Məhkəmə qərarları › İş №1(099)-42/2025

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-42/2025

26.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-42/2025 26.02.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Vəliyeva Ayşən Umud qızı (sədrlik edən), Əliyev Əli Abdulla oğlu və Cəlilov Oruc Yusif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi- X3, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi-Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olan və ödənilməmiş, işsiz, Biləsuvar şəhəri, H.Aslanov küçəsi ev 7-də qeydiyyatda olmaqla yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra-Cinayət Məcəlləsi) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqla müəyyən edilməmiş “Sadiq” adlı İİR-nin vətəndaşı və qeyriləri ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 14 fevral 2024-cü il tarixdə saat 02 radələrində “VAZ-2106” markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Biləsuvar-Bəhramtəpə yolunun Biləsuvar rayonu ərazisindən keçən hissəsinə gələrək cinayət qrupun naməlum üzvü tərəfindən gizlədilmiş yolun kənarında üzərində “Bəhramtəpə-Hacırüstəmli” sözləri yazılmış lövhənin altından qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda- 260.150 qram çəkidə narkotik vasitə tiryəki, külli miqdarda-9.230 qram çəkidə narkotik vasitə heroini, xeyli miqdarda-5.007 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı, ümmumi təsiredici miqdarı 1,32 qram olan 33 ədəd narkotik vasitə metadon həblərini əldə edib üzərində saxlayıb daşıyaraq avtomobilə əyləşib həmin avtomobilin arxa oturacağının alt hissəsinə qoymuş, həmin tarixdə saat 02:45 dəqiqədə Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində “VAZ-2106” markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobil Biləsuvar-Bəhramtəpə yolunun 40-cı kilometrliyində saxlanılmış və onun avtomobildən düşüb qaçmasına baxmayaraq həmin ərazidə tutularaq Biləsuvar RPŞ-yə gətirilmiş və orada avtomobilə keçirilən baxış zamanı axra oturacağın altından üzəri yapışqan lentlə bağlanmış iki ədəd bağlamanın içərisindən 3 ədəd bükümdə təmiz çəkiləri-104,156 qram, 29,453 qram və 126,541 olmaqla ümumi təmiz çəkisi 260,150 qram olan, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-birləri ilə eynilik təşkil edən, xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə tiryək, bir ədəd bükümdə təmiz çəkisi 9,230 qram olan, tiryəkdən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin, bir ədəd bükümdə təmiz çəkisi 5,007 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, ümumi təsiredici miqdarı 1,32 qram olan, 33 ədəd, təsiredici maddəsinin miqdarına görə bir-birləri ilə eynilik təşkil edən, qəhvəyi rəngli, dairəvi formalı narkotik vasitə metadon həbləri aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilən ittiham üzrə özünü təqsirli bilməyərək qeyd etmişdir ki, o narkotik vasitə istifadəçisidir. Hadisədən 3 gün əvvəl tanımadığı iranlı olduğunu bildirən bir nəfər şəxs ona şəxsi istifadəsi məqsədilə qurudulmuş marixuana qoydura biləcəyini yazmışdır. Bundan bir neçə gün əvvəl əməliyyatçı ona qardaşı vasitəsi ilə onu tutacaqları barədə xəbər göndərdiyi üçün o, həmin şəxsin polis əməkdaşı olduğundan şübhələnmişdir, ancaq buna baxmayaq 13 fevral tarixində danışdığı şəxsin dediyi yerə getmişdir. Həmin yerdə “VAZ-2107” markalı avtomobil görmüş və şübhələnmiş, bükümləri görmüş ancaq əlini vurmamışdır. O, taksiyə minib gedərkən onun narkotik vasitə götürmək üçün getdiyindən xəbərsiz olan atası da onunla birlikdə getmişdir. Bundan sonra əməliyyatçılar onların arxasınca düşmüş, maşını saxladıqdan sonra o, qaçmış əməliyyatçılar onun atasını və sürücünü saxlamışlar. O, qaçarkən gölün içinə yıxılmış və iki saata yaxın müddət suyun içində qaldıqdan sonra post patrul maşınının gəldiyini görüb ona əl edib saxladaraq onu şöbəyə aparmalarını xahiş etmişdir. Şöbədə onu döymüş və qarşısına sənəd qoyaraq ona imza atmasını, əks halda atasının da onunla əlbir olmasını rəsmiləşdirəcəyi ilə hədələmişlər. Verilən suallara cavab olaraq təqsirləndirilən şəxs bildirmişdir ki, narkotik vasitə marixuana istifadəçisidir. Narkotik vasitənin başqa növündən istifadə etmir. O, bildirmişdir ki, iranlı şəxslə 5 qram marixiuana qarşılığında 150 manat pul ödəyəcəyi ilə razılaşmışdır, atasına dostları ilə görüşəcəyini demiş və atası da onunla birlikdə getmək istədiyini bildirmişdir. O, narkotik vasitəni görmüş ancaq onun böyük olduğunu görüb və bunun polislərin tələsi olduğunu düşünərək onu götürməmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, maşında narkotik vasitə olmamasına baxmayaraq polislərdən qaçmasına səbəb onu tutacaqları ilə bağlı qorxusu olmuşdur, suda iki saat gizləndikdən sonra şöbəyə getməsinə səbəb də polislər tərəfindən atasına hər hansı bir zərər yetiriləcəyi qorxusu olmuşdur, şöbədə ona zor tətbiq edən şəxslər Aqşin, Pərviz adlı polis əməkdaşları və digər əməliyyatçılar olmuşdur, üzərinə baxış keçirilən zaman vəkili orada olmamış, sonradan gəlmişdir. Məhkəmədə həbs qətimkan tədbiri seçilərkən ona zorakılıq tətbiq edilməsi ilə bağlı heç bir şey deyə bilməmişdir, Aqşin onu tutulmazdan əvvəl tutacağı ilə bağlı barmağı ilə hədələmişdir, Şahid2 narkotiki boynuna almayacağı halda atasını da onunla bir yerdə həbs edəcəyi ilə hədələmişdir. Məhkəmədə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-Cinayət-Prosessual Məcəlləsi) 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsinin ziddiyyətli olan hissəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, “...14 fevral 2024-cü il tarixdə saat 02 radələrində Sadiqin göndərdiyi konuma uyğun olaraq Hacırüstəmli kəndinə gedib çatmışlar. Həmin kəndin ərazisində olan zaman yalandan mobil telefonla hansısa tanışı ilə danışmaq görüntüsü yaratdıqdan sonra Çingiz və Rövşənə pul alacağı şəxsin dediyi yerə gəlməməsini bildirmiş, buna görə də Biləsuvar rayonuna qayıtmaq istədiyini demişdir. Onlar yenidən Biləsuvar-Bəhrəmtəpə yolu ilə Biləsuvar rayonu istiqamətində hərəkətdə olan zaman Sadiq adlı şəxsin göndərdiyi konuma əsasən üzərinə Bəhrəmtəpə-Hacırüstəmli sözlərini yazıldığı lövhəni görüb Çingizə avtomobili saxlamasını istəmiş və yalandan yolun kənarında ayaqyoluna gedəcəyini bildirmişdir. Çingiz də avtomobili yolun sağ tərəfində saxladıqdan sonra avtomobildən düşüb yolun əks tərəfinə keçmiş və orada üzərinə Bəhrəmtəpə- Hacırüstəmli sözlərinin yazıldığı lövhənin dibindən içərisində narkotik vasitə olan bağlamanı götürüb gizlədərək avtomobilə qayıtmış, daha sonra isə Çingizə avtomobillə Biləsuvar rayonuna onları gətirməsini istəmişdir. Təxminən 3-4 dəqiqə sonra Çingizin idarə etdiyi avtomobillə Biləsuvar rayonu istiqamətində hərəkətdə olan zaman YPX əməkdaşları Çingizə avtomobili saxlamaq işarəsi vermişlər. O isə Çingizdən avtomobili saxlamamasını və hərəkətinə davam etməsini istəmişdir. Çingiz avtomobilə aid sənədlərin düzgün olmaması səbəbindən avtomobili saxlamamışdır. Lakin, YPX əməkdaşları Çingizin idarə etdiyi avtomobili məcburi şəkildə saxlatdırmışlar. İlk olaraq YPX əməkdaşları, daha sonra isə mülki geyimdə olan digər polis əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim etmişlər, üzərilərində və avtomobildə içərisində narkotik vasitə və psixotrop maddə gəzdirmələri şübhəsinin olmasını izah edərək onları polis şöbəsinə gətirmişlər. Təqsirləndirilən şəxs ifadələr arasındakı ziddiyyətin səbəbini qeyd olunan formada ifadə verməyəcəyi halda əməliyyatçıların atasının da onunla birlikdə həbs ediləcəyi ilə hədələməsi ilə əsaslandırmışdır. İş üzrə şahid Biləsuvar RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı X4 ifadəsində göstərmişdir ki, 14 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil oldu. Həmin tarixdə Təqsirləndirilən şəxs içində olması ehtimal olunan **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilə tərəfimizdən saxla işarəsi verildi, lakin o, saxla işarəsinə məhəl qoymadığından, tərəflərindən süni tıxac yaradılaraq saxlanıldı. Saxlayan zaman Təqsirləndirilən şəxs avtomobildən düşərək qaçdı, avtomobildə olan 2 nəfər şəxs tərəflərindən polis şöbəsinə gətirildi. Bundan 5-10 dəqiqə sonra o və İsmayıl Ağazadə Təqsirləndirilən şəxs ərazidə olan kolluqdan taparaq polis şöbəsinə gətirdilər, şöbədə olarkən Təqsirləndirilən şəxs üzərinə baxış keçirildi, avtomobilə baxış zamanı Təqsirləndirilən şəxs avtomobilin yük hissəsində ona məxsus narkotik vasitə olduğunu bildirdi. Narkotik vasitəyə baxış zamanı 2 bükümdə tiryək, 1 bükümdə metadon olduğu müəyyən edildi. Saxlanılan üç nəfərdən biri Təqsirləndirilən şəxs atası Rövşən idi, Fərzulla atasının və taksi sürücüsü Şahid5 narkotik vasitədən məlumatının olmadını bildirdi. Verilən suallara cavab olaraq Şahid1 bildirmişdir ki, Fərzulladan əvvəl sürücü Çingiz və atası Rövşəni saxlamışlar, həmin şəxsləri saxladıqdan sonra polis əməkdaşlarının bir qismi Fərzullanı axtarmaq üçün hadisə yerində qalmışlar, narkotik vasitə avtomobilin arxa ayaqaltı hissəsindən aşkarlanmışdır, Fərzullanı tutmamışdan əvvəl avtomobili şöbəyə aparmışlar, hər üç şəxsin üzərinə baxış keçirmişlər, avtomobili saxlayan zaman Fərzulla arxada oturmuşdur, Fərzulla narkotik vasitəni öz istifadəsi üçün götürdüyünü, atasının və sürücünün məlumatının olmadığını demişdir, Fərzullaya qarşı zor tətbiq olunmamışdır, Fərzullanı əvvəllər narkotik vasitə istifadəçisi kimi tanımamışlar, Fərzullanı hadisədən əvvəl şöbəyə dəvət etməmişlər, İran vətəndaşının yerini müəyyən edə bilməmişlər, Fərzullanı Biləsuvardan çıxanda yox, narkotik vasitəni götürüb qayıdandan sonra təqib etmişlər, narkotik vasitənin yerini bilməmişlər, Fərzullanı ayrı saxlayıblar, Fərzulla maşından düşəndə əlində bağlama olmamışdır, Fərzullanı qaçdıqdan 10 dəqiqə sonra kolluğun içində İsmayıl Ağazadə ilə birlikdə yaxalayıb şöbəyə aparmışlar, belə ki, Fərzulla qaçdığı üçün İsmayılla birlikdə hadisə yerində qalmışlar, maşını yol patrul xidmətinin əməkdaşı idarə etmişdir, Çingizlə Rövşənin aparıldığı maşında 2 nəfər polis əməkdaşı olub, avtomobilin saxlanıldığı yerdən şöbəyə yarım saatlıq məsafə olmuşdur, Fərzullanı mülki maşınla aparmışlar, şöbədə vəkil dəvət edilmişdir, Fərzullanın telefonunun harada olmasını bilmir, yəqin ki, müstəntiqdə olar, tutularkən üzərinin su olmasını xatırlamır, Çingiz maşını saxlamamasını Fərzullanın onu bıçaqla hədələməsi ilə əlaqələndirmişdir, Rövşən isə yatdığını, narkotik vasitə dolu çanta olmasını görmədiyini bildirmişdir. İş üzrə Şahid2 ifadəsində göstərmişdir ki, 14 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Şahid1 əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə Təqsirləndirilən şəxs içində olması ehtimal olunan **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilə tərəflərindən saxla işarəsi verilmiş, lakin o, saxla işarəsinə məhəl qoymadığından, tərəflərindən süni tıxac yaradılaraq saxlanılmış, saxlayan zaman Təqsirləndirilən şəxs avtomobildən düşərək qaçıb suya düşmüş, avtomobildə olan 2 nəfər şəxs və daha sonra Fərzulla tərəflərindən saxlanılaraq polis şöbəsinə gətirilmişdir. Şöbədə olarkən Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, avtomobilə baxış zamanı narkotik vasitə aşkarlanmışdır. Verilən suallara cavab olaraq Şahid2 bildirmişdir ki, maşını şöbəyə yol patrul inspektoru aparmışdır, o, Fərzullanın saxlanılmasında iştirak etmişdir, Fərzulla narkotik vasitənin sosial şəbəkədə tanış olduğu şəxs tərəfindən ona göndərildiyini, atasının və sürücünün məlumatının olmadığını bildirmişdir, narkotik vasitənin avtomobilin hansı hissəsindən aşkarlandığını xatırlamır, Fərzullaya qarşı zor tətbiq edilməmişdir, əməliyyat barədə 13 fevral 2024-cü il tarixdə Şahid1 ona bildirmişdir, Fərzullanı Bəhramtəpə istiqamətində hərəkətdə olandan təqib etməyə başlamışlar, şəxslər hadisə yerinə çatanda onlar müşahidədə olmuşlar, Fərzullanın maşından düşüb plakata tərəf getdiyini görmüş, Fərzullanın nəyisə götürüb maşına mindiyini görməmişdir, Fərzullanın maşına oturduğunu görməmişdir, hər 3 şəxsi birlikdə saxlamışlar, Fərzullanı qaçmağa cəhd edərkən saxlamışlar, sürücü öz maşını ilə, atası və Fərzulla da ayrı maşınlarda getmişdir, Fərzullanı post patrul maşınında aparmışlar, narkotik vasitə olan bağlama olan maşını yol patrul inspektoru idarə etmişdir, həmin maşını şöbəyə aparanda başqa polis əməkdaşları olmamışdır, şəxsləri saxladıqları ərazidən şöbəyə olan məsafə 25 kilometr olarmış, Fərzullanın şəxsi axtarışında iştirak etmişdir, Fərzullanı atası və Çingizdən 15- 20 dəqiqə sonra şöbəyə aparmışlar, Fərzullanı qaçanda post patrul əməkdaşları tutmuşdur, neçə nəfər olduqlarını xatırlamır, Fərzullaya zor tətbiq etməmişdir, əməliyyata 2 maşınla getmişlər, Çingizlə Rövşənin şəxsi axtarışında iştirak etməmiş, maşına baxışda iştirak etmişdir, Çingiz maşına baxış zamanı Fərzullanın onu bıçaqla hədələdiyi üçün maşını saxlamadığını, Fərzulla da narkotik vasitənin ona aid olduğunu bildirmişdir. İş üzrə Şahid5 ifadəsində göstərmişdir ki, Biləsuvar rayonunda taksi fəaliyyəti ilə məşğul olur. Hadisə günü Fərzulla atası ilə birlikdə yaxınlaşıb onları Sovxoz kəndinə aparmağını və 20 manat pul verəcəklərini bildirmişlər. Kənddən qayıdanda Fərzulla asfaltın qırağında maşını saxlamağını, ayaq yoluna gedəcəyini bildirmişdir. Fərzulla maşına oturduqdan biraz sonra polis əməkdaşları maşına saxla işarəsi vermiş, bu zaman Fərzulla ona təzyiq göstərərək maşını saxlamasına mane olmuşdur. Polis əməkdaşları onları saxlayıb şöbəyə aparmış, narkotik vasitə dolu çanta onun maşınından aşkarlanmışdır. O da şübhəli şəxs kimi saxlanılmış, sonra barəsində olan cinayət işinə xitam verilmişdir. Verilən suallara cavab olaraq Şahid5 bildirmişdir ki, baxış keçiriləndə Fərzulla narkotik vasitədən onun, yəni, Çingizin xəbərinin olmadığını demişdir, Rövşən də narkotik vasitədən məlumatının olmadığını demişdir, Fərzulla arxa oturacaqda otumuşdur, onu öz maşınında aparmayıblar, onun maşınını polis əməkdaşı idarə etmişdir, nə ona, nə də Fərzullaya təzyiq olunmamışdır, Fərzulla ona narkotiklə bağlı heç nə deməmişdir, o, marketin qarşısında saxlayanda axşam saat 11-12 radələri olarmış, o, Fərzullanın plakatın yanından nəsə götürməsini görməmişdir, maşına oturanda əlində nəsə əşya görməmişdir, maşına oturduqdan sonra ona sürməyini bildrmiş, 200 metr hərəkət etdikdən sonra polis əməkdaşları onlara saxla işarəsi vermiş, Fərzulla onu saxlamağa qoymamışdır, Fərzullanın əlində bıçaq olmasını xatırlamır. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. -İşdə olan «şübhəli şəxsin tutulması haqqında» 14 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 02:45 dəqiqədən Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur.(C-İ, i.v 13) - Biləsuvar Rayon Məhkəməsinin 15 fevral 2024-cü il tarixli, 5(022)-49/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs ətrafında müvafiq əməliyyat axtarış tədbirinin keçirilməsinə dair 13 fevral 2024-cü il tarixli qərar qanuni hesab edilmişdir.(C-İİ, i.v 13) -«Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında» 15 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham elan edilmiş və Biləsuvar Rayon Məhkəməsinin qərarı ilə barəsində 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. (C-İ, i.v. 147-148, 194-195) -«Şəxsi axtarış və götürmə aparılması haqqında» 14 fevral 2024-cü il tarixli protokollardan və ona əlavə edilmiş videoçəkilişlərdən görünür ki, Təqsirləndirilən şəxs, X2 və Şahid5 üzərinə şəxsi axtarış keçirilən zaman heç bir narkotik vasitə, psixotrop maddə, yaxud da qanunla qadağan edilmiş digər əşya və ya predmet aşkar edilməmiş, eyni zamanda, Təqsirləndirilən şəxs atası Rövşən Təqsirləndirilən şəxs Şahid5 maşını nəyə görə saxlamasına mane olduğunu soruşduqda Təqsirləndirilən şəxs üstündə narkotik vasitə olduğunu bildirmişdir. ( C-İ, i.v 32-34,54-55,76-78,81) - «Nəqliyyat vasitəsinə baxış keçirilməsi və maddi sübutun götürülməsi haqqında » 14 fevral 2024-cü il tarixli protokoldan görünür ki, ilk olaraq şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs, Şahid5 və Rövşən Bayramova “VAZ-2106” markalı, **-BZ- *** dövlət qeydiyyat nişanlı avtomobildə narkotik vasitə, psixotrop maddə və yaxud qanunla qadağan olunmuş digər əşya vardırsa, təqdim etmələri təklif olunmuşdur. Lakin, şübhəli şəxslər həmin avtomobildə onlara məxsus olan hər hansı narkotik vasitə, psixotrop maddə və yaxud qanunla qadağan olunmuş digər əşya, predmet olmadığını bildirmişlər. Bundan sonra həmin avtomobilə baxış keçirilmişdir. Baxış zamanı avtomobilin arxa sağ ayaqaltı hissəsindən iki ədəd bağlama aşkar edilərək götürülmüşdür. Birinci bağlama açılıb baxıldıqda içərisində üç ədəd büküm olması müəyyən edilmişdir. Birinci büküm açılıb baxıldıqda içərisində narkotik vasitə tiryək olması, elektron tərəzidə çəkildikdə 107,73 qram olması, ikinci büküm açılıb baxıldıqda içərisində narkotik vasitə tiryək olması, elektron tərəzidə çəkildikdə 35,86 qram olması, üçüncü büküm açılıb baxıldıqda içərisində üzərində M-40 sözləri yazılmış 33 ədəd həblərin olması müəyyən edilmişdir. Daha sonra ikinci böyük bağlama açılıb baxıldıqda içərisində 3 ədəd büküm olması müəyyən edilmişdir. Birinci büküm açılıb baxıldıqda içərisində narkotik vasitə tiryək olması, elektron tərəzidə çəkildikdə 131,08 qram olması, ikinci büküm açılıb baxıldıqda içərisində narkotik vasitə heroin olması, elektron tərəzidə çəkildikdə 12,07 qram olması, üçüncü büküm açılıb baxıldıqda içərisində narkotik vasitə qurudulmuş marixuana olması, elektron tərəzidə çəkildikdə 8,11 qram olması müəyyən edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs avtomobildən aşkar edilərək götürülmüş içərisində narkotik vasitə olan bağlamaların özünə məxsus olmasını, İran İslam Respublikasında yaşayan Sadiq adlı tanışına 150 manat pul göndərməsi qarşılığında əldə etməsini bildirmişdir. İlkin araşdırma zamanı 14 fevral 2024-cü il tarixdə “VAZ-2106” markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə videoçəkliş aparılmaqla keçirilmiş baxışın əks olunduğu bir ədəd CD disk iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilərək cinayət işinin materiallarına əlavə olunmuşdur (C-İ, i.v 56,79-81) -«Məhkəmə-bioloji ekspertizası»nın 14 fevral 2024-cü il tarixli, 19/140 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, “VAZ 2106, **-BZ-*** nömrəli avtomobildən aşkar olunmuş bükülülər...” sözlər və imzalar olan paketdəki, 1 ədəd bükümdə təmiz çəkisi:-9,230 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri: -104,156qr: -29,453qr: -126,541 qram: -260,150 qram olan maddələr xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdirlər. Xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. 1ədəd bükümdə təmiz çəkisi -5,007 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır; 33 ədəd qəhvəyi rəngli, dairəvi formalı həblər metadon həbləridir. Həblərin təsiredici maddəsinin miqdarına görə bir-biriləri ilə eynidirlər. Həblərin təsiredici maddəsinin ümumi miqdarı: -132 qramdır. ( C-İ, i.v 95-96) - xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, ifadəsinin yerində yoxlanılmasına başlarkən Təqsirləndirilən şəxs təklif edilmişdir ki, ifadəsində göstərdiklərini əyani olaraq göstərib təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs ifadəsinə uyğun olaraq, Biləsuvar- Bəhrəmtəpə yolunun Biləsuvar rayonu ərazisindən keçən hissəsində yolun kənarında quraşdırılmış üzərində “Bəhrəmtəpə-Hacırüstəmli” sözləri yazılmış lövhənin yanına gələrək 14 fevral 2024-cü il tarixdə saat 02:30 radələrində həmin lövhənin altında gizlədilmiş, İİR-nın vətəndaşı Sadiq adlı şəxs tərəfindən göndərilən içərisində narkotik vasitə olan bağlamanı götürməsini və daha sonra Şahid5 idarə etdiyi VAQZ-2106 markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşməsini, bundan sonra Biləsuvar rayonu istiqamətində hərəkətdə olan zaman YPX və digər polis əməkdaşları tərəfindən saxlanılmasını bildirmişdir. (C-İİ 110-112) - «Narkoloji Mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlama»nın 16 fevral 2024-cü il tarixli, 147 nömrəli rəyindən görünür ki, “Təqsirləndirilən şəxs kannaboidlərdən istifadə etmə halları olub, lakin asılılıq sindromu aşkar olunmur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. ( C-İİ, i.v. 57) - «Məhkəmə-tibbi ekspertizası»nın 15 fevral 2024-cü il tarixli, 66 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir xəsarət aşkar olunmamışdır.( C-İİ, i.v 59- 60) - «Ambulator məhkəmə-psixiatrik ekspertizası»nın 1 may 2024-cü il tarixli, 1198 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir.(C-İİ, i.v.154-156) Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Müdafiə tərəfinin dəlillərinə qiymət verilməsi : - Məhkəmə təqsirləndirilən şəxsin Sadiq adında iranlı ilə şəxsi istifadəsi üçün 5 qram qurudulmuş marixuana əldə etmək üçün razılaşıb ittihamda qeyd edilən ünvana getməsi, lakin, narkotik vasitənin yerləşdirildiyi torbanın həcminin böyük olduğunu görüb onu götürməkdən imtina etməsi, hadisənin əsas şahidi Şahid5 Fərzullanın maşına qayıdarkən narkotik vasitə dolu çanta ilə gəldiyini görməməsi, polislər onların maşınını saxladıqdan sonra qaçıb gölün içində gizlənməsi və 2 saat ərzində orada qalması, atasının həbs ediləcəyndən qorxub sonradan özünün könüllü təslim olması, polislərin ona və atasına zor tətbiq etməsi barədə dəlilllərinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, həmin dəlillər iş materialları ilə uzlaşmır. - Belə ki, əvvəla, Təqsirləndirilən şəxs şəxsi axtarışına dair videoçəkilişdən görünür ki, onun əynində olan paltarlar qurudur, belə ki, təqsirləndirilən şəxsin bildirdiyi kimi, əgər o, göldə gizlənmişdirsə, onun paltarları başdan ayağa sulu olmalı idi. Bundan əlavə, fevral ayının 14-ü, gecə radələrində şəxsin 2 saat ərzində gölün içində gizlənməsi məhkəmə tərkibinin qənaətincə inandırıcı görünmür. - Həmçinin, şəxsi axtarışın aparılmasına dair protokollara əlavə edilmiş disklərdən görünür ki, həm Şahid5, həm də Rövşən Bayramov üzərilərinə şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs atası Rövşən Təqsirləndirilən şəxs Şahid5 maşını nəyə görə saxlamasına mane olduğunu soruşduqda Təqsirləndirilən şəxs üstündə narkotik vasitə olduğunu dediyini bildirmişlər. - Şahid5 Fərzullanın maşına qayıdarkən narkotik vasitə dolu çanta ilə gəldiyini görməməsi ilə bağlı müdafiə tərəfinin dəlilinə münasibətdə məhkəmə tərkibi qeyd edir ki, həmin dəlil Şahid5 özü tərəfindən məhkəmə istintaqında verdiyi ifadə ilə təsdiq olunsa da, bu, hələ özü-özlüyündə narkotik vasitənin maşında olmamasına dəlalət etmir. Belə ki, həm Təqsirləndirilən şəxs, həm də Şahid5 və Rövşən Bayramovun ifadələrinin təhlilindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etmək üçün düşərkən Rövşən Bayramov və Şahid5 avtomobildə Təqsirləndirilən şəxs narkotik vasitə götürmək üçün düşdüyündən xəbərsiz halda oturmuşlar. Belə olan halda, onların hər ikisinin Fərzullanın ayaqyolu adı ilə maşından düşməsini bildirdikdə maşına oturana qədər Fərzullanı izləməsi, əlində hansısa predmetlə qayıtmasına fikir verməsi ağlabatan deyildir. Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadələrindən də görünür ki, o, maşına qayıdıb oturarkən Fərzullaya fikir vermədiyindən əlində torba olduğunu görməmişdir, görsə idi, onu maşına qoymazdı. Bundan əlavə, yuxarıda qeyd edildiyi kimi, narkotik vasitənin maşında olması həmçinin, Şahid5 və Rövşən Bayramov üzərilərinə şəxsi axtarış aparılan zaman Fərzullanın maşında narkotik vasitə olduğunu bildirməsinə dair ifadələri ilə də təsdiq olunur. - Nəhayət, təqsirləndirilən şəxsin ona və atasına təzyiq edilməsi ilə bağlı dəlilinə münasibətdə məhkəmə tərkibi qeyd edir ki, müdafiə tərəfinin bu dəlili isə aşağıda qeyd edilənlərlə tam təkzib olunur: Cinayət prosessual qanunvericiliyinə əsasən təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət təqibini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla, tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli Plenum Qərarının 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Lakin iş materiallarından görünür ki, nə təqsirləndirilən şəxs nə də onun müdafiəçisi polis əməkdaşlarının qanunsuz hərəkətlərindən müvafiq orqana şikayət verməmişlər. Əksinə, həbs qətimkan tədbiri seçilən zaman Təqsirləndirilən şəxs özünü elan edilmiş ittihamla təqsirli bilərək əməlindən səmimi peşman olduğunu, bağlamanı götürdükdən bir qədər sonra polis avtomaşınının onlaın arxasınca gəldiyini gördükdən sonra içərisində narkotik vasitə və psixotrop maddələrin olduğu bağlamanı avtomobilin pəncərəsindən tulladığını bildirmişdir. Bundan əlavə, iş üzrə dindirilmiş Şahid5 məhkəmə istintaqında bildirdiyi ifadəsində nə ona, nə də Fərzulla və atası Rövşən Bayramova polis şöbəsində təzyiq edlmədiyini bildirmişdir. Bundan əlavə, məhkəmə-tibbi ekspertizası»nın 15 fevral 2024-cü il tarixli, 66 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir xəsarət aşkar olunmamışdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 iyun 2024-cü il tarixli Qərarının 9-cu bəndində qeyd edilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Siyahıya əsasən dərman preparatı kimi beynəlxalq adı “Heroin” olan maddə narkotik vasitədir. Heroinin 0,15 qramdan artıq hissəsi xeyli miqdar, 2 qramı və ya ondan artıq hissəsi külli miqdar (təmiz halda qramlarla) hesab olunur. Həmin Siyahıya əsasən “qurudulmuş marixuana” narkotik vasitədir və onun 5 qramdan artıq hissəsi xeyli miqdar (təmiz halda qramlarla) hesab olunur. Həmin Siyahıya əsasən “metadon” narkotik vasitədir və onun 0,02 qram və ondan artıq hissəsi xeyli miqdar (təmiz halda qramlarla) hesab olunur. Yenə həmin Siyahıya əsasən “tiryək” narkotik vasitədir və onun 0,5 qram və ondan artıq hissəsi xeyli miqdar, 50 qram və ondan artıq hissəsi külli miqdar (təmiz halda qramlarla) hesab olunur. Məhkəmə narkotik vasitələrin növünün müxtəlifliyi, çəkilib xırda bağlamalara bükülməsi və çəkilərinin şəxsi istehlak miqdarından dəfələrlə artıq olması, təqsirləndirilən şəxsin müvafiq narkotik vasitələrlə gecə vaxtı yaşadığı ərazidən başqa yerdə yaxalanması və polis əməkdaşlarından qaçmağa çalışmasını onun həmin narkotik vasitələri məhz satış niyəti ilə əldə edib daşıması kimi qiymətləndirir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələrində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməllərini törətməsi şahid ifadələri “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında 29 aprel aprel 2024-cü il tarixli protokol, “şəxsi axtarışın keçirilməsi haqqında” 14 fevral 2024-cü il tarixli protokol və həmin protokola əlavə edilmiş 01 ədəd CD disk, “nəqliyyat vasitəsinə baxış keçirilməsi və maddi sübutun götürülməsi haqqında” 14 fevral 2024-cü il tarixli protokol və həmin protokla əlavə edilmiş 01 ədəd CD disk, kompleks məhkəməkimyəvi və məhkəmə-bioloji ekspertizasının 14 fevral 2024-cü il tarixli, 19/140№-li ekspert rəyi, “videogörüntüyə baxış keçirilməsi haqqında” 25 fevral 2024-cü il tarixli və 27 fevral 2024-cü il tarixli protokollar, ambulator məhkəmə-psixiatrik ekspertizasının 1 may 2024-cü il tarixli, 1199 nömrəli ekspert rəyi, ambulator-məhkəmə-narkoloji ekspertizasının 16 fevral 2024-cü il tarixli 147 nömrəli rəyi və digər istintaq sənədləri ilə kifayət qədər sübuta yetirilmişdir. Göstərilənlərə əsasən məhkəmə tərkibi belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Buna görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və həmin maddələrin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Yuxarıda qeyd olunan işin faktiki hallarına və Cinayət-Prosessual Məcəlləsinin 44.1ci maddəsinə əsasən, məhkəmə tərkibi Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyinində aşağıda qeyd olunanları nəzərə almağı zəruri hesab edir: - DİN-in BƏSİİ-dən verilmiş 2 may 2024-cü il tarixli tələbnamədən görünür ki, təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs Cəlilabad Rayon Məhkəməsinin 02 fevral 2023cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il, 02 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin 03 avqust 2023-cü il tarixli qərarı ilə Cəlilabad Rayon Məhkəməsinin 02 fevral 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il, 02 ay azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsin çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu ödənilməmişdir.(C-İİ, i.v. 136-137) - Biləsuvar RİHB-nin İƏDN-dən daxil olmuş 19 aprel 2024-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, 1998-ci il təvəllüdlü Bayramov X1 şəhəri H.Aslanov küçəsi 7№-li evdə 3 nəfər tərkibdə ailə üzvləri ilə birlikdə yaşayır. Subaydır, fərdi əməklə məşğuldur. Yaşadığı ərazi üzrə müsbət xarakterizə edilir. ( C-İİ, i.v. 55-56) Məhkəmə Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə müsbət xarakterizə edilməsini Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal kimi müəyyən olunmuşdur. ARCM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında 5 ildən 12 ilədək müddətdə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. ARCM-in 65.2-ci maddəsinə əsasən residivə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. ARCM-in 18-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən cinayətin törədilməsi ciinayətin residivini yaradır. Cinayət Məcəlləsinin sadalanmış normalarının təhlilindən görünür ki, Təqsirləndirilən şəxs 6 ildən aşağı həddə cəza təyin edilə bilməz. Eyni zamanda, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Cəlilabad Rayon Məhkəməsinin 02 fevral 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il, 02 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin 03 avqust 2023cü il tarixli qərarı ilə Cəlilabad Rayon Məhkəməsinin 02 fevral 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il, 02 ay azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsin çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, 5 ay 13 gün çəkilməmiş cəzası vardır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(073)-30/2023 saylı hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 5 (beş) ay 13 (on üç) gün hissəsi qismən birləşdirilməklə, barəsində qəti cəza təyin edilməlidir. Bundan əlavə, Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə, Cinayət-Prosessual Məcəlləsinin 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun həbsdə saxlama müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 14 fevral 2024-cü il tarixdən hesablanmalı və Biləsuvar Rayon Məhkəməsinin 15 fevral 2024-cü il tarixli, 4(022)-17/2024 nömrəli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin, 17 fevral .2024-cü il tarixli, 147 nömrəli rəyə əsasən məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs ambulator məcburi-narkoloji tibbi yoxlamaya dair ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəlləsinin 132 və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Biləsuvar Rayon Polis Şöbəsinin maddi sübutları saxlama otağında saxlanılan, “VAZ-2106” markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar olunaraq götürülmüş tədqiqatdan sonrakı qalıqları 9,130 qram olan heroin, 259,859 qram olan tiryək, 4,907 qram olan qurudulmuş marixuana, 30 ədəd metadon qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, şəxsi axtarışın əks olunduğu 1(bir) ədəd CD disk və avtomobilə videoçəkiliş aparılmaqla keçirilmiş baxışın əks olunduğu 1(bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Bundan başqa Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 60 (altımış) manat məbləğdə məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 iyun 2024-cü il tarixli Qərarı, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, həmçinin «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(073)-30/2023 saylı hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 5 (beş) ay 13 (on üç) gün hissəsi qismən birləşdirilməklə, barəsində qəti olaraq 6 (altı) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 14 fevral 2024-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Biləsuvar Rayon Polis Şöbəsinin maddi sübutları saxlama otağında saxlanılan 9,130 qram heroin, 259,859 qram tiryək, 4,907 qram qurudulmuş marixuana, 30 ədəd metadon qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış şəxsi axtarışın əks olunduğu 1(bir) ədəd CD disk və avtomobilə videoçəkilişlə keçirilmiş baxışın əks olunduğu 1(bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatı xərci kimi 60 (altımış) manat məbləğdə məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Ayşən Vəliyeva Hakimlər: Əli Əliyev Oruc Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar