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, həmçinin «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 7 (yeddi ) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 27 iyun 2025-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq Masallı RPŞ-nin MSY-də saxlanılan- çəkisi 619,9 qram olan narkotik vasitə heroin, 924.9 qram olan narkotik vasitə tiryək və 7784,4 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Bir ədəd “Samsung J2” markalı mobil telefon təqsirləndirilən şəxsin ailə üzvlərinə qaytarılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə sübut növü kimi tanınmış 02 ədəd kağız fotolist və 05 ədəd video-audio disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatı xərci kimi - 130 (yüz otuz) manat məbləğdə məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Məhkəmə Ekspertiza Mərkəzinə köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən: Ayşən Vəliyeva Hakimlər: Cavid Səfərli Oruc Cəlilov