Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-417/2024 07.05.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri X10 (sədrlik edən və məruzəçi), X15 və X6 ibarət tərkibdə, məhkəmə iclasının katibi Elbrus Əlisahib oğlu Mikayılovun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, - Təqsirləndirilən şəxs (xx xxxxxx 1974-cü ildə Əli-Bayramlı (indiki Şirvan) şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı övladı olan, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Sabirabad rayonunun Ulacalı kəndində qeydiyyatda olmaqla orada yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsində saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, videokonfrans əlaqə sistemi, habelə “AzFemida” proqram təminatında nəzərdə tutulmuş audio və videoyazı sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə edib, daşımaqla saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan külli miqdarda, ümumi təmiz çəkisi 955,25 qram orqanoleptik əlamətlərinə və bioloji tərkiblərinə görə eyni tərkibli narkotik vasitə qurudulmuş marixuananı qanunsuz əldə edib, üzərində daşıyaraq yaşadığı Sabirabad rayonunun Ulacalı kəndindəki evinə gətirmiş, narkotik vasitənin 630 qramını bir ədəd sellofan torbanın içərisində səkkiz ədəd polietilen torba bağlamada yaşadığı evin həyətyanı sahəsindəki bağçada, 305 qram hissəsini isə bir ədəd sellofan torbanın içərisində dörd ədəd polietilen torba bağlamada yaşadığı evin zirzəmisində torpağa basdırmaqla, 20,25 qramını bir ədəd karton qutunun içərisində iki ədəd polietilen torba bükülüdə və bir ədəd kibrit qutusunda yaşadığı evin yataq otağındakı dolabın çəkməcəsində qanunsuz saxlamış, 22 noyabr 2023-cü il tarixdə, saat 16:40 dəqiqədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Sabirabad rayonu, Ulacalı kəndində yaşadığı evə baxış keçirilən zaman, evin həyətyanı sahəsindəki bağçada torpağa basdırdığı bir ədəd sellofan torbanın içərisində səkkiz ədəd polietilen torba bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 135 qram; 120 qram; 75 qram; 80 qram; 45 qram; 75 qram; 55 qram; 45 qram olmaqla, ümumi çəkisi 630 qram, evin zirzəmisində torpağa basdırdığı bir ədəd polietilen torba bağlamadakı dörd ədəd polietilen torba bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 105 qram; 100qram; 75 qram; 25 qram olmaqla, ümumi çəkisi 305 qram, evin yataq otağındakı dolabın çəkməcəsində isə bir ədəd karton qutuda iki ədəd polietilen torba bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri 5,42 qram; 13,88 qram; bir ədəd kibrit qutusunda təmiz çəkisi 0,95 qram, ümumi çəkiləri 20,25 qram olmaqla, ümumilikdə külli miqdarda 955,25 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və həmin çəkməcədən qeyd olunan narkotik vasitələrin çəkisinin müəyyən edilməsində istifadə edilən üzərində marixuananın mikrohissəcikləri aşkar edilmiş bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 22 noyabr 2023-cü il tarixdə evdə olarkən polis əməkdaşları yaşadığı evə gəlib bildirmişlər ki, onlara narkotik xassəli bitkiləri əkib-becərməsi ilə məşğul olması və yaşadığı evdə külli miqdarda narkotik vasitə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin vaxt narkotik xassəli bitkiləri əkib-becərdiyini etiraf etmişdir. Evindən və həyətyanı sahəsindən aşkar olunmuş bükümlər bir qramdan başlayıb üç-beş qrama qədər fərqli çəkilərdə olmuşdur. Narkotik vasitələri özü əkib-becərmişdir. Polis əməkdaşları narkotik xassəli bitki əkdiyi yeri də tapmışlar, lakin həmin vaxt orada hələ narkotik xassəli bitki əkməmiş, sadəcə əkmək üçün yeri hazırlamışdır. Narkotik vasitəni başqa şəxslərdən əldə etməmişdir. Özü narkotik vasitə istifadəçisidir. Narkotik vasitə yetişdikdə onları yığıb qurutduqdan sonra büküb bir kənara atmış, heç bir tərəzidə onları çəkməmiş, heç kəsdən əldə etməmişdir. Müstəntiqin yazdıqları cəfəngiyyatdır. Nəinki narkotik satışı ilə məşğul olmaq, ümumiyyətlə, heç kəsə narkotik vasitə verməmişdir. 50 yaşı var və otuz ildən çoxdur ki, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. Əməliyyatçılar evinə gələndə beş polis işçisi, iki hal şahidinin gözü qarşısında narkotik xassəli bitkinin kökünü çıxarmışdır. Əkdiyi yeri görəgörə polis narkotik vasitəni müəyyən olunmayan mənbədən alıb satış məqsədilə həyətinə daşıdığını yazmışdır. Satış məqsədi olduğunu sübut edən heç nə aşkar olunmamışdır. Onu narkotik xassəli bitkilərin əkib-becərilməsi ilə məşğul olduğu üçün inək sağdığı yerdə tutmuşlar. Guya ki, barəsində polis əməkdaşlarına dəfələrlə məlumat daxil olmuşdur. Halbuki onun barəsində cəmi bir dəfə məlumat daxil olmuşdur. Ondan bir nəfər narkotik vasitə istəmiş, o da verməmiş, həmin şəxs gedib onun barəsində polisə məlumat vermiş və polislər də gəlib onu tutmuşlar. 18 sot torpaq sahəsi var və həmin yerdə, yəni kanalın yanında narkotik xassəli bitki əkmişdir. Əgər o kimdənsə narkotik vasitə almış və ya kiməsə narkotik vasitə satmışsa, bunun sübut edilməsini istəmişdir. Evindən aşkar olunmuş elektron tərəzidə narkotik vasitə çəkməmişdir. Şor-pendir satışı ilə məşğuldur, evində kompot, mürəbbə hazırlanır. Bununla əlaqədar həmin tərəzidə pendir, meyvə kimi məhsulları çəkmişdir. Polis əməkdaşları həmin tərəzidə narkotik vasitəni çəkmişlər. Sonra da ekspertizaya vermişlər. İstintaqda ona səkkiz-on nəfərin ifadəsini göstərmişlər. Hər biri onun narkotik vasitə alıb-satması barədə məlumatı olmadığını bildirmişlər. Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ittiham irəli sürüləcəyi deyilmiş və başqa sənədə imza çəkdirilmiş, ittiham aktında isə başqa ittiham irəli sürülmüşdür. Onun narkotik satışı ilə məşğul olması barədə heç bir sübut tapılmamış, bu səbəbdən ona Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ittiham irəli sürüləcəyi deyiləndə həmin maddənin nə olduğunu soruşmuş, cavabında külli miqdarda narkotik vasitə aşkar olunduğu üçün həmin maddə ilə ittiham irəli sürüləcəyi deyilmiş, o da razılaşmışdır. Təqsirləndirilən şəxs məhkəmədə cinayət prosesi iştirakçılarının ona ünvanladıqları suallara cavab olaraq bildirmişdir ki, heç kəsdən narkotik vasitə əldə etməmiş, olanda çəkmiş, olmayanda çəkməmiş, öz ehtiyacını özü təmin etməyə çalışmışdır. Əkdiyi marixuananın hamısını birdən yığmamış, hər dəfə yığanda büküb atmış və ona görə də aşkarlanmış narkotik vasitə ayrı-ayrı bükümlərdə olmuşdur. Narkotik vasitə saxlamaq qanunsuz olduğu üçün onu basdırmışdır. Polis əməkdaşları onun evinə təxminən günortadan qabaq gəlmişlər. Bu zaman evdə ondan başqa arvadı və uşağı olmuşdur. Evinə baxış zamanı polis əməkdaşlarından başqa Sabirabad Rayon İcra Hakimiyyəti başçısının Ulacalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi və Ulacalı kənd bələdiyyəsinin sədri iştirak etmişlər. Baxış zamanı videoçəkiliş aparılmamışdır. Baxış keçirilməzdən əvvəl ona hansısa sənəd imzalatdırılmasını xatırlamamışdır. Evinə baxış keçirilməsinə şifahi razılığı olmuşdur. Marixuananı polis əməkdaşlarına özü təqdim etmişdir. Narkotik vasitə iki yerdə olmuş, onları sellofan torbalara və kibrit qutusuna yığmışdır. Polis əməkdaşları ondan götürülmüş narkotik vasitəni evində aşkar olunmuş elektron tərəzidə çəkdikləri üçün tərəzidə marixuana hissəciyi aşkar olunmuşdur. Yoxsa ki, həmin tərəzidən pendir, şəkər tozu aşkar edilməli idi, çünki, ərzaq, meyvə çəkmək üçün istifadə edirdi, bir dəfə də olsun həmin tərəzidə marixuana çəkməmişdir. Tərəzi evindəki soyuducunun üzərində olmuşdur. Həmin vaxt başı qarışıq olmuş, hər şeyə diqqətlə fikir verə bilməmiş, buna görə də tərəzinin yataq otağından çıxma səbəbini bilməmişdir. Polis əməkdaşlarının narkotik vasitəni qablaşdırıb möhürlədiklərini və bununla əlaqədar nəyəsə imza atdığını xatırlamamışdır. Ona heç bir təzyiq olunmamış, heç nəyə məcbur edilməmişdir. Sadəcə olaraq əməli düzgün tövsif olunmamış, narkotik vasitələrin satışı ilə məşğul olduğu göstərilmişdir. Narkotik vasitə istifadəçisi olduğu üçün peşmandır, himayəsində azyaşlı uşağının olduğunu, ailənin yeganə qazanc gətirən fərdi, habelə xəstə olmasının nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə cinayət prosesi tərəflərinin ifadələrini dinləyərək, həmçinin iş materiallarında olan bütün sübutları ayrı-ayrılıqda və məcmu halda nəzərə alaraq, onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sabirabad Rayon Polis Şöbəsi X4 əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi hadisə ilə əlaqədar tanımış, onunla qohumluq, düşmənçilik və ya ədavəti yoxdur. 22 noyabr 2023-cü il tarixdə Sabirabad rayonu Ulacalı kənd sakini Təqsirləndirilən şəxs narkotik xassəli bitkiləri həyətyanı sahəsində əkib-becərməsi və yaşadığı evdə külli miqdarda narkotik vasitə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Sabirabad Rayon Polis Şöbəsi X4 əməliyyat müvəkkili, polis serjantı Şahid2, Post Patrul Xidmətindən adını xatırlamadığı polis nəfəri, Sabirabad rayonu Ulacalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə icra nümayəndəsi və Ulacalı kənd bələdiyyəsinin sədri ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı Sabirabad rayonu Ulacalı kəndinə yerləşən evinə getmişlər. Təqsirləndirilən şəxs narkotik tərkibli bitkiləri əkib-becərməsi və yaşadığı evdə narkotik vasitə saxlaması barədə məlumat aldıqlarını və yaşadığı evə, həyətyanı sahəyə baxış keçiriləcəyini bildirmişlər. Təqsirləndirilən şəxs baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmiş və bu barədə ərizə yazıb müstəntiqə təqdim etmişdir. Bundan sonra hal şahidləri və polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs həyətyanı sahəsinə baxış keçirilən zaman ondan yaşadığı evdə narkotik vasitə saxlayıb-saxlamadığını soruşmuşlar. Təqsirləndirilən şəxs səmimi olaraq evin həyətində, zirzəmisində və yataq otağında narkotik vasitə qurudulmuş marixuana saxladığını etiraf etmiş, ilk əvvəl yaşadığı evin həyətyanı sahəsindəki bağçada torpağa basdırdığı bir ədəd sellofan torbada səkkiz ədəd sellofan bükümü, sonra evin zirzəmisində gizlətdiyi bir ədəd sellofan torbada dörd ədəd sellofan bükümü, daha sonra isə yaşadığı evin yataq otağında paltar şkafının içərisində gizlətdiyi bir ədəd kağız qutunun içərisində iki ədəd sellofan bükümü və bir ədəd kibrit qutusunda saxladığı qurudulmuş marixuananı təqdim etmişdir. Evdə siyirməyə baxış keçirilən zaman elektron tərəzi aşkar edilmişdir. Ardınca aşkar olunmuş on dörd ədəd sellofan bükümdə və bir ədəd kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuana, eləcə də bir ədəd elektron tərəzi qablaşdırılıb möhürlənmiş və müstəntiq tərəfindən götürülmüşdür. Şahid1 məhkəmədə ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, əməliyyat məlumatı onda olmuşdur. Əməliyyət məlumatı Təqsirləndirilən şəxs narkotik vasitələri əkibbecərməsi, istifadə etməsi və evində saxlaması barədə idi. Onda Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı olmamışdır. İcra nümayəndəsi və bələdiyyə sədri hal şahidi olmuşlar, sonuncular Təqsirləndirilən şəxs evinə getməzdən əvvəl dəvət edilmiş və onlarla birlikdə Səhədin evinə getmişlər. Təqsirləndirilən şəxs evində başqa adam görməmişdir. Təqsirləndirilən şəxs evinin həyətyanı sahəsində bitki əkmək üçün hazır yer olmuş, lakin həmin yerdə heç nə əkilməmiş, ümumiyyətlə heç bir çətənə bitkisi və ya narkotik bitki şitili aşkar olunmamışdır. Təqsirləndirilən şəxs tərəzini narkotik vasitələri çəkmək üçün istifadə etdiyini deməmiş, narkotik vasitəni şəxsi istifadəsi üçün basdırmaqla saxladığını bildirmişdir. Axtarış və götürmə zamanı videçəkiliş aparılmasını, Təqsirləndirilən şəxs narkotik vasitəni haradan əldə etməsi barədə deməsini, sonuncunun üzərində şəxsi axtarış keçirilməsini, aşkar olunmuş narkotik vasitənin çəkisini xatırlamadığını bildirmişdir. Məhkəmədə ibtidai istintaqa verdikləri, cinayət işinin materiallarında olan və elan olunmaqla tədqiq edilmiş şahidlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sabirabad Rayon Polis Şöbəsi X4 əməliyyat müvəkkili, polis leytenantı Şahid2 və Post Patrul Xidməti Bölüyünün polis nəfəri, polis kiçik serjantı Şahid3 ifadələrindən məlum olmuşdur ki, onlar Şahid1 ilə eyni məzmunlu ifadə vermişlər (iş vərəqi 109-112; 117-120). Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi tanıyır. Onunla düşmənçiliyi və ya ədavəti, qohumluq əlaqəsi yoxdur. Sabirabad Rayon İcra Hakimiyyəti başçısının Ulacalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləyir. 2023-cü ilin noyabr ayının xatırlamadığı günündə polis əməkdaşları ona zəng edib Ulacalı kənd sakini Təqsirləndirilən şəxs yaşadığı Ulacalı kəndində yerləşən evinə və həyətyanı sahəsinə baxış keçirəcəklərini bildirmiş, baxış keçirilən zaman onun hal şahidi kimi iştirak etməyini xahiş etmişlər. Hal şahidi olmağa razılaşıb onlarla görüşmüş, sonra polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı həyətə getmişdir. Təqsirləndirilən şəxs onların həyətə daxil olmalarına etiraz etməmişdir. Polis əməkdaşları Təqsirləndirilən şəxs narkotik tərkibli bitkiləri əkib-becərməsi və yaşadığı evdə saxlaması barədə məlumat aldıqlarını, bununla əlaqədar yaşadığı evə, həyətyanı sahəyə baxış keçiriləcəyini demişlər. Təqsirləndirilən şəxs baxış keçirilməsinə etiraz etməmiş, səmimi olaraq narkotik vasitə qurudulmuş marixuana saxladığını etiraf etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs həmin narkotik vasitələri təqdim etməyi xahiş edəndə Səhəd yaşadığı evin həyətində, sonra zirzəmisində, daha sonra isə yataq otağında paltar şkafının içərisində gizlətdiyi narkotik vasitələri könüllü olaraq polis əməkdaşlarına təqdim etmişdir. Həmin vaxt polis əməkdaşları tərəfindən elektron tərəzi də aşkar edilmişdir. Şahid4 məhkəmədə cinayət prosesi iştirakçılarının ona ünvanladıqları suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs onun icra nümayəndəsi olduğu ərazidə yaşamış, onu çox sakit, başını aşağı salıb yaşayan, qonşularla mehriban davranan biri kimi tanımışdır. Özü də Ulacalı kəndindəndir və üç ildir icra nümayəndəsi kimi işləyir. Bu müddət ərzində nümayəndəliyə Təqsirləndirilən şəxs narkotik vasitələr əkib-becərməsi, satışı ilə məşğul olması və ya kiməsə pay verməsi barədə məlumat daxil olmamışdır. Ümumiyyətlə, Təqsirləndirilən şəxs marixuana istifadə etməsi barədə məlumatı olmamışdır. Təqsirləndirilən şəxs həyətinə və evinə baxış zamanı tərəflərindən ona qarşı hər hansı təzyiq olunmamışdır. Həyətə polis əməkdaşları ilə birlikdə girmiş, evdə Təqsirləndirilən şəxs azyaşlı uşağı və arvadı olmuşdur. Məhkəmə iclasında dindirilmiş şahid Sabirabad Rayonu Ulacalı kənd bələdiyyəsinin sədri Şahid5 ifadəsində Şahid4 ifadəsindəki xüsusatları təsdiq edərək, onunla eyni məzmunlu ifadə vermişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxs və şahidlər) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, habelə digər sənədləri də mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materallarında olan və məhkəmədə tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sabirabad Rayon Polis X12 23 noyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir (iş vərəqi 01). Sabirabad Rayon Polis Şöbəsi X4 22 noyabr 2023-cü il tarixli raportundan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs qanunsuz yolla əldə etdiyi narkotik xassəli bitkiləri həyətyanı sahəsində əkib-becərməkdə, istifadə etməsi, həmçinin yaşadığı mənzildə külli miqdarda narkotik vasitə saxlamasında şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur (iş vərəqi 04). Sabirabad Rayon Polis Şöbəsi X4 22 noyabr 2023-cü il tarixli qərarı, raportu və şöbənin eyni tarixli əmrindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evə və evin həyətyanı sahəsinə baxış və zəruri əməliyyat-axtarış tədbirlərinin keçirilməsi məqsədi ilə şöbənin əməkdaşlarından ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır (iş vərəqi 06-07; 10). Təqsirləndirilən şəxs 22 noyabr 2023-cü il tarixli ərizəsindən görünür ki, onun evinə və evin həyətyanı sahəsinə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə heç bir etirazı olmamışdır (iş vərəqi 12). Sabirabad Rayon Polis X12 22 noyabr 2023-cü il tarixli protokolu və ona əlavə edilmiş fotocədvəllərdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Sabirabad rayonu Ulacalı kəndində evə və həyətyanı sahəyə baxış keçirilən zaman, evin həyətyanı sahəsindəki bağçada torpağa basdırdığı bir ədəd sellofan torbanın içərisində səkkiz ədəd polietilen torba bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 135 qram; 120 qram; 75 qram; 80 qram; 45 qram; 75 qram; 55 qram; 45 qram olmaqla, ümumi çəkisi 630 qram, evin zirzəmisində torpağa basdırdığı bir ədəd polietilen torba bağlamadakı dörd ədəd polietilen torba bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 105 qram; 100qram; 75 qram; 25 qram olmaqla, ümumi çəkisi 305 qram, evin yataq otağındakı dolabın çəkməcəsində bir ədəd karton qutuda iki ədəd polietilen torba bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri 5,42 qram; 13,88 qram; bir ədəd kibrit qutusunda təmiz çəkisi 0,95 qram olmaqla, ümumi çəkisi 20,25 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və bir ədəd üzərində narkotik vasitə qurudulmuş marixuananın mikrohissəcikləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür (iş vərəqi 13-29). Sabirabad Rayon Polis X12 22 noyabr 2023-cü il tarixli qərarı və protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 18:25-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqi 30; 38). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X18 Bölməsinin 18/1072 nömrəli, 23 noyabr 2023-cü il tarixli ekspertiza rəyi və ona əlavə edilmiş eyni tarixli aktdan görünür ki, tədqiqata təqdim edilmiş üzərindəki ağ kağızda: “... Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindəki bağçada yerə basdırılmış...” sözləri yazılmış və imzalar olan polietilen torba bağlamadakı səkkiz ədəd polietilen torba bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 135,0 qram, 120,0 qram, 75,0 qram, 80,0 qram, 45,0 qram, 75,0 qram, 55,0 qram, 45,0 qram, ümumi çəkisi 630,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır; üzərindəki ağ kağızda: “... Təqsirləndirilən şəxs yaşadığı evin zirzəmisində torpağa basdırılmış...” sözləri yazılmış və imzalar olan polietilen torba bağlamadakı dörd ədəd polietilen torba bağlamada ayrıayrılıqda təmiz çəkiləri 105,0 qram, 100,0 qram, 75,0 qram, 25,0 qram, ümumi çəkisi 305,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə qurudulmuş marixuanadır; üzərindəki ağ kağızda: “... Təqsirləndirilən şəxs yaşadığı evin yataq otağındakı dolabın içərisində...” sözləri yazılmış və imzalar olan polietilen torba bağlamadakı bir ədəd karton qutuda iki ədəd polietilen torba bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri 5,42 qram, 13,88 qram, bir ədəd kibrit qutusunda təmiz çəkisi 0,95 qram, ümumi çəkisi 20,25 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır, digər karton qutuda bir ədəd elektron tərəzinin üzərində narkotik vasitə marixuananın hissəcikləri vardır. Mikrohissəciklər normal çəki təşkil etmədiyindən (elektron tərəzinin ölçmə həddindən xaric mikroçəki) miqdarını və təqdim edilən kütlələr ilə eyni tərkibli olub-olmadığını müəyyən etmək mümkün deyildir. Tədqiqata təqdim olunmuş Təqsirləndirilən şəxs evindən və həyətindən aşkar olunaraq götürülmüş ümumi çəkisi 955,25 qram olan marixuanalar orqanoleptik əlamətlərinə və bioloji tərkiblərinə görə eynidir. Həmin marixuanadan 0,75 qram tədqiqata sərf olunmuş, 954,5 qram qalıq qalmışdır. Aparılmış ekspertiza tədqiqatın dəyəri 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik müəyyən edilmişdir (iş vərəqi 52- 56). Sabirabad Rayon İcra Hakimiyyəti Ulacalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 663 nömrəli, 23 noyabr 2023-cü il tarixli arayışı, xasiyyətnaməsi, AA3668924 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Sabirabad rayonunun Ulacalı kəndində qeydiyyatdadır, ailə tərkibi həyat yoldaşı və 02 avqust 2019-cu il təvəllüdlü azyaşlı oğlundan ibarətdir və yaşayış yeri üzrə müsbət xasiyyətləndirilir (iş vərəqi 58-60). Sabirabad Rayon Polis X12 23 noyabr 2023-cü il tarixli qərarı və protokolundan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evdən, evin zirzəmisindən və həyətyanı sahədən aşkar edilmiş ümumi təmiz çəkisi 955,25 qram, ekspertiza tədqiqatı nəticəsində qalıq qalmış 954,5 qram narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınaraq, saxlanılmasından ötrü şöbənin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir (iş vərəqi 65-66). Sabirabad Rayon Polis X12 24 noyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş və qərarın surəti təqdim olunmuşdur (iş vərəqi 71-72). Sabirabad Rayon Məhkəməsinin 4(056)-194/2023 nömrəli, 24 noyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 22 noyabr 2023-cü il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (iş vərəqi 88-92). Sabirabad Rayon Məhkəməsinin 5(056)-194/2023 nömrəli, 24 noyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evə və evin həyətyanı sahəsinə baxış və zəruri əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında Sabirabad Rayon Polis Şöbəsi X4 22 noyabr 2023-cü il tarixli qərarı qanuni hesab edilmişdir (iş vərəqi 94-95). Sabirabad Rayon Polis Şöbəsi X4 10 dekabr 2023-cü il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən və yaşadığı evdən aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuananın mənbəyini, yəni narkotik vasitəni haradan və kimdən əldə etməsini müəyyən etmək istiqamətində əməliyyataxtarış tədbirləri həyata keçirilsə də, müsbət nəticə əldə etmək mümkün olmamışdır (iş vərəqi 98). Sabirabad Rayon Polis X12 10 dekabr 2023-cü il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş mobil telefon aparatına baxış keçirilmişdir. Baxış obyekti “Samsung” markalı düyməli olmaqla, kamerasiz mobil telefondur, işlənmiş və işlək vəziyyətdədir, üzərində “Bakcell” operatoruna məxsus bir ədəd 055 ***-**-** saylı telefon nömrəsi vardır. Telefonun “adlar” bölməsinə baxış keçirilərkən əlifba sırası ilə bir neçə şəxsin adı və telefon nömrəsinin; “mesajlar” bölməsinə baxış keçirilərkən bir neçə mesajın qeydə alındığı müəyyən edildi, lakin iş üzrə hər hansı bir əhəmiyyət kəsb edən məlumata rast gəlinmədi; “zənglər” bölməsinə baxış keçirilərkən bir neçə zəngin qeydə alındığı müəyyən edildi. Daha sonra telefonun menyu hissəsində yerləşən digər proqramlara baxış keçirildi, lakin iş üzrə hər hansı bir əhəmiyyət kəsb edən məlumata rast gəlinmədi (iş vərəqi 99). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 21 dekabr 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqi 108). Sabirabad Rayon Polis X12 10 dekabr 2023-cü il tarixli protokolu və ona əlavə olunmuş cədvəldən görünür ki, "xxxx" MMC-dən daxil olmuş bir ədəd diskə “Lenovo” markalı kompüterdə keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan 055 535-24-12 saylı mobil telefon nömrəsindən xx.xx.2023-cü il tarixdə saat 00:00-dan xx.xx.2023-cü il saat 00:00-dək olan müddət ərzində qarşılıqlı olaraq və müxtəlif şəxslərə məxsus olan müxtəlif nömrələrə zənglər və mesajlar olmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon nömrəsinə başqa nömrələrdən daxil olan və çıxan zəng və smslərin müqayisəli təhlil olunması nəticəsində müəyyən olundu ki, həmin nömrədən xx.xx.2023-cü il tarixdə saat 00:00-dan xx.xx.2023-cü il saat 00:00-dək olan müddət ərzində başqa şəxslərə telefon zəngləri olsa da, narkotik vasitələrin alış və satışı barəsində hər hansı sms mətninin aşkar edilməmişdir (diskə məhkəmə iclasında baxış keçirilmişdir) (iş vərəqi 129-154). Təqsirləndirilən şəxs mobil telefon nömrəsinə daxil olmuş çoxsaylı telefon zəngləri ilə əlaqədar həmin mobil telefon nömrəsi istifadəçiləri olan X14, X20, X17, X5 ibtidai istintaq zamanı şahid qismində verdikləri və cinayət işinin materiallarında olan, cinayət prosesi tərəflərinin razılığı ilə məhkəmədə elan olunmaqla tədqiq olunmuş ifadələrindən görünür ki, onlar Təqsirləndirilən şəxsla bir həmkəndli, qonşu kimi, bundan başqa Səhəd öz həyətyanı sahəsində təəsərrüfatla məşğul olduğundan, yəni iri buynuzlu heyvanların südünü və digər süd məhsullarını kənd sakinlərinə satdığından onunla belə məhsulları əldə etmək üçün tez-tez əlaqə saxlamışlar (iş vərəqi 163-178). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X24 Şəxsi Ambulator X1 08 yanvar 2024-cü il tarixli, 54 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqi 179-180). Sabirabad Rayon Polis X12 22 fevral 2024-cü il tarixli «sübutların qiymətləndirilməsi və cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında və icaata qəbul edilməsi haqqında» qərarından görünür ki, Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham dəyişdirilmədən saxlanılmış; külli miqdarda narkotik vasitə qurudulmuş marixuananın əldə edilmə mənbəyinin müəyyən edilməsi məqsədi ilə hazırki cinayət işindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi ayrılmış və icraata qəbul edilmiş; Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən və yaşadığı evdən aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi 955,25 qram olmaqla ekspertiza tədqiqatından sonrakı qalığı 954,5 qram narkotik vasitə qurudulmuş marixuana və bir ədəd elektron tərəzi maddi sübut kimi tanınaraq şöbənin saxlancına verilmişdir (iş vərəqi 181- 195). 22 fevral 2024-cü il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs məxsus bir ədəd “Samsung” markalı mobil telefon onun həyat yoldaşı X8 qaytarılmışdır (iş vərəqi 198). Məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsinin 14 mart 2024-cü il tarixli, 20-04/417 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs “xroniki sistitin kəskinləşməsi” diaqnozu ilə həmin müəssisəyə köçürülmüş, müayinə nəticəsində onda “Xroniki C virus hepatit sarılıqsız forma. Keçirilmiş ağciyər vərəmindən sonrakı qalıq əlamət. Vegetativ damar distoniyası. Hər iki gözün hipermetropiyası, refraksiya” diaqnozu müəyyən edilmiş, hepatit C virus əlehinə antiviral müalicə proqramına qoşulmuşdur. Azərbaycan Respublikası Vəkillər Kollegiyası Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəməyə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardım ilə əlaqədar cəmi 9 (doqquz) iş saatı həcmində vaxt sərf etməsi barədə hesabat təqdim etmişdir. Məhkəmə heyəti məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bu sübutlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Məhkəmə cinayət işi üzrə həmçinin aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir və 125-ci maddəsinin 7-ci bəndinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə görə hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Ədalətli məhkəmə araşdırması hüququ özündə tərəflərin bərabərliyi, çəkişməli məhkəmə prosesi və sair prinsiplərlə yanaşı, həmçinin məhkəmə qərarlarının əsaslandırılması prinsipini ehtiva edir. Bu prinsipə əsasən məhkəmələr qərarları əsaslandıqları səbəbləri adekvat şəkildə göstərməlidirlər (“Papon Fransaya qarşı iş”). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli Qərarında məhkəmə icraatının vəzifələri ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Plenum qeyd olunan qərarında daha sonra göstərmişdir ki, cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Məhz buna görə Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya müraciətində müvafiq dəlillər olmadığı hallarda da cinayət və cinayət-prosessual qanunvericiliyin normalarının tətbiqinin düzgünlüyünün yoxlanılmasına dair CPM-in 397.2-ci maddəsinin müddəaları çox əhəmiyyətlidir. Konstitusiya Məhkəməsinin Plenumu başqa bir qərarında da eyni hüquqi mövqeyi məhkəmələrin diqqətinə çatdırmaqla əməlin düzgün tövsif edilməsinin əhəmiyyətini xüsusilə vurğulamışdır. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu ilk növbədə cinayət tərkibi ilə yanaşı cinayətin tövsif edilməsi anlayışının açıqlamasını vacib hesab etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərara əsasən, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməlinə cinayət hüquqi qiymət verilmədən öncə onun müdafiəsi üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillər, yəni yaşadığı evə gəlib baxış keçirmiş əməliyyatçılar və hal şahidlərinin gözü qarşısında narkotik xassəli bitkinin kökünü çıxarması, narkotik vasitəni əkdiyi yeri görə-görə polis əməkdaşlarının narkotik vasitəni müəyyən olunmayan mənbədən alıb satış məqsədilə həyətinə daşıyıb saxlamasını yazdıqları, güya ki, barəsində polis əməkdaşlarına dəfələrlə məlumat daxil olması, halbuki haqqında cəmi bir dəfə məlumat daxil olması, bir nəfərin ondan narkotik vasitə istəməsi və o da vermədiyi üçün həmin şəxsin gedib onun barəsində polisə məlumat verməsi, bundan sonra polislərin gəlib onu tutmaları, evinə baxış keçirilməsinə şifahi razılığı olması, narkotik vasitəni iki yerdə saxlaması barədə dedikləri həqiqətə uyğun deyil, onun müvafiq məzmunlu ifadə verməsi əsassız olaraq törətdiyi cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Təqsirləndirilən şəxs tərəfindən qeyd edilən ifadə özünü müdafiə etmək məqsədi ilə deyildiyindən və məhkəmədə heç bir sübutla təsdiq edilməməklə, işin hallarına uyğun gəlmədiyindən, habelə istintaq hərəkəti protokolları, şahid ifadələri, ekspertiza rəyləri və digər sənədlər ilə tamamilə təkzib edildiyindən məhkəmə həmin ifadələri inandırıcı hesab etməyərək, sübut kimi qəbul etmir. Belə ki, Təqsirləndirilən şəxs evinə və evin həyətyanı sahəsinə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə heç bir etirazı olmaması barədə 22 noyabr 2023-cü il tarixli ərizə yazıb imzalamış və həmin ərizə cinayət işinin materiallarına əlavə olunmuşdur (i.v. 12). Bundan başqa məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sabirabad Rayon Polis Şöbəsi X4 əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs evinin həyətyanı sahəsində bitki əkmək üçün hazır yer olmuş, lakin həmin yerdə heç nə əkilməmiş, həmçinin heç bir çətənə bitkisi və ya narkotik bitki şitili aşkar olunmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırkı halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən Qərardakı müddəalarını nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarla, yəni təsviri hissədə sadalanan sənədləri və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadəsi ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs 22 noyabr 2023-cü il tarixli ərizəsini, fərdi yaşayış evində keçirilmiş baxış istintaq hərəkətinin protokolunu və ona əlavə edilmiş fotocədvəlləri (hansı ki həmin fotolarda narkotik vasitənin əkildiyi yerdə bitki ştili əkilməsi görünmür), onun ilkin izahat, şübhəli və təqsirləndirilən şəxs qismində ifadələrini inandırıcı hesab edir, məhkəmə istintaqı zamanı verdiyi ifadəsini yaşadığı evə gəlib baxış keçirmiş əməliyyatçılar və hal şahidlərinin gözü qarşısında narkotik xassəli bitkinin kökünü çıxarması, evinə baxış keçirilməsinə şifahi razılığı olması barədə olan hissələrdə özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Avropa İnsan Hüquqları Məhkəməsinin “X3rşı” iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə göstərilənlərə əsasən, habelə Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi izahatını, şübhəli və təqsirləndirilən şəxs qismində ifadələrini, ibtidai istintaqın qurtarması, cinayət işinin materialları ilə tanış olması barədə protokolları hüquq müdafiəçisinin iştirakı ilə təsdiq etdiyinə, həmin protokollarda yuxarıda göstərdikləri barədə hər hansı bir etiraz bildirməməsinə, bütün bunların da işin faktiki hallarına uyğun olduğuna və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edildiyinə görə iş üzrə sübut kimi qiymətləndirir. “Şenk İsveçrəyə qarşı” Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “X11 Rusiya Federasiyasına qarşı” işi üzrə 21 iyun 2011-ci il tarixli, “Yallo Almaniyaya qarşı” işi üzrə 11 iyul 2016-cı il tarixli qərarlarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilibqiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq, açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilib-edilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulub-pozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuş, açıq məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, habelə əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə suallar vermiş və ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Müdafiə tərəfi təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamı mübahisələndirsə də, məhkəmə hesab edir ki, təqsirləndirilənə qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış bütün mötəbər və obyektiv sübutların tədqiqi nəticəsinə əsasən həll edilməlidir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü digər dəlil, yəni, narkotik vasitənin satışı ilə məşğul olmaması barədə ifadə verməsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təqsirsizlik prezumpsiyası adlandırılan 21-ci maddəsinin 2 və 3-cü bəndlərinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Avropa İnsan Hüquqları Məhkəməsi “Telfner Avstriyaya qarşı” işində qeyd etmişdir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsi, irəli sürülən ittiham əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır. “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa Məhkəməsi qeyd etmişdir ki, təqsirləndirlən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. “Hoanq Fransaya qarşı” işində Avropa Məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. Məhkəmə həm milli cinayət-prosessual qanunvericiliyin, həm də beynəlxalq qanunvericiliyin müddəalarının tələblərinə əsaslanaraq hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamı həm sübutlar, həm də hüquqi tövsif baxımından sübuta yetirmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin ona qarşı irəli sürülmüş ittihamda göstərilən cinayət əməlini törətməkdə təqsiri ehtimalla deyil, yalnız mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübutların məcmusuna əsasən müəyyən edilməlidir. Həmin ittihamın sübut olunmasında digər sübutlarla aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Cinayət işi üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin dispozisiyasında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama və daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 234.1-1-ci maddəsinə əsasən, bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə cinayət məsuliyyəti yaranır. Bu Məcəllənin 234.1-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq əldə edilməsi, saxlanılması, hazırlanması, emal edilməsi və daşınmasının bu maddə ilə cinayət məsuliyyətinə səbəb olması göstərilir. Göstərilən hər iki maddədə narkotik vasitələrin və ya psixotrop maddələrin şəxsi istehlak məqsədilə əldə edilməsinin cinayət məsuliyyətinə səbəb olması qeyd edilmişdir. Həmin Məcəllənin 234.4.3-cü maddəsində satış məqsədi ilə külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud satma əməlinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Həmçinin cinayətin subyektiv cəhətinin ünsürlərindən biri olan “məqsəd” Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində cinayət tərkibinin zəruri əlaməti olmaqla Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139.0.3-cü maddəsinə əsasən sübut edilməli olan hallardan biridir. Beləliklə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.1-1-ci maddələri ilə 234.4.3-cü maddələri arasındakı fərq narkotik vasitələrin və ya psixotrop maddələrin satış məqsədilə əldə edilib-edilməməsi ilə bağlıdır. Birinci halda təqsirkar narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak, ikinci halda isə satış məqsədilə əldə etmiş olur. Hansı halların satış məqsədinə dəlalət etməsi cinayət qanunvericiliyində birbaşa müəyyən edilməsə də, belə məqsədin işin faktiki hallarına əsasən təsbit edilməsi mümkündür. Bu mövqe Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun məhkəmə təcrübəsinə dair qərarlarında daha aydın şəkildə ifadə edilmişdir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 959-İİQ nömrəli Qanununun 1.0.8, 1.0.9 və 1.0.10-cu maddələrinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi- həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə; narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi- həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə; narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması- məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Sözügedən Qanunla təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə İ Siyahısı”nın 12-ci (a) bəndinə əsasən təmiz halda 500 (beş yüz) qram və daha artıq çəkidə narkotik vasitə qurudulmuş marixuana (kannabis) külli miqdar təşkil edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci tarixli, 2 nömrəli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası onu da qeyd etməyi məqsədə uyğun hesab edir ki, yuxarıda qeyd edilən cinayət əməlinin, o cümlədən onun ayrı-ayrı hallarının sübuta yetirilməsi Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyinin müəyyən etdiyi hüquqi prosedurlar daxilində aparılır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin məzmunundan görünür ki, sübutlar mənbəyi, əldə edilməsi və iş üçün aidiyyəti olması etibarilə o dərəcədə mötəbər olmalıdır ki, onların obyektiv həqiqəti əks etdirməsi və sübuti əhəmiyyəti kənar müşahidəçidə şübhə doğurmasın. Ona görə də məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 139-cu maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayətin əlamətləri, əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlar əsasında müəyyən edilir. Həmin Məcəllənin 143-144-cü maddələrinin tələbinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə, habelə digər prosessual hərəkətlərlə həyata keçirilir və cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrində nəzərdə tutulur ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 146-cı maddəsində cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ona görə ittiham irəli sürmüşdür ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 955,25 qram olan narkotik vasitə qurudulmuş marixuananı, yəni külli miqdar təşkil edən narkotik vasitəni əldə edib saxlamaqla daşımışdır. Cinayət işinin materiallarında olan “şübhəli şəxs qismində tutma haqqında” qərar və tutulma protokolundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutlmuş əməli törətməkdə şübhəli şəxs kimi saxlanılması qərara alınmış və o, tutulmuş, “cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” qərarla isə cinayət işi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə başlamış və Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddəyə münasibətdə satış məqsədinin olması barədə hər hansı sübut növü əldə etmədən, yalnız onun üzərindən aşkar edilmiş qurudulmuş marixuananın yaşadığı evində və həyətyanı sahəsində müxtəlif yerlərdə saxlanılmaqla, ümumilikdə çəkisinin 955,25 qram olmaqla, külli miqdarının ən aşağı həddi olan 500 (beş yüz) qram olmasına və evindən aşkarlanmış elektron tərəziyə istinad etməklə ona, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham elan edilmişdir. Halbuki, nə həmin aralıqda, nə də ibtidai istintaqın gedişində Təqsirləndirilən şəxs hər hansı şəxsə psixotrop maddə satması heç bir halla təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, göstərilən hallar ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamın əsassız olmasının ilkin əlamətləridir. Məhkəmə qeyd edilən cinayət-prosessual qanunvericiliyin müddəaları və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsaslanaraq belə qənaətə gəlir ki, həm ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs qarşı irəli sürdüyü ittihamın əsassız olmasına işarə edən yuxarıda göstərilmiş ilkin əlamətləri, həm də, onun üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananın ümumilikdə təmiz çəkisinin 955,25 qram, yəni külli miqdarının aşağı həddindən yalnız bir dəfə çox olması, həm ibtidai, həm də məhkəmə istintaqı zamanı müvafiq olaraq ilkin izahatında, şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində yaşadığı evi və həyətyanı sahəsindən aşkar edilmiş narkotik vasitəni satış məqsədi ilə deyil, yalnız şəxsi istifadəsi üçün saxlamasını göstərməsi, ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs aşkar edilmiş qurudulmuş marixuanaya münasibətdə başqa istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi və ya satış niyyətində olmasına dair hər hansı məlumat (məsələn, istifadəsində olmuş mobil nömrəyə dair telefon danışıqları, sms yazışmalar haqqında) və ya digər sübut növü aşkar edə bilməməsi, göstərilən halların ümumi məcmusunun sonuncudan aşkar edilmiş qurudulmuş marixuananı əldə etməsi, üzərində saxlaması, daşımasından ibarət hərəkətlərin, həmin narkotik vasitədən şəxsən istifadə etmək niyyəti ilə etməsi anlamını verməsi və ya buna əsaslı şübhə yaratması, ittiham tərəfinin bu şübhəni digər sübut növü ilə aradan qaldıra bilməməsi, həmin kütləyə və elektron tərəziyə münasibətdə satış niyyətində olması barədə nəticəyə gəlməyə əsas verməməsi, buna görə də, Təqsirləndirilən şəxs xeyrinə təfsir edilməli olması, iş üzrə törətdiyi cinayət əməlinin ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmədiyi, həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli olduğu barədə nəticəyə gəlməyə tam əsas verir. Məhkəmə ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs evindən aşkar olunan narkotik vasitə qurudulmuş marixuana ilə yanaşı üzərində narkotik vasitə marixuananın hissəcikləri olan elektron tərəzinin aşkar olunması və nəticədə onun narkotik vasitənin satışı ilə məşğul olması qənaətinə gəlməsi barədə nəticəni qiymətləndirərkən qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxs təsərrüfatla, daha konkret müxtəlif kənd təsərrüfatı mallarının satışı ilə məşğul olmuşdur, hansı ki, bu faktı həm təqsirləndirilən şəxs, həm də ibtidai istintaq zamanı dindirilmiş şahidlər hər biri ayrı-ayrılıqda ifadələrində bildirmişlər. Bu mənada aşkarlanmış elektron tərəzinin həcmi bu texniki avadanlığın məhz narkotik vasitənin çəkisini müəyyən etməkdən ötrü istifadə olunmasına dəlalət etmir. Bundan başqa, ekspert rəyində göstərilmişdir ki, elektron tərəzinin üzərində olan narkotik vasitə marixuananın mikrohissəciklər normal çəki təşkil etmədiyindən (elektron tərəzinin ölçmə həddindən xaric mikroçəki) miqdarını və təqdim edilən kütlələr ilə eyni tərkibli olubolmadığını müəyyən etmək mümkün olmamışdır. Belə olan halda, aşkar olunmuş avadanlığa sırf narkotik vasitənin çəkisini müəyyənləşdirməkdən ötrü olduğu prizmadan yanaşmaq doğru deyil, şübhəlidir ki, bu hal da qanunun tələbinə əsasən təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. Məhkəmə eyni zamanda onu da qeyd etməyi zəruri hesab edir ki, cinayət işi üzrə məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sabirabad Rayon Polis Şöbəsi X4 əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ona daxil olmuş əməliyyat məlumatı Sabirabad rayonu Ulacalı kənd sakini Təqsirləndirilən şəxs narkotik xassəli bitkiləri həyətyanı sahəsində əkib-becərməsi və yaşadığı evdə saxlaması barədə olmuş, əməliyyat məlumatı ilə əlaqədar əlavə tədbirlər keçirmələrinə baxmayaraq Təqsirləndirilən şəxs konkret olaraq narkotik vasitəni kimlərə satması ilə bağlı məlumatları əldə edə bilməmişlər, yəni satışla bağlı məlumatlar öz təsdiqini tapmamışdır. Bundan başqa, Sabirabad Rayon Polis X2 Qrupu öz raportunda göstərmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən və yaşadığı evdən aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuananın mənbəyini, yəni narkotik vasitəni haradan və kimdən əldə etməsini müəyyən etmək istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilsə də, müsbət nəticə əldə etmək mümkün olmamışdır. Bundan əlavə məhkəmədə şahid qismində dindirilmiş Sabirabad Rayon İcra Hakimiyyəti başçısının Ulacalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şahid4 və Ulacalı kənd bələdiyyəsinin sədri Şahid5 ifadələrində Təqsirləndirilən şəxs çox sakit, başını aşağı salıb yaşayan, qonşularla mehriban davranan biri kimi tanıdıqlarını, məsul vəzifədə işlədikləri müddətdə Səhədin nəinki narkotik vasitələr əkib-becərməsi, satışı ilə məşğul olması və ya kiməsə pay verməsi, ümumiyyətlə mənfi bir məşğuliyyətinin olması, kiməsə zərər vurması haqqında məlumat daxil olmaması, əksinə insanlara əl tutması barədə danışılmasını xüsusi vurğulayaraq, onun barəsində qeyd etdiklərinin nəzərə alınmasını və ədalətli yekun qərar qəbul olunmasını məhkəmədən xahiş etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs götürülmüş mobil telefon aparatına, habelə istifadəsində olmuş 055 535-24-12 saylı mobil telefon nömrəsinə daxil olan və çıxan zəngləri, sms bildirişləri və sair məlumatları özündə əks etdirən "xxxx" MMC-dən daxil olmuş diskə keçirilmiş baxış zamanı iş üzrə hər hansı bir əhəmiyyət kəsb edən məlumatlara rast gəlinməmiş, müxtəlif nömrələrlə çoxsaylı əlaqələr araşdırılarkən məlum olmuşdur ki, Təqsirləndirilən şəxs zəng etmiş şəxslər Səhədlə bir həmkəndli, qonşu kimi, bundan başqa Səhəd öz həyətyanı sahəsində təəsərrüfatla məşğul olduğundan, yəni iri buynuzlu heyvanların südünü və digər süd məhsullarını kənd sakinlərinə satdığından belə məhsulları əldə etmək üçün tez-tez əlaqə saxlamışlar. Eyni zamanda ambulator X1 rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Və Təqsirləndirilən şəxs aşkarlanan narkotik vasitə də, məhz qurudulmuş marixuana (kannabis) olmaqla kannabioidlər növünə aiddir. Bu da onu deməyə əsas verir ki, Təqsirləndirilən şəxs həqiqətən də narkotik vasitə olan qurudulmuş marixuananı şəxsi istifadəsi üçün əldə etmiş və saxlamışdır. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ilkin izahat, şübhəli və təqsirləndirilən şəxs qismində ifadələrində evi və həyətyanı sahəsindən aşkar edilmiş qurudulmuş marixuananı şəxsi istifadəsi üçün saxlaması, həmin narkotik vasitəyə dair satış niyyətinin olmaması barədə irəli sürdüyü dəlili əsaslı hesab edir. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ilkin izahatını, şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi, habelə şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi iş materiallarında olan, biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə cinayət prosesinin ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normaları, hüquqi mövqeləri və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, bu Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini anlaqlı vəziyyətdə törətməsi ibtidai və məhkəmə istintaqı zamanı özünün verdiyi qismən etirafedici ifadələri ilə yanaşı, məhkəmədə dindirilmiş şahidlərin ifadələri, onun evinə və həyətyanı sahəsinə baxış keçirilməsi barədə protokol və ona əlavə edilmiş fotocədvəllər, materialların məhkəmə ekspertizasının rəyi, ambulator X1 rəyi, digər istintaq hərəkəti protokolları və sənədləri, iş üzrə maddi sübut kimi tanınmış narkotik vasitə olan qurudulmuş marixuananın qalığı, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Bundan əlavə, məhkəmənin istinad etdiyi sübutların keyfiyyəti, o cümlədən əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edərək hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək əməlin hüquqi tövsifi məsələsini həll etmişdir. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 347.1-ci maddəsində qeyd olunur ki, məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Həmin Məcəllənin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalı, yəni Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Həmin Məcəllənin 351.1-351.3-cü maddələrinə görə ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun Cinayət-Prosessual Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz həmin Məcəllənin 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı”, “Fadin Rusiyaya qarşı”, “Lenskaya Rusiyaya qarşı” və “Radçikov Rusiyaya qarşı” işlər üzrə qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Əsaslandırılmış qərarlar tərəflərə eşitdiklərini nümayiş etdirmək, beləliklə də onların verilmiş qərarı qəbul etməyə daha meyilli olmasına töhfə vermək məqsədi daşıyır. Bundan əlavə onlar hakimləri qərarlarını obyektiv arqumentlərlə əsaslandırmağa, həmçinin müdafiə tərəfinin hüquqlarını qorumağa vadar edir. Lakin, səbəblərin göstərilməsi öhdəliyinin həcmi qərarın xarakterindən asılı olaraq dəyişir və məhkəmə işinin halları nəzərə alınmaqla müəyyənləşdirilməlidir (X16rşı iş). “Van de Hurk Niderlanda qarşı”, “Boldea Rumınyaya qarşı” və “Hadjianastassiu Yunanıstana qarşı” işlər üzrə qərarlarda göstərilmişdir ki, məhkəmələr irəli sürülmüş hər bir arqumentə cavab vermək məcburiyyətində olmasalar da, qərardan aydın olmalıdır ki, məhkəmə işinin əsas məsələlərinə baxılıb. Milli məhkəmələr qərarlarının nəyə əsaslandığını kifayət qədər aydın göstərməlidirlər ki, məhkəmə işinin istənilən tərəfi mümkün apellyasiya hüququndan effektiv istifadə edə bilsinlər. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin bütün əlamətləri vardır, həmin cinayət əməli həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətin törədilməsində o, təqsirlidir, cinayət əməlini qəsdən törətmişdir və əməli başa çatmış cinayətdir. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, habelə cinayət hüququ sahəsində milli (yerli) və beynəlxalq qanunvericiliyin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsində göstərilir ki, “... Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, digər cinayət hüquqi xarakterli tədbirləri müəyyən edir”. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Həmin Məcəllənin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41, 58.1 və 58.3-cü maddələrinə əsaslanaraq müəyyən edir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hisəssinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarında göstərilir ki, məhkəmə hər bir konkret halda təqsirləndirilən şəxsə cəzanın təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidir. Həmçinin qeyd edilməlidir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və sair) əsasən müəyyən edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, ağır xəstəlikdən əziyyət çəkməsini, ailənin yeganə qazanc gətirən fərdi olmasını, yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsini, narkotik vasitə istifadəçisi olduğu üçün peşimançılıq çəkməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əks olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2004-cü il tarixli qərarında göstərilmişdir ki, cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. «Vinter və başqaları Birləşmiş Krallığa qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 09 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1- 1-ci maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Buna görə də, ona qanunla müəyyən edilmiş ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş cəzadan daha yüngül cəzanın təyin olunması, yaxud da şərti məhkum etmənin tətbiq edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməli cinayətlərin təsnifatına görə həmin Məcəllənin 15.4-cü maddəsinə əsasən ağır cinayət hesab olunur. Qanunun qeyd edilən tələbi baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona, azadlıqdan məhrum etmə növündə təyin olunacaq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Cinayət işi üzrə mülki iddia, maddi zərər və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsində şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Cinayət işi üzrə müsadirə olunması təklif olunan cinayətin törədilməsində istifadə olunan alət və vasitələr, cinayətin predmetləri müəyyən edilməmişdir. Prosessual qanunvericiliyin tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs münasibətdə əmlak müsadirəsi tətbiq oluna bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1, 132.1.1 və 132.1.4-cü maddələrinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəsini alandan sonra cinayət işi üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sabirabad Rayon Polis Şöbəsinin maddi sübutların saxlanma otağına təhvil verilmiş, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən və yaşadığı evdən aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi 955,25 qram olmaqla ekspertiza tədqiqatından sonrakı qalığı 954,5 qram olan narkotik vasitə qurudulmuş marixuana və bir ədəd elektron tərəzi məhv edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün, məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi məqsədi ilə ona, dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən, bu Məcəllənin 197.1.4-cü maddəsində (mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ) nəzərdə tutulan məsrəf məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik məbləğdə pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 saylı Qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətindən başqa, təqsirləndirilən şəxsin azadlığının faktiki məhdudlaşdırıldığı zaman daxil olmaqla şübhəli şəxs qismində tutulduğu müddət də daxildir. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli, 5 nömrəli Qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun sözügedən Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin müddəalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı ibtidai həbs müddəti onun cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni 22 noyabr 2024-cü il tarixdən hesablanmalıdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 198, 344-347, 349, 351-353, 356, 358, 381, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 22 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik məbləğdə pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Məhkəmədə təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilsin. Məhkəmənin hökmü qanuni qüvvəsini alandan sonra cinayət işi üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sabirabad Rayon Polis Şöbəsinin maddi sübutların saxlanma otağına təhvil verilmiş, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən və yaşadığı evdən aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi 955,25 qram olmaqla ekspertiza tədqiqatından sonrakı qalığı 954,5 qram olan narkotik vasitə qurudulmuş marixuana və bir ədəd elektron tərəzi məhv edilsin. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Esmira Məmmədova Hakimlər Nahid Hüseynov Neymət Məmmədov
Məhkəmə qərarları › İş №1(099)-417/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-417/2024
07.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver