Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-422/2022 05.07.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsi - hakim Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi ilə hakimlər: Nəbiyev Cəlil Cabbar oğlu və Musayev Aqil Əlisa oğlundan ibarət tərkibdə, Ağayev Elmar Sakit oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi uzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 müdafiəçisi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 müdafiəçisi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə 22 sentyabr 1989-cu ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Şəmkir rayonu, Düyərli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 və xx xxxxxx 1990-cı ildə Gədəbəy rayonu Şınıx kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 3-cü mədən küçəsi, ev 27, mənzil 10-da qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında məlum olmayan vaxtda və mənbədən Saatlı şəhərindən rayonun Qazanbatan kəndi istiqamətinə gedən avtomobil yolunun sağ tərəfində yerləşən “Cənnət bağı” istirahət mərkəzinin yaxınlığındakı əkin sahələrinin yanı ilə keçən su kanalının kənarında müxtəlif kolların arasına atılmış bir ədəd polietilen bağlamada külli miqdarda 1650,0 qram təmiz çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı, həmin bağlamanın içərisindəki polietilen torbada külli miqdarda 1045,0 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini və polietilen bükümdə külli miqdarda 9,463 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 05 fevral 2022-ci il tarixdə saat 19:50 radələrində satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşıyaraq saxlamışlar. Həmin vaxt qeyd olunan ərazidə Saatlı RPŞ-nın əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanılaraq rayon polis şöbəsinə aparılmış, onlara məxsus polietilen torbaya baxış keçirilərkən həmin külli miqdarda narkotik vasitələr və psixotrop maddə aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 05 fevral 2022-ci il tarixdə adını bilmədiyi, üzdən gördüyü instaqram vasitəsilə tanış olduğu iranlı ona "Vatsap"la Saatlı rayonunda olan narkotiki götürməsini demişdir. İranlı ilə razılaşmış, bu barədə tanışı və qonşusu olan Təqsirləndirilən şəxs2 demiş, narkotiki götürmək üçün Bakı şəhərindən 60 manata danışdıqları taksi ilə Saatlı rayonuna getmişdir. İranlı ona marixuananın karobkasını 50 manata demişdir. İranlı şəxs əvvəlcə ona “Cənnət bağı” restoranında görüşəcəklərini demiş, sonradan iranlının işi çıxdığı üçün bağlamanı restorana 50-100 metr məsafədə əkin sahsində olan su kanalının qırağından götürməli olduqlarını bildirmiş və həmin yerin “konum”unu ona telefonda atmışdır. Saat 20 radələrində Saatlı rayonuna çatmışlar. Saatlı rayonunda “Cənnət bağı” restoranının yaxınlığında Asiflə taksidən düşüb həmin şəxsin dediyi əkin sahəsinə getmiş və orada bağlamanın içində boş “teksun” qabı görmüşlər. Qabın boş olduğunu gördükdən sonra təpiklə qaba vurmuş və bundan sonra qaranlıqda özlərini polis əməkdaşı kimi təqdim edən mülki geyimli şəxslər onları saxlamışlar. Saxlanılarkən qorxusundan qaçmaq istəmişdir. Mobil telefonunu su kanalına atmışdır. Saatlı RPŞ-yə gətirilmişlər və üzərlərinə axtarış keçirilmiş, hər hansı bir qadağan olunmuş əşya aşkar olunmamışdır. İranlı şəxslə metamfetamin və heroin barədə hər hansı bir danışığı olmamışdır. Bağlamanın içərisində olan narkotiklər onlara məxsus deyil. Saxlanılarkən polis əməkdaşları tərəfindən ona qarşı zor tətbiq olunmuşdur. Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı ilkin və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan onun ibtidai araşdırma dövründə müdafiəçisinin iştirakı ilə verdiyi ilkin etirafedici izahatı, şübhəli və təqsirləndirilən şəxs qismində dindirilmiş ifadələri elan olunmuşdur. Həmin izahatında və ifadələrində o, özünü təqsirli bilərək göstərmişdir ki, 2021-ci ilin oktyabr ayında instaqram vasitəsilə tanış olduğu iranlının vasitəsilə Bakı şəhərində «Razin talkuçkası» deyilən yerdən tanımadığı bir qadından öz istifadəsi üçün marixuana almış, bunun müqabilində 100 ABŞ dolları iranlının plastik kartına göndərməyərək onu aldatmışdır. 2022-ci ilin yanvar ayının əvvəlində həmin iranlı onunla “Vatsap”la əlaqəyə çıxmış, İİR-ə məxsus yadında qalmadığı mobil telefon nömrəsindən mesaj yazıb Gəncə şəhərindən bir yerdən narkotik götürüb Bakı şəhərinə aparmaq üçün ona 3000 manat pul təklif etmiş, o, həmin şəxslə razılaşmayaraq telefon nömrəsini qara siyahıya atmışdır. Sonradan həmin şəxs başqa İran mobil telefon nömrəsindən yenə “Vatsap”la ona yazıb Gəncə şəhərindən narkotiki götürüb Bakı şəhərinə gətirməyini istəmiş, ümumilikdə həmin şəxs ona müxtəlif İran mobil telefon nömrələrindən istifadə etməklə “Watsapp”la zəng edib mesajlar yazmış, həmin mobil nömrələrin heç birini xatırlamır. 2022-ci ilin yanvar ayının sonunda həmin şəxs ona “Vatsap”la mesaj yazıb bu dəfə Saatlı şəhərindən narkotiki götürə biləcəyini soruşmuş, o, təxminən dörd gün onu aldatmış, yenə müxtəlif bəhanələr etmiş, sonradan isə o, 1 kq olan marixuananı həmin şəxsdən 5000 manat pulun müqabilində almaq barədə razılaşmışdır. Belə razılaşmışlar ki, o, həmin şəxsin dediyi narkotik vasitəni gedib Saatlı rayonundan götürəcək, əvvəl 1000 manat pul həmin şəxsin kart hesabına göndərəcək, qalan 4000 manat pulu isə 10 gün müddətində narkotiki yerbəyer etdikdən sonra verəcəkdir. 05 fevral 2022-ci il tarixdə saat 17 radələrində o, Bakı şəhərində olarkən iranlı “Vatsap”la ona zəng edib görüntülü danışıb marixuana və tiryəki Saatlı rayonunda atdığını və oradan gedib götürməyini demişdir. Bu barədə qonşusu və tanışı Təqsirləndirilən şəxs2 demiş, birlikdə gedib Saatlıdan narkotiki götürmək barədə razılığa gəlmişlər.Tanımadığı taksi ilə 60 manata Saatlı rayonuna gəlmişlər. Rayona çatarkən iranlı “Vatsap”la narkotikin olduğu yer barədə “konum” atmış, həmin yerin yaxınlığında Asif ilə o, avtomobildən düşmüşlər, taksi sürücüsü çıxıb getmişdir. Asif ona demişdir ki, “gözlə mən gedib narkotiki götürüm gəlim”. Asif ondan qabaqda, o, isə Asifdən arxada torpaq yolla təxminən 50 metr getdikdən sonra orada əkin sahəsinin kənarında sellofan bükümdə olan narkotiki Asif götürmüş, o, Asifdən arxada hərəkət etmiş, elə həmin vaxt səs eşitdikdən qorxularından avtomobil yoluna tərəf qaçmağa başlamışlar. Maşın yoluna az qalmış mülki geyimdə olan polislər onları saxlamış, saxlayarkən o, “Samsung” markalı mobil telefonunu dərhal yaxınlıqda olan su kanalına atmış. Bunu da, ona görə etmişdir ki, onu saxlayan İranlının tanışları ola bilər, telefonda ailə üzvlərinin nömrələrini görüb onları narahat edərlər. Bundan sonra Asiflə Saatlı RPŞ-yə aparılmışlar. Asifin və onun üstünü axtarmışlar, iranlının onlara satdığı sellofan torbanı açarkən içərisində qurudulmuş marixuana, digər iki sellofan bükümlərdə isə, kiçiyində el arasında “şüşə” və “patı” adlanan narkotik, böyüyündə isə “kakos” adlanan heroin olduğunu görmüşlər. Polis işçiləri onların yanında elektron tərəzidə marixuananı çəkərkən çəkisinin 1 kq 765 qram, “patı”nın 10 qram, heroinin isə 1 kq olduğu aşkar edilmişdir. Narkotiki götürəndən sonra iranlıya heç bir pul verməyəcəkdirlər. İranlını onlara marixuana və tiryək satacağını, bundan başqa da, əlavə narkotik olduğu halda Bakı şəhərində onun dediyi şəxslərə təhvil verəcəyini demişdir. Bir kiloqramdan artıq olan marixuananı Asiflə birlikdə özləri istifadə edəcəkdirlər və dost-tanışa verəcəkdirlər. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, tanışı Ceyhunun təklifi ilə 05 fevral 2022-ci il tarixdə Bakı şəhərindən Saatlı rayonuna narkotik götürməyə getmişlər. Ceyhun ona narkotikin 20 karobka marixuana olduğunu demişdir. Ceyhun onun adını bilmədiyi şəxslə narkotik barədə danışmış, həmin şəxsin işi olduğundan Ceyhuna narkotikin olduğu yerin şəklini telefona atmış və narkotiki Saatlı rayonunun ərazisindən “Cənnət bağı” restoranının yaxınlığıdakı əkin sahəsindən götürməli olduğunu bildirmişdir. Saatlı rayonuna tanımadığı taksi ilə 60 manata gəlmişlər. Saat 20 radələrində rayona çatıb “Cənnət bağı” restoranın ın yaxınlığında düşüb əkin sahəsinə getmişlər. İranlının dediyi yerə çatmış və orada su kanalının kənarında teksun qabını, həmin qabın içi boş olduğunu görmüşlər. Narkotikin olduğu yer həmin restorandan 20-25 metr məsafədə olmuşdur. Bundan sonra özlərini polis əməkdaşı kimi təqdim edən mülki geyimdə olan şəxslər onları saxlamışlar və rayon polis şöbəsinə aparılmışlar.Şöbədə bağlamaya baxış keçirilmiş və içərisində narkotikin olduğu məlum olmuşdur. Ceyhun ilə metamfetamin və heroin barədə danışığı olmamışdır. Bağlamada olan narkotiklər onlara məxsus deyil. Narkotikdən istifadə edir. Saxlanıldıqdan sonra onlara zor tətbiq olunmuşdur. Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı ilkin və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan onun ibtidai araşdırma dövründə müdafiəçisinin iştirakı ilə verdiyi ilkin etirafedici izahatı, şübhəli və təqsirləndirilən şəxs qismində dindirilmiş ifadələri elan olunmuşdur. Həmin izahatında və ifadələrində o, özünü təqsirli bilərək göstərmişdir ki, 2022-ci ilin fevral ayının 1-də qonşusu və tanışı olan Ceyhun ona demiş ki, “Saatlı rayonunda 5000 manatlıq narkotik vasitə marixuana və tiryək var gedək götürək”. Əvvəlcə marixuana və tiryəkə görə birlikdə 1000 manat pul verməyi, qalan 4000 manatını isə sonra verəcəklərini Ceyhunla razılaşmışlar. Sonradan fikirlərini dəyişmiş və razılaşmışlar ki, həmin şəxsə heç 1000 manat pulu da, verməyəcəklər onu aldadacaqlar. 5 fevral 2022-ci il tarixdə Ceyhun iranlı ilə “Vatsap”la danışmış, narkotikin Saatlı rayonunda olan bir yerə atıldığını bilmişdir. Həmin gün saat 20 radələrində tanımadığı taksi ilə 60 manata Saatlı rayonuna gəlmişlər. İranlı “Vatsap”la narkotikin olduğu yer barədə Ceyhuna “konum” atmış, həmin yerin yaxınlığında Ceyhunla taksidən düşmüşlər, taksi sürücüsü çıxıb getmişdir. Ceyhuna demişdir ki, “gözlə mən gedib narkotiki götürüm gəlim”. O, Ceyhundan qabaqda, Ceyhun isə ondan arxada torpaq yolla təxminən 50 metr getdikdən sonra orada əkin sahəsinin kənarında su kanalının kənarında kolların arasında sellofan bükümü görmüşlər, o, sellofan bükümdəki narkotiki götürmüş, Ceyhun isə ondan təxminən 5 metr arxada olmuş, elə həmin vaxt səs eşitdikdə qaçmağa başlamışlar, maşın yoluna az qalmış mülki geyimdə olan polislər tərəfindən saxlanılmışlar. Ceyhun dərhal əlində olan mobil telefonu yaxınlıqda olan su kanalına atmışdır. Saatlı RPŞ-yə aparılmışlar və iranlının onlara satdığı sellofan torbanı açarkən onun içərisində iki ədəd büküm, torbanın içərisindən qurudulmuş marixuana, digər iki sellofan bükümlərdə isə, kiçiyində el arasında “şüşə” və “patı” adlanan narkotik, böyüyündə isə “kakos” adlanan heroin olduğunu görmüşlər. Polis işçiləri onların yanında elektron tərəzidə marixuananı çəkərkən çəkisinin 1 kq 765 qram, “patı”nın 10 qram, heroinin isə 1 kq olduğu aşkar edilmişdir. Həmin narkotiklər çəkildikdən sonra polis işçiləri tərəfindən bir ədəd sellofan torbada qablaşdırılıb möhürlənmişdir. 1 kq narkotik vasitə olan marixuananı Ceyhunla birlikdə özləri istifadə edəcəkdirlər və dost-tanışa verəcəkdirlər. Sonra iranlının onlara satdığı narkotik vasitəni tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə həmin bağlamanı götürdüyü yeri, polis əməkdaşlarının onu və Ceyhunu saxlanıldıqları yeri əyani olaraq göstərmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, yuxarıda göstərilən cinayət əməllərini təqsirləndirilən şəxslər-Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmişlər. Onların törətdikləri cinayət əməli məhkəmədə tədqiq edilmiş ibtidai araşdırma zamanı verdikləri etirafedici ifadələri ilə yanaşı şahid ifadələri, habelə məhkəmədə tədqiq olunmuş ekspertiza rəyləri, cinayət işində olan istintaq sənədləri, protokolları, maddi sübutlar və işin digər halları ilə kifayət qədər sübuta yetirilir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Saatlı RPŞ-nın əməkdaşı Şahid5 ifadəsində göstərmişdir ki, 05 fevral 2022-ci il tarixdə Bakı şəhərində yaşayan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddəni satış məqsədi ilə Saatlı rayonu ərazisindən qanunsuz əldə edəcəkləri barədə əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı əməliyyat qrupu yaradılmış, onlar müşahidəyə götürülmüşlər. Həmin gün saat 19-20 radələrində Təqsirləndirilən şəxs2 əlində sellofan bağlama, Təqsirləndirilən şəxs1 ilə birlikdə Saatlı şəhərində yerləşən “Cənnət Bağı” istirahət mərkəzinin yanındakı əkin sahəsində olarkən onlara polis əməkdaşlarının olduğunu dedikdə Ceyhun və Asif maşın yolu istiqamətinə qaçmağa başlamışlar. Onlar əməliyyat qrupunun üzvləri tərəfindən saxlanılaraq qaranlıq hava şəraiti nəzərə alınmaqla Saatlı RPŞ-yə aparılmışlar. Hal şahidlərinin iştirakları ilə Təqsirləndirilən şəxs2 əlində olan polietilen bağlamaya baxış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üstündən narkotik vasitə, psixotrop maddə və ya qanunsuz saxlanılan əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs2 əlində olan rəngli polietilen bağlamada 2 ədəd əlavə sellofan bükümlərdə 1765 qram qurudulmuş marixuana, 10 qram metamfetamin, 1 kq yaxın heroin aşkar edilmişdir. Hər ikisi də bildirmişlər ki, həmin narkotik vasitələri onlara tanımaqları iranlı satmış, Saatlı şəhəri ərazisindən gəlib götürmələrini telefon vasitəsi ilə demiş, onlar da, həmin narkotiki götürdükdən sonra polis əməkdaşları tərəfindən saxlanılmışlar. Bundan başqa o, ifadəsində göstərmişdir ki, Ceyhun saxlanılarkən qaçmağa cəhd etmiş, lakin əməliyyat qrupunda olan polis əməkdaşı Amid Sefyalıyev ona qarşı idman fəndi göstərərək Ceyhunu yerə yıxmaqla onu saxlamağa nail olmuşlar. Ceyhun saxlanılarkən mobil telefonunu su kanalına atmışdır. Səhərisi gün həmin «Samsunq» mobil telefon tərəfindən su kanalında aşkar edilərək şöbəyə gətirilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Saatlı RPŞ-nın əməkdaşı X1 ifadəsində göstərmişdir ki, 5 fevral 2022-ci il tarixdə Bakı şəhər sakinləri Ceyhun və Asif adlı şəxslərin rayonun ərazisində qanunsuz narkotik vasitələri əldə etmə saxlama və daşımaları barədə daxil olmuş əməliyyat məlumatına əsasən əməliyyat qarupu yaranmış, qrupa özü də daxil olmuşdur. Əməliyyat qrupu ilə birlikdə saat 20 radələrində rayonun “Cənnət Bağı” istirahət mərkəzinin yanındakı əkin sahəsinə gəlib həmin şəxsləri müşahidə götürmüşlər. Qaranlıqda onların əkin sakəsində hərəkət etmələrini görüb polis olduqlarını dedikdə adını sonradan bildiyi qara kurtkada olan Ceyhun və digər şəxs adını sonradan bildiyi Asif qaçmağa başlamışlır. Dərhal Ceyhunun arxasınca qaçıb su kanalının kənarında Ceyhunu yaxalamış və idman fəndi tətbiq edib onu yerə yıxmışdır ki, qaça bilməsin. Bu zaman Ceyhun əlindəki mobil telefonu su kanalına atmışdır. Asif və Ceyhun saxlanılaraq rayon polis şöbəsinə aparılmışlar. Şöbədə onların qanunsuz əldə etdikləri bağlamaya hal şahidlərin iştirakı ilə baxış keçirilmiş, bağlamada 2 ədəd əlavə sellofan bükümlərdə 1765 qram qurudulmuş marixuana, 10 qram metamfetamin, 1 kq yaxın heroin aşkar edilmişdir. Hər ikisi də bildirmişlər ki, həmin narkotik vasitələri onlara tanımaqları iranlı satmış, Saatlı şəhəri ərazisindən gəlib götürmələrini telefon vasitəsi ilə demişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Saatlı RPŞ-nın əməkdaşı Şahid8 şahid X2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etməklə eyni məzmunlu ifadə verərək əməliyyat tədbiri keçirilən zaman qara kurtkada olan Ceyhun qaranlıq hava şəraitində yola tərəf qaçmaq istədiyini, lakin əməliyyat qrupunun üzvü olan polis əməkdaşı Amid tərəfindən ona qarşı idman fəndi tətbiq edilərək yerə yıxılıb saxlanıldığını göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 05 fevral 2022-ci il tarixdə saat 20 radələrində Saatlı RPŞ-nın binasında əvvəllər tanımadığı adını sonradan bildiyi saxlanılan şəxslər Ceyhunun və Asifin üzərinə keçirilən şəxsi axtarışda hal şahidi qismində iştirak etmiş, axtarış zamanı onların üstündə qanunsuz əşya aşkar edilməmişdir. Lakin Asifin əlində olan bağlamada 2 ədəd əlavə sellofan bükümlər aşkar olunmuş, əvvəlcə bağlama açılarkən onun içərisində narkotik vasitə olan qurudulmuş marixuana, 2 ədəd əlavə sellofan bükümün içərisində metamfetamin, digər sellofan bükümdə heroin aşkar edilmişdir. Şifahi sorğu zamanı onlar bildirmişlər ki, həmin bağlamanı tanımaqları iranlı satmış və bağlamanı Saatlı rayonunun ərazisindən gəlib götürmələrini telefon vasitəsi ilə demiş, onlar da, həmin narkotiki götürdükdən sonra polis əməkdaşları tərəfindən saxlanılmışlar. Bağlamalar tərəzidə çəkilmiş və qurudulmuş marixuananın çəkisinin 1765 qram, metamfetaminin çəkisinin 10 qram, heroinin çəkisi isə 1000 qram olduğu müəyyən edilmişdir. Onlar torbaya qablaşdırılmış və imzalanmışdır. Məhkəmə istintaqında tədqiq edilmiş kompleks məhkəmə-kimyəvi və məhkəməbioloji ekspertizasının 06 fevral 2022-ci il tarixli 18/151-18/152 №-li rəylərindən görünür ki, tədqiqata təqdim olunmuş üzərindəki ağ kağızda: “...Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2...” sözləri yazılmış və imzalar olan polietilen torbadakı: -1 ədəd sözləri üzəri yapışqan lentlə bağlanmış polietilen torba bağlamada təmiz çəkisi – 1045,0 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. - 1 ədəd üzəri yapışqan lentlə bağlanmış polietilen kəsiyi bükümündə təmiz çəkisi – 9,463 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. - 1 ədəd üzəri yapışqan lentlə bağlanmış polietilen torba bağlamada təmiz çəkisi – 1650,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 05 may 2022-ci il tarixli 2258 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 kannabioidlərdən istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs1 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 12 may 2022-ci il tarixli 2406 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 opioidlərin və kannabinoidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə istintaqında tədqiq edilmiş kompüter texniki ekspertizasının 24 may 2022ci il tarixli 5/521 №-li rəyindən görünür ki, təqdim edilmiş bir ədəd sensor ekranlı “Android ” əməliyyat sistemi ilə təchiz olunmuş “Samsung Galaxy A10” markalı arxa tərəfindəki markalanma göstəricisinə görə “SM-A105F/DS” modelli “3596xx/xx/979833/4, 3596xx/xx/979833/1” “ımeı” kodlu mobil smartfonu hal-hazırda işlək vəziyyətə gətirmək mümkün olmadı. Rəyin “Tədqiqi hissəsi”nin 1-ci bəndində göstərilən səbəblərə görə tədqiq olunan “Samsung Galaxy A10” markalı arxa tərəfindəki markalanma göstəricisinə görə “SM-A105F/DS” modelli smartfonun yaddaşında hər hansı bir (kontakt, zəng, “SMS” mesaj, foto, audio, video fayllar, “WhatsApp” proqram təminatı, “Facebook” sosial şəbəkə vasitəsi ilə aparılmış məlumat mübadilələri və sairə) məlumatın olub-olmaması, eləcə də həmin mobil smartfonun yaddaşından hər hansı məlumatın pozulub-pozulmaması üzrə tədqiqat işlərinin aparılması mümkün olmadı. Məhkəmə istintaqında tədqiq edilmiş “şəxsi axtarış, baxış və götürmə aparılması haqqında” 05 fevral 2022-ci il tarixli protokoldan, fotoşəkillərdən və videoçəkilişdən görünür ki, Saatlı RPŞ-nin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs2 əlində polietilen bağlama Təqsirləndirilən şəxs1 ilə birlikdə rayonun ərazisində saxlanılmış, polietilen bağlama açılarkən həmin bağlamanın içərisində 2 ədəd əlavə sellofan bükümlər aşkar olunmuş, əvvəlcə polietilen bağlama açılarkən içərisində 1765 qram narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə, 2 ədəd əlavə sellofan bükümün nisbətən kiçiyi açılarkən içərisində 1000 qram narkotik vasitə olan heroinə oşxar kütlə və digər sellofan büküm açılarkən isə 10 qram psixotrop maddə olan metamfetaminə oxşar kütlə aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqında tədqiq edilmiş “baxış keçirilməsi haqqında” 06 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Saatlı RPŞ-nin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 cinayət başında yaxalanarkən su kanalına tulladığı “Samsung Galaxy A10” markalı mobil telefon tapılaraq götürülmüş, həmin mobil telefon su kanalından çıxarıldığından işlək vəziyyətdə olmadığı üçün telefonun yandırılıb onda olan məlumatlara baxış keçirilməsi mümkün olmamışdır. Məhkəmə istintaqında tədqiq edilmiş “baxış keçirilməsi haqqında” 08 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 ifadəsində qeyd etdiyi “İnstagram” sosial şəbəkəsində “karairan” hesabının sahibi ilə yazışarkən həmin hesabdan istifadə edən şəxs ona İran İslam Respublikasının vətəndaşı olduğu və orada yaşadığını, 05 fevral 2022-ci il tarixdə 1 kq narkotik vasitə olan marixuananı ondan 5000 manat pulun müqabilində almağı barədə razılaşdığını, Saatlı rayonuna tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə narkotik vasitə və psixotrop maddə almaq üçün gəldiyini və həmin profili görsə tanıya biləcəyini göstərdiyi üçün “İnstagram” sosial şəbəkəsinə daxil olub, orada axtarış bölməsində “karairan” sözü yazdıqda həmin adda heç bir profil olmadığı müəyyən olunmamışdır. "xxxx" MMC-in CD şəklində olan telefon məlumatlarına dair 31 mart 2022-ci il tarixli «baxış keçirmə haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 istifadə etdiyi (051) ***-**-** nömrəyə 05 fevral 2022-ci il tarixdə saat 19:01:07-də Hacıqabul rayonu ərazisində 9622, 05 fevral 2022-ci il tarixdə saat 21:29:41 və 21:29:43-də isə Saatlı rayonu ərazisində olarkən 9600 nömrədən SMS gəlmişdir. Baxış zamanı başqa əhəmiyət kəsb edən hallar müəyyən edilməmişdir. 06 fevral 2022-ci il tarixli qərarla tədqiqata sərf edildikdən sonra təmiz çəkisi 1649,95 qram qalmış qurudulmuş marixuana kütləsi, 1044,95 qram qalmış narkotik vasitə heroin və 9,413 qram qalmış psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və saxlanılması üçün Saatlı RPŞ-yə təhvil verilmişdir. 06 fevral 2022-ci il tarixli protokolla hadisə yerindən götürülmüş “Samsung Galaxy A10” markalı arxa tərəfindəki markalanma göstəricisinə görə “SM-A105F/DS” modelli “3596xx/xx/979833/4, 3596xx/xx/979833/1” “ımeı” kodlu mobil smartfon telefon iş üzrə 24 may 2022-ci il tarixli qərarla maddi sübut kimi tanınmış və Saatlı RPŞ-yə təhvil verilmişdir. İş materiallarında olan 27 may 2022-ci il tarixli qərarla həmin cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ayrıca icraata cinayət işi ayrılmışdır. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxslərə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Təqsirləndirilən şəxslər- Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə istintaqında bağlamada aşkar olunan narkotik vasitələrin və psixotrop maddənin onlara məxsus olmaması, hər hansı bir iranlı ilə narkotikin əldə olunması ilə bağlı daqnışıqlarının olmaması, saxlanılarkən polis əməkdaşları tərəfindən onlara qarşı zor tətbiq olunmasına dair ifadələrində göstərdikləri xüsusatlara məhkəmə tənqidi yanaşaraq bu ifadələri işin obyektiv hallarına uyğun olmayan, özlərini müdafiə etmək məqsədi ilə uydurulmuş və işin faktiki halları ilə təkzib edilən xüsusatlar kimi qiymətləndirir və onların ifadələrinin bu hissəsini inandırıcı hesab etmir. Təqsirləndirilən şəxslərin onlara qarşı polis əməkdaşları tərəfindən zor tətbiq olunması ilə bağlı irəli sürdüyü dəlillərə məhkəmə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 449.1,449.1.1. 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-cü maddələrinin məzmununa görə təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Qanunvericiliyin tələblərindən göründüyü kimi, ibtidai istintaq dövründə qeyri-insani və ya şəxsiyyəti alçaldan, yaxud hər hansı digər formada qanunsuz təsirə məruz qalmağa dair şikayət işə mahiyyəti üzrə baxan yox, məhkəmə nəzarətini həyata keçirən məhkəmə qarşısında qaldırılan şikayətlər siyahısına aid edilmişdir. İş materiallarından göründüyü kimi, ibtidai araşdırmanın ilk günündən öz seçimi ilə cəlb edilmiş peşəkar vəkillə təmsil edilməsinə baxmayaraq, istər təqsirləndirilən şəxslər- Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, istər onların peşəkar vəkilləri ibtidai istintaq dövründə belə şikayətlə vaxtlı-vaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmişlər. Təqsirləndirilən şəxslərin özləri bu halı hər hansı bir dəlillə əsaslandırmamış və ya izah etməmişlər. Eyni zamanda, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində Saatlı Rayon Məhkəməsində həbs qətimkan tədbiri seçilərkən onlar özlərini təqsirli bilərək törətdikləri əməli səmimi etiraf edərək peşmançılıq hisslərini keçirdiklərini bildirmişlər. Buna görə də, məhkəmə tərkibi hesab edir ki, qeyd olunan xüsusat təqsirləndirilən şəxslərin məhkəməyədək icraat zamanı özlərinə qarşı verdikləri etirafedici izahatların, şübhəli və təqsirləndirilən şəxs qismində ifadələrin məhz fiziki zor tətbiq etmə nəticəsində əldə edilməsinə dair gətirdikləri dəlilləri əsassız hesab edilməlidir. Məhkəmə tərkibinin belə qənaəti Avropa Məhkəməsinin Azərbaycana qarşı şikayətlərlə bağlı qəbul etdiyi bir sıra qərarlarda öz əksini tapmışdır (Əhmədov Azərbaycana qarşı, N-30364/09, && 42-43? 12 noyabr 2013;Məmmədov Azərbaycana qarşı, N-xx/xx/2013, &&23-27? 11 yanvar 2007) Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bağlamada olan külli miqdarda heroinin, marixuananın və metamfetaminin onlara məxsus olmaması ilə bağlı göstərdikləri xüsusat videoçəkilişlə aparılan baxış və götürmə aparılması haqqında istintaq hərəkətinin protokolu, habelə məhkəmədə dindirilmiş şahidlərin ifadələri və digər sübutlarla təkzib olunur. Belə ki, məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2, Kamran Valiyev, Amid Sefyalıyev, Şahid8 təqsirləndirilən şəxslər saxlanılarkən onlarda aşkar olunan bağlamada külli miqdarda heroinin, marixuananın və metamfetamin aşkar olunduğunu, həmin bağlamanı Təqsirləndirilən şəxs1 iranlı tanışı tərəfindən göndərildiyini və onların narkotik vasitələri və psixotrop maddəni satmaq niyyətində olduqlarını bir daha israrla təsdiq etmişlər. Bundan başqa, “baxış və götürmə haqqında” istintaq hərəkətlərinin aparılmasında təqsirləndirilən şəxslər bağlamada olan narkotik vasitələrin və metamfetaminin özlərinə məxsus olmasını bilavasitə öz seçimi əsasında cəlb edilmiş peşəkar vəkilin yanında qeyd-şərtsiz və açıq aşkar formada bəyan etmişlər. Bununla yanaşı, təqsirləndirilən şəxslər barəsində cinayət təqibi başlanan andan ilkin izahatlarında, şübhəli və təqsirləndirilən şəxs qismində müdafiəçilərinin iştirakı ilə verdikləri ifadələrində bağlamada olan narkotiklərin onlara məxsus olmaması ilə bağlı fikir ifadə etməmişlər. Artıq bu hallar təqsirləndirilən şəxslərin məhkəmə baxışı dövründə verdikləri ifadələrin məntiqli və ardıcıl olmadığını, hadisənin xarakteri, mexanizmi və inkişafını birbirindən tam fərqli və bəsit formada reproduksiya edildiyini təsdiq etmiş, ümumiyyətlə onların qeyd olunan mərhələdə verdikləri ifadələri yalan olmaqla məhz real faktların örtbastır edilməsinə, istintaqın səhv istiqamətə yönəldilməsinə və başqa sözlə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün təqsirləndirilən şəxslərin ibtidai araşdırma dövründə verdiyi ifadələrlə məhkəmə baxışında verdikləri ifadələr arasında ziddiyyət təşkil edən hissəyə münasibətdə onların ibtidai araşdırma dövründə verdikləri fadələrini, habelə şahidlərin ifadələrini, eskpertizanın rəylərini və digər sənədləri cinayət təqibi üzrə mötəbər sübut hesab edir. İşin faktiki halları, o cümlədən heç yerdə işləməyən təqsirləndirilən şəxslərin aralarında olan razılaşmaya əsasən iranlının onlara göndərdiyi narkotik vasitələr və psixotrop maddə olan bağlamanı götürmək üçün taksi ilə Bakı şəhərindən Saatlı rayonuna gəlmələri və işin digər halları təqsirləndirilən şəxslərin həqiqətən də qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, saxlanması, daşıması və satması ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə əsas verir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılara əsasən beynəlxalq adı olan heroin narkotik vasitə, metamfetamin isə psixotrop maddədir. Heroinin və metamfetaminin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə külli miqdar hesab olunur. Qurudulmuş marixuananın 5 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 500 qramı və ya ondan artıq hissəsi isə külli miqdar hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli 2 nömrəli qərarının 9-cu bəndinin ikinci və 11-ci bəndinin dördüncü abzaslarına əsasən«Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır» Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək qanunsuz olaraq külli miqdarda narkotik vasitəri və psixotrop maddəni satış məqsədi ilə əldə etmələri, saxlamaları və daşımaları tədqiq olunmuş sübutlarla təsdiq olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olmaları sübuta yetirilmiş və onların bu əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Buna görə də, onlara qanunla müəyyən edilmiş qaydada cəza təyin olunmalıdır. 5 fevral 2022-ci il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin gün cinayət törətməsində şübhəli şəxs qismində tutulmuşlar, 7 fevral 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində Saatlı Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 5 fevral 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan məhkumluq haqqında tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar. İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 haqqında inzibati ərazi nümayəndəliyinə şikayət daxil olmamışdır. Təqsirləndirilən şəxs1 Bakı şəhərində yaşadığından onu xarakterizə etmək mümkün olmamışdır. İş materiallarında olan AZ-İİ 713348, AZ-İİ 972236 və AZ-İV 741205 N-li doğum haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində 10 yanvar 2011-ci il təvəllüdlü Nuray , 26 iyul 2012-ci il təvəllüdlü Zemfira və 1 may 2022-ci il təvəllüdlü Leyla adında qız övladları vardır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 himayəsində 3 azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etmədi. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad etmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi “ağır” cinayətlər kateqoriyasına aiddir. Həmin maddənin sanksiyasında beş ildən on iki ilədək azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailələlərinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər onlara təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. CPM-nin 158.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxslərin həbsdə saxlanıldıqları müddət cəza müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin əvvəli 5 fevral 2022-ci il tarixdən hesablanmalı, barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə təyin olunmaqla, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və hazırda Saatlı RPŞ-də saxlanılan 1649,95 qram qurudulmuş marixuana kütləsi, 1044,95 qram narkotik vasitə heroin, 9,413 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş “Samsung Galaxy A10” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 179 manat 48 qəpik təqsirləndirilən şəxslərdən bərabər qaydada, yəni hər birindən 89 manat 74 qəpik olmaqla tutulub dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 5 fevral 2022-ci ildən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 5 fevral 2022-ci ildən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə təyin olunmaqla, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və hazırda Saatlı RPŞ-də saxlanılan 1649,95 qram qurudulmuş marixuana, 1044,95 qram narkotik vasitə heroin, 9,413 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş “Samsung Galaxy A10” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 179 manat 48 qəpik təqsirləndirilən şəxslərdən bərabər qaydada, yəni hər birindən 89 manat 74 qəpik olmaqla tutulub dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxslərə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Müşfiq Məmmədov
Məhkəmə qərarları › İş №1(099)-422/2022
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-422/2022
05.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver