Məhkəmə qərarları › İş №1(099)-421/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-421/2022

08.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-421/2022 08.07.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Nəbiyev Cəlil Cabbar oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X3, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçilər- Lənkəran rayon vəkil bürosunun vəkilləri- Müdafiəçi2 və Müdafiəçi1 iştirakları ilə, xx xxxxxx 1984-cü il tarixdə Masallı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Masallı şəhəri Qarabağ küçəsi ev 9/34-də qeydiyyatda qeydiyyatda olmaqla yaşayan, barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 və xx xxxx 1972-ci il tarixdə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Masallı rayonu Qızılağac kəndində qeydiyyatda olan və yaşayan barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 İran İslam Respublikası vətəndaşı olması güman edilən “İranna” kimi tanıdıqları şəxs və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə külli miqdarda narkotik vasitə heroin və metadon həbləri, həmçinin psixotrop maddə metamfetaminin qanunsuz olaraq əldə edilməsi, saxlanması, daşınması, habelə qrupun üzvü tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yəni qaçaqmalçılıq yolu ilə keçirilməli olan külli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə edib qrupun digər üzvünə çatdırmağı qabaqcadan vəd vermişlər və bundan sonra cinayətkar qrupun üzvü tərəfindən məlum olmayan vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilmiş külli miqdarda 1 ədəd bağlamada 1000,0 (bir min) qram, bir ədəd gümüşü rəngli bükümdə, ümumi təmiz çəkisi 2,115 qram olan narkotik vasitə heroin, təmiz çəkisi 5,545 qram olan psixotrop maddə metamfetamin, 2 ədəd konvalyutda ümumi sayı 20 ədəd olan qəhvəyi rəngli dairəvi formalı, təsiredici maddəsinin ümumi miqdarı 0,8 qram (bir həbdə 0,04 qram) olan metadon həblərini Lənkəran şəhəri Vağzal küçəsində yerləşən X5 arxa hissəsində qoyulmuş dəmir lövhənin yanında gizlədilməsi barədə İran İslam Respublikası vətəndaşları olmaları güman edilən “İranna” adı ilə tanıdıqları şəxs tərəfindən onlara məlumat verməsindən sonra, 02 mart 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 idarə etdiyi “Kia Rio” markalı, **-FT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə qeyd olunan ünvana, X1rşısına gedərək, orada aralarında olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs1 ətrafı müşahidə etmək üçün gözləmiş, Təqsirləndirilən şəxs2 isə qeyd olunan dəmir lövhənin yanına gedib satış məqsədilə qanunsuz olaraq həmin külli miqdarda narkotik vasitə heroin və psixotrop maddə metamfetamini gizlədildiyi – onlara məlum olan yerdən əldə edib üzərində daşıyaraq onun yanına gəlib bir ədəd bükümdə, təmiz çəkisi 5,545 qram olan psixotrop maddə metamfetamini ona vermiş, qalan narkotik vasitələri isə Təqsirləndirilən şəxs2 üzərində saxlamış, daxil olmuş məlumat əsasında 31 iyul 2021-ci il tarixdə saat 01 radələrində Lənkəran şəhər rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Lənkəran şəhəri, Ləvəngi dairəsinin yaxınlığında saxlanılarkən İlkin Əmrahov hadisə yerindən qaçmağa nail olmuş, onlar isə Lənkəran şəhəri-rayon polis şöbəsinin inzibati binasına gətirilib, barələrində şəxsi axtarış aparılarkən Ramin İbrahimovdan iki bağlamada, müvafiq olaraq külli miqdarda 502,480 qram heroin və 101,678 qram psixotrop maddə metamfetamin, Ramin Əzizovun üzərindən isə külli miqdar təşkil edən 530,0 qram heroin aşkar edilərək götürülmüşdür. 02 mart 2022-ci il tarixdə saat 21:30 radələrində DİNin Baş narkotiklərlə mübarizə idarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı hər ikisi X5 yanında saxlanılaraq Lənkəran şəhəri P.Təhməzov küçəsi 8 ünvanında olan polis şöbəsinə gətirilmiş, Təqsirləndirilən şəxs2 üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan gödəkçəsinin sağ yan cibindən bir ədəd bağlamada, təmiz çəkisi 1000,0 qram olan narkotik vasitə heroin və 2 ədəd konvalyutda, təsiredici maddəsinin ümumi miqdarı 0,8 qram (bir həbdə 0,04 qram), ümumi sayı 20 ədəd olan metadon həbləri, sol yan cibindən bir ədəd bükümdə, təmiz çəkisi 2,115 qram olan narkotik vasitə heroin, Təqsirləndirilən şəxs1 şalvarının sağ yan cibindən bir ədəd bükümdə, təmiz çəkisi 5,545 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxslər cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona verilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, özünə məxsus “KİA RİO” markalı, **-FT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə Bakı-Masallı arası sərnişin daşınmasını həyata keçirir. 4 ilə yaxın bir müddətdir ki, psixotrop maddə metamfetamin qəbul edir. 02 mart 2022-ci il tarixdə saat 04 radələrində Masallı rayonundan Bakı şəhərinə sərnişin aparan zaman tanımadığı nömrədən ona zəng gəlmişdir. Zəng edən şəxs onun nömrəsini Həsən dayı adlı şəxsdən aldığını, onunla söhbət etmək istədiyini demişdir. O, yolda olduğunu, yanında müştəri olduğunu bildirmiş və sonra özü boş olan zaman ona zəng edəcəyini demiş, həmin şəxs də onunla razılaşmışdır. 02 mart 2022-ci il tarixdə saat 11 radələrində həmin nömrəyə zəng etmiş və ondan kim olduğunu soruşmuşdur. Həmin şəxs ona narkotik vasitə istifadə edib-etmədiyini soruşmuş, o da “şüşə” adlandırılan metamfetamindən istifadə etdiyini bildirmişdir. Həmin şəxs ona Lənkəranda dəmir yol vağzalının yanına gəlməyi, ona az miqdarda narkotik verəcəyini təklif etmiş, o, da razılaşmışdır. Həmin şəxsin adını soruşan zaman adını telefonunda “İranna” kimi qeyd etməyini, ləqəbinin belə olduğunu demişdir. Həmin gün axşam saatlarında tanışı Ələddin ona zəng edərək Bakı şəhərinə getmək istədiyini demiş, o da Ələddinlə görüşüb idarə etdiyi avtomobillə onu Bakı şəhərinə aparmağa razılaşmışdır. Həmin gün saat 20 radələrində Masallı rayonundan çıxmaqlarına az qalmış İranna ona zəng edərək artıq Lənkəranda dəmir yolu vağzalında dəmir lövhənin yanına narkotiki qoyduğunu demişdir. O, da Ələddinə Lənkərana getməli olduğunu, vaxtı varsa onunla ilk olaraq Lənkərana getməyini, orada işini görəndən sonra Ələddini Bakıya aparacağını bildirmiş, lakin narkotik dalınca getməsini deməmişdir, sonuncu da razılaşaraq birlikdə Lənkərana getmişlər. Orada vağzala çatandan sonra Ələddinə İrannanın narkotik göndərdiyini demiş, Ələddin özü maşından düşərək narkotiki götürmüşdür. Bu zaman polislər onları tutaraq şöbəyə aparmışlar. Onların götürdüyü narkotik çox az miqdarda olmuş, lakin polis əməkdaşları onlara təzyiq göstərərək özlərindən əlavə narkotik qoyaraq onları şərləyib həbs eləmişlər. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı və məhkəmə baxışında verdiyi ifadələr arasında ziddiyyətlər olduğuna görə onun ibtidai istintaqa verdiyi ifadəsini elan etmişdir. Həmin ifadədə o, göstərmişdir ki, İranna ona zəng vuraraq bir nəfərə narkotik vasitə heroin çatdırmalı olduğunu, lakin həmin heroini göndərməyə adamı olmadığını demişdir. Əgər o, narkotik vasitə heroini həmin şəxsin dediyi zamanda və dediyi yerdən götürüb onun dediyi ünvana aparsa, bunun müqabilində ona istifadə etməyi üçün psixotrop maddə metamfetamin və metadon həbləri verəcəyini vəd etmişdir. O da həmin şəxslə razılaşmışdır. Həmin gün saat 20 radələrində Ələddini Bakıya aparan zaman İranna yenidən ona zəng etmişdir. Həmin şəxsin zəngini açıb səsini ümumi rejimə qoymuş və Ələddinin də səsi eşitməsini təmin etmişdir. Həmin şəxs ona Lənkəran şəhərinə yaxın olubolmadığını soruşmuş, o da gedə biləcəyini demişdir. Həmin şəxs ona bildirmişdir ki, narkotik vasitə, psixotrop maddə və metadon həblərini keçirəcək və onları Lənkəran şəhərində qoyacağı yeri deyəcək. Həmin şəxslə razılaşmışdır. O, X11 vətəndaşı olduğunu, iki gündür ki, ona narkotik vasitə və psixotrop maddə verəcəyəni deyərək zəng etdiyini demiş və ondan məsləhət almışdır. Ələddin ona İrannanın dediyi ünvana getməyi, onun dediyi yerdə qoyulmuş narkotik vasitə, psixotrop maddə və metadon həblərini götürməyi məsləhət etmişdir. Ələddin götürəcəkləri narkotik vasitəni özündə saxlayacağını, saxlamağa yerinin olduğunu, psixotrop maddə metamfetamini isə qəbul etmək üçün götürməklərini demişdir. Ələddinin dediyi fikir onun ağlına batmış və razılaşmışdır. O, yolu dəyişib Lənkəran şəhəri istiqamətində hərəkət etməyə başlamışdır. Yolda olan zaman bir neçə dəfə əlaqə saxlamış, həmin şəxs onun Lənkəran şəhərinə çatıb-çatmamağını, nə qədər yolunun qaldığını soruşurmuş. Lənkəran şəhəri Ləvəngi dairəsini keçəndən sonra həmin şəxs ona bağlamanı qoyduğu yerin şəklini atmış və qeyd etdiyi maddələri X5 yanına qoyduğunu demişdir. Vağzala gedib maşını saxlamış, maşından düşüb onun dediyi yeri dəqiqləşdirməyə çalışmışdır. Ələddin isə vağzal ərazisində gəzirmiş. O, İranna ilə telefon əlaqəsi saxlayaraq narkotik vasitə və psixotrop maddəni qoyduğu yeri dəqiqləşdirməyə çalışırmış. Telefon əlaqəsindən sonra iranlı bağlamanı qoyduğu yerin şəklini yenidən və daha dəqiq çəkilmiş formada atmış və o, bağlamanı qoyduğu yeri tam dəqiq bilmişdir. Lakin o, vağzalın aşağı hissəsində olmuş, ayağı ağradığından rahat hərəkət edə bilmirmiş. Ələddin isə qeyd edilən yerə daha yaxın imiş. Ələddinə zəng edərək ona bağlamaların qoyulduğu yeri izah etmişdir. Ələddinə ayağı ağradığı üçün rahat hərəkət edə bilmədiyini demiş, bağlamanı onun götürməyini xahiş etmişdir. Ələddin gedib bağlamanı qoyulan yerdən götürmüş və maşının yanına gəlmişdir. Maşının yanında ona götürdüyü bükümü göstərmişdir. Oradan bir ədəd bağlama götürmüş, metadon həbləri yapışqan lentlə bağlamanın üzərinə sarılı vəziyyətdə olmuşdur. Bundan əlavə oradan iki büküm götürmüşdür. Bükümləri açıb baxdıqda birində narkotik vasitə heroin, birində isə psixotrop maddə metamfetamin olduğunu görmüşlər. İçərisində narkotik vasitəni olan bükümü Ələddin öz cibinə qoymuş, psixotrop maddəni isə o, öz cibinə qoymuşdur. Bağlamada olan narkotik vasitənin üzərinə yapışdırılmış metadon həblərini isə sakit bir yerdə bölmək qərarına gəlmişlər. Həmin bağalamanı Ələddin öz cibinə qoymuşdur. Maşına əyləşib oradan getmək istəyən zaman polis əməkdaşları yaxınlaşaraq onları tutaraq polis şöbəsinə aparmışlar, orada axtarış keçirilən zaman əldə etdikləri narkotik vasitələr aşkar edilmişdir. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 02 mart 2022-ci il tarixdə o, işi ilə əlaqədar olaraq Bakı şəhərinə getməli olmuş, ona görə də taksi fəaliyyəti ilə məşğul olan İlkinə zəng edərək Bakı şəhərinə getmək istədiyini demişdir. İlkinlə Masallıda görüşüb yola düşmüşlər. İlkin ondan xahiş etmiş ki, Bakıya getməmişdən əvvəl Lənkərana getsinlər, orada İlkinin qısa işi olacaq, ondan sonra Bakıya gedəcəklər. O, da razılaşaraq Lənkərana getmişlər, orada dəmir yolu vağzalına çatandan sonra polis əməkdaşları onları tutaraq şöbəyə aparmışlar, orada təzyiq göstərilrək üzərlərinə narkotik vasitə yerləşdirməklə şərləyib həbs etmişlər. Məhkəmədən günahı olmadığı üçün ona bəraət verilməsini xahiş edir. Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı və məhkəmə baxışında verdiyi ifadələr arasında ziddiyyətlər olduğuna görə onun ibtidai istintaqa verdiyi ifadəsini elan etmişdir. Həmin ifadədə o, göstərmişdir ki, hadisə günü saat 20 radələrində İlkinlə Bakıya gedən zaman İlkinin telefonuna ardıcıl zənglər gəlməyə başlamışdır, İlkin telefona cavab vermiş, telefonun səsini ümumi rejimə qoyub ona qulaq asmağını bildirmişdir. O, da danışığa qulaq asmağa başlamışdır. Telefonda danışan şəxs İlkinə malı ölkəyə keçirib Lənkəran şəhərinə gətirəcəyini, gəlib oradan götürməsini və İlkin üçün də pay qoyduğunu demişdir. Onların danışığı bitəndən sonra o, İlkindən həmin şəxsin kim olduğunu soruşmuşdur. İlkin həmin şəxsin İran vətəndaşı olduğunu, 2 gündür ki, onunla əlaqə saxladığını, onun üçün Lənkəran şəhərində narkotik vasitə və psixotrop maddə qoyacağını, narkotik vasitəni dediyi zamanda dediyi şəxsə çatdırmaq qarşılığında ona psixotrop maddə və narkotik vasitə verəcəyini demişdir. İlkin tərəddüd edirmiş, gedib-getməmək arasında qalmışdır. İlkin ayağının əməliyyat olduğunu, ondan həmin bağlamanı götürə bilibbilməyəcəyini soruşmuşdur. O da götürə biləcəyini demişdir. İlkin bunun qarşılığında ona da verəcəyini dedi və razılaşmışlar. Lənkəran şəhəri Ləvəngi dairəsini keçib şəhər istiqamətində hərəkətdə olan zaman həmin şəxs İlkinə bağlamanı qoyduğu yerin şəklini atmışdır. İlkinlə birlikdə Lənkəran şəhər dəmiryol vağzalına gəlmiş və orada maşından düşmüşlər. O, vağzal ərazisində gəzirmiş, İlkin də maşının yanında qalmışdır. Bir müddət keçəndən sonra İlkin ona zəng edərək plakatın yanında olan ağacın altında qoyulmuş narkotik vasitə və psixotrop maddənin yerini ona izah etmiş, o da gedib oradan bağlamanı götürmüş və maşının yanına gəlmişdir. Maşının yanında İlkinə götürdüyü bağlamanı göstərmiş, oradan bir ədəd bağlama və iki ədəd büküm götürmüş, metadon həbləri yapışqan lentlə bağlamanın üzərinə sarılı vəziyyətdə olmuşdur. Bükümləri açıb baxdıqda birində narkotik vasitə heroin, birində isə psixotrop maddə metamfetamin olduğunu görmüşlər. İçərisində narkotik vasitə olan bağlamanı öz cibinə qoymuş, İlkinə vətəndaşının ona dediyi zamanda narkotik vasitəni verəcəyi vaxta qədər həmin bağlamanı saxlamağa yerinin olduğunu demiş, bağlamanın üzərində yapışqan lentlə bağlanmış metadon həblərini isə sakit bir yerdə bölmək qərarına gəlmiş, bir büküm heroini isə istifadə etmək üçün cibinə qoymuşdur. Psixotrop maddəni isə istifadə etmək üçün İlkin öz cibinə qoymuşdur. Maşına əyləşib oradan getmək istəyən zaman polis əməkdaşları yaxınlaşaraq onları şöbəyə aparmışlar, orada axtarış zamanı üzərlərindən həmin narkotik vasitələr aşkar edilərək götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşaraq “polis əməkdaşları tərəfindən təzyiqə qalmaqla onların üzərinə narkotik qoyularaq şərlənib məsuliyyətə cəlb olunduqları” hissəsini məhkəmə iclasında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə müqayisəli qiymət verərək hesab edir ki, həmin ifadələrdə göstərilən xüsusatlar obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və özünü müdafiə xarakteri daşıyır. İfadələrində göstərdikləri bu xüsusatları onlara cəza təyin edilməməsinə, başqa sözlə, cinayət məsuliyyətindən boyun qaçırmaya yönələn cəhd kimi qiymətləndirir. Məhkəmə onların ibtidai istintaq dövrü verdikləri ifadəni işin faktiki hallarına uyğun daha mötəbər qəbul edir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Baş narkotiklərlə mübarizə idarəsinin əməkdaşı X6 ifadəsində göstərmişdir ki, Masallı şəhər sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunsuz olaraq qaçalmalçılıq yolu ilə ölkə sərhəddindən külli miqdarda narkotik vasirə heroin və psixotrop maddə metamfetamin keçirərək satışını reliazə etmək istəmələri ilə bağlı məlumatlar daxil olmuş, əməliyyat qrupu yaradılmışdır. 02 mart 2022-ci il tarixdə saat 21 radələrində Lənkəran şəhəri vağzal ərazisinə çıxıb əməkdaşlarla birlikdə müşahidələr aparmağa başlamışlar. Bir az keçəndən sonra qeyd edilən şəxsləri vağzal ərazisində piyada hərəkətdə olan zaman görmüşlər. Onlara yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə ona əməliyyat məlumatları daxil olduğunu, bu səbəbdən də üzərlərində şəxsi axtarışın həyata keçirilməli olduğunu bildirmişdir. İnsanların və nəqliyyat vasitələrinin intensiv hərətini nəzərə alaraq onları üzərlərində şəxsi axtarış keçirilməsi üçün polis şöbəsinin inzibati binasına dəvət etmişlər. Həmin şəxslər təkliflərini qəbul edib polis şöbəsinə gəlmişlər. Orada Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış həyata keçirilməyə başlanmışdır. Şəxsi axtarış başlamamışdan əvvəl qanunla qadağan edilmiş predmet olduğu halda, təqdim etməsini təklif etmişdir. Bundan sonra İlkin əynində olan qara rəngli şalvarının sol yan cibindən bir ədəd sellofan büküm çıxarıb təqdim etmişdir. Bükümə baxış keçirilən zaman içərisində psixtorop maddə metamfetaminə bənzər kütlə olması görünmüşdür. Təqsirləndirilən şəxs2 əynində olan gödəkçəsinin sağ yan cibindən bir ədəd sellofan bağlama, sağ yan cibindən bir ədəd sellofan büküm təqdim etmişdir. Onun təqdim etdiyi bükümə baxış keçirilən içərisində narkotik vasitə heroinə bənzər maddə olması görünmüşdür. Bağlamaya baxış keçirilən zaman isə içərisində 2 ədəd konvalyutda, ümumi sayı 20 ədəd olan metadon həbləri, həmçinin qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə olması görünmüşdür. Aşkar edilmiş maddələr qablaşdırılaraq götürülmüşdür. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Baş narkotiklərlə mübarizə idarəsinin əməkdaşı Şahid2 eyni məzmunlu ifadə verərək X2 ifadələrində göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslərin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan məhkəmə fiziki-kimyəvi ekspertizasının 19/269 nömrəli, 03 mart 2022-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş metamfetaminəbənzər kütlə.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi 5,545 qram olan ağ rəngli kristal formada olan maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş gümüşü rəngli bükümdə heroinə bənzər kütlə.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi 2,115 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 1 ədəd bağlama və 20 ədəd həb.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd torbada təmiz çəkisi 1000,0 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 2 ədəd konvolyutda (listdə) olmaqla ümumi sayı 20 ədəd olan qəhvəyi rəngli dairəvi formalı həblər metadondur və həblərin təsiredici maddəsinin ümumi miqdarı 0,8 qramdır (bir həbdə 0,04 qram).Tədqiqata təqdim edilmiş, üzərlərində “Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş gümüşü rəngli bükümdə heroinə bənzər kütlə.....” və “Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 1 ədəd bağlama və 20 ədəd həb.....” sözlər və imzalar olan iki ədəd zərfdəki, 2 bükümdə ümumi təmiz çəkisi 1002,115 qram olan heroinlər xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Qeyd: tədqiqatın dəyəri 50 (əlli) manat təşkil edir. Tədqiqatdan sonrakı qalıq: heroin 1002,015 qram, metamfetamin 5,495 qram, metadon həbləri 18 ədəd. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 04 mart 2022-ci il tarixli 267 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 metamfetamindən suiistifadə edilməsi ilə nəticələnən toksikomaniya xəstəliyi aşkar olunur. Toksikomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 04 mart 2022-ci il tarixli 266 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 metamfetamindən suiistifadə edilməsi ilə nəticələnən toksikomaniya xəstəliyi aşkar olunur. Toksikomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 02 mart 2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan və videoçəkilişdən görünür ki, axtarış zamanı Təqsirləndirilən şəxs1 bir bükümdə içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər kütlələr olması görünmüşdür. Təqsirləndirilən şəxs2 sağ yan cibindən bir ədəd sellofan bağlama, sol yan cibindən 1 ədəd gümüşü rəngli kağız büküm aşkar edilmişdir. Gümüşü rəngli bükümə baxış keçirilmiş, içərisində narkotik vasitə heroinə bənzər maddələr olması görünmüşdür. Digər bağlamanın üzərində 2 konvalyutda, ümumi sayı 20 ədəd olan, üzərində “Metadon M-40” sözləri yazılmış həblər yapışqan lentlə bağlanılmış vəziyyətdə aşkar edilmişdir. Bağlamada olan kütlə heroinə bənzər maddə olmuşdur. İş materiallarında olan Lənkəran Rayon Məhkəməsinin 05 mart 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 ətrafında əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin 02 mart 2022-ci il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə” qərarı qanuni və əsaslı hesab edilmişdir. İş materiallarında olan 20 may 2022-ci il tarixli “mobil telefonda olan məlumatlara baxış keçirilməsi haqqında” protokoldan və fotoşəkildən görünür ki, Təqsirləndirilən şəxs1 məxsus olan “Samsung” markalı telefonun ana səhifəsində “Whatsapp” ani mesajlaşma sisteminin tətbiq proqramı mövcuddur. Həmin proqrama daxil olub baxış keçirilən zaman orada təqsirləndirilən şəxsin ifadələrində qeyd etdiyi İranna adlı şəxsin 02 mart 2022-ci il tarixində bir neçə dəfə Təqsirləndirilən şəxs1lə zəngli danışığının olması görünür. İranna adlı şəxsin nömrəsi +98 ilə başlayıb İran mobil operatoruna məxsus olan nömrədir. İş materiallarında olan istintaq orqanının 23 sentyabr 2022-ci il tarixli “maddi sübutun tanınması” haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərlərindən aşkar edilərək ekspertiza tədqqiqatından sonrakı qalıq 1002,015 qram heroin narkotik vasitəsi, 5,495 qram metamfetaminin psixotrop maddəsi, 18 ədəd metadon həbləri və “şəxsi axtarış və götürmə” aparılması haqqında protokola əlavə edilmiş 01 (bir) ədəd DVD diskdə olan videogörüntümaddi sübut qismində tanınmış, 01 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmiş, narkotik vasitə heroin və psixotrop maddə metamfetamin Lənkəran ŞRPŞ-nin saxlanma kamerasına təhvil verilmişdir. İş materiallarında olan «cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında» 29 may 2022-ci il tarixli qərardan görünür ki, İranna adı İran vətəndaşı və qeyriləri barədə külli miqdarda narkotik vasitənin əldə edilmə xüsusatı üzrə cinayət işindən Azərbaycan Respublikası CM-in 206.3.2, 324.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi ayrılmışdır. İş materiallarında olan 02 mart 2022-ci il tarixli protokolla Təqsirləndirilən şəxs1 həmin gün şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 02 mart 2022-ci il tarixli protokolla Təqsirləndirilən şəxs2 həmin gün şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Lənkəran Rayon Məhkəməsinin 04 mart 2022-ci il tarixli qərarları ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində həbs olmanın əvvəli 02 mart 2022-ci il tarixdən hesablanmmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən, hökmün surətindən və Masallı Rayon İcra və Probasiya Şöbəsi tərəfindən təqdim edilmiş məktubun məzmunundan görünür ki, Tağıyev X7 rayon məhkəməsinin 04 may 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, “8 Noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 18 fevral 2021-ci i tarixli Qərarının 2.5-ci bəndinə əsasən 16 fevral 2022-ci il tarixdə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsindən azad edilmiş və məhkumluğu ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, vətəndaş Təqsirləndirilən şəxs2 barəsində Rusiya Federasiyasının Tver Vilayəti Kalininsk Rayon Məhkəməsinin 23 mart 2010-cu il tarixli hökmü ilə RF CM-in 30-cu maddəsinin 3 hissəsi, 228-1-ci maddəsinin 2 hissəsinin «A» bəndi, CM-in 30-cu maddəsinin 1 hissəsi, 228-1-ci maddəsinin «A,B» bəndləri, CM-in 228-ci maddəsinin 1-ci hissəsi və CM-in 69-cu maddəsinin 3-cü hissəsi ilə 7 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən təqdim edilmiş məktubun məzmunundan görünür ki, Azərbaycan Respublikası qanunvericiliyi ilə tənzimlənməsinə dair material Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmamışdır. Təqsirləndirilən şəxs2 məhkumluğu olmayan şəxs hesab edilir. Lənkəran şəhər Psixiatriya Xəstəxanasının xx.xx.2022-ci il tarixli arayışlarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xəstəxanada qeydiyyatda yoxdurlar. İş materiallarında olan Masallı rayon, Qızılağac kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədə qeyd olunur ki, Təqsirləndirilən şəxs2 Masallı rayon, Qızılağac kəndində qeydiyyatda olmaqla yaşayır, ailə tərkibi arvadından, xx.xx.2019-cu il təvəllüdlü X13 adlı azyaşlı oğlundan ibarətdir, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Masallı Rayon Mənzil İstismar Sahəsi tərəfindən verilmiş arayış və xasiyyətnamədə qeyd olunur ki, Tağıyev X7 şəhəri, Qarabağ küçəsi 9/34 ünvananında qeydiyyatda olmaqla yaşayır, ailə tərkibi arvadından, xx.xx.2013-cü il təvəllüdlü tağıyev Məhəmməd İlkin oğlu və xx.xx.2015-ci il təvəllüdlü X10 adlı azyaşlı oğlanlarından ibarətdir, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Eyni zamanda məhkəmə tədqiq olunmuş sübutları, o cümlədən iş üzrə dindirilmiş şəxslərin ifadələrinə hərtərəfli və obyektiv qiymət verməklə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməllərinin hüquqi tövsifi məsələsini də müzakirə edib aşağıdakı nəticəyə gəlir. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla təqsirləndirilən şəxslərin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddəni qabaqcadan əlbir olan bir qrup şəxs halında əldə etmə, saxlama və daşıma cinayət əməli törətməsi təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən onların əməli düzgün olaraq CMnin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Habelə məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 istinad edilən qaçaqmalçılıq cinayətin törədilməsində icraçı kimi deyil, bu cinayətin törədilməsində köməkçi kimi iştirakları təsdiq olunduğundan məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərin bu faktla bağlı əməli Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinə istinad edilmədən həmin Məcəllənin 206.3.2-ci maddəsi ilə düzgün tövsif olunmamışdır. Bu səbəbdən onların bu hərəkətləri Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinə istinad olunmaqla, yəni həmin Məcəllənin 32.5,206.3.2-ci maddəsi ilə tövsif edilməlidir. Belə ki, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunsuz olaraq əldə edilən külli miqdarda narkotik vasitələri və psixotrop maddəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsində bilavasitə iştirak etməmiş, lakin onları satış məqsədi ilə əldə edilməsi üçün qabaqcadan əlbir olduğu qrupun üzvləri tərəfindən həmin narkotik vasitələri və psixotrop maddənin qaçaqmalçılıq yolu ilə gətiriləcəyini əvvəlcədən bilib, eləcə də onların İrandan göndərilməsinə və həmin maddələrin Azərbaycan Respublikası ərazisində satışının təşkil olunmasına, eləcə də cinayətkar qrupun digər üzvü və ya üzvlərinə çatdırılmasına razılaşdırılaraq əvvəlcədən göndərilməli olan narkotik vasitələri və psixotrop maddəni əldə edəcəyini vəd etmiş, yəni qaçaqmalçılıq cinayətində qabaqcadan vəd etməklə iştirak etmişdir. Azərbaycan Respublikası CM-nin 206-cı maddəsinin (Qaçaqmalçılıq) məzmununa görə həmin cinayətin subyekti malları bilavasitə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirmiş şəxsdir, yəni bu əməlin icraçısıdır. Habelə Azərbaycan Respublikası CM-nin 32.1-ci maddəsinə əsasən cinayətin icraçısı ilə birlikdə, təşkilatçısı, təhrikçisi və köməkçisi cinayətin iştirakçıları sayılırlar. Həmin Məcəllənin 32.5-ci maddəsinə əsasən cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır. Hazırki iş üzrə məhkəmədə tədqiq olunmuş sübutlarla təsdiq olunur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olduğu cinayətkar qrupun üzvləri tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən və gömrük nəzarətindən kənar və ya gizli keçirilmiş narkotik vasitələri və psixotrop maddəni əldə etməsi ilə bağlı əvvəlcədən razılaşmaqla, cinayət yolu ilə əldə edilmiş əşyalar üzərində sərəncam verməyi qabaqcadan vəd etmişdir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli Qərarının 19-cu bəndində izah verilir ki, bu cinayətin (qaçaqmalçılıq cinayətin) törədilməsində iştirak edən şəxslərdən yalnız biri (bir neçəsi) malları və ya digər əşyaları Azərbaycan Respublikasının gömrük sərhədindən qeyriqanuni üsullarla bilavasitə keçirdikdə və ya qaçaqmalçılığın bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması üçün başqa hərəkətlər etdikdə, digəri (digərləri) isə bu əməllərin törədilməsini təşkil etdikdə və ya həmin əməllərin törədilməsinə icraçını təhrik etdikdə, yaxud da Azərbaycan Respublikası CM-nin 32.5-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri etməklə cinayətin törədilməsinə köməklik göstərdikdə, icraçının (icraçıların) əməlləri qaçaqmalçılıq predmetinin mənsubiyyətindən və başqa tövsifedici əlamətlərdən asılı olaraq CM-nin 206.1 və ya 206.2, yaxud 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə, digər iştirakçıların əməlləri isə (onların eyni vaxtda birgə icraçı kimi cinayətin törədilməsində iştirak etdikləri hallar istisna olunmaqla) iştirakçılığın növündən asılı olaraq CM-nin 32.3, 32.4 və ya 32.5-ci maddələrinə istinad edilməklə icraçının (icraçıların) əməllərinə uyğun olaraq CM-nin 206.1, 206.2, 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə tövsif edilir. Azərbaycan Respublikası CM-nin 33.3-cü maddəsinə əsasən cinayətin təşkilatçısı, təhrikçisi və köməkçisi törədilmiş cinayətə görə, cinayətin törədilməsində onların eyni vaxtda birgə icraçı kimi iştirak etdiyi hallar istisna olunmaqla, bu Məcəllənin 32-ci maddəsinə istinad edilməklə həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirilən narkotik vasitənin satışının təşkil olunmasını, yəni ona dair sərəncam verməyi qabaqcadan vəd etməklə qabaqcadan əlbir olduğu bir qrup şəxs tərəfindən törədilən qaçaqmalçılıqda köməkçi qismində iştirak etdiyindən onların bu əməli CM-nin 32.5-ci maddəsinə istinad edilməklə tövsif olunmalı, yəni CM-nin 32.5,206.3.2-ci maddəsi ilə tövsif edilməlidir. Həmçinin, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 9-cü bəndinin 2-ci hissəsində qeyd edilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübütlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə bu və digər məsələlər üzrə gəldiyi nəticələri, Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli qanunların tələbləri baxımından da, əsaslı hesab edir. Belə ki, həmin Qanunların tələblərinə və izahına əsasən Təqsirləndirilən şəxslərin əldə etdiyi narkotik vasitə və psixotrop maddələr “külli miqdar” kimi qiymətləndirilir. Beləliklə, tədqiq olunmuş sübutlara əsaslanaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-nin 32.5,206.3.2, 234.4.1 və 234.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətmişdir. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli qanuna müvafiq cəzalandırılmalıdır. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində iki nəfər azyaşlı uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində bir nəfər azyaşlı uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran müəyyən edilməmişdir. Məhkəmə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi əmələ görə Azərbaycan Respublikası CM-in 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək cəzalanmalıdırlar. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün təqsirləndirilən şəxslər ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası CPM-in 158.3 və 158.6-cı maddələrinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə, həmçinin ev dustaqlığında saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxslərə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza çəkdiyi dövrdə CM-in 93.1.2-ci maddəsinə əsasən taksikomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdırlar. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub - Lənkəran şəhər rayon polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq- ekspertiza tədqqiqatından sonrakı qalıq 1002,015 qram heroin narkotik vasitəsi, 5,495 qram metamfetaminin psixotrop maddəsi, 18 ədəd metadon həbləri məhv edilməli, təqsirləndirilən şəxslərin üzərinə axtarış keçirilməsinin videgörüntülərini əks etdirən bir ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı, həmçinin Təqsirləndirilən şəxs1 məxsus bir ədəd “Samsung” markalı və Təqsirləndirilən şəxs2 məxsus “Samsung” markalı mobil telefonlar müvafiq olaraq onların yaxın qohumlarına qaytarılmalıdır. Məhkəmə eyni zamanda iş üzrə 50 (əlli) manat məbləğində ekspertiza xərci müştərək qaydada olmaqla təqsirləndirilən şəxslərin hər birindən 25 (ifirmi beş) manat tutularaq dövlət nəfinə keçirilməsini, cəzaçəkmə müddətinin 02 mart 2022-ci il tarixdən başlanılmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. CM-in 32.5, 206.3.2-ci maddəsi ilə ona 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ona 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzalar qismən toplanılmaqla qəti olaraq ona 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 02 mart 2022-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəza çəkdiyi dövrdə taksikomaniyadan məcburi müalicə olunsun. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə 25 (iyirmi beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs1 tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. CM-in 32.5, 206.3.2-ci maddəsi ilə ona 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ona 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzalar qismən toplanılmaqla qəti olaraq ona 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 02 mart 2022-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəza çəkdiyi dövrdə taksikomaniyadan məcburi müalicə olunsun. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə 25 (iyirmi beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs2 tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq - Lənkəran şəhər rayon polis şöbəsində saxlanılan - ekspertiza tədqqiqatından sonrakı qalıq 1002,015 qram heroin narkotik vasitəsi, 5,495 qram metamfetaminin psixotrop maddəsi və 18 ədəd metadon həbləri məhv edilsin, - təqsirləndirilən şəxslərin üzərinə axtarış keçirilməsinin videgörüntülərini əks etdirən bir ədəd DVD disklər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. - Təqsirləndirilən şəxs1 məxsus bir ədəd “Samsung” markalı və Təqsirləndirilən şəxs2 məxsus “Samsung” markalı mobil telefonlar müvafiq olaraq onların yaxın qohumlarına qaytarılsın. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar