Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-421/2023 11.07.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi ilə hakimlər-Səfərli Cavid Şamil oğlu və Məmmədov Neymət Hüsən oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə 29 avqust 1982-ci il tarixdə Ucar şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, "Bakavtomat yolu" ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 15 oktyabr 2022-ci il tarixdə şəxsiyyəti məlum olmayan İran İslam Respublikasının (bundan sonra -İİR) vətəndaşı və qeyriləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və satma, habelə Azərbaycan Respublikasının gömrük sərhəddindən gömrük nəzarətindən gizli yolla keçiriləcək külli miqdarda narkotik vasitəni əldə edib müqəddəratına sərəncam verməyi qabaqcadan vəd verməklə həmin şəxslərə köməklik etməsi barədə əvvəlcədən razılığa gəlmişdir. Əldə olunmuş cinayətkar razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq şəxsiyyəti istintaqa məlum olmayan Bəhmən adlı şəxs cinayətkar qrupun şəxsiyyətləri istintaqa məlum olmayan digər üzvləri tərəfindən İran İslam Respublikası ərazisindən qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar Azərbaycan Respublikası ərazisinə satış məqsədilə qanunsuz olaraq keçirilmiş və içərisində külli miqdarda narkotik vasitə, təmiz halda çəkisi 3250 qram qurudulmuş marixuana olan bir ədəd bağlamanı əvvəlcədən qoyulduğu yerdən götürülməsini ona tapşırmış, bu məqsədlə o, avtobusla Bakı şəhərindən Biləsuvar rayonuna, oradan isə taksi ilə İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsindəki dairəyə çatıb piyada Azərbaycan-İran sərhədinə yaxınlaşıb sərhəd çəpərini keçib Araz çayının sahilinə çatmış, N saylı hərbi hissənin 23-cü sərhəd zastavasının 32-ci sahəsinin ərazisində 15 oktyabr 2022-ci il tarixdə saat 12 radələrində işarə kimi kiçik kol olan narkotik vasitənin basdırıldığı yeri qazıb bir ədəd bağlamanı oradan çıxarmış, içərisində qeyd olunan külli miqdarda narkotik vasitə olan bir ədəd bağlamanı satış məqsədilə qanunsuz olaraq əldə edib saxlayaraq daşımış, Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən həmin gün saat 12 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisə yerində - N nömrəli hərbi hissəsinin 23-cü sərhəd zastavasının 32-ci sahəsində saxlanılmış, həmin bağlamaya keçirilmiş baxış zamanı külli miqdarda narkotik vasitə, təmiz halda çəkisi 3250 qram qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, İran vətəndaşı Bəhmən adlı şəxslə bir müddət əvvəl Bakı şəhəri «Binə» bazarında tanış olmuş, yaxın münasibətləri yaranmışdır. Hər ikisi də narkotikdən birlikdə istifadə etmişlər. 13 oktyabr 2022-ci il tarixdə Bəhmən İranda olarkən ona zəng edib narkotik göndərəcəyini, həmin bağlamanı onun deyəcəyi yerdən götürüb deyəcəyi şəxsə çatdırarsa ona istifadəsi üçün bir qədər marixuana verəcəyini bildirmişdir. Narkotikə ehtiyacı olduğu üçün Bəhmənin təklifi ilə razılaşmış, buna görə də 14 oktyabr 2022-ci il tarixdə avtobusla Biləsuvar rayonuna, oradan isə tanımadığı taksi ilə İmişli rayonuna getmişdir. Yolda Biləsuvara və İmişliyə gələrkən Bəhmənlə "whatsapp"la əlaqə saxlayıb danışmışlar ki, narkotikin gizlədildiyi yeri bilsin. Bəhmən ona İmişli Bəhramtəpə yolunun kənarında düşüb sərhəd çəpərinə keçməli olduğunu bildirmişdir. Taksi ilə Bəhmənin dediyi Bəhrəmtəpə yolunun bir hissəsinə çatmış, sonra Bəhmənin ona atdığı şəkilə uyğun olaraq bağlamanın sərhəd çəpərindən kənarda, yəni İran sərhədinə yaxın tərəfdə olduğunu bilmişdir. Bağlama sərhəd çəpərindən kənarda olduğundan çəpəri keçməkdən qorxmuş və bağlamanı götürmədən geri qayıtmışdır. Geri qayıdarkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılmışdır. Saxlanılan zaman üzərində narkotik olmamışdır. İmişliyə getdiyi taksi sürücüsünün narkotikdən məlumatı olmamışdır. Saxlanılarkən ona qarşı zor tətbiq olunmamışdır. İstintaq vaxtı verdiyi ifadəsini təsdiq etmir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı ilkin və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan onun ibtidai istintaq dövründə müdafiəçisinin iştirakı ilə verdiyi etirafedici ifadələri elan olunmuş, o, həmin ifadələrində 15 oktyabr 2022-ci il tarixdə saat 11 radələrində Bəhmən adında İranlının ona göndərdiyi narkotik vasitə olan torbanı İranla sərhəd - Araz çayının sahilində olan 23-cü sərhəd zastavasının 32-ci sahəsinin ərazisindən işarə kimi kiçik kolun basdırıldığı yeri qazıb götürdüyünü, həmin yerdən uzaqlaşarkən sərhədçilər tərəfindən saxlanıldığını, tutulub zastavaya gətirildiyini, əlindəki torbaya baxış keçirilərkən içərisində marixuanaya bənzər maddənin aşkar olunduğunu, saxlanılarkən sərhədçilər tərəfindən ona qarşı zor tətbiq olunmadığını göstərmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, yuxarıda göstərilən cinayət əməllərini Təqsirləndirilən şəxs törətmişdir. Onun törətdiyi cinayət əməli özünün qismən etirafedici ifadələri ilə yanaşı iş üzrə dindirilmiş şahid ifadələri, habelə tədqiq olunmuş ekspertiza rəyləri, cinayət işində olan istintaq sənədləri, protokolları, maddi sübutlar və işin digər halları ilə kifayət qədər sübuta yetirilir. Belə ki, iş üzrə şahid qismində dindirilmiş N №-li hərbi hissənin 23-cü sərhəd zastavasının rəisi Şahid1 ifadəsində göstərmişdir ki, xidmət etdiyi zastavanın ərazisində narkotik vasitə gizlədiləcəyi, həmin narkotik vasitənin gizlədiləcəyi yerdən naməlum şəxsin gəlib götürəcəyi barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumata əsasən 15 oktyabr 2022-ci il tarixdə əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, həmin gün saat 12 radələrində 23-cü sərhəd zastavası 32-ci sahəsində bir nəfər naməlum şəxsin əlində bağlama ilə İran istiqamətindən Azərbaycan Respublikası istiqamətində hərəkət etdiyini görmüş və dərhal "Dayan!", "Dur!" komandası verərək onu saxlamışlar. Həmin şəxsin Təqsirləndirilən şəxs olması məlum olmuş və şifahi sorğu zamanı o, bildirmişdir ki, onu Bəhmən adında iranlı içərisində olan bağlamanı götürmək üçün həmin yerə göndərmiş, bağlamanı Bakı şəhərinə aparıb deyəcəyi şəxsə verməli olduğunu bildirmişdir. Hal şahidlərin iştirakı ilə Təqsirləndirilən şəxs əlindəki bağlamaya zastavada baxış keçirilmiş, içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddələrin olması məlum olmuşdur. Təqsirləndirilən şəxs saxlanılarkən ona qarşı zor tətbiq olunmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş N №-li hərbi hissənin hərbi qulluqçuları Şahid2 və Şahid3 Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək eyni məzmunlu ifadələr vermişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 15 oktyabr 2022-ci il tarixdə İmişli rayonu Bəhrəmtəpə qəsəbəsində yerləşən N №-li hərbi hissəsinin 23-cü sərhəd zastavasının inzibati binasında saxlanılan və adını sonradan bildiyi Təqsirləndirilən şəxs əlindəki torbaya keçirilən baxışda hal şahidi kimi iştirak etmişdir. Həmin bağlamada iki bükümdə ümumilikdə 3000 qramdan artıq marixuanaya bənzər maddə və onun üzərində mobil telefon aşkar edilmişdir. O, bildirmişdir ki, həmin bağlamanı ona İrandan Bəhmən adlı şəxs göndərmiş, həmin bağlamanı oradan götürüb Bakı şəhərində Bəhmənin dediyi şəxsə çatdırmalı idi. Narkotik vasitə qablaşdırılıb götürülmüşdür. Tərtib olunmuş protokol imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 Şahid4 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 17 oktyabr 2022-ci il tarixli 7/1184 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş iki ədəd yaş sellofan torbalarda ayrı-ayrılıqda təmiz çəkiləri 1490 qram və 1760 qram, ümumi çəkisi 3250 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Həmin ekspert rəyinin qeyd hissəsindən görünür ki, qurudulmuş marixuanadan tədqiqatların aparılması məqsədilə 0,2 qram (hər obyektdən 0,1 qram) istifadə edildi. Qalıq çəki 3249,8 qram təşkil edir. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 7683 №li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin psixostimulyatorların və kannabioidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli 3453 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəlik aşkar olunmur, onun əməli CM-nin 21 və 22-ci maddələrin təsiri altına düşmür, anlaqlıdır, barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan 15 oktyabr 2022-ci il tarixli «hadisə yerinə baxış keçirilməsi və götürmə haqqında» protokoldan görünür ki, baxış aparılan yer Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin İmişli rayonunun Bəhrəmtəpə kəndi ərazisində yerləşən 23-cü sərhəd zastavasının 32-ci sahəsidir. Ərazi mürəkkəb relyefə malikdir, ərazi qamışlıq və kol bitkiləri ilə əhatələnib. Araz çayından müqabil tərəfdə İİR-in Parsabad rayonunun Qamışlı kəndi yerləşir, oraya qədər olan məsafə təxminən 2000-2500 metrdir. Hadisə yerindən Azərbaycan Respublikası istiqamətində İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsi yerləşir, oraya qədər olan məsafə təxminən 3000-3500 metrdir. Hadisə yerində saxlanılan Təqsirləndirilən şəxs əlində bağlama aşkar edildi. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan 15 oktyabr 2022-ci il tarixli aşkar edilmiş bağlamaya «baxış keçirilməsi haqqında» protokoldan görünür ki, ağ rəngli bağlama Təqsirləndirilən şəxs və hal şahidlərinin iştirakları ilə müvafiq qaydada açıldı və onun içərisində şəffaf yapışqan lentlə dördbucaq formada sarınmış halda 2 ədəd bükümlərin olduğu aşkar edildi. Həmin bükümlərin içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddələrin olması müəyyən edildi. Həmin narkotik vasitəyə bənzər maddələrin çəkisi aşkar edildikləri bükümlərlə birlikdə "AMİN" markalı elektron tərəzidə ölçüldü, onların çəkisi ümumilikdə 3300 qram (3 kiloqram 300 qram) təşkil etdi. Qeyd olunan maddələr müvafiq qaydada qablaşdırıldı, möhürlə möhürləndi və götürüldü. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan 17 oktyabr 2022-ci il tarixli Təqsirləndirilən şəxs məxsus bir ədəd "Redmi" markalı mobil telefona «baxış keçirilməsi haqqında» protokoldan görünür ki, “Azercell” mobil operatoruna aid ***-***-**-** saylı mobil nömrə quraşdırılmışdır. Mobil telefonun "Kontakt" bölümündə yaddaşda saxlanılan digər adlarla yanaşı iş üçün əhəmiyyət kəsb edən "Behmen" adı ilə yaddaşda saxlanılan "+98- ***-***-**-**" saylı İİR-ə məxsus mobil operatora aid mobil nömrənin olması müəyyən edildi. Mobil telefonun "whatsapp" tətbiqinin zənglər bölümünə keçirilmiş baxış zamanı "+98-***-***-**-**" saylı mobil nömrədən şübhəli şəxs Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2022-ci il tarixdə, saat 22:04-də 3 halda, xx.xx.2022-ci il tarixdə, saat 11:59-da 5 halda səsli, həmin tarixdə, saat 12:25-də 1 halda görüntülü cavablandırılmayan zənglər edilmiş, eləcə də həmin tarixdə, saat 12:23-də 1 halda zəng edilərək 2 dəqiqə, 15 saniyə olmaqla səsli danışıq aparılmışdır. Mobil telefonun "whatsapp" tətbiqinin söhbətlər bölümünə keçirilmiş baxış zamanı "+98-***-***- **-**" saylı mobil nömrə ilə ***-***-**-** saylı mobil nömrə arasında 14 oktyabr 2022-ci il tarixdə, saat 22:42-dən etibarən mütəmadi olaraq saat 23:34-dək, həmçinin 15 oktyabr 2022-ci il tarixdə, saat 00:18-dən etibarən mütəmadi olaraq saat 02:13-dək, yəni gecə boyu və həmin tarixdə saat 11:25-dən etibarən mütəmadi olaraq saat 11:46-dək cinayət təqibi üzrə əhəmiyyət kəsb edən səsli mesajlar, fotoşəkil və videoçəkilişlər aşkar edildi. Qeyd olunan səsli mesajlar, fotoşəkillər və videoçəkilişlər 1 ədəd "DVD" diskə köçürülərək baxış protokoluna əlavə edilmişdir. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" MMC-dən daxil olmuş 14 mart 2023-cü il tarixli məktuba və əlavələrinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 18:10-da İran İslam Respublikasına məxsus **********82 saylı mobil nömrədən (şəxsiyyəti istintaqa Bəhmən adı ilə məlum olan İran İslam Respublikası vətəndaşının istifadəsində olmuşdur) "Azercell" mobil operatoruna məxsus ***-***-**-** saylı mobil nömrə arasında (iş üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuşdur) 1 halda danışıq aparılmışdır. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan 17 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs məxsus "Redmi" markalı, "M20006C3MNG" modelli mobil telefon aparatının və həmin telefon aparatının üzərinə quraşdırılmış "Azercell" mobil operatoruna aid ***-***-**-** saylı mobil nömrəyə dair sim kart iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmdə tədqiq edilmiş və iş materiallarında olan 19 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, təmiz halda qalıq çəkisi – 3249,8 qram narkotik vasitə olan qurudulmuş marixuana 19 oktyabr 2022-ci il tarixdə maddi sübut kimi tanınaraq saxlanılması üçün Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti İstintaq və təhqiqat idarəsinin maddi sübutlar otağına təhvil verilmişdir. İş materiallarında olan 16 noyabr 2022-ci il tarixli məktubdan görünür ki, Araz çayının AR-ə məxsus sahilində gizlədilmiş İİR vətəndaşı Bəhmən adlı şəxsin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində keçirilmiş əməliyyat-axtarış nəticəsində həmin İİR vətəndaşının narkotik vasitələrin dövlət sərhədindən qaçaqmalçılığı və yaşadığı kənd ərazisində realizəsi ilə məşğul olan İİR Parsabad rayon sakini X1 olması məlum olmuşdur. Təqsirləndirilən şəxs məhkəmə istintaqında Bəhmən adlı iranlı tanışının ona göndərdiyi bağlamanı götürməyə getsə də sonradan həmin bağlamanı götürmədiyini, habelə saxlanılarkən hərbi qulluqçular tərəfindən ona qarşı zor tətbiq olunmasına dair ifadəsində göstərdiyi xüsusatlara məhkəmə tənqidi yanaşaraq bu ifadələri işin obyektiv hallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş və işin faktiki halları ilə təkzib edilən xüsusatlar kimi qiymətləndirir və onun ifadəsinin bu hissəsini inandırıcı hesab etmir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs bağlamanın dalınca gəlsə də həmin bağlamanı götürməməsi ilə bağlı xüsusat hadisə yerinə, bağlamaya baxış və götürmə aparılması haqqında istintaq hərəkəti protokolu, habelə məhkəmədə dindirilmiş şahidlərin ifadələri və digər sübutlarla tam təkzib olunur. Belə ki, məhkəmə baxışında şahid qismində dindirilmiş hərbi qulluqçular Şahid1, Şahid2 və Şahid3 ifadələrində Təqsirləndirilən şəxs məhz bağlamanı götürdükdən sonra ona “Dayan” əmri verilmiş və o, bundan sonra saxlanılmışdır. Həmçinin, dindirilmiş hal şahidləri Şahid4 və Şahid5 da ifadələrində göstərmişlər ki, Təqsirləndirilən şəxs əlində aşkar olunmuş bağlamaya baxış keçirilərkən içərisində külli miqdarda narkotik vasitə aşkar edilmişdir. Bununla yanaşı, ibtidai istintaq zamanı da Təqsirləndirilən şəxs ifadələrində dəfələrlə Bəhmənin ona göndərdiyi bağlamanı məhz götürdükdən sonra saxlanıldığını etiraf etmişdir. Artıq yuxarıda qeyd olunan hallar təqsirləndirilən şəxsin məhkəmə baxışı dövründə verdiyi ifadələrin məntiqli və ardıcıl olmadığını, hadisənin xarakteri, mexanizmi və inkişafını bir-birindən tam fərqli və bəsit formada reproduksiya edildiyini təsdiq etmiş, ümumiyyətlə onun qeyd olunan mərhələdə verdiyi ifadələr yalan olmaqla məhz real faktların ört-bastır edilməsinə, istintaqın səhv istiqamətə yönəldilməsinə və başqa sözlə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün təqsirləndirilən şəxsin ibtidai araşdırma dövründə verdiyi ifadələrlə məhkəmə baxışında verdiyi ifadələr arasında ziddiyyət təşkil edən hissəyə münasibətdə şahidlərin ifadələrini, eskpertizanın rəylərini və digər sənədləri cinayət təqibi üzrə mötəbər sübut hesab edir. Beləliklə də, Təqsirləndirilən şəxs gömrük nəzarətindən kənar gizli olaraq irandan ona göndərilən külli miqdarda narkotik vasitə olan bağlamanı N saylı hərbi hissənin 23-cü sərhəd zastavasının 32-ci sahəsində «Bəhmən» adlı iranlının tapşırığı ilə sonuncunun dediyi yerdən götürüb üzərində qanunsuz daşımaqla saxlaması və işin digər halları təqsirləndirilən şəxsin həqiqətən də narkotik vasitəni satması ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə əsas verir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılara əsasən beynəlxalq adı olan heroin, qurudulmuş marixuana və tiryək narkotik vasitələr, metamfetamin isə psixotrop maddədir. Qurudulmuş mariuxananın 5 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 500 qramı və ya ondan artıq hissəsi isə külli miqdar hesab olunur «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli 2 nömrəli qərarının 9-cu bəndinin ikinci və 11-ci bəndinin dördüncü abzaslarına əsasən«Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır». Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 15 oktyabr 2022-ci il tarixdə şəxsiyyəti məlum olmayan İran İslam Respublikasının (bundan sonra - İİR) vətəndaşı və qeyriləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və satma, habelə Azərbaycan Respublikasının gömrük sərhəddindən gömrük nəzarətindən gizli yolla keçiriləcək külli miqdarda narkotik vasitəni əldə edib müqəddəratına sərəncam verməyi qabaqcadan vəd verməklə həmin şəxslərə köməklik etməsi barədə əvvəlcədən razılığa gəlməsi məhkəmədə tədqiq olunmuş sübutlarla tam təsdiq olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması tam sübuta yetirilmiş və onun bu əməlləri düzgün tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsi ilə elan olunmuş ittihama münasibət bildirərək qeyd edir ki, bu maddədə nəzərdə tutulmuş cinayət əməli (hazırki işə münasibətdə) qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən “narkotik vasitələrin, psixotrop maddələrin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi» ilə törədilir. Təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə istinad edilən əməllə bağlı müəyyən edilmiş hüquqi əhəmiyyət kəsb edən faktiki hal ondan ibarətdir ki, “Bəhmən” adlı İİR vətəndaşının Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhəddindən gömrük nəzarətindən gizli qaydada məlum olmayan vaxtda keçirdiyi yuxarıda qeyd olunan narkotik vasitəni Təqsirləndirilən şəxs başqa şəxsə çatdırmaq məqsədi ilə İmişli rayonu Bəhrəmtəpə qəsəbəsinin ərazisinə gələrək sərhəd çəpərini aralayıb N saylı hərbi hissənin 23-cü sərhəd zastavasının 32-ci sahəsinə keçərək Araz çayı sahilinə çatmış, Bəhmənin ona göndərdiyi «konum»a əsasən Azərbaycan-İran sərhədində yerləşən ərazidə kiçik bir kolla işarələnmiş yeri tapıb torpağı qazıb içərisində narkotik vasitə olan bağlamanı qanunsuz olaraq əldə edib daşıyarkən sərhədə yaxın ərazidə saxlanılmışdır. Məhkəmə tərkibi işin faktiki hallarına əsasən təqsirləndirilən şəxsin qaçaqmalçılıq cinayətinin törədilməsində rollarının qiymətləndirilməsində ibtidai istintaq orqanın səhvə yol verdiyini hesab edərək aşağıdakı əsaslara görə sözügedən əməlin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi əlaməti üzrə tövsifini də düzgün saymır. Buna görə də, ilk olaraq Təqsirləndirilən şəxs qeyd olunan qaçaqmalçılıq cinayətinin törədilməsində iştirakının növü dəqiq müəyyən edilməli və bundan sonra həmin növə uyğun olaraq əməli tövsif edilməlidir. Qeyd olunur ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs qarşı irəli sürdüyü ittihamda “Bəhmən” adlı şəxslə yanaşı təqsirləndirilən şəxsin də qaçaqmalçılıq cinayətinin törədilməsində iştirakları–cinayətin icraçısı kimi qiymətləndirmişdir. Azərbaycan Respublikası CM-in 32.2-ci maddəsinə əsasən “Cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq), eləcədə bu Məcəllənin nəzərdə tutulmuş hallarda cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxslərdən istifadə etməklə cinayəti törətmiş şəxs icraçı sayılır”. Qanunun qeyd olunan normasına əsasən şəxs üç halda – birincisi cinayəti bilavasitə törətdikdə, ikincisi başqa şəxslə birlikdə onun törədilməsində bilavasitə iştirak etdikdə və nəhayət cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxslərdən istifadə etməklə cinayəti törətdikdə cinayətin icraçısı sayılır. «Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 02 iyun 2016-cı il tarixli 10 nömrəli qərarının 19-cu bəndinin təhlili göstərir ki, icraçılıq fəaliyyəti cinayətin obyektiv cəhətinin qismən və ya tam icra edilməsində, cinayətin obyektiv cəhətinin bilavasitə icrasına kömək göstərilməsində də ifadə oluna bilər. Belə ki, qeyd olunan Plenum qərarının həmin bəndinə əsasən qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhəddinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhəddindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhəddini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-in 206.3.2-ci maddəsi ilə tövsif edilir. Qanunun qeyd olunan normasının məzmunundan, habelə Ali Məhkəmənin Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqedən görünür ki, cinayətin icraçısının hərəkəti cinayətin icrasına başlanan andan icranın başa çatma anınadək olan dövrü əhatə edir. Yəni cinayət başa çatdıqdan sonra hər hansı bir şəxsin həmin cinayətdə bu və ya digər formada iştirakı yalnız köməkçi qismində (əgər cinayətin icraçı tərəfindən törədiləcəyi köməkçinin qəsdi ilə əhatə olunursa) ola bilər. Cinayətin icra edilməsi dedikdə isə, onun obyektiv cəhətini təşkil edən hərəkətlərin yerinə yetirilməsi başa düşülür. Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələrin və güclü təsir edən maddələrin qaçaqmalçılığı cinayətin obyektiv cəhətini həmin predmetlərin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi təşkil edir. Bu cinayət-hüquqi normaları hazırki iş üzrə müəyyən edilmiş hallarla əlaqələndirdikdə görünür ki, baxılan işdə narkotik vasitənin və güclü təsir edən maddənin qaçaqmalçılığı cinayətin obyektiv cəhətini yaradan hərəkətlər həmin maddənin Azərbaycan Respublikasına gömrük sərhəddindən (İİR-lə Azərbaycan Respublikası arasında olan dövlət sərhəddindən) gömrük nəzarətindən gizli keçirilməsindən ibarətdir. Bu o deməkdir ki, şəxsin qaçaqmalçılığı icra etməkdə və bu cinayəti bir qrup şəxslə qabaqcadan əlbir olaraq törətməkdə (CM-in 206.3.2-ci maddəsi ilə) təqsirləndirilməsi üçün onun əvvəla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən hərəkətləri bilavasitə yerinə yetirməsi, ikincisi həmin hərəkətləri ən azından daha bir şəxslə birlikdə icra etməsi, yəni başqa şəxslə və yaxud şəxslərlə birgə qaçaqmalı Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli (kənar) keçirməsi tələb olunur. «Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 02 iyun 2016-cı il tarixli 10 nömrəli qərarının 16-cı bəndin dördüncü yarımbəndinə əsasən “Malların və ya digər əşyaların Azərbaycan Respublikasının ərazisinə gömrük nəzarətindən kənar və ya ondan gizli gətirilməsi zamanı törədilmiş qaçaqmalçılıq bu cinayətin predmeti olan əşyaların gömrük sərhədindən keçirildiyi andan bitmiş hesab edilir”. Məhkəmə baxışı zamanı “Bəhmən” adlı şəxsin Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhəddindən narkotik vasitəni nə vaxt və hansı üsulla, tək və ya başqaları ilə birlikdə, yaxud da, kim(lər)insə vasitəçiliyilə keçirməsi halı müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 32.5-ci maddəsinə əsasən “Cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır”. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını, o cümlədən təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın məzmununu nəzərə alaraq hesab edir ki, iş üzrə qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini “Bəhmən” adlı şəxs təkbaşına icra etmişdir. Təqsirləndirilən şəxs isə həmin hərəkətləri “Bəhmən” ilə birgə icra etməmiş, o, yalnız cinayətin predmeti olan əşyaların dövlət sərhəddin nəzarət-buraxılış məntəqələrindən kənarda keçirildiyi andan (qaçaqmalçılıq cinayəti başa çatdırıldıqdan) sonra başqa şəxsə çatdırmaq məqsədi ilə İmişli rayonu Bəhrəmtəpə qəsəbəsi ərazisinə gələrək N saylı hərbi hissənin 23-cü sərhəd zastavasının 32-ci sahəsinin ərazisindən qanunsuz olaraq əldə edib saxlamaqla həmin (qrup deyil, bir nəfər tərəfindən törədilən) cinayətdə (qaçaqmalçılıqda) köməkçi qismində iştirak etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs qaçaqmalçılıq cinayətinin törədilməsində köməkçi qismində iştirak etməsi müəyyən olunduğu üçün onun sözügedən əməlin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi əlaməti üzrə tövsifini də düzgün olubolmamasını müəyyənləşdirilməsi üçün işin faktiki hallarının cinayətdə iştirakçılıq institutunun mahiyyəti baxımından təhlilini də, zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 34.1 və 34.2-ci maddələrinə əsasən «Qabaqcadan razılaşmadan iki və ya daha çox icraçının birgə iştirakı ilə törədilən cinayət bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur» Qeyd olunan normaların müqayisəli təhlilindən görünür ki, “qabaqcadan əlbir olan bir qrup şəxs” cinayət-hüquq kateqoriyasını “bir qrup şəxs” anlayışından fərqləndirən yeganə cəhət birinci halda qrupun iştirakçıları arasında cinayətin birgə törədilməsi barədə qabaqcadan razılığın əldə olunmasıdır. Qalan səciyyəvi əlamətlər üzrə bu iki anlayış tamamilə üst-üstə düşür. Ona görə də, nə qədər ki, CM-in 34.1-ci maddəsi cinayətin “bir qrup şəxs” tərəfindən törədilməsini onun iki və ya daha çox icraçının birgə iştirakı ilə həyata keçirilməsi kimi təsbit etmişdir, cinayətin “qabaqcadan əlbir olan bir qrup şəxs” tərəfindən törədilməsi də cinayətin qrupa daxil olan şəxslər (ən azı iki nəfər) tərəfindən birlikdə icra edilməsini, yəni birgə icraçılığı ehtiva edən anlayış kimi təfsir olunmalıdır. Analoji hüquqi mövqe «Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 02 iyun 2016-cı il tarixli 10 nömrəli qərarının 19-cu, habelə “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 3 mart 2005-ci il tarixli Plenumunun 10 və 11-ci bəndlərində, habelə Ali Məhkəmənin 2016, 2018 və 2019cu illər üçün dərc olunmuş bülletenlərinin 3 (səh. 40-44), 1 (səh. 28-33) və 4 (səh. 35-37) nömrəli buraxılışlarında dərc olunmuş qərarlarda da əks olunmuşdur. İş materiallarından görünür ki, ibtidai istintaq orqanı hazırki iş üzrə Təqsirləndirilən şəxs elan olunmuş yekun ittihamda qaçaqmalçılıq cinayətinin obyektiv cəhətinin məhz “Bəhmən” adlı şəxs və ya cinayətkar qrupun digər üzvləri tərəfindən icra olunduğu qənaətinə gəlmişdir. Məhkəmə baxışı zamanı həmçinin müəyyən edilmişdir ki, qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən hərəkətləri məhz “Bəhmən” adlı şəxs təkbaşına icra etmiş, Təqsirləndirilən şəxs isə bu əməldə (cinayət başa çatdıqdan sonra) köməkçi qismində iştirak etmişdir. Qanunvericinin bu cür, yəni bir icraçı və bir köməkçi olan (ən azından iki icraçı olmadığı) vəziyyətdə əməlin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən cinayət kimi qəbul etməməsi CM-in 33.2 və 33.3-cü maddələrinin məzmunundan da aydın olur. Belə ki, CM-nin 33.2-ci maddəsi birgə icraçılıq olduğu halda cinayətin 32-ci maddəyə istinad edilmədən CM-nin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddə ilə tövsif edilməsini təsbit etdiyi halda, CM-nin 33.3-cü maddəsi cinayətdə təşkilatçı, təhrikçi və köməkçi iştirak etdiyi hallarda (əgər bu iştirakçılar həm də icraçı deyillərsə) onların əməllərinin CM-nin 32-ci maddəsinə istinad edilməklə CM-nin Xüsusi hissəsinin müvafiq maddəsi ilə (iştirakçıların razılaşdırdıqları və bu razılaşmaya uyğun olaraq icraçının yerinə yetirdiyi əməlin CM-nin Xüsusi hissəsinin hansı maddəsində nəzərdə tutulmasından asılı olaraq) tövsif edilməsini tələb edir. Qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını, o cümlədən ibtidai istintaq orqanının hazırki cinayət işi üzrə qaçaqmalçılıq cinayətinin məhz “Bəhmən” adlı şəxs tərəfindən törədilməsini müəyyən etdiyini, həmin cinayətin törədilməsində digər şəxs(lər)in iştirakını müəyyən etmədiyini nəzərə alaraq məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs qeyd olunan qaçaqmalçılıq cinayətinin törədilməsində hər hansı bir qrupa deyil, məhz “Bəhmən”ə kömək etmişdir ki, həmin bağlamanı sonuncunun dediyi şəxsə Bakı şəhərində çatdırsın. Buna görə də, təqsirləndirilən şəxsin həmin cinayətdə köməkçi olması “qabaqcadan əlbir olan bir qrup şəxs”ə deyil (Bəhməndən başqa icraçı müəyyən edilməyib), yalnız bir şəxsə – Bəhmənə yönəlmişdir. Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə əsasən “Məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir” Qanunvericiliyin yuxarıda qeyd olunan müddəasını və işin faktiki hallarını nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qaçaqmalçılıq cinayətinə münasibətdə əməli Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsindən həmin Məcəllənin 32.5, 206.2-ci maddəsinə tövsif olunmalıdır. Habelə, dövlət İttihamçısı çıxışında Təqsirləndirilən şəxs əməlinin CM-nin 206.3.2-ci maddəsindən həmin Məcəllənin 32.5,206.2-ci maddəsinə tövsif edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs CM-nin qeyd olunan maddələri ilə təqsirli bilinərək ona qanunla müəyyən edilmiş qaydada cəza təyin olunmalıdır. 15 oktyabr 2022-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün inzibati qaydada tutulmuş, 16 oktyabr 2022-ci il tarixdə cinayət törətməsində şübhəli şəxs qismində tutulmuş, 17 oktyabr 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 15 oktyabr 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə qənaətbəxş xarakterizə olunur. İş materiallarında olan 26 aprel 2023-cü il tarixli 722 №-li arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2005-ci il təvəllüdlü Turanə adında və 2007-ci il təvəllüdlü Tural adında oğul övladları vardır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan uşağının olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad etmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 32.5, 206.2-ci maddəsi “az ağır”, 234.4.1, və 234.4.3 -cü maddələri isə “ağır” cinayətlər kateqoriyasına aiddir. Həmin Məcəllənin 32.5, 206.2-ci maddənin sanksiyasında üç ildən yeddi ilədək azadlıqdan məhrum etmə, 234.4.1 və 234.4.3-cü maddələrin sanksiyasında beş idən on iki ilədək azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Qaçaqmalçılıq cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, gömrük nəzarətindən kənar qadağan olunmuş əşya və maddələrin ölkəyə gətirilməsi daxili ictimai asayişi, əhalinin sağlamlığını və başqa mühüm dəyərləri ciddi təhlükə altına alır. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərin ictimai təhlükəliliyi ondan ibarətdir ki, əhalinin sağlamlığına ciddi zərər vurulur. Qeyd olunanlara əsasən belə nəticəyə gəlmək olur ki, Təqsirləndirilən şəxs törətdiyi əməllərin ictimai təhlükəli olduğunu dərk etmiş, onların ictimai təhlükəli nəticələrini görmüş və bunları arzu etmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, həmin Məcəllənin 66.3cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla ona cinayətlərin məcmusu üzrə qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin olunmalı və o, cəzasını çəkməlidir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxslərin həbsdə saxlanıldıqları müddət cəza müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin əvvəli 15 oktyabr 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və hazırda DSX-nın İstintaq və Təhqiqat İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan 3249,8 qram narkotik vasitə olan qurudulmuş marixuana qalığı, hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, «Redmi» markalı mobil telefon və «Azercell» mobil operatoruna aid 051 ***-**-** saylı mobil nömrəyə aid sim kart təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatın dəyəri 72 (yetmiş iki) manat təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Cinayət Məcəlləsinin 32.5, 206.2-ci maddəsilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 234.4.1 və 234.4.3-cü maddələrilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti olaraq 6 (alt) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təyin olunmuş cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin, cəzaçəkmə müddətinin başlanğıcı 15 oktyabr 2022-ci ildən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və hazırda DSX-nın İstintaq və Təhqiqat İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan 3249,8 qram narkotik vasitə olan qurudulmuş marixuana qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, «Redmi» markalı mobil telefon və «Azercell» mobil operatoruna aid ***-***-**-** saylı mobil nömrəyə aid sim kart təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatın dəyəri 72 (yetmiş iki) manat təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Müşfiq Məmmədov
Məhkəmə qərarları › İş №1(099)-421/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-421/2023
11.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver